az  |   tr
Fəlsəfə dünyası

Bir görüşün təəssüratı   –  [23.08.2011]

 

Tədqiqat Mərkəzində istirahət ideyası

İsti yay mövsümündə yenə də həmişəki kimi gərgin iş gününün sonunda Şərq-Qərb Mərkəzinin işçiləri, nəhayət, dilə gəlib, «bəlkə biz də arabir istirahət haqqında fikirləşək», –  dedilər.

– Amma bir şərtlə ki, istirahət sadəcə vaxt itkisi olmasın, tədqiqatımız üçün yeni qida versin, məsələn,  Şərq və Qərbin yeni bir təmas xəttini tapaq, – dedim.

Kim isə İstanbula getməyi, Avropa və Asiya qitələrini birləşdirən Boğaziçi körpüsü haqqında təəəssüratları bölüşməyi təklif etdi. Başqa təkliflər də oldu... Amma iş çox idi və biz istirahət üçün cəmi bir gün ayıra bilərdik.

  Şərq ilə Qərb özgə harada birləşir? – deyə soruşdum.

  Üzeyir Hacıbəyovun musiqisində!

– Bəli, Üzeyir Hacıbəyov! Onun sənəti doğrudan da Şərq ilə Qərbin vəhdətini təcəssüm etdirir. Onu ziyarət etməyin ən gözəl məkanı Şuşadır, amma …

  Bəs özgə harada?

  Lütfi Zadənin təlimində. Onun Şərq düşüncə tərzi Qərb məntiqinə yeni çalar gətirmiş və dünyanın ən böyük kəşflərindən biri məhz bu vəhdət sayəsində mümkün olmuşdur.

  Amma Amerika İstanbuldan da uzaqdır.

      Bizim milli təsviri sənəti, təbiətimizin və həyatımızın özünəməxsusluğunu ən müasir rəngkarlıq texnikasının açdığı yeni imkanlar zirvəsində Avropada təmsil edən Toğrul Nərimanbəyovun sənət dünyası. Sanki Şərqin rəng qamması Qərbə transfer olunub.

      Gözəl misaldır, amma Toğrul Nərimanbəyov çox güman ki, indi Fransadadı.  

Fikir axtarışlarında uğursuzluqdan az qala mütəəssir olmuşduq ki, birdən ağlımıza vəhdət təcəssümünün daha bir yüksək nümunəsi gəldi:

– Ömər Eldarovun yaradıcılığında! Burada da iki düşüncə tərzi, iki mədəniyyət üzvi surətdə birləşmişdir. Həm də bu vəhdətin yaradıcısı ilə bilavasitə görüşmək şansımız var.

– Necə olub ki, indiyə qədər  müasirimiz olan və bizimlə bir şəhərdə yaşayan bu canlı klassikin özü və yaradıcılığı ilə yaxından tanış olmamışıq? Məgər Şərq-Qərb Mərkəzinin foyesində asılmış böyük şəkil – hər gün işə gələrkən rastlaşdığımız bu sənət əsəri – Azərbaycanda bu problemin əsasını qoymuş görkəmli şərqşünas alim Aida İmanquliyevanın qəbirüstü abidəsindən reproduksiya deyilmi və bu abidə də məhz akademik Ömər Eldarovun zəngin yaradıcılıq kolleksiyasından bir nümunə deyilmi?    

Bəzən biz uzaq ellərdə, qədim zamanlarda yaradılmış sənət abidələrini, bu abidələrin yaranma tarixçələrini təfərrüatlara qədər əzbər bilirik. «Uzaq elin halvası şirin olur», amma de, hansı sənət əsəri, hansı heykəl qəlbimizi Füzulinin abidəsi qədər riqqətə gətirə bilib? Bəs Heydər Əliyevin məğrur simasını qranitlərdə yenidən canlandırmaq hansı sənətkarın qüdrətidir? Hansı mərmər parçası «Elegiya» kimi musiqiyə çevrilib? Axı, nəyə görə biz öz klassiklərimizi sağlığında yetərincə dəyərləndirə bilmirik?   

 

İki Akademiya

Əslində akademik Ö.Eldarovun sənət dünyası ayrıca bir Akademiyadır. Onun  yaradıcılığına həsr olunmuş «Ömər Eldarov. Heykəltəraşlıq…Bakı, 2005» kitabi isə bu Akademiyaya giriş hesab oluna bilər. Burada sənətkarın həyat və yaradıcılığı haqqında yığcam bir məlumatdan sonra onun ayrı-ayrı əsərləri, yaratdığı sənət abidələri haqqında söhbət açılır, heykəllərin müxtəlif rakurslarda təsviri verilir. Kitab öz oxucu-tamaşaçılarını rəsm əsərlərinə çevrilmiş heykəllərlə  tanış edir; istər-istəməz bu abidələri üçölçülü fəzada, gerçək həyatda görmək arzusu baş qaldırır. Bunun üçün isə bütün Bakı şəhərini və hətta bütün ölkəni gəzmək kifayət etmir. Ö.Eldarovun bir sıra əsərləri bizi xarici ölkələrdə təmsil etməklə Azərbaycanın sənət elçilərinə çevrilmişdir. Amma «dənizin dadını bilmək üçün onu bütövlükdə içməyə ehtiyac yoxdur; elə bir damla da bəs edər» düşüncəsi ilə yaxında olan, əlçatan əsərlərlə  canlı ünsiyyət qurduq. Daha sonra onun qurduğu ikinci bir akademiya ilə – Azərbaybaycan Dövlət Rəssamlıq Akademiyası ilə tanış olduq.

Ömər müəllimin son illərdə ərsəyə gətirdiyi ən mühüm əsərlərdən biri məhz bu Akademiyadır. Biz bu böyük sənətkarla görüşmək, onun yeni yaradıcılıq axtarışları ilə, davamçılarının, gənc heykəltəraşların işləri ilə tanış olmaq üçün Rəssamlıq Akademiyasına yollandıq.

Gənc sənətkarların əl işləri ilə, real yaradıclıq prosesləri ilə tanış olmaqda bizə Akademiyanın prorektoru Validə xanım yardımçı oldu. Burada əsl yaradıcılıq mühiti, bir sənət ab-havası var idi. Biz müəllimlərlə tələbələr arasında səmimi, bərabər hüquqlu bir münasibətin şahidi olduq. Maləsəf, indi ali məktəblərimizin çoxunda çatışmayan bir mühit...

Buna şərait yaradan bir neçə amili xüsusi qeyd etmək istərdim:

Birincisi, mənəvi təmizlik. Çirkab içərisində, təmənna olan yerdə səmimiyyətdən söhbət gedə bilməz.

İkincisi, münasibətlərdə bəlkə də sənətin özünün təlqin etdiyi bir sevgi, doğmalıq, qayğı; gənclərin özlərini öz evlərində, öz ailələrində hiss etməsi.

Üçüncüsü, yaradıcı mühit. Daxili azadlığın təxəyyülə açdığı meydan və gənc sənətkarların öz ideyalarını sınaqdan keçirə bilməsi üçün yaradılmış şərait, texniki təchizat da daxil olmaqla..

Və nəhayət, ustadlarla bilavasitə təmas, onların yaradıcılığını izləmək və bu prosesin iştirakçısı olmaq, öz xəyalları ilə baş alıb çox uzaqlara uçmaqdan çəkinməmək, həmişə ustad bələdçinin dəstəyini, himayəsini hiss etmək.

Əslində bu Akademiyada digər ali məktəblərimiz üçün örnək ola biləcək çox cəhətlər vardır, amma indi mən bu Akademiyanın da, neçə-neçə böyük sənət əsərlərinin də müəllifi olan böyük sənətkarımız Ömər Eldarovun  özündən bəhs etmək istəyirəm.

 

Ziyalı abidəsi

Ömər Eldarovun əsərləri içərisində ən böyük abidələrdən biri də onun yaşatdığı ziyalı obrazıdır. Əslində bu dəfə mən onun əsərlərini yox, şəxsiyyətini nəzərdə tuturam. Təəssüflər olsun ki, indiki ziyalı kasadlığı şəraitində Ömər Eldarov ziyalılığı yüksək səviyyədə təcəssüm etdirmək baxımından özü də unikal bir abidədir – canlı abidə! Sadəliyi, təvazökarlığı, sənətə vurğunluğu ilə, işinə yüksək məsuliyyətlə yanaşması, yaşının bu çağında yaradıcılıq əzmi və  nəhayət, təşkilatçılığı, dövlətə və xalqa bağlılığı ilə çoxlarından seçilən Ömər müəllim ziyalılığın və vətəndaşlığın yüksək timsalıdır.

Ömər müəllimi səciyyələndirən cəhətlərdən biri də onun az danışması, çox vaxt sadəcə susmasıdır. Belə təəssürat yarana bilər ki, görünür, öz sözünü sənətilə daha gözəl deyən Ömər Eldarov danışmaqda, fikrini sözlə ifadə etməkdə çətinlik çəkir. Amma yaxından tanışlıq göstərdi ki, Ömər müəllim dərin fəlsəfi təfəkkürə malik bir şəxs olmaqla yanaşı, öz düşüncələrini də məhz fəlsəfi dildə gözəl ifadə edə bilir. Çox vaxt susmağının səbəbi də əslində elə bununla bağlı imiş. O məhz adi söhbətlərə qoşulmağı, boğazdan yuxarı, trafaret ifadələrlə danışmağı xoşlamırmış. Amma gerçəkdən yeni bir ideya, sənət haqqında dərin bir düşüncə onu silkələyir və o, fikrin alt qatındakı diskursda ən gözəl həmsöhbət olur. Bəsit söhbətləri sevməməsi, artıq danışıqlardan qaçması mənə onun sənəti ilə bağlı bir hikməti xatırlatdı. Hansı isə böyük bir heykəltəraşın, səhv eləmirəmsə, Rodenin dediyi kimi, hər daşda bir heykəl yatır; sənətkar bura nə isə əlavə etmir, əksinə, onun vəzifəsi artıqları yonub-götürməkdir. Mahiyyət ancaq artıqlar atılanda üzə çıxır. Ömər müəllim öz sənətində məhz bu işlə məşğuldur; üzdə olan, artıq olan və mahiyyəti malalayan nə varsa, ondan xilas olmaq. Söhbətlərində də zahirilikdən, bəsitlikdən, təkrarlardan qaçır. Ancaq zəruri olanı deyir, mahiyyəti ifadə etməyə çalışır: sözü ilə də, sənəti ilə də!

 

Daşın poeziyası

Nəyə görə poeziya haqqında çox yazılır, hər bir kiçik şeir də bəzən təhlil olunur, rəsm əsərləri və monumental sənət növü, heykəllər, abidələr haqqında isə fikir mübadiləsi nadir hallarda aparılır?

Görünür, sözü sözə çevirmək daha asandır. Poeziya sənət olsa da, hər halda sözlə ifadə olunmuş bir sənətdir. Onun nəbzi vurur, nəfəsi eşidilir, yaratdığı obrazlar hərəkətli, dinamikdir. Heykəl isə susur. Daş kimi soyuqdur və onun nəfəsini duymaq, nəbzini tutmaq elə də asan məsələ deyil. Onu canlandırmaq üçün tək sənətkardan deyil, tamaşaçının özündən də böyük ruhani enerji tələb olunur.

Heykələ çevrilmiş hər bir daş canlanmaq imkanına malik deyil. Daşın bətnində yatan böyük daxili enerjini hərəkətə gətirmək, heykəli dilləndirmək və onu timsalı olduğu prototipin real obrazına çevirmək qeyri-adi məharət tələb edir. Sənətkar onu yaradarkən ona ruh bəxş edə bilməyibsə, tamaşaçı nə qədər ezoterik enerji sərf etsə də, daş canlanmaz.

Ömər Eldarovun heykəlləri isə sanki canlıdır, onlar nəinki danışa bilir, həm də  proza ilə deyil, poetik dildə danışırlar. O, təcəssüm etdirdiyi şəxsin sadəcə zahiri görkəmini yox, həm də lirik  «mən»ini, arzu və istəklərini, həyat enerjisini daşa köçürür.

Əslində, bu enerji də, bu lirika da əsərin prototipindən daha çox yaradıcı sənətkarın özünə məxsusdur. Bir var, kimsə ürəyindən keçənləri sözlə ifadə edərək desin; bu – şairlik məqamıdır. Bir var, kimsə öz daxili halını zahirində, sifətinin ifadəsində biruzə versin; bu məqamı rəssamlar tərənnüm edir. Bir də var, insan hansı isə bir hərəkətə, hansı isə həyəcanlı bir hadisəyə hazırlaşmağını sadəcə duruşu ilə, bədənin səmada vəziyyəti ilə ifadə etsin. Daxili istəyin, könül pərvazlanmasının, ehtizazın, ruhani yüksəlişin, şövqün daşa həkk olunması, fəza konfiqurasiyasının gözlə görünməyən daxili gözəlliyinin üzə çıxarılması, Ömər Eldarovun özünün dediyi kimi, «sanki uçmaq üçün quşlardan qanad istəyinin» bədii tərənnümü! Hərəkətə hazırlıq halında ifadə olunan bütün sonrakı hekayətlərin konsentrasiya olunmuş forması, ruhun həndəsi təsviri – bütün bunlar hərəkəti heykəlləşdirən bir sənətin möcüzələridir.

«Əyilməz vicdanın böyük heykəli», – deyirdi şair. Heç şübhəsiz, vicdanın heykəlini, ruhun fəza təcəssümünü ifadə etmək üçün sənətkardan böyük ruhani güc, pak-təmiz estetik vicdan tələb olunur!

 

Anın əbədiləşdirilməsi

Bəli, təsviri sənətin, heykəltəraşlığın ən zəif cəhəti zamanca sürəkli ola bilməməsi, hərəkəti, dəyişikliyi və müvafiq surətdə ritmi, melodiyanı, sonra gələnin əvvəlki ilə uzlaşmasını və onu tamamlamasını ifadə edə bilməməsidir.

Lakin onun gücü elə məhz onu məhdudlaşdıran cəhətlərdədir. Əgər zaman keçirsə, deməli, ən mühüm, ən həlledici an sonrakı anlarla yanaşı, yəni müəyyən bir zaman ardıcıllığında düzüləcəkdir. Həyatın bütün anları eyni dərəcədə önəmli ola bilməz. Ciddi, möhtəşəm, həlledici anlardan sonra mütləq yüngül, cari, ötəri anlar gəlir; necə ki, melodiyada həmişə zildə qalmaq mümkün deyil. Səs enərək başqa tonlara keçməlidir. Ən tragik əsərlərdə belə əsəblərin həmişə tarım çəkilməsi mümkün deyil; yazıçı hərdən bir gərilmiş yayı buraxmalı, əsəblər dincəlməlidir. Əslində əgər adi həyati səhnələr, hətta komik vəziyyətlər olmasa, tragizm məqamının vurğulanması mümkün olmazdı.

Ancaq təsviri sənətə, ancaq heykəltəraşlığa icazə verilmişdir ki, hansı isə möhtəşəm bir anı seçərək məhz həmin anı əbədiləşdirsin, qalxdığı zirvədən heç vaxt enməsin. Bəli, heykəltəraşa cəmi bir şans verilir; o dəyişən dünyanın ancaq bir anını vəsf edə bilər. Elə hər şey də bu bir anın düzgün seçilməsindən, bütün keçmişi və hətta gələcəyi o ana «yerləşdirmək» qabiliyyətindən asılıdır.

 

Romantika və reallıq

Heykəltəraşlıq bütün digər sənət növləri içərisində gerçəkliyi ancaq maddiyyat müstəvisində ifadə etmək baxımından ruhdan ən çox uzaqlaşdırılmış bir sənətdir. Hegelin dediyi kimi, bu sənət qarşısında ruhu ağır materiyanın dili ilə təcəssüm etdirmək kimi çətin bir vəzifə dayanır. Hələ bu az imiş kimi, gerçək həyatdan zaman amili də götürülür və sənətkarın ixtiyarında ancaq bir an qalır. Bu maddi dünyanın dondurulmuş bir məqamı! Dayanmış zamanda  nəinki ruhu ifadə etmək çox çətindir, bu halda həm də hərəkəti və dinamikanı təcəssüm etdirmək üçün vasitələr yox dərəcəsindədir. Bu ən monumental sənət həm də ən ləng, ən statik, ən ağır bir ifadə texnikasına əsaslanan sənətdir. Bu baxımdan heykəltəraşlıq öz məqsədinə daha çox dərəcədə simvolların dili ilə çata bilir. Təsadüfi deyil ki, postmodernizm dövründə bu sənət öz ifadə vasitələrini xeyli genişləndirməyə nail olmuşdur. Amma məhz klassik üslubda yaratmaq, gerçəyə adekvat bir sənət yaratmaq, bu cismani dünyanın ən cansız, ən ruhsuz sayılan maddi vasitələrindən, daşından-kəsəyindən istifadə edərək, ruhun sanki əks qütbündən başlayaraq ilahi bir məqama  yüksəliş cəhdi göstərmək, – bu, ən çətin və ən nadir bir yaradıcılıq missiyası, əsl sənətkarlıq əzmidir. Bəli, o şeyi ki, böyük zaman və məkan fəzasında sərbəst olaraq yaratmaq mümkün olur, o şeyi ki, bütün rəng çalarlarının və bütün səs qammalarının vasitəsilə ifadə etmək mümkün olur, o şeyi lokal məkanda və dayanmış zamanda ağır maddiyyatın timsalında ifadə etmək və bu ağır yükə qanad verərək onu uçurtmaq, səs verərək dilləndirmək, daxili impuls verərək hərəkətləndirmək sənətkardan qeyri-adi bir istedad, virtuozluq tələb edir. Təsadüfi deyil ki, sənət tarixində şairlərin, bəstəkarların, rəssamların imzası kifayət qədər çox olsa da,  böyük heykəltəraşların imzası tək-təkdir.

Ömər Eldarovun yaradıcı gücünün düzgün təsəvvür oluna bilməsi üçün öncə onun seçdiyi bu  sənətin spesifikası, nə qədər məhdud  imkanlara və vasitələrə malik olduğu nəzərə  alınmalıdır. Maraqlıdır ki, digər sənət növləri ilə yanaşı heykəltəraşlıq sahəsində də incilər yaradan Leonardo da Vinçi müqayisəli təhlil nəticəsində bu qənaətə gəlir ki, heykəltəraşlıq məhz imkanlarının məhdudluğuna görə, sənətkarlıq baxımından ən çətin sahədir.

Biz bu sətirləri ona görə yazmırıq ki, Ömər Eldarovu, onun sənətini və bu sənətin həqiqi böyük qiymətini verməkdə acizliyimizi ifadə edək. Əksinə, ən incə mətləblər də məhz fəlsəfə aynasında daha aydın görünür. Kimsə deyə bilər ki, bütün rəsmi titullara layiq görülmüş, ən yüksək orden və medallarla təltif olunmuş Ömər Eldarov sənətinə bundan daha yüksək necə qiymət vermək olar ki? Amma nəzərə alınmalıdır ki, Ömər Eldarov sənəti hər cür rəsmi təltifdən yüksəkdə duran bir sənətdir. Ömər Eldarov azərbaycanlıdır. Lakin onun sənəti bir ölkə hüdudlarını keçərək ümumbəşəri dəyərlər xəzinəsinə elə töhfələr vermişdir ki, o öz yaşadığı lokal məkanın və zamanın hüdudlarına sığmır.

Bütün böyük alimlər, yazıçılar, sənətkarlar öz fəaliyyət sahəsinin zirvəsinə qalxanda əslində filosofluq məqamına yüksəlmiş olurlar. Mən Ömər Eldarovun simasında böyük bir sənətkarla yanaşı, həm də xalqımızın fəlsəfi fikrini, yaradıcı təfəkkürünü ən yüksək səviyyədə ifadə və təmsil edən bir şəxsiyyət gördüm.

Sənət ilə fəlsəfənin görüşü, sənətin fəlsəfə zirvəsinə yüksəlişi və fəlsəfənin dönüb sənətə qiymət vermək və onun simasında milli-bədii təfəkkürdən qidalanmaq təşəbbüsü!

 

“Əyilməz vicdanın böyük heykəli!”

Biz öz böyük sənət abidələrimizin ideya dəyərini verə bilmək üçün dünyadakı müvafiq sənət nümunələri ilə müqayisələri hansı meyarlar əsasında aparırıq? Düzdür, Bakıda öz monumentallığına, ölçülərinə və memarlıq həllinə görə Etyen Falkonenin I Pyotru əks etdirən «Tunc atlı» abidəsi ilə müqayisə oluna biləcək bir heykəl göstərmək çətindir. Biz ona görə «memarlıq həlli»ndən bəhs edirik ki, burada sənət ilə elm birləşmişdir. Yəni atın iki ayaqları üzərində o qədər nəhəng bir abidənin dayanması məsələsi sadəcə sənət yox, həm də riyazi həll tələb edən bir məsələdir. Lakin əgər söhbət məhz heykəltəraşlıqdan gedərsə və məhz daşın canlandırılmasından və fərdi ruhun təkrarolunmaz cizgilərlə daşlaşmasından gedərsə, onda müqayisə üçün bizdə ən yüksək sənət nümunələri vardır.

Bakıda böyük Füzuliyə qoyulan abidədə dərd çəkən insan, düşünən insan və  poetik ruhun üzvi bir vəhdəti öz monumental ifadəsini tapmışdır. Bu baxımdan biz Füzuli heykəlini Ogüst Rodenin «Mütəfəkkir» əsəri ilə müqayisə edə bilərdik. Lakin «Mütəfəkkir»də düşüncə üzün ifadəsindən və duruşun əzəmətindən daha çox, bədənin və qolun köməyi ilə, yeddi qat əyilərək dirsəklənmək və düşünən adamın ənənəvi obrazına girmək vasitəsilə ifadə olunur. Digər tərəfdən, burada ancaq düşüncə obrazı yaradılır. Mütəfəkkir olmaq isə rasional düşüncədən daha çox, təxəyyül və şeiriyyət tələb edir. Füzuliyə həsr olunmuş möhtəşəm abidə Danteyə həsr olunmuş «Mütəfəkkir» heykəlindən təkcə öz monumentallığı ilə deyil, həm də məhz düşünən insanın əzəmətini ifadə etmək baxımından daha təsirlidir. Burada insan öz düşüncəsinin ağırlığından əyilmir, əksinə, bu ağırlığı ruhun əzmi ilə dəf edir. Digər tərəfdən, Füzuli heykəlində düşüncə sosial məzmun kəsb edir və qəmlə birləşir. Və bütün bunların yekununda  «əyilməz vicdanın böyük heykəli» prinsipinə də riayət edilir.

Lakin Oqüst Rodenin «Mütəfəkkir» əsərinin bir üstünlüyü var ki, o, öz təqdimatını Avropa mühitində, sənəti dəyərləndirmək üçün yüksək fəlsəfi-estetik meyarları olan bir cəmiyyətdə tapdı. Biz isə bəlkə də Füzulinin özü qədər möhtəşəm olan Füzuli heykəlinin qiymətini, həqiqi dəyərini hələ də verə bilməmişik. Biz böyük mükafatları nəzərdə tutmuruq. Biz əsərin estetik dəyərini və fəlsəfi məzmununu nəzərdə tuturuq.

 

Ruh və bədən

Antik heykəltəraşlıq daha çox dərəcədə bədənin harmoniyasını, plastikasını və dinamik fiziki potensialını ifadə etməyə yönəldilmişdi. Burada insan mənəvi aləminin, fərdi ruhun təzahürü və tərənnümü bir məqsəd kimi hələ yox dərəcəsində idi. Fərdiləşdirmə yox idi, ruh hələ fərdi ruh kimi özünü təsdiq edə bilmirdi.

Məqsəd bədənin bu və ya digər tipini, məsələn, gənclikdən gələn gözəlliyi, yaxud aşıb-daşan fiziki gücün tərənnümünü və ya, əksinə, zərifliyi və həzinliyi önə çəkmək idi. Deməli, ayrıca götürülmüş bir şəxsiyyətdən, yəni tarixi şəxsiyyətdən, unikal bir reallıqdan deyil, ümumi insani-fiziki keyfiyyətlərin tipologiyasından bəhs olunurdu. Ancaq fərdi mənəviyyat, ancaq ruhun, xarakterin, şövqün, ehtirasın bir ansambl halında təsviri, yəni hər hansı bir keyfiyyətin önə çəkilməsi yox, bu keyfiyyətlərin müəyyən nisbətdə və müəyyən miqdarda ahəngdar surətdə birləşməsi və bununla da individuallığın təmin edilməsi – bax, bu vəzifə ancaq Yeni Dövr heykəltəraşlığında önə çıxır. Və bu missiyanı ancaq barmaqla sayıla bilən nadir sənətkarlar öz üzərinə götürə bilirlər.

Hansı isə bir sənət əsərində insanın fiziki gücünü, kədərini, qəzəbini, sevincini və s. bu kimi keyfiyyətləri ayrı-ayrılıqda ifadə etmək bir şeydir, bunların təkrarolunmaz bir biçimdə konkretləşməsi və reallaşmasından dolayı fərdi ruhun obrazının canlandırılması başqa bir şeydir.

Göte məqsədyönlü bir təsnifat aparmasa da, heykəltəraşlıqda texnikaya görə deyil, ideyaya görə yanaşmanın vacibliyini önə çəkərək qeyd edirdi ki, «Afrodita»da ifadə olunan ideya ilə «Herkules»də ifadə olunan ideyanın fərqi bu heykəllərin sənət həllində də öz əksini tapır.

Afrodita gözəlliyin, Herkules gücün təcəssümü kimi götürülür və onun digər keyfiyyətlərindən sərf-nəzər etmək və diqqət mərkəzinə ancaq fiziki gücün tərənnümünü çəkmək yetərli olur.

Əgər məqsəd gözəlliyi ifadə etməkdirsə, burada hansı isə konkret bir tarixi şəxsiyyətin, məlum bir qadın simasının təsvirindən deyil, bütün başqa keyfiyyətlərindən sərf-nəzər olmaqla  mücərrəd bir qadın obrazının yaradılmasından gedir. Bu – romantizmdir. Əlbəttə, bu özü də böyük sənətkarlıq tələb edir. Amma bütün bu cəhətləri göylərdən yerə endirmək, gerçək həyatla bağlamaq və onları reallıq müstəvisində təsbit etmək daha çətindir. Ömər Eldarov sənətində bir klassisizm, romantizm və reallizmin üzvi vəhdəti ilə rastlaşırıq. Başqa bir rakursda bu sənət Şərq və Qərb mədəniyyətlərinin də vəhdətini ifadə edir. 

 

«Elegiya»

Füzuli abidəsinin müəlliflərindən biri olan Ömər Eldarov qəmin, kədərin xeyli dərəcədə fərqli bir obrazını akademik Zərifə Əliyevaya həsr etdiyi heykəldə də yaratmışdır. Lakin burada həzin kədər gözəlliklə, zərifliklə vəhdətdə ifadə olunur. Əslində burada kədər obrazın özündə məskunlaşmır. Əsər elə qurulub ki, bu hiss tamaşaçıda yaranır. “Elegiya” təkcə Zərifə xanımın deyil, ümumiyyətlə zərifliyin obrazıdır. Sadəcə bu dəfə zəriflik Zərifə Əliyevanın çöhrəsindən boylanır.

Bayron müqəddəs məbəddə mərmər heykəli təsvir edərkən belə bir cəhəti önə çəkir ki, bu mərmər hətta insanın yüksələ bilmədiyi bir məqama qaldırılmışdır və indi o, Tanrının timsalına çevrilmişdir: «Biz Tanrını görürük, səsini eşidirik». Lakin onun yaradıcısı insandır – sənətkardır:

 

Bu mərmər adi insan əlində dirilmişdir.

Olimpdən poeziya ilə endirilmişdir.

 

 

Və bununla da Ömər Eldarov sənəti haqqında bizim deyə bilmədiklərimizi böyük Bayron şeirlə dilə gətirmişdir.

Böyük sənət həmişə, hər yerdə eyni yüksək bir məqamdadır. Bütün dahilər zirvədə görüşürlər. Çünki onlar eyni bir mənanı, eyni bir mahiyyəti təcəssüm etdirir, yaradılmışların timsalında Yaradanın obrazını axtarırlar. Ağac, daş, mərmər canlandırılaraq insan simasında təqdim olunsa da, əslində onların ruhani siqlətini, ilahi mahiyyəti ifadə edirlər. Lakin bu ancaq böyük sənətə aiddir – Mikelanceloların, Berninilərin, Falkonelərin, Rodenlərin, Ömər Eldarovların sənətinə!

 

Epiloq

Yaratdığı əsərlərin canlı olmasına inamdan irəli gəlir ki, akademik Ömər Eldarov həmin əsərlərin sonrakı taleyinə biganə qalmır, vaxtaşırı onlarla söhbətləşir, onların könlünü alır, necə deyərlər, dərdini çəkir. O özü bu cəhəti ürəyinin yumşaqlığı kimi izah edir. Bəli, nəinki insanların, hətta daş heykəllərin də ürəyini qırmaq istəməyən, öz ürəyinin hərarəti ilə onları isidən, yağışda-boranda onların üstünü örtməyə, günün istisində onlara çətir tutmağa çalışan bir sənətkarın könül etirafları...

Ümumiyyətlə yaradıcılıq məhəbbəti öz xarakterinə görə valideyn məhəbbəti ilə eyniyyət təşkil edir. Sənətkarın öz yaratdıqlarına münasibəti ananın öz övladına münasibətinə bənzəyir.

Fəlsəfi baxımdan ən dərin və ən mübahisəli məsələlərdən biri sənət əsərində nə kimi bir ruhun təcəssüm olunması məsələsidir. Poeziyada şair özünü, öz daxili aləmini, şəxsi yaşantılarını ifadə edir. Burada mübahisə üçün əsas yoxdur. Amma təsviri sənətdə, xüsusən portret janrında, heykəltəraşlıqda məsələ onunla mürəkkəbləşir ki, burada birbaşa məqsəd məhz təsvir olunan şəxsin portretini və deməli, məhz onun daxili aləmini, yaşantılarını təcəssüm etdirməkdir. Digər tərəfdən, sənətkara bəlli olan ancaq öz ruhudur. Deməli, sənətkar öz qəhrəmanının obrazına girmədən, onun yaşadıqlarını yaşamadan – yarada bilməz. Yaratdıqlarını yaşadan, onlara öz ruhundan pay verən sənətkar, digər tərəfdən özü də öz əsərlərinin həyatında yaşadığına, onların simasında əbədiyyətə qovuşduğuna şübhə etməyə bilər. 

 

 

Səlahəddin Xəlilov

AMEA-nın müxbir üzvü, professor

 "Azərbaycan" qəzeti 21.08.2011

Baxılıb: 5177    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.