az  |   tr
Fəlsəfə dünyası

"Arzu və əzm" elmi-fəlsəfi seminar   –  [24.12.2011]

"Arzu və əzm" elmi-fəlsəfi seminar

Dekabr ayının 17-də Fəlsəfə Dünyasında “Arzu və əzm" mövzusunda elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspirant və tələbələr iştirak edirdilər.

       Seminarın mövzusunu açıqlayan Səlahəddin Xəlilov ilk öncə mövzuya giriş edib “arzu”, “istək” və “əzm” anlayışları ilə bağlı bəzi izahlar verdi. Arzunu iki yerə ayıran S.Xəlilov onu iki səpgidə – romantik səpgidə və ağıl səpgisində nəzərdən keçirdi. Birinciyə “ürəyim belə istəyir” ifadəsi uyğun gəlir. Burada sadəcə arzunun özünə feyziyab olursan, görmək istədiyin şeyi görmək səndə xoş əhval-ruhiyyə yaradır və özünü xoşbəxt hiss edirsən. Buna görə də bu, hissiyyat səviyyəsində arzudur. İkincisi ağıl səviyyəsində arzudur. Bu, rasional, realistik, praqmatik arzu olmaqla məqsədə doğru fəaliyyətin biçilmiş modelini kəsb edir. Şərq adamı daha çox arzunun mücərrəd, emosional təsiri altına düşür. Burada arzunun konturları müəyyənləşməmiş qalır. Bununla əlaqədar S.Xəlilov “İpək yolu” jurnalında dərc olunmuş və Şərqlə Qərbin müqayisəsinə həsr olunmuş “An və plan” şeirindən bir parçanı misal gətirir. Belə ki, qərblilər hər şeyi ölçüb-biçir, planlaşdırırsa, şərqlilər planlaşdırmayıb yalnız arzu edirlər, arzunun özü onları feyziyab edir ki, planlaşdırmaq yoxdur. Qərblilər məqsədlərinə çatanda xoşbəxt olurlarsa, şərqlilər məqsədin özündə, arzuların, xəyalların özündə xoşbəxt olurlar. Bəlkə də qəlbində şərq adamına bu cür düşüncə xoşbəxtlik gətirir. Romantiklikdən uzaq olan Qərb adamı isə qarşısına qoyduğu məqsədə çatmaq üçün əzm göstərir və potensiyasını realizasiya edir və...xoşbəxt olur. Təsadüfi deyildir ki, K.Marks xoşbəxtliyi potensialın reallaşması kimi səciyyələndirirdi. Praqmatiklik, faydalılıq, real planlar qurmaq, potensialı düzgün qiymətləndirmək qərb düşüncəsinə xasdır... Şərqi geri qoyan da məhz fikir tənbəlliyi, rasionalizmin çatışmazlığı, hissiyyatdan ayrılmamaqdır. Qərb yüz mərtəbəli binalar tikəndə, ikincisini birincinin üstündə tikir. İ.Nyuton təsadüfi demirdi ki, “Əgər mən uzağı görə bilmişəmsə, ancaq ona görə ki, dahilərin çiynində dayanmışam”. Şərq isə hər birinin öz ahəngi olan və birinin üstündə digərini tikmək mümkün olmayan kiçik memarlıq  abidələrini yaradır.

Arzu və istək anlayışlarının bir-birinə yaxın olsa da, onların arasında cüzi fərqlərin olduğunu vurğulayan Səlahəddin Xəlilov qeyd etdi ki, istək daha çox maddi tələbatla, cismani tələbatla bağlı olmaqla bədənin ehtiyaclarından irəli gəlir. Arzu isə istəkdən yüksəkdə durur. Arzu ilə istək arasında ikinci fərq bundan ibarətdir ki, adamı da istəmək mümkündür, amma adamı arzulamaq olmur. Adamla görüşməyi arzulamaq olar. İstək arzu ilə əzmin birləşməsi də ola bilər. Əzm isə iradədir, məqsədə nail olmaq yolunda potensial gücü özündə hiss etməkdir. Bu mənada iradə əzm, güc, potensial daxili qüvvələrin səfərbər edilməsidir. Əzm olmazsa, iradə olmasa, arzuya çatmaq mümkün olmaz. Əzm istəyin daha realistik potensial tərəfi, realizasiyaya xidmət edən tərəfidir. Əzm məhz məqsəd aydınlığında özünü göstərir. Arzunun məqsədə yaxın olduğunu qeyd edən S.Xəlilov qeyd etdi ki, məqsəd dərk olunmuş, rasionallaşmış arzudur. Arzu rasionallaşanda, məqsəd yaranır. O, insanın nəyə can atmasını və buna getməyin yollarını müəyyənləşdirir. Uşaqlıqda arzular çox olsa da, onlar yavaş-yavaş gövdəsi qırıla-qırıla gedir. İnsan böyüdükcə, arzu emosionallığını itirir, onun həyat templərinə, real imkanlarına uyğunlaşır və daha çox məqsəd formasında üzə çıxır. Məqsəd çox geniş anlayışdır. O, əlçatmaz da ola bilər. İnsan ömrü boyu məqsədə gedər, amma bununla belə ona çatmaya da bilər.

Sözü gedən anlayışlara niyyət anlayışının da yaxın olduğunu qeyd edən S.Xəlilov niyyət sözündə bir motivin də olduğunu vurğuladı. Onun sözlərinə görə, niyyət “motiv” anlayışını əvəz edir. Ürək səviyyəsində niyyət arzuya, ağıl səviyyəsində isə məqsədə yaxındır. İnsan öz əməllərinin müqabilində alır. Niyyətin safdırsa, sənə bədbəxtlik gətirən arzulara sən çatmayacaqsan. Müxtəlif bölgələrdə bu sözlərin bəlkə də fərqli çalarlarda işləndiyini vurğulayan S.Xəlilov qeyd etdi ki, söz öz yerində olanda, fikir də aydın olur. Əslində XX əsr fəlsəfəsinin bir çox cərəyanları elə məhz fəlsəfə ilə dilin əlaqəsini öyrənməklə məşğuldur.

Fərman İsmayılov: Qrammatika fəlsəfənin beşiyidir. İnsanların dünya haqqında təsəvvürlərinin konkretləşdirilməsinin bir yolu linqvistik analiz, yəni sözlərin mənasını tapmaqdır. Bu mənada fəlsəfənin dil ilə sıx əlaqəsi vardır. Hər hansı bir sözə mənanı konteksti verir. Suala gəlincə, düşünürəm ki, arzu onda bəlaya çevrilir ki, insan ayağını yorğanına görə uzatmır.

Könül Bünyadzadə: Yeni dövrdən sonra arzuların Allah tərəfindən yerinə yetirilməsi məsələsi o dərəcədə məhdudlaşır ki, insanlar öz arzularına özləri çata bildiklərini zənn etməyə başlayırlar. Düzdür. Özünəgüvən yaxşı şeydir, amma əvvəllər insanlar kamil bir insana bənzəmək istəyirdilərsə, indi yanındakılara bənzəməyə çalışırlar. Əvvəllər insanlar böyük arzularla yaşayırdılarsa və bu arzuya çatmaq yolunda böyük əzm göstərirdilərsə, bu gün insanlarda əzm var, arzu yoxdur. Xüsusən də bu, cavanlara aiddir.

Səlahəddin Xəlilov: Arzular həyatın özündən doğmalıdır. İnsanın öz potensialına inamı olmalıdır. İnsan real arzular qoymalı, bu həyatın öz qaydalarını bilərək fəaliyyət göstərməlidir.


          Sonda Fəlsəfi Diskursun qalibləri elan olundu. Diskrsun iştirakçıları bu dəfə Roza Allahverdiyevanın: "İnsan həyatında iki faciə var: Biri arzularına çatmaq, ikincisi arzularına çatmamaq". O.Uayld. Sizcə hansı daha faciəlidir?" və Səida Ocaqverdiyeva: "Sizcə düzgün seçim daha vacibdir, yoxsa seçim haqqı?" sualları ətrafında müzakirələr aparıldı. 
 
 

 Fəlsəfi Diskursun qalibləri:

1. Pərvanə Bayramova - 
Heç biri faciə deyil, arzuların olmaması faciədir.

2. Hidayət Allahverdi - Faciə hesab ediləsi hər iki fikrə müxtəlif rakursdan yanaşmaq mümkündür: arzuya doğru hərəkət Sizif əməyinə çevriləndə, sən atlı, o, piyada olanda, doğrudan da, arzuya çatmamaq faciəyə çevrilir. İnsan ümidsizliyə qapılır, özünə inam hissi itir, zəif iradəli insanlar üçün bu, əsl faciədir. İradəli insanlar isə fərqində deyil, onun üçün həyat bir mübarizə meydanı, arzu isə bu neydanda istifadə olunan priyomlardan biri. Arzulara çatmağın özü də faciəyə o zaman çevrilir ki, o tükənir, insan arzusuzluq sindromundan qurtula bilmir. Həyatda bütün arzusuna çatmış "insan"ın yeni bir hədəf tapmayanda tez bir zamanda ölümlə qucaqlaşmaq sevdası baş qaldırması halları da mövcuddur. Mənə qalsa, bu fikrə tamam başqa rakursdan yanaşıram: arzuya çatmaq - yeni bir arzunun təməli, arzuya çatmamaq isə mübarizə ruhunu artıranda faciədən qurtulmaq qaçılmazdır. Baxır, sən fikrə hansı ovqatla yanaşırsan.

3. Eldar Əmirov - Sizcə düzgün seçim daha vacibdir, yoxsa seçim haqqı? Həyat seçimlərimizin cəmidir (A.Kamyu). Hətta seçim etməmək özü də seçimdir (U.Ceyms). Düşünürəm ki, əvvəlcə seçim haqqı gəlir, bundan sonra isə onun düzgün və ya yanlış olması barəsində mühakimə yürütmək mümkün olsun. Seçimlərimizin əksər hallarda bizə nə verəcəyini qabaqcadan görmək xeyli çətindir. Bəzən bizə ağrı verən çarəsiz seçimlər edirik, lakin sonradan məlum olur ki, bu ən yaxşısı və ən ağıllısı imiş (A.Xeyli). Düzgün seçim heç vaxt olmur, yalnız edilmiş seçimlər və onun nəticəsi var (E.Səfərli). Belə olan təqdirdə seçimin düzgünlük meyarından danışmaq lazım gəlir. Bu meyarlar isə məlumat, məqsəd və emosiyadır. Seçim azadlığı, iradə azadlığı, işi bilməklə qərar qəbul etməkdir (Engels). Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalıı, qətu qərara qəbul etmək isə gülüncdür (Volter). “Az bildiyin hər bir şeyin sınaqdan çıxmışından yapış. Bilən adam həm cəsarətli olmağa, həm də fikirləşdiyi kimi hərəkət etməyə ixtiyarı çatır. Lakin bilmək azdır, riskə getmək isə könüllü surətdə məhv olmaq deməkdir. Biliyin və səriştən azdırsa, məlum yollarla hərəkət et” (B.Qrasian. “Kamillik elmi”, s.100) Digər meyarlar isə məqsəd və emosiyadır. Məlumat çatışmamazlığını emosiya ilə təmin etmək olar (A.Mirzəcanzadə). Yəni hərdən ürəyi də dinləmək lazım gəlir. Ağıllı fikirləşənə kimi dəli vurub keçər. Beyin və ürək mənəvi əkizlərdir, onların hər ikisinin qayğısına qalmaq lazımdır (O.Balzak). Əgər ağılda azca dəlilik yoxdursa, o nəyə lazımdır. Elm özü də xaotik düşünüb nizamı tapmaqdır. Məqsədlər isə həyatımızın böyük bir hissəsini təşkil edir. Məqsədlər seçimləri tezləşdirir, onları dəqiqləşdirir. Bəzən heç bir fikri olmayan insanlar var ki,belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir; onlar getmir, suyun axını onları aparır (Seneka). Ən asanı budur yəqinki. Ona görə də,insanın bütün qüvvəsini hərəkətə gətirmək üçün irəlidə, onu ilhama gətirə biləcək hansısa nəcib məqsəd qoyulmalıdır (J.Renan).

Baxılıb: 6185    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada Arzu və əzm qovluğunda baxa bilərsiniz










 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.