az  |   tr
Fəlsəfə dünyası

Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı
olurmu? - Fəlsəfi Diskursun nəticələri!   –  
[20.05.2011]

Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı olurmu? - Fəlsəfi Diskursun nəticələri!

"Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı olurmu?" Bu suala cavabına görə, məşhur filosof Jan Jak Russo Fransa Akademiyasının müsabiqəsində qalib gəlmişdir.
          Məmnunluq hissi ilə bildiririk ki, məzmunlu və hərtərəfli cavabın sayı xeyli artmışdır. Qalib olmağa layiq müəlliflər çoxdur. Ənənəvi qaliblərimiz olan Dr. Dos.Mətanət Abdullayeva və Dr. Tofiq Əhmədovla yanaşı, indi ilk dəfə iştirak edən və ilk dəfə qaliblər sırasına daxil olan müəllifləri fərqləndirmək qərarına gəldik.

 

I yer – Elşən Bayramzadə:

Elm və sənət həm insanın intellektual-yaradıcı fəaliyyət istiqaməti, həm də özlərinin sosial funksiyası və tətbiq sahəsinə görə bir-birindən fərqləndiyi üçün onların insan mənəviyyatına təsirini ayrı –ayrılıqda nəzərdən keçirək Yeni dövr elminin əsas prinsiplərindən biri elmdən etik, psixoloji, estetik amillərin kənarlaşdırılması olmuşdur. Və bu başadüşüləndir. Çünki, obyektiv biliyin əldə olunmasını qarşıya məqsəd qoymuş elm subyektiv amillərdən uzaqlaşmalı idi. Bu elmin əsas şüarı da “Elm – gücdür” olmuşdur. Əvvəla “gücdən” istifadə onun sahibi olan subyektin təkcə zəkasından deyil, həm də iradəsindən, irrasional keyfiyyətlərindən asılıdır. İkincisi, elmin əsas qayəsi təbiətin fəth edilməsi idi. Əgər söhbət fəthdən gedirsə, deməli burada müəyyən dərəcədə zorakılıq da var. Bu isə onu göstərir ki, elmin yaranmasında, formalaşmasında, məqsədində hansısa etik prinsiplər də ola bilməzdi, yəni, mahiyyətcə bunlar ayrı-ayrı nəisələrdi. Onları hansısa yolla qovuşdurmaq cəhdləri bu gün də davam edir. O ki, qaldı elmin hansısa nəticəsinin antibəşəri xarakterinə (bu daha çox elmi etikanın predmetidir), burada elmin günahı yoxdur. Əks halda bu, bıçaqla qətlə yetirilmiş insan ölümündə bıçağın cinayət məsuliyyətinə cəlb olunmasına bənzərdi. O ki, qaldı sənətə (təbii ki, burada söhbət incəsənətdən gedir), bəli, onun əsas qayəsi mənəviyyatın, əxlaqın saflaşdırılması (antik estetik katarsis prinsipi) olub. Lakin gerçəkləşməsi... Burada artıq suala bütövlükdə cavab verilməsi gərəkdir. İnsanın mənəviyyatca saflaşması elmliyin, yüksək estetik zövqün deyil, müdrikliyin əlamətidir. Vaxtilə Heraklit də deyirdi ki, çoxbilmişlik ağıl öyrətmir, yoxsa o Hesiodu və Pifaqoru, eləcə də Ksenofanı və Hekateyi də öyrədərdi. İstər dini, istərsə də etik-fəlsəfi təlimlərdə əksini tapmış əxlaqi –mənəvi dəyərlərə (öldürmə, zinakarlıq etmə, oğurlama, yalan danışma və s. ) ötəri nəzər salsaq, onların hansı birinin dərk edilməsi, ona əməl olunması üçün elmi bilik gərəkdir? Heç birinə. Deməli elmin və sənətin insan mənəviyyatına pozitiv təsiri birbaşa yox, dolayısı ilə mümkündür. Əgər elm(həm təbiət, həm də humanitar), sənət rasional cəmiyyətin qurulmasına istiqamətlənərsə (“cəmiyyətin təkmilləşdirilməsi”), onların maarifçilik funksiyaları ön plana çəkilərsə bu, şübhəsiz ki, mənəvi saflaşmaya yardımçı olar. Müzakirəyə çıxarılan sual böyük aktuallıq kəsb edir. Problemin həlli (və yaxud ona cəhd) fəlsəfənin əhəmiyyətinin necə böyük olduğunu göstərir. Və mahiyyət etibarilə fəlsəfəni “məmləkətini və şahlığını qızları arasında bölüşdürüb tənha və lazımsız fiqura çevrilmiş Kral Lirə”, və yaxud “bütün yeməkləri dadlı etsə də özü yemək üçün yararsız olan ədəvaya” bənzədənlərə tutarlı cavabdı. B. Şou deyirdi: “Biz (yəni bəşər övladı – E.B.) göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənməyimiz”. Bunu isə bizə elm yox, məhz FƏLSƏFƏ öyrədəcək.

II yer – Cavid Zeynallı:

Elm və sənəti yaradan, onu inkişaf etdirən insandır. Bu onun həyatda var olmaq, daha yaxşı yaşamaq, rifaha çatmaq və xoşbəxt olmaq istəyi, şüurlu axtarışının nəticəsidir. Əsrlər boyu insan nəyinsə axtarışında, öz şəxsi tələbat və təminatının yaxşılaşması uğrunda mübarizədədir. Müasir elm və ictimai şüur buna müxtəlif istiqamətlərdən baxaraq, müxtəlif qiymətlər verməyə çalışır, onu bəzən obrazlaşdıraraq ən ali hadisəyə çevirir. Mənə elə gəlir ki, elm və sənətin yaranması insan tələbatının ödənilməsinin təsdiqi nəticəsidir. Milyon illərdir ki, insan ətraf mühitlə mübarizə aparır, ilkin olaraq primitiv sənət alətini yaratmaqla öz ətrafına qarşı iddiasını –yaradıcılıq bacarığını qoymuşdur. İlk əmək alətlərinin kəşfi ilə o, rifahın nə olduğunu anlamağa başlayaraq əbədi bir yola – sənət istiqamətinə hərəkətə başlamışdır. Bu yeni yaradıcılıqda isə o daha mükəmməl nəticəyə çatmaq üçün elmi rifah və yaşamaq zərurətindən dolayı müxtəlif kəşflər etdi. Bu rifah və tərəqqinin mahiyyətini anlayanlar onu tarixdə obrazlaşdırmağa başladılar. Nəticədə daha böyük elmin və sənətin üfüqləri yeni fədailər ordusunun yaranmasına nail oldu, o üfüqlərin arxasında gizlənən naməlum xoşbəxtliyin arxasınca yürüşə başladı. Beləliklə dünya elmi yarandı. Heç şübhəsiz ki, bu iki rasional sahələrin varoluşuna qədər insanın mental təsəvvürü və mənəviyyatı mövcud idi. Belə ki, mənəviyyat məsələsi ictimai və fərdi hadisə kimi həm elm, həm də sənət sahəsindən üstün olaraq, eyni zamanda əgər belə demək mümkünsə onların yaranmasını zəruri və təşkil edən bir sahədir. Lakin mənəviyyat müsbət və mənfi mənada heç də bu sahələrə nəzarət edə biləcək bir məsələ deyildir. Mənəviyyatın formalaşması ətrafla ünsiyyətdən – ilkin olaraq ailə, məişət, yaxın insanlar, ictimai-sosial mühit və bir sıra başqa fundamental amillərdən və hətta bir az daha dərinə gedəriksə, təbii iqlim coğrafiyasından asılı olan məsələdir. Müasir dünya böyük inkişaf mərhələsi keçərək bugünkü səviyyəyə gəlib çıxmışdır. İndi müxtəlif sənət sahələrinin elmi və hətta elmşünaslığı meydana gəlmiş, yəni texnologiyalar, daha dərin sənət nümunələri yaranmışdır. Şübhəsiz ki, inkişaf prosesinin nəticəsi olaraq yaranmış hüquq və demokratik dəyərlər, qlobal insani münasibətlər, ictimai-mədəni əlaqələr, əxlaq və mənəviyyat baxımdan böyük, bəşəri hadisələrdir. Bunların hamısı keşməkeşli və ziddiyyətli uzun tarixi prosesin nəticəsi və nailiyyəti hesab oluna bilər. Lakin elm və sənət insan mənəviyyatını uzun əsrlər boyu nə qədər saflaşdıra, kamilləşdirə, adiləşdirə bilmişdir? Bu sual altında olan daha dərin bir məsələdir. Yəni sual oluna bilər, elmsiz və sənətsiz öz sadə həyatını yaşayan qədim icma insanı, atom silahını yaradan, kosmosu fəth edən, nanotexnologiya yaradan müasir insandan nə qədər mənəviyyatca aşağıda idi? Yaxud Misiri, Romanı inşa etdirən ağalar nə dərəcədə təhqir etdiyi qullarından daxilən, mənən üstün idilər? Qədim dünya müdriklərini müasir zamandan böyük məsafə ayırır. Bu müasir elm və sənət insanının mənəvi üstünlüyü kimi qəbul edilə bilərmi? Yaxud o dövrün “sivil “və “barbar” insanı ilə müasir sivil və barbar insan arasında mənəvi dəyərlər çoxmu inkişaf edərək dəyişib? Yeni anti insani hərəkət və ideyaların, formasını dəyişmiş və qloballaşmış münaqişə və xəstə təfəkkürlə XXI əsrə öz destruktiv məfkurələrini sürüyən, bəşəriyyətə daimi yeni ideoloji viruslar ixrac edən, başqa insanları onların inanmadığını qəbul etmədiyinə görə həzm edə bilməyən “ağıllı canlıların” əlində elm və sənət mənəviyyata xidmət edə bilərmi? Sual müxtəlif yöndən, baxış və istiqamətdən cavablandırıla bildiyi üçün ona bir mənalı cavab vermək mümkün deyildir. Lakin başqa bir yöndən baxarıqsa, elm və sənət insana onun rifahına, kamilləşməsinə, ruhunu oxşamasına, zövqünün yaranmasına, sağlamlığının qorunmasına, bir sözlə insanlığa, bəşərə xidmət etdiyi üçün onu məhz yeni mənəviyyatın da yaradıcısı hesab etmək olar. Bu fikrin tarixən tərəfdarları daha çox olmuşdur. “Əmək insanı yaradır”, “Bir saatlıq elm altmış illik ibadətdən üstündür”, ”Elm hətta Çində belə olsa onun dalınca gedin” və s. kimi çox nümunələr göstərmək olar. Lakin biz burada bir saatlıq elmin altmış illik ibadətdən üstün tutulması məsələsində elmin mənəvilikdən daha üstün tutulduğunun şahidi oluruq. Belə ki, dünya xalqlarının demək olar əksəriyyətində ibadət anlayışı mənəviyyat hadisəsi kimi qəbul olunur və başa düşülür. Lakin elm konkret bu kəlamda ibadətdən üstün tutulmaqla o mənəvilikdən də daha dərin hadisə kimi təqdim edilir. Məntiqi düşüncə də əgər belə demək mümkünsə çox hallarda elmi və sənəti bəzən mənəvi məsələlərdən ya üstün və ya ona paralel nəslə kimi ortaya qoymaq təşəbbüsü ilə çıxış edir. Lakin sonda bu sualı ortaya qoyan insan və düşüncə sahiblərinə təşəkkür etməklə yanaşı onu bir daha demək istərdim ki, elm və sənət mənəviyyatla üst-üstə düşərək biri digərini tamamlayanda o, qurmağa, yaratmağa işıq və nura, əksi olanda isə tənəzzül və dağıntılara səbəb olur.

 

III yer – Elbrus Xasiyev:

Bu suala birmənalı və birtərəfli cavab vermək bir az çətindir. Düşünürəm ki, bunun üçün elm və sənətin yaranması və inkişaf tarixinə qısa da olsa nəzər salmağa ehtiyac var, çünki elm cəməyyətdə müxtəlif dövrlərdə müxtəlif funksiyaları yerinə yetirmişdir. Əvvəlcə sualın birinci hissəsindən başlayaq. Qısa şəkildə elm təbiət, cəmiyyət və təfəkkür haqqında biliklər sistemi olub, həmçinin bu biliklərin istehsalına yönəlmiş fəaliyyətin bütün məqamlarını özündə ehtiva edir. Müasir anlamda elm yeni dövrdən başlayaraq formalaşmış və biri-birindən ayrılmışdır. Biliklərin tarixi isə daha qədimdir. Nə vaxt ki, insan özü və dünya haqqında düşünməyə və 'Niyə'ləri axtarmağa başlayır, insanın dünyaya münasibəti formalaşır (xüsusən praktiki və idraki münasibəti) o vaxtdan biliklər yaranmağa başlayır. İnsan təbiətin hazırkı halı ilə razılaşmır və onu öz təlabatlarını ödəmək üçün dəyişdirməyə ehtiyac hiss edir (praktiki münasibət). Bunun üçünsə insana bilik tələb olunur. Beləliklə, insan təbiəti dərk edir (idraki münasibət), bu zaman isə idrak prosesinin nəticəsi olaraq bilik əldə edir və bu bilikdən öz gündəlik həyatında istifadə edir (söhbət hələ ki, qədim dövrdən gedir). Nəhayətdə bu iki münasibət forması biri-biri ilə qarşılıqlı əlaqədə inkişaf edərək yeni biliklərin yaranmasına şərait yaradır. İnsanın və mədəniyyətin beşiyi Şərq olduğundan ilkin biliklər də məhz şərq ölkələrində ( Misir, Babilistan, Şumer, Hindistan, Çin...) yaranmışdır. Bu ölkələrdə insanların bilavasitə həyat şəraitinin təsiri ilə təbiət, cəmiyyət haqqında biliklər toplanır (empirik), dərk edilir, ümumiləşdirilir, müəyyən mənada nəzəri səviyyəyə keçir (amma hələ sistemlilik yox idi) və beləliklə də, Riyaziyyat, Astronomiya, Məntiq kimi elmlərin ilkin rüşeymləri yaranır. Onu da qeyd edim ki, elmlə məşğul olan insan üçün o dövrdə boş vaxt da (asudə vaxt) zəruri idi. Bu isə fiziki və zehni fəaliyyət biri-birindən tam ayrıldığı şəraitdə mümkün oldu ki, bu da özünü daha optimal şəkildə qədim Yunan Polislərində göstərdi. Yunan polislərində ictimai münasibətlərin və əmək bölgüsünün inkişafı( zehni və fiziki, həmçinin də digər sənət sahələri) elmlə məşğul olan və mifoloji təsəvvürlərdən uzaqlaşmağa çalışan insanların meydana gəlməsinə səbəb oldu. Beləliklə də, ilkin elmi biliklərin qədim şərqdə yaranmasına baxmayaraq, bu biliklər qədim Yunanıstanda sistemləşdirilməyə başlandı. Antik dövrdən yeni dövrə və sənaye inqilabına qədər elmin başlıca funksiyası izahedici funksiya olmuşdur. Bura qədər deyə bilərəm ki, elm müəyyən mənada mənəviyyatın saflaşmasına kömək edirdi, baxmayaraq ki, biliklərin yaranmasına ilkin səbəb insanların öz maddi tələbatlarını ödəmək istəyi olmuşdur. Bu dövrdən sonra isə elmin mənəviyyatın saflaşmasında müsbət roluna münasibətim pessimist olacaq ki, bunun da səbəbi belədir: İntibah dövrü fəlsəfəsi (və həm də elmi, çünki elm hələ ki, fəlsəfənin tərkibində idi) insanı hər şeyə qadir olan məxluq kimi göylərə qaldırdı, humanizm, insan xoşbəxtliyi kimi bəzi prinsipləri gətirsə də, əslində, əsas məsələ insanların, cəmiyyətin maddi rifahında (xoşbəxtliyində) idi. Beləliklə, belə bir fikir formalaşdı ki, insan hər şeyə qadir olduğundan təbiətə də ağalıq edə bilər və etməlidir. Nəticədə, təbiət elmləri (xüsusən də, Fizika, Riyaziyyat, Kimya) sürətlə inkişaf etdi. Məqsəd isə insanlara daha yaxşı maddi təminat vermək idi (təbiət üzərində hökmranlıq etməklə). Beləliklə də, elm (və ya elmin nəticələri) maddi sərvətlər istehsalı dalınca “qaçmağa” və insanları da öz arxasınca sürükləməyə başladı. İnsanlar sanki, maddi sərvətlərin quluna çevrildi. Amma bir şey unuduldu ki, insan ancaq maddi sərvətlə xoşbəxt ola bilməz, çünki insan həm də ruhi varlıqdır. İnsan məhz mənəvi dünyası ilə birgə insanlıq mahiyyəti kəsb edir. Vəziyyət belə olduqda mən hesab edirəm ki, elm insanların mənəviyyatını nəinki, saflaşdırır, hətta aşındırır, çünki maddi dəyərlər öndə, mənəvi dəyərlər isə kölgədə qaldığı, hətta mənəvi dəyərlərin də maddi dəyər meyarı ilə ölçüldüyü bir cəmiyyətdə hansı mənəvi, əxlaqi saflaşmaqdan danışa bilərik? Bunun məntiqi nəticəsi isə bugünkü Avropa və Amerika cəmiyyətləridir. Bunu isə, məncə təsvir eləməyə ehtiyac yoxdur, çünki bu cəmiyyətlərdə demoralizasiyanı hər kəs görür və bilir. Sonralar irrasional fəlsəfə (Şopenhauer, Nitsşe, Haydegger və b.) göstərdi ki, insan nəinki hər şeyə qadirdir və təbiətin ağasıdır, hətta insan o qədər zəif və aciz varlıqdır ki, o, heç özü-özünün belə ağası olmaq iqtidarında deyil... Amma gəlin baxaq görək ki, Şərqdə də vəziyyət belə mi olmuşdur? Qətiyyətlə deyə bilərəm ki, Xeyr! Çünki Şərqdə elm (və ya onun nəticələri) mütləq mənada maddi sərvətlərə xitab etməmiş, heç vaxt insanın ruhu unudulmamış hətta insan ruhuna, onun mənəviyyatına xitab daha güclü olmuşdur. İbn Sina, Fərabi, Bəhmənyar, Tusi, əl-Biruni kimi mütəfəkkirlər əxlaqa, mənəviyyata hər zaman öz elmlərində böyük üstünlük vermişlər. Qərb isə bu yüksək dəyərləri elmə qurban verdi. Ona görə də Elm Şərqdə yarandı, amma onu Qərb inkişaf etdirdi. Bəzən Qərbdə deyilir ki, Şərqdə elm olmayıb... Bircə nümunə deyəcəyəm: Bu gün Qərb öz kompüter texnologiyaları, yaratdıqları İnformatika, Kibernetika və s. kimi elmlərlə öyünür... Əgər əl-Xarəzmi təfəkkürünün ziyası Riyaziyyatın qaranlıq dövrünü işıqlandırmasaydı, Alqoritmlər nəzəriyyəsi (mənası “Xarəzmi yolu” deməkdir) yaradılmasaydı, indi bu elmlərdən hansı var idi? Yeri gəlmişkən, bu elmlərin nəticələrinin cəmiyyətdə istifadəsi zamanı insan mənəviyyatında, əxlaqında psixikasında yaratdığı problemlər Qərb elminin insana, onun mənəviyyatına, əxlaqına verdiyi ən böyük bəlalı töhfələrdəndir. Bu bəlaların hamısını yazmağa isə bir kitab lazımdır.

Onu da qeyd edim ki, mən əsasən təbiət elmlərini və müasir elmləri nəzərdə tuturam, çünki hazırda insanlar bu elmlərin nəticələrindən demək olar ki, bütün sahələr də istifadə edirlər. Bu mənada elmin insan mənəviyyatına müsbət təsirinə münasibətim pessimistdir. Humanitar elmlərə, xüsusən fəlsəfəyə və ilahiyyata isə münasibətim fərqlidir. Fəlsəfə bütün elmlərin fövqündə duran, elmlər piramidasında ən yüksək zirvədən aşağıdakı elmlərə daha geniş baxış bucağı ilə baxan bir elm sahəsi olduğundan bu işdə daha çox rol oynaya bilər. Fəlsəfə (ideologiya yox) insana mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri, ilahiyyat isə insana onun ruhunu, haqqı, ədaləti, bu dünyada üstünlüyün maddi rifahda yox, ruhi rahatlıqda olduğunu unutdurmur və bunun yollarını göstərir. Bu gün hər şeyi olan avropa cəmiyyətinin də fəlsəfəyə böyük önəm verməsi və İslama gələn insanların sayının artması məgər bu deyilənlərin təsdiqi deyil mi?

Sualın 2-ci hissəsinə cavab verməmişdən öncə onu deyim ki, mən belə düşünürəm ki, mənəviyyatın saflaşmasında bəzi istisnaları çıxmaqla sənətin rolu (incəsənət) elmdən üstündür. Hələ qədimdən incəsənətin insan tərbiyəsində, əxlaqi və mənəvi cəhətdən kamilləşməsində böyük rol oynamasını böyük mütəfəkkirlər qəbul etmişlər. O zaman ki, insanlar öz mənəvi dünyalarını ifadə eləmək ehtiyacını hiss elədilər, reallıqda görmək istədiklərini amma görə bilmədiklərini ifadə eləmək və dünyanın daha mükəmməl təsvirini vermək ehtiyacını hiss elədilər, o vaxtdan da incəsənət meydana gəldi. İncəsənət də dünyanın insan tərəfindən dərkinin xüsusi formasıdır. Hegelə görə, incəsənətin fəlsəfəsini Estetika öyrənir. Estetika isə dünyanın hisslə qavranılmasıdır. Onun mərkəzi anlayışlarından biri Gözəllik anlayışıdır ki, bu anlayışla tanışlıq incəsənətin insan tərbiyəsində, mənəviyyatında oynadığı müsbət rolu görməyə imkan verir. Məsələn, Şərqdə gözəllik anlayışı xeyirli olan, faydalı olan kimi (Misir), həm də əxlaqi (etik) gözəl olan kimi anlaşılırdı (Hindistan, Çin ). Nə ki, xeyirli və faydalıdır deməli o gözəldir. Zərdüştilikdə isə gözəlliyin mənbəyi “xeyirli söz”, ”xeyirli fikir” və “ xeyirli əməl idi”. Bu triada isə insan mənəviyyatının, əxlaqının saflaşmasına və xeyrin şər üzərində qələbəsinə gətirib çıxarırdı. Qədim yunan mütəfəkkirlərindən Platonun fikirləri məni daha çox cəlb edir. Platona görə, gözəlliyin mənbəyi bu dünyada yox, ideyalar səltənətində idi. Bu dünya isə həmin səltənətin kölgəsidir və buna görə də bu dünya mükəmməl deyil. Bununla Platon nə demək istəyirdi? Mənim anladığım budur ki, insan incəsənət vasitəsilə dünyanın kamil obrazını yaratmağa çalışmaqla, əslində, qeyri-mükəmməl olan dünyadan mükəmməl olan ideyalar səltənətinə, kölgə olan dünyadan nurlu, işıqlı ideyalar səltənətinə nüfuz eləməyə çalışır. Məhz belə insanlar kamillik zirvəsinə ucala bilirlər (həm mənəvi-əxlaqi, həm də təfəkkür baxımından). Platonun təbirincə desək, əgər bu dünya mükəmməl olsaydı onda ümumiyyətlə sənətə ehtiyac olmazdı… Amma bunlarla yanaşı Platon müxtəlif insanların müxtəlif mənəvi dünyaya malik olmaları və bunu sənətlə reallaşdıra biləcəklərini nəzərə alaraq həm də onu vurğulayırdı ki, sənət bəzən insan tərbiyəsində zərərli də ola bilər. Ona görə də bir çox sahələrdə olduğu kimi, incəsənətə də dövlət nəzarəti olmalıdır. Platondan fərqli olaraq Aristotel incəsənətin zərərini qəbul etmir və bildirirdi ki, incəsənətin funksiyası insanları mənəvi kamilləşdirmək, “təmizləmək”, olmalıdır (katarsis təlimi). Aristotel buraya teatrı da əlavə edirdi. Sonrakı dövrlərin fəlsəfi fikir tarixində də əsasən incəsənətin insan tərbiyəsində, əxlaqında, mənəvi kamilliyində müsbət rolu qeyd olunur (amma mən burda yazmağı uyğun görmədiyim bəzi səbəblərə görə intibah dövrü incəsənətini bura aid etməzdim). Mən də bu nöqteyi-nəzəri müdafiə edirəm. Çünki incəsənət birbaşa insan mənəviyyatına, ruhuna, əxlaqına xitab edir və insanın mənəvi tələbatları ilə bağlıdır. Bu istər, musiqi olsun, istər, rəsm əsəri olsun, istər ədəbiyyat olsun. Bəzən bir rəssam bir tabloda, bir bəstəkar bir musiqidə insana elə ideyalar aşılayır ki, onları qalaq-qalaq kitablarla insanlara başa salmaq, anlatmaq olmaz. Təbii ki, incəsənətdə də bəzən zərərli nəticələr olur və bu məqamda Platona haqq vermək olar. Amma bütün bunlara baxmayaraq, düşünürəm ki, insan mənəviyyatının saflaşmasında incəsənət elmdən daha üstün mövqeyə malikdir. Sonda onu qeyd edim ki, istər elm olsun istər sənət olsun, əgər insan mənəviyyatını zərərli təsirlərdən qorumaq istəyirsə onların o nəticələrindən istifadə etməlidir ki, insan mənəviyyatı aşınmaya məruz qalmasın.

 

IV yer – Sayalı Əliyeva:

İnsan bu dünyaya gəlir, çox çətin bir uyğunlaşma prosesi keçərək müəyyən mərhələyə çatır. Bu mərhələdən başlayaraq o, özündə dünyanı dərk etmək tələbatı duyur. Dünyanı dərk etmək isə özünün ən yüksək ifadəsini elmdə tapır. ”Elm insan fəaliyyətinin tarixən qərarlaşması, dünyanı dərk edilməsinə və onun praktik dəyişdirilməsinə doğru yönəldilmiş prosesdir. ”Sonra insan müəyyən elm və sənətə yiyələnir və məqsəd olaraq onu günbəgün inkişaf etdirməyə yönləndirir. Insan daxilindəki potensialını üzə çıxarmaq bacarığı sayəsində mükəmməl elm və sənətə sahib ola bilir. Mənəviyyat anlayışı məhz insana aid olduğu üçün biz bu suala cəmiyyət üzvlərinin mənəviyyatının saflaşması prizmasından yanaşmalıyıq. Çünki hər hansısa bir dövlətə məxsus elm və sənətin inkişafı o, dövlətin üzvlərinin bacarığının bəhrəsidir. Bu insanlar mükəmməl təhsil, təcrübə sayəsində elmdə və sənətdə böyük söz sahibi ola bilirlər. Lakin məgər bu onların mənəviyyatının saflığından xəbər verirmi? Gəlin bir anlıq Avropaya nəzər salaq. Bu gün Avropa elm və sənətin inkişafı baxımından böyük uğurlar əldə edir. Hamını yüksək elm və sənət sahibi olmağa, demokratik düşünməyə çağırır. Bəs əksər avropalının mənəvi həyat yaşantısı nə səviyyədədir? Mənəvi həyatın ayrılmaz hissələri olan sevgi, hörmət, əxlaq normaları, ailəyə bağlılıq hissindən məhrum deyillərmi? Necə deyərlər: sivilizasiyanın pik nöqtəsi cəmiyyətin mənəviyyatsızlaşmasıdır. Məncə, mənəviyyatın saflığı hər bir insanın damarında axan qan kimi yalnız onun özünə məxsusdur, yəni bu varsa var, yoxdursa, heç bir elmliliyin olması və ya hansısa yüksək sənətə sahib olması onu yaradıb, ələlxüsus saflaşdıra bilməz.

Digər tərəfdən baxdıqda isə yüksək mənəvi dəyərlərə malik insan əlbəttə ki, nə qədər çox elm və sənətə sahib olsa, bütün bunları özündə inkişaf etdirdikcə, bir o qədər də mənəviyyatının günbəgün daha da saflaşmasının şahidi olacaq. Bir daha vurğulamaq istərdim ki, bütün bunlar insanın daxilindən gələn hisslərdir. Əlbəttə ki, mənəvi dəyərlərin yüksək elm və sənətlə harmoniya halında birləşib, inkişaf etməsi cəmiyyət üçün daha faydalı olacağını düşünürəm.

 

       Seyran Quliyev:

Gözəl sualdır.  Mən bu sual ətrafında fikirlərimə Cübran Xəlil Cübranın belə bir fikrini xatırlamaqla başlamaq istəyirəm: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir.  Biri hərəkətə gətirir,  o biri istiqamətləndirir.  İnsan duyğuları vasitəsilə nəyisə duyur,  hiss edir,  onu ağıl süzgəcindən keçirir,  həyat fəaliyyətini bu və ya digər şəkildə təşkil edir.  İnsan həyatında hiss və ağılın balansı pozulanda isə o,  xoşagəlməz hallarla üzləşə bilir.  İfrat rasionalizm insanı uçuruma apardığı kimi ifrat irrasionalizm də insanı fəlakətə aparır.  müasir dövrün  insanından qəlbinin səsini duymasını və bu səsi ağlına ötürə bilməsi tələb olunur.  Sənət insanın qəlbinə təsir edir,  elm insanın düşüncəsinə.  Əgər incəsənətin məqsədi insanın emosional mənəvi aləmini zənginləşdirməkdirsə,  elmin məqsədi onun intellektual aləmini zənginləşdirməkdir. Əgər İncəsənətin məqsədi insanın estetik zövqünü təkmilləşdirməkdirsə,  elmin məqsədi insani daha bilikli etmək və bu biliyin sosial gücə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır.  Göründüyü kimi hər ikisinin obyekti də subyekti də insandır.  Böyük incəsənət əsərləri də insanlar tərəfindən yaradılır,  böyük elmi kəşflər də insanlar tərəfindən edilir.  Hər ikisində də bunların istifadəçisi insanlar olur.  Əgər belə olmasaydı, o zaman nə elm, nə də sənət olardı.  Elmdə də sənətdə yaradılanın istehlakçısı olmasa onu nə elm nə də sənət əsəri adlandırmaq mümkündür.  Bəli sənətin də elmin də insan mənəviyyatına təsir imkanları vardır.  Elmlə məşğul olan insan öz mənəviyyatı ilə digərlərindən seçilir.  Bu zaman belə bir sual yarana bilər ki,  bəs elmə məşğul olmayan insan necə? Mənəviyyat cəhətdən o insandan gerimi qalır? Mən bu suala belə cavab verərdim : xeyr belə deyil.  Hətta bəzən elmlə məşğul olmayan insan mənəviyyat cəhətdən elmli insandan zəngin mənəviyyata malik ola bilər.  Elmli insanlar deyildimi atom bombası düzəldib yüzlərlə insanı külə çevirən? Sənət əsərləri nəinki hər hansı insanın mənəviyyatına təsir edir hətta insanların mənəviyyatına yaxşı mənada təsir edir.  Mən belə hesab edirəm ki,  təsir imkanı baxımından elm sənətdən çox geri qalır.  Elə əsər yarana bilər ki,  o insanların mənəviyyatına təsir edə bilər nə ki hər hansısa fərdin.  Bu baxımdan Viktor Hüqonun "Səfillər" romanı söylədiyimə misal ola bilər. Romanda Jan Valjan və yepiskop Miriel səhnəsi çoxlarımızın yadındadır.  Təsadüfi deyil ki,  M. Qorki bədii ədəbiyyatın təsirindən danışarkən qeyd edirdi ki,  bədii ədəbiyyatın təsiri ona görə çoxdur ki,  o eyni zamanda həm hissiyyata, həm də düşüncəyə təsir edir.  Epik əsərlər əsasında həyatı andıran kinoların çəkilməsini də dediklərimizin üzərinə əlavə etsək bu baxımdan söyləmək istədiyim fikrin mahiyyəti bir az da aydınlaşmış olar.  Amma sənət təkcə bədii ədəbiyyatdan,  epik əsərlərdən ibarət deyil.  Mənəviyyata təsir baxımından musiqi, təsviri sənət də müəyyən imkanlara malikdir.  Musiqi var insanın emosional halına təsir edir.  Məsələn gözəl rəqs havalarımız.  Musiqi var insanı düşündürür.  Məsələn, Vaqif Mustafazadənin əsərləri. Hətta Estetik Suxomlinski musiqini əqli tərbiyələndirmənin ən effektli vasitəsi sayır.  Təsviri sənət əsərləri var baxırsan insanda xoş ovqat yaradır. Məsələn gözəl mənzərə rəsmləri və s. rəsm əsərləri də var insani düşündürür onda təsvir olunan obrazlarda rəssamın nə demək istədiyi tam məlum olmur.  Məsələn, Mona Liza,  İsanın son axşam yeməyi əsəri.  Beləliklə sənət əsərlərinin hissə və düşüncəyə təsir etməsi dramaturgiya və teatrda da görsənir.  Hətta burda balans tam yarı yarıyadır.  Sonda bütün bu deyilənləri yekunlaşdırıb deyə bilərik ki,  elmli insan estetik hissə malik olmadan tam kamil insan sayılmaz.  Şiller də bu məsələyə diqqət yetirərək qeyd etmişdir ki,  insanın kamilliyi onun hissi və əqli qüvvələrinin vəhdətindədir.

 

 

 

 

Baxılıb: 6723    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.