az  |   tr
Fəlsəfə dünyası

Cavid simvolikası   –  [06.02.2013]

 

 

Den Braun əski simvolikaları və kodları açdıqdan sonra Leonardo da Vinçi yeni ampluada görünməyə başladı. Den Braundan çox-çox əvvəl Şərq ədəbiyyatında rəmzlərin dili ilə bir çox gizli fikirlər söylənilmişdir ki, zaman-zaman açılır, amma hələ də açılmamış qalanları var.

Cavid də rəmzlər şairidir. Onun poeziyasında açılmamış müəmmalar çoxdur. Biz indi bunlardan ancaq birinə müraciət etmək və Şeyx Sənan əhvalatı ilə şairin bizə başqa nələr dediyini aşkarlamaq istəyirik.

 

Xumar, Əsli, yoxsa Sarı gəlin?!

 

Ey mürşidi-kamil, ey Şeyx Sənan!

Heç demə, sən hələ o vaxt özünü qurban verib, bizə həqiqət yolunu göstərməyə çalışırmışsan. Biz isə məcazları və semiotikanı hələ də mənimsəmədiyimizə görə, gürcü qızı Xumardan yapışıb durmuşuq.

Və hərdən buna da şükür edib düşünürsən ki, nə yaxşı ki, Cavid babamız Fəridəddin Əttarın tərsa (xristian) qızını Rum elindən qoparıb Qafqaza gətirəndə və onu xumarlaşdıranda milliyyətini erməni qızı yox, gürcü qızı deyə nişan verib. Yoxsa indi bizim halımız necə olardı? Sarı gəlin məsələsini həll eləyib qurtarmamış, indi də Xumar problemi ortaya çıxardı... Amma bu məsələ o məsələdən çox mürəkkəbdi. Həm də ayrı-ayrılıqda onların qəlizliyi bir o qədər görünmür. Birlikdə baxanda, həmin o görünməyənlər də üzə çıxır. “Sarı gəlin” məsələsinin artıq bir neçə həlli tapılıb. Bəziləri düşünür ki, “Sarı gəlin” mahnısı da bizimdir, gəlin özü də. (Hər halda bir türk qızının sarışın olması, erməni qızının sarışın olmasından daha inandırıcıdır). Bəziləri isə düşünür ki, əsas olan mahnının bizim olmasıdır, o ki qaldı gəlinə, o elə erməni imiş; papas onu vermək istəməyib və bizim oğlan da dərdindən divanə olub və bu sənət əsəri də beləcə bizim naləmizdən yaranıbmış. Nə isə.  

Bəs Xumar əhvalatı hansı görünməzlərə aydınlıq gətirir? Əlbəttə, bizimkilər onu da isbat edə bilərlər ki, Şeyx Sənan türk imiş və məhz bir Qafqaz türkü imiş və ona görə də röyasına ərəb və ya rum gözəli deyil, bir Qafqaz gözəli giribmiş. Həmin Qafqaz ki, burada neçə-neçə kərəmlər əslilərin yolunda 32 dişindən keçsələr də, keşiş yenə verdiyi sözü tutmamış, kərəmləri yana-yana qoymuşdur. 

Əslində Şeyx də yanır, həm də könüllü:

Şeyx, ya Şeyx, gəl də seyr eylə,

Yandım atəşdə kəndi rəyimlə.

Mən qulaq vermədim dəyərli sözə,

Həp qadından gəlir nə gəlsə bizə.

Lakin Cavidin atəşlərə səbəb kimi göstərdiyi əsl ünvan qadın və ya qadına sevgi deyil. Sevgidən başı dumanlanıb sağlam düşüncəni itirmək də deyil. Əsl ünvan sevgiyə qarşı duran əks qütb – ayrı-seçkilik və dinlərin ixtilafıdır: “İxtilaf, ixtilafi-məzhəbi-din...” Çıxış yolunu isə şair fərqli dinlərin vahid bir dində birləşməsində görür:

Din bir olsaydı yer yüzündə əgər,

Daha məsud olardı cinsü-bəşər.

Əsas ideya bundan ibarətdir ki, bizi təmsil edən Şeyx tərsa qızına olan eşqini nəinki maldan-dövlətdən, rütbədən, mənsəbdən üstün tutur, hətta dinin zahiri atributlarından, simvolikalardan da keçməyə hazırdır. Bir xristian papası bir müsəlman şeyxinə şərtlər diktə edir və sonuncu da “daha yüksək bir din” olan eşq naminə onun şərtlərini qəbul edir. Əsl müəllif ideyası da dastanlardan məlum olan bu hekayətin yeni təfsir imkanlarında gizlənir. Gəlin, tərsini fərz edək: tutaq ki, papas insafa gəlir və şeyxin öz müsəlmanlığından əl çəkdiyinə əmin olub, Xumarı ona verməyə razılaşır. Onda nə olar? Bax, böyük Füzulinin Leyli və Məcnunu qovuşdurmamasının səbəbi nə idisə, Cavid də Sənan və Xumarı ona görə qovuşdurmur. Çünki əsərdə iki gəncin vüsalından daha böyük ideyalar var.

Caviddə sevən tərəflər rəmzi məna daşıyırlar. Əsl söhbət böyük eşq müqabilində dini ayinlərə münasibətin dəyişməsindən gedir. Yəni mübarizə dinin mahiyyəti və görüntüsü arasında gedir.

 

Cavid bizə nə öyrətmək istəyirdi?

 

Cavidin birinci məqsədi eşqin institutlaşmış, sosiallaşmış, ideolojiləşmiş və öz mahiyyətindən uzaqlaşmış zahiri dinçilikdən yüksəkdə durduğunu göstərmək, eşqi ən böyük din kimi təqdim etməkdir.

İkinci məqsəd konkret olaraq qız sahibi olan, deməli, həm də söz sahibi, ixtiyar sahibi olan xristian rəsmilərinin və bütövlükdə Qərbin İslama və müsəlmanlara münasibətinin iç üzünü göstərməkdir. Yəni sanki belə bir sualın cavabını tapmaq üçün eksperiment qoyulur: müsəlmanlara qarşı olan ayrı-seçkiliyin köklərini harada axtarmaq lazımdır? Qərbin xoşuna gəlməyən, onu narazı salan və ya narahat edən nədir? Bax, bu sualı müasir dövrə transfer etsək və Avropa İttifaqının Türkiyəyə qarşı ayrı-seçkiliyini, uydurulmuş “erməni soyqırımı”nı zorla “etiraf” etdirmək cəhdlərini, yaxud Minsk qrupunun Dağlıq Qarabağ məsələsindəki ikili standartını yada salsaq, mənzərə necə görünər? Türkiyə hər dəfə Avropa İttifaqının qoyduğu şərtləri yerinə yetirir və hər dəfə yeni şərtlər düşünüb tapırlar: düymələr açılır və yenidən bağlanır. Yaxud Azərbaycan dünyanın ən tolerant ölkəsi olduğunu dönə-dönə sübut etsə də, yenə də xristian təəssübkeşliyi özünü göstərir. Sanki Cavid o vaxt belə bir perspektivi də nəzərə alaraq “Şeyx Sənan” süjetində bütün şərtləri yerinə yetirməyin, hətta “bütün dinlər birdir” deyərək müsəlmanlığın əlahiddə şərtlərindən imtina etməyinin heç bir xeyri olmadığını və olmayacağını göstərirdi.

Bu qənaət bu gün də aktualdır. Erməni məsələsi gündəmdən çıxmır ki, çıxmır. Qərb satqınlığı müqabilində ermənilərə vəd etdiyini, görünür, hələ tam qaytarmayıb. Tarixi Azərbaycan torpaqlarında ermənilər üçün dövlət yaradılması satqınlığın bədəlini hələ tam ödəməyibmiş.  Bu məsələ çox az rast gəlinən hallardan biridir ki, burada ruslarla qərblilərin mövqeyi üst-üstə düşür. Onları birləşdirən erməniyə sevgi, yoxsa türkə nifrətdir, – bu, ayrı bir məsələdir. Önəmli olan budur ki, kin-küdurət  həqiqət hissini üstələyir.              

Qərb millətçiləri gerçəyi təhrif etməklə kifayətlənməyərək, bu təhrifi bizə də qəbul etdirməyə, “etiraf”a nail olmağa çalışırlar. Bunun üçün bir tərəfdən təzyiq göstərir, digər tərəfdən də Nobel mükafatı da daxil olmaqla müxtəlif vədlərlə ağız sulandırırlar. Maləsəf, hərdənbir bu tora düşən, qovula-qovula namərd olan və ağzı sulana-sulana “etiraf qəhrəmanlığının” kürsüsünə qalxmaq istəyənlər də tapılır.

Əlbəttə, “Əsli və Kərəm”də, “Şeyx Sənan”da bu məsələlər daha ümumi şəkildə qoyulmuşdur. Amma eyni mahiyyət müxtəlif dövrlərdə müxtəlif formalarda təzahür edir.

Kim isə dünyəvi həyat tərzi seçirsə, müsəlman simvolikalarından imtina edirsə və qəlbində Allah eşqindən, haqq-ədalət hissindən başqa heç nəyə üstünlük vermirsə və müqabilində papaslar bunun fərqinə varmadan yenə də dini ayrı-seçkilik salırlarsa, bu əslində mərdi qova-qova namərd etmək cəhdindən başqa bir şey deyil.

Bütün bu təcrübələr onu göstərir ki, nəyinsə naminə, kiminsə istəyi ilə yolunu dəyişmək heç vaxt fayda verməyib və verməyəcək də. Sadəcə, gərək qovanlardan aman diləməyəsən və qovulsan da, namərd olmayasan. Sən mərdliyində qal, həqiqətə tapın; kiminsə xoşuna gəlmirsə, özünəməxsusluğundan imtina etməkdənsə, qarşı tərəfin məxsus olduğu üstünlüklərə də yiyələnərək daha zəngin ol. Yəni çıxış yolu nədənsə imtina etməkdə, nəyi isə qurban verməkdə yox, əlavə keyfiyyətlər əldə etməkdə, eşq ilə yüksəlməzdən öncə əqllə yüksəlmək zərurətini dərk etməkdədir.

 

Səlahəddin Xəlilov
http://www.525.az/site/?name=xeber&news_id=5329

Baxılıb: 4009    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.