az  |   tr
Fəlsəfə dünyası

"Varislik, yaradıcılıq və inkişaf" mövzusunda elmi-fəlsəfi seminar
keçirildi   –  
[16.05.2011]

"Varislik, yaradıcılıq və inkişaf" mövzusunda elmi-fəlsəfi seminar keçirildi

May ayının 7-də Fəlsəfə Dünyasında “Varislik, yaradıcılıq və inkişaf” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Seminarda Templ (ABŞ) Universistetin professoru Leonard Swidler, Prof. Dr. Fərman İsmayılov, Prof.Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Xəzər Universitetinin müəllimi Dr. Elnurə Əzizova,  aspirant və tələbələr iştirak edirdi.

 Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, sualın müəllifi hesab edilən Sührəvərdi əslində deyirdi ki, “şey özündən daha şərəflisini yarada bilməz”. Diqqət çəkən əsas məsələ “daha şərəflisi” dedikdə, daha mürəkkəb, daha zəngin bir şeyin nəzərdə tutulmasıdır. Amma məsələnin “bilməz”lə yanaşı “bilər” tərəfi, bu tərəfin təhlili, ilk növbədə məsələnin terminoloji problemləri daha maraqlıdır. Bizi maraqlandıran həmçinin məsələnin yaradıcılıqla bağlı olan məqamlarıdır. Sualımıza verilən cavabların təhlilindən belə bir qənaətə gəlmək olur ki, əgər “Yaradan tək Allahdır” konsepsiyasından çıxış etmiş olsaq, yaradılmışlar yaradandan daha şərəfli ola bilməz. Bununla belə, burada “dahinin yanında dahinin yetişməsi”nin mümkün olub-olmaması məsələsi də ortaya çıxır. Zirvə tək olsa da, dahilər ancaq dahilərin yanında yetişə bilər. Məsələn, sufilərdəki mürşid-mürid münasibətlərinə görə, müəyyən bir səviyyəyə çatdıqdan sonra mürşid öz müridinə izn verir ki, ondan ayrılsın və mürşid kimi fəaliyyət göstərsin. Deməli, istedadlıya kömək etmək lazımdır. Bu məsələdə “istedadlı özünə yol açacaqdır, istedadsıza kömək etmək lazımdır” kimi geniş yayılmış fikir yanlışdır. Bunun tam əksinə olaraq məhz istedadsız özünə yol açacaqdır. İstedadlı heç də birdən-birə bütün sahələrdə istedadlı olmur. İnsan müxtəlif sahələrdə yox, adətən hansısa müəyyən bir sahədə istedadlı olur. Əgər o, onun sərvətinin nə olduğunu dərk edə bilsə, və bu istiqamətdə gedə bilsə, onda özünü reallaşdıra bilər. Optimal cəmiyyətdə hər şey istedadlı adamların seçilməsinə xidmət edir. Nizaminin “Xoşbəxtlər ölkəsi”ndə olduğu kimi. Müəllim, ustad insanın özünün görmədiyini görür və onun özünə bəyan edir, onun inkişaf etdirilməsinə, pardaqlanmasına kömək edir. Eyni zamanda bu yolda istedadlı adamın qarşısına çıxan maneələri dəf etməkdə də ustad yardımçı ola bilir. Bu mənada dünyanın hər yerində dahilər tək yetişmir, onlar bütöv bir məktəb halında yetişirlər. Məsələn, XVIII əsrdə fransız mühitində, XIX əsrdə alman mühitində belə dahilər yetişmişdi. Deməli, dahiləri mühit yetişdirir. Mühit olmadıqda istedadı kəşf edən, istedadlı şəxsdəki incini görən olmur. Müəyyən bir sahədə balaca bir işartı varsa, ona cəmiyyət dəstək olmalıdır. Kiminsə başqasını kəşf etməsi mühüm bir məsələdir, prinsipdir.

“Yaradanın öz yaratdığına ehtiyacı varmı” sualına cavab verən S.Xəlilov bildirdi ki, burada hər şey ilk növbədə ehtiyac sözünün özünü necə başa düşməyimizdən asılıdır. Yaratmaq üçün gəlmiş insanlar üçün yaratmamaq çətindir. Yaradan ilk növbədə ona görə yaradır ki, o , ondan zövq alır. Bir var nəyi isə yaradıb bir sənət əsəri kimi zövq alasan, bir də var yaradıcılıq prosesinin özündən zövq alasan. İkinci halda insan özündə olan işığı başqasına ötürür və onun yaratdığı əsər burada bir vasitə kimi çıxış etmiş olur. Yaradıcı adam yaratdığından yox, yaradıcılıq prosesinin özündən zövq alır. Amma yaratdığı şey, təbii ki, onun üçün əzizdir. Bunu valideyni-övlad münasibətlərində izləmək olar. Övladın valideynə münasibəti isə tamamilə başqa münasibətdir. Burada S.Xəlilov yaradanın yaratdığına münasibətini daha yaxşı ifadə edən Əbu Turxanın aşağıdakı fikrilərini gətirir: “Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir”.

 S.Xəlilov çıxışında daha bir məsələyə toxundu: yaradıcılıq üçün yeni ideya olmalıdır. Lakin burada yaradıcı ilə icraçını fərqləndirmək lazımdır. İcraçı başqasının ideyasını, yəni artıq bəlli olan bir ideyanı gerçəkləşdirir və bu mənada burada yaradıcılıq yoxdur. Bəs yaradıcıya bu yeni ideya haradan gəlir: kosmosdanmı, yoxsa o insanda fitridirmi, yəni ona əvvəlcədənmi verilmişdir? Onun mənbəyi vəcddədirmi, sevgidədirmi?

Sonra söz Prof.Dr. Leonard Swidlerə verildi. İlk öncə Leonard Swidler onu qeyd etdi ki, seminara çıxarılan mövzu bir kitabın yox, hətta bir kitabxananın əhatə edə biləcəyi mövzudur. Seminarda səslənən bəzi fikriləri, ilk növbədə professor S.Xəlilovun istedad, istedadlı insanlar haqqında dediklərini, insanın istedadının üzə çıxarılması üçün onun müəllimə, ustada ehtiyacının olub-olmaması məsələsini şərh edən professor qeyd etdi ki, o, istifadə etdiyi sözlərdə mümkün qədər dəqiq olmağa çalışır və bu mənada intelegence anlayışına müraciət edir. İnsanda intelegence-nin səkkiz fərqli növlərindən yazan Harvard Universitetinin psixologiya professorunun fikirlərinə istinad edərək L. Swidler bildirdi ki, istedad anlayışı altında təkyönlü bir şey nəzərdə tutulmur. Bu, təbiətdən gələn bir xüsusiyyətdir. “Mən bilirəm ki, nə qədər də musiqi yazsam, heç vaxt Motsart olmayacağam” deyən professor da istedadın üzə çıxarılması üçün mühitin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Onun sözlərinə görə, əgər Motsart Hindistanda aşağı kastaya  aid bir ailədə doğulsaydı, ona o zaman şahzadənin və din xadimlərinin dəstəyi olmasaydı, yəqin ki, o, öz əsərlərini yaza, qabiliyyətini inkişaf etdirə bilməzdi. İstedadın mənbəyi məsələsinə toxunan professor L. Swidler onun Tanrıdan, təbiətdən və qazanılmış, yəni sonradan ortaya çıxan istedad növlərini qeyd etdi. Onun sözlərinə görə, biz istedadı görməklə, eşitməklə, hərəkətlə bağlaya bilərik. O ki qaldı Tanrı mənbəli istedada, professor Swidler Tanrı haqqında, onun nə iş gördüyündən və onun özünün Tanrını necə anladığından danışmayacağını bildirdi. O sadəcə onun qeyd etməklə kifayətləndi ki, müvafiq məntiqi prinsipi izləməklə biz belə bir qənaətə gəlmiş olarıq ki, Allah ən azından bizim ətrafımızdakı insanlardan daha mükəmməldir. Biz mükəmməl insan haqqında düşünərkən onun adil, yaxşı, tolerant və bilikli olmasını nəzərdə tuturuq. Lakin biz Tanrının necə olması haqqında düşüncələrimizdə bir az təvazökar olmalıyıq. Tanrı o qədər bizim fövqümüzdədir ki, onunla bizim aramızdakı məsafə və ya boşluq bizimlə bu masa arasındakı boşluqdan daha böyükdür. Bu stol insanın nə haqda düşündüyünü bilə bilməz. Halbuki stol və insanın ortaq bir yönü var ki, o da onların hər ikisinin fiziki varlıq kəsb etməsidir. Ancaq düşüncəsi olmayan stol ilə şüurlu insan arasındakı fərq əlbəttə ki, sonsuzdur. Ona görə də bizim Tanrı haqqında ümumən deyə biləcəyimiz stolun bizim haqqımızda deyə biləcəklərinə bərabərdir. Bizim Tanrı haqqında söylədiklərimizin böyük bir hissəsi bizim özümüz haqqında söylədiklərimizdir.

Sonda professor Leonard Swidler bir filosof olaraq bu cür düşüncə və fikirlərin mistiklərin ixtiyarına buraxdığını qeyd etdi.

Daha sonra filosoflar seminar iştirakçıları maraqlandıran suallara cavab verdilər və geniş müzakirə aparıldı.  

Prof. Dr. Səlahəddin Xəlilov öz yekun sözündə yaradıcılıq proseslərinin normadan artıq enerjidən, “həyəcanlanma” prosesindən və bu enerji artığından, işıq artığından xilas olmaq ehtiyacından əmələ gəldiyini və istedadlıya, yaradıcı şəxsə cəmiyyət tərəfindən kömək edilməsinin zəruri olduğunu bir daha qeyd etdi.

Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.

Baxılıb: 5741    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada Varislik, yaradıcılıq və inkişaf qovluğunda baxa bilərsiniz









 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.