az  |   tr
Fəlsəfə dünyası

Milli dəyərlərin maya dəyəri   –  [30.12.2011]

                                                      

                                                       Həyatda
saxlanma qanunu varmı,
                                                          Pak admı üstündür, dövlətmi, varmı?
                                        Biri azalanda o biri artsa,
                                                    Məcmuyu bunların sabit qalarmı?

Əbu Turxan

 

Bəşəriyyətin gəliri-çıxarı

Bəşəriyyət öz tarixinin müəyyən mərhələsində qazanıb, müəyyən mərhələsində isə xərcləyib. Qədim Hind və Cin fəlsəfəsini yaradan, yüksək mənəviyyat tərənnüm edəndə insan nə qazanmışdısa, Sodom və Qomorrada mənəviyyatsızlığı, əxlaqsızlığı ilə İnsan adını ləkələdikcə, bu xəzinədən xərcləyirdi və xərclərin mayaya keçməməsi üçün yanıb kül olmalı idi. Antik fəlsəfənin hikmətlərini “xərcləyən” insanlar isə Pompeydə odlu lavada boğulmalı idi. İsa Məsih sevgi dolu bir dinə vəsilə oldu, amma insanlar nəinki onu təhrif elədilər, üstəlik qılınclarını itiləmək üçün ondan istifadə edib Xaç yürüşlərinə başladılar. Məhəmməd peyğəmbər (s.) həm maddi, həm mənəvi həyat üçün mükəmməl bir bələdçi ola biləcək din gətirdi, ilk fürsətdə onun (s.) övladlarına qılınc qaldırdılar.

Maraqlıdır ki, indi uzaq əsrlərin məsafəsindən baxanda, görürsən ki, bəşəriyyətin qazandıqları təqribən xərclədiyi qədər olub, bir az da artıq qalıb ki, yenə “qazanca” başlasın. Yəni bəşəriyyət əlində ancaq maya saxlaya bilib. Xərci borcunu ödəməyəndə, bəşəriyyət “kasıb düşəndə” isə Allah peyğəmbərlər vasitəsilə yerə “böyük kapitallar” – din, kitab göndərib. Məqsəd insanın yenə insanlıq çərçivəsinə qayıdıb, insan adını doğrultması olub. Bəzən adları sadəcə müqəddəs kitablarda çəkilən peyğəmbərlərin həqiqi şəxsiyyət olub-olmaqıqları mübahisə yaradır. Lakin tarixin qanunauyğunluğunu izləyəndə, bəşəriyyətin inkişaf yoluna baxanda belə peyğəmbərlərin varlığının bir zərurət olduğuna inanırsan: bəşəriyyətin mayası olmalıdır ki, mövcudluğunu davam etdirmək üçün yola başlaya bilsin.

Peyğəmbərlərlə yanaşı, bəşəriyyətə qazanc gətirən ikinci qüvvə müdriklər, sənətkarlar, filosoflardır. Onlar bir növ peyğəmbərlərin gətirdikləri dəyərləri – kapitalı müxtəlif sahələrə yatırmaqla, bu kapitalı daha da artırırlar. Axı, bəşər övladı xərcləməyə, israf etməyə meyllidir. Bu meylin təməli bəlkə də Adəmlə Həvva cənnəti bir meyvəyə satanda qoyulub. Beləcə, Avqustinin, Bonaventuranın qazandığını müqəddəs inkvizisiya xərclədi; İbn Sinanın, Sührəvərdinin qazandığını xəlifələrin saraylarındakı azğın həyat göyə sovurdu. Əslində, Meyster Ekxartın, Nikolay Kuzanlının bəşəriyyətin xəzinəsinə verdikləri elə də cüzi deyildi ki, bir Varfolomey gecəsi ilə bitə, yaxud Qəzalinin, Mövlananın car çəkdikləri həqiqət elə cılız deyildi ki, qətllərin Əlamut qalasındakı sifarişlərinə xərclənib qurtara. Hər dəfə sanki ilahi bir balans bəşəriyyətin gəlir-çıxarını tənzimləyir.

 

Kapitalların talanı

Bəşəriyyətin xəzinəsi həmişə ümumi olub, bir bölgə xərcə düşəndə başqa bölgə onun yardımına gəlib, borc verib dardan qurtarıb. Qədim dövrdə Pifaqor Qədim Misirdən, Babilistandan, yaxud Demokrit Qədim Misirdən, Babilistandan, Azərbaycandan, Ərəbistandan, Hindistandan, Həbəşistandan gətirdiyi “kapitalla” Qədim Yunan fəlsəfəsinə yatırım elədilər. Sonra islam mütəfəkkirləri həm antik dövrdən qalma mirasla, həm də öz qazandıqları ilə artıq tükənməkdə olan Avropanın imdadına yetdilər. İbn Heysəmin qazandığı Rocer Bekonu, İbn Xəldun – Viko və Marksı, İbn Sina – Rene Dekartı, Cabir ibn HəyyanOtto Hahnı, Mərakeşin IX əsrdən fəaliyyət göstərən Kərayin Universiteti XI əsrdən başlayaraq Avropa universitetlərini və daha neçələri kimləri isə “ayağa qaldırdı”. Və Yeni Dövrdə ... xəyanət baş verdi: Qərb Şərqlə arasına sərhəd çəkdi və “banklar”, indiyə qədər qazanılanlar qaldı o tayda.

Bu tayın – Şərqin əlində isə yeni gəlirlər az olduğundan – bircə mayası qaldı və ...başladı mayadan yeməyə. Düzdür, Molla Sədra, Cəmaləddin Əfqani və başqaları sayəsində arabir qazanclar olurdu, ancaq onlar da torpaq uğrunda müharibələrə, müstəmləkə rejimlərinin bac-xəracına, “sırınan” yad mədəniyyətlərin kompensasiyasına xərclənir, tərsa qızının ayaqları altına sərilən namazlıqların tozuna qarışıb itib-batırdı. Olan da unudulurdu. Şərqin müvazinəti pozulmuşdu və o, gəliri ilə çıxarının hesabını itirmişdi, onsuz da qazancı ancaq dolanışığına çatırdı!

Qərbin isə gəlhagəli idi. Universitetlər açılır, elm, texnika sürətlə inkişaf edir, millətlər inqilab edib öz dövlətlərini qururdular. Artıq ümumi xəzinə millətlər arasında bölünmüşdü və hər millətin artıq öz sənətkarları, filosofları düşünüb-daşınır, öz “qazancını” əldə edirdilər. 

Xəzinə o qədər dolu idi ki, Qərb də gəlir-çıxar hesabını itirmişdi... Başlar bəşəriyyətin xəzinəsini zənginləşdirməyə deyil, onu xərcləməyə qarışmışdı: silahlar düzəldilirdi, yeni müstəmləkələr “kəşf olunurdu”, mənəviyyat eyş-işrətə satılırdı. Bunun nəticəsi idi ki, Amerika qitəsində hinduların qətliamı ilə nəyin xərcləndiyi heç bilinmədi, Uzaq Şərq, yaxud Afrika ölkələrində müstəmləkə halına salınan millətlərin alçaldılması və məhv edilməsinin xəzinənin neçə faizini puç elədiyi də heç kimi düşündürmədi. Düzdür, ara bir Paskal, Volter, hətta Nitsşe də haray çəkirdi ki, bəşəriyyət kasıblayır, süqut edir, amma bu, heç kimi narahat etmirdi. Xərclər o qədər böyük idi ki, qazanc bəs eləmirdi. Nəhayət, XX əsrdə iki dünya müharibəsinin baş verməsi və Yaponiyaya atılan iki atom bombasının partlayış səsləri Qərbi silkələdi: xəzinə boşalmışdı, amma insanlar hələ də xərcləyirdi. Fromm yazırdı: Sartrın ekzistensializmi, Haydeggerinki kimi, yeni başlanğıc deyil, sondur. Hər ikisi iki dünya müharibəsinin fəlakətindən, Hitler və Stalin rejimlərindən sonra Qərb insanının düçar olduğu ümidsizlikdən danışırlar... Sartr və tərəfdarları iddia edəndə ki, bütün insanlar üçün əhəmiyyətli olan obyektiv dəyərlər yoxdur, onlar teist dinlərin və humanist ənənələrin əsas nailiyyətlərini itirirlər”. Bu nəticəyə gələn yalnız Fromm deyildi. Ondan öncə Berdyayev dəhşət içində haray çəkirdi ki, “Dünyada nə baş verirsə, bizə nə təsir göstərirsə, onun mənbəyi daxildə, mənəviyyatdadır. ... Dünya Allahdan imtinadan keçir... Dünyanın Allahdan imtinası onun yüküdür, ağırlığıdır”.

Xərclənənlərin mayadan olmasının təhlükəsini anlayan Qərbin ilk instinktiv hərəkəti yenə Şərqə üz tutmaq oldu.

 

Mayanı yeyən qazanc

Uzun müddət unudulduğunu hesab edən Şərq qüdrətli Qərbin ona üz tutmağından qürur duydu, sevindi və ... nəyi varıydısa, qoydu ortaya. Var-dövlətini qardaş malı kimi yenə onunla bölüşməyə başladı. Təbii ki, məqsədi uzun əsrlər boyu ehtiyacdan sonra qazanc əldə eləmək idi, amma ... “qazanc qudurub mayanı yeməyə başladı”. Axı Şərq unutmuşdu ki, onun da olub-qalanı ancaq mayasıdır.  Nəticədə ortaya qoyulan və xərclənən mənəvi dəyərlər oldu.

Elmin, hikmətin, yüksək həqiqətlərin nə milliyyəti var, nə dini, nə dili. Onlar bəşəriyyətindir. Elə şeylər də var ki, millət ancaq onun sayəsində bir millət kimi mövcuddur. Onlar ümumbəşəri ola bilməz. Bunlar bəşəriyyətə qazanc gətirə bilən şəxsin sabitliyini, orijinallığını təmin edən dəyərlərdir. Bəli, bəşəriyyət hazırda iki böhran yaşayır: iqtisadiyyatda və düşüncələrdə. Düzdür, Cübranın fikrinə görə, «xaos həmişə xeyir gətirir, çün­ki sərxoş yuxu ayılma ilə, hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli im­kan­la­rı aşkarlanır… Hər dəfə təbii təməlini qo­ru­yub saxlamış milləti xaos bürüyəndə, bu onun fərdlərində yaradıcılıq gücünün, cə­miy­yə­­tində isə hazırlığın əlamətinə çev­ri­lir». Cüb­ranın söz­lərində iki fikir üzə­rin­də xüsusi dayanaq. Əv­vəla, məhz xaosda bir ayılma, başqa sözlə de­sək, yeni bir nizam formalaşdırmaq imkanı var. İkincisi, bu imkan məhz öz kökünü, təbii tə­məllərini qoruyub saxlaya bilmiş millətə ve­ri­lə bilər, çünki Əbu Turxanın da bildirdiyi kimi, mil­lilik özündə ümumbəşəriliyi ehtiva edir və bu ümumbəşəriliyə çatmaq üçün millilikdən keç­mək lazımdır. Milli dəyərlər özününküdür, onlar bölüşülmür, xərclənmir, onlar etibarlı kapitaldır.  

Mənəvi dəyərlər millətlə bərabər doğulmur. Tarix boyu millətin mən-liyini təsdiq edən, ən dərin xaosda belə onun özəlliyini qoruyan, digər millətlər arasında ona yer ayıran keyfiyyətlər zaman-zaman üst-üstə gəlir və dəyərlər sistemini yaradır. Bunlardan bəziləri alt qata keçməklə daha dayanıqlı və sabit, tarixə davamlı olur. Bəziləri isə müəyyən təsir və təzyiqlər altında qırılır, aşılanır, dəyişir, yeni keyfiyyət və anlam qazanır. Mənəvi dəyərləri daha çox və sabit olan millətlərin potensial gücü çox olur və onun digər millətlər arasında tutduğu yer böyük və dayanıqlı olur.  Bir zamanlar sadəcə adı olan bir millət məhz özünəməxsus dəyərlərlə güc qazana bilir. Və əksinə, məhz dəyərlərini itirməklə hər hansı bir millət son nəticədə adının da yox olması təhlükəsi ilə üzləşə bilir.

Bu gün “kasıblamış” Qərbin qarşısına Şərq öz dəyərlərini – mayasını qoyub. Başqa şeyi zatən yoxdur. Bu dəyərlər sistemindən Qərb çox şey yox, sadəcə özünə lazım olanı, özünün xərcləyib tükətdiklərini götürür: imanı və mənəviyyatı. Təsadüfi deyil ki, məhz bu keyfiyyətlərə malik filosoflar, mütəfəkkirlər, şəxsiyyətlər bəşəriyyətin xəzinəsinə nə isə verə bilirlər.

Mənəvi dəyərlərin ən dərin qatı onun dinidir, inancıdır. İman – gücdür, stimuldur və bu stimuldan yararlanmaq üçün öz ima­nının sarsılmazlığına inanmalısan və imanını dərk etməlisən. Bir var iman insanı ayaq üstə saxlayan, bir şəxsiyyət kimi ye­tiş­di­rən və stabilliyini qoruyan hərəkətverici qüv­və ola, bir də var iman insanın əl-qolunu bağ­la­yan, təslimiyyət aşılayan və idarə edən qüv­vəyə çevrilə. İman həm də insan idrakının imkanlarının hüdudlarını təyin edir- nəyə inanırsa dərk qabiliyyəti də o qədərdir! İnsan inandığına bənzəməyə çalışır, inandığını tanımaq üçün ona gedən vasitələri, həqiqətləri tanıyır, dərk edir. Qərbli insanın iman obyekti dəyişdikcə – elm, insan əqli, texnika – təbii ki, onun dünyası da kiçilirdi, daralırdı, mexanikləşirdi, cansızlaşırdı. Yeni Dövrdə Avropa kilsə qarışıq imandan da imtina etdi və buna əsası var idi. Hələ Volter etiraf edirdi ki, qərbli insan “tək xeyirxah, tək həqiqi dindən istifadə edərək nə qədər pisliklər törədib”. Ən Yeni Dövrdə isə insana inam da məhv edilməyə başladı. Bu faktı mədəniyyətin demək olar ki, bütün sahələrində görmək mümkündür: filmlərdə, əsərlərdə qəhrəman düşmənə çevrilir, oğul ataya, ana övladına xəyanət edir, ən mülayim, nümunəvi vətəndaş ən qatı qatil çıxır, lider saxtalıqda ifşa olunur. Tamaşaçı, oxucu məcburdur ki, ya qəhrəmanından imtina etsin, ya da satqını özünün idealı kimi qəbul eləsin. Nəticədə insana inam nəinki itir, hətta təhlükəyə çevrilir.

 İnsan onu ilahi aləmlə bağlayan bir ruha sahibdir və qeyri-ixtiyari bir çıxış yolu axtarır, çabalayır, əminliklə etibar edə biləcəyi bir dayaq axtarır. Danılmaz bir faktdır ki, bütün ehtiyaclarına, Qərblə nisbətdə ağır həyat şəraitinə baxmayaraq, Şərq özünün möhkəm ruhunu saxlayıb. Hətta 1904-cü ildə İngiltərənin 4600 nəfərlik ordu və ağır silahları ilə üzbəüz dayanan, demək olar ki, əliyalın tibetlilərin döyüşünü, daha doğrusu, sonuncuların qətliamını təsvir edən tarixçilər heyrətlə yazırdılar ki, tibetlilər yaralı, ölümcül olsalar da, ingilis əsgərlər onların qalib ruhlarının qarşısında aciz qalmışdılar, özlərini məğlub hiss edirdilər. Qısacası, Qərb inanır ki, Şərq onun üçün etibarlı dayaq və mənəvi kapital mənbəyi ola bilər. Şərq dinlərinə maraq, hətta onları qəbul edənlər artıb. Şərq fəlsəfəsi Qərbdə o dərəcədə populyarlaşıb ki, ayrıca tədqiqat mərkəzləri, hətta Akademiyalar açılıb, Şərq filosoflarının əlyazmaları toplanır. Şərq ölkələri bunu məmnuniyyətlə edirlər – əlahəzrət Qərb onların alimləri, saralmış əlyazmaları ilə maraqlanır, buna görə pul da verirlər.

Təbii ki, Şərq Qərbin ona əl uzatmasından qürur duyur, amma Qərbin artıq boş xəzinə qırağında oturduğunu, dənizdə batan adam kimi onu xilas etmək istəyəni batırmaq iqtidarında olduğunu, ən vacibi isə, özünün mayadan xərclədiyini ya görmür, ya da buna inanmır. Əbu Turxan yazır ki, «Günəş Şərqdə doğ­sa da, ide­ya işığı Qərbdə yanır». Bəli, elmin məşəlini bir vaxtlar Şərq yandırsa da, indi Qərbin əlindədir. Lakin indi bu məşəlin yanacağı bitib və Qərb yanacaq adına Şərqdən əlinə nə keçirsə, istifadə edir. Eyni zamanda, Qərb Şərqin mütəfəkkirlərinin yalnız saralmış əlyazmalarını yox, gənc beyinlərini də alır – öz gələcəyi üçün kapital toplayır. Bəli, Qərb maddi sərvətini tökür ki, mənəvi qazancını artırsın, çünki mənəvi yoxsulluğun son olduğunu dərk edir. Şərq ölkələri isə mənəviyyatını maya dəyərinə maddi qazanca dəyişirlər.  

Milli dəyərləri sabitləşdirən daha bir amil o millətin ənənəsidir. Ənənə – torpaqda ağacın gövdəsini möhkəm saxlayan, onun yarpaqlaması, meyvə verməsi üçün onu qidalandıran köküdür. Bu gün Qərb dövlətləri kifayət qədər nizamlı bir cəmiyyətə, mükəmməl mexanizm kimi işləyən qanunlar sisteminə malikdirlər. Lakin qərbli insan çökür, insanlıq çökür və belə məlum olur ki, bu faktlar əsas deyil, sadəcə yardımçıdır. Bunu bir fransız, ya bir alman gözəl dərk edir və ...hələ ayaq üstə dura bilən şərqlinin köklərini öyrənmək istəyir. Şərqli böyük məmnuniyyətlə bu işdə ona köməklik edir və əlinə bel alıb öz kökünü qazmağa girişir, hörmətli qonağı məmnun eləmək üçün bu kökün nümunələrindən kəsib ona bağışlayır. O, öz işinə o qədər aludə olur, o qədər canfəşanlıq edir ki, ağacın kökləri ilə alaqları seçə bilmir. Beləcə, bir bel vuranda ailə ənənələri qırılır, o birində – abır-həya, bu birində – milli adətlər, daha bir bel milli ideyaları söküb atır, nəhayət, bu böyük ağac qurumaq həddinə gəlir. Sonra da əli-ayağı təmiz qərblinin yanında bu qara torpaqdan iyrənib özünün necə də geridə qalmış, çirkli bir mentalitetə sahib olması barədə odlu çıxışlar edir, məqalələr yazır və özü kimi “kök qazıyanlar” arasında qəhrəmana çevrilir. Qərbli o qurumuş ağacdan istifadə edəcək – yanacaq kimi, ancaq yeni ruh axtarışını yenə davam etdirəcək və əli belli bu qəbir qazan artıq lazımsız olacaq.

 

Xarici banklar və yerli investorlar

Maddi qazanc mənəvi qazancla möhkəmlənməyəndə, su olub axır, qum kimi ovucdan tökülür. Ərəb dövlətlərinin çoxusunun mənəviyyatının “bahara” ehtiyacı var idi, ona görə heç maddi dəyərlərini də qoruya bilmədilər: ölkələri viran qoyuldu, əhalisi qanına qəltan edildi, lideri saxta çıxdı, pulları ...Qərbə qaldı.

Milli dəyərləri formalaşdıran, mənəviyyatı sabitləşdirən milli ruhdur, milli ruhun qoruyucusu isə filosoflar, sənətkarlardır. Qərb artıq dərk edir ki, bir millətin filosofu, Kamil İnsanı yoxdursa, deməli, qazancı da yoxdur, deməli, xərclədiyi mayadandır, deməli, bir gün o xalq tükənəcək, batacaq! Qəribə paradoksdur! Qərb üzünü yenə Şərqə tutur, çünki onun ruhu var. Şərq də ürəklə ruhunu xərcləyir. Amma Qərbə ona xidmət edən, ona qazanc gətirən ruh lazımdır, milli yox. Təsadüfi deyil ki, bu gün Şərq ölkələrində Qərb filosofları, onların ideyaları (hətta onlar milli ruha düşmən olsalar belə) Şərqdə daha böyük hörmət və nüfuz sahibidirlər, nəinki öz milli filosofları. Üstəlik, bu yad ideyalar şəraitə görə dəyərləndirilmir, dəyərlər bu ideyalara görə deformasiya edilir.

Bəli, bu gün Şərq özünü “şəhid” eləyir Qərbin yolunda, amma Qərbə şəhid lazım deyil, o heç bunun mənasını da bilmir, dərk eləmir. O, özünü ona qurban edən, onun bir zamankı yerişini getməyə çalışan – imanından imtina edən, azadlıq deyib maddi istəkləri arasında boğulan insanlara tamaşa edir, ara-bir puldan-paradan verib qabağında oynadır, məmnuniyyətlə maya dəyərinə dəyərlər alır. Axı ona qazanc lazımdır, həm də mənəvi qazanc.


Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru

http://www.525.az/view.php?lang=az&menu=7&id=39169

Baxılıb: 5335    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.