az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə Dünyasında tanınmış filosoflar “Elmiliyin
meyarları”nı müzakirə etdilər.   –  
[15.04.2011]

Fəlsəfə Dünyasında tanınmış filosoflar “Elmiliyin meyarları”nı müzakirə etdilər.

Fəlsəfə Dünyasında
tanınmış filosoflar “Elmiliyin meyarları”nı müzakirə
etdilər!  

       Aprel ayının 9-da Fəlsəfə Dünyasında “Elmiliyin meyarı” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Seminarda Azərbaycan filosof və alimləri ilə yanaşı xarici ölkələrin tanınmış filosofları – Türkiyənin Vatikandakı səfiri Prof. Dr. Kənan Gürsoy, Rusiyanın Fəlsəfə Cəmiyyətinin I vitse-prezidenti, “Vek qlobalizasii” jurnalının baş redaktoru Prof. Dr. Aleksandr Çumakov, Qazaxıstan Fəlsəfə İnstitutunun direktoru, “Adam aləmi” jurnalının baş redaktoru akademik, Prof. Dr. Abdumalik Nısanbayev, Avstriya İnnsbruq Universitetinin Siyasi fəlsəfə kafedrasının müdiri, Prof. Dr. Hans Köxler də iştirak edirdilər.

Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı.

Səlahəddin Xəlilov, Lətafət Hümmətova, Hans Köhler, Kənan Gürsoy 

Səlahəddin Xəlilov:

Bugünkü seminarın mövzusu Fəlsəfə Dünyasının keçirdiyi müsabiqədə qoyulmuş sualla sıx surətdə bağlıdır. Sual belə idi: Tarix elmdirmi? Bəs riyaziyyat, bəs ədəbiyyat, bəs fəlsəfə? Hardan gəlir bu sual? Riyaziyyatla bağlı mübahisələr həmişə olub, riyaziyyat metoddurmu, elmdirmi, yəni elm deyəndə əsasən təbiətşünaslıq nəzərdə tutulur, Avropada da science sözü dar mənada – dəqiq elmlər kimi başa düşülür. Elmin məna tutumu sonralar genişlənir: humanitar elmlər, ictimai elmlər, texniki elmlər və s. də bura əlavə olunur. Elmi dərəcə verilməsi proseduru çətin olmasın deyə Ali Attestasiya Komissiyasında hər nə gəldi bütün tədqiqat sahələrini elm adlandırırlar. Amma biz elm anlayışını dar mənada başa düşəndə, məhz elmiliyin meyarlarından çıxış etdikdə, ictimai şüurun bir çox formaları, o cümlədən, bəzi tədqiqat sahələri “elm” anlayışına aid edilə bilmir. Əslində elm heç ictimai şüur forması da deyil. Belə ki, elmi yaradıcılıqla ancaq peşəkar səviyyədə məşğul olmaq mümkündür. İctimai şüur isə peşə biliklərini deyil, bütün cəmiyyətin şüur tərzini və bu şüurun strukturunu ehtiva edir. Məsələn, dini şüur, əxlaqi şüur bütün kütlə üçündür. Yaxud söhbət siyasi mədəniyyətdən və ya siyasi şüurdan getdikdə, bütün cəmiyyətin bu sahədə durumunu ifadə etmək olar. Yəni bir var, peşəkar siyasətçilərin siyasi dünyagörüşü, siyasi mövqeyi və bilikləri, bir də var bütövlükdə cəmiyyətin siyasi şüur səviyyəsi. Cəmiyyətlə nə dərəcədə manipulyasiya etmək olar, bu, onun siyasi şüur səviyyəsindən asılıdır.

Digər tərəfdən, düşüncə tərzində, idrakın öz strukturunda ciddi fərqlər vardır. Adi şüur səviyyəsində müşahidələr, əməli fəaliyyətin mənimsənilməsi, məişət bilikləri, “xəbərlər” proqramının hafizəyə yüklənməsi, elementar hüquqi və siyasi biliklərin mənimsənilməsi və s. – bütün bunların elmə heç bir aidiyyəti yoxdur.

Yaxud, tarix hadisələrin xronologiyasını öyrənir. Ayrı-ayrı konkret hadisələrdən, tək-tək şəxslərin, qrupların, dövlətlərin fəaliyyətindən bəhs olunur. Bu necə elm ola bilər? Axı, elm təkcələr arasında münasibəti deyil, ümumilər arasında münasibəti, qanunları, qanunauyğunluqları ifadə edir.

Fəlsəfə elmdirmi, elm deyildirmi, burada biz tarixi baxımdan yanaşsaq, bütün elmlər fəlsəfənin köynəyindən çıxıbdır. Əvvəllər fəlsəfə eklektik, qatışıq olub, hər şey haqqında biliklər onun içində olub. Sonra bundan sənət də ayrılıb, siyasət də, riyaziyyat da, elm də. Getdikcə yeni dövrdə, 17-18-ci əsrlərdə məhz klassik mənada fəlsəfə formalaşıb. İndi fəlsəfə elm deyil deyə, özünü yaxşımı hiss edir, pismi? Tarixçilər həmişə tarix elm deyil deyəndə inciyirlər: “Tarixsiz heç nəyi öyrənmək olmaz, biz tarixi mütləq öyrənməliyik”. Bəlkə tarix elmdən daha yaxşı bir şeydir? Elm obyektiv gerçəkliyi öyrənir, amma fəlsəfə də, tarix də, ədəbiyyat da subyektiv olmaya bilməz, ona görə də elmi düşüncədən müəyyən mənada fərqlənirlər. Nədədir bu fərq? Biz bu gün bunları müzakirə edəcəyik.

Abdimalik Nısanbayev, Fərman İsmayılov, Səlahəddin Xəlilov 

Abdumalik Nısanbayev:

Fəlsəfənin elm olub-olmamasının böyük bir mövzudur. Elmiliyin və qeyri-elmiliyin meyarlarının müəyyənləşdirilməsi zəruri məsələdir. Fəlsəfə həm elmdir, həm də yox. Fəlsəfə ona görə elmdir ki, o, ictimai şüurun xüsusi bir formasıdır. Avropa fəlsəfəsi Şərqdə kifayət qədər öyrənilib, lakin Şərq fəlsəfəsi unudulmaqdadır və bu, narahatlıq yaradan bir məsələdir.

 

Səlahəddin Xəlilov:

Fəlsəfə elmdən yüksəkdədir. Mən necə başa düşürəm elm ilə fəlsəfənin nisbətini? Bu günlərdə Bakıda Mədəniyyətlərarası dialoq forumu keçirilir. Sual ortaya çıxır. Fəlsəfə mədəniyyətə aiddir, yoxsa yox? Fəlsəfəyə üç səviyyədə baxıla bilər. Fəlsəfənin mədəniyyət səviyyəsi, elm səviyyəsi və fəlsəfə səviyyəsi. Necə olur ki, fəlsəfə dar mənada götürüləndə hamısından yüksəkdə durur, geniş mənada götürüləndə mədəniyyətin strukturuna daxil olur və hamı ilə bərabərləşir. Bir daha təkrar edirəm ki, fəlsəfə həm mədəniyyət hadisəsidir, həm elm sahəsidir, həm də fəlsəfi yaradıcılıq sahəsidir. Elm hadisəsi bu dərəcədədir ki, biz istər istəməz müəyyən problemi elmi metodlarla araşdırırıq və burada dəqiq məsələlər qoyulur, rasional problemlər qoyulur və burada elm ilə fəlsəfə arasında fərq qalxır. Konkret məsələnin elmi analizi, əgər bu tutaq ki ruh ilə bədən münasibətidirsə, konkret qoyulur, məntiqi analizdən keçirilir, əqli nəticə ilə hökm çıxarılır. Amma fəlsəfədə vəhy, vəcd məqamı var, obrazlı düşüncə var, yəni fəlsəfi düşüncə elmi düşüncə ilə bədii düşüncənin sintezidir. Hətta mən deyərdim ki, üçüncü bir düşüncə, dini düşüncə, dini-hissi təcrübə ilə bədii və elmi təfəkkürün – üçünün sintezi. Amma ən aşağı səviyyədə mədəniyyət durur. Nə zaman ki, o böyük fəlsəfi yaradıcılıq səviyyəsi, hansı ki, dahi şəxsiyyətlərə aiddir, o ideya, sonra aspirantlar, doktorantlar, fəlsəfə professorları bunları elm səviyyəsində öyrənirlər, onda məhz elmi yaradıcılıqla məşğul olurlar. Bununla heç də filosof olmurlar. Onların öyrəndikləri populyar şərh vasitəsilə geniş kütlələrə çatdırılır və bu, mədəniyyət hadisəsinə çevrilir. Bütün məktəblərdə, dərsliklərdə öz əksini tapır, tədris olunur. Hamı bilir Platon kimdir, Kant kimdir və s. Bunlar ən adi, kütləvi şüur səviyyəsi üçündür. Bu – mədəniyyət hadisəsidir. Bu mənada fəlsəfə bayaq dediyimiz pillələrdən ibarətdir. “Fəlsəfə elmdirmi” sualına gələndə, bəli, fəlsəfə professorları üçün elmdir. Amma o yaradıcı filosoflar üçün – Fərabi, Kant və s. üçün fəlsəfə elmdən yüksəkdir. Eyni şeyi tarixlə bağlı deyə bilmərik, tarix yüksəkdəmi durur, aşağıdamı? Aristotel belə hesab edir ki, hətta poeziya da tarixdən yuxarıda durur. Tarix ayrı-ayrı hadisələri öyrənir, amma poeziyada obrazlı ümumiləşdirmə var. Elmdə rasional məntiqi metodlardan istifadə etməklə hamısının... ifadə olunması var.

Fəlsəfi düşüncənin bir fərqi də ondan ibarətdir ki, burada millilik komponenti var, elm milli ola bilməz, elm ümümbəşəridir. Fəlsəfə isə özündə ədəbi-bədii surətləri ehtiva etdiyinə görə, onda milli komponentlər vardır. Hər xalq elmi səviyyədə eyni şeylə məşğuldur. Elmi səviyyədə alman fəlsəfəsi, yunan fəlsəfəsi, qazax fəlsəfəsi eyni olmalıdır, biz hamısını eyni müstəviyə gətirməyə çalışırıq. Elmdə başqa yol yoxdur. Amma bizim obrazlı düşüncə ilə dediyimiz, tutaq ki, Mövlananın bir beytdə dediyi fikri tərcümə edib bir amerikalıya çatdırmaq çox çətindir, burada millilik komponenti var. Bu mənada da fəlsəfə elmdən fərqlənir, elmin üstünlüyü onun universallığıdır və millilikdən kənar olmasındadır. Fəlsəfənin üstünlüyü idrak səviyyəsi olaraq daha yüksək səviyyədə ortaya çıxmasıdır, yəni o həqiqətlər ki, ona adi metodlarla, məntiqi təfəkkürlə çatmaq olmur, ona insan müəyyən sezgi, vəcd məqamlarında çata bilir.

 

Hans KöhlerHans Köhler:

Fəlsəfə ümumiyyətlə adi elm deyil, metaelmdir. Yəni elmlərdən yüksəkdir. Bununla belə fəlsəfənin təbiətində belə bir cəhət, funksiya var ki, o, rəy də ortaya qoyur. Bir metaelm kimi o, empirik səviyyəyə endirilə bilməz, ona görə də ona xüsusi bir elm sahəsi kimi baxılır. Avropada bu, əksər filosoflar arasında həll olunmayan mübahisədir: fəlsəfə empirik elm ola bilməz. Fəlsəfə elmilikdən daha çox dəqiq rəyi ifadə edir. Bu baxımdan yanaşdıqda, fəlsəfənin indiki səviyyəsində ilham faktoru var, onu çətin ki empirik elmlər sırasına aid edib razılaşmaq olar. Mənim şəxsi rəyim isə bundan ibarətdir ki, fəlsəfə metaelm kimi mövcud olmalıdır, eyni zamanda formal məntiqi, elmi metodları özündə birləşdirməlidir. Xristian Avropasını götürək ... Avstriyada, məsələn, bizim universitetdə iki fəlsəfə departamenti var, xristian fəlsəfəsi (teologiya) və fəlsəfə. Bu yaxınlarda bizim rektorumuz maliyyəyə qənaət məqsədi ilə iki fakültəni birləşdirmək istədi. Mən etiraz etdim ki, bu, mümkün deyil, xristian inamına əsaslandığımıza görə bizim fəlsəfəmiz də həmin inama əsaslanır. Mən fəlsəfədə məhz Kantın xəttini yeritmək istəyirəm.

 

Aleksandr Çumakov:

Bu məsələ həmişə aktual olub, hətta bir çox beynəlxalq konfranslarda onun müzakirə obyekti etmişlər. Məsələn, Bostonda çağırılan konqres məhz bu məsələyə, yəni fəlsəfənin elm olub-olmaması məsələsinə həsr olunmuşdu. Xüsusilə vurğulanmalıdır ki, bu məsələnin postsovet məkanı üçün də çox aktual olmuşdur. Qərbdə bu məsələ fəlsəfi biliklə qeyri-fəlsəfi biliyi bir-birindən fərqləndirən pozitivizmdə öz həllini tapsa da, sosializm dövründə bu məsələyə fəlsəfənin elm olması prizmasından baxılırdı. Aleksandr ÇumakovBu, autentik marksizmdən çox, onun sonrakı şərhlərindən, leninizmdən və s.-dən irəli gəlirdi. Marksizm nəzəriyyəsi fəlsəfə, siyasi iqtisad və elmi kommunizm kimi üç mənbə əsasında qurulur, fəlsəfə marksizmin gələcəyin necə olmalı olduğunu əsaslandıran bir hissəsi kimi nəzərdən keçirilirdi. Təbii ki, qeyri-elmi fəlsəfə bu gələcəyə aparan yolu göstərə bilməzdi. Buna görə fəlsəfə elm kimi dəyərləndirilirdi. Fəlsəfə ilə elmin eyniləşdirilməsi fikrinin yanlışdır və bu fikri təkzib etmək üçün həmişə səy göstərmişəm. Fəlsəfəni elm hesab edənlər onu elm kimi tədris edir, tələbələrə biliklər toplusu verir, fəlsəfəni öyrədirlər. Fəlsəfəni öyrətmək mümkün deyil, ona yalnız həvəs, maraq oyatmaq, təhrik etmək olar. Biz fəlsəfədə bu və ya digər məsələ ilə bağlı yalnız öz münasibətimizi bildirə bilərik. Lakin həqiqəti heç kim bilmir. Fəlsəfə ilə elmin eyniləşdirilməsi yanlış nəticələrə gətirib çıxarır. Düzdür, fəlsəfə elmlərin anasıdır. Mənim elmi rəhbərim akademik Frolov da bu fikri dəfələrlə təkrar edirdi. Bu isə o faktı sübut edir ki, təxminən 6,5 min il bundan əvvəl fəlsəfə də artıq mif və dinin özünə yer aldığı dünyagörüşdə onun tərkib hissələrindən biri kimi qərarlaşmağa başlayır. İlk filosoflar deyirdilər ki, “mənə inanma, özün düşün”. Bu, o deməkdir ki, fəlsəfədə həmişə şübhələr olmuş və olacaqdır. Fəlsəfə bu dövrə qədər yığılıb toplanmış bilikləri özündə ehtiva edib. Sonralar bu bilik və fəlsəfi maraq çərçivəsində müxtəlif elmlərdə öz ifadəsini tapmış bilik qərarlaşmışdı. Yeni Dövrə qədər fəlsəfə ilə elmi bir-birindən ayırmaq çətin idi. Kim idi Heraklit, Anaksimandr? Onlar həm filosof, həm də alim olmuşdular. Lakin dəqiq elmlərin formalaşmasından sonra, klassik mexanika yaranandan sonra şüurun yeni forması – elmi şüur formalaşır. Elmin nöqteyi-nəzərindən gerçəkliyə uyğun gəlmə kimi həqiqəti əldə etmək mümkündür. Bu vaxtdan etibarən fəlsəfənin predmet dairəsi tam müəyyənləşmiş olunur, və burada söhbət artıq həqiqətdən yox, doğruluqdan gedir. Bu, çox önəmli məsələdir, çünki həqiqət obyektiv olmaqla biliyimizin reallıqla üst-üstə düşməsidirsə, doğruluq həmişə subyektivdir. Buna görə də nə qədər mütəfəkkir varsa, bir o qədər də fəlsəfələr var. Hərənin öz düşüncə tərzi var. Hansı filosof haqlıdır? Bu məsələdə meyar yoxdur. Əgər bu kimi meyarlar tapılarsa, onda bu, artıq fəlsəfi problem olmaz.

 

Səlahəddin Xəlilov:

Həqiqət haradasa ortadadır.

 

Aleksandr Çumakov:

Bununla belə fəlsəfə ilə elm arasında ümumi cəhətlərin də olduğunu qeyd etdi. Bu, ilk növbədə rasional idrak üsullarıdır. Amma elm intuitiv təcrübədən uzaqdırsa, fəlsəfə həm rasional, həm şəxsi təcrübənin, həm də irrasionalın vəhdətidir. Buna görə də biz milli fəlsəfədən, məsələn, alman, fransız və s. fəlsəfələrdən söhbət açır, milli elmdən, məsələn, milli fizikadan, milli riyaziyyatdan söhbət açmırıq. Burada “millisözünü işlətmək o qədər də düzgün deyil, çünki millətlər Yeni Dövrdə yaranmışdısa, fəlsəfə qədim dövrdə yaranmıışdı. O, milli deyil! O, mədəni hadisədir. O, hər şeyi ifadə edir. Mən rus fəlsəfəsinin, mədəniyyətinin və ənənələrinin daşıyıcısıyam. Elm və fəlsəfə kəsişirlər. Bununla belə, fəlsəfə miflə, dinlə də kəsişir. Amma elm nə dinlə, nə də miflə kəsişmir. Bundan başqa, fəlsəfə həm də adi şüuru da özündə birləşdirir. Əgər biz fəlsəfə ilə elmin nisbətini düzgün təyin etsək, onda fəlsəfənin tədrisində biz görməli olduğumuzu yox, hara baxmalı olduğumuzu öyrədəcəyik. Bu isə müxtəlif şeylərdir.

 

Səlahəddin Xəlilov:

Mən Sizin arqumentlərinizlə və mövqeyinizlə həmrəyəm. Elm kumulyativlik prinsipinə əsaslanır, fəlsəfə isə kumulyativ deyildir.

 

Kənan GürsoyKənan Gürsoy:

Əslində Səlahəddin bəy “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının birinci səhifəsində fəlsəfə elmdirmi, elm deyildirmi sualına cavab verib. Fəlsəfə üstdə və ayrı durur, sosial-siyasi elmlər isə ayrı yazılıb. Biz indi müzakirə və mübahisə edirik, bir nəticəyə gəlmədiyimizə görə də yenə elmin içində deyilik. Yoxsa bu qədər münaqişə etməzdik. Əgər münaqişə ediriksə, deməli fəlsəfənin elmdən fərqli yönləri var. Diqqət etsəniz, görərsiniz ki, Türkiyə türkçəsində iki kəlmə var – bilim və ilim, bəzən bunları bir-birlərilə qarışdıraraq istifadə edirik. Bəzən də bunları ayrı-ayrı istifadə edirik. Ayrı-ayrı istifadə etməkdə, məncə, fayda var. Bilim daha çox təbiət elmləri ilə əlaqəlidir – fizika, kimya, biologiya, hətta tarix, antropologiya, sosiologiya kimi. Amma ilim dediyimizdə daha geniş, dana bunları içinə alan bir şey söyləyirik. Yenə türkçədə belə bir ifadə var, “o bilgə bir şəxsiyyətdir və mən onun ilmindən istifadə etmək istəyirəm, həyat təcrübəsindən, müdrikliyindən istifadə etmək anlamında. Yəni bilim və ilim arasında bu fərq var. Əgər fəlsəfə bu ayrımı qəbul edəcək olarsa, fəlsəfə daha çox ilimə yaxın, bilimə uzaq mənadadır, bir meta-dır, bilimlərin üzərindədir. Meta cəm halda istifadə olunmur. Bir az əvvəl kimya, biologiya, sosiologiya, tarix dedim. Baxın, cəm halda olan bir şey söyləyirəm, fəlsəfə dediyim zaman daha geniş, daha bütün bir şeyi nəzərdə tuturam. Eyni zamanda antropologiya fəlsəfəsi, tarix fəlsəfəsi deyə bilərəm, amma bir şeydən pay aldığı üçün söyləyə bilirəm. Yəni daha geniş bir fəlsəfi mühitlə əlaqədə olduğundan dolayı, bu ifadəni istifadə edirəm. Deməli fəlsəfə başqa bir şeydir. Fəlsəfə tək-tək bilimlərin fövqündə, onları qucaqlayan bir şeydir. Yalnız bir şey var. Fəlsəfəni ideologiya ilə, dünyagörüşü ilə qarışdırmamaq lazımdır. “Mənim fəlsəfəmə görə insanlar iki cürdür, bəziləri pişik bəsləməyi, bəziləri isə it bəsləməyi sevər,” deyirəm. “Bu mənim fəlsəfəmdir,” – deyirəm. Bu fəlsəfə deyil. Fəlsəfəni bu qədər bəsitləşdirməyə haqqımız yoxdur. Fəlsəfənin bir ciddiyyətə ehtiyacı var, metodlu düşüncəyə ehtiyacı var. Bir mövqe, bir məsafə, ciddi araşdırma olmalıdır. Və bəlkə də bu araşdırmanın içinə tək-tək bilimlərdən əldə etdiklərinizi, yada heç deyilsə, bir bilimdən əldə etdiyinizi qatmalıyıq. Heç bir bilim olmasa belə, ən azından elmi mahiyyət daşıyan bir fəlsəfi analiz olmalıdır. Fəlsəfə ideologiya deyildir. Yəni sadəcə sosial gerçəklərin, çətinliklərin həlli üçün sizin müraciət etdiyiniz, özünüzün formulə etdiyiniz bir görüş deyildir. İkinci, fəlsəfə sizin yaratdığınız hər hansı bir dünyagörüşü də deyil. Bu qədər bəsit deyil. Fəlsəfə daha çox metodoloji bir şəkildə yaradılması gərəkən bir şeydir. Fəlsəfə daha da önəmlisi insanın bir çiləsini, bir iztirabını tələb edir. Alışqanlıqlarınızı bir tərəfə qoymalısınız, onlarla mücadilə etməlisiniz, bu zehni mənada, amma ekzistensial anlamda da öz şəxsiyyətiniz içində də bir çilə təcrübəsini yaşamaq durumundasınız. Bir çətinliyin içinə girmədən, həyəcan yaşamadan fəlsəfə yaratmaq mümkün deyil. Fəlsəfənin ciddi şəkildə elmə dayanaraq yaradılması lazım, elmin altında olmaması lazımdır. Elmi olana dayanmasa belə, onunla hesablaşması, güləşməsi lazımdır. Həmişə deyildiyi kimi, fəlsəfədən çıxır elmlər. Bu da odur, yəni fəlsəfə elmlərin anasıdır. Ola bilər. Amma fəlsəfə eyni zamanda mütləq elmlərin qızıdır. Elm olacaq ki, bundan istifadə edən fəlsəfə olsun. Yəni ciddiyyətin qatılması belə bir şeydir. Fizika, biologiya elmlərinin söylədiyi ilə kifayətlənməmək, onların ortaya qoyduğu yeni doğruları, nəticələri mütləq hesaba qatmaq lazımdır. Deməli, mən “anayam”, hər istədiyimi edirəm kimi bir sərbəstliyimiz də yoxdur. Burada bir səbəb – nəticə əlaqəsi var: fəlsəfədən çıxar amma fəlsəfəyə dönər, təkrar fəlsəfədən çıxar, yenə fəlsəfəyə dönər. Yəni mən elmlərin fəlsəfəyə getdiyi yerə diqqət edirəm. 
         Daha sonra filosoflar seminar iştirakçıları maraqlandıran suallara cavab verdilər və geniş müzakirə aparıldı.  Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.

Mətanət Abdullayeva, Kənan GürsoyOsman Hacıyev, Hans Köxler

 












Ervin Səlimov, Fərman İsmayılovVəfa Camalova, Səlahəddin Xəlilov












Qonaqlar və Fəlsəfi Diskursun qalibləriSəlahəddin Xəlilov, Fuad Məmmədov   

Baxılıb: 8906    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.