az  |   tr
Fəlsəfə dünyası

"Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin
mənliyinizin parçaları deyilmi?"   –  
[16.02.2011]

"Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?"

Bu dəfə Fəlsəfi Diskursda Cübran Xəlil Cübranın "Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?"  sualı ətrafında müzakirə açıldı. Mürəkkəb və təzadlı suala verilən cavablardan daha çox bəyənilən 22-si saytda yerləşdirildi. Bunlardan 6 ən yaxşı cavabın müəllifi mükafata layiq görüldü.

 

Mətanət Abdullayeva:

– Hər insan dünyanı özünün "mən" süzgəcindən keçirərək dərk edir. Dərketmənin doğruluğu və ya doğruluqla yanlışlıq arasındakı kəsilməz əmsallar göstəricisi "süzgəcin" ölçülərindən asılıdır - insan "mən"i kiçik olduqca dünyanın əks olunmasının təhrifi böyüyür, insanın özünə verdiyi qiymət şişir, "mən"in dar çərçivələri bir az da qalınlaşib möhkəmlənir. Belə insan "mən"inin quluna çevrilir. Bir qayda olaraq, buna "mənliyini qorumaq" deyirlər. Əslində isə, bu, özünü dünyadan və onun ünsürlərindən daha əhəmiyyətli hesab edən təkəbbürlü "mən"liyin - eqonun iddialarıdır. İnsanın "mən" süzgəci özünün məhdudluğundan çıXa bilib (çıxma yolları başqa mövzunun predmetidir) genişlənən halda isə əks proses başlanır: əvvəlcə "mən"in qalın çərçivəsi nazilir, sonra hissə-hissə qopur, hər qopmada genişlənmə baş verir. Qopma hər zaman itki hissi ilə və qəlb ağrıları ılə müşayiət olunur. Bu, ruhi prosesdir, ruhun azadlıq əldə etməsindən ibarət pilləli təkamülüdür. Belə proseslə insan zərrə-zərrə, damla-damla kiçik "mən"inin fiziki dünya çərçivəsindəki dərkini itirir,əvəzində əbədi ilahi "Mən"ini tapır. Əslində, itən və tapılan ayrı-ayrı "mən"lər deyil, onların dərk formalarıdır. Bu, azadlıq əldəetmənin müdrikliyidir. Müdrikliyin ən mötəbər mənbəyi olan Quranda belə deyilir: "Şübhəsiz, hər çətinlikdən sonra bir yüngüllük gələr!"(Əl-İnşirah surəsi,15). İnsaniliyin son həddi ilahiliyin başlanğıcıdır. Aqillər deyiblər ki, müdriklik damla-damla gəlir, özü də ağrılı yollarla; əgər qəlbiniz ağrıyırsa, deməli, "mən"inizin növbəti qatı da qopur. Həqiqi Azadlıq "Mən"in əsil xassəsini - İlahiliyini kəşf etməkdir! ALLEQORİK HEKAYƏ. Zərif ləçəklərini səhərin mehi titrətdikcə ağacın çiçəyinin canına üşütmə düşürdü. "Ləçəklərim tökülsə mən necə görünəcəyəm, kimə lazım olacağam?!" - deyərək yarpaqların altına sığınıb daldalanmaq istədi, amma xeyiri olmadı. Ləçəklər növbə ilə qopub mehin səssiz pıçıltısı kimi qeybə çəkilirdilər. Hər qopmuş ləçəyin yeri çiçəyin qəlbində yara bağlayır, hər uçmuş ləçək ağrılı itki olur çiçək üçün. Ümidini sonuncuya bağlayan çiçəyin gözündən çıxan yaş damlası ləçəyin üstünə düşür. Onsuz da güclə mehə müqavimət göstərən ləçək damlanın ağırlığından qopub uçur. Bağrı qanlı, artıq çiçəklik simasını itirmış zavallı çəkdiyi ağrılı itkinin dəhşətindən bayılır.

...Doğma istilikdən xumarlanaraq gözlərini açanda o, özünü tanımadı. Qərq olduğu nur seli onu Özünə tanıtdı, onsuz rahatlıq, azadlıq və əmin-amanlığın çulğalaşıb yaratdığı möhtəşəm Sükutun enstaziyası onu Özünə qaytardı. Birdən nəyisə xatırladı. "Amansız" mehin səssiz pıçıltısının hikməti indi ona aydın oldu. Meh ona - qopmuş ləçəklər sənin illüziyalarındır, Saf Meyvə olmaq istəyirsənsə, illüziyalarını itirməkdən qorxma! – deyirdi.

 

Kamran Ağayev:

– Hər zaman olduğu kimi çətin və qarışıq görünən bir məsələ ortaya qoyulub. Azadlıqla – mənliyin konflikti.

Bu konflikti çözmək üçün məncə bir az diqqətli və sistematik analiz aparmaq lazımdır.

1-ci addım. Terminologiya.

Azadlıq nədir? Azadlığın bir neçə tipi və ya forması vardır. Bunlardan istər-istəməz ağlımıza ilk gələn fiziki azadlıqdır. Məsələn, istəsək də, istəməsək də hansı zamanda və məkanda yaşamaq sərbəstliyinə sahib deyilik. Hamımız Yer üzündə yaşayırıq, istədiyimizdə Plutona səyahət edib və ya "bir də 5-ci əsrdə nələr olmuş" – deyə baxmaq azadlığına sahib deyilik.
Düşüncə azadlığı – hər hansı bir doktrina və ya doqmaya bağlı olmadan düşünmə xüsusiyyəti kimi tərif edə bilərik. Olduqca təhlükəli bir azadlıq tipidir, çünki düşüncə abstrakt olaraq hər hansı istiqamətdə gedə bilər. Buna görə də müasir elmdə hər hansı bir düşüncə və ya elmi dildə nəzəriyyə praktik nəticələrlə dəstəklənməlidir. Əksi halda, nə qədər məntiqli olsa da, qəbul edilmir.

Mənəviyyat azadlığı. Bu tip azadlıq bir insanın cəmiyyətdə olan mənəvi prinsiplərdən və ya doqmalardan sərbəst olaraq düşünməsi və / və ya hərəkət etməsidir. Bu tip azadlıq düşüncə və ya əqli azadlığa çox yaxındır. Çünki əgər hər hansı bir insan müəyyən prinsipi və ya geniş mənada davranış şəklini bəyənmirsə, bunu öz ağlı, kritikasi, rasionallığı ilə dəyərləndirir. Düşüncə azadlığından daha təhlükəli bir azadlıq tipidir, çünki burada bir insanın doğru olmadığını yoxlamaq üçün bir eksperiment aparıla bilməz.

Ümumiyyətlə azadlıq hər hansı bir fərdin digərlərindən (bənzər fərdlərdən və ya ideyalardan) sərbəst olmasıdır.

Mənlik. Mənlik – mən sözündən gəlir. Mənəm – bir fərdiliyim var özümə məxsus xüsusiyyətlərim var. Bu kontekstdə əlbəttə insan fərdlərindən danışırıq. Özümüzə xüsusi olan bir neçə xüsusiyyətlərimiz var. Onlardan başlıca bioloji xüsusiyyətlərimiz, boyumuz, cinsimiz, DNK-mız və s. Bunlar bizim bioloji mənliyimizi təşkil edir. Bir də mənəvi mənliyimiz var. Bu mənlik insanın mənəvi nöqtədən özünü tanıması və cəmiyyətdə yerini bilməsidir. Bunun üçün də məsələn, insanın istedadları vardır. Əgər birisinin yaxşı musiqi istedadı varsa və bu prosesdən zövq alırsa, o zaman bunu bir iş halına gətirib cəmiyyətdə bir musiqiçi olaraq yer alır. Mənlik - özünüdərk prosesidir insanın özəlliklərin özü tərəfindən kəşf edilməsi və inkişaf edilməsidir. Bu bir insanın (geniş anlamda bir fərdin) başqalarından ayıran xüsusiyyətlərdir.

2-ci addım: Analiz.

Əgər biz azadlıq və mənlik sözlərinə yuxarıda göstərildiyi kimi baxsaq, o zaman azadlıqla mənliyin arasında hər hansı bir konfliktin olmadığını görərik. Çünki azadlıq – başqalarında sərbəst olmaq – fiziki, ideya, mənəvi, mənlik isə insanın xüsusiyyətlərinin aşkara çıxması prosesidir. Bunları qarşılaşdırmaq alma ilə portağalı qarşılaşdırmaq qədər məntiqsizdir.

Əgər biz mənlik qavramını bir az daha genişləndirib, bunun içinə insanın düşüncə tərzini də əlavə etsək, bu zaman hər şey dəyişir. Bu səfər mənlik insanın düşüncə azadlığı və mənəvi azadlığını da içinə alır. Azadlaşma prosesi də istər-istəməz doqmaların qırılması – insanın mənliyini dəyişdirmiş olur.

Ancaq ümumi anlamda baxılarsa, məncə, azadlıq ilə mənlik arasında bir konflikt yoxdur. Fikrimi izah etmək üçün bir misal verim. Bir molekulun hərəkəti başqa molekullar tərəfindən məhdudlaşır. Biz bu molekulu ayırıb vakuuma qoysaq, o zaman sərbəst, "azad" olar. Amma molekul eynidir, yəni atomların sayı, strukturu eynidir, "mənliyi" dəyişməmiş olur.

 

Sahil Şirinov:

– Fəlsəfədə nəyisə təsdiq etmək, qəti fikir söyləmək lazım gələndə hansısa "izm"ə qoşulmaq qorxusu yaratmırmı? hər halda... Bilirsiniz, bu o qədər çətin sualdır ki, buna cavab vermək qədər bu sualın qoyuluşu da böyük həmdə çox böyük cəsarət tələb edir. Çünki azadlıq öz təbiəti etibarilə o qədər açıq anlayışdır ki, ona nə kimi yanaşsaq(kateqoriya, prinsip, problem, ideal..) qəti və aydın fikir söyləmək mümkünsüz görünür. Relyativistlərin məşhur bir deyimində "həqiqətin də dərman kimi müddəti vardır" deyilir. Nəyəsə azadlıq deməyimiz, deyə bilməyimiz hansısa həqiqətə söykənir. Hansı həqiqətə? Kyerkeqorun "azadlıq ən mücərrəd və eyni zamanda mümkün olanlardan ən konkretidir" deyimi, Hegelin "heç bir ideya haqqında azadlıq barəsində olduğu qədər tam hüquqla demirlər ki, bu ideya qeyri-müəyyəndir, çoxmənalıdır və anlaşılmazlıqlar doğurur... heç bir ideyadan azadlıqdan olduğu qədər onu bu dərəcədə az başa düşərək bəhs etməmişlər", fikri təbii ki, nədənsə xəbər verir. Yəni azadlıq təbiətcə açıqlığı qədər tədqiqata qapalıdır. Əgər biz yalnız nisbi həqiqətlərə söykəniriksə, azadlıqdan mütləq mənada bəhs etmək müəmma doğurmurmu? Bu baxımdan azadlığın meyarı öz çoxtərəfliliyi ilə ortaya çıxır. Həqiqi azadlıq azadlığın həqiqətinə bağlı sayılsa da, bəzən yalan saydıqlarımız azadlıq saydıqlarımıza vəsilə olmurmu? Buna görə də azadlığa yanaşmanın iki alternativi meydana çıxır: azadlığı həyatın içindən seyr etmək, yoxsa həyata azadlıq prizmasından yanaşmaq. Yəni azadlığa nisbi, konkret, real, yoxsa mütləq mücərrəd və ideal kimi yanaşmaq. Amma hansı mövqedə olmağımıza rəğmən hər gün özümüzdən imtina ediriksə, hər şeyi fərqli etməyə çalışırıqsa və ən əsası öləcəyimizi bilərək özümüzü realizə etməyə çalışırıqsa, azadlıq demək ki, qaçılmazdır – taleyimizdir.
Vaxtilə Konfutsinin hökmdara itaəti etik borc kimi realizə etməsini indi biz antidemokratik mövqedən qiymətləndiririksə, qulun quldara qarşı mübarizəsinə haqq qazandırırıqsa, Miyanəcini, Koperniki, Brunonu dahi sayırıqsa, o zaman norma əfzəldir, yoxsa azadlıq? Azadlığın həqiqəti nədədir, məntiqi, yoxsa tarixi yanaşmada? Həqiqət tarixin qızıdırmı?
Məsələnin digər maraqlı tərəfi insanın vicdan, ədalət və etik borc müstəvisində, ümumilikdə dəyərlər çərçivəsində azadlıqdan istifadəsidir. Bu azadlığımızın dəyərlərlə toqquşması anlamına gəlirik. Amma altını çizərək qeyd edirəm ki, bəlkə də azadlığımızı dəyərlərlə sınırlamaq azadlığa əsl dəyər verən şeydir. Sərhədsiz heç nə anlaşılan deyildir. Aksioloji fəlsəfə anlamında bu fikir daha da aydınlaşır. Təsadüfi deyil ki, Vindelband fəlsəfəni ümumicbari dəyərlər elmi adlandırırdı.

Dəyərlər "mən"liyimizin bütövlüyünü, bəşəriyyətin ortaq oriyentasiyasını təmin edirsə, ondan imtina yox, düzgün istifadə etmək önəmlidir. Dəyərlər azadlığı xaosdan, özbaşınalıqdan fərqləndirməyə imkan verirsə, dəyərə dəyər vermək də önəmlidir. Amma, əgər insan novatorluğu, yaradıcılığı normadan kənarda tapırsa, demək dəyərlər sisteminin inkişafına qısqanclıqla, konservantlıqla yanaşmamaq da önəmlidir. Normadan kənara çıxmaq yox, nə üçün kənara çıxmaq önəmlidir. Düşüncə azadlığı baxımdan insan tam sərbəstdirsə, düzgün tərbiyə azadlığı müəyyən qədər cilovlamaq anlamına gəlmirmi? Azadlıq zərurəti dərk etməkdir – fikrini əsas götürsək güman etmək olar ki, azadlıq idrakın açdığı yola möhtacdır. Bu fikir insanın dərkolunanlar içərisində şüurlu olaraq azad fəaliyyət göstərməsi baxımından ağlabatandır. Amma bu yanaşma azadlığı idrakdan asılı edib onun əsarətinə salmırmı? Həm də azadlığı idrakla determinə ediriksə, bəs idrakın azadlığı nəyə bağlanır, nədən qaynaqlanır, nəylə məhdudlaşır? Ağlabatan hər şey gerçəkdirsə, gerçək olan hər şey ağlabatan deyilmi? İdrak hər şeyi dərk etməyə yönələ bilərsə və yönəlirsə, o zaman əqlin "mən"liyə münasibəti necə qurulur? Yoxsa Şopenhauerin, Nitsşenin, Sartrın müdafiə etdiyi volyuntarist, nihilist və inkarçı iradə, istək, arzu önə keçir. İdrak müqəddəsliyə görə dayanırmı, susurmu? – yox. Amma buda məlumdur ki, idrakın bitdiyi yerdə ya şübhə, ya qorxu, ya inam, ya inamsızlıq baş qaldırır. İnsan acizləşir. İdrak insanın gücüdür – demək? Əgər belədirsə kütləvi qırğın silahlarını bizə nə verib, onlar öz növbəsində bizə hansı azadlığı verib? Bu problem Aristotelin azadlığına mane olurdumu? İdrak bununla azadlığamı xidmət edir, köləliyəmi? Dərk etmək kifayət edirmi? Bir sözlə, azadlıq elmi-fəlsəfi anlamda idrakla, əxlaqi və hüquqi anlamda norma və qanunlarla, siyasi və iqtisadi anlamda mövcud siyasi və iqtisadi mühitlə, fərdi anlamda fiziki və mənəvi göstəricilərimizlə məhdudlaşır. Məhdudlaşır amma tükənmir və bitmir. Tükənən və bitən azadlıq deyil. Demək azadlıq özünün mücərrəd anlamında həm hər şey, həm heç nə ola bilər. Özünün konkret anlamında isə azadlıq, həm tarixi və situativ, həm idraki, həm etik, həm hüquqi, həm etnik-psixoloji, həm dini, həm siyasi, iqtisadi və sosial amillərlə, həm də insan "mən"ilə şərtlənən həyat faktlarıdır.

Çoxu tezisi andıran bu fikirlərimlə qaneedici cavab verdiyim qənaətində deyiləm. Ancaq o qənaətdəyəm ki, Azadlığın vahid resepti yoxdur, o nəyə istinad etməyimizə çox bağlıdır. Əgər quldar qulun əsarətini, qul isə quldarla bərabərliyi özünün azadlığı sayırsa, o zaman azadlıq köləliyin, yoxsa köləlik azadlığın səbəbidir? Başqa sözlə azadlığı köləlik və müstəqillikdən, axmaqlıq və müdriklikdən eyni məsafə ayırır. Azad cəmiyyətdə bədbəxt olan və totalitar cəmiyyətdə xoşbəxt olan və ya əksinə olan insanları hansı dəyər birləşdirir? Dostoyevski demişkən, "nəhayət azadlığa üstün gəldik və bunu ondan ötəri etdik ki, insanları xoşbəxt edək"? Azadlıq sız xoşbəxtlik mümkündürmü və ya bədbəxtlik köləliyə bağlıdır yoxsa azadlığa? Məqsədimiz azad və həqiqi xoşbəxtlikdir. Model budur. Bundan ötəri insan daim azadlığa can atır (Sizif kimi), amma nələrinsə xatirinə imtinada edir!? Yəni istədiyi kimi və lazım olan kimi...
PARADOKS: İNSAN NƏ QƏDƏR AZAD OLMAQ İSTƏSƏ DƏ, YİYƏSİZ QALMAQ İSTƏMİR.

Mənliyimizin parçalarının qırılması mən sahibinə də bağlıdır... başqasınada. Köləlik mənliyimizi dağıtmırmı? Ya bəlkə mənliyimizin qırılmasilə qurulan azadlıq elə köləlikdir. ÖLÜM AZADLIĞIN MÜTLƏQƏ ALLERGİYASIDIR.

 

Tofiq Əhmədov:

– Çox mübahisəli bir fikirdir əslində. İlk baxışdan mənliyi insanın azadlığının düşməni ola bilməz. Əgər insan azadlığı naminə mənliyin parçaları hesab edən şeylərə qarşı çıxırsa belə demək burada nə isə bir yanlışlıq var. Mənlik azad insanın, azad iradənin ifadəsi olmalıdır. Azad olmayan insanın mənliyi daha çox saxta kimlik kimidir. İnsan öz həqiqi mənliyini yalnız azad düşüncəsi və ruhu ilə qazana bilər. Azad ruh və düşüncə haqqın, həqiqətin qapılarını açır insanın üzünə. Haqqın, həqiqətin qarşısındasa bizə mənlik kimi görünənlər çox zamanda dəyərsiz və qurama stereotiplərin yığınından başqa bir şey olmur.

Azad olmağa çalışan əslində elə insan mənliyidir. İnsanın mənliyi azad olmağa ehtiyac duyursa və bunun üçün sahib olduqlarını da qırıb atmağa çalışırsa, demək onun hələ də azad olmağa ehtiyacı var. Onu bir zaman azad edən şeyin sonradan onu əsir etməsində qəribə heç nə yoxdur. Azadlıq özünüdərkdir. Özünü yenidən dərk etmə və yaratmaqdır. Bu yolda ona maneə olan hər nə varsa, ona yaddır, onun düşmənidir.

 

Osman Hacıyev:

– Bu suala cavab vermək üçün ilk növbədə aydınlaşdırmaq lazımdır: nədir axı azadlıq? Spinozanın “dərk olunmuş zərurəti”?, yoxsa, Sartrın “vicdanı dəf edən, Allah olmaq eşqilə yaşayan insanının mütləq sərbəstliyi”?, və ya Freydin – qəlbən mədəniyyətin, əxlaqi normaların, deməli, həm də öz mənliyinin düşməni olan qəhrəmanının fəaliyyəti? yoxsa, Nitsşenin “Tanrı öldü” deyən, hakimiyyətə can atan iradə sahibi – fövqəlinsanın hökmranlıq instinkti? Budurmu azadlıq? Əgər budursa MƏN AZAD OLMAQ İSTƏMİRƏM. Çünki, bu halda – BƏLİ – azad olmaq üçün qırıb atmaq istədiklərimiz mənliyimizin parçaları olacaq. Bəlkə azadlıq başqa bir şeydir? Və bu azadlığa çatmaq üçün heç nəyi (nə mənliyimizi, nə də vicdanımızı) qurban vermək lazım deyil?! Şellinq deyirdi ki, “azadlıq elə bir şeydir ki, fəlsəfə ondan hər şey gözləyir”. Məncə azadlıq insanın fəlsəfiləşməsidir, azadlıq hər kəsin nail ola bilmədiyi – fərdi ruhun ilahi ruha qovuşmasıdır, azadlıq insanın dərk edərək özünü məhdudlaşdırmasıdır, azadlıq bəlkə də, damlanın mistikcəsinə dəryaya qovuşmasıdır, azadlıq ruhumuzun xilasıdır. Bu azadlığa nail olmaq üçün isə nəinki mənliyimizin parçalarından imtina etmək lazımdır, əksinə, “mən”imizin, ruhumuzun, vicdanımızın parçalarını zənginləşdirməyimiz vacibdir!

 

Hüseynova

– Ilk növbədə bilmək lazımdır ki, kim azadlığı nədə görür və kimin mənliyi nədən ibarətdir. Qərb dünyası liberalizmi əlində bayraq etdi, azadlığı üçün öz "mən"liyindən keçdi, bax bu zaman qərbdə əxlaq, din, ailə, sevgi kimi müqəddəs dəyərlər öldü. Ötən əsrin 70-ci illərində qərb belə bir bəlaya düçar oldu. Mənəviyyatını itirmiş qərb gəncləri azadlığın - əxlaqsızlığın ən yüksək səviyyəsində oldu. Bu zaman qərb konservatizmə qayıtdı, yenidən əxlaq, din əsas meyar kimi götürüldü. Deməli, artıq Cübranın soruşduğu suala Qərb dünyası empirik olaraq cavab verdi. MƏNLİYİNDƏN İMTİNA ETMƏDƏN ELƏ AZAD OLMALISAN Kİ, QAZANDIQLARIN İTİRDİKLƏRİNDƏN ARTIQ OLSUN. Azadlığı özbaşınalıq kimi deyil, bizi kamilləşdirəcək, insaniləşdirəcək dəyər kimi başa düşsək, bu zaman biz öz mənliyimizi, mənəviyyatımızı qırmadan ona sahib ola bilərik!!!

Baxılıb: 8049    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.