az  |   tr
Fəlsəfə dünyası

“Qadınsız və kişisiz fəlsəfə”   –  [29.04.2011]

“Qadınsız və kişisiz fəlsəfə”

Aprel ayının 23-də Fəlsəfə Dünyasında “Qadınsız və kişisiz fəlsəfə” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Seminarda Prof. Dr. Cahangir Məmmədli, Prof. Dr. Şahlar Əsgərov, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Füzuli Qurbanov, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Tehran Əlişanoğlu, Dos. Dr. Mətanət Abdullayeva, Dr. Alov Eyvazova, Dr. Bəhram Həsənov və başqa alimlər, aspirant və tələbələr iştirak edirdilər.

Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi ki, fəlsəfə insani mahiyyətdən çıxış edir. Yəni insan dünya münasibətlərindən bəhs edərkən və ya insandan bir subyekt olaraq dünyanın dəyişdiricisi və dünyanı dərk edən tərəf kimi bəhs etdikdə insanın nə milli, nə irqi, nə də cinsi xüsusiyyətləri nəzərə alınmır. Çünki insani mahiyyət hamı üçün eynidir.

Fəlsəfədə ümumiyyətlə insanı və ya insan ümumisini səciyyələndirən əlamətlər onun ruh və bədənə malik olması, şüurlu varlıq olması, nitq qabiliyyəti və s. bu kimi universal cəhətlərdir. Əgər söhbət nisbətən konkretləşmiş insandan: cavan və ya qocadan, kişi və ya qadından gedirsə, deməli, biz fəlsəfədən ayrılmışıq və hansı isə bir elmi müstəvidə, yaxud adi şüur səviyyəsində söhbət aparılır. Məsələn, cinslərlə bağlı problemlər genetikanın, biologiyanın, fiziologiyanın, təbabətin, sosial-psixologiyanın və s. predmetinə aid ola bilər. Çünki onların predmeti daha konkretdir. Fəlsəfədə isə belə ayrı-seçkilik qeyri-mümkündür. Ona görə də, hətta Fəlsəfi Diskursda qoyulan sual özü bəri-başdan fəlsəfənin tələblərinə uyğun gəlməyən bir sualdır. Belə ki, ən azı fəlsəfənin predmetinə daxil olan insan nə kişi, nə də qadındır. Bir subyekt olaraq filosof özünü hansı isə bir peşə ilə, irqlə, yaş dövrü ilə, müəyyən bir ölkənin vətəndaşlığı ilə bağlasa, deməli o, filosof deyil. Həmçinin tədqiqatçı özünü qadın və ya kişi olaraq hiss etməklə dünyaya münasibət bəsləyirsə, yəni dünyaya qadın gözü ilə və ya kişi gözü ilə baxırsa, deməli o, filosof deyil. Daha doğrusu, məhz həmin məqamda filosof məqamından aşağı enmiş, insan ümumisini xüsusiləşdirmişdir. Məhz bu cəhətləri nəzərə alaraq, biz Fəlsəfi Diskursda qoyulan suala belə cavab verdik ki, böyük fəlsəfədə nəinki qadına, elə kişiyə də yer yoxdur.

Əlbəttə, sualı bir az konkretləşdirib bu şəkildə ifadə etsək ki, böyük fəlsəfə klassikləri arasında qadınlar niyə yoxdur və ya niyə azdır, onda onun cavabını həm sosial müstəvidə, həm də qnoseoloji-psixoloji müstəvilərdə axtarmaq olar.  Bax, bu xüsusiyyətlərdən danışmaq üçün sözü ilk növbədə qadınların nümayəndəsinə veririk.

Dr. Alov Eyvazova çıxış edərək ilk növbədə qadın probleminin çox qədim olduğunu vurğuladı. O, qadın və müdriklik anlayışlarının qədimdə eyni məna kəsb etdiklərini, zaman-zaman sosial şərtlərin təzyiqi ilə qadınların statusunun cəmiyyət arasında itməsinin tarixini danışdı və təhlillər verdi.

Prof. Aydın Şirinov və Prof. Füzuli Qurbanov böyük fəlsəfədə qadının yeri olmadığını və bunu qadının öz təbii imkanlarından irəli gəlməsi fikrindən çıxış etdilər. Yəni fəlsəfə qadın işi deyilmiş.

Bu fikir seminarın qadın iştirakçılarının ciddi etirazına səbəb oldu. Çıxış edən Dr. Alov Eyvazova, Dos.Dr. Mətanət Abdullayeva, Günel Piriyeva və tələbə jurnalistlər böyük fəlsəfə klassikləri arasında qadın filosofların da olduğunu və onların azlıq təşkil etməsinin isə sosial səbəblərlə və hətta kişi qısqanclığı ilə əlaqədar olduğunu bildirdilər.

Prof. Dr. Cahangir Məmmədli qızların çıxışından məmnun qaldığını və onların öz mövqeyini məntiqli və arqumentli şəkildə müdafiə etdiyini vurğulayaraq buna sevindiyini bildirdi.

Prof. Dr. Şahlar Əsgərov qadınların daha praktik düşündüyünü, ictimai şüurla tez barışdığını və ağlabatmayan ideyaların arxasınca getmədiyini söylədi. Onun fikrinə görə kişilər, qəbul olunmuş fikirlərə qarşı çıxmaqda daha israrlıdırlar və öz mövqelərini isbat etmək üçün məqsədyönlü tədqiqat aparmaq yolunu seçirlər. Ona görə də böyük alimlər və filosoflar əsasən kişilərdən olur.

Prof. Dr. Səlahəddin Xəlilov öz yekun sözündə qadın filosofların sayca az olmasının səbəbini gender bərabərliyinin pozulmasında, qadınların guya sıxışdırılmasında axtaran bəzi mövqelərə öz kəskin mövqeyini bildirdi. Onun fikrinə görə, səbəblər təbii intellektual imkanlarda və qadının düşüncə tərzində, təbiətə daha yaxın olmasında, instinktlərinin daha güclü olmasında və ən başlıcası, öz düşüncələrində cinsi mənsubiyyətlərinin fövqünə qalxa bilməməsində axtarılmalıdır.  

Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.

 

 

 

Baxılıb: 6513    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada Qadınsız və kişisiz fəlsəfə qovluğunda baxa bilərsiniz











 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.