az  |   tr
Fəlsəfə dünyası

“Elm, sənət, mənəviyyat” mövzusunda elmi-fəlsəfi seminar
keçirildi   –  
[23.05.2011]

“Elm, sənət, mənəviyyat” mövzusunda elmi-fəlsəfi seminar keçirildi



         May ayının 21-də Fəlsəfə Dünyasında “Elm, sənət, mənəviyyat” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.
Seminarda professor və müəllimlər, aspirant və tələbələr iştirak edirdilər.

Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, bir vaxtlar XVIII əsrdə Jan Jak Russo bu suala cavab olaraq bir kitab yazmış və məşhurlaşmışdır. Əvvəlcə terminlərə aydınlıq gətirməyin lazım olduğunu vurğulayan S.Xəlilov qeyd etdi ki, mənəviyyat sözü iki mənada – dar və geniş mənalarda işlədilir. Geniş mənada mənəviyyat rus dilində «духовность» sözünə uyğun gəlir. Dar mənada isə mənəviyyat anlayışı əxlaq mənasında işlədilir. J.J.Russoya verilən sualda mənəviyyat sözü məhz dar mənada, əxlaq mənasında işlədilmişdir. Daha sonra S.Xəlilov elm, sənət və mənəviyyat anlayışlarının nisbəti məsələsinə aydınlıq gətirmişdir. O, bu anlayışların kəsişdiyi ortaq nöqtələrdən, sahələrdən bəhs etdi, onların arasındakı qarşılıqlı əlaqələrin nədən ibarət olduğunu üzə çıxarmışdı ki, bu da, S.Xəlilovun sözlərinə görə, diskursumuza çıxarılan sualın mənasını təşkil edir. Belə ki, elm insansızlaşmış dünyanı öyrənir. Onun məqsədi dünya haqqında həqiqəti üzə çıxarmaqdır. Lakin elmin əldə edəcəyi nisbi həqiqət əxlaqa, mənəviyyata xidmət etməyə də bilər. İnsanın dünyaya praqmatik məqsədlərə yönəldilmiş qnoseoloji münasibəti ilə onun bu dünyaya aksioloji (dəyərlər prizmasından) münasibətinin fərqli hadisələr olduğunu qeyd edən S.Xəlilov bu ikinci münasibətin antik dövrdə məhz Sokratdan, Yeni Dövrdə isə məhz J.J.Russodan başladığını qeyd etdi. Mənəviyyat tərəfi elmin dışındadır. Əsas məsələ elmin, zəkanın, ağlın hara yönəldilməsindədir. Pis adamın əlində olanda o, pis işlərə yönəldilir. Bu baxımdan Hitlerin fəaliyyətini və bəşəriyyət əleyhinə etdiyi əməllərini misal gətirən S.Xəlilov həqiqətin yalnız gözəlliklə, ədalətlə birləşəndə mənəviyyatın saflaşmasına xidmət edə biləcəyini vurğuladı. Onun sözlərinə görə, R.Taqor da, Lev Tolstoy da öz yaradıcı fəaliyyətində məhz elmin fetişləşdirilməsinə qarşı çıxış etmişdilər və Russoya verilən sual elmin fetişləşdirilməsinə qarşı bir növ reaksiya kimi görünür. Cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlar əsasında inkişaf etdiyini qeyd edən S.Xəlilov rasionalizm dövrünü keçmiş Avropanın indi rasionalizmə qarşı çıxmasını, modernizm yaratmasını, onu inkar edib postmodernizm yaratmasını və s. təbii hadisələr hesab edib Azərbaycanın da mütləq rasionalizm dövrünü yaşamalı olduğunu, eləcə də insan şüurunun da  həmin mərhələdən zəruri olaraq keçməli olduğunu əsaslandırdı.

Prof. Dr.Könül Bünyadzadə psixoanalizin əsasını qoyan Freydin, özünəməxsus fəlsəfi təlimin banisi olan Nitsşenin bu gün populyar olmasının səbəbləri və onların yaradıcılığının  mənəviyyata nə dərəcədə xidmət etməsi ilə bağlı sual ilə müraciət etdi. S.Xəlilov bu cür məsələlərə fərdi yanaşmağın lazım olduğunu vurğuladı. Onun sözlərinə görə, sənətkarın hər hansı bir qüsuru o demək deyildir ki, onun əsərləri də yüksək əxlaqi dəyərlərə xidmət etmir.  İnsanı özü yeknəsəq bir varlıq deyil. Həyatının müxtəlif məqamlarında insan yüksək keçidlər edir. İnsanın həyatında eniş və yüksəliş məqamları olur.

Dr.L.Hümmətova öz çıxışında elm, sənət və mənəviyyatın mədəniyyətin üç simaları olduğunu qeyd etmiş və onların bu gün bir-birindən ayrı düşməsinin səbəblərini təhlil etmişdir. Onun sözlərinə görə, elmin obyekti Həqiqət, sənətinki – Gözəllik, əxlaqınkı isə Xeyirdir. Hegelin “Həqiqət və xeyir gözəllikdə birləşir” fikrini misal gətirən L.Hümmətova mənəviyyatın elm və sənətin canına işlədiyini, bu gün sosial təsisat kimi qərarlaşmış elmin də öz əxlaqi dəyərlərinin olduğunu, alimlər birliyinin öz fəaliyyətində müəyyən əxlaqi normaları rəhbər tutduğunu qeyd etdi.

Prof. Dr. Fərman İsmayılov çıxışında müzakirəyə çıxarılan problemin olduqca aktual və mürəkkəb olduğunu qeyd etdi.  Yeni Dövrdə elmin həddindən artıq yüksək templərlə inkişaf etdiyini, mənəviyyatın isə geri qaldığını görən, zəkaya qarşı ilk olaraq üsyan qaldıran  ilk mütəfəkkirin məhz J.J.Russo olduğunu vurğulayan Nitsşenin fikirlərini gətirərək qeyd etdi ki, Russonun məqsədi mənəviyyat, elm və fəlsəfəni paralelləşdirmək, yəni eyni müstəviyə gətirmək olmuşdu. Lakin o, bu məsələnin öhdəsindən gələ bilməmiş və onun işini Kant, ondan sonra isə Nitsşe davam etdirmişdi. Böyük transformasiyalar əsri olan XX əsrdə Qərb fəlsəfəsi həmin bu ideyanı inkişaf etdirmişdi. Həmin dövrün filosoflarının fikirlərinə görə, XX əsrin üç iblisi var ki, bunlardan biri elm, ikincisi texnika, üçüncüsü isə kütləviləşmədir. Sonuncunun səbəbini onlar  insanlar arasında fərqləri götürən təhsildə görürdülər. Çıxışının sonunda bu olduqca aktual olan bir problemə gənclərdə maraq oyatmaqda Fəlsəfə dünyasının xidmətinin böyük olduğunu vurğuladı.

Daha sonra filosoflar seminar iştirakçıları maraqlandıran suallara cavab verdilər və geniş müzakirə aparıldı.

Prof. Dr. Səlahəddin Xəlilov öz yekun sözündə elm, sənət və mənəviyyatın bir araya gətirilməsində fəlsəfənin rolundan, gənc nəsildə fəlsəfi təfəkkürün, dövlətçilik şüurunun formalaşdırılmasının əhəmiyyətindən bəhs etdi.

Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.

Baxılıb: 5396    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada Elm, sənət, mənəviyyat qovluğunda baxa bilərsiniz














 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.