az  |   tr
Fəlsəfə dünyası

Azərbaycan fəlsəfəsi dünya meridianlarında   –  [08.09.2012]



     Müsahibimiz AMEA-nın müxbir üzvü, prof. Səlahəddin Xəlilovdur.

 

Sual: Bu yaxınlarda Sizin ingiliscə çıxmış yeni kitabınızın Ümumdünya Fenomenologiya Konqresi çərçivəsində təqdimat mərasimi haqqında məlumat vermişdik. İstərdik ki, Parisdə keçirilən bu elmi tədbir haqqında fikirlərinizi bölüşəsiniz.

 

Cavab: Bəli, Parisə səfərimin əsas məqsədi bu şəhərdə keçirilən beynəlxalq fəlsəfi konqresdə iştirak etmək idi. Proqrama məndən başqa Azərbaycandan daha iki nəfərin məruzəsi daxil edilmişdi: fəlsəfə elmləri doktoru Könül Bünyadzadə və mənim aspirantım Anar Cəfərovun fenomenologiyanın aktual problemləri ilə bağlı məruzə mətnləri də təşkilat komitəsi tərəfindən bəyənilmişdi. 23 ölkənin nümayəndə heyətinin iştirak etdiyi bu konqresdə ən əlamətdar hadisələrdən biri mənim Ümumdünya Fenomenologiya İnstitutunun direktoru prof. Dr. A-T. Timiniçkaya həsr etdiyim monoqrafiyamın təqdimatı oldu. Onu da qeyd edim ki, konqresdə MDB məkanı çox zəif təmsil olunurdu. Cəmi bir nəfər Rusiyadan və bir nəfər də Gürcüstandan iştirak edirdi. ABŞ, Almaniya, İtaliya, Macarıstan, Polşa nümayəndələri daha fəal iştirak edirdilər. Mən konqresin növbəti toplantılarından birini Bakıda keçirməyi təklif etdim. Çünki bu hadisə Azərbaycan elminin dünya miqyasında tanınmasına xidmət edə bilər.

 

Sual: Eşitdiyimizə görə, Parisdən sonra Almaniyanın Köln şəhərində olubsunuz. Bu səfərinizin də məqsədini açıqlaya bilərsinizmi?

 

Cavab: Mən Köln şəhərinə Almaniyada nəşr olunan “Referans” jurnalının dəvəti ilə getdim. Habelə orada yaşayan türk və azərbaycanlı icmalarının nümayəndələri ilə görüşdüm. Jurnala verdiyim müsahibə artıq çap olunmuşdur. Bu, mənim alman dilində nəşr olunan ilk çıxışımdır. Jurnalistləri daha çox alman və türk mədəniyyətləri arasında münasibətlərin perspektivi maraqlandırır. Və mən bu münasibətlərin fəlsəfi əsasları ilə yanaşı, müasir dövrdəki əsas aspektləri və vəzifələri barədə danışdım. Yunus Əmrə Mədəniyyət Akademiyasında da bu mövzuda seminar təşkil olundu və mən “İdeya fəzasında türk perspektivi” mövzusunda çıxış etdim.

Bundan əlavə, Almaniyada “Əbu Turxanın hikmət dünyası” kitabımdan müəyyən hissələr tərcümə olunmuşdur və “Referans” jurnalının növbəti sayında Əbu Turxanın aforizmləri dərc ediləcəkdir. Bu kitabın bütöv halda alman dilində çıxması da planlaşdırılır.

 

Sual: Eşitdiyimizə görə, bu yaxınlarda Sizin daha bir ölkədə, ABŞ-ın nüfuzlu fəlsəfi jurnallarının birində məqaləniz dərc olunub. Xarici əlaqələrinizin belə sürətlə genişlənməsini nə ilə izah edirsiniz?

 

Cavab: Əgər Siz “Philosophy Study” jurnalındakı məqaləni nəzərdə tutursunuzsa, onu yeni saymaq olmaz. Çünki üstündən bir neçə ay keçib. Yeni olan isə mən Fransa və Almaniya səfərindən qayıtdıqdan sonra aldığım məlumatdır. Belə ki, ABŞ-da nəşr olunan bir kitabda (“Philosophers”, Memphis, USA, 2012) dünyanın müxtəlif nəsilləri və coğrafi məkanlarını təmsil edən 14 tanınmış filosof haqqında geniş məlumat dərc edilmişdir. XII əsr islam filosofu Əbu Cəfər ibn Harun, XVIII əsr ingilis filosofu David Yum və s. ilə yanaşı, mənim də bu kitaba daxil edilməyim, əlbəttə, fərəhləndirici hadisədir. Mən bunu daha çox bir təsadüfi seçim kimi qiymətləndirirəm. Çünki biz bu barədə ancaq kitab çap olunandan sonra onun internet reklamından xəbər tutduq.

 

Sual: İstənilən halda bir Azərbaycan filosofunun ABŞ, Fransa, Almaniya kimi ölkələrdə söz sahibi olması çox əlamətdar hadisədir. Bizcə, bunlar təsadüfi ola bilməz, çünki bundan öncə də Sizin İstanbulda və Moskvada əsərlərinizin təqdimatı keçirilmiş, Avropanın nüfuzlu elmi nəşriyyatlarında əsərləriniz çap olunmuşdur. Sizin kitablarınız barədə xarici mətbuatda çıxan rəylər də onların elmi-fəlsəfi ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini göstərir. Bunlar məhz Sizin fəlsəfi ideyalarınıza göstərilən böyük maraqdan doğur, yoxsa ümumiyyətlə, Azərbaycanda fəlsəfi fikrin yüksək inkişafından xəbər verir?

 

Cavab: Əlbəttə, dövlət dəstəyi olmasa, tək bir nəfərin yüksək nəticələr əldə etməsi mümkün deyil. Əslində bu nəticələr Prezident İlham Əliyevin neft kapitalını intellektual kapitala çevirmək çağırışına bizim tərəfimizdən cavabdır. Bu işdə AFSEA-nın (Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyası) və onun nəşr etdiyi “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının da böyük rolu vardır. İndi bu jurnal dünyanın ən nüfuzlu fəlsəfi nəşrlərindən biri hesab olunur.

 

Sual: Bəs bundan sonra Azərbaycan fəlsəfi məkanında daha hansı yeniliklər gözlənilir. Növbəti planlarınız haqqında bir neçə kəlmə deyərdiniz.

 

Cavab: Bizim fəlsəfi əlaqələrimiz ancaq Qərb dünyası ilə məhdudlaşmır. Qarşıda duran ən mühüm vəzifələrdən biri milli fəlsəfi fikrin inkişaf etdirilməsidir. AFSEA-nın sentyabrın 27-28-də Bakıda keçirməyi nəzərdə tutduğu Fəlsəfə Forumu, Türk dünyasında fəlsəfi araşdırmaların əlaqələndirilməsi və inteqrasiyasına xidmət edəcəkdir. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının bir araya gəlməsi və türk fəlsəfi fikrinin inkişaf perspektivlərinin müzakirə olunması nəzərdə tutulur. Bu tədbirdən dərhal sonra, 3-8 oktyabr tarixində Yunanıstanın Rodos adasında “Mədəniyyətlərarası dialoq” forumu keçiriləcəkdir. Mən bu foruma əsas məruzəçilərdən biri kimi dəvət olunmuşam. Həmin ayda İsveçin Lund Universitetində “Elm fəlsəfəsi” konfransında, noyabrın əvvəlində isə Romada Metafizika konqresində məruzə etmək üçün dəvət olunmuşam. Belə ki, əlaqələr getdikcə genişlənir. Deməyə yeni sözümüzün olması üçün isə ölkəmizdə fəlsəfi tədqiqatların intensivliyini bir az da artırmaq tələb olunur.


http://azertag.gov.az/node/996749

Baxılıb: 3365    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.