az  |   tr
Fəlsəfə dünyası

Azərbaycan fəlsəfi fikrinin beynəlxalq uğurları   –  [09.11.2013]

 

 

 

Fəlsəfi elmlər sahəsində tədqiqatlara ehtiyac müasir dövrdə nəinki azal­mamış, hətta bir sıra aspektlərdə xüsusi aktuallıq kəsb etmişdir. Azərbaycanın fəlsəfi və ictimai-siyasi fikrinin öyrənilməsi, sistemləşdirilməsi və dünya fəlsəfi fikri ilə müqayisəli təhlili göstərir ki, son illərdə ölkəmizdə fəlsəfə sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir.

Yeni inkişaf mərhələsi azad iqtisadi münasibətlərin əsasında dayanmalı olan yeni düşüncə tərzinin fəlsəfi özünüdərk səviyyəsində formalaş­masını tələb edir. Daha doğrusu, fəlsəfi fikirlə düşüncə tərzi arasında müəyyən bir əks-əlaqəyə ehtiyac yaranır. Fəlsəfi fikir, bir tərəfdən, müstəqillik əldə etmiş bir xalqın milli özünüdərk prosesini ehtiva etməli, digər tərəfdən də, bir ictimai-iqtisadi quruluşun yenisi ilə əvəzlənməsindən irəli gələn ictimai şüurun elmi-nəzəri səviyyədə əsaslandırılmasına xidmət etməlidir ki, filosoflarımız da öz səylərini əsasən bu istiqamətə yönəldirlər.

Xüsusi elm sahələrindən fərqli olaraq fəlsəfi fikrin tətbiq dairəsi çox genişdir. İctimai gerçəklik və sosial praktika hansı isə fəlsəfi-ideoloji sistemə əsaslanmırsa, deməli, pərakəndə və kortəbii səciyyə daşıyır. Qabaqcıl ölkələrin inkişafını səciyyələndirən mühüm cəhətlərdən biri də bundan ibarətdir ki, burada ictimai-siyasi proseslər müasir elmi-nəzəri və fəlsəfi fikrin ən yeni nailiyyətləri əsasında həyata keçir. Yəni fəlsəfə əslində ancaq kitablarda qalmayıb, ictimai həyatın özündə, insanların dünyagörüşündə və inkişafın strategiyasında öz əksini tapır. Lakin nəzəri fəlsəfə inkişaf etməsə, onun praktik təcəssümü də mümkün deyil. Bu baxımdan, Azərbaycanda fəlsəfənin inkişafı da təkcə akademik araşdırmalar çərçivəsində deyil, həm də elmi-praktik səpkidə həyata keçir. Fəlsəfi fikrin ünvanı da buna müvafiq olaraq Elmlər Akademiyası ilə məhdudlaşmayaraq, bütövlükdə dövlət və cəmiyyət miqyasında axtarılmalıdır. Təsadüfi deyil ki, Azərbaycanda fəlsəfənin son 10 ildə inkişafı AMEA-nın müvafiq qurumları və ya universitet kafedralarından daha çox, bilavasitə dövlət idarəetmə orqanları və ictimai təşkilatlarda həyata keçir. Azərbaycan Respublikası Prezident Adminstrasiyasının, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşəbbüsləri ilə keçirilən beynəlxalq forumlar çərçivəsində fəlsəfi araşdırmalara da yer ayrılması ölkəmizdə ictimai-siyasi fikrin, fəlsəfənin tətbiq sahələrinin inkişafına geniş şərait yaradır.

Bakıda Beynəlxalq Humanitar Forum artıq üçüncü dəfədir ki, keçirilir. Heç şübhəsiz, bu böyük miqyaslı ictimai hadisənin, intellektual diskursun fəlsəfi dəyərləndirilməsinə böyük ehtiyac vardır. Hər dəfə humanitar forum çərçivəsində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq və s. bu kimi məsələlər müzakirə olunur ki, onların hər birinin ciddi fəlsəfi təməlləri vardır. Burada biz ictimai praktika ilə nəzəri təhlilin bir araya gətirilməsi təcrübəsini görürük. Bu forumda qoyulan problemlər bütün dünyanın diqqət mərkəzindədir. Və bizim alimlərin bu məsələlərə dair fikirləri, Bakıda irəli sürülən konsepsiyalar artıq digər ölkələrin də elmi-fəlsəfi fikir məkanında geniş istifadə olunur. Keçən il 10-cu “Sivilizasiyalararası Dialoq” Forumunda (Rodos, Yunanıstan) və Peterburqda həmin mövzuda keçirilən beynəlxalq konfransda mənim plenar iclasda əsas məruzəçilərdən biri qismində dəvət olunmağım da təsadüfi deyildi.   

Ölkəmizin müxtəlif istiqamətlərdə inkişaf strategiyası, uzunmüddətli fəaliyyət proqramları müəyyənləşdirilərkən istər-istəməz həmin sahələrin empirik-faktiki materiallardan öncə nəzəri-konseptual səviyyədə təhlili tələb olunur ki, bu da ancaq müvafiq fəlsəfi biliklər sayəsində mümkündür. Bu baxımdan, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin son illərdə işıq üzü görmüş fundamental kitabları həm dövlət idarəetmə sisteminin elmi-nəzəri əsasları kimi, həm də müvafiq sahələrdə fəlsəfi tədqiqat nümunələri kimi xüsusi dəyərə malikdir.

Transformasiya dövründə ictimai gerçəkliyin inkişaf tendensiyalarını düz­­gün əks etdirən yeni fəlsəfi bazisin yaradılması olduqca çətin və mə­su­liy­yət­li bir işdir. Bu, təkcə Azərbaycanda deyil, bütün postsovet mə­ka­nında və in­ki­şaf etmiş sosializmin bazasında kapitalist cəmiyyəti quran bütün ölkələrdə filosof­lar qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu problemlə Qərbi Av­ro­pa və ABŞ-ın da görkəmli politoloqları və fəlsəfə mütəxəssisləri ciddi məşğul olur­lar. Fə­rəhləndirici haldır ki, postkommunist ideologiyası və fəlsəfəsinin for­ma­­laşdırılmasında Azərbaycan öncül mövqelərdən birini tutur və  akademik Ramiz Mehdiyevin təd­qiqatları bu sa­hədə mühüm rol oy­nayır. Əs­lində beynəlxalq miqyasda götür­dükdə də post­­sovet erasının fəlsəfi tədqiqi ye­ni tipli metodoloji yanaş­ma tələb edir və bu baxımdan Ramiz Mehdiyev öz əsərlərində sadəcə olaraq konkret ictimai-siyasi ger­çək­liyin araşdırılması ilə məşğul olmayıb, həm də bunun üçün ən op­timal fəlsəfi və metodoloji əsasların işlənib-ha­zır­lan­ma­sı yükünü öz üzə­rinə götürmüşdür.

Akademik Ramiz Mehdiyev təkcə müstəqil Azər­baycan Res­publikasının, hətta postsovet döv­lətlərinin yox, həm də Şərqi Av­ro­pa dövlətlərinin sosialist sistemindən, kom­munist ideolo­giyasından qur­tul­­duqdan sonra seçdikləri inkişaf yolunun prak­tikasını ümumi­ləş­dirməklə demo­kra­ti­yanın və vətəndaş cəmiyyəti quruculuğunun yeni tipli təlimini formalaşdırmağa çalışır və buna nail olur. Yəni söhbət Avropada forma­laşmış təlimlərin sadəcə mənimsənilməsindən və Azərbaycan ger­çək­liyinə tətbiqindən deyil, Şərqi Avropa da daxil olmaqla böyük bir region üçün optimal sayıla bi­lə­cək yeni konsepsiyanın yaradılmasından gedir. Bundan əlavə, iqtisadi inkişafın de­mokra­tikləşdirmə prosesində oynadığı rol təhlil edilir və göstərilir ki, cəmiyyətdə möhkəm iqtisadi təməl olmadan ideya-siyasi islahatlar müsbət nəticə verə bilməz. Məhz buna görə də, müəllif Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əldə edilmiş böyük iqtisadi nailiyyətləri demokratik islahatların və cəmiyyətin modernləşdirilməsinin mühüm amili kimi qeyd edir.

İctimai şüurda gedən proseslərin kortəbii yox, elmi əsaslarla həyata keçməsi naminə əvvəlcə cəmiyyətdə gedən real dəyişilmələrin elmi təhlili verilməlidir. Yəni biz ictimai şüurun hansı istiqamətdə dəyişiləcəyini proq­nozlaşdıra bilmək üçün əvvəlcə ictimai reallığın hansı istiqamətdə dəyişildiyini dərk etməliyik.

Düzdür, ictimai varlığın, sosial-iqtisadi proseslərin dəyişilməsi də ideya­larsız həyata keçmir. Lakin cəmiyyəti dəyişən ideyalar və maraqlar sistemi dəyiş­dirilmiş cəmiyyətdən doğan yeni şüur sistemi ilə adekvat olmaya da bilər. Keçid dövrünü səciyyələndirən cəhətlərdən biri məhz ictimai şüurla ictimai varlıq arasındakı uyğunsuzluqlardır.

Siyasi sabitlik və iqtisadi inkişaf ideya müstəvisində də inkişaf olmasını həm tələb edir, həm də onun üçün müəyyən bir şərait yaradır.

Nə zaman ki, hələ qarşıda duran vəzifə ancaq ölkənin iqtisadi durumunun normallaşdırılması və sovet dövründən qalan iqtisadiyyatın dağılmış qurumları üzərində yeni iqtisadi sistemin qurulması qarşıda duran əsas vəzifə idi, ölkəmizdə elmin inkişafı bir qədər arxa planda qalmışdı. Amma güclü sosial-iqtisadi inkişaf və ölkənin maliyyə resurslarının artması elmi tədqiqatların da rəqabətə davamlı şəkildə, yeni intellektual təməllər üzərində aparılmasını tələb edir.

Prezident İlham Əliyevin neft kapitalının intellektual kapitala çevrilməsi zərurəti ilə bağlı çağırışından sonra bu çevrilmənin mexanizmini, optimal yollarını müəyyənləşdirmək vəzifəsi ilk növbədə elmi-fəlsəfi fikrin üzərinə düşdü. Lakin ölkəmizdə gedən genişmiqyaslı quruculuq işləri və iqtisadi inkişaf müqabilində ictimai elmlərin inkişafının nisbətən geri qalması, onların bu proseslərdə qabaqlayıcı rol oynaya bilməməsi AMEA-da və universitetlərdə ictimai və humanitar elmlərin vəziyyətində köklü dönüş yaradılması ehtiyacını ortaya qoydu. 2009-cu ildə akademik Ramiz Meh­diyevin sədrliyi ilə keçirilən noyabr müşavirəsindən və onun “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” möv­zu­sunda analitik məqaləsindən sonra bütövlükdə ictimai elmlər, həmçinin fəlsəfi tədqiqatlar qarşısında yeni vəzifələr qoyuldu. Müşavirədə qeyd edildi ki, cəmiyyətin hər hansı bir sahədə nailiyyətlərinə və problemlərə ar­tıq yeni metodoloji əsasda yanaşılması tələb olunur; Prezident İlham Əliyevin iqtisadi sahədə keçid dövrünün artıq başa çatması haqqında bəyanatı da nəzərə alınmalıdır və biz öz tədqiqatlarımızı yeni para­diq­ma­nın tələblərinə uyğunlaşdıraraq, ictimai proseslərin arxasında yox, ön cəb­hə­sin­də getdiyimizi, qabaqlayıcı araşdırmalar apardığımızı sübuta yetir­mə­li­yik.

Bununla belə, ictimai elmlərin və fəlsəfənin inkişafına dəqiq elmlər üçün müəyyənləşdirilmiş meyarlar mövqeyindən yanaşmaq yolverilməzdir. Dəqiq elmlər sahəsində beynəlxalq elmi proseslərə inteqrasiya olunmaq, əlbəttə, çox mühüm bir vəzifədir. Çünki bu sahədə əldə olunmuş nəticələr öz əksini dünyanın qabaqcıl elmi jurnallarında tapmasa, beynəlxalq elmi ictimaiyyətin nəzərinə çatdırılmasa, onlar ümumbəşəri inkişafın tərkib hissəsinə çevrilə bilməz. Lakin ictimai və humanitar elmlərin öz spesifikası var. Burada ümumbəşəri problemlərlə yanaşı, hər bir xalqın özünüdərk istiqamətindəki elmi-nəzəri araşdırmaları çox vaxt milli miqyasda həyata keçir. Və bunun üçün hər bir ölkənin özü cavabdeh olmalı, bu tədqiqatların dəyərləndirilməsi və stimullaşdırılması sahəsində dövlət miqyasında tədbirlər görülməlidir. Və bütün bu tədbirlər müvafiq fəlsəfi təhlil tələb edir.

XXI əsrdə Azərbaycan elmi-fəlsəfi fikrinin qarşısında duran vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar: fəlsəfənin dünyagörüşü funksiyasını inkişaf etdirməklə yanaşı, onun ideoloji funksiyasını yeni təməllər üzərinə keçirmək və mücərrəd tədqiqatlarda real ictimai-siyasi problemlərə doğru konkret addımlar atmaq. Digər tərəfdən, Azərbaycan fəlsəfi fikrinin milli düşüncə ənənələri üzərində yenidən qurulması vəzifəsini nəzərə almaqla yanaşı, milli fəlsəfi fikrin beynəlxalq miqyasa çıxması və ümumbəşəri fəlsəfi tədqiqatlar kontekstinə daxil edilməsi sahəsində genişmiqyaslı yaradıcılıq işləri aparmaq, Azərbaycan alimlərinin araşdırmalarının beynəlxalq elmi forumlarında təqdim olunmasına nail olmaq.

Əlamətdar haldır ki, bu vəzifələrin yerinə yetirilməsinə ən çox xidmət edən və son onillikdə Azərbaycan fəlsəfi fikrinin inkişafında ən böyük rol oynayan təşkilat hansı isə bir dövlət qurumu olmayıb, fəlsəfi fikir adamlarının könüllü birliyi kimi fəaliyyət göstərən AFSEA – Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasıdır. Akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi bu təşkilat 2003-cü ildə yaradılmışdır və keçən 10 il ərzində Azərbaycanda fəlsəfi fikrin inkişafında və Azərbaycan filosoflarının beynəlxalq fəlsəfi məkana inteqrasiya olunmasında böyük rol oynamışdır.

AFSEA-nın yaradılması qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə böyük təkan olmuşdur. Fəlsəfi fikir bir ölkə miqyasına sığmır. Ona görə də, coğrafi yaxınlığa görə deyil, fəlsəfi tədqiqat təcrübəsi və ənənəsi baxımından bizə yaxın olan Rusiya və Türkiyə Fəlsəfə Cəmiyyətlərinin  AFSEA-nın təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq müşavirəsində birgə tədqiqat istiqamətləri müəyyənləşdirilmiş, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Vətəndaş cəmiyyəti quruculuğu şəraitində filosofların müstəqil şəkildə təşkilatlanması və bir ictimai qurum kimi daha operativ fəaliyyət göstərməsi əlavə bir imkan idi və AFSEA bu imkanın realizasiyası sahəsində bir sıra ciddi addımlar ata bilmişdir.

AFSEA-nın fəaliyyət istiqamətləri içərisində ilk növbədə beynəlxalq elmi konfranslar keçirilməsini, müntəzəm fəaliyyət göstərən fəlsəfə seminarlarının təşkilini, Azərbaycan fəlsəfi fikrini dünya miqyasına çatdırmaq əzmində olan beynəlxalq elmi jurnalın çap olunmasını, görkəmli filosofların yubileylərinin qeyd olunmasını, ölkəmizdə fəlsəfi fikrin təbliği sahəsində səylərin səfərbər olunmasını və əlaqələndirilməsini, həm Qərb, həm də Şərq fəlsəfi fikrinin bir sıra klassik nümunələrinin dilimizə tərcümə olunmasını, fəlsəfi disputların keçirilməsini və s. göstərə bilərik. 

AFSEA yaradıldıqdan sonra onun təşəbbüsü ilə Azərbaycan fəlsəfi fikri Ümumdünya Fəlsəfə Konqreslərində mütəşəkkil şəkildə təmsil olunmağa başladı. 2003-cü ildə İstanbul Konqresində məndən başqa ancaq bir nəfər iştirak edirdi. 2008-ci ildə Seul Konqresində Azərbaycan 4 nəfərlə təmsil olundu, 2013-cü ildə Afinada keçirilən Konqresdə isə Azərbaycan nümayəndə heyəti artıq 10 nəfərdən ibarət idi. Həm də söhbət sadəcə kəmiyyət artımından getmir. Ümumdünya Fəlsəfə Konqreslərinin tarixində ilk dəfə olaraq müasir türk dünyasının nümayəndəsinə də yer ayrılmış, onun təliminin müzakirəsi keçirilmişdir. Belə ki, Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi, ontologiya, epistemologiya, fəlsəfə tarixi və s. konkret sahələr üzrə bölmə iclaslarından əlavə, görkəmli filosofların təlimlərinə həsr olunmuş personal müzakirələr də keçirilmişdir. Platon, Kant, Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, indi sağ olan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-Teresa Timiniçka, İoanna Kuçuradi) təlimlərinə ayrıca dəyirmi masalar və seminarlar həsr edilmişdir. Əlamətdar haldır ki, bu sətirlərin müəllifinin də yeni təlimi ayrıca bölmədə müzakirə olundu. Belə ki, mənim Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığım yeni fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində oldu. Prof.Dr. Françesko Alfieri (Vatikan) mənim ingilis dilində nəşr olunmuş “Həyat fenomenologiyası və İdeyanın həyatı” kitabında irəli sürdüyüm yeni ideyalar barədə məruzə ilə çıxış etdi. Prof. Dr. Daniela Verduççi (İtaliya), Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof.Dr. Maija Kule (Latviya) və başqaları müzakirələrə qatılaraq bu yeni təlimi fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş fərqli istiqaməti kimi dəyərləndirdilər.

Ümumiyyətlə, Azərbaycan filosoflarının ən müasir fəlsəfi cərəyanlardan biri olan həyat fenomenologiyası üzrə əsərləri dünya fəlsəfi ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Hər il keçirilən Ümumdünya Fenomenologiya Konqreslərində 2003-cü ildən bəri (Oksford Universitetində, daha sonra Romada, İstanbulda, Antvependə, Bergendə, Bostonda, Parisdə) ölkəmizin filosofları iştirak etmiş və onların əsərləri fenomenologiya üzrə ən mötəbər jurnallarda, o cümlədən, “Analetika Husserliana”da  çap olunmuşdur. 

AFSEA alimlərimizin bu və ya digər konkret mövzular üzrə keçirilən beynəlxalq konfranslara qatılmasına həmişə dəstək vermişdir . Filosoflarımız habelə üç ildən bir İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Beynəlxalq Metafizika Konqresində də müntəzəm surətdə iştirak etmişlər.  Lakin ölkəmizdə fəlsəfənin inkişafı təkcə alimlərimizin xarici ölkələrdə keçirilən konfranslarda iştirakı ilə təmin edilə bilməz. Bunun üçün Bakıda da mötəbər fəlsəfə konfranslarının keçirilməsinə böyük ehtiyac vardır. AFSEA bunu nəzərə alaraq Bakı şəhərində bir-neçə dəfə beynəlxalq fəlsəfi konfranslar təşkil etmişdir ki, bunların sırasında biz AFSEA-nın Rusiya Fəlsəfə Cəmiyyəti və Türkiyənin Fəlsəfə Dərnəyi ilə birgə keçirdiyi simpoziumu, 2004-cü ildə Ş.Y.Sührəvərdinin 850-illiyinə həsr olunmuş beynəlxalq konfransı, 2008-ci və 2011-ci illərdə Türk Dünyası filosoflarının Bakı toplantılarını vəburada keçirilən səmərəli diskursu xüsusi qeyd edə bilərik.

AFSEA-nın fəaliyyət istiqamətləri içərisində ən mühüm olanlardan biri fəlsəfi nəşrlərdir. Bu sırada 2003-cü ildən nəşr olunmağa başlayan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının xüsusi yeri vardır. Bu jurnal ictimai elmlər sahəsində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq miqyasda tanınmaqla yanaşı, beynəlxalq The Philosopher`s İndexreferativ fəlsəfə jurnalında təmsil olunmaq hüququ da qazanmışdır. Jurnalda nəşr olunan məqalələrin xülasəsi ABŞ-da ingilis dilində çap olunub bütün dünyanın qabaqcıl elm mərkəzlərinə göndərilir.

Yaxın vaxtlara qədər ictimai elmlər sahəsində çalışan alimlərin dünyanın tanınmış nəşriyyatlarında və jurnallarında çap olunmaması ölkəmizdə həmin sahənin dəqiq elmlərə nisbətən geri qalması təsəvvürünü yaradırdı. Lakin son onillikdə Azərbaycan filosoflarının əsərlərinin xarici ölkələrdə nəşrləri çoxalmış, həm sanballı monoqrafiyaların, həm də nüfuzlu jurnallarda çap olunan məqalələrin sayı artmışdır.

Ramiz Mehdiyevin qloballaşma və milli varlıq probleminin tədqiqinə həsr olunmuş əsərləri təkcə Azərbaycan üçün deyil, bir tərəfdən bütün MDB ölkələri üçün, digər tərəfdən də türk cümhuriyyətləri üçün böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, onun bu mövzudakı kitabları Türkiyədə və digər türk cümhuriyyətlərində də geniş yayılmışdır. İstanbulda nəşr olunan «Azerbaycan: küreselleşmenin talepleri. Geçmişten dersler, bugünün gerçekleri ve geleceğin perspektifleri.» (İstanbul, «Da» yayıncılıq, 2005); “Geçmişin işığında. Demokrasiyə gedən yol («Da» yayıncılıq, 2008) kitabları Türkiyənin elmi ictimaiyyəti və siyasi dairələri tərəfindən böyük maraqla qarşılanmışdır. Bi sətirlərin müəllifinin də Moskvada, İstanbulda və Stokholmda 10-dan artıq kitabı nəşr olunmuş və həmin ölkələrin nüfuzlu jurnallarında bu kitablara müsbət rəylər çıxmışdır. Moskvada – Rusiya Elmlər Akademiyasında və Parisdə – Ümumdünya Fenomenologiya Kongresi çərçivəsində mənim kitablarımın təqdimat mərasimi keçirilmişdir. Gənc fəlsəfə tədqiqatçıları f.e.d. Könül Bünyadzadə, dos. Əbülfəz Süleymanlı, dos. Roida Rzayevanın da kitabları İstanbulda işıq üzü görmüşdür.

Son 10 ildə Azərbaycan filosoflarının əsərlərinin “Springer” nəşriyyatında və ABŞ-ın nüfuzlu jurnallarında çap olunması, beynəlxalq konfranslarda onların nəinki sadəcə iştirakı, habelə elmi təşkilat komitəsinə və Rəyasət Heyətinə seçilməsi, dünyada tanınmış jurnalların Redaksiya Heyətinə üzv seçilməsi bu yanlış təsəvvürləri aradan qaldırdı. İndi hətta gənc filosoflarımız da dünya miqyasında uğurlara imza atırlar. Parisdə nəşr olunan “Yaradıcı Qadınlar” Ensiklopediyasında gənc fəlsəfə elmləri doktoru Könül Bünyadzadə haqqında oçerk daxil edilməsi də təsadüfi deyil.      

Rusiya fəlsəfi məkanı ilə əlaqələr də uğurla davam etdirilir. Akademik Ramiz Mehdiyev, fəlsəfə elmləri doktorları Zümrüd Quluzadə, İlham Məmmədzadə, Rəfiqə Əzimova, dos. Roida Rzayeva və bu sətirlərin müəllifi və s. Rusiya mətbuatında dəfələrlə çıxış etmiş və Azərbaycan fəlsəfə fikrini qonşu ölkədə keçirilən forumlarda yüksək səviyyədə təmsil etmişlər.

Azərbaycanın coğrafi baxımdan Şərq və Qərb arasında mərkəzi mövqe tutmaqla yanaşı, həm də Şimal və Cənub arasında oynadığı strateji rolun ideoloji və ideya-siyasi aspektlərdə də təsbit olunması üçün mühüm addımlar atılmışdır. Buna qədər bir-birindən, demək olar ki, xəbərsiz olan rus və türk filosofları bundan sonra məhz Azərbaycan Fəlsəfə cəmiyyətinin köməyi və iştirakı ilə müəyyən əlaqə qura bildilər. Bu əlaqələr Azərbaycan fəlsəfi fikrinin sonrakı inkişafı üçün mühüm şərt idi. Belə ki, uzun müddət SSRİ məkanında rus filosofları ilə əməkdaşlıq etmiş və düşüncə, habelə tədqiqat ənənələri baxımından rus fəlsəfi məktəbinə daha yaxın olan müasir Azərbaycan fəlsəfə tədqiqatçıları həm öz tədqiqat problematikasını genişləndirmək, həm də türk fəlsəfi fikri vasitəsilə, bir tərəfdən, Qərb fəlsəfəsinə, digər tərəfdən də, orta əsr türk islam fəlsəfi düşüncə tarixinə yeni qapılar açmaq imkanı əldə edir.

Şərq-Qərb problematikası üzrə dünyada tanınmış mütəxəssislər çoxdur. Lakin 2004-cü ildə S.Xəlilovun “Şərq və Qərb” monoqrafiyası əvvəlcə Bakıda, daha sonra xarici ölkələrdə çap olunduqdan sonra beynəlxalq miqyasda onun bu sahədə aparıcı mütəxəssis kimi tanınması sayəsində Nyu-Yorkda çap olunan “Global Studies Encyclopedia” və Moskvada çıxan “Qlobalistika” ensiklopediyalarında “Şərq və Qərb” mövzusu mənim tərəfimdən yazılmışdır.

 

Azərbaycan dünya fəlsəfi fikrinin mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi addımlar atır. 2004-cü ildə AFSEA-nın təşkilatçılığı və Almaniyadan olan qonaqların iştirakı ilə İ.Kantın vəfatının və L.Feyerbaxın anadan olmasının 200 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans da Azərbaycan fəlsəfi fikir məkanının genişləndiyindən xəbər verirdi. AFSEA bu ənənənin davamı olaraq elə həmin ildə Jan-Pol Sartrın 100 illik yubileyi və Con Lokkun vəfatının 300 illiyi qeyd edilmiş və “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalında bu filosofların həyat və fəaliyyətinə dair məqalələr çap edilmişdir. David Yumun, Moris Merlo-Pontinin, Karl Popperin, A.N.Uaythedin və digər görkəmli Qərb filosoflarının yubileylərinin qeyd olunması Azərbaycanda Qərb fəlsəfi fikrinin təbliğinə xidmət etmişdir. Şərqin böyük filosofları İbn Sina, Sührəvərdi, İbn Ərəbi, Mövlana, Molla Sədra, Cəmaləddin Əfqani, Məhəmməd İqbal, Cübran və s.-in də yubileylərinin qeyd edilməsi, onların əsərlərinin tərcüməsi və haqqında konfrans və seminarlar təşkil olunması Azərbaycan fəlsəfi fikir məkanının həm Şərq, həm də Qərb fəlsəfə məktəbləri hesabına daha da zənginləşməsi üçün şərait yaratmışdır. Azərbaycan filosofları beynəlxalq konfranslarda ancaq milli fəlsəfi fikirlə bağlı mövzularda deyil, həm də dünya klassiklərinin yaradıcılığına həsr olunmuş mövzularda çıxış etməklə ortaq fəlsəfi dəyərlərin inkişafına öz töhfələrini vermiş olurlar.

 

Səlahəddin Xəlilov

 


 http://www.azerbaijan-news.az/index.php?mod=3&id=31065

 

Baxılıb: 4302    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.