az  |   tr
Fəlsəfə dünyası

Sufi donu...   –  [11.01.2013]


 

Fəzilətdən rəzalətə

Bəşər tarixində paradoksal və çox sərt, hətta qəddar bir qanunauyğunluq var: bir millət öz sərvətinin qədrini bilməyəndə, ağılla idarə etməyəndə, həmin sərvət onun bəlasına çevrilir. Buna nümunə kimi çağdaş dünyamızdan ərəb ölkələrini göstərmək bəsdi. Öz qara nefti ilə qara günə qalmış ərəblər barədə xüsusi danışmağa ehtiyac yoxdur, çünki istər İraqın, istərsə də Liviyanın faciəsi göz qabağındadı.

Maddi sərvətə aid olan bu qanunauyğunluq, təbii ki, mənəvi sərvətə də şamil edilir. Müharibələrdə uduzan ölkənin alimlərini, sənətkarlarını at döşündə sürgün edirdilər uzaq ellərə ki, onlar üçün yazıb-yaratsınlar. Dövrlər dəyişdi. İndi də sənətkarlar şəraitinə, mühitinə görə başqa dövlətlərə “uduzan” doğma vətənlərindən yad ellərə üz tuturlar ki, ideyalarını həyata keçirib, yaradıcı şəxsiyyət kimi öz potensiallarını reallaşdıra bilsinlər. Əbu Turxan təsadüfən demir ki, “Var-dövlət – Haqq yolunda xərclənəndə fəzilətə, əks halda rəzalətə vəsilə olur”.

Sərvətin bəlaya çevrilməsinin ən bariz nümunəsini islam aləmində də görmək mümkündür: elm və texnikada ən nadir kəşfləri edən, ilk universiteti açan, ensiklopedik mütəfəkkirləri, filosofları ilə bütün dünyanın ideya mənbəyi, inkişaf təkanı olan İslam Şərqi bu gün yazıq durumdadı. Niyə? Çünki ən böyük sərvəti olan İslam dinini düzgün anlamadı, düzgün tətbiq etmədi; çünki malik olduğu fəlsəfi təfəkkürü düzgün istiqamətləndirmədi, maddi cah-cəlala uyub mənəvi sərvətini unutdu, var-dövləti fikir sahibindən, allimdən yüksək tutdu. Bunin nəticəsidir ki, bu gün amansızca və ədalətsizcə terrorçu, geridəqalmış damğası vurulan İslamı ilk növbədə müsəlmanın özünün qəniminə çeviriblər.

Son illər Şərqin Qərbdən geri qalması, hətta təfəkkürlərinin bir-birinə zidd olması haqqında çox yazırlar. Yaranmış və get-gedə dərinləşən qarşıdurmanın səbəblərini axtarırlar, çıxış yolları təklif edirlər, dini günahlandırıb, qloballaşmadan yapışırlar və daha nələr. Bəlkə də Qərb bu problemi özü üçün artıq həll edib və artıq müəyyən addımlar da atır, ancaq Şərq təfəkkürü mücərrədliyə meylli olduğundan problemi hələ də konkretləşdirib, həllini dəqiq göstərə bilmir.

Mən bu məqalədə təsəvvüf fəlsəfəsinin tədqiqi vasitəsilə Şərqin Qərbdən geri qalmasının və heç cür onun yedəyindən xilas ola bilməməsinin sadəcə bir səbəbini göstərməyə çalışacağam. Bunun üçün Şərqdə və Qərbdə bu istiqamətdə aparılan tədqiqatların qısa müqayisəsini verməklə, don vurmuş təfəkkürləri canlandırmaqdansa, əyninə sufi donu geyindirilmiş şablon yazıların sayının durmadan artması hallarının mənfi təsirlərindən bəhs edəcəyəm.

 

Təkrar nə zaman biliyin anası olur?

Şərq ədəbiyyatında bir ənənə var: əhəmiyyətli, vacib bir həqiqət hər imkan düşən kimi təkrarlanır. Məsələn, Rəhman surəsində “Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsi 31 dəfə təkrarlanır, yaxud “Siz bunu düşünmürsünüzmü?” sualı müxtəlif şəkildə bütün Qurani kərim boyu dəfələrlə verilir. Eyni üslub bədii əsərlərdə də mövcuddur. Quranşünaslar, ədəbiyyatşünaslar buna müxtəlif səbəblər göstərə bilərlər. Birini də mən deyim: elə həqiqətlər var ki, onları unutmaq olmaz, onlar daim şam kimi yanmalıdır ki, insanın düşüncəsi qaranlığa qərq olub azmasın. Təəssüf ki, insanın fitrətində elə bir unutqanlıq var ki, hətta bir əsərin əvvəlindən axırına çatana qədər əsas ideyanı, hikməti unuda bilir. İnsan unutqan olmasaydı, Allah təala ona dörd dəfə eyni niyyətli, ümumi prinsipləri təkrarlanan müqəddəs kitabları nazil eləməzdi, bu kitabları təbliğ eləmək – insanlara xatırlatmaq üçün 124 min peyğəmbər göndərməzdi. İnsan hər dəfə bu həqiqətləri ilk dəfə eşidirmiş kimi təəccüblənib, öz yalanlarını, cəfəngiyatını eyni kor inadla müdafiə edib, peyğəmbərlərini incidib, diyarından didərgin salıb. Hərdən adama elə gəlir ki, yalan nəsildən nəsilə ötürülə bilir və zamana daha dayanıqlıdır, həqiqət isə zərifdi, hər dəfə təzələnməyə, yeni enerji almağa ehtiyacı var.

Digər tərəfdən, həqiqət gözəldirsə, müqəddəsdirsə, niyə onu təkrar etməyək ki? Məsələn, bir rəvayətə görə, Hz. Əli ona yamanlıq eləyən bir insana yaxşılıqla cavab verir. Adam yenə pislik edir, Hz. Əli yenə yaxşılıqla cavab verir və bu hal bir neçə dəfə təkrarlanır. Hz. Əlidən “bu nankora yaxşılıq etməkdən yorulmadınmı?” – deyə soruşurlar. Hz. Əli: “O, pislik eləməkdən yorulmursa, mən niyə yaxşılıq eləməkdən yorulum?” – cavabını verir. Həqiqətən, Allah rəhimli və sonsuz səbir sahibidir ki, belə unutqan məxluqunu – insanı hər dəfə bağışlayır, yenidən haqqa gəlməsi üçün imkan yaradır, bələdçilər göndərir.

Təəssüf ki, Şərqdə təkrarçılığa meylin bir mənfi tərəfi, daha doğrusu, onun yanlış tətbiqi də formalaşıb, hətta ənənə halını alıb. Neçə illər, əsrlərdir ki, İslam fəlsəfəsində eyni həqiqətlər, bəzən hətta ikinci, üçüncü dərəcəli məsələlər təkrar-təkrar müzakirə edilir, hər yeni gələn köhnəni yenidən “kəşf edir” və mübahisə yenidən qızışır. Hər dəfə bu mübahisələr eyni trayektoriya və eyni ssenari üzrə gedir deyə, düşüncələrdə bir çərək də irəliləyiş hiss olunmur.

Sanki bir paradoks yaranır: bir tərəfdən təkrarın xeyrindən danışırıq, digər tərəfdən, onu inkişaf üçün bir maneə hesab edirik. Əslində heç bir paradoks yoxdur.

Bir var konsentrik çevrələr, bir də var sadəcə çevrə. Birinci halda, bir nöqtədə yalnız başlanğıcı və sonu birləşən çevrələr get-gedə böyüyür – hər son yeni inkişafın, yeni səviyyənin başlanğıcı olur. Bu inkişaf trayektoriyasına daha böyük miqyasda baxanda, həmin nöqtənin – insan “mən”inin mərhələ-mərhələ açılıb yüksəlməsi onu hətta spirala da bənzədir.

İkinci halda bu, çarxın içində dələnin fırlanmasına bənzəyir – nə inkişaf var, nə irəliləyiş. 

Birinci hala bariz nümunə kimi Qərb, hətta Türkiyə alimlərini göstərmək olar. Onlar təsəvvüfün uca həqiqətlərini nəinki təkrar edirlər, hətta əzbərləyirlər ... ki, öz həqiqətlərini bu işıqda təqdim edə bilsinlər. Məsələn, Oksfordda yerləşən və mənim də üzvü olduğum Mühyiddin İbn Ərəbi Cəmiyyəti İbn Ərəbinin əlyazmalarını, nadir nüsxələri alıb yığır, bu əsərlərin tərcüməsini, müzakirəsini təşkil edir, hər il İbn Ərəbiyə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar, seminar və simpoziumlar keçirir, bu sahədə başqa ölkələrlə əməkdaşlıq edir, dərgi nəşr edir, gündən günə güclənən bir İbn Ərəbi məktəbi formalaşdırır. Hətta üç il qabaq Azərbaycanda da belə bir beynəlxalq simpozium təşkil etmişdilər. Eyni sözləri yenə Oksfordda yerləşən Mövlana cəmiyyəti barədə də demək mümkündür.

İkinci hala nümunə kimi isə, maləsəf, bizim “tədqiqatçıları” göstərmək olar: hələ də “sufi”, “arif” sözlərinin etimologiyasından yazırlar, hal-məqamları sadalayıb təsvir edirlər, əsrlər boyu yazılmış mövzuları yenə “çeynəyirlər”. Ən yaxşı halda, təsəvvüfdə nə isə “kəşf etmək”, “yeni söz demək” istəyəndə bir Qərb tədqiqatçısının yazdıqlarını təkrar edirlər. Təəssüfedici hal isə odur ki, Qərbin sıravi bir tədqiqatçısının təkrarlanan fikirləri arasında öz vətənində yaranmış orijinal ideyalar ya itib-batır, gözə dəymir, ya da “yerli mal” kimi diqqətə layiq görülmür. Və beləcə çarxın içində fırlana-fırlana işgüzar görkəm alıb, alimlik dərəcələrinə layiq görülürlər. 

 

Hikmət payının bölgüsü...

Təsəvvüf – insanın fitrətən malik olduğu həqiqət axtarışının İslam dini zəminində təzahürüdür. O, islam hikmətinin eşqlə, yüksək hisslərlə bəşəriyyətə bəyan edilməsidir. Təsadüfi deyil ki, İslam dini coğrafi baxımdan ən ucqar yerlərə məhz təsəvvüf vasitəsilə çatıb. İslamın ən ülvi, ən ecazkar tərəfini – Yaradana və onun yaratdıqlarına sevgini tərənnüm edən təsəvvüf öz məzmun və məramına müvafiq də vasitə seçib – obrazlı, rəmzlərlə dolu bir dil, poetik üslub. Bu hikməti çatdıran isə əsasən dərvişlər olub. Düzdür, sonralar dərvişlik özü də müstəqil, öz nizam-intizamı olan bir təriqətə, hətta daha da böyüyərək ümumiyyətlə təsəvvüfün simvoluna çevrilib, amma əsl mahiyyət, məqsəd dəyişməz qalıb: islam hikmətini çatdırmaq. Daşıdığı missiyanın gözəllik və malik olduğu yüksək mahiyyət təsəvvüfün özünün də pay-püşk olunmasına səbəb olub və hər kəs öz payını götürüb.

Qərb təsəvvüfün mahiyyətini götürdü: aparılan ciddi tədqiqatlar, yazılan dünyamiqyaslı monoqrafiyalar, keçirilən beynəlxalq konfranslar buna nümunədir. Təsəvvüf sanki Qərb təfəkkürünə nəfəs verir: istər psixologiya, istər arxitektura, istər musiqi, istərsə də ilahiyyat sahəsində yeni proyektlər, mövzular, müzakirələr açılır. Ən vacibi isə sufi klassiklərinin əsərlərini Qərb dillərinə tərcümə edib öz şərhləri ilə təqdim edirlər. Bəli, Şərq bu gün öz hikmətini Qərbin təqdimatında, Qərb təfəkkürünün işığında tanımaq məcburiyyətindədir! Və bu, artıq qanunauyğunluğa çevrilib. Əlbəttə, danılmaz bir faktdır ki, Qərb təfəkkürü yalnız müasir dövrə deyil, ümumiyyətlə fəlsəfə ta­rixinə nüfuz edib və elə islam fəlsəfə­si­nin özünün də öyrənilməsində xüsusi rola ma­lik­dir. Təbii ki, fikir sahibləri bu faktı qəbul etməklə yanaşı, inkişaf yolu da göstərirlər. Məsələn, Səlahəddin Xəlilov yazır: «Qismətə bax! Babalarımız o qədər uca olub­lar ki, onların səviyyəsinə qalxmağın yolu Qərb fəlsəfəsinin dərkindən keçir. Biz bu gün onlara qayıtmaq üçün, onların səviyyəsini an­la­maq üçün əvvəlcə Qərb fəlsəfəsinə, onun ən par­laq nümunəsi olan klassik alman fəlsəfəsinə – Kanta, Hegelə, Feyerbaxa qayıtmaq məc­bu­riy­yə­tin­də­yik». Burada əhəmiyyətli bir məqam var: söhbət heç də, indicə dediyimiz kimi, islam fəl­­sə­fə­sini Qərb şərhində qəbul etməkdən get­mir. S.Xəlilov bu gün Qərbin tətbiq elədiyi təcrübəni Şərq üçün təklif edir – Şərqə öz hikməti ilə yeni bir nəfəs vermək, öz hikmətini özünə xatırlatmaq, Qərb təfəkkürünün sütunları üzərində Şərq hikmətinin öz doğma məbədini tikmək.

Bəs reallıqda nə baş verir? Bu məbəd tikilirmi?

Təsəvvüfün pay-püşkündə Şərq yerdə qalanı – hissləri, dərvişliyi götürdü. Və əsrlərdir təsəvvüfə məxsus yüksək hisslər, emosiyar eyni möhtəşəmliklə, bənzərsiz ifadələrlə tərənnüm olunur. Düzdür, Həllac, Yəsəvi, Yunus, Mövlana, Füzuli və daha neçə Şərq müdriki öz hikmətini poetik dillə, nəzmlə çatdırıb. Lakin əhəmiyyətli və incə bir məqam var. Bu mütəfəkkirlərdə hikmət dili üstələyib. Sonralar isə dilin gözəlliyi, oynaqlığı hikməti görünməz eləyib. Nəticədə eyni hikmət fərqli ifadələrlə, fərqli üslublarla illərdir təkrarlanıb durur. Şərqdə dolub-daşan yeni-yeni “füzulilər”, “irfan şairləri” Qərbin ümmanlarda ideya hücumlarından bixəbər öz gölməçələrində “tufanlar” qoparırlar.

Təsəvvüfün Şərqdə ekzotik bir obyektə çevrilməsinin ən gözəl nümunəsi isə, şübhəsiz, səma’dır. Bu gün bütün dünyanı dolaşan, heyran qoyan, əsl Şərq sənətinin nümunəsi olan səma’! Ezoterik islam hikmətini insanları əyləndirmək üçün ekzotik teatr tamaşasına döndərən səma’!       

 Daha bir paradoks! Bu gün yüksək hisslər, ruhani yüksəliş, dərvişlik deyəndə Şərq, bu hikmət haqqında ciddi tədqiqat deyəndə Qərb yada düşür! Halbuki, bir vaxtlar bunların ikisi də elə Şərqə məxsus olub.

 

Hər axtaran tapmır, amma tapan – axtarandır!

Təsəvvüf insana düşüncə azadlığı verən və bunun üçün geniş imkanlar açan, eyni zamanda insanın mənəviyyatını, müqəddəslik duyğusunu qoruyan bir fəlsəfədir. Təsəvvüf yaradıcılıq axtarışıdır. Bunu təsəvvüf fəlsəfəsini həqiqətən araşdıran hər bir tədqiqatçı dərk edir. Möhtəşəm “Şərq-Qərb divanının” müəllifi, dahi alman mütəfəkkiri İ.V.Goethe Ruminin dünya­gö­rü­şü­nü belə təsvir edir: «Onun niyyəti ruhu öyrənmək, yüksəltməkdir; bütövlükdə isə o, özünün vəhdət haqqında təlimi ilə hər cür üzgünlüyü, əziyyəti təqdir etməsə də, bu üzgünlüyə heç olmasa icazə verməklə hər kəsin əvvəl-axır ilahi varlığın dərinliyinə qərq olduğunu və işıqlandığını göstərir». Goethe onu da əlavə edir ki, «reallığın şübhəli və etibarsız əsasa dayanması Cəlaləddin Ruminin ürəyincə deyil; o, daxili və xarici hadisələrin sirrini mənəvi baxımdan müəyyən etməyə can atır, onları iti ağılla həll etmək istəyir». İngilis şərqşünası A.Ar­ber­ri isə Mövlana fəlsəfəsinin cəmiyyətin həyatına təsiri barədə belə yazır: «Mövlana yeddi yüz il əvvəl dünyanı böyük bir qarışıq­lıq­dan qurtarmışdır. Günümüzdə Avropanı qurtaracaq tək şey də onun əsər­lə­ri­­dir, fikir­lə­ri­dir. Bundan sonra həyatımı Mövlananın əsərlərini tədqiq etməklə ke­çi­rə­cəm; çün­ki onlarda çağımızın xəstəlikləri üçün ruhani əlac və təsəlli tapmaq mümkündür».

Bunlar dəryada iki damladır. Bəli, Qərbin təsəvvüfə marağı çox böyükdür. Bunu ən azından onların Mövlananı İslamdan kənarlaşdırmaq, onun düşüncələrinin heç də İslam hadisəsi olmadığını sübut etmək, özününküləşdirmək istəyində görmək mümkündür.

Təsəvvüf ideya mənbəyidir. Bu mənbənin açarı isə vəhdət əl-vücuddur – təsəvvüfün özəyi və mahiyyəti. Özünün “Təvasin” kitabında Həllac çoxlu oxşar nöqtələrin rəsmini verib yazır: “Bu nöqtələrdən ancaq biri Haqqdır, qalanları batildir.” Vəhdət əl-vücud həmin nöqtədir və onu fərqləndirmək çətin olsa da, vacibdir.

Bir həqiqəti tədqiqatçılar unutmamalıdır. Vəhdət əl-vücud hardansa kənardan gətirilib təsəvvüfə birləşdirilməyib, onu kimsə kəşf eləməyib. Düzdür, bir termin kimi o, məhz Mühyiddin İbn Ərəbinin tələbəsi Sədrəddin Konəvinin “Qeybin açarı” (“Miftəhu-l-ğeyb”) və onun müasiri olmuş İbn Səbinin əsərlərində xatırlanır və bu səbəbdən bir çox hallarda vəhdət əl-vücud İbn Ərəbiyə məxsus bir təlim kimi təqdim olunur. Vəhdət əl-vücud fəlsəfəsi İbn Ərəbidən neçə əsrlər əvvəl yaşamış Cüneyd Bağdadinin risalələrinin, Həllac Mənsurun şeirlərinin, Şihabəddin Yəhya Sührəvərdinin işraqiliyinin kökü, mahiyyətidir. Bir sözlə, vəhdət əl-vücud təsəvvüfün özüdür.

Əslində, bu, məsələnin çoxdan keçilmiş bir mərhələsidir. Lakin bu, məhz düşüncələri azmaqdan qoruyan işıqdır və təkrarlanmalıdır. Vurğulanmalı olan daha bir əhəmiyyətli məqam: vəhdət əl-vücud bir çox hikmətlər üçün, yaradıcılıq üçün sehrli açardır. Böyük alman filosofu Hegelin sözləri ilə desək: «Əgər Vahid ola­nın dərkini… onun ən gö­zəl saflığı və ucalığında nəzərdən keçirtmək istəyirlərsə məhəm­mə­di­lərə mü­raciət etmək lazımdır».

Vəhdət əl-vücud islam fəlsəfəsi tarixinin məhz orijinal bir səhifəsi, islam dininin mahiyyətini bütün gözəlliyi və olğunluğu ilə çatdıran bir fəlsəfədir. O, müasir dövrdə az qala bütün dünyanı bürüyən pessimizmdən, nihilizmdən xilasdır. O, insanın yüksək mahiyyətini və kamilləşmək qüdrətində olduğunu xatırlatmaqdır. O, Yaradanını tanıyıb, Onun mülkü hüdudunda özünün də bir yaradan olduğunu dərk eləməkdir.  

Bəs Şərqdə, xüsusilə Azərbaycanda bu hikmətə münasibət necədir? Təsəvvüflə nə axtarırlar? 

Bizdə də təsəvvüf axtarışdır, amma fərqli istiqamətdə. Belə məlum olur ki, təsəvvüfdə tədqiqatçının dəb axtarışı, ekzotika həvəsi, həqiqi tədqiqatçıların çoxdan bildiklərini mistik müəmma kimi təqdim edib onu yenidən “kəşf etmək” üçün də meydan var imiş. Bunun üçün fəlsəfənin mürəkkəb dərinliyinə baş vurmağa ehtiyac da yox imiş – məşhur deyimləri təkrarlamaq, sufi şeirlərinin təsvirini vermək kifayət imiş. Maraqlıdır ki, bu “dəblə” ayaqlaşan tədqiqatların aşıb-daşmasına baxmayaraq İslam Şərqində ideya müstəvisində bir monotonluq, durğunluq hökm sürür. Düzdür, çox sanballı mütəfəkkirlər də olmuş və yenə də var. Məsələn, təsəvvüf vasitəsilə İslam düşüncəsini yenidən ayağa qaldırmaq istəyən Məhəmməd İqbalı, təsəvvüf və zen-buddizm vasitəsilə İslam Şərqini uzaq Şərqlə birləşdirməyə cəhd edən Seyid Hüseyn Nəsri, təsəvvüfün işığında fəlsəfə tarixinin prinsipial məqamlarını müqayisəli təhlil edərək bir zamanlar Şərqdən Qərbə keçmiş ideyaların yenidən Qərbdən Şərqə qayıtmalı olduğunu bir zərurət kimi göstərən Səlahəddin Xəlilovu, təsəvvüfü ekzistensializm fəlsəfəsi ilə qarşılaşdırıb Şərq və Qərb arasında ortaq nöqtələr axtaran Kənan Gürsoyu və daha neçə mütəfəkkirləri, tədqiqatçıları danmaq, onların düşüncələrini görməmək ən azından günahdır. Ancaq maraqlıdır, sal daşa bənzəyən fikir monotonluğunu tərpətməyə bir-iki mütəfəkkirin gücü çatarmı? Əgər bu mütəfəkkirlərin özlərinin yaradıcılığına bir etinasızlıq varsa, hər hansı bir hərəkətə ümid etmək olarmı? Təkrar və təqlid dolu yazıların altına imza qoyan və bunu əsl elm hesab edən tədqiqatçılarla Şərq hansı inkişafdan danışa bilər?

 

Sonluq   

Bəli, bu gün Şərqdə təsəvvüfün donmuş mərmər heykəli göz oxşayır. Amma bu donu əritmək üçün yenə də kamal eşqi, yaradıcı təfəkkür, qaynar zəka tələb olunur, ənənəvi sufi şeirlərindən bu mərmər heykələ don tikmək vasitəsilə görüntü yaratmaq yox. Biz o zaman bu irsin həqiqi varisləri olduğumuzu isbata yetirə bilərik ki, onun müasir donu üçün yararlı olan yeni ideya istiqamətlərini və yeni nümunələrini yaradaq. Və bizim indi yaratdıqlarımız daha bir sufi təriqəti olmayıb, əksinə, təriqətçilikdən azad, ümumbəşəri fəlsəfi fikir postamenti üzərində qurulmuş müasir təsəvvüf təlimi olmalıdır. Şərq və Qərb təfəkkürünün vəhdətindən qaynaqlanan zəngin bir ideya çələngi; ancaq bu zaman sufi donunun da yenidən biçilməsi və tikilməsi aktuallaşmış olar.    



Könül Bünyadzadə

fəlsəfə elmləri doktoru

Baxılıb: 3749    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.