az  |   tr
Fəlsəfə dünyası

Əbu Turxanın hikmət dünyasında Dostluq   –  [14.04.2012]



Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında

 

Dostluq

 

“Dostu dar gündə sınayarlar”, – deyib atalarımız. Amma dost dediyin nədir, sınağa çəkdiyin nə? Yaxud əvvəl gərək dos­tun ola ki, çətin işə gedəndə məhz onu seçəsən. Bütün paradoks bun­dan ibarətdir ki, dar gündə sınamaq artıq gec olur.

Şərqdə necə ki, məhəbbət reallığın fövqünə qaldırılaraq an­caq onun ifrat, birtərəfli təzahürü kimi tərənnüm olunur, eləcə də dostluğun şərtləri həddindən artıq ağırlaşdırılır və reallığın föv­qünə qaldırılır. Əslində isə dostluq da, məhəbbət də iki kənar hal, qütb arasında olduqca müxtəlif rənglər qammasını, bütöv spektri əhatə edən konkret təzahürlərdir.

İnsanın mənəvi aləmi ağıl və ehtirası bir komponent kimi ehtiva edir. Müxtəlif insanlarda onların səviyyəsi müxtəlif ol­du­ğu kimi, nisbəti də müxtəlifdir. Bir adamın başqasına münasi­bə­tin­də də ağıl və ya hissin ön plana keçməsi fərdi məsələdir. Am­ma Şərqin məhəbbət konsepsiyalarında ağıl komponenti sıfıra endirilir və insan ancaq müəyyən bir hissin əsirinə çevrilir.

Dostluq da ünsiyyətdən, yoldaşlıq­dan, iş birliyindən, sim­pa­tiyadan, qarşılıqlı hör­mətdən, fikirlərin, zövqlərin, əqidə­nin və s. uyğunluğundan ayrılaraq nə isə müt­ləq bir şey kimi də­yər­lən­dirilir. Bir insanın digər insana mütləq inamı, etibarı, mütləq sim­patiyası, mütləq sədaqəti, mütləq qay­ğı­sı, mütləq səxavəti; bir sözlə, baş­qasını özündən əziz, özündən uca tut­maq, özündən öncə onu düşünmək, onun yo­lunda canından keçmək və s. və s. key­­­fiyyətlər hamısı reallığın özündən daha çox, onun ifrat vəziyyəti kimi təqdim olunur.

Bəs reallıq necədir? Mütləqə yaxın təzahürlər tək-tək hal­larda rast gəlinir və bunlar tarixdə, hafizələrdə məhz xüsusi, əlahiddə bir hal kimi qalır. Biz isə reallıq dedikdə daha çox dərəcədə əksəriyyəti, orta statistik insanı nəzərdə tuturuq.

İnsan tək yaşaya bilməz. O, cəmiyyətin bir üzvüdür. Oxumaq, təhsil almaq üçün, müəyyən bir iş görmək üçün baş­qa­ları ilə birlikdə fəaliyyət göstərir. Bu başqalarının kimliyi adə­tən təsadüfi olur. Hələ lap uşaqlıqdan baxçada kimlərlə bir­lik­də olmaq, məktəbdə hansı sinfə düşmək və kimlərlə bir si­nif­­də oxumaq, universitetdə tələbə yoldaşları, yaşadığı məhəl­lə­də qonşular, işlədiyi yerdə iş yoldaşları və s.-lə ünsiyyət ic­ti­mai həyatın zəruri şərtləridir. Amma bu böyük kol­lek­tivlər içə­ri­sində kimlərlə isə daha ya­xın iş bir­li­yi yaranır ki, bu da yenə çox vaxt bizim se­çi­mi­miz­dən asılı olmayıb, daha çox şəraitin, si­tua­si­ya­nın bizə təlqin etdiyi əlaqələrdir. Mə­sələn, tə­lə­bə yol­daş­ları içərisində kiminlə isə həm də qonşu ol­maq və ya vali­dey­nlərin tanışlığı, nəqliyyat marşrutu­nun üst-üstə düş­mə­­­si – bü­tün bunlar təsadüflərdir. Amma məhz bu sıx əlaqələr ya rə­qa­bət, ya da dostluq üçün əsas olur. Yox­sa kim isə özünün mü­əy­yənləşdirdiyi meyarlar əsasında qapı-qa­pı dü­şüb özünə dost ax­tarmır.

Mühitin, şəraitin təlqin etdiyi yoldaşlıq o adam­lar­da dost­luğa çevrilir ki, onların dostluq haqqındakı təsəvvür­lə­ri in­sa­ni ləyaqətin tərkib hissəsi kimi, düşünülmüş surətdə bu yol­daş­lığın üzərinə gəlir. Yəni sədaqət, etibar və s. keyfiyyət­lə­rin insanın öz təbiətində öncədən olması bu keyfiyyətlərin kimə isə münasibətdə də təzahür etməsinə səbəb olur. Bir insan baş­qa­sını özünə dost hesab etməyə başlayır və onu heç düz-əməlli ta­nı­madan, sınaqdan çıxarmadan, onunla “bir pud duz yemə­dən” öz rəftarını və münasibətini məhz bu prinsiplər üzərində qurur. Psixologiyada buna “köklənmə” (установка) deyirlər. Qarşı tərəf də özünə olan diqqəti, etibarı və qayğını hiss edərək, əgər öncədən həmin keyfiyyətlərə malikdirsə, adekvat addımlar atır. Lakin çox az hallarda hər iki adamın dostluq haqqında tə­səv­vürləri və şəxsi əxlaqi keyfiyyətləri yüksək mənəvi tələbat sə­viyyəsində olur. Əksər hallarda tərəflərdən biri öncədən dost­lu­ğa köklənməklə, özünü bu dostluğa inandırmaqla birtərəfli qay­dada addımlar atır. Qar­şı tərəf buna ancaq öz səviyyəsinə uy­ğun şəkildə cavab ve­rə bilir. Burada biz “ilk məhəbbət” ha­di­səsinə müəyyən bən­zəyiş görürük. Yəni insan yetərincə ob­yek­tiv əsas ol­ma­dan özünü inandırır və özünə təlqin edir. Lakin fərq bundan ibarətdir ki, dostluq genetik ehtiyacdan daha çox, tərbiyə va­si­təsilə təlqin olunmuş yüksək keyfiyyətləri bölüş­mək, on­la­rı reallaşdırmaq, tətbiq etmək ehtiyacından doğur.

“İlk məhəbbət” də  öncə fikirdə yaranmış bir idealın trans­­formasiyasıdır. Lakin bu zaman idealın statusu baş­qa­dır. Belə ki, o təkdir və eyni zamanda insanın yalnız mənə­vi-estetik ehtiyaclarının deyil, həm də instinktlərinin səfər­bər olunması sa­yəsində formalaşır. Dost isə çox da ola bilər, həm də burada instinktlərin iştirakı yox dərəcəsindədir. İn­sa­nın instinktiv eh­ti­ya­cı  ancaq ünsiyyətə olan tələbatdır ki, bunun da ödənməsi yol­­ları çoxdur. Yəni Kant deyəndə ki, dost­luq – ideyadır, ta­ma­mi­­lə haqlıdır. Sadəcə olaraq, heç bir re­al dostluq “dostluq” ide­yasına mütabiq deyil. Kant dost­lu­ğu özünə sevgi ilə baş­qa­sı­na sevginin dialektikasından ha­sil edir. Kanta görə, dostluq mü­nasibətlərində “özünə sevgi qar­şılıqlı sevgi ideyasında əri­yir”[1]. Amma bu heç də həmişə müm­kün olmur. Belə ki, insan qey­ri-şüuri şəkildə də olsa,  özü­nü həmişə başqalarından ayırır. Sa­­dəcə olaraq əsl dost­luq zamanı dostunu da “başqaları”, yəni yadlar cərgəsində yox,  “öz”ü tərəfdə hesab edir. “Mən” və “baş­­qaları” mü­na­si­bəti “biz” və “başqaları” münasibəti ilə əvəz olu­nur. 

Bu münasibət o vaxta qədər davam edir ki, qarşı tə­rə­fin “biz”ə aid olmadığı, fərqliliyi özünü o dərəcədə aydın bi­ruzə ver­sin ki, hətta ilkin köklənməyə rəğmən bunu gör­mə­mək müm­kün olmasın. Bu zaman birinci fərqli mövqe “qəlbin bir az sın­masına” səbəb olur. Daha sonra “qəlbin sın­ması” davam edər­­­sə, tam ayrılma qaçılmaz olur. İnsanın “ilk məhəbbət” ov­su­­nundan ayrılması da eyni mexanizmlə baş verir. Sadəcə ola­raq dostluqda intellektin nisbi payı sev­giyə nisbətən daha çoxdur.  

Məlum atalar sözündə belə deyilir: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Əlbəttə, bu ancaq eyniyyətdən, ya­xın­lıq­dan irəli gələn münasibətlərə aiddir. Amma bu atalar sözü mü­nasibətlərin ancaq bir formasını, növünü nəzərə alır. Halbuki fərq özü də dostluq üçün şərt ola bilər. Yəni insanlar məhz fərq­­lərinə görə bir-birini tamamlaya bilirlər. Necə ki, məhəbbət iki cür olur, yəni yaxınlıqdan, eyniyyətdən doğan məhəbbətlə ya­naşı, fərqdən doğan məhəbbət də vardır, eləcə də dostluğun iki əsas forması vardır. Fərqli adamla yoldaşlıq inki­şaf üçün im­puls verir. Yəni başqası sənin bilmədiklərini bilir, sə­nin edə bil­mə­diklərini edir və nəticədə iki adam birləşəndə daha çox şey bacarır, daha güclü olur. Eyniyyətdən doğan dost­luq halında isə iki adamın bir yerdə olması əlavə heç nə vermir; əvə­zində eyni bir keyfiyyət daha da vurğulanmış olur. Bir ada­mın düşüncəsi, mövqeyi bütün dostlar üçün üst-üstə düşür.

Dostluq hansı ehtiyacdan yaranır? Hansı cəhətlərdə fərq, hansı cəhətlərdə eyniyyət daha önəmlidir? Əqidənin, dini mən­su­biyyətin, adət-ənənənin üst-üstə düşməsi dostluq üçün nə də­rə­cədə önəmlidir? Bəs ixtisasların, bilik və qabiliyyətlərin ne­cə, ey­ni, yoxsa fərqli olması daha yaxşıdır? Eyni dildə da­nış­ma­yan­lar dost ola bilərlərmi?

Əbu Turxan deyir: “Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zöv­qləri, məqsədləri, amalları eyni ol­ma­yan­lar da dost ola bil­məz­lər.”

“Biz” və “başqaları” bölgüsünün tə­mə­lin­də hansı me­yar­lar dayanır? Bu suallara cavab axtaranda xeyli də­rəcədə ay­dın­la­şır ki, fərq əqidə və mənəviyyat yox, intellekt və əməli vərdiş sa­hələrində məqbul sayılır. Tərəflərdən biri fiziki cə­hətdən, o biri intellektual cəhətdən üstündürsə, bu cür birlik işin xeyrinə də ola bilər. Amma biri nəcib, o biri nanəcibdirsə... Bir sözlə, “biz” ola bilmək üçün məhz mənəvi birlik tələb olunur.

Azərbaycanda “dar günün dostu”, “gen günün dostu” ifa­­dələri əslində “dost” anlayışını nisbi başa düşməkdən irəli gə­lir. Məhz bu cür yanaşmanın nəticəsidir ki, əksər adamlar “də­və­­si düzə çıxanda” daha dar günün dostlarını axtarmırlar. Yəni hər mühitin özünə binəm dostları olması bir reallıqdır. Bu cür ya­naşma dostluq ideyasından uzaq olub yoldaşlıq mənasında ba­şa düşülməlidir. “Dar günün dost­ları” çox vaxt əyləncə, eyş-işrət məclisləri üçün “işə ya­ra­mır­lar”. Necə deyərlər, hərənin öz təyinatı var. Ona görə də be­lə kon­tekstlərdə “dost” kəlməsindən istifadə etməmək məsləhətdir.

Bir sıra aforizmlərdə də “dost” anlayışı ideyaya uyğun ol­ma­yan, aşağı səviyyəli yoldaşlıq mənasında işləndiyindən biz onları məqbul hesab etmirik. Məsələn, T.Edison deyir: “Dostu­nuz­dan borc almazdan əvvəl yaxşıca fikirləşin ki, pula, ya dosta da­ha çox ehtiyacınız var”. İlk baxışda çox cazibədar fi­kirdir. Am­ma diqqətlə yanaşıldıqda dost dosta bu cür mü­na­si­bət bəs­lə­yə bilməz. Ehtiyac yarananda dosta müraciət etməyib, bəs kimə müraciət edəcəksən? Həqiqi dost borc verəndə onu qay­tara bil­məmək ehtimalını da nəzərə alıb verir. Ona görə də, Əbu Tur­xan “borcu ancaq bağışlamaq əzmində olanda ver”, – deyir. İm­kan varsa, dos­ta da bağışlamayıb, kimə sərf edəcəksən? Ya­xud Sədi Şirazi de­yir: “Sirrini heç dostunla da bölüşmə; vaxt gə­lər, bu sirr səni dostunla düşmən edər”. Yenə də eyni eti­bar­sız­lıq. Dost dediyin nədir, etibar etmədiyin nə?

Yaxud B.Franklin deyir: “Düşməninə həm də dost kimi bax, çünki bir çox səhvlərini ancaq ondan öyrənə bilərsən”. Am­­ma həqiqi dost məhz qüsurları deyən dostdur. Bu başqa mə­sələ ki, dost guya qüsurları görməyə də bilər. Amma biz dü­şü­nü­rük ki, insanda özünütənqid hissi varsa, dosta da tənqidi mü­na­sibət bəsləmək və onun qüsurlarını aradan qaldırmaq üçün səy göstərmək mühüm keyfiyyətdir. Yaxud, Əbu Turxan de­yir:Dar günün dostları gen gündə gendə durur”. Bu bir mü­şa­hi­də­dir; yəni adətən belə olur. Belə olur, çünki gen gündə çoxlu yeni dost­lar peyda olur və həqiqi dostlara sanki vaxt qalmır. Lakin dost dosta ancaq kömək etmək üçün lazım deyil. Gen gündə də dos­ta ehtiyac var. Bəzən insan sevincini bölüşməyə dərdini bö­lüş­­məkdən daha çox ehtiyac hiss edir. Amma sevinci də hər yol­dan keçənlə deyil, məhz dostla bölüşmək, sanki öz sevin­cin­dən ona ərməğan vermək mənəvi tələbatlardan biridir.

Bir sözlə, həm atalar sözlərinin, həm də aforizm kimi qə­bul olunmuş fikirlərin böyük bir qismi aşağı səviyyəli adam­la­rın münasibətlərinə aiddir və həqiqi dostluq ideyasına uy­ğun gəlmir.

Müasir dövrdə insanların həyat tərzinin dəyişməsi “dost­luq” məfhumuna da xeyli yeni mənalar gətirmişdir. İndi canlı ün­siyyət üçün məsafə qət edib görüşməyə ehtiyac qalmır. İn­ter­net vasitəsilə də əlaqə saxlamaq olur. Bu, dostların işini asan­laş­dır­maqla yanaşı, yeni tipli dostların da əmələ gəlməsinə səbəb olur. Məsələn, “Facebook dostluğu” yeni hadisədir. Burada söh­bət əslində tanışlıqdan və ünsiyyətdən gedir. İnsanlar bir-biri ilə fikirlərini bölüşür və sanki həmfikir axtarırlar. Lakin fikirlərin, maraqların, zövqlərin uyğunluğu hələ dostluq üçün yetərli deyil. Zəmanə isə bu cür münasibətləri daha çox aktuallaşdırır.

Ümumiyyətlə, müasir zaman məhəbbətin də, dostluğun da xarakterini dəyişir və onların yenidən dəyərləndirilməsinə ehtiyac yaranır.

 

 

 

 

 


 

Doğma o adamdır ki,

onunla öz ruhunun dilində danışa bilirsən.

***

Başqaları ilə dost olmazdan öncə, insan

öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmalıdır.

***

Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır.

***

Əgər dostun səndən

aşağıdırsa, sən həqiqi dost deyilsən;

əgər yuxarıdırsa, – o həqiqi dost deyil.

***

Kim ki, yeni dostları

köhnələri itirmək hesabına qazanır, onun həqiqi

dostu heç vaxt olmayacaq.

***

Məhəbbətin ömrünü dostluq uzadır.

***

Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır.

***

Məhəbbət fərqli tərəflərin dostluğudur.

Fərq azaldıqca məhəbbət keçir, dostluq qalır.

***

Qarşılıqlı olmayan məhəbbətlər çox olur,

qarşılıqlı olmayan dostluq isə yoxdur.

***

Yadlar doğmalaşanda, doğmalar yadlaşır.

***

Ancaq riyakarlar hamı ilə “dostluq” edə bilər.

***

Dağ da tək olanda qəribsəyir;

ona görə də çox vaxt silsilə şəklində olur.

***

Təxəyyülü olan

özünü heç vaxt tək hiss etməz.

***

Dar günün dostları gen gündə gendə durur.

***

Hamı ilə “dost” olanlar

heç kimin dostu ola bilməzlər.

***

 Bütün ləyaqətli adamları,

hətta heç vaxt yaxın münasibətdə olmasan da,

özünə dost hesab edə bilərsən.

***

Səmimiyyət dostluğun məhək daşıdır.

***

İki qism  adamların dostu olmur:

Birincilər insanlığın elə yüksək mərtəbəsində

olanlardır ki, bu mərtəbədə başqaları sadəcə yox dərəcəsindədir.

İkincilər insanlığın elə aşağı mərtəbəsində

olanlardır ki, orada “dostluq” məfhumunun özü yoxdur.

***

Yolları eyni olmayanlar

yoldaş ola bilmədikləri kimi, zöv­qləri, amalları eyni ol­ma­yan­lar da dost ola bil­məz­lər

 



[1] Кант И. Лекции по этике. М., Республика, 2000. с.184.



http://www.525.az/view.php?lang=az&menu=7&id=43019

Baxılıb: 6288    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.