az  |   tr
Fəlsəfə dünyası

Eşq haqqında düşüncələr   –  [15.01.2011]



Eşq və dəyişən tarix

İnsan yarandığından bu günə kimi çoxmu dəyişib? Gözəlliyin meyarları, ona münasibət, onu duymaq bacarığı dəyişib. Bəs gözəllik özü necə, dəyişibmi? Sevgiyə, eşqə münasibət dəyişib. Bəs sevgi necə, dəyişibmi? Yəqin çoxları deyər ki, bəli, dəyişib, çünki insan inkişaf edib. İnkişaf edən insandırmı, yoxsa yaratdığı ikinci təbiət? Dəyişən ikinci təbiətdir. Birinci təbiətin dəyişməyən harmoniyası, gözəlliyi, ecazkarlığı isə insanları eyni qüvvə ilə sehrləməkdə, ilhama gətirməkdədir. Yox, söhbət nə birinci, nə də ikinci təbiətdən getməyəcək. Söhbət heç bir-birini əvəz edən ictimai formasiyalardan, cəmiyyətlərdən, texnikanın, elmin inkişafından da getməyəcək.
Mövzu eşqdir. Hər zaman varlığına şübhə edilən, buna baxmayaraq, axtarılan, tapıldığı yeri viran qoyan, viranəsi üzərində yüksək sənət əsərləri yaradılan eşq!
Deyilənə görə, böyük fırça ustası Rafael sevdiyi qadının rəsmini yarada bilməyib. Onun şedevrlərində həmin qadının dodaqlarını, əllərini, baxışlarını, saçlarını görmək mümkündür, ancaq qadının bütöv portreti uğursuz rəsm kimi haradasa itib-batıb.
Gözəllərə əvəzsiz təriflər deyən, bir sözündə min bir məna çatdıran Aşıq Ələsgərin sevdiyi qıza yazdığı şeir zəif şeirlərdən sayılır, nə yadda qalıb, nə də sevilib.
Eşq nə rəngə sığır, nə sözə. Onu nə fırça ilə çatdırmaq mümkündür, nə qələmlə. Eşqin bir məkanı var – könül, bir dilmancı var – baxışlar.
Maraqlıdır, könülün və baxışların meyarı necə, tarixlə bərabər dəyişibmi? Kleopatraya baxan Antoninin gözlərindəki eşqlə, Leylaya baxan Məcnunun gözlərindəki eşq nə ilə fərqlənib? Müasir insanların sevgisi nə ilə fərqlənir? Texnikanın, elmi biliklərin sevgiyə təsiri hansıdır? Əbu Turxan deyir: «Müasirlik – mənəviyyatın zamana uyğunlaşmış üst qatılır». Bəli, dəyişən mənəviyyatın üst qatıdır, binasıdır, alt qat isə təməl, bünövrə kimi dəyişməz olaraq qalır. Könül mənəviyyatın alt qatına aid bir məkandır və eşqin baxışları üst qatdan asılı olmayaraq könülün əmr etdiyi kimi baxır.
Heç kim inkar etmir ki, gözə görülən binadır, bünövrə deyil. Böyük bir təməl üzərində möhtəşəm bir saray da, cılız bir bina da tikmək mümkündür. Ən düzgün və möhkəm tikili öz bünövrəsinə uyğun olandır.
Maraqdır, əvvəllər möhkəm özüllər üzərində böyük, min bir naxışlı, hər daşında bir xatirə, hər divarında bir sirr daşıyan tək bir saray tikirdilər. İndi ondan da dərin özüllər qazırlar və üzərində… standart göydələnlər ucaldırlar. Görəsən, bunda eşqə aid bir hikmət varmı?  

Eşq

Sən bilirsən eşq nədir?
Bilmək lazım deyil! Onu yaşamaq lazımdır! Heç bir sözlə alovun necə yandırdığını təsvir etmək mümkün deyil! Yanmaq lazımdır!
Sən bilirsən necə yanırlar? 
Özünü odun hökmünə vermək lazımdır! İradəsiz olmaq, müqavimət göstərməmək, özün üçün nə isə axtarmamaq lazımdır! Cavab gözləmə! Mükafat gözləmə! Tapmazsan peşman olarsan… Təslim olmazsan acı çəkərsən. …Axı orda sən yoxsan, ancaq od var. Oda çevril! Bütünlüklə onun hökmünə düş, yan, vəssalam!
Sən bilirsən aşiq kimdir?
Gözü, dili, ürəyi olmayan… O, hər şeyini sevgilisinə verib… İndi onun əvəzinə o, görür, danışır, hiss edir… Əgər o, bir anlığa da olsa özünə aid bir şeyi düşünsə, deməli, ….onu uzun müddətə itirir, deməli, özünü itirir…
Deyirlər bir adam var imiş, həmişə ulduzlara qalxmaq, onların işığını yaxından görmək istəyirmiş. O, gecə- gündüz bunu düşünüb, Allahdan həmişə bunu istəyirmiş. Bir gün adam hiss edir ki, ayaqları yerdən üzülüb ulduzlara tərəf uçur. Sevincindən dünyada hər şeyi, hətta dünyanın özünü də unudur. Ulduzlara lap az qalmış ani olaraq düşünür: «Bu mənim nəyimə lazımdır ki?» Bu, bir an, anın milyondan bir hissəsi müddətdə şimşək kimi çaxdı… O, ulduza çatmadan yerə yıxıldı… Və bir də heç vaxt ora qalxa bilmədi, gecə-gündüz gözlərini ulduzlardan çəkməyib, yenə Allaha yalvarsa da… O, hətta ürəyində əvvəlki istəyi, təşnəni də yarada bilmirdi… Yalvaran, istəyən ancaq dili idi, könlü isə susurdu.
Sən bilirsən sevgi nədir?
Sevgi könüldə bir dəfə yandırılan və heç vaxt sönməyən işıqdır. O işıq hər tərəfini nura qərq edir, hər kəsi cəlb edir, ancaq hər kəs cürət edib o nurlu otağa girmək istəmir, yanmaqdan qorxur, işıqdan gözlərinin kor olmasından qorxur…, qayıdıb çıxa bilməyəcəyindən qorxur…
Sən bildinmi eşq nədir, sevgi nə?!
Eşq oddur! Sevgi nurdur!
Odsuz-ocaqsız yandıran eşq odu həm bədəni bürüyür, həm ruhu. Bədən ruhsuz yananda od hər şeyi yandırıb kül eləyir. Bu, sondur!
Ruh yananda nur artır. Bədən bu ocağın istisində isinir, yalnız könül gözünün gördüyü bu nurla o da duyur, baxır. Bu, başlanğıcdır…!
Sən bilirsən könül nədir?
Könül sevgi dolu bir varlıqdır… Könül maddi bədəni ruhi cazibənin hökmünə verən iradədir… Könül heyvani instinkləri ilahi vəhdətlə əvəz edən qüvvədir… Könül insana insanlığını xatırladan yaddaşdır…
Aşiq olan nədir? Ürəkmi? Könülmü? Eşqə düşmən, hədd olaraq ağıl götürülür… Sevənin soyuq düşüncəsi olmur deyirlər… Su od tutub yananda onu nə söndürə bilər? Ağıl aşiq olanda onu nə ilə susdurmaq, sakitləşdirmək olar? Ağıl dönüb könül olanda nə etməli?

Bədən, ruh və eşq

Dəli sevgi – bütöv bir həyat,
 ağıllı sevgi – həyatın bir hissəsidir.

Əbu Turxan

Ruh özünə uyğun gələn, onu öz könül güzgüsündə aydınca əks etdirən başqa bir ruhu görən kimi tanıyır, duyur, onunla vəhdətdə olmağa çalışır.
Bədən də özünə uyğun, öz zövqünü oxşayan başqa bir bədəni görən kimi ona can atır, ona qovuşmağa çalışır.
Ruh tapdığı ruhun bədənini ilk anlar seçmir… bu, heç onun üçün maraqlı da olmur.
Bədən də tapdığı bədənin ruhunu ilk anlar görmür… bu, ona heç maraqlı da deyil.
Ruh öz bədənini unudaraq yad bir bədəndəki ruhla doğmalaşır.
Hər ikisi öz zövqünə can atır, bütün vasitələrlə öz varlığını qarşısındakına çatdırmaq istəyir, ən kiçik imkanları belə qaçırmaq istəmir, harmoniya axtarır. Ruhun silahı yalnız baxışlar, atəş dolu nəfəsdir, bədənin silahı isə çoxdur – insanın bütün imkan və bacarıqları: bütün hiss orqanları üstəgəl söz. 
Ruh daha sərbəst, daha azaddır. Onlar tez qovuşur, tez dil tapırlar.
Bədənlər isə maneə tapmaqda sanki bir-birilə yarışa girirlər. Bunun adı gah naz olur, gah qürur, gah küsü, gah abır-həya, gah ictimai rəy, gah da romantika.
Ruhlar heç cür bir ahəngə gələ bilməyən bədənləri görmədən belə öz vəhdətlərinin zirvəsinə çatırlar.
Hər addım başı maneələri dəf etməklə məşğul olan bədənlər üçün heç bir sərhəd tanımayan ruhların ardınca yetişmək çox çətindir, hətta mümkünsüzdür.
Ruhlar bərabər ola bilməyəndə bədənlər ünsiyyətdə olsalar da, bir-birilə müəyyən şərtlərlə bağlı qalsalar da, özləri də bilmədən ayrı yaşayan, haralardasa öz həmdəmini axtaran ruhlarının ayrılığını yaşamalı olurlar, bərabər olsalar da elə hey bir ayrılıq mehindən üşüyürlər.
Bədənlər dil tapa bilməyib ayrılsalar da, ruhlar bərabər qalırlar. Hərəsi öz bədənində təklikdən üşüsə də, bir-birinin hənirinə qızına bilirlər, bu atəş onları donub heç olmağa imkan vermir.
Ruhlar və bədənlər arasındakı təmaslar böyüdükcə, hisslər dolub-daşdıqca, zövq oxşamaqdan sevgiyə, sevgidən eşqə yüksəldikcə bir an gəlir ki, ruhun bədənə, bədənin də ruha möhtaclığı ortaya çıxır. Yaşanan duyğuların tam olması üçün ruh və bədənin təklikdə yox, bir-birilə vəhdət halında olması bir zərurətə çevrilir. Ya bədən ruhu öz dalınca sürüməyə çalışır, ya da ruh bədənə öz qanadlarını taxmağa cəhd göstərir. Bəlkə buna görə Əbu Turxan deyir ki, «məhəbbət ruhla bədənin ittifaqından yaranır»? Bəlkə bu ittifaq olmayanda yaranan duyğular qırıq və yarımçıq qalır? Bəlkə ruh və bədəni bir ittifaqa gətirən elə məhəbbətdir?
Bəs ittifaqa gələ bilmiş ruh və bədən nə əldə edir?
Ruh bədənə ağırlığını, nisbiliyini, qara torpaqdan yarandığını unutdurur. Bədən ruhun aşıb-daşan işıq selini zahirə çıxardır. Ruh bədənin qaranlıqda azmış, vurnuxan hisslərinə nur verir, bədənin özünün də xəbərsiz olduğu cəhətlərini işıqlandırır. Bədən ruhun duyduqlarını, təsəvvürlərini reallaşdırır, onlara maddiyyat qatmaqla ruhun təsəvvürünə belə gəlməyən həqiqətlər anladır ona.
Bir-birini kəşf edə-edə ruh və bədən bir varlıq kimi kamilləşir, bir-birini tamamlaya-tamamlaya bir varlıq kimi bütövləşirlər.
İlk vaxtlar kənar bir qüvvə kimi təsir göstərən eşq hər ikisinin tərkib hissəsinə çevrilir: nur olub ruhun işığına qarışır, qan olub bədənin damarlarında axır, … mahiyyət olub İnsanı var edir.


İtirilmiş məsumluq və ya sönmüş nur

Ərlərin eşqi gözəlliyin meyarıdır.
Gözəlliyin üzərindəki pərdəni parçalayan
bu eşq eyni zamanda onu pərdələyər.

Məhəmməd İqbal

Zərif bir kəpənəyi görəndə qeyri-ixtiyari ona toxunmaq, bu zərifliyi hiss etmək istəyirsən. Ona toxunanda sanki özün də zərifləşirsən, içindən, qəlbinin dərinliyindən elə incə hisslər baş qaldırır ki, sonra özün də təəccüb edirsən. Eynən bir körpə də görəndə, hələ bu körpə məsum-məsum sənin üzünə gülümsəyəndə elə bil içində bir işıq yanır, bu məsumluqdan pay almaq istəyirsən, körpəni qucaqlamaq, oxşamaq istəyirsən, amma nə qədər incəliklə, zərifliklə əlini uzatsan da… körpə səndən qorxub qaçır, sən israr edəndə isə ağlayır. Qanadlarına toxunulan kəpənək də daha uça bilmir, ölür.
Deyilənlərdə ilk nəzərə çarpan iki əksliyin – işıq və qaranlığın qarşılaşmasıdır.
İşıq iki cürdür. Bir var insanın daxilində, ruhunda, könlündə, bir də var insandan kənarda yanan elektrik işığı, atəş. Hər ikisi Allahın hökmü ilə yanır, lakin birincini Yaradan özü nurlandırır, ikincini isə yaratdığının əli ilə. «…Bəziləri ocaq yandırdı. O, ətrafını aydınladan kimi, Allah onların nurlarını aldı və onları zülmət içində qoydu, onlar görə bilmədi» (Quran 2/17), – deyə buyurmaqla Allah insanları xəbərdar etdi ki, ruhlarının nuru ətrafdakı işıqdan daha vacibdir, daha xeyirlidir. Bunu xatırlayan da var, lazımsız sözlər kimi unudan da.
Ruhundakı nurdur ki, insanın könül gözünü açır, Allahın verdiyi maddi nemətlərlə yanaşı, dünya gözü üçün qaranlıq qalan mənəvi nemətləri də görür, yararlanır.
Dünyada hər şey qoşa olduğu kimi, işıq da qaranlıqla qoşadır. Axı hər şey öz əksi ilə daha tez tanınır. Ancaq hər biri öz yerində, yaxud öz əksinin yanında yaxşıdır. Onun yerini tutmaq istəyəndə, yalnız öz hakimiyyətini bərqərar etmək istəyəndə isə, tərəzinin gözü pozulur. Tamam qaranlıq kimi, tamam işıq da gözləri kor edir.
Zəriflik kəpənəyin təbiətindədir. Ona uzanan əl bir maddi istəklə – bu zəriflikdən bir pay almaq üçün uzanır. …Bu kiçik zəriflik yalnız gözləri, könüləri sevindirəcək qədərdir. Ona görə də dözmür, insanın «mənimsəməsindən» özünə bir şey qalmır və …daha uça bilmir.
Məsumluq, paklıq, təbəssümündəki nur körpənin hələ çirkaba batmağa macal tapmamış ruhundan gəlir. Bir-birini tanımayan iki körpə necə tez qaynayıb-qarışır, necə xoşbəxt olur. Yaxud nəvazişlə ona əllərini uzadan böyüklərə körpə necə təəccüblə baxır. Bəlkə də qarşıdakının da könlündə ilahi nur aşıb-daşır. Amma körpə hələ qabıqlar altında mahiyyəti görmək qüdrətində deyil axı. O, hələ ancaq bu kobud «mənimsəmə» niyyətini görür.
Kəpənək uçur, körpə qaçır, ən acizi çiçəklərdir. Gözəlliklərinə görə həmən qoparılan, ətrini alandan sonra ayaqlar altına atılan çiçəklər.    

Zəriflik də, nur da, xoş ətir də hər insanın ruhuna məxsus bir keyfiyyətdir. Bu səbəbdən insan onları görəndə qeyri-ixtiyari onlara meyllənir. Sonra da illər boyu qazandığı təcrübə ilə onu «mənimsəmək» istəyir. Ruha məxsus bir şeyi maddiyyata «yedirdir». Əslində isə bu keyfiyyətlər insan üçün bir «yaddaş kitabçasıdır»: ona öz ruhuna boylanmağı, könlünü Allah nuru üçün açıq tutmağı xatırladır.
Bir var mənimsəmək, bir də var paylaşmaq, bölüşmək. Mənimsəyəndə bir tərəf boşalır, tükənir, digər tərəf dolur. Bu da ifrat, o da. Birinin yenidən dolmaq imkanı qalmır, digərinin isə, Əbu Turxan dediyi kimi, «qabının divarları ərpləşir və qabın tutumu getdikcə azalır…», mənimsədikləri qarışır bir-birinə, «bu da calaq ruha keçid deməkdir. Yəni ruhun müəyyənliyinin pozulması, insanın simasının itməsi deməkdir».      
İşıq zəif olanda qarşısındakını nurlandırmağa gücü çatmır, özü də solur, xoş ətir səni də ətirləndirə bilmir, özü də yox olur. Əslində onlar yox olmur, qaranlıq, kobudluq onu görünməz edir. Rabindranat Taqor yazır: «Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvənə qaldıra bilməkdir». Bəli, güclü olmaq kiminsə nurunu söndürmək deyil, daha çox könüllərdə işıq yandırmaqdır, zərifliyi – gözəlliyi özününküləşdirmək, ömrünü bir anlıq, bir saatlıq etmək deyil, o gözəlliyin daha üst qatlarını kəşf etmək, kobudluq yanında öz varlığını qorumasında ona yardım etməkdir.


Könül Bünyadzadə

Baxılıb: 12631    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.