az  |   tr
Fəlsəfə dünyası

İnsan nə dərəcədə öz həyatını yaşayır?   –  [23.10.2011]

İnsan nə dərəcədə öz həyatını yaşayır?

Oktyabr ayının 1-də
“İnsan nə dərəcədə öz həyatını yaşayır?”

mövzusunda elmi-fəlsəfi seminar oldu


Səlahəddin müəllim:

Diqqətlə araşdıranda, fəlsəfi prizmadan baxanda məlum olur ki, adamların çox böyük əksəriyyəti öz həyatını yaşamır. Biz gərək əvvəlcə müəyyənləşdirək, insanın öz həyatı nədir, öz həyatını yaşamaq asanmı, yoxsa çətinmi? Birincisi, hətta bunu da müəyyənləşdirmək çox çətindir ki, hansı həyat insanın öz həyatıdır. Gəlin təsvirdən başlayaq. Müasir elmin əsas metodu elə olanları təsvir etməkdir. İnsan nə edir? Doğulur, uşaq olanda hara qoyurlar, orada da oturur, hara qoyurlar orada da yatır, əl qolunu bələyirlər, bəzən açırlar. Bunu özü seçmir. Gəlin məsələni belə qoyaq – öz həyatı deyəndə insanın özünün seçdiyi həyatımı nəzərdə tutacağıq, yoxsa nə isə başqa bir şeyi mi? Özünün seçdiyi həyatdırsa, o artıq bir növ özünün qurduğu həyat ilə üst-üstə düşür və burada avtomatik olaraq uşaq vaxtı yaşanan həyatın öz həyata aidiyyəti olmur, ona görə ki uşaq vaxtı onun qəyyuma ehtiyacı var, başqası tərəfindən yaşadılmağa ehtiyacı var. Sonra isə evdə və məktəbdə uzun müddət ona tərbiyə verirlər, öyrədirlər, yəni həmişə başqaları onu harasa yönəldir, hansısa bilikləri verirlər. Və bu insan bir balaca özünə gələndə sual edir ki, tutaq ki, mən niyə Bakıda anadan olmuşam, mən niyə XX əsrdə doğulmuşam, mən niyə məsələn İntibah dövründə doğulmamışam. Yəni insan özü seçsəymiş, görəsən necə seçərmiş, ağlı başına gələndə və öz istəyi ilə həyatını seçmiş olsa, görəsən hansı dövrü seçər, hansı məkanı seçər, hansı vəzifəni, hansı ixtisası seçər? Bunların heç birini insan özü seçmir. Mən öz yazılarımda ixtisas seçimi ilə bağlı çox məsələlərə toxunmuşam, yazıq məzunlar necə seçirlər ixtisası. Mən bu sualı qoymuram ki, bu seçimi valideynmi etməlidir, yoxsa uşaq özümü? Burada da bir həqiqət var – valideyn çox vaxt uşağın iradəsini zorlayır, öz mövqeyini diktə edir. Bu da var, amma o biri tərəfdən uşaq nə mənədir ki, özü müəyyən etsin hansı ixtisası seçsin. Ən azından bu seçimi 15-16 yaşında edirsə, bu düşünülməmiş, ölçülüb-biçilməmiş bir seçim ola bilər. Eyni zamanda onun nə ağlı, nə bilikləri, nə də hətta hissiyyatı kifayət deyil, hələ formalaşmayıb. Belə bir atalar sözü var: Cavan gözü ilə at al, həyat yoldaşı seçəndə qocanın sözünə qulaq as. Bu elə-belə deyilməyib. Sovet dövründə uzun müddət belə bir ənənə olubdur – atadan qalan, andan qalan nə varsa, adət ənənə ilə bağlı nə varsa, hamısını söymək lazımdır. İndiki Avropa ilə Sovet İttifaqı qohumdular, onların arasındakı sosial, iqtisadi, siyasi fərqliliklərə rəğmən düşüncə tərzlərində böyük eyniyyətlər var. Müasir düşüncə deyil bu, bayağı bir düşüncədir. Bu bayağı düşüncə ində qərb dairələrində hakim kəsilib – uşaq müstəqildir. Amma qoy bir uşaq özünü dərk etmək səviyyəsinə gəlsin, sonra qərar versin. Hələ nə qədər ki onun sənin köməyinə ehtiyacı var, göstərmək lazımdır bu köməyi. Burada seçim məqamı önəmlidir – nə vaxtdan uşaq özü həll edə bilər. Çox önəmli məsələdir – hansı işi nə vaxtdan özünə həvalə etmək lazımdır. Elə şey var uşaq artıq üç yaşında özü həll edə bilər, amma elə şey də var o hətta iyirmi yaşında da seçim etmək iqtidarında deyil. Başqa bir sual qoyacam. Hətta gedib parlamentin binasında oturmaq üçün, yəni deputat olmaq üçün 27 yaşın olmalıdır. Nəyə görə prezident olmaq üçün 35 yaşın olmalıdır? Nəyə görə bu qadağalar qoyulur? Və ya sürücülük vəsiqəsi almaq. Yaxud evlənmək yaşı. Burada fizioloji yetkinlik məsələsi də var. Amma nə dərəcədə o bu yaşda ailənin məsuliyyətli bir iş olduğunu dərk edir? Millət vəkili və prezident məsələsinə qayıdaq. Elə istedadlı insanlar var ki, hələ 20 yaşında böyük kəşflər ediblər: böyük rəssamlar var, riyaziyyatçı olan var və s. Amma necə olur ki, bunlara biz qadağa qoyuruq və bu bütün dünyada qəbul olunmuş bir praktikadır. Mən buna haqq qazandırmaq mövqeyindən çıxış etmirəm, amma burada məntiq var, min illərin praktikası var, və o göstərir ki, bütün istedadına, zəngin biliklərinə baxmayaraq, yaşca cavan olan adamlar, bəzən elə qərarlar verə bilər ki, bu cəmiyyətin ümumi ab-havasına uyğun gəlməyə bilər. Bu yaş həddi qadağaları ilə insan azadlıqları bir növ məhdudlaşdırılır. Və bu dünya praktikasında qəbul olunan məsələləri heç kim fəlsəfi müzakirəyə çıxarmır – niyə axı biz bir gəncin prezident olma hüququnu məhdudlaşdırırıq. Bunun bir sıra milli, sosioloji və s. əsasları var, və bunları heç kim araşdırmaq haqqında düşünmür. Mən hər tərəfdən giriş etdim məsələyə ki, sizin fikirləriniz toplaşsın həmin o qoyduğumuz suala – biz öz həyatımızımı yaşayırıq, yaxud yaşadığımız həyat bizimdirmi?

Heç bir fikri mütləqləşdirmək olmaz, hər bir fikrin öz tətbiq olma mühiti var. Konkret bir ictimai, mədəni-mənəvi şəraitdə bu həqiqət doğru ola bilər, tətbiq baxımdan bir başqa mühitdə qüsurlu olar. Heç bir fikri mütləqləşdirmək olmaz. Hətta bir rəng öz-özlüyündə gözəl ola bilməz. Bu rəng ancaq bəlli bir fonda gözəl ola bilər, bir başqa rəng isə digər fonda. Yaxud bir söz özlüyündə gözəl ola bilməz, o ancaq yerinə düşərsə gözəl səslənə bilər. Yəni obyekt və onun mühiti, konteksti, fonu. Qayıdırıq yenə suala – bizim yaşadığımız həyat bizimdirmi? Biz razılaşdıq ki, uşaq yaşlarında yaşadığı həyata heç kim iddialı ola bilməz ki, bu məhz mənin iradəmlə yaşanmışdır. Təsadüfən itsəydiniz, ya doğum evində səhv salınsaydınız, siz bu həyatı yox, bir başqa həyatı yaşayardınız.

Ya qayıdıram həmin ixtisas məsələsinə. Kim burada düşünülmüş surətdə ixtisas seçib? Hətta kimsə özü seçibsə, bu yenə də onun seçimi deyil. Çünki o özü o dərəcədə yetkin deyildir. Onun üçün o qədər biliklər verilməmişdir ki, o düzgün seçim etsin.

Bax, sən Könül, düzgün ixtisas seçimi etmisənmi?

 

Könül Yazar:

Mən bu sualı həmişə vermişəm özümə. Mən Azərbaycan dili filologiyasını bitirmişəm. Ancaq mən oxuduğum müddət ərzində həm jurnalist işləmişəm, həm digər ixtisaslar üzrə. Mən həmişə axtarmışam, hansı mənim üçün daha xoşdur. Mən bu dörd ildə potensialımı bir başqa sahədə olduğunu gördüm, mənim güclü idarəetmə qabiliyyətim var. İnsan ancaq yaşadıqca, təcrübə etdikcə, başa düşür ki, nə onun üçün yaxşıdır, nə pisdir. Təcrübə hər şeydən daha önəmlidir. İnsanın təfəkkürü yaşadıqca inkişaf edir. Mən bura ilə ilk dəfə tanış olanda siz mənə bir neçə kitab vermişdiniz. Mən bunların hamısını oxudum, çünki mənə maraqlı idi, mənim oxumağa böyük həvəsim var. Ancaq siz mənə dediniz ki, sən oxuduqlarını bir kənara qoy, sən çox şey oxuya bilərsən, çox yerdən maariflənə bilərsən, ancaq bunları dərk etmək üçün zaman lazımdır.

 

Səlahəddin müəllim:

Çox gözəl! Mən xanımın dedikləri ilə bir növ razıyam ki, əslində bütün ömrü boyu insan seçə-seçə gedir, hər bir mərhələdə dərk edirsən ki, buna qədər yaşadığın əslində sənin istədiyin deyilmiş.

 

Könül xanım:

Bəs dahilik nə olur onda? Dahilik hər hansı bir yolu davamlı getməkdir. Yəni mən Könülün enerjisinə bələdəm, o özünü axtarır və mən inanıram ki, tapacaq. Mən indi ümumiyyətlə danışıram. Əgər mən bu mərhələyə qədər jurnalistəm, yox jurnalistlikdən bir şey çıxmadı, qoy indi də müəllim olum, burdan da bir şey çıxmadı, gedim rəhbər olum və s. Mənim ömrüm tükənir, nəticədə mən elə hey sıfırdan başlaya-başlaya dururam. Bu necə olur, hanı dahilik, hanı bir işi sonuna çatdırmaq?

 

Səlahəddin müəllim:

Gözəl? Yəni bu bir variantdır. Hər bir insan bura qədər yaşadığı həyatın qüsurlu olduğunu düşünə bilər, yeni həyat axtara bilr. Bu bir kənar haldır. İkinci kənar hal oldur ki, bəzən soruşanda ki, bir də həyata gəlsən, hansı həyatı yaşayardın, hansı sənəti seçərdin, deyirlər ki, elə bu həyatı yenə yaşayardım. Belə çıxır ki, insan həmişə halından məmnundur, getdiyi yoldan məmnundur və bu yol ilə də getmək istəyir.

 

Könül Yazar:

İnsan tənbəl varlıqdır. O düşünür ki, mənim bir qurulu düzənim varsa, mən elə bu yolda da davam etməliyəm.

 

Səlahəddin müəllim:

O, Şərq insanına aiddir. Bizi Qərb insanından fərqləndirən bir cəhət də fikir tənbəlliyidir. Fikirləşmək istəmirsənsə, ölçüb-biçmək istəmirsənsə, yaşadığın həyata kənardan baxmaq istəmirsənsə, bu situasiyada tutaq ki, bir alman nə edərdi, bir italyan nə edərdi sualını vermirsənsə, deməli, həmişə idarə olunacaqsan, yəni belə insanlar öz qismətləri ilə həmişə razıdırlar. Əsl xoşbəxt olmağın yolu odur; hər dəfə yeni bir həyat axtarmaqla xoşbəxt olmaq çətindir, bu xoşbəxt insan etalonuna uyğun deyil. Konfusizmdə də, daosizmdə də xoşbəxt insan resepti halından məmnun olmaqda görülür. Əgər vəziyyətin pisdirsə, onda özündən pislərə bax, və de ki, məndən də pis halda olanlar var. Amma burada bununla yanaşı, potensialımı da ölçməyi bilməliyəm. Mənim başqa nə imkanlarım var idi ki, mən onları istifadə edə bilməmişəm. Belə bir aforizm var, deyir ki, həyat sənə verilmiş ideyanın və ya imkanın realizasiyasıdır. Bu ya tale yazısının yavaş-yavaş həyata keçməsi ola bilər, ya sənin potensialındırsa, o potensialı realizə etmək lazımdır. Adam var ki, ona təbiətən rəssamlıq istedadı verilib, özünün xəbəri yoxdur. Yəni insanın bütün sahələrdə özünü sınaması və bu gərçək potensialı üzə çıxarması mümkün deyil.

Cahangir Məmmədli:

Bütün həyat diktələrdən ibarətdir. Məsələn, mən ideal seçimimi elədim. Mühit də mənə deyir ki, bu, düzgün seçimdir. Yenə də bu seçimdə diktələr var. Mən öz həyatımı yaşamıram. Mənim istədiyim, içimdəki tamam başqadır, bu maraqlı ola bilər, amma yenə də qaydalar var, normalar var, onlardan kənara çıxmaq olmaz.

 

Səlahəddin müəllim:

Təbii. Siz indi məsələnin bir başqa aspektini qoyursunuz ortaya. Gəlin, onu iki yerə bölək ki, çətinlik çəkməyək. Bir potensial imkanın realizasiyası məsələsidir. “Öz” sözünü iki cür açaq – öz, birincisi, yazıdır, yəni insan yaranandan genetik bir proqramı var. Bu genetik proqramın bir hüdudları var və burada müəyyənləşdirilir ki, bu adamdan bu sahədə nə çıxar, başqa sahədə nə? Bizim fikirlərimiz fatalizmdən bir az fərqlidir. Mən deyirəm ki, mən alın yazısına inanıram, amma alın yazısında hüdudlar müəyyənləşir, sən məhz bu olacaqsan yox, sən bu sahəyə getsən bu ola bilərsən, bunun hüdudlarını aşa bilməzsən. Heç kim öz imkanından yuxarı atlana bilməz. Amma elə sahə var ki, mən orada çox yüksələ bilərəm, cəmiyyət üçün çox fayda verə bilərəm, və elə sahə də var ki, orada heç nə verə bilmərəm.

Fərd olaraq, insan olaraq “öz həyatımızımı yaşayırıq” sualı ilə başladıq. Bir cəmiyyət olaraq, millət olaraq öz real potensialımızı, öz içimizdəkini dərk etmədən hansı sahədə dünya miqyasında özümüzü yaşaya bilərik. Azərbaycan olaraq tutaq ki, muğamat bir, başqa? Bizim başqa potensialımız yoxdurmu, varsa nədir, nələrdən ibarətdir? Amma biz məsələnin bu tərəfini müzakirə etmirik bu gün. Qayıdaq fərd olaraq, unsan olaraq öz həyatımız sualına. Öz həyatımız nədir? Yenə də öz içindəkini dərk etməlisən. Amma sənin içindəki səndən asılı olmayaraq yazılıb, sənin genetik proqramın var, atandan, anandan da asılı olmadan, ilahidən sənin bir proqramın var. Bu proqramı bilsək, tutaq ki, rəssam yox, bəstəkar yox, məsələn, siyasətçi olaraq,  bundan daha böyük işlər görə biləcəyimizi anlayarıq. Amma biz öz gənclərimizə ixtisas seçimində nə kimi yardımlar edirik, nə formada yardım edirik. Meyar nədir? Ancaq ictimai rəydir, dəbdir. Heç kim demir ki, sənin içində nə var, sənin içində hansı potensial var. Kimsə gedib beş il tarix oxuyub, ancaq indi dərk edir ki, onun üçün fəlsəfə daha yaxşı imiş. Yəni bu yaşında o artıq daha düzgün seçim edir. Mən dəfələrlə nazirliyin kollegiyasında bu məsələni qaldırmışam ki, fəlsəfə və jurnalistika sahəsində bakalavr səviyyəsi olmasın, ancaq magistratura olsun. Nə formada? Tutaq ki, iqtisadiyyatı bitirənlər bu sahədə jurnalist olsunlar. Jurnalistin universal peşəsi ola bilməz, ixtisaslaşmalıdır. Vaxtilə Həsən bəy Zərdabi kənd təsərrüfatından da, siyasətdən də, mərifətdən də yazırdı, çünki bir dənə qəzet var idi. Eləcə də Sovet İttifaqında bir neçə rəsmi qəzetlər vardı. Amma qəzetlər də, televiziyalar da, verilişlər də, müxbirlər də ixtisaslaşmalıdır. Və mənim qarşımda peşəkar durmalıdır, mənimlə söhbət edən jurnalist fəlsəfənin əsaslarını, müasir dünyada fəlsəfənin hansı problemlərinin olduğunu bilməlidir. Hamıya eyni cür yanaşmaq olmaz. Sivilizasiyanın təməlində əmək bölgüsü dayanıb, ixtisaslaşma dayanıb. Əvvəl hər kəs buğdasını da əkirdi, yerini də becərirdi, evini də tikirdi. Hamısı da kustar, yarım yarımçıq. Sonra bir insan ancaq dülgərlik edə bildi, o biri əkinçilik. Bu daha yaxşı olur, çünki eyni işlə məşğul olanda, biz ortaya daha yüksək səviyyədə məhsul qoya bilirik. Və həmin insan bu işi həm özü üçün, həm qonşusu üçün, həm də digər insanlar üçün eləməyə başladı, aldığım pul müqabilində mən də onun uşağına dərs deməyə başladım və s. bu yolla pul çevrildi ortaq bir meyara. Müxtəlif yönlü işlərin müqayisə olunması üçün barter əvəzinə pul vahid meyar oldu. Sivilizasiya bu yolla inkişaf etdi. Sonra elmlərin əmələ gəlməsi yenə də ixtisaslaşma ilə ortaya çıxdı. Nə vaxt ki, bir alim bütün elmlərlə məşğul olurdu, nə qədər böyük alim olursa olsun, çox incəliklərə gedə bilmirdi. Nə vaxt ki, ixtisaslaşma yarandı, onda bir alim bir sahənin bütün incəliklərini bilməyə başladı. Eləcə də fəlsəfədə. 16 yaşında bir uşağa fəlsəfə ixtisasını seçmək nə qədər doğrudur. Bu hələ qoy iqtisadiyyatı, riyaziyyatı və s. sahələri öyrənsin, hansısa bir ixtisasa yiyələnsin, sonra hiss etsə ki, bunun içərisində iqtisadiyyatın özündən çox iqtisadiyyat nədir, nəyə lazımdır sualı maraqlıdır, onun təyinatı maraqlandırır, o fəlsəfəyə gələ bilər. Fəlsəfə vertikalda fərqlənir, sahə yox, səviyyədir, digər sahələrlə yanaşı horizontal səviyyəyə qoyulub, bumu, yoxsa başqasımı deyə seçilə bilməz fəlsəfə. Ona görə də, gərək bir sahəni bitirib, ondan sonra fəlsəfəyə gələsən. Magistratura niyə bütün ali məktəblərdə var? Biz balaca bir ölkəyik, başqa universitetlərin məzunlarından ən yaxşıları toplanıb bir mərkəzləşdirilmiş universitetdə magistr təhsili almalıdırlar. Bakalavr səviyyəsində keçilən materialı təzədən magistraturada keçməyin nə xeyri olacaq? Bunları dərində analiz etmək, təkliflər, yeni optimal metodlar, modellər irəli sürmək haqqında heç kim düşünmür. Deyirlər ki, bizə yeni model lazım olsa biz bunu bir xarici ölkədən gətizdirərik.

Həyat belədir. Bir yol ilə gedirsən, sonra qalxmış olduğun idrak səviyyəsində təzədən bir də həyata baxırsan və bir də seçim edirsən. Qərblə bizi fərqləndirən nədir? Qərbdə heç kim deməz ki, mən tutaq ki, oxudum bitirdim riyaziyyat fakültəsini və oldum riyaziyyatçı. Elə şey yoxdur onlarda. Bir adamın üç dənə magistratura təhsili var. Birini bitirir, gedir üç il işləyir, sonra gedir bir başqa ixtisas üzrə təhsil alır və s. Heç kim deməz ki, mənim “propiskam” filan yerədir. Bu təfəkkür, insanın bir yerə təhkimlənməsi Sovet vaxtından qalıb. Nəinki təhsil ilə bağlı, ümumiyyətlə. Bizdə bir yaşlı adama deyirsən gəl bu evdən köçək, deyir sən nə danışırsan, bura mənim evimdir, yurdumdur, mənim bura ilə bağlı xatirələrim var. Avropalılar nə edir. Nəyinki bir evdən başqa evə, milyonları var, amma evi yoxdur. Deyirsən, niyə evin yoxdur, bizdə hər yetimin də bir evi var, heç olmazsa, adamın bir küməsi olsun gərək. Deyir nə danışırsan, mən bu gün burada yaşayıram, sabah gedəcəm başqa şəhərə. Sonra görəcəm ki, İspaniya yaxşıdır, köçəcəm ora. Vahid Avropa məkanını da ona görə yaradıblar ki, Fransa darlıq edirsə, Avropanın bir başqa ölkəsinə getmək mümkün olsun. Məkanım geniş olsun ki, mən həyatın bütün üzlərini görə bilim, hara ürəyimə yatdı, orada da məskən salım.

 

Könül Bünyadzadə:

Səlahəddin müəllim, sizcə gündə bir şəhərdə yaşayan insan nə dərəcədə xoşbəxtdir? Belə çıxmırmı ki, avropalı əslində xoşbəxt deyil.

 

Aydın müəllim:

Xoşbəxtlik psixologiya ilə bağlı bir anlayışdır. Onun ayrıca bir standartı yoxdur.

 

Səlahəddin müəllim:

Təbii ki, burada bir standart yoxdur. Mən iki qütbü ayırıram. İki kənar hal var. Ümumiyyətlə bütün həyatımız bu iki qütb arasındadır. Heç vaxt kənar hal seçməyin, ifrata varmayın, nəyi isə mütləqləşdirməyin. Yəni mən demirəm ki, tam relyativist olun, nisbilik mövqeyindən, hər şeyə skeptik yanaşın. Bir az stabillik lazımdır, bir az dayanmaq lazımdır arada. Mən demirəm insan ömrü boyu yaşadığı şəhərləri dəyişsin. Mən o imkandan danışıram. Cəmiyyətin quruluşu, dövlətin sistemi bu insana bu imkanı verməlidir. Normal adam birinci, ikinci şəhərdən sonra nəhayət, haradasa qərarlaşır və tutaq ki, yaşlı dövründə başa düşür ki, bura gənclər şəhəridir, və özünə təbiətin qoynunda bir yer seçir. Sən insanı bütün yaş dövrlərində eyni yerdə yaşamağa məhkum edə bilməzsən. İnsan dəyişir, mən hələ yaşını dedim, insanın dünyagörüşü dəyişir, ixtisası dəyişir.

 

Könül Bünyadzadə:

Səlahəddin müəllim, bir məsələyə də qarışmaq istəyirəm. Siz bayaqdan kənar situasiyalardan danışırsınız. Adamların öz içindən, mənəvi dünyasından danışaq. Bəzən olur ki, insanın ağlı seçdiyini ürəyi seçmir və ürəyi seçdiyini ağlı seçmir. Bəzən olur ki, insanın ağlının seçdiyi cəmiyyət tərəfindən qəbul olunmur. Mən ağlımın, potensialımın gücünə əsaslanaraq gəlmişəm, özümü tapmışam, amma məni əzirlər. Və təbii mən onda başlayıram özümü narahat hiss etməyə. Düzdür, ağlım deyir bu, elə sənin yerindir, sən burada insan olacan, amma mənəvi dünyam da başqa şey istəyir. Yaxud tərsinə. Rəssamlar gedirlər öz emalatxanalarına çəkilirlər, amma acından ölürlər. Mənəvi dünyaları gözəldir, təmin olunub, amma qazanc əldə edə bilmirlər. Burada bəs kimin həyatını yaşasın insan? Ağıldır bunun özü, yoxsa ürəyidir?

 

Səlahəddin müəllim:

Bu mövzu o qədər böyükdür, o qədər genişdir ki. Burada bütün fəlsəfə, a-dan z-ya qədər hamısı var. İnsan hansı həyatı yaşayır və insanın öz həyatı nədir? Yaxud “mən” nədir? Bu artıq fəlsəfənin əsas suallarından biridir. Bu mənada yenə də aforizmlər kitabından bir misal deyim sizə. Xoşbəxtliyin tələblərindən biri də ağıl ilə ruh arasında müqavilədir, kompromisdir. Yəni bunlar arasında münaqişə varsa, bu, insanın narahat halıdır. İnsan rahat hala nə vaxt keçir? Daxili, ürək ilə ağıl arasında bir ortaq məxrəc tapanda. Elə ki, kompromisə gəldin, hər ikisini təmin edən optimal variantı tapdın, bu, həll yoludur. Mən demirəm ki, bunlardan birini mütləqləşdir. Ancaq ağlın dediyinə qulaq as, ürəyinin dediyini nəzərə alma. Bu qeyri-şüur məsələsinə gəlir. Ağlın aşkar şəkildə deyə bilməyəcəyini ürək sezir, ürəyə damır və o sezgini simvol kimi götürülür adətən və ürəyinə damır ki, bu yaxşı deyil. Biri desin ki, bu yaxşıdır, sənin ürəyinə isə yatmır, deməli, burada da yenə kompromis tapmaq lazımdır. Həm ürəyə qulaq asmaq lazımdır, həm də ağıla. Ən gözəl hal nədir? İkisinin də tələbatı ödənilsin.

 

Könül Yazar:

Mən bir aktrisa tanıyıram, o, həqiqətən çox qabiliyyətli bir xanımdır. Mən onunla söhbət edərkən, mənə dedi ki, mən aktrisa sənətini istəmirəm, çünki bu işin bizim cəmiyyətimizdə bircə adı var. İkinci səbəbi isə onun hərbiçi olmaq istəyidir. Çünki deyir ki, mənim başqalarına əmr etmək, başqalarını idarə etmək qabiliyyətim var. Mən düşündüm ki, bu insanın arzusu budursa, o istəmədiyi bir sənətdə necə belə başarılı ola bilər. Kənardan baxanda düşünürsən ki, bu insan elə aktrisa olmaq üçün yaradılıb. Amma bu deyil onun arzusu. İnsan rahatlığı məsələsinə gəlincə, demək istəyirəm ki, insan nə qədər narazıdırsa, bir o qədər də inkişaf etmək üçün stimulu, təkanı var.

 

 Səlahəddin müəllim:

Sən misal çəkdin, konkret bir insanın müəyyən sahədə istedadı var. İstedad bir şeydir, istəmək başqa şeydir. Yenə deyirəm, biz bu problemin bütün aspektlərini bir söhbətdə əhatə edə bilmərik. Bu istedad onun daxilində, genetik proqramında var. və onu realizə edəndə o özünü müəyyən dərəcədə xoşbəxt hiss edir. Bir də var ki, cəmiyyətin münasibəti. Bu artıq şüurlu münasibətdir. Ağıl ilə ölçüb-biçir ki, mən bu ixtisasa getsəm, tutaq ki, mənim maaşım nə qədər olacaq, mənə münasibət nə olacaq, mənim statusum nə olacaq, ailəm buna necə baxacaq – bunlar hamısı ağılla olan şeylərdir. Əslində misalını çəkdiyin qız ağılla düşünsə, aktrisa sənətinə indi sosial sifariş var, onun bu sahədə istedadı da varsa, o buradan yaxşı qazana da bilər. Amma onun üstün tutduğu mənəvi meyarlar var, və bu baxımdan o bu sənəti qəbul edə bilmir. Ürəyin istəyi ilə beynin tövsiyəsini kompromisə gətirmək lazımdır. Burada üçüncü arqument ortaya çıxır. Mənəvi meyar. Ailə tərbiyəsindən irəli gələrək o istəyir ki, cəmiyyət ona o gözlə baxmasın. Aktrisa sənəti ciddi sənət deyil, çünki onun təbiətində təqlidçilik var. Bir adam ki, özünü, öz xarakterini, simasını yaşamaqla yanaşı, o başqalarını, gündə birini yaşayır, bu ağır bir şeydir. Bir şəxsiyyət kimi daxilində özü olmaq istəyi varsa, təkcə adi həyatda yox, elə iş prosesində də özü olmaq istəyəcək. Amma aktrisa iş prosesində başqalarını yaşamalıdır. Görürsünüz, neçə arqumentin bir araya, kompromisə gəlməsi şərtdir ki, düzgün ixtisas, həyat və ya ailə seçəsən. İnsanın həyatında iki məsuliyyətli seçim var; biri həyat yoldaşı seçmək, o biri isə ixtisas seçimidir. Bizim cəmiyyətdə ixtisas seçiminə o qədər qeyri-ciddi, barmaqarası yanaşılır ki. Ümumiyyətlə heç problem kimi qoyulmur da. Bunlar hamısı ağılla ölçülüb-biçilən şeylərdir. Bir var ürəyin hökmü və ya istək. Bir də var ki, potensial imkan, sənin qabında nə var, qabında olmayan şeyi istəsən də əldə edə bilməzsən; bu – başqalarının təsiri altında formalaşan bir istəkdir. Bunların hamısının səsləşməsi lazımdır: yaşadığı mühit də, ictimai rəy də, ağıl da, ürəyin hökmü də.

 

Könül Bünyadzadə:

Bir sufi kəlamı var. Ola bilsin ki, ilk baxışda tənbəllər üçün yaxşı bəhanə olar. Amma böyük bir fikir var orada. Deyir əvvəlcə biz seçmirik, Allah seçir, biz seçmək qüdrətində deyilik, ağlımız buna çatmır, ağıllanandan sonra yenə biz seçmirik, Allah seçir, çünki başa düşürük ki, seçən Allahdır. Bizim üçün Allah daha yaxşısını, daha düzgün olanı edir. Yəni bizim potensialımızı, missiyamızı Allah verir. Deməli, məni daha yaxşı Allah tanıyır. Məsələn, mən istəyirəm müğənni olum, rahat pul qazanım. Amma Allah haradansa yolumu kəsir. İkinci addım atmaq istəyirəm, Allah yenə yolumu kəsir. Söhbət ondan gedir ki, mənim seçdiyim həyat nə dərəcədə mənimdir. Bəzən olur ki, Allah seçir o yolu mənim üçün.

 

Səlahəddin müəllim:

Bu böyük bir probıemdir. İslam dünyasında taleyin öncədən müəyyənləşməsi haqqında bir fikir var və belə bir müsəlman obrazı yaradıblar ki, müsəlman passivdir, təşəbbüskar deyil, deyir Allaha təvəkkül, bir halda ki hər şeyi Allah müəyyənləşdirir, mən onda heç bir iş görməyim. Bu çox qüsurlu bir yanaşmadır. İslamın da, bu ideyanın da təhrif olunmuş, diametral əks izahıdır. Təəssüflər olsun ki, bütün sufi tədqiqatçıları bu məsələni aça bilməyiblər. Və doğrudan da əsrlər boyu çox təbii qəbul olunarkən çox böyük ziyanlar da vurub. Mən islami prinsiplər üzərində qurulmuş müasir fəlsəfə sistemi üzərində çalışarkən, bizə qarşı olan bir neçə belə arqumentlərin təhlilini vermişəm. Bunlardan biri də həmin bu məsələdir. Mən bu geniş məsələnin burada çox tərəflərinə toxunmayacam. İslamın bir prinsipinin düzgün izahını qeyd edəcəm. Biz Allaha dua edirik. Nəyi isə Allahın umuduna buraxırıq. Və Allah bizim duamızı eşidir və ya bizim istəyimizi yerinə yetirir. Mümkündür. Amma nə zaman mümkün deyil. Bunu heç kim bilmir. Biz bunu yazdıq öz fəlsəfi sistemimizdə. Mümkün deyil və hansı şərtlər daxilində və hansı səbəblərlə mümkün deyil. Quranda başqa bir prinsip var. O da ondan ibarətdir ki, Allah sizə əl verib, ayaq verib, müəyyən imkanlar verib, siz bunlardan istifadə etməlisiniz. Sizə verilən gücü tətbiq etməlisiniz. Və Allah heç kimə daşıya biləcəyi yükdən artıq yük vermir. Hərənin çiyninə uyğun bir yük verir. Başqa ayələrdə deyilir ki, Allah sizə əql verib, əqlinizi kullanın. Və təbiətdəki bu qanunauyğunluqlar düşünmək üçün ayətlərdir. Düşünün, düşüncənizdən istifadə edin. Və bütün bunların dışında, bunlardan sonra gələn, yəni bu hüdud daxilində, tutaq ki, Allah sənə bu stəkanı burdan qaldırıb bura qoymağa güc veribsə, sən ha dua elə ki, o stəkanı mənim üçün kimsə götürsün qoysun ora, duan müstəcəb olmayacaq. Ona görə ki, Allah sənə zatən o imkanı verib, özün elə. Əgər bir çətinliyi özün həll edə bilərsənsə, sənə o potensial verilibsə, sən bir balaca çətinliyə düşən kimi, Allahın üzərinə atırsansa, o müstəcəb olmayacaq, yerinə yetməyəcək, çünki sənə bu potensial öncədən verilib. Sən öz imkanını axıra qədər kullanmırsansa, sənin Allah qarşısında istəyin keçərli deyil. Bəzən deyirlər ki, avara, ağıldan kəm, “Allahın yazığı” olan adamların bəzən nəfsi tez tutur, istəyi tez yerinə yetir, əksinə, müdrik, güclü, qüdrətli adamların istəyi keçmir. Doğrudan da, olur belə şeylər. Onun nəfsi ona görə tutur ki, onun səviyyəsi məhduddur və onun istədikləri imkanı xaricindədir deyə, istədikləri yerinə yetir, çünki Allah onun payını əvvəlcədən az edib. Amma sənin payını çox edibdir, sənə güc verib, sənə ağıl verib. Get bunları istifadə et. Bax, bu mənada, Könül xanım, sizin verdiyiniz suala qayıdıram. Sizin sufi düz deməyib. Harada düz deməyib? Deyəndə ki, uşaq vaxtı öz ağlımla hərəkət edə bilmirdim, onsuz da Allah məni idarə edirdi. Axı, tək Allah yox, elə mühit idarə edirdi. Təbii ki, son nəticədə hər şey Allahdan asılıdır, qabaqcadan planlaşdırılmış sistemə qarşı olmayan şeylərdir. Demirəm ki, pozitiv mənada hər şey ölçülüb-biçilib, tutaq ki, yazılıb ki, mən bu stəkanı bu dəqiqə qaldırıb ora qoyacam. Yox. İmkanlar yazılıb. Onu realizə etmək imkanı verilibdir. Allah insanlara iradə azadlığı, seçim azadlığı veribdir və bu, islam dinində var. Bu çox böyük, mütərəqqi bir fikirdir. Amma seçim azadlığının, iradə azadlığının hüdudları da göstərilib – hara qədər, nəyə qədər. Tutaq ki, bir ayəni deyim. Deyir ki, təbiətlə bağlı məsələlərdə insan ağlını kullansın nə qədər istəyir. Amma ruh aləmində onun dərk etmək imkanları çox məhduddur. Bu sahədə biz ancaq qəlbimizlə, intuisiyamızla, haradasa sezgimizlə işləməliyik. Amma intellektual aləmdə Allah bizə gül kimi ağıl verib, bunu kullanmalıyıq. Nə zaman bunu etmirik, İslam dünyasını geri qoyan səbəblərdən biri bu oldu, ağıl komponenti və ağıla istinad zəiflədi, baxmayaraq ki, başqa dinlərlə müqayisədə İslam qədər ağıla önəm verən ikinci bir din yoxdur. Uzaqbaşı söz var, ağıl yoxdur. Amma Quran başdan-ayağa ağıla üstünlük verir. Çox mühüm bir prinsipdir. Biz öz dinimizi düzgün interpretasiya edə bilmədiyimizə ğörə, dinimizin fəlsəfəsi olmadəğına görə biz bu günə qaldıq. Yaxşı başlamışdılar İbn Sina, Fərabi. Bəzi addımlar atdılar, amma onlar da Aristoteldə ilişib qaldılar və davamçıları olmadı. Orda qırıldı. Sufilər gəldi, onlar da ...

 

Könül Bünyadzadə:

Səlahəddin müəllim, icazə verin sufiləri bir balaca müdafiə edim. Əvvəla sufilər qədər Quranı yaxşı bilən heç kəlamçılar da olmaz. Və ona görə də sizin dediyiniz ağılı kullanmaq, seçim azadlığı və s. bunları onlar da deyirdilər. Sadəcə olaraq bir məsələ var. Bir var insan o seçimini edir və Allah onu həmin o seçimi ilə aparır, bu Quranda da var. Sadəcə o seçimini sən düzgün etməlisən. Burada bir məsələ var. Bir var sən öz seçimini öz başına edirsən, yəni nəfsim nə istədi onu seçdim, bir də var mən həmin məsləhəti atamla da yox, anamla da yox, Allahla məsləhət etdim. Yəni içimdəki həmin məqam ki var, Allah ilə mənim aramdakı xətt açıq olur, mən o məsləhəti Allahla edəndən sonra seçimimi edirəm ki, Allah da məni həmin yolla aparsın. Fatihə surəsinin belə bir şərhi var: insan yüksəldikcə, Allahın ona yardımları da fərqlənir. İlk baxışda belə çıxır ki, Allah insanlara fərqli gözlə baxır, yox, sadəcə o köməyi görüb, duymaq bacarığından gedir. Allah hamıya kömək edir, sadəcə biri görür, o biri görmür. Orada belə bir şey də vardı ki, Allah ilk vaxtlar o köməyi kiminsə vasitəsilə deyir sənə, yaxşı bir insan çıxır qabağına, sənə kömək edir. Hansısa bir kitabdan hansısa bir sözü təsadüfən oxuyub o sözdən bir dərs çıxarırsan. Daha sonra o dərs almaq bacarığını mənimsəyəndən sonra, bir az yüksələndən sonra başlayır artıq kimsə yox, artıq sənin öz ağlına ideya gəlməyə başlayır. Artıq o səviyyəyə qalxırsan ki, o ideya sənin özündə doğulur. Və bundan sonra belə mərhələ gəlir ki, sən gözü yumulu yaşasan belə, Allah sənin əlindən tutur, öz mələklərini sənin qulluğuna verir ki, səni xəta-bəladan qorusun, səni xüsusi təhlükələrdən, dilinin səhvlərindən qorusun. Yəni Allah o köməyi, o vasitəni o qədər yaxın edir ki, sufilər bunu yaşamaq üçün, duymaq üçün, düzgün seçimi eləmək üçün o həyatı yaşayırlar ki, aradakı o vasitə, ünsiyyət açıq olsun. Sufilər pul qazanıblar da, ailə həyatları da olub, övladları da olub. Tutaq ki Haris Mühasibi çox zəngin olub. Sufi deyəndə əyni cındırlı, çöllərə düşmüş, dilənən biri nəzərdə tutulmur. Sufi məhz o daxili ünsiyyətə açıq olandır. Dərvişlik bir ayrıca xətdir, sufizmin nə əsası deyil, nə rəmzi.

 

Səlahəddin müəllim:

Sufilərin mən əleyhinə danışıram, amma sufilər mənə doğmadırlar. Amma mən sufi deyiləm. İkimiz də eyni şeyi deyirik. İnsanın öz həyatını seçməsində ağlı da iştirak edir, ictimai meyarlar da, ürəyi də. Və ürəyim istəyir, ürəyim istəmir məqamı məhz sualımızdakı qeyri-şüuri məqamdır. O qəlbə keçən, düşünülmədən sezgi kimimi deyim, duymaq kimimi, ürəyimə dammaq kimimi deyim, bax bu formalarda gəlir. Elmi fəlsəfi dildə sadəcə sezgi və onun variasiyaları var – ilham, vəcd və ən yüksək – vəhy – ən ali, peyğəmbərlərə məxsus haldır. Bu məqamlara da yüksəlmək lazımdır. Bəli, bu həmin o qeyri-şüurinin aktivləşməsidir. Bu qeyri şuuri potensialın insan həyatında iştirakının yönəldilməsidir. Öz imkanlarından və təyinatından xəbərsiz yaşayan insanlar var. Çox böyük bir missiya ilə həyata gələn gedib elə bir mühitə düşə bilər ki. Amma günlərin bir günündə o qayıda bilər, o ikinci dəfə doğula bilər və özünü dərk edə bilər, özü onun üçün açılandan sonra yep-yeni bir həyat başlaya bilər. Burada hansısa bir vəsilə, təkan ola bilər ki o silkələnsin, özünə qayıtsın. Cəmiyyətdə böhran məqamları olur. Cəmiyyət inqilabi situasiyanı yaşayır, yeni keyfiyyət halına keçir, yeni inkişaf istiqamətləri seçir, strategiya dəyişir. Bizim məqsədimiz öz düşüncələrimizi o cəmiyyətə sırımaq, daha çox cəmiyyətin içindən gələn o tendensiyanın obyektiv qanunauyğunluqlarını dərk edib, ona uyğunlaşmaq və ya ona yön verməkdir. Dərk edib sonra yönəltmək. Bilmədiyin şeyi yönəldə bilməzsən. Gərək cəmiyyətin nəbzini tutaq, dilini bilək. Cəmiyyət bizimlə nə dildə danışır? Ancaq elə rüşvət, zorakılıq dilindəmi? Yoxsa cəmiyyət tutaq ki, bir qəlbinə əlacmı axtarır, inləyirmi, biz onun iniltisini eşitmirik. Olmaz belə, biz cəmiyyətə kömək əlimizi yönəltməliyik. Biz gələk birinci onun halını öyrənək, bilək.

 

Aydın Şirinov:

Nəticələri hamı bilir, hamı görür. Bizim vəzifəmiz səbəbləri tapıb, həll yollarını tapmaqdır.

 

Səlahəddin müəllim:

Təbii. Kimin demək istədiyi var?

 

Mətanət Abdullayeva:

Nizami yazır ki, hər bir insanın qarşısında yelpik şəklində 72 yol durur. Onlardan biri gül ilə döşənib, qalanları tikanlıdır. Ağıllı adam gül olan yolu seçə bilər. Gül ilə döşənən yol əslində həqiqətə aparan ən qısa yoldur. Qalanları isə tikanlı yollardır. İnsan ağlı ilə intuisiyasını birləşdirib seçim etməlidir. Bir də ruhla bağlı yazır ki, hər bir insan bu həyata müqavilə ilə gəlir, bu müqaviləni orada, göylərdə bağlayır.

 

Səlahəddin müəllim:

Bu Quranda da var. Araf surəsi 172-ci ayə.

 

Könül Yazar:

Ağıl ip deməkdir, ruh öz ipini Allaha bağlayır və bu da ağıllı olmaq deməkdir.

 

Səlahəddin müəllim:

Mən o sözün etimologiyasından çıxış eləməyin tərəfdarı deyiləm. Allaha bağlılıq məsələsi tək islam dini ilə bağlı deyil. Antik fəlsəfə də kosmos ideyası haqqında çox yazılıb. Bizim imkanlarımız xaricində olan, bizim görmək, duymaq hüdudumuzdan kənara çıxana indi biz kosmos da deyə bilərik, kainat da deyə bilərik, Allah demək istəməyənlə təbiət də deyir. Hərə bir şey deyir, amma mahiyyət eynidir. Təbii ki, dünyada iki ruh sahibi var. Birinci mütləq mənada bir ruh var, bu ilahi ruhdur, bir də o ruhun daşıyıcıları var, Allah yalnız insanlara verib. Kimlərəsə müyəssər olur o kiçik ruh böyük ruha qata bilir. Kimlərsə isə “obosoblyonnı”, haradasa yetim kimi qıraqda qalır. Ruhun yetimliyi ideyası.

 

Könül Bünyadzadə:

Ruh necə yetim ola bilər?

 

Səlahəddin müəllim:

Qatıla bilməyəndə yetim kimi qalır. İnsan ruhu məhduddur, o, sonsuzluğa çevrilə bilər, ancaq o zaman ki, o ilahi ruha qatıla bilibdir. Ümumiyyətlə, bu, elə bir mövzudur ki, biz bunu bir söhbətlə əhatə edə bilmərik. Biz sadəcə variantları analiz etdik. Amma ən azından biz onu müəyyənləşdirdik ki, insanların çoxu öz həyatını yaşamır. Adi adam elə düşünə bilər ki, mən elə öz həyatımı yaşayıram, başqa necə ola bilər ki? İti axan çaya saman atırsan, çay onu harasa aparır, amma hara gedəcəyini özü bilmir. O saman çöpü sahildə qaçan bir ceyrana deyir ki, ay ceyran, mən səni də ötüb keçirəm. Amma o saman çöpünü aparan nədir? Özü deyil ki, o sel aparır. İndi bu adamlar da selə düşmüş insanlardır, bunlar öz həyatını yaşamır. Axın hara gedirsə, onlar da ora. Öz həyatını yaşayan insan ona görə faciəli, çətin həyat keçirir ki, o çox vaxt axına qarşı gəlir. Problemin qoyuluşunda əsas sual “biz kimin həyatını yaşayırıq” indi. Zəif iradələr güclü iradələrə tabedir. Və onlar hansısa bir güclü iradənin axınına düşür və onun həyatını yaşayırlar. Həyat belədir. Elə bil ki kimlərsə kimlərinsə oyununa düşür, başlayırlar oynamağa. Onlar hansı havanı çalırsa, sən də ona uyursan. Uymasan, olursan çıxdaş. Güclüsənsə, tab gətirirsən, deyilsənsə, ya məhv olursan, ya başqa bir oyuna qatılırsan. Mütləq iradə Allaha məxsus olan iradədir. Təbii ki, hamımız son nəticədə ona tabeyik. Amma cəmiyyətdə də iradələrin bir iyerarxiyası var. Güclü iradə sahibi olan insanlar var. Və ya cəmiyyətin gücündən güc almış iradələr var. Kreslonun gücündən güc almış iradələr var. O adamın öz şəxsi iradəsi miskindir. Ancaq bu həyatın faciəsi buradadır ki, həmin güclü iradə sahibi olan adan bu miskinə tabe olmaq zorunda qalır çünki onun iradəsi həmin kreslo vasitəsilə yüksəlmiş olur. Qalırsan aciz, amma çox güclü iradən varsa, ağlını kullanaraq bu situasiyadan çıxış yolu tapa bilərsən, ən azı imtina edə bilərsən ki, onun cazibə dairəsinə, oyun qaydalarına düşməyəsən. Oyundan kənar olsan, onun təsiri altına düşməyəcəksən.

 

Aydın Şirinov:

Bizdə iki anlayış o qədər də yaxşı işlədilmir. Bunlara da fikir vermək lazımdır – “подсознательное” və “бессознательное”. Bunlar azərbaycan dilində qarışdırılır.

 

Səlahəddin müəllim:

Rus dilində də bəzən qarışdırırlar, eyni mənada işlədirlər. Rus dilində terminologiya təbii ki, yaxşıdır. Bizdə bütün idrakla bağlı məsələlərdə terminologiya həddindən artıq bərbad bir haldadır. Biz ona aydınlıq gətirməliyik. Bunun üçün bizim fəlsəfəmiz yazılmalıdır. O fikir ki, Qərb fəlsəfəsi var, Şərq fəlsəfəsi var, təsəvvüf var, fenomenologiya var, Kantın aqnostisizmi var və biz də bu gün oturub nəsə yazmalıyıq və onları öyrənib onların üstünə bir kərpic qoymalıyıq, hansısa bir cərəyana qatılıb bir şey eləməliyik, tutaq ki, postmodernistlərin dəyirmanına su tökməliyik, bu. çox qüsurlu fikirdir. Yəni fəlsəfə elm olsaydı, bu olardı. Onların tikdiyi divara sən də bir kərpic qoyub fəhləlik edə bilərsən. Son nəticədə onların arxitekturasını planlaşdırdığı bina tikiləcək, sənin fəhləliliyin özünə qalacaq. Biz də elmə qatılırıq, amma kimin dəyirmanına su tökürük, bunun fərqində də deyilik, anlamırıq ki, böyük elm, o dəyirmanı işlədən biz deyilik, biz sadəcə su tökənlərik, o dəyirmanı işlədənlər bundan istifadə edir, enerjisini də onlar alır. Bəs necə edək, dəyirmanı özümüz işlədək? Bizim gələk öz dəyirmanımız olsun. O dəyirman necə yaradılır. Alternativ elm yaratmaq çox çətindir. Olanı kopyalayıb yaratmaq, olandan imtina etmək yox. Bilirsinizmi, Pakistan atom bombasını necə yaratdı? Axı müsəlman dünyasına qadağalar var bu sahədə. Ədüs-Səlam haqqında mən yazmışam, Nobel mükafatı laureatı, çox böyük fizikdir, amma nəzəriyyəçi idi. Pakistanlı bir başqa fizik də vardı. O da həmin dövrdə Avropaya göndərilmişdi təhsil üçün. Nüvə fizikası laboratoriyasında çalışmış və o qədər istedadlı olub ki, ingilislərin, fransızların edə bilmədiklərini bu onlardan daha yaxşı edib. Günlərin bir günü o yox olur. Bütün Avropa bir-birinə dəyir. Birdə o vaxt xəbər tuturlar ki, sən demə, proyekti də götürüb qaçıb Pakistana və o dövrkü prezidentlə gizli şərait yaradıblar və öz nüvə bazalarını yaradıblar. İndi müsəlman dövlətlərindən ancaq Pakistanda var nüvə silahı. Şübhəsiz ki, elmi etikadan danışanda burada oğurluq var, amma tərəzinin bir gözünə də onun vətənpərvərliyini və ideoloji başqa arqumentlərini qoymaq olar. Yəni mövcud elmə istinad edərək öz sistemini yarada bilərsən. Amma fəlsəfə elm modeli ilə işləmir. Fəlsəfə hər dəfə yenidən yaradılan bir şeydir. Fəlsəfə poeziya kimidir, fəlsəfə incəsənət kimidir. Vacib deyil Mikelancelonun çəkdiyinə nə isə əlavə edəsən. Nyuton deyir ki, mən məndən əvvəlki alimlərin çiyninə çıxdım. Amma Səməd Vurğun Füzulinin, Vaqifin çiyninə çıxmır. Burada hər biri təzədən bir sistem qurur. Ona görə də, fəlsəfə təzədən yaradıla bilən bir sistemdir. Nə qədər böyük filosof varsa, o qədər də fəlsəfə var. Bir var onların ətrafında fırlanan, ona şərhlər yazan, dissertasiya müdafiə edən adamlar, fəlsəfə professorları var, tədris edənlər var. Yeni fəlsəfə gərək təzədən əkilsin, sıfırdan başlasın. Bu hansı torpaqda bitməlidir? O torpaqdakı onlar bitirmişdi, yenə həmən şey çıxacaq. Sənin torpağında, sənin mühitində bitməlidir, sənin milli ruhunda, düşüncəndə bu hələ bar verməyib, bax bu öz məhsulunu gözləyir. Bizim millət də öz fəlsəfəsini ortaya qoymalıdır. Öz milli ruhu üzərində qurmalıdır bu fəlsəfəni. Ona görə də, problemlərə sıfırdan yanaşmağı öyrənmək lazımdır. Vacibdir, təbii, sənə qədər yazılanları oxuyasan. Bu sənin üçün bir postament olmalıdır, bu heykəlin özü olmalı deyil. Amma o quracağın şey sıfırdan başlanılmalıdır. Bu mənada mən sizə sıfırdan başlayıb düşünmək vərdişini aşılayıram. Problemi qoymaq və onu yaşamaq. Yaşandıqdan sonra, o içinizdə öz-özünə inkişaf edəcək. Bir də görəcəksiz ki, yeni suallar çıxdı, yeni cavablar gəldi və proses getdi. Və bu məqamda sən fəlsəfi düşünməyə başlayacaqsan. Buna qədər sən fəlsəfi bilikləri sadəcə mənimsəyirsən, öyrənirsən, yadda saxlayırsan olan şeyləri, başqalarının fikirlərini. Sənin özünün yaradacağın o zaman mümkündür ki, onu sən özün əkibsən.

Hamıya təşəkkür edirəm.

 

Sonda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.


Baxılıb: 7659    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada İnsanın öz həyatı və qeyri-şüuri qovluğunda baxa bilərsiniz














 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.