az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfi Diskursa yekun vuruldu!   –  [25.10.2011]

Fəlsəfi Diskursa yekun vuruldu!

Fəlsəfi Diskursda bu dəfə iştirakçılar  Kantın “Maarifçilik nədir?" sualı ətrafında düşündülər. Münsiflər yerlərə görə bölgü aparmadan üç cavabı xüsusi qeyd etdilər.

 

      Sahil Şirinov:

 

Maarifçilik öyrənərək öyrətməkdir. Bəlkə öyrətməkdən çox öyrənməkdir. Vaxtilə I Pyotrun barmağına taxdığı üzükdə "Müəlliməm şagirdə möhtac" sözləri yazılmışdı.Amma Pyotr Avropa ilə tanış olduqdan sonra üzükdəki yazı başqa şəklə,"Şagirdəm müəllimə möhtac" şəklinə düşdü... Hər halda maarifçi olmamışdan öncə maarifli olmaq çox vacib şərtdir. Maarifli olmaq təbiiki anadan gəlmə keyfiyyət deyil, amma maarifli olmağa can atmağa qabillik təbii şərt ola bilər.bəlkədə istənilən insanın daxilində bir öyrənmək və öyrətmək duyğusu vardır... Amma bu maarifli olmağın müəyyən şərtlərini ödəsə də ,maarifçi olmaq şansını və məziyyətini qane edə bilməz.Maarifçiliyin termin kimi Fransadan və yaxud haradan gəlməsi önəmli məsələ sayılmamalıdır.Bu quru akademizm və falş sözçülükdür. Əsas prosesin anlamı və mahiyyətidir.Bu baxımdan heçkim inkar edə bilməzki,Konfutsi,Budda,Zərdüşt, maarifçi olmamışlar..Məhəmməd (ə.s)-ın maarif nuru nə qədər qaranlığı ziyalandırdı? Bəhmənyar, Xaqani, Nizami, Sührəvərdi, Sabir, Cavid, H.Hüseynov, Zadə ziyası Azərbaycan intellektinin fənərindən işraqlanmadımı. Maarif o məhz çatışmayan "işıq"dır. Bu yerdə "Dünyada qaranlıq yoxdur,demək orda işıq yoxdur" deyimi yada düşür..İnsan hər gün özündən imtina edə-edə maariçiliyin ilk addımlarını atır bəlkədə bəsit və həyati formada. Biz maarifçiliyi daha çox təbliğatda, diktədə. kənarda və başqasının ziyasında axtarmışıq həmişə. Düzdür bu tolerant və açıq düşüncəyə qabillik kimi təqdir olunmalıdır.Amma həmişə başqa imzalara və tarixə" möhtac" olmamaq üçün maarifçilik içimizdə yetişməlidir.Bəlkə də biz maarifçiliyin içində yetişərkən özgələşmə meylimiz daha çox olur. Hər halda hər bir millət öz maarifçisinə ,öz maarifinə möhtac olmamalıdır.Bax bu amilin olmaması dolayı fəlakət ola bilər.Russo mənə müəllimlik edə bilərdi ,amma məni Ə.Topçubaşov qədər istəyə bilməzdi. Təzadlı və yersiz analogiyaya bənzətməyin,amma bu milləti Russonun vətənində Topçubaşıov asanlıqla müdafiə edə bilmirdi. Tərəfsiz maarifçilik. Ümumbəşəri ideallar milli sərhədlərdə nə qədər neytrallıq saxlaya bilir? Məncə bəşəriyyət nə qədər maariflənsə də, nə qədər maarifləndirsə də, heç zaman bütpərəstlikdən və millilikdən qurtula bilməyəcəkdir...Ona görə də bəlkə orta statistik maarifçi ümumbəşəriliyə ən az ziyan vurmaqla millətinə ən çox xeyir gətirməyə çalışan insandır. Maarifçi maarifi kərpic – kərpic inşa edən insan nəslidir. Hərə öz çapında maarifçi ola bilər, hamının çapında maarifçi olmaq isə kamillik məziyyətidir. İbn Sina ölüm yatağında olarkən bir ziyarətçisindən – fiqhdə ziddiyyətli məsələlərdən birinin izahını verdiyini eşitmişəm, söylə eşidim deyir. Ziyarətçi onu bu vəziyyətdə narahat etmək istəmir amma təkid olduğunu görüb soruşur : Ustad səni bu vəziyyətdə nə vadar edir öyrənməyə ? İbn Sina – bir ola bilərək olüm, bir ola bilməyərək deyir. Hər halda bilmək və maariflənmək imtina edə bilmədiyimiz cəhətimizdir. Hələ çoox yazmaq olar. Əsas çox anlatmaqdır.

 

      Sayalı Əliyeva:

 

İ.Kantın “Maarifçilik nədir”məqaləsi 1784-cü ildə yazılmışdır.Bəs sual olunur,Kant bu məqaləni niyə yazmışdır? Çünki,Kant və onun kimi digər maarifçilik tərəfdarları artıq zəkanın oyanmasının zamanının çatdığını,ənənənin,dinin ,əqli durğunluğun vurduğu ziyanı anlamış və bunun aradan qaldırılması yolunda bacardıqları mübarizənin aparılması vacibliyini anlamışlar.Kant yazır: “Hər tərəfdən düşünməyin nidalarını eşidirəm”.Demək,hər kəsin düşünmək,dərk etmək tələbatı var. Sonra Kant yazır: “Maarifçilik insanın öz günahı ucbatından düşdüyü rəzil vəziyyətdir. Bu rəzilliyin səbəbi isə insanın öz ağlını başqalarının əlinə vermədən istifadə edə bilməməsidir. Bunun səbəbi ağılda deyil, ağlın istifadə olunmamasında, ya da ən pisi ağlı başqalarının sərəncamına verməmiş ondan istifadə etmək qətiyyəti və ürəkliliyi göstərə bilməyən insandadır.” Bəs, insan bu rəzilliyi qəbul edirmi?Əlbəttə edir,o zaman edir ki,öz rəzilliyinin mahiyyətini anlamır.

Azərbaycanda maarifçilik ideyalarının yayılması nə zamandan başlayır.?Heç şübhəsiz ki,Həsən bəy Zərdabinin “Əkinçi”qəzetinin nəşri ilə.Lakin,bu yolda başlanan mübarizə yarımçıq qalmaq məcburiyyətində qalır.Səbəb azadlıqdır.Maarifpərvərlərə azadlıq lazımdır.Hətta,vaxtilə maarifçiliyin xalqa necə zəruri olduğunu anlayan M.F.Axundov Azərbaycan dilində qəzet nəşr etdirməyə nail olmayanda yazmışdır: “Zəhərdən acı bir həyat keçirirəm”.

Bütün söylənənlərə əlavə olaraq onu qeyd istərdim ki,əgər biz bu gün yüksək elm və sənətə nail olmaqdan danışırıqsa,deməli ilk öncə yüksək maarifçilik bacarığından danışmalıyıq. Çünki,hər hansı bir elmin dərinliyinə yalnız maariflənməklə nail olmaq olar.Əbəs yerə deyilki II-III əsr öncə Avropanın yaydığı və təkidlə mübarizə apardığı maarifçilik ideyalarının nəticəsidir ki,Avropa filosoflar,şairlər,ziyalılar diyarına çevrilmişdir və əgər bu proses rəzillik olsaydı qeyd olunan ziyalılar maarifçilik ideyalarının yayılması uğrunda qeyd olunan mübarizəni aparmazdılar.

Nəticə olaraq bunu söyləmək istərdim ki, məncə maarifçilik keçmişi öyrənərək,indikini dərk edərək, bütün bunlardan düzgün nəticə çıxarmağı bacararaq gələcək maariflənmə ideyalarını artırıb,hər kəslə paylaşmalı olduğumuzu bizə hər zaman xatırladan düşüncədir.

P.S. Maariflənmə qəflətdən oyanışdı,maariflənmə elmlənmə ilə dirçəlişdi,maariflənmə rəzillikdən qurtuluşdu.!

 

      Seyran Quliyev:

“Dünyanın sultanı həmişə elm olmuş,elmdir və elm olaraq qalacaqdır. Hələ heç kəs bu sultanı elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi hökmdarı olan elm ancaq vaxt aşırı paytaxtını dəyişmiş, gah Məşriqdən Məğribə, gah da Məğribdən Məşriqə getmişdir”.
Cəmaləddin Əfqani Maarifçilik- insanları gerçəkilyə yeni baxış bucağından baxmağa dəvət edən, onları mütərəqqi fikirlərlə silahlandıran dünyabaxışdır. O, cəmiyyəti elmi biliklərlə zənginləşməyə səsləyir, bunun nəticəsində də sosiumdakı çatışmazlıqların aradan qalxacağına inanır. Maarifçilik bir ictimai-siyası cərəyan kimi XVIII əsr Fransasinda ortaya çıxsa da demək olar ki, bu dalğa qısa müddətdə dünyanın bir çox ərazilərində yayila bilmişdir. O, hansı ölkəyə qədəm qoymuşsa, mütləq həmin ölkədə yeni nələrəsə imza ata bilmişdir. Cəmiyyətdə ənənəçilikdən tutmuş idarəçiliyə kimi bor çox sahələr maarıfçı mütəfəkkirlərin tənqid atəşinə tuş gəlmişdir. Bir sözlə maarifçilik harada peyda olmasından asılı olmayaraq hazırki düzənə boyun əymək istəməmiş, reallığa müxalif mövqe sərgiləmişdir. Elə buna görə də maarifçiliyi xarakterizə edərkən onu ictimai-siyası cərəyan hesab etməkdədirlər. Fransa burjua inqilabı söylədiyimə bariz nümunədir. Məlumdur ki, bu inqilabın ideya kökləri maarifçilik hətəkatına dayanır. Sonra bu hərəkatın bir qədər gec də olsa fərqli çoğrafiyaya, islam şərqinə “gəlişini” izləyək . Bu ərazilərdə maarifçilik ideyalarının yayılması müstəmləkəçiliyə qarşı hərəkatların genişlənməsi , Cəmaləddin Əfqani və Məhəmməd Əbduhun simasında isə islam islahatçılığı ideyasının gündəmə gəlməsinə səbəb olur. Hər nə qədər islam maarifçilyi ruhanilər və hakimiyyət başında oturan fiqurlar tərəfindən birmənalı qarşılanmasa da yeni baxışlar islam aydınları tərəfindən rəğbətlə qarşılanırdı. Bu dönəmlərdə Cəmaləddin Əfqani müsəlman şərqinin düşdüyü vəziyyəti təhlil edərkən çox önəmli bir məsələyə toxunurdu. Qisaca da olsa belə fikirlərdən bir neçəsinə toxunmaq yerinə düşərdi: “Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki yerə bölmuşlər: müsəlman elmləri və Avropa elmləri. Bununla da onlar müsəlman xalqını faydalı elmləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, insanı şərafətli edən elm ayrıca hec bir xalqa mənsub deyil, kim ona yiyələnsə onundur”. Daha sonra Əfqanı bu məsələ ilə bağlı aşağıdakı fikirlərini dilə gətirirdi: “Təəccüblü burasıdır ki, müsəlmanlar Aristoteli o qədər rəğbətlə oxuyurlar ki, elə bil o, əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası-anası və sübutu dəlildir. Burada əsas Aristotel, yaxud Qaliley deyildir, haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar qadağan edirlər, elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə adamlar əslində islamın düşmənləridir”.

Bəli. Məncə hər şey aydındır. Artıq şərhə ehtiyac yoxdur. Əfqaninin “islam islahatçılığı” ideyasının əsasında da elə maarifçilik ideyası dururdu. O, müsəlmanları dünyanın qabaqcıl elmi nailiyyətləri ilə yaxından maraqlanmağa çağırır, əzbərçi islam “üləmalar”ını topa tutur, onları yalançı təfsirlərə yol verməkdə günahlandırır və islamın yaşadığı rəzil vəziyyətdən yeganə çıxış yolunu Hz. Məhəmməd dönəmindəki islama qayıtmaqda görürdü. Onun ardıcılı M.Əbduh da islam islahatçılığı mövqeyindən çıxış edir, islamı biliklərə çağdaş günümüzün elmi biliklərinə əsaslanaraq yanaşılmasının vacibliyini vurğulayır və tədrisdə modern düşüncəyə söykənən yeniliklərin həyata keçirilməsinin zəruriliyindən danışırdı...

Maarıfçilik hərəkatının Hindistan və Çində də nə kimi hadisələrlə yadda qalması maraq doğurur. Eləysə adını qeyd etdiyimiz olkələrin maarifçı mütəfəkkirlərinin baxışları ilə tanış olaq. Hindistana nəzər salanda burada Ram Mohan Rayın islahatçılılq görüşləri diqqətləri çəkir. O, ətrafındakılarına qərb yönümlü, qərbə meyilli fikirlər təbliğ edir, Avropa sisteminə uyğun təhsilin zərurliyini vurğulayırdı. Ran Mohan əlindən gələni edirdi ki, təmsil etdiyi xalq Avropa mədəniyyətinə yiyələnsin. Həmçinin Mohan cənabları kasta qruıuşunu sərt tənqid edir, bu sistemin hindusları parçaladığını söyləyirdi. O, dində də islahatların keçirilməsinin xususi önəm kəsb etdiyini bildirir, islam şərqində C.Əfqani kimi dinin əlavələrdən təmizlənməsini istəyirdi. Bu münasibətlə yazırdı: “Mən bütpərəstliyin müdafiəçilərinə qarşı çıxış etdim. Göstərməyə çalışdım ki, brahmanların bütpərəstliyi onların sələflərinin praktikasına, qədim kitablarının
prinsipinə ziddir”.

Ram Mohan Rayın maarifçilik hərəkatını daha mütəşəkkil həyata keçirtmək üçün “Brahmo Samac” adlı təşkilat yaratması da məlumdur. Bu təşkilat dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün insanlar üçün açıq idi. Əlbəttə bu o dövr Hindistanı üçün çox önəmli hadisə idi. Təşkilatın əsas məqsədinin aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik:

-        kasta və dini fərqlərin aradan qaldırılmasına nail olmaq

-        sosial islahatlarla çıxış etmək

-        xalqın qabaqcıl fikirli insanlarının qüvvələrini vahid mərkəz ətrafında birləşdirmək

-        ölkənin mədəni səviyyəsinin inkişafına çalışmaq və.s

 

Ran Mohan Ray islahatçı, maarıfçı fikirlərini irəli sürərkən Avropanı örnək alır, Hindistanın xilasını qərb sivilizasıyasına qovuşmaqda görürdü. Əlbəttə yeni baxışlar hind cəmiyyəti tərəfindən birmənalı qarşılana bilməzdi. Çox keçmir ki, Brahmo Samacçılara qarşı “Dharma Sabha” təşkilatı yaradılmış olur.

Çində vəziyyət necə idi?

Maarifçilik dalğası Çin mühitində də özünü göstərmiş, bır sıra mütəfəkkirlər bu mövqedən maraqlı mülahizələr irəli sürmüşlər. Belə mütəfəkkirlər sırasında XIX əsrdə yaşamış Van Taonun adını qeyd edə bilərik. O, bır sıra xarıcı ölkələrdə səyahətlərdə olmuş, Çinə qayıtdıqdan sonra ölkəsinin islahatlar yolu ilə dəyişdirilməsinin mümkünlüyündən söz açmışdır. Düzdür o, Çinin avropalaşmasının əleyhinə olsa da, idarəetmədə ingilis tipli monarxiyanın tətbiqindən yana olmuşdur. Van Tao ölkənin güclü inkişafı üçün qərbın elmi nailiyyətlərindən faydalanmağı məsləhət görür, qərbin müsbət keyfiyyətlərindən bəhrələnməklə onların Çində tətbiq edilməsinin zəruri olduğunu bildirirdi...

Maarıfçilik hərəkatının ölkəmizə gəlişi də diqqətəlayıqdır. İlk azərbaycanlı maarıfçilər sirasında A. Bakıxanov, M.F. Axundov, H.Zərdabi, Ə.Ağaoğlu, Ə. Hüseynzadə, Ə. Topçubaşov, M.Ə. Rəsulzadə, C. Məmmədquluzadə, S.M. Qənizadə, H.Mahmudbəyov, H.Z. Tağıyev kimi mütəfəkkir və maarifpərvərlərin adlarını çəkinmədən qeyd edə bilərik...Yuxarıda qeyd etdiyimiz kimi maarıfçilik qədəm qoyduğu ölkələrdə yeniliklərə imza atmaqda idi. Ölkəmizdə ilk belə yenilik Mirzə Fətəli Axundovun simasında görüntüyə gəlir. Axundov, ərəb əlifbasının yararsızlığı ideyasından çixiş edərək onun yeni əlifba ilə əvəz edilməsini təklif edir. Mütəfəkkirin bu məqsədlə Osmanlı sultanı ( həm də islam xəlifəsi ) ilə görüşüb fikirlərini çatdırması məlumdur. Bunnan başqa bu dönəmlərdə Axundov komediyaları ilə gündəmə gəlir ki, bununla da o, Azərbaycan ədəbiyyatında realist dramaturgiyanının əsasını qoyur. Bu komediyalarında, həmçinin Kəmalüddövlə məktubları” əsərində islam şərqindəki cahillik, gerilik, böyük ustalıqla canlandırılmış, islam ehkamları tənqid edilmişdir.
Bundan başqa 1875-ci ildə Həsən bər Zərdabi tərəfindən “Əkinci” qəzetinin əsasının qoyulması ilə maarifçilik yönümündəki işlər bir qədər də genişləndirilir. Zərdabi dəfələrlə vurğulayır ki, Əkincinin məqsədi xalqın gözünü açmaqdır. Bunnan ehtiyatlanan çar höhüməti çox keçmir ki, 1877-ci ildə qəzetin fəaliyyətinə xitam verir.

Əhməd bəy Ağayev ( 1909-cu ildə İstanbula muhacirət edənə kimi Ə.Ağayev) də öz növbəsində maarifçilik mövqeyində dayanır, bır sıra islahatçı fikirlər irəli sürür. Məsələn o, islama rasional mövqedən yanaşır, islamda qadın hüquqlarından bəhs edir və qadınların da da seçkidə iştirak edə bilmək haqqlarının olduğunu vurğulayırdı. Bu kimi fikirlərinin nəticəsi idi ki, 1918-ci ildə Şərqdə ilk Demokratik Cumhuriyyət ADR yarandıqdan sonra qadinlara da seçki hüququ verilmişdi.

XIX əsrin axırları XX əsrin əvvəllərində əhalini maarifləndirmə yönümündə gördüyü işlərə görə bır sıra mətbu orqanların da rolu mühümdür ki, belələrinin sırasında “Molla Nəsrəddin” , “Füyüzat” , “Həyat” . “İrşad” kimi mətbu orqanların adlarını qeyd edə bilərik.

Sonda fikirlərimi yekunlaşdırarkən maarifçilik nədir? sualına yenidən qayıdıb bildirmək istəyirəm ki, maarifçilik - insanların, cəmiyyətlərin əlindən tutub onları bu və ya digər şəkildə xoşbəxtliyə doğru sürükləmək olub, öz mütərəqqi fikirləri ilə cəmiyyətin bütün sferalarına nüfüz edə bilən, elmi, mədəni, ictimai, siyasi fəaliyyətdir. Yuxarıda qısaca da olsa maarifçilik küləyinin əsdiyi fərqli çoğrafıyalarla tanış olduq. Demək olar ki, adını qeyd etdiyimiz çoğrafıyaların hamısında eyni məqsədin şahidi olduq.

Çağdaş günümüzə gəlincə isə söyləyə bilərik ki, bu gün Şərq, Qərb ölklərindən bir çox sahələrdə geri qalır. Buna görə bır sıra şərq ölkələrində tələm-tələsik olaraq Avropaya inteqrasiya cəmiyyətləri yaradılır, Avropada nə görülürsə onun Qərb ilə ayaqlaşmaq istəyən ölkələrə transferi müşahidə olunur. Bu zaman bizlər ayıq-sayıq olmalıyıq ki, kimlərsə qaş düzəltmək istərkən vurub gözümüzü kor etməsin. Ən azından bır şeyə görə diqqət yetirməliyik ki, qərb insanı ilə şərq insanının dəyərləri, normaları arasında uyğunluq çox azdır. Qərbdən yeni nələrisə əxz edən zaman mütləq o, həmin ölkənin reallıqlarına adekvat olmalıdır. Əxz edilənlər müsbət keyfiyyətlər olub ölkə vətəndaşlarını tərəqqiyə doğru istiqamətləndirməlidir.

 

Cavabları ümumi şəkildə səciyyələndirsək, əsasən diqqətdən yayınan aşağıdakı üç cəhətləri vurğulamaq istərdik:

Birincisi, maarifçilik tarixi prosesdə bir mərhələ olub nədənsə nəyə isə keçməyi səciyyələndirir. Söhbət tarixən dini-mistik düşüncədən elmi düşüncəyə, ehkamçılıqdan müşahidə və tədqiqata, öyüd-nəsihətdən sosial özünüdərkə, sxolastikadan rasionalizmə keçiddən, insanın özünü təbiətin və cəmiyyətin subyekti kimi təsdiqinə yönəlmiş bir prosesdən gedir.

İkincisi, maarifçilik fərdi miqyaslı bir hadisə olmayıb, bütövlükdə ölkənin, xalqın həyatında baş verən ictimai bir hadisədir. Yəni ayrı-ayrı adamların öyrənməsi və öyrətməsi, biliklər əldə etməsi, yəni biliyin prioritetliyindən çıxış etməsi hələ maarifçilik deyil. Bu, ya intellektual bir prosesin sosial məzmun kəsb etməsi, ya da prioritetlərin xalq, millət miqyasında dəyişilməsi, yəni bütövlükdə milli düşüncənin intibahıdır.

Üçüncüsü, maarifçilik ziyalılıqla tam eyni deyildir. Bunu ona görə vurğulayırıq ki, cavabların əksəriyyətində məhz ziyalılığın izahı verilir. Ayrı-ayrı şəxslər, alimlər, ziyalılar həmişə olub. Müəllimlər və şagirdlər də, müridlər və mürşidlər də qədim dövrdə və orta əsrlərdə fəaliyyət göstəriblər. Platon Akademiyası, İskəndəriyyə kitabxanası hələ eramızdan əvvəl var idi. Amma maarifçilik məktəb açmaq, dərs öyrətmək deyil; empirik və rasional düşüncə tərzi və bu düşüncənin ictimailəşməsi prosesidir.

Dördüncüsü, müxtəlif xalqların həyatında maarifçilik müxtəlif dövrlərdə olur. Əslində, bu dövr keyfiyyətcə eyni, zamanca fərqli olur. Çünki inkişaf templəri fərqlidir, ictimai şəraitlər, tarixi situasiyalar fərqlidir.

Beşincisi, bir cərəyanın mahiyyətini açmağın ən asan üsulu onu başqa cərəyanlarla müqayisədə verməkdir. Bu halda maarifçilik utopiya, sxolastika, mistika, habelə romantizm, realizm və digər fikir cərəyanları ilə müqayisədə təqdim olunsa idi, daha çox şey demək olardı.

Və nəhayət, nə qədər təəssüflənməli olsaq da, Əbu Turxanın “Şərqi geri qoyan fikir tənbəlliyidir” kəlamı bizim Diskursda da özünü göstərir. Fikirləşmək bir yana dursun, adicə sualı qoyan şəxsin bu sualı harada, necə və nə üçün qoyduğunu bilmək üçün təşəbbüs göstərilmir (bircə Sayalı Əliyevanın əsərlə tanışlığı hiss olunur). Heç olmasa maraq xatirinə dönüb Kanta müraciət edilsə idi, orada əslində cavab da tapılardı. Axı, Kant sadəcə sual verməyib; bu sual onun əsərinin adıdır və biz nəzərdə tuturduq ki, həmsöhbətlərimiz əsəri oxuyub bundan sonra öz münasibətlərini bildirəcəklər. Çünki Kant dövründən xeyli vaxt keçib. Biz başqa bir ölkədə, başqa bir zəmanədə yaşayırıq. Bizim öz filosoflarımız var və onların da fikrini tətbiq etməyi öyrənməliyik. 

Baxılıb: 6872    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.