az  |   tr
Fəlsəfə dünyası

Damla və dərya   –  [07.02.2011]

 

 

Damla və dərya çox ciddi fəlsəfi problemlərin: sonlu sonsuz, ölüm əbədiyyət, nəfs ruh, qaranlıq işıq, fərd toplum, kəmiyyət keyfiyyət kimi kateqoriyaların poetik və obrazlı ifadəsidir.

Yenə də iki qütb. Amma eyniyyətin qütbləri. Və qütblərdə daha kəskin ifadə olunan mahiyyətlər. Yaxud eyni məzmunun ən kiçik və ən böyük ölçüdə təzahürü. Kəmiyyət müxtəlifliyi sayəsində keyfiyyətin və mahiyyətin dəyişilməsi.

Bu qütblər müxtəlif rakurslarda və miqyaslarda götürülə bilər.

1.      Sonsuz kiçik və sonsuz böyüyün nisbəti.

Bu dünya iki sonsuzluq arasındadır: sonsuz kiçiksonsuz böyük tərəflər əks qütb təşkil edirlər. Əksliklər vəhdətdədir və bir-birinə keçə bilir. Bu isə fəzanın əyilməsi və dünya xətlərinin dairəvi olması qənaətinə gətirir. “Damla və dərya” misalında damlanın da əslində sonsuz bölünən və tükənməz olması faktı Zenonun aporiyalarında qoyulan suallara gətirib çıxarır. Damla öz yekun ölçüsünə görə sonlu olsa da, öz daxili strukturunun mürəkkəbliyinə görə sonsuzdur. Və riyaziyyatda sonsuzluqların nisbətini tapmaq mümkün deyil.   

2.      Kiçik, lakin sonlu olanın (damla) sonsuz olana münasibəti, yəni dərya yenə də sonsuz və tükənməz kimi götürülür.

Bu halda damlanın dəryaya nisbəti həmişə sıfırdır. Yəni var olan yalnız dəryadır, damla isə ancaq zahiri varlıqdır. Platon terminologiyası ilə desək – kölgə, Hegel terminologiyası ilə desək – təzahür, görüntü, təsəvvüf və ya ekzistensializm terminologiyası ilə desək – fəna, yoxluq, heçlikdir.

Ruh kontekstində götürdükdə isə fərdi ruh (insan nəfsi) ilahi ruh və ya mütləq ruh müqabilində yenə də bir heçdir və onun var olması üçün mütləqə qovuşması lazımdır. Damlanın dəryaya qatılaraq əbədiyyətə qovuşmaq arzusu buradan irəli gəlir. Ancaq bu halda o, öz varlığını sübuta yetirə bilər. Fərdi “varlıqdan” ona görə imtina edilir ki, o, keçici, fanidir.

3.      Sonsuz kiçiklə sonlu böyüyün münasibəti.

Bu halda sonsuz kiçik təkdir, vahiddir və bütün yerdə qalanlar onun çoxalmasından yaranıb. Yəni dəryalar çox və müxtəlif ola bilər. Amma hamısı eyni damlalardan yaranıb. Cisimlər və element, atom kimi. Atomun sonsuz kiçik kimi götürülməsi, başqa sözlə desək, bölünənliyin kəsilməz surətdə davam etməsi ümumiyyətlə materiyanın yox olması, cisimlərin ancaq struktura görə fərqlənməsi qənaətinə gətirir. Yəni damla da ölçüsü, dayanıqlı forması, öz siması olmayan tərəf kimi götürülür. Siması müəyyən olmamaq əslində həm də mənası olmamaqdır. O, ancaq dəryada məna kəsb edir. Dəryaya qovuşana qədər isə buxar olub buluda, yağış olub çaya və ya elə birbaşa dəryaya düşür. Haldan hala keçir, özükimilərin “yığnağında” uzun-uzadı yollar keçir. Ya göylərdən hərlənib gəlir, ya da yerin təkinə sızıb yenə də bulaqlara, çaylara qatılır. Əlbəttə, bütün yolçular hamısı mənzil başına çata bilmir, harada isə zəncir qırılır və damla da izsiz-tozsuz, səssiz-soraqsız itib gedir. Amma elə ki, dəryaya qatıla bildi, onun itməsi ehtimalı yox olur. Yəni dəryada “itmək” əslində itməkdən xilas olmaqdır.

4.      Kiçik və sonlu olanın böyük və sonlu olana münasibəti.

Burada dərya da dəniz və okean kimi böyük, amma hər halda sonu olan, tükənə bilən tərəf kimi. Başqa sözlə desək, kiçiklə böyüyün, azla çoxun münasibəti. Onu da yada salaq ki, Platon dünyanı məhz bu iki əksliyin vəhdəti kimi izah edirdi.

5.     Damla çoxluğun, dərya təkliyin timsalı kimi. Yəni damlalar çox ola bilər. İstədikləri nisbətdə öz aralarında qruplaşa da bilər. Amma dərya isə vahiddir və bu mənada manevr imkanları yoxdur; müxtəliflik, rəngarənglik yarada bilmir. Daha doğrusu, o, müxtəlifliyi zaman oxunda yaradır. Yəni özü dəyişir və çox fərqli görkəmlər alır, o dərəcədə fərqli ki, mahiyyət və funksiya da dəyişir. Damla isə zamanca dəyişilməz götürülür. Amma damlaların çoxluğu məkanca müxtəliflik imkanı yaradır. Yəni hər şey onun harada, hansı mühitdə, hansı kontekstdə olmasından asılı olaraq dəyişir.

 

Səlahəddin Xəlilov

Baxılıb: 5841    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.