az  |   tr
Fəlsəfə dünyası

Cavid yeni əsrdə: nidalar və suallar   –  [05.06.2013]

 

 

 

Cavidşünaslıqda üçüncü dalğa


          Ötən əsrin 20-30-cu illərində ən çox müzakirə olunan mövzular məhz Cavidin əsərləri idi. Onun hər bir tamaşası cəmiyyətin mədəni həyatında böyük bir hadisə idi, ədəbi tənqiddə və teatrşünaslıqda geniş işıqlandırılırdı. Hətta kəskin tənqidi məqalələr də Cavid ideyalarının daha çox yayılmasına xidmət edirdi. Digər tərəfdən, əgər tənqiddə rasional məqamlar varsa, bu, sənətkarın öz sənətinə kənardan, bir qədər fərqli baxa bilməsi üçün əlavə imkan açır. Həmin dövrdə qərəzli tənqid, qarayaxma ilə yanaşı, ciddi müzakirələr, bəzən sadəcə anlamamaqdan və ya daha yaxşı anlamaq cəhdindən irəli gələn təhlil və yozumlar, bizcə, ədəbi mühitin canlı qalmasına və müəllifin oxucularla əks-əlaqəyə girməsinə imkan yaradırdı. Bu baxımdan, Abdulla Şaiqin, Hənəfi Zeynallının, İbrahim Xəlilin, Cəfər Cabbarlının tənqidi təhlili təkcə Cavid yaradıcılığının şərhi baxımından deyil, həm də ümumiyyətlə o dövrdə Azərbaycan ədəbiyyatşünaslığının və hətta, mən deyərdim ki, cəmiyyətşünaslığının parlaq nümunələridir. Bunları ona görə xüsusi qeyd edirik ki, əksinə, ideoloji əmin-amanlıq, söz və fikir azadlığı dövründə tədqiqat əvəzinə icmalçılığın, şablonçuluğun, səthiliyin, mədhiyyəçiliyin baş alıb getməsi narahatlıq yaradır. Çap imkanlarının artması müqabilində nəzəri səviyyənin aşağı düşməsi müşahidə olunur ki, bu da sanki çağdaş cəmiyyətimizdə ümumiyyətlə intellektual səviyyənin göstəricisi kimi çıxış edir. Düşünürsən ki, görəsən, müəllif üçün onun əsərlərinin tənqidi təhlili, hətta çox vaxt ifrat hücumlara məruz qalmasımı daha qorxuludur, yoxsa onun yaradıcılığının, ideyalarının ümumiyyətlə “səhnə arxasında qalması”, əvəzində isə onun adının “yüksəklərə qaldırılması”, şəninə şayanlar deyilməsi, yaşadığı və yaşamadığı şəxsi həyatın ədəbiyyata və efirə gətirilməsi, bir sözlə, şöhrət çələngimi?

Biz belə hesab edirik ki, yaradıcı şəxsin əsl həyatı onun ideyalarında davam etdiyindən, ona ən böyük hörmət də adının və şəxsi həyatının deyil, əsərlərinin gündəmə gətirilməsi və ideyalarının yaşadılmasıdır.

Əslində, cavidşünaslıqda müşahidə olunan çağdaş canlanma ilk hadisə deyil və bir növ üçüncü dalğa hesab oluna bilər. Radikal repressiya dövrü başa çatdıqdan və Cavidə rəsmi bəraət verildikdən sonra, 60-cı illərdən başlayaraq Cavid yaradıcılığı haqqında ciddi tədqiqat əsərləri yazıldı. Məmməd Cəfər, Məsud Əlioğlu, Yaşar Qarayev və s.-in simasında cavidşünaslıq yeni, daha mükəmməl bir mərhələyə qədəm qoydu. Məyusluq doğuran isə indiki mərhələ – “üçüncü dalğa”dır. Hazırda Cavidə münasibətdə baş verən yeni canlanmada, maləsəf, ideya baxımından hər hansı bir irəliləyişdən bəhs etmək mümkün deyil. Çünki bu canlanma onun əsərlərinin səhnəyə qayıtması və ya yaradıcılığının əsas ideya sütunlarının müzakirəsi və mənimsənilməsi şəklində olmayıb, sadəcə şəxsiyyətinə hörmət və pərəstişin müxtəlif formalarda bəyan edilməsindən, köhnə yazıların köçürülərək yenidən,  yüksək poliqrafik səviyyədə çap olunmasından ibarətdir. 

Kim isə düşünə bilər ki, hər dövrün öz ədəbi prosesi var və Cavid yaradıcılığı da məhz ötən əsrə aid olduğundan, onun yenidən canlanması mümkün deyil. İndi o ancaq ədəbiyyatımızın tarixi qismində, xatirələr şəklində yaşaya bilər. Bax, biz də bu cür yanaşmanın ayaq tutub yeriməsindən ehtiyatlanırıq. “Cari ədəbiyyatdan fərqli olaraq klassik ədəbiyyat elə əsərləri əhatə edir ki,  bütün dövrlər üçün aktual olsun” fikrini yada salmaqla yanaşı, daha uca səslə vurğulamaq istəyirik ki, Cavid sadəcə klassik ədəbiyyatımızın deyil, həm də milli fəlsəfi fikrimizin əsas sütunlarından biridir. Fəlsəfə isə heç vaxt köhnəlmir və hər şərait və mühit üçün ayrıca fəlsəfə yazılmır. Fəlsəfi fikir milli ruhun ifadəsi olmaqla xalqın keçmişini, bugününü və gələcəyini birlikdə ehtiva edir.

 

Dövlət qayğısı və “ziyalı” etinasızlığı

Bəli, son illərdə cavidşünaslıqda bir canlanma hiss olunur. Hər halda kənardan baxanda belə görünür. Cavidin əsərlərinin yeni nəşrləri çıxır və yubileylərlə əlaqədar bu sahədə yazıların və müxtəlif tədbirlərin sayı artır. Önəmli olan isə görülən işlərin səmərəliliyi, onların cavidşünaslıq və ümumiyyətlə ədəbiyyatımız üçün faydalı olmasıdır. Əgər indi cavidşünaslıqda yaranmış vəziyyətə ümumi bir  nəzər salsaq, açıq-aydın iki xətt görmək mümkündür. Birincisi, bu məsələyə dövlət qayğısı və açılan yeni iqtisadi imkanların bu sahəyə yönəldilməsi; ikincisi, bu sahədə çalışan adamların məsələyə başdansovdu yanaşması, dövlət qayğısından sui- istifadələr, tələm-tələsik qərarlar və məsələnin elmi müzakirələrdən yayınmaqla, inzibati qərarlarla həllinə meyl... Halbuki belə mühüm sahədə atılan hər bir addım ciddi müzakirə olunmalı və tək ədəbiyyatçılar deyil, filosofların da müzakirəyə cəlb olunması, məsələyə münasibətinin öyrənilməsi və kollegial qərarlar verilməsi vacibdir. Amma bir sıra hallarda bu sahədə addımlar tam bir etinasızlıq şəraitində atılır.  Biz bir yazımızda diqqəti “Cavid hikməti: seçmə aforizmlər” adı ilə çap olunmuş bir kitaba yönəltmiş və göstərmişdik ki, burada seçimlər düzgün edilməmiş, Cavidin mənfi obrazların dili ilə dediyi və əslində tənqid etdiyi fikirlər oxuculara onun “aforizmləri” kimi təqdim olunmaqla çaş-başlıq yaratmışdır. Amma indi eşidirik ki, AMEA bu “Aforizmləri” nümunəvi bir şey kimi xarici dillərə tərcümə edib beynəlxalq miqyasa çıxarmaq istəyir. Çox acınacaqlı haldır. Cavidə bu qədər yüksək dövlət qayğısı ilə onun bədii və fəlsəfi irsinə bu qədər böyük etinasızlıq bir araya sığmır.

          Bu günlərdə daha bir tərcümə aksiyası barədə məlumat yayıldı. Və bunun nə dərəcədə düşünülmüş ölçülüb-biçilmiş bir addım olması da maraq doğurur.

 

Niyə “Şeyda”?

Niyyətin gözəl olması yetərli deyil, gərək nəticə haqqında da düşünülsün.

Azərbaycan ədiblərinin yaradıcılığının təbliği, onların əsərlərinin xarici dillərə tərcümə edilərək dünya ictimaiyyətinin nəzərinə çatdırılması, əlbəttə, yaxşı hadisədir. Lakin özümüz üçün yazılmış, eyiblərimizi göstərməyə və islah etməyə yönəlmiş əsərlər var və bir də ümumbəşəri problemlər qaldıran əsərlər var ki, xaricilər üçün də örnək ola bilər. Məsələn, Mirzə Cəlilin, Sabirin əksər əsərləri öz millətimizin islahatına yönəlmiş, tənqidi ruhlu əsərlərdir. Hüseyn Cavid isə o mütəfəkkirlərdəndir ki, onun yaradıcılığı hansı isə etnik-milli çərçivə ilə sərhədlənməyib, bütövlükdə beynəlxalq ədəbi-bədii prosesin diqqət mərkəzində olan mövzuları əhatə edir. Və qoy bütün dünya görsün ki, hələ keçən əsrin əvvəllərində Azərbaycan yazıçıları ümumbəşəri mövzularda, ən mürəkkəb ideya diskurslarında söz sahibi olmuş, özünəməxsus mövqe nümayiş etdirmişdir.  Bu baxımdan, Cavidlə hər bir xalq fəxr edə bilər, – düşüncəsindəyik. İndi biz tez-tez Bzejinskinin, Kissincerin, Fukuyamanın və s. aktual coğrafi-siyasi problemlərlə bağlı açıqlamalarını dilimizə çevirərək dünyadan geri qalmamağa çalışırıq. Lakin xarici ideoloqların açıq politoloji müstəvidə müzakirəyə çıxardığı bir çox məsələlər hələ ədəbi-bədii təhkiyənin predmetinə çevrilməyə macal tapmamışdır. Bax, belə bir şəraitdə Cavidin “Şeyx Sənan”, “İblis”, “Topal Teymur” kimi əsərləri bütün dünya ictimaiyyəti üçün olduqca maraqlı görünə bilər. Onun əsərlərinin əksəriyyəti bir əsr keçdikdən sonra sanki daha aktual olmuşdur və qloballaşma şəraitində bütün bəşəriyyəti narahat edən problemlərin ədəbi-bədii ifadəsi olmaqla bir çox qaranlıqlara işıq salır. Bu baxımdan, onun ən az öyrənilmiş əsərlərindən biri olan “İblisin intiqamı” xüsusi diqqətə layiqdir. Həm də Azərbaycan oxucusundan da öncə  qabaqcıl Qərb ölkələrinin oxucuları üçün bu əsərlər daha çox mənəvi-intellektual qida verə bilər. Bax, görünür, belə bir mülahizə ilə AMEA və Bakı Slavyan Universiteti Cavidin əsərini 11 xarici dilə tərcümə etmək kimi dəyərli bir təşəbbüslə çıxış edirlər.

Amma hansı əsərini? “Şeyda”nımı? Təəccüblənməmək mümkün deyil. Cavid yaradıcılığında beynəlxalq aləm üçün nəzərdə tutulmamış, həm bədii cəhətdən, həm də hadisələrin və personajların seçilməsi baxımından yetkin və nümunəvi sayılmayan bu pyesdə Cavid sanki “dəstədən geri qalmamaq üçün” sosial narazılıq və inqilabçılıq mövzusuna müraciət etmişdir. Hər halda bu pyes şairin yaradıcılığında yeganə əsərdir ki, Cavid üçün səciyyəvi olan və bütün xalqlar üçün bütün dövrlərdə maraqlı ola biləcək ümumbəşəri ideyalar deyil, hansı isə lokal bir şərait və konkret bir situasiya qələmə alınmışdır. Bizcə, bu əsər o vaxtkı bolşevizm təbliğatının abu-havasını xatırladan, lakin Cavidi ilhamlandırmayan və görünür buna görə də öz ideya həllini tapmayan, əslində yarımçıq qalmış bir əsərdir. O dərəcədə ki, açıq-aşkar “bolşevik” yönünə baxmayaraq, hətta sovet dövründə Cavidin ideoloji “bəraəti” üçün hər hansı bir rol oynaya bilməmiş, Cavidə ideoloji dividend gətirməmişdir. 

   “Uçurum”da Anjel obrazının funksiyası bəllidir. Görünür, Cavidin “Şeyda”da iştirakçı kimi alman qızını daxil etməkdə də nə isə planları var imiş ki, onlar əsərdə açılmamış və bu “alman” məsələsi xalis bir təsadüf olaraq qalmışdır. Əsərdə bir alman qızının iştirakı hadisələrin daxili məntiqindən zərurət kimi hasil olmur, hansı isə müəllif ideyasının açılışına xidmət etmir. Məhz bir təsadüf ucbatından gənc bir alman qızı hadisələrin qurbanına çevrilir. Qərb oxucusu bu əsərdən nə hasil edəcəkdir? Tatarlar, türklər, müsəlmanlar, fərqi yoxdur, bir Şərq ölkəsinin insanları öz daxili problemlərini həll edə bilmir və ya bunu çox primitiv üsullarla həll etməyə çalışırkən, gənc, günahsız bir alman qızını hədəfə alırlar. Axı, bunu Cavid alman oxucularına oxutmaq üçün yazmamışdı. Axı, bu əsərin ümumiyyətlə beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmadığı o qədər aydındır ki...

Özümüzü yüksək əməl və niyyət məqamında deyil, təsadüfən bulunduğumuz ən acınacaqlı məqamda nişan vermək təşəbbüsünü nə ilə izah etmək mümkündür? Bu əsəri oxuyan alman və ya ümumiyyətlə Qərb oxucusunda bizə nə kimi müsbət münasibət yaranar?

 

Ədəbiyyat və milli-fəlsəfi fikir

XX əsrin milli-fəlsəfi fikir tarixi haqqında düşünərkən, istər-istəməz belə bir sual ortaya çıxır: tədqiqatçılar onun əsl mənbəyini “rəsmi fəlsəfə” çərçivəsində, yoxsa daha çox dərəcədə ədəbi-bədii fikirdə axtarmalıdırlar? 

Bizim fəlsəfi fikir tariximiz həmişə ədəbiyyatla bağlı olmuşdur. Nizaminin, Nəsiminin, Füzulinin yaradıcılığı təkcə ədəbiyyatçılar deyil, həm də fəlsəfə tarixçiləri tərəfindən öyrənilmişdir. Fəlsəfə tarixçilərinin diqqət mərkəzində olan sonuncu mütəfəkkir-yazıçı kimi M.F.Axundovu göstərmək olar. Təəssüf ki, XX əsrdə “rəsmi fəlsəfənin” ədəbiyyatdan ayrılması nəticəsində milli-fəlsəfi fikir tarixi bu ənənədən sanki geri çəkilmişdir. Daha doğrusu, bu ənənə XX əsrin 20-ci illərini, uzaqbaşı 37-ci ilə qədər, yəni  bolşevik dünyagörüşünün tam “təntənəsinə” qədərki dövrü əhatə edir. İnqilabdan sonra “fəlsəfə” adı altında xeyli fərqli bir məzmunun təlqin olunması nəticəsində ədəbiyyatla fəlsəfənin yolları ayrılmış və bundan sonrakı dövrdə bədii irsin öyrənilməsi ilə əsasən ədəbiyyatçılar məşğul olmuşdurlar. Nəticədə XX əsrin 30-cu illərindən başlayaraq milli fəlsəfi fikir tariximizdə sanki bir fasilə, boşluq yaranmışdır. Lakin çiçəklənməsinə imkan verilməyən milli fəlsəfi fikrin kökləri hələ də sağ idi və ara-sıra nəfəs alırdı. Təəssüf ki, bu gizli nəfəslər fəlsəfə tarixçilərinin diqqətindən kənarda qalmışdır. Bunun üçün, görünür, öncə həmin dövrün ruhani oyanışı, ideya müstəvisində canlandırılması, yenidən nəfəs almağa başlaması tələb olunur.  

Maləsəf, o vaxt Hüseyn Cavid kimi mütəfəkkir-şairlərin yaradıcılığı əsasən filoloji çərçivədə dəyərləndirilmiş, fəlsəfi məqamlara görə isə onlar çox vaxt tənqid və təqib olunmuşlar. Çünki o vaxtkı kurs elə idi ki, marksizmdən kənarda hansı isə bir fəlsəfi mövqeyin varlığı  bir çatışmazlıq, qəbahət hesab olunurdu. İdeoloji çərçivələr aradan qalxdıqdan sonra “bu siz, bu da sizin bu günə qədər yaratmış olduğunuz ədəbi-bədii irsiniz: əgər içərisində bir fəlsəfeyi-qayə də varsa, buyurun sahib çıxın”, – deyə bir xitab eşidildi. Yəni milli fəlsəfi fikir hələ tam kəsilməyibsə və hətta repressiya abu-havasına rəğmən  ötən nəsillərdən ərməğan olaraq bu günümüzə gəlib çatmış bir fikir ənənəsi varsa, bundan daha xoş nə ola bilər?!

Amma əgər bu irs bizə artıq yaddırsa, əgər sələflərin ideya irsi ancaq kağızlarda, lentlərdə, arxivlərdə qorunub saxlandığı halda, bizim şüur arxetipimizdən artıq silinibsə, yəni nə vaxtsa sələflərimizi dəyişə bilməyənlər bizim özümüzü dəyişə biliblərsə və mənəvi yaddaşımızda öz klassiklərimizin ruhu, idealı, əzmi əvəzinə, ancaq şanlı-şöhrətli adları qalıbsa, – onda necə?

Cavid irsi də həmçinin. İndi bizə bu irsə sahib çıxmaq və onu mənimsəmək, təhriflərsiz və təhdidlərsiz yeni nəslə çatdırmaq üçün hər cür imkanlar açıldığı bir halda, biz bu böyük ədəbi və fəlsəfi sərvətin özünü bir tərəfdə qoyub, onun həndəvərində fırlanır və sanki ona xoş avazla fatihə oxuyuruq. Cavidə heykəllər qoymaq, haqqında filmlər çəkməklə kifayətlənirik. Çünki artıq yadlardan kreditlə istifadəyə götürdüyümüz yeni bir məfkurəyə sahibik və onu “boşayıb”  yenidən əvvəlki məfkurəmizə sahib çıxa bilmirik. Çünki bu iki zat bir yerdə yola getməzlər.

Dövlətin açıq-aşkar diqqəti və himayəsi, Cavidin yubileyini keçirmək üçün vəsait ayrılması, əlbəttə, təqdirəlayiq haldır və siyasi-iqtisadi müstəvidə bir inkişafdan xəbər verir. Bəs elmi ictimaiyyət öz ziyalı missiyasını və mənəvi borcunu necə yerinə yetirir? Bəs onların töhfəsi nədən ibarətdir? Əgər siyasi iradə Cavidin nəşini uzaq Sibir çöllərindən Vətənə qaytarmağa qabildirsə, millətin mənəvi-intellektual əzmi onun ruhunu işıqlandırmağa, ideya dünyasını yenidən canlandırmağa niyə qadir deyil?

Bu məqamda adamın yadına Mirzə Cəlilin “Ölülər”indəki son səhnə düşür: külli-ixtiyar sahibi Şeyx Nəsrullah hər kəsin ölüsünü diriltmək əzmi ilə ortadadır, amma onlara yiyə durmaq, sahib çıxmaq istəyənlər yoxdur. Əsl ölülərin kimliyi məhz bu məqamda bəlli olur.

Heç kim bunu bizim artıq qərbləşdiyimiz və öz şərqli keçmişimizi özümüzə rəva bilmədiyimiz kimi qəbul etməsin. Biz əslində təkcə Qərblə deyil, Asiya İnkişaf Bankı və İslam Konfransı Təşkilatı ilə də əməkdaşlıq etdiyimiz kimi, ideoloji sahədə də İslam dünyasından hazır şəkildə götürdüyümüz təlimlərlə o dərəcədə təmin olunmuşuq ki, cavidlərə ideya müstəvisində elə bir ehtiyacımız yoxdur. Xüsusilə, yəqin bəziləri düşünür ki, elə Cavid özü də hansı isə ideyaları Qərbdən, hansıları isə İslam Şərqindən götürübdür və biz indi özümüz onları hazır şəkildə transfer edə biliriksə, Cavidə nə hacət? Yəni bizim elə ilk məxəzlərdən götürdüklərimiz bizə bəs eləmirmi; Qərbi onun ən modern tərəfi olan postmodernizmin, İslam Şərqini də onun ən klassik təlimi olan təsəvvüfün timsalında hazırca şablonlar şəklində götürə biliriksə, onda təkrar Cavid irsinə dönməyimiz nəyə lazımdır?

Düzdür, bu zaman unudulur ki, Cavid onları hazır şəkildə götürməmiş, mövcud ideya məkanındakı müxtəlifliyə rəğmən, məhz milli ruhun tələblərinə uyğun yeni bir məfkurə qurulmasına çalışmışdı. Görünür, biz özümüz həmin işi indi ona görə edə bilmərik ki, sintez hasil etmək üçün yenidən bir Cavidin doğulması gərək imiş, zira belə taleyüklü məsələlərin həlli əsrdə bir dəfə, böyük fikir sahiblərinin, dahilərin sayəsində mümkün olur.

  

 Şərq və Qərb düşüncə tərzi

Bu gün bizdə Şərq və Qərb məfkurələri və həyat tərzləri sintez halında olmayıb, ayrı-ayrılıqda, qarşı-qarşıya dayanır. Yəni cəmiyyətimizdə bunların ikisi də var. Lakin Şərq yolu tutanlarla Qərb yolu tutanlar başqa-başqadırlar. Bölgü cəmiyyətin öz içində getmişdir.

İnsanların geyiminə, həyat və düşüncə tərzinə də, mətbuata, efirə və internetə də nəzər salsaq, bu iki qütbün aydın silueti görünür: bir tərəfdə abır-həya, o biri tərəfdə ona kompleks kimi baxanların ekstravaqant “əxlaqı”, bir tərəfdə postmodernizmin mahiyyət qatını mənimsəyə bilməsələr də “söyüş mədəniyyəti”nə yüksək dərəcədə yiyələnmiş “gənc yazarlar”ın Qərbi də vurub keçmək divanəliyi, digər tərəfdə orta əsr ədəbiyyat ənənələrinə tənqidi təhlil süzgəcindən deyil, aludəçilik və feyziyablıqla yanaşanların qəzəl nostaljisi. Harada isə ortada müasir ədəbiyyatımızı təmsil edənlərə təzadlı münasibətin də şahidi oluruq. Bu mənzərə eynən  televiziya kanallarında baş alıb gedən pop musiqi təqlidçiliyi müqabilində harada isə əks bir qütbdə tara və saza da yer ayrılması və tariximizi bir ekzotika kimi seyr etmək imkanını xatırladır. Düzdür, hərdən  sintez cəhdlərinin də şahidi oluruq. Amma bu  proses təbii şəkildə baş verməlidir.

         Bəli, üstündən bir əsr keçdikdən sonra Cavidə münasibət yenidən aktuallaşmışdır. Təəssüf ki, bu dəfə bu aktuallığı şərtləndirən onun əsərlərinin səhnə həyatı deyil. Sadəcə Cavidin qaldırdığı problemlərə, mövzulara ideoloji qəliblərdən azad, sərbəst münasibət bəsləmək üçün şərait məhz indi yaranmışdır. Lakin bu heç də o demək deyil ki, açılmış yeni şərait sayəsində biz Cavid ideyalarını daha dərindən mənimsəyirik. Təəssüf ki, bu sahədə çıxan yeni əsərlərin çoxu o dövrdəki “kim daha kəskin tənqid edər” mövqeyinin tam əksinə, – “kim daha çox mədh edər” mövqeyindən yazılır. Xüsusilə, Cavidin sufi kimi təqdim olunması və bu zaman təsəvvüf fəlsəfəsinin hazır şablon və trafaretlərinin ona şamil edilməsi tədqiqatçılıqdan daha çox, kampaniyaçılıq xarakteri daşıyır.

Doğrudanmı, H.Cavid yeni dövrün sufisi idi? Doğrudanmı, biz öz təhsilinə görə İslam ehkamlarını da, təsəvvüf simvolikasını da, Qərb fəlsəfəsinin o dövrdə yayılmış əsas təlimlərini də mükəmməl mənimsəmiş bir şair-filosofun yaradıcılıq axtarışlarını gah bu, gah da o biri qütbə şamil etməliyik? Sənətkarın öz şəxsi mövqeyini, dünyagörüşünün orijinal bədii təcəssümünü araşdırmaq əvəzinə, onu rahatca hansı isə cərəyanlardan, təriqətlərdən birinə aid edib, öz işimizi bitmişmi saymalıyıq?

Bir sıra əsərlərində “şübhəçilik” fəlsəfəsini tərənnüm edən Cavidi necə sufi saymaq olar? Əlbəttə, çoxları məsələni belə rahatca qapatmaq istəyərdilər, lakin burada bir sıra çətinliklər ortaya çıxır. İş burasındadır ki, Cavidin ayrı-ayrı fikirlərindən çıxış edənlər bəzən onu tam əks qütblərə aparıb çıxarır və onu, bir tərəfdən – sufilik, digər tərəfdən – nitsşeçiliklə uzlaşdırmağa çalışırlar. Cavid isə bu qütblərin heç birinə aid deyil. Onların toplusu da deyil. Caviddə mürəkkəb bir sinkretizm var. O öz dövrü qədər mürəkkəbdir və yeni  dövrün filosofudur.

Dərvişlik zəmanəsi çoxdan keçmişdir. Və təsəvvüf də müasir insanın həyat fəlsəfəsi olmaq şansına malik deyil. İndi sufizmi Şərq ölkələri üçün fəlsəfi təməl kimi qəbul etmək istəyənlər, əslində özləri başqa bir həyat yaşayanlardır. Sufizmi öyən çox olsa da, onu qəbul edən və həyat amalına çevirən adamlar yox dərəcəsindədir. İstər Şərqdə, istərsə də Qərbdə bu mövzuda çoxlu kitablar buraxan, ona böyük maraq göstərən tərəflər əslində ona daha çox keçmişin bir səhifəsi, bir abidə, hətta ekzotika kimi baxırlar. Amma onun bugünkü gerçək həyatla mümkün inteqrasiya variantları nəzərdən keçirilmir. Halbuki, məqsəd məhz bundan ibarət olmalıdır. Cavid öz yaradıcılığında məhz belə inteqrativ mövqedən çıxış edir. Yaşadığı dövrün mürəkkəbliyi və ziddiyyətləri yaranan ədəbiyyatın da bu ictimai gerçəkliyin zəngin məzmununa  uyğunluğunu, mürəkkəb fikir spektrinin heç olmasa ən parlaq rənglərinin ehtiva olunmasını bir zərurətə çevirirdi. Cavidin əsərləri təkcə xarakterlərin deyil, həm də və daha çox dərəcədə ideyaların mücadilə səhnəsi idi. Və bu mücadilədən hasil olan qənaətləri bütöv bir konsepsiya halında birləşdirmək və vahid bir fəlsəfi-konseptual sistem ortaya qoymaq, təbii ki, asan məsələ deyil. Amma qarşıda duran vəzifə məhz bundan ibarətdir. 

 

İdeologiya

Cavidin öz sağlığında onun əsərləri haqqında qərəzli yanaşmalarla yanaşı, gerçək təhlil, obyektiv tənqid və yüksək fəlsəfi kontekst də olmuşdur.

Təəssüf ki, bu gün yazılanların əksəriyyəti həmin böyük materialın eninə-uzununa istifadə edilməsi olmaqla, nəinki yeni bir ideya və ya yanaşmadan məhrumdur, həm də bu yazılar daha çox dərəcədə təhriflərlə müşayiət olunur.

Bir tərəfdən, bu materialın özü də toplanaraq nəşr edilir, – bu yaxşıdır, digər tərəfdən isə həmin material müxtəlif zövqlü və müxtəlif səviyyəli “tədqiqatçıların” öz imzaları ilə çap etdirdikləri yeni-yeni əsərlərin yarımfabrikatına çevrilir. Və biz ötən əsrin 20-ci illərinin fikir məkanına köçürük: “yenilik” isə sadəcə yeni imzalar və yeni kompilyasiya variantlarında üzə çıxır.

İstənilən halda bir məsələyə təəccüblənməmək olmur. O dövrdə düşüncə səviyyəsi, təhlil qabiliyyəti bir yana dursun, hətta fikrin coğrafiyası, tənqidçilərin təkcə rus mənbələrini deyil, həm də geniş diapazonda Şərq və Qərb mənbələrini müqayisə və təhlil müstəvisinə cəlb etməsi baxımından bir baş yüksəkdə dayanması necə də təəccüb doğurmasın? İstər-istəməz «onlarmı çox irəli getmişdi, bizmi çox geri qalmışıq» sualı ortaya çıxır.

Lakin zaman necə tərsinə dövran edə bilər? Zaman qalsın bir yana, məkanın indiki qədər genişlənməsi, sərhədlərin, siyasi baryerlərin keçilməsi, iqtisadi imkanların bu dərəcədə artması, neçə-neçə xarici dillərin mühitimizə daxil olması və zənginləşmək imkanını artırdığı bir şəraitdə fikir fəzasının bu dərəcədə  kasadlaşmasını nə ilə izah etmək olar?

Cavid öz dövrü haqqında belə deyirdi:

 

Ah, əvət, həp dəyişdi ruhi-bəşər,

Hökm edər indi başqa fəlsəfələr.

Cavidin dövründə “başqa fəlsəfələr”in nədən ibarət olduğunu təsəvvür etmək çətin olsa da, hər halda mümkündür. Dini dünyagörüşündən sekulyarizmə, layiqliyə və hətta ateizmə, adət-ənənələrdən, ənənəçilikdən ifrat yenilikçiliyə, ultramodernizmə, bir fanatizmdən başqa fanatizmə keçid, əlbəttə, hələ fəlsəfə deyildi. Lakin fəlsəfə olmasa da, hər halda müəyyən bir psixoloji mühit və ideoloji təzyiq formalaşmaqda idi.

İnsan düşüncəsinin maarif və ədəbiyyat sayəsində, tədricən, təkamül yolu ilə dəyişməsi deyil, hazır ideoloji qəliblərə salınaraq kəsilib-doğranması və məzmun ilə forma arasında yaranan ziddiyyətin ümumiyyətlə azad düşüncəni axtalaması ruhi-bəşərin dəyişilməsinə: cırlaşmasına və cılızlaşmasına gətirirdi. Bu gün 30-cu illərin ab-havasına, o cümlədən Cavidin həyatına həsr olunmuş bədii və publisistik əsərlərdə ayrı-ayrı şəxsiyyətlər, fərdi xarakterlər, əhvalatlar önə çəkilir. Halbuki, o dövrdə mücadilənin tərəf-müqabilləri ayrı-ayrı antipodlar yox, bütöv bir ideoloji sistem idi. Həm də siyasi hakimiyyət və rəyasət gücü kommunistlərin əlində olsa da, ideya və mənəviyyat müstəvisində qüvvələr nisbəti tərsinəydi. Və bu ab-havanı dəyişmək  elə-belə sərəncamla, yaxud ideoloji mühazirələrlə mümkün olmurdusa, mövcud mənəvi-intellektual mühit buna müqavimət göstərirdisə, deməli, həmin dövrdə böyük bir daxili gərginlik və dramatizm, canlı bir həyat var idi. XIX əsrin axırları – XX əsrin əvvəllərində artıq xeyli dərəcədə oturuşmuş, formalaşmış azad fikir cərəyanlarını asanlıqla cilovlamaq mümkün olmayanda, fiziki təzyiqlərə, repressiyaya əl atılması gücün yox, çarəsizliyin əlaməti idi. Cəmiyyətin mənəvi həyatında yeni prioritetlərin qələbəsini təmin edə bilməyəndə, yeganə çarə ideoloji qəliblərə sığmayan mənəviyyatın əsas daşıyıcılarını, sütunlarını fiziki yolla məhv etməkdən ibarət olur.

 

 

Şöhrət payı, yoxsa yaşadaraq yaşamaq?!

XX əsr Azərbaycanın dövlətçilik tarixində ən mürəkkəb, çətin və eyni zamanda ən şərəfli dövrlərdən biridir. Bu dövrdə si­ya­si həyatın təbəddülatları ictimai-siyasi fikrin də oyanışı, böhranı və sıçrayışlı inkişaf məqamları ilə zəngin olmasını şərtləndirmişdir. Milli fikrin oyanışı ilə siyasi repressiyalar və ideoloji məhdud­laş­dır­ma­lar eyni dövrə təsadüf etdiyindən siyasi, ictimai və fərdi şüur­dakı ziddiyyətlər bir çox fərdi faciələrin də səbəbinə çevril­mişdir.

Böyük şəxsiyyətlərin faciəsi də böyük olur. Ötən əsrin əvvəl­lərində Azərbaycanda gedən milli oyanış və milli-siyasi özü­nü­dərk prosesləri ictimai şüurda böyük iz qoymuş və iki illik de­mo­kratik cümhuriyyət müddətində inkişaf tapmış milli dövlətçilik şüuru ilə birləşərək milli-siyasi şüurun formalaşması üçün əlverişli zəmin hazırlamışdı. İyirminci illərdə ədəbi-bədii yaradıcılığın və milli məfkurənin oyanış və inkişaf dalğaları öz siyasi hakimiyyətini və ideologiyasını ictimai həyatın bütün sahələrinə transformasiya etməyə çalışan bolşevizm ilə üzləşməli oldu. Otuzuncu illərdəki siyasi repressiyaların Azərbaycanda həm də bütövlükdə ziyalılara qarşı bir irtica səciyyəsi daşıması da ilk növbədə  bu amil ilə bağlı idi. Belə ki, məhz Bakı hələ çar Rusiyası dövründən yeni iqtisadi münasibət­lərə keçid və milli burjuaziyanın yaranması, milli fikrin oyanışı sahəsində digər bölgələrdən kəskin şəkildə seçilirdi və buradakı repressiyalar da SSRİ-nin başqa ərazilərindəkindən fərqli olaraq, siyasi-ideoloji mülahizələrdən başqa, həm də milli-siyasi və mədəni-mənəvi məzmun daşıyırdı.

Sosialist quruluşunun yaratdığı bütün imkanlardan istifadə edərək xalqına xidmət göstərmək, milli-fəlsəfi fikir tarixini, ədəbi-bədii və milli-mənəvi dəyərləri öyrənməklə xalqın genetik yaddaşını bərpa etmək, siyasi-ideoloji müstəvidə qadağan olunmuş milli dövlətçilik məfkurəsini, heç olmazsa, bədii ədəbiyyat, mənəvi mə­də­niy­yət prizmasından keçirərək yaşatmaq – bütün bu istəklər ötən əsrin iyirminci-otuzuncu illərindəki elitar gəncliyin zehninə və qəl­binə  hopmuşdu. Babaların gen yaddaşını qırmızı bolşevik dəbilqəsində yaşatmaq və yeni nəsillərə təqdim etmək kimi çətin bir vəzifəni icra etməli olan gənc sənətkarların  faciəsi – əslində bütövlükdə dövrün faciəsi idi.

Hələ əsrin əvvəllərində özünü təsdiq etmiş, yaradıcılıq istiqaməti və üslubu artıq formalaşmış Mirzə Cəlil kimi, Hüseyn Cavid kimi şəxsiyyətlər isə yeni dövrə uyğunlaşa bilməyərək, onunla üz-üzə dayanmaq məcburiyyətində idilər. Daha doğrusu, dövr, ictimai-siyasi mühit özü onlarla üz-üzə dayanmışdı. Bəkləntilər özünü doğrultmamışdı və insan ruhu bir qütbdən başqa qütbə sürüklənirdi.

Bəli, Cavid öz dövrünün şairi idi. Lakin o, dövrünə sığmadığına görə, onun sərhədlərini genişləndirir, öz dövrünü tarixin örnəkləri ilə zənginləşdirirdi. Təsadüfi deyil ki, F.Nitsşe də ədəbiyyatın missiyasını məhz bunda görürdü: “Mən öz zamanımın oğlu olmaqla yanaşı, zamanıma uymayan  nəticələrə ancaq onun sayəsində gəldim ki, əvvəlki dövrlərin, xüsusən yunan dövrünün yetirməsiyəm... Mən bilmirəm, klassik filologiya zamandan kənara çıxmağa və öz zamanımıza qarşı durmağa imkan yaratmasaydı, bizim üçün nə məna kəsb edərdi? Onun mənası gələcək nəsillərin mənafeyi naminə bizim zamana təsir edə bilməsindədir.”  

Cavid üçün də tarix ən böyük örnəkdir. Və o, keçmişdən yazanda da üzünü həmişə öz müasirlərinə və gələcək nəsillərə tutur. Lakin onun məqsədi sadəcə nəsihət vermək deyil. O daha güclü təsir vasitəsi olan sənətin dili ilə danışır və insanlara onların ruhunu ehtizaza gətirən hadisələrin dramatizmi kontekstində müraciət edir.  

Peyğəmbər obrazı da, Şeyx Sənan da, Topal Teymur da, hətta bəzən mənfi obrazlar da  Cavidin sözünü öz millətinə çatdırmaq üçün vasitə olur. Tarixin keçmişindən bu günə və gələcəyə ünvanlanmış mesajlar... Bu məqsədini həyata keçirmək üçün Cavid tez-tez ideyaların mücadiləsinə, monoloqlara, lirik ricətlərə yer verməklə yanaşı, ironiyadan, mənfi obrazın məntiqinin açılmasından, “a qızım, sənə deyirəm, a gəlinim, sən eşit” manevrindən, “güzgü əksi” metodundan, mifdən, folklordan gələn simvolik obraz və metaforalardan istifadə edir.

Caviddə məkan və zaman nisbi xarakter daşıyır. Hətta tarix də. O, kiminsə, nəyinsə fotosunu və ya portretini deyil, simvolik obrazını yaradır. Və bu obrazlar hamısı Cavid ideyalarının çatdırılmasında vasitəçiyə çevrilir.

Cavid yaradıcılığını sadəcə təhkiyə kimi, hadisələrin təsviri kimi deyil,  ideya müstəvisində – milli ruhun fəlsəfi dramatizmi, ruhun canlanması kimi anlaya bilmək üçün bizim özümüzün mənəvi-intellektual katarsis sınağından keçməyimizə ehtiyac vardır.

Bu gün Cavidin bizim şöhrət payımıza ehtiyacı yoxdur. Hədəfdə Cavid səviyyəsinə qalxmaq, onu yaşatmaqla yaşamaq, cavidləşmək əzmi dayanmalıdır.

 

Səlahəddin Xəlilov

Baxılıb: 5488    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.