az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfi publisistika: Bu zamanın və bu məkanın tələbi   –  [27.11.2010]



"BAXIŞ BUCAĞI" KİTABININ MÜƏLLİFİNƏ AÇIQ MƏKTUB


525-ci qəzet 02:18 / 27.11.2010

 


Çox hörmətli Səlahəddin müəllim! Mən adətən kitabları, həm də mənə maraqlı olan kitabları birnəfəsə oxumağı lazım bilirəm. Xalq dili ilə desəm, kitab məni “tutanda” ondan ayrıla bilmirəm. Həyatımda belə kitablar çox olub. Sizin xeyli vaxtdan bəri masamın üstündə olan “Baxış bucağı” adlı kitabınızı birnəfəsə oxudum və 20-30 ildə əlimə düşən kitablar sırasında məni təpədən-dırnağa qədər məşğul edən bu kitaba görə müəllifə bir təşəkkür məktubu yazmaq istədim. Ancaq kitabı bitirəndən sonra onun çox ciddi mahiyyətə, çoxşaxəli istiqamətə, daha böyük qiymətə layiq olduğunu anladım və belə bir qənaətə gəldim ki, belə əsərlər birnəfəsə oxunmur. Belə kitablar anlamaq, dərk etmək təmkini ilə dünyanı, predmeti görə bilmək qabiliyyəti ilə qoyulan problemlərə, qiymətlərə, interpretasiyalara bələdçilik haqqı ilə oxunmalıdır. Və belə kitablara oxucunun qiyməti müəllifə yazılan ənənəvi məktub janrında deyil, ictimai məzmun kəsb edən açıq məktub janrında olmalıdır. Bu missiyanı da yerinə yetirə bilmək üçün bir də təkrar edirəm, Sizin kitabınızı birnəfəsə oxumaq kifayət etmədi. Mən “Baxış bucağı”nı ikinci dəfə – həm də çox diqqətlə, xüsusi qeydlərlə oxudum. Və bu zaman dərk etdim ki, birinci oxunuşda kitabın üstündə xəfif bir duman, zərif bir tül pərdə varmış. Bu xəfif dumanı və bu zərif pərdəni ancaq ikinci və daha böyük diqqət tələb edən bir oxu ilə aradan qaldırmaq olarmış.
Səlahəddin müəllim! Xeyli dərəcədə fəlsəfə anlayışını, filosof epitetini də izah edən və bu anlayışların elmi izahında oxucunu çox razı salan, psevdofilosof və psevdofəlsəfəni güclü məntiqlə, böyük polemika mədəniyyəti ilə “yerində oturdan” bu kitabdan sonra kimsə məni də ciddi bir fəlsəfi əsərə qiymət verməkdə qınamağa tələsməsin. Birinci ona görə ki, kitabın adının yarımsərlövhəsində “Fəlsəfi publisistika” kimi təqdim etdiyiniz bu əsərin publisistik keyfiyyəti, publisistika fəlsəfəsi mənə elmi-praktik və nəzəri cəhətdən ögey deyil. İkincisi, Sizin üslubunuzun aydınlığı, “hamı üçün yazmaq” bacarığınız – ustalığınız bu fəlsəfi düşüncələr ətrafında təhlil bucağı olan hər kəsə söz demək imkanı verir. Sizin bu yazılarınızın hamısı mənim də daimi oxucusu olduğum “525-ci qəzet”də elə həmin ad altında – “Baxış bucağı” rubrikası ilə dərc edilmişdir. Etiraf edim ki, bəzən bu yazılardan hansınasa qəzetdə əlim çatmayıb. Ancaq kitab kimi topa halda bu əsərlərə diqqət etmək fürsəti yarananda mən onların necə müdrik, necə ustad bir publisist – filosof qələmindən çıxdığını daha çox anladım. Bu kitabdakı əsərlər ədəbiyyata, televiziyaya, islama, elmə, mədəniyyətə, fəlsəfəyə alim-filosofun baxış bucağıdır. Bu baxış bucağı həm də belə bir həqiqətdən çıxış edir ki, “dünyanı heç də həmişə bütün zənginliyi ilə görmək mümkün olmur. Əslində ona can verən, onu işıqlandıran insanların daxili nuru, hənirtisidir. İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır və canlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur”. Bu, Sizin sözlərinizdir və bu sözlər çox böyük həqiqətə söykənir. Ancaq o da həqiqətdir ki, aləmi öz baxış bucağında işıqlandıran və dünyanı dərk etməyə yaxınlaşan elə şəxsiyyətlər, elə alimlər də var ki, onların baxış bucağı ümumiləşir və “öz baxış bucağından” çox-çox böyük olub, bəşəri dəyərləri ifadə edir. “Baxış bucağı” kitabındakı əsərlərin hamısında Sizin, dünyaya ümumiləşmiş, tipikləşmiş bir baxışınız var. Bu baxış çoxsahəli, çoxşaxəli olaraq öz dəyəri ilə hamını – insanlığı ehtiva edir. Və bütün bunlarla belə bu kitab müasir Azərbaycada, məhz həm də milli məkan və indiki zaman daxilində bir çox mətləbə aydınlıq gətirir. Bu ilk aydınlıqlar sırasında “Fəlsəfə bizə lazımdırmı?” sualı önə çıxır. Hərçənd bu sual və ona cavab kitabın lap axırında yer alıb, ancaq müəllifin qoyduğu problemlərin bir çoxu məhz bu sualın və onun cavabının gündəmə gec gəlməsi ilə, yaxud da heç gəlməməsi ilə bağlıdır. Sizin bu məqalədə qoyduğunuz “Fəlsəfə dedikdə, biz nəyi nəzərdə tuturuq?”, “Bizə hansı fəlsəfə lazım deyil?”, “Bizə hansı fəlsəfə lazımdır?” suallarına çoxdan cavab verilsəydi, yəqin ki, ədəbiyyata da, televiziyaya da, islama da, elm və mədəniyyətə də cəmiyyətin baxışı müəllifin bu gün narahatlıq keçirdiyi şəkildə olmazdı.
Səlahəddin müəllim, Sizin bu kitabınızdan aldığımız bilgilər ondan ibarətdir ki, hər şeyin önündə fəlsəfə durur. Qabaqcıl ölkələrin təcrübəsi belə bir həqiqəti ehtiva edir ki, biz əvvəlcə hər şeyin fəlsəfəsini öyrənməliyik. Siz uzun müddət Azərbaycanda fəlsəfəyə nə isə yad bir şey kimi baxıldığından narahatlıq keçirirsiniz və doğru olaraq, bunun səbəbini əvvəllər “millətin öz düşüncəsindən doğan bir fəlsəfi təlimi deyil, bizə yad olan fəlsəfi təlimlərin tədrisi və təbliği” ilə izah edirsiniz. Və Siz qarşıda belə bir ciddi vəzifə qoyursunuz ki, müstəqilliyimizin verdiyi imkanlar hesabına milli məfkurəmizi inkişaf etdirməli, öz mədəni-mənəvi aləmimizi, ictimai həyatımızı əks etdirən yeni fəlsəfi baxışları formalaşdırmalıyıq. Bütün əsərlərinizə və eləcə də bu fikirləri ilk sətirlərində əks etdirdiyiniz “Baxış bucağı” kitabınıza əsaslanaraq deyə bilərəm ki, ölkədə az-az təsadüf olunan və özünün müstəqil elmi-fəlsəfi konsepsiyasına malik bir alim kimi bu vəzifəni cəmiyyətin qarşısında qoymağa Sizin tam mənəvi haqqınız çatır.
Kitabınızın ilk sətirlərindən belə bir nəticəyə gəlirsiniz ki, ölkədə “iqtisadi islahatlar sürətlə getsə də, şüurların yeniləşməsi çox ləng gedir. Nəticədə şüurla gerçək həyat arasında bir uyğunsuzluq yaranır. Dəyişikliklərə daha çevik reaksiya publisistik təfəkkür səviyyəsində həyata keçir” (kursiv mənimdir-C.M.). Səlahəddin müəllim, Sizə və ictimaiyyətə ünvanladığım bu açıq məktubda kitabınızdan misal gətirdiyim sitatın son cümləsi şəxsən mənim üçün postulat səviyyəsindədir. Publisistikanın ictimai fikirdə yerinə heç bir kölgə salmadan həqiqətən də belə bir elmi qənaətə gəlmək olur ki, milli məfkurə, milli şüur və bunların inkişafı kimi fundamental problemləri təkcə publisistikanın – həm də bu günkü mətbuat azadlığı faktından sui-istifadə ilə hər kəsin özünü publisist adlandırdığı mürəkkəb bir çağın publisistikasının öhdəsinə buraxmaq olmaz. Və Sizin bu kitabınız bir daha sübut edir ki, yeni dünyaya yeni fəlsəfi baxışların formalaşmasına dəstək missiyasını məhz Siz öz üzərinizə götürmüsünüz. Aydın olur ki, milli-ictimai gerçəkliyimizi formalaşdırmağın mühüm bir yolunu fəlsəfi publisistikanın yaranmasında görürsünüz. Belə bir publisistikanın formalaşması üçün qoyduğunuz şərt də çox elmidir, məntiqidir və əsaslıdır: “Ya gərək jurnalistlər fəlsəfi düşüncə səviyyəsinə yüksəlmək üçün çalışsınlar, ya da gərək filosoflarımız publisistik janrda yazmağı öyrənsinlər. Başqa çarə yoxdur” (kursiv mənimdir-C.M). Son cümlənizin bu dərəcədə kateqorik olması da təəccüblü deyil. Çünki bizim indiki zamanda – informasiya texnologiyasının sürətli inkişaf çağında insanları min illərlə kamilləşdirən bədii söz sənəti, bütövlükdə sənət dünyası kütləvi informasiya vasitələri qarşısında təslimçilik prosesi keçirir. İndi mənəvi, ictimai, siyasi inkişafın bütün parametrləri jurnalistikadan keçir. Bu jurnalistikanın da hansı səviyyədə olduğu göz qabağındadır. Bəli, indi bircə çıxış yolu var: “Ya gərək jurnalistlər fəlsəfi düşüncə səviyyəsinə yüksəlmək üçün çalışsınlar, ya da gərək filosoflarımız publisistik janrda yazmağı öyrənsinlər”. Masamın üstündəki “Baxış bucağı” kitabını önəmli bir filosofun publisistik janrda yazdığı və örnək səviyyəsinə yüksəlmiş bir əsər, jurnalistlərə, filosoflara bir ismarıc hesab edirəm. Bu kitab həm də klassikaya, maarifçi filosoflarımıza hörmət və onların davamçısı rolundadır. Əslində bu günkü publisistik təfəkkürümüzün fəlsəfi təfəkkürümüzdən xeyli aralı düşməsi klassik ənənələrdən, xüsusilə Əlibəy Hüseynzadə, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə irsindən uzun müddət aralı düşməyimizdən irəli gəlir. Kitabınıza “Ön söz”də də dediyiniz kimi uzun müddət yad fəlsəfi təlimlərin qanımıza yeridilməsi bəzi mətləbləri bu gün də anlamağa imkan vermir. Yaşlı nəsil bu yad təlimlərdən hələ də uzaqlaşa bilmir, yeni nəsil hər şeyə kobud və ziyanlı bir radikallıq cəbhəsindən yanaşır. Lakin nəsillərin hər ikisi üçün ortaq olan bir elmi yanaşma da var. Sizin gəldiyiniz qənaət belədir ki, “bunun üçün analitik fəlsəfənin arabir öz mücərrəd səma taxtından aşağı enərək gündəlik həyat hadisələrinə işıq salmağına ehtiyac var. Bunun üçün bədii ədəbiyyatın böyük ümumbəşəri problemlərlə yanaşı, cari problemləri də gündəmə gətirməsi tələb olunur”. Əlavə etmək istərdim ki, bunun üçün habelə klassikaya söykənən peşəkarlıq, ustalıq lazımdır. Mən ustadlığı, bu fəlsəfi təfəkkür tərzini Sizin kitabınızda tapdım. Bu kitabın hər səhifəsində fəlsəfi təfəkkür tərzinə malik müəllifin postulatlaşmış fikirləri var: “Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi çox biliyi olan, lakin lazım gəldikdə onu saf-çürük edərək müəyyən istiqamətə yönəldə bilməyənlər də var”. Bu dəqiq fikir bir çox müasirimizi düşünməyə dəvət etməlidir. Arxasında Sizin də çox bəyəndiyiniz Heydər Hüseynovları, Xudu Məmmədovları, Bəxtiyar Vahabzadələri... olan bir nəsil öz biliyini hara yönəltməyi də bacarmalıdır. Yaxud: “... Müdrik adam gücsüz olduqda dünyadakı ahəng pozuntularını duyur, dərk edir, amma onları aradan qaldıra bilmir. Dünyanı məqsədə uyğun şəkildə dəyişmək üçün nə etmək lazım olduğunu bilir, lakin buna qüvvəsi çatmır. Bu, müdrik adamın faciəsidir. Başqa birisinin isə maddi imkanı, gücü-qüvvəsi var, lakin nə etmək lazım olduğunu bilmir. Buna baxmayaraq, güclü olan “haqlı” çıxır. Bu, nadan adamın xoşbəxtliyidir”. Bu postulatda “xoşbəxtlik” epiteti adamda təəssüf oyadır, lakin Sizin dərhal dediyiniz “Orta əsr Şərq fəlsəfəsində müdrik adamın faciəsinin nadan adamın xoşbəxtliyindən üstün tutulması” adamın ürəyinə sərin su səpir.
Səlahəddin müəllim, kitabınızın əksər hissəsində böyük Şərq filosofu Əbu Turxandan epiqraflar gətirməniz öz əqidə və ideallarınızda insanlığa kamillik dərəcəsi arzulayan belə bir şəxsiyyətə söykəndiyinizə dəlalət edir. Məktəb səviyyəsinə yüksəlmiş hər kəsə söykənmək iman və inam işidir. Əbu Turxan məktəbinin böyüklüyü və onun idealları gətirdiyiniz epiqraflarda əks olunur. Bu epiqrafları Siz hər dəfə nahaqdan məqalənin əvvəlinə çıxarmırsınız. Bu epiqraflar haqqında söz deyəcəyiniz sahə barədə Sizin ideallarınızı əks etdirir. Digər şəxsiyyətlərdən gətirdiyiniz epiqraflar da bu məqsədə xidmət edir.
Kitabınızda bir müəllif kimi ilk “Baxış bucağı”nız ədəbiyyat obyektidir. Bunu həm “525-ci qəzet”dəki silsilə yazılarınızda, həm də kitabınızda lap əvvələ salmağınızın səbəbini anlayıram. Zira ədəbiyyat, bədii söz sənəti, Əbu Turxandan gətirdiyiniz misal-epiqrafda da deyildiyi kimi “əbədiyyəti ana, anı əbədiyyətə çevirir”. Ədəbiyyat vasitəsilə əbədiyyətin ana, anın əbədiyyətə çevrilməsi prosesi min illərin başlanğıcından gəlir və bu gün belə bir sənət növünün əlahəzrət internet dünyası qarşısında təslimçiliyə meylinin uzun sürməyəcəyinə mən də inanmaq istərdim.
Ədəbiyyata baxışda dilin və fikrin potensial gücü barədə geniş söhbət açırsınız. Etiraf edim ki, bu məqamda ocaq və kül ömrünün Sizdə əksini tapan fəlsəfi-poetik açılışına təhlil verməyə gücüm çatmır. Lakin bu essevari təhkiyə məni son dərəcə təsirləndirir və bəzən külə dönmək, bununla da, olsa-olsa, “məhdud, sonlu bir ocağı simvolizə etmək” adamı tərkidünyalığa da aparır. Lakin ocaq və kül Sizin təfəkkürünüzdə elə simvollaşır ki, gənc nəsil bu ocaqdan “ətrafa sıçramış qığılcımların, qorların, köz parçalarının harada isə münbit mühitə düşərək yeni bir alov üçün başlanğıc olmasını izləyə” bilər. Sizin qənaətinizcə, ədəbiyyat ədəbi potensial enerjiyə malik bir sənət növüdür və onun qığılcımları “münbit mühitdə” mütləq yeni bir alov saçmağa qadirdir.
Mən poeziyanın fəlsəfi açıqlamalarına olan nostalji hisslərimi məşhur rus tənqidçisi Belinskidən və bizim mərhum filosof – ədəbiyyatşünas Yaşar Qarayevdən sonra Sizin “Dilin və fikrin potensialı” adlandırdığınız esselərinizlə yenidən yaşadım. Uzun müddətdən bəri psevdotənqidçilərin məzmun lafından poeziyanın mahiyyətinə varan ciddi bir fəlsəfi fikrə Sizdə rast gəldim və bu sahədə bilmədiklərimi əldə etdim. Sizin xüsusilə fəlsəfi poeziya barədə, onun yaradıcıları barədə fikirlərinizə şərik çıxmamaq mümkün deyil. Və mənim üçün yazılarda çox önəmli hallardan biri budur ki, Sizin poeziya haqqında söz demək məqamlarında təcrübəsinə üz tutduğunuz şairlərin hamısı axıradək kamil, fəlsəfi poeziya yaradıcılarıdır: Səməd Vurğun, Rəsul Rza, Ramiz Rövşən, Vaqif Bayatlı, Zəlimxan Yaqub və s. Bu şairlərin həqiqətən də fəlsəfi poeziyası yaratdıqları, istifadə etdikləri formatdan tutmuş bədii detallarınadək hər şeydə fikri bədiiliyə, bədiiliyi fikrə qurban vermədiklərini söyləmək vacib işdir.
Səlahəddin müəllim, Sizin kitabınızda əsərlərin sıralanma məqamında “TV-yə baxış” hissəsini ikinci yerə çəkməyinizi də təsadüfi hesab etmədim. Filosoflar içərisində televiziyaya ən çox diqqət yetirən də Sizsiniz. Sizin televiziyaya bu qədər diqqətinizi iki səbəbdən izah edərdim: 1. Televiziyaya baxış məqalələr silsiləsinə A.Bennən gətirdiyiniz “Televiziya o dərəcədə önəmlidir ki, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz” epiqrafı Sizin bu məqaləyə bir alim-filosofdan daha çox vətəndaş-filosof kimi yanaşmağınızı və televiziya məkanında yaranan simasızlıqla bağlı keçirdiyiniz narahatlığı ifadə edir; 2. Müasir televiziyada nəinki fəlsəfi-nəzəri fikrin, hətta adi, bəsit tənqidin belə olmadığı qənaətindən. Birincidə Sizi filosof-vətəndaş kimi ikincidə televiziya nəzəriyyəsi sahəsində fəlsəfə yoxsulluğundan rahatsız olan alim-vətəndaş kimi qəbul edirəm.
Xüsusi qeyd edim ki, TV-yə baxış konkret faktlara söykənir, ancaq bu konkret faktlar elə ümumiləşdirilir ki, onların hər biri milli varlığımızın, mənəvi dəyərlərimizin qorunmasına xidmət edən fakt təsiri bağışlayır. Məsələn, “Eurovision” mahnı müsabiqəsində milliliyə təhlükə yaradan qloballaşmaya və kosmopolitizmə fəlsəfi münasibət vətəndaşlıq, milli qürur hissilə yaşayan hər kəsi düşündürməlidir. Təsadüf elə gətirib ki, mən bu sətirləri yazdığım anda televiziyada “Eurovision”un 2011-ci ildə keçiriləcək mahnı müsabiqəsinə seçim turları gedir. Azərbaycanın nadir istedadlı bu cavan nəslinin yad musiqi, yad yanaşma tələb edən yarışmasında cəmiyyət udur, yoxsa uduzur? Mən bu suala müsbət cavab verməkdə çətinlik çəkirəm və elə bu məqamda sizin narahatlığınızı bölüşürəm. “Ovqat” və ovqat” adlı iki səhifəlik yazıda bir proqram timsalında ucalan və öləziyən TV proqramlarının mahiyyəti açılır. Mən TV-də musiqi mədəniyyəti, TV-nin təsir imkanları, TV və biznes maraqları, elm adamları və TV mövzusunda məqalələri həm zamanında mətbuata çıxmasına, həm də ciddi nəzəri mahiyyət kəsb etməsinə, kitab variantında da öz təsir gücünü saxlamasına görə TV nəzəriyyəsinə dair ədəbiyyata salınmasını zəruri hesab edərdim. Məsələn, İctimai teleradionun bir vaxtlar formalaşdırdığı “Ovqat” proqramı, onun Az.TV-yə “transformasiyası” ilə yaranan bəzi mübahisələr və İTV-nin öz formatında dəyişiklik edib onu “Səhər sovqatı” ilə əvəzləmək ətrafında söhbətlərdə texniki transformasiyanın uğursuzluğu, İTV-də yeni axtarışlar və s. kimi məsələlər ciddi elmi mülahizələrlə ümumiləşdirilir və beləliklə, biz televiziya və onun ayrı-ayrı proqram formatlarının uğurlu və zəif cəhətləri haqqında yeni düşüncə tərzi ilə təqdim olunan çox maraqlı fikirlərlə rastlaşırıq.
Uzun müddət islamdan dini ideologiya səviyyəsində uzaq düşmüş Azərbaycanda islam dəyərlərinin birdən-birə cəmiyyət tərəfindən qavranılması və qəbulu çətin ki, başa gələ. Azərbaycanın müstəqilliyi və müstəqilliyin rədd etdiyi kommunist ideologiyasından sonra islam dəyərlərinə geniş qayıdışın özü də bu dəyərlərin saf-çürük edilməsini, kütlənin maarifləndirilməsini bir vəzifə kimi qarşıya qoyur. Təsadüfi deyil ki, islama kütləvi şəkildə yenidən qayıdış, həm də yenidən fanatizmə də yol açır və belədə bu fanatizmə qarşı müqəddəs qələmini işlətmiş Cəlil Məmmədquluzadələr, Mirzə Ələkbər Sabirlər tələb olunur. Belə bir şəraitdə islam dəyərlərinin fəlsəfi interpretasiyalarına ciddi tələb artır. Sizin, Səlahəddin müəllim, “Baxış bucağı” kitabınızda islama baxış silsiləsindən təqim olunan məqalələriniz bu sahədə bir çox qaranlıq mətləblərə aydınlıq gətirir. İslamda qadına münasibətin sovet ideoloji maşınında tamamilə təhrif olunmuş elmi “interpretasiyalarına” Sizin elmi opponentliyiniz, Sivilizasiya və islamofobiya istiqamətində izahlarınız din və insanların müqəddəslik hissi, ideoloji boşluq və din kimi mövzularla bağlı fəlsəfi düşüncələriniz müasir oxucunu düzgün istiqamətləndirməyə xidmət edir. Bu problemlərin aktuallığı kitabın “Elm və mədəniyyət” bölməsində də məsələyə bəzi bucaqdan yenidən qayıtmağa Sizə əsas vermişdir.
Səlahəddin müəllim, kitabınızda, əsərlərinizdə oxucunu təmin edən çox mühüm, mən deyərdim ki, fundamental məsələlərdən biri elmin tətbiqi problemlərinə praqmatik baxışlarınızdır. Bütün əsərləriniz ortaya belə bir problem qoyur ki, hər şeyin mərkəzində – hətta mədəniyyətin də – elm dayandığı kimi, hər şey də elmin tətbiqinə möhtacdır. Hətta bu məsələyə birbaşa həsr etdiyiniz silsilə yazılarınız da var. “Elm və Akademiya” sərlövhəli silsilə məqalələriniz elmin praktika ilə vəhdətini, çox zaman eyni semiotikada qəbul edilən təhsil və elm anlayışlarının təhlili, təhsilin “müvafiq ixtisas üzrə praktik fəaliyyət ilə sıx bağlılığının” vacibliyini önə çəkirsiniz. Akademiyanı bir elm məbədi kimi səciyyələndirməyəniz elə həmin məqaləyə verdiyiniz belə bir epiqrafdan aydın olur: “Akademiya özü özünün məqsədinə çevrilməməli, elmin inkişafı üçün vasitələrdən biri olduğunu nəzərə almalıdır”. Akademik elmi isə onun infrastrukturundakı üç mühüm komponentlə səciyyələndirməyiniz mütləq nəzərə alınmalıdır. Siz elmə xaotik maliyyə ayırmalarının, yaxud da yalnız bir sahənin daha mühüm hesab edilməsinin əksinə olaraq, fundamental elmin, tətbiqi elmin və təcrübi-konstruktor işinin kompleks halda diqqətdə saxlanmasını elmi-nəzəri cəhətdən inandırıcı detallarla əsaslandıra bilmisiniz. Güclü texnologiyaya malik elmi-təcrübi ölkələrdə elmə xərclənən maliyyə vəsaitinin məhz bu üç mühüm komponentə kompleks halda yönəldiyini və hətta sonuncuya – təcrübi-konstruktor sahəsinə əvvəlkilərdən 4-5 dəfə çox maliyyə ayrılmasının Yaponiya, ABŞ kimi ölkələri necə irəli aparmaqda olduğunu maraqlı misallarla izah edirsiniz. Sizin bu təhlilinizdən sonra yadıma Azərbaycan teleməkanındakı reklam bazarı düşür. İqtisadi inkişaf tempi ilə sürətlə irəliləyən Azərbaycanın reklam bazarında özümüzün, olsa-olsa, meyvə şirələrindən, sementindən başqa bir nəsnəmiz görünmür. Dünya bazarında hər bir ölkənin inkişaf göstəricisinə çevrilən elektronika, ağır sənaye malları isə bizim reklam bazarında özgələrin xeyrinə təqdim olunur. Elmin tətbiqi üçün çaldığınız həyəcan təbili məndə ən azı belə bir assosasiya doğurdu...
Mən bu məktubu çox uzatmamaq üçün Sizin kitabınızdakı “Elm – insan –cəmiyyət”, “Elm: insandan kainata və geriyə – insan rifahına”, “Elm: mənəvi və praktik meyarlar”, “Elmdə ön və arxa cəbhə” kimi məqalələrinizin praktik əhəmiyyətinin böyük olduğunu qısaca söyləmək istərdim. İndi masamın üstündəki “Baxış bucağı” kitabına baxıram və çox sevinirəm ki, bir zaman “525-ci qəzet”in səhifələrində işıq üzü görmüş bu yazılar həm də bir toplu, bir küll halında meydana çıxıb və bizi bir çox mətləblər ətrafında yenidən düşünməyə vadar edir.
Səlahəddin müəllim, kitabınızdakı yazılarınızdan görünən filosofun təhsil bazasının, yəni ilkin təhsilinin fundamental elmlərə aid olduğunu dərhal anlamaq mümkündür.
Fəlsəfəyə humanitar elmlərdən gələnlərin fəaliyyətinə heç bir kölgə salmadan deməliyəm ki, bu sahəyə fundamental elmlərdən gəlmək daha uğurlu olur. Tələbə vaxtlarımda fəlsəfədən imtahan suallarına hazırlaşmaq üçün hələ o zamandan filosofluğuna daha çox inandığım bir yaxın adamdan kömək istədim. Həmin adam köməyi niyə mənə dərs deyən filosofdan almadığımı soruşdu. Mən də dedim ki, müəllimi yaxşı başa düşmürəm. Filosof fəlsəfə müəllimimin ilkin təhsil bazası ilə maraqlandı. “Filologiyanı bitirib” – dedim. Filosof gülümsündü, ancaq onun təbəssümündə qəribə bir istehza sezdim. Özü izah etdi: “Fəlsəfə müəllimini başa düşməyəcəksən – dedi – filosof gərək fundamental elmlərə, təbiət elmlərinə bələd olsun”. Sonralar mən də qəti qənaətə gəldim ki, “təbiətin və cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını izah edən fəlsəfə” sahəsində kamil mütəxəssis olmaq üçün həqiqətən də, təbiət elmlərinə vaqif olmalısan. Sizin yaradıcılığınızdakı aydın izah, aydın dil, aydın misallar fundamental və humanitar elmləri özündə birləşdirən istedadlı bir alimin milyonlara söz demək bacarığını nümayiş etdirir. Bu kitab hamıya gərəkdir. “Baxış bucağı” fəlsəfi publisistikanın örnək dərsləri kimi jurnalistlərə də gərəklidir. Jurnalistikanın və jurnalistlərin deformasiyaya uğradığı belə bir zamanda bu kitabdakı əsərlərin fəlsəfi mahiyyəti publisist sözünün o qədər də asan başa gəlmədiyini sübut edəcək.

 

Cahangir MƏMMƏDLİ

 


 

Baxılıb: 6154    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.