az  |   tr
Fəlsəfə dünyası

“Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi
seminar keçirildi   –  
[05.03.2011]

“Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi seminar keçirildi

 

Mart ayının 5-də Fəlsəfə Dünyasında “Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.

Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər Mürşüdlü, Dr. Sevda Sadıqova, Dr. Mətanət Abdullayeva, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.

Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi ki, bugünkü seminar Fəlsəfi Diskursda rus filosofu N.Berdyayevin “Fəlsəfə subyektiv olmaya bilərmi?” sualından yaranmış bir sıra mübahisə doğuran məsələlərə aydınlıq gətirmək üçün “Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusuna həsr edilmişdir. “Subyektivlik” adi danışıq dilində çox vaxt mənfi mənada işlənir. Amma biz burada fəlsəfənin özünün nə dərəcədə obyektiv gerçəkliklə və nə dərəcədə tədqiqatçının öz məni ilə bağlı olduğunu aydınlaşdırmağa çalışırıq. Əslində sual “fəlsəfədə tam obyektivlik mümkündürmü” kimi qoyulsaydı, daha çox yerinə düşərdi. Belə ki, fəlsəfə “Mən” ilə “Qeyri-mən” arasında münasibəti öyrənərkən, “Mən”i tam kənarlaşdıra bilməz. Əslində belə bir cəhd də göstərilmir. Belə bir cəhdi göstərən elmdir. Fəlsəfəni elmdən fərqləndirən ən mühüm cəhətlərdən biri də məhz “Mən”in özünün tədqiqat obyektinə qatılmasıdır. 
Qəmər Mürşüdlü, Cahangir Məmmədli

Prof. Dr. Cahangir Məmmədli şəxsi və milli maraqların fəlsəfi yaradıcılığa nə dərəcədə təsir etməsi, filosofun milli mənsubiyyətindən asılı olmadan ümumbəşəri mövqeyin mümkünlük dərəcəsi barədə çıxış etdi. “Yalnız öyrənən, dünyanı izah etməyə çalışan insandan fərqli olaraq öz “mən”ini, milli maraqlarını ortaya qoyan insanın mövqeyi nə dərəcədə fəlsəfi yanaşma hesab oluna bilər”, – sualını qoyan professor subyektivlik və obyektivlik mövzusu ilə millilik və ümumbəşərilik mövzusu arasında müəyyən paralellər olduğunu qeyd etdi.

Dos.Dr. Qəmər Mürşüdlü isə fərdi “mən”lərin öz aralarında hansı isə kosmik kanallarla əlaqəli olmalarından, onların kosmik şüura və ilahi ruha çıxış imkanlarından bəhs etdi.

Cahangir Məmmədli, Elmar Hüseynov, Mətanət Abdullayeva, Sevda SadıqovaDr. Mətanət Abdullayeva da söhbətə qoşularaq insan bədəninin quruluşunda, onurğa sütununda ilahi ruhla əlaqəni təmin edən, mənəvi inkişaf səviyyəsindən asılı olaraq pillə-pillə açılan xüsusi məqamlardan bəhs etdi. Mətanət xanım Nizaminin “Yeddi gözəl” poemasında əslində Bəhram Gurun ardıcıl olaraq yeddi mənəvi inkişaf səviyyəsindən keçməsi və sonda bahar fəslinə çatması ilə kamilliyin təsvir edilməsi ideyasını irəli sürdü. Belə ki, fəlsəfi fikirlərin nəinki poetik tərənnümü, onların müxtəlif cür interpretasiya imkanları da subyektivlikdən xəbər verir.      
 
 
     
Sonda S.Xəlilov seminara yekun vuraraq dedi:

– Özünü tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə isə bir iş görmək şansı olmayıb. Amma kimə ki, özü ilə görüşmək nəsib olur, onun keçirdiyi ilk hiss heyrət və vahimə ilə müşayiət olunur. Başqasının istəklərinə və düşüncələrinə soyuqqanlı yanaşmaq, onları tənqidi surətdə nəzərdən keçirmək emosiyasız da mümkündür. Yaxın adamlarının mövqeyinə, həyat tərzinə biganə qalmaq çətindir. Özünə qarşı biganəlik qeyri-mümkündür. (Düzdür, insan özünü heç tanımadan rahatca «yaşayır». Amma əslində kimin həyatını yaşayır? Başqalarının həyatına əlavəyə çevrilmir ki?). 

Hegel «Tarix fəlsəfəsi» əsərində diqqəti insanın özünün əslində nə olması haqqında fikirlərin tarixən dəyişilməsinə yönəldir. Misirlilərin bu haqda düşüncələrini ifadə etmək üçün Neyt ilahəsinin məbədində həkk olunmuş məşhur yazını misal gətirir: «Mən o-yam ki, olmuşam, varam və olacağam: heç kim mənim pərdəmi götürməmişdir».  İnsanın özünə münasibəti, özü haqqında bilgisi problemi daha yüksək inkişaf pilləsi olan yunan təfəkküründə daha aydın qoyulur və «özünü dərk et» şəklində konkretləşir. Hegel bu fikri izah edərək yazır ki, burada söhbət heç də hər bir insanın öz müsbət və mənfi, üstün və zəif cəhətlərini anlamasından getmir. Əsas məsələ ümumiyyətlə insanın özünü dərk etməsidir.  Bu mənada özünüdərk öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını dərk etməsi problemi də çox önəmlidir. Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.

Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək imkanı insanı vahimələndirir.  İnsanın özü ilə həqiqi görüşü onun özü haqqında yaratdığı himsiz-bünövrəsiz, çox təxmini, ufaq obrazın, bəzən mifin dağılması ilə nəticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yenilik ola bilər. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu həyatını yaşayarkən, öz mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Lakin, insanın öz Mən-inə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə yönəlmişdir.

Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər, onlar öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla  işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir.

Səlahəddin Xəlilov, Mətanət Abdullayeva
Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri şəkildi. 

 

Baxılıb: 7311    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.