az  |   tr
Fəlsəfə dünyası

İtirilmiş maarif, yoxsa türk sivilizasiyası?!   –  [10.04.2014]

 
(Prof.Dr. S.Frederik Starrın “İtirilmiş maarif” əsəri haqqında)

 

­­Tarixin möhtəşəm bir dövrü haqqında monumental əsər!

Söhbət Prof.Dr. S.Frederik Starrın “Lost Enlightment” (İtirilmiş maarif. Mərkəzi Asiya­nın qızıl dövrü: ərəb istilasından Tamerlana qədər) adlı monoqrafiyasından gedir.

Bir neçə ay əvvəl hörmətli həmkarlarımdan biri söhbət əsnasında tanınmış amerikan siyasətçisi və kulturoloqu Frederik Starrın yeni kitabına münasibətimi soruşdu. Mənim kitabdan xəbərim yox idi və həmkarım mənə bu kitabı mütləq oxumağı tövsiyə etdi. Müəllifin də çox nüfuzlu adam olduğunu dedi. Prof.Dr. Frederik Starr 3 ABŞ prezidentinin Rusiya və Avrasiya məsələləri üzrə müşaviri olmuş, dünyada tanınmış mütəxəssisdir. Onun bu kitabı isə keçən il “Prinston” nəşriyyatında nəşr olunub və məşhur siyasətçilər F.Fukuyama, H.Kissin­cer və s. kitab haqqında yüksək fikir söyləyiblər.

Frederik Starr, Salahaddin Khalilov, Səlahəddin Xəlilov, türk sivilizasiyası
Əsəri Azərbaycan Diplomatiya Akademiyasının Kitab Mərkəzində tapmaq mümkün oldu. Sivilizasiya tarixi ilə az-çox məşğul olan mütəxəssis kimi əsəri böyük maraqla oxudum. Kitab bir tərəfdən, keçmişimizlə bağlı iftixar hissi yaratsa da, digər tərəfdən,
itirilmiş xəzinəyə bənzər ağrılı hisslər doğurur... Bu hissləri mən əvvəllər də – 2000-ci ildə “İpək Yolu” jurnalında türk sivilizasiyasının aqibəti haqqında məqalə (“Türk ruhu III minilliyin astana­sında”) yazarkən keçirmişdim. Bir daha əmin oldum ki, vaxtaşırı keçmişimizə ümumiləşdirici bir nəzər salınmağımıza böyük ehtiyac var. Tarixi təfərrüatlardan daha çox, qanunauyğun­luqların, ümumi meyllərin üzə çıxarılması vacibdir.  

Biz özümüzü çox vaxt başqalarının təqdimatında öyrənirik. Rus mənbələrini hələ də etibarlı elmi məxəzlər kimi qəbul edirik. Rusiyada isə türk tarixinə aid əsərlərin çoxu ermənilərin aşkar və gizli iştirakı ilə yazılmışdır. Elə başqa ölkələrdə də türkün tarixini təhrif etmək ənənəvi ideoloji prinsipə çevrilmişdir. Axı, “yüksək mədəniyyət” “varvar” obrazı ilə bir araya sığmır. Lakin əsl həqiqət xeyli dərəcədə fərqlidir. Elm və sivilizasiya tarixini öyrənərkən, daha etibarlı ilk mənbələrlə tanışlıq belə bir qənaətə gətirdi ki, gec də olsa biz öz tariximizi özümüz yazmalıyıq. Daha doğrusu, ingilis qələmi ilə, rus qələmi ilə yazılmış dünya tarixinin indi də türk qələmi ilə yazılmasına böyük ehtiyac vardır. Prof.Dr.Cavad Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” kitabı bu istiqamətdə atılmış ən uğurlu addımlardan biridir. Bu yaxınlarda gənc tədqiqatçı Ərəstü Həbibbəylinin “Sivilizasiyaların kəsişməsində türk dünyası” adlı əsəri də diqqətimi çəkdi; gənclərimizin bu mövzuya biganə qalmaması sevindirici haldır.

Baxdığımız mənbə isə böyük bir xəzinənin əsl ünvanını göstərir. Görünür, başqalarının içərisində də elmi vicdanını itirməyən müəlliflər var ki, biz də ideolojiləşmiş mənbələrə deyil, məhz elmi obyektivlik mövqeyindən yazılanlara istinad etməliyik.

 

“Dünyanın mərkəzi”

Prof.Dr. Frederik Starr orta əsrlərdə – 500 il ərzində Mərkəzi Asiyanın bütövlükdə dünyada elm və mədəniyyətin mərkəzi olduğunu iddia edir. “Dünyanın mərkəzi” adlandırdığı birinci fəsildə o, müasir Özbəkistan və Türkmənistan ərazilərində baş tutan bir məktublaşma­dan bəhs edir. X əsrin əvvəllərinə aid bu məşhur yazışma dövrün iki nəhəng alimi İbn Sina və Biruni arasında olmuşdur. Və məhz bu yazışmada dünyanın yaranışı, quruluşu və mahiyyəti haqqında çox önəmli elmi ideyalar irəli sürülmüş, dünyaya yeni elmi baxışın əsası qoyulmuşdur. Fred Starr göstərir ki, XVI əsrdə Cordano Bruno tərəfindən irəli sürülən “müxtəlif dünyalar” təlimi də daxil olmaqla Yeni Dövr Avropa elminin İntibahını şərtləndirən bir çox unikal ideyalar altı əsr əvvəl məhz bu yazışmada irəli sürülmüşdü. Əslində, orta əsrlərdə Mərkəzi Asiyada böyük bir sivilizasiyanın varlığı danılmaz bir həqiqətdir və bu barədə çox yazılmışdır. Lakin bu qəbildən olan əsərlər əsasən, “Orta əsr İslam sivilizasiyası”, “Orta əsr Ərəb mədəniyyəti”, “Ərəblərdə elm və fəlsəfə” və s. bu kimi adlar altında təqdim olunur. Bu sivilizasiyanın ancaq ərəblərə mənsub olmadığını deyənlər isə bir qayda olaraq fars və ya İran ünvanını göstərirlər. Türklərin bu sivilizasiyanın yaradılmasında rolu isə ya “unudulur”, ya da onlar bu möhtəşəm sivilizasiyanın qurucusu deyil, dağıdıcısı rolunda təqdim olunurlar. Məşhur fransız elm tarixçisi A.Koyrenin bu barədə yazdıqlarına öz tənqidi münasibətimi əvvəllər də bildirmişəm. Həmin mövqeyi bir də xatırlatmaq istəyirəm.

A.Koyre Fərabinin, Biruninin misilsiz elmi nailiyyətlərini sadalayır və “bəs necə oldu ki, XIII əsrdən sonra bu bölgədə elm və mədəniyyətin inkişafı dayandı?” sualına belə cavab verir ki, ərəblərin yaratdığı bu böyük mədəniyyəti türk varvarları dağıtdılar. Əvvəlcə, Fərabi və Biruni kimi böyük türk mütəfəkkirləri rahatca ərəb mədəniyyətinə aid edilir, sonra isə dağıdıcı monqol yürüşləri türk varvarlarının işi kimi dəyərləndirilir. Fəlsəfənin dini-eh­kamçı qolunu deyil, elmi-metodoloji qolunu və riyaziyyatı, təbiət­şünaslığı, təbabəti inkişaf etdirənlərin və bununla da sivilizasiyanın elmi təməlini yaradanların məhz türk olduqlarını bil­sə idi, A.Koyre, əlbəttə, belə yaz­mazdı. Zira həmin Koyre başqa bir yer­də Fərabini ən az öy­rənilmiş ən böyük islam filosofu ad­lan­dı­rır. Məşhur fransız ideo­loqu Ernest Renan isə bu mədəniyyətin orijinallığını inkar edir. O, Avropa Renessansında orta əsrlər islam mədəniyyətinin və el­mi­nin rolunu he­çə endirməyə çalışır: “Ərəb elmi və fəl­səfəsi yunan elm və fəl­sə­fə­sinin səriştəsiz tərcüməsindən başqa bir şey de­yildi. Yunanıstanın özü canlandıqdan sonra, bu solğun tərcümələr öz əhə­miyyətini itir­di­lər”. Daha sonra Renan söhbəti etnik-irqi müstəviyə ke­çirir. La­kin o, ərəb islamın fərqini nəzərə alsa da, bu fərqin ağırlıq mər­kə­­zində dayanan türkləri nə üçünsə “yaddan çıxarır”: “Təhlil gös­tə­rir ki, əs­lində bu ərəb elmində ərəblik heç nə yox imiş. Onun ma­hiy­yəti xalis yu­nan mənşəlidir. Onu yaradanların arasında bir nəfər də olsun xalis semit ol­ma­mışdır: onlar ərəbcə yazmış ispanlar və fars­lar idi”. Burada irqçilik mey­li ilə yanaşı, elm tarixinə nabə­ləd­lik də özünü açıq-aşkar göstərir. Amma F.Starrın kitabından da göründüyü kimi, o dövrdə islam elminin ən bö­yük nümayəndələri ispan və ya fars yox, türk mənşəli idilər. Belə ki, astronomiya, təbabət, riyaziyyat və tə­biət­şü­nas­lığın yeni­dən dirçəldilməsi və yeni keyfiyyətli mərhələyə qaldırılması Fər­­a­bi, Biruni, İbn Sina, Ömər Xəyyam, Uluqbəy, Nəsirəddin Tusi kimi bö­yük türk mütəfəkkirlərinin adı ilə bağlı deyilmi? Digər tərəfdən, elm ta­rix­çilərinin artıq çoxdan isbat etdiyi bir faktı: Rocer Bekonun (1214-1294) “Opus majus” əsərinin İbn Heysəmin (965-1039) “Op­tika”sından köçürmə ol­duğu faktını nəzərə alsaq, E.Renanın aşağıdakı fikrinin nə dərəcədə gülünc göründüyü üzə çıxar: “Rocer Bekonun bircə səhifəsi bütün bu ikinci əldən gələn elmə nisbətən daha həqiqi elmi ruha malikdir”.

Cəbr elminin əsasını qoyan əl-Xarəzmini demək olar ki, bütün mənbələrdə ya ərəb, ya da İran alimi kimi göstərirlər. Halbuki, bu bölgəni tanıyanlar Xarəzmin də məhz Orta Asiyada – Özbəkistan ərazisində yerləşdiyini yaxşı bilirlər. Təhsilini Xorasanda alsa da, onun türk kökənli olduğu daha etibarlıdır.

F.Starrın əsərində Türkmənistanın Mərv şəhərindən olan Battaninin ixtiraları da xüsusi qeyd edilir. Öz dövrünün və bütün dövrlərin ən böyük həkimlərindən biri sayılan Zəkəriyyə əl-Razi də əslən Reydən (İran) olmasına baxmayaraq, bir alim kimi Mərv mühitində formalaşmışdır. F.Starrın sözləri ilə desək, əl-Razi bütün ömrü boyu Mərkəzi Asiyanın intellektual orbitində olmuşdur (Bax: F.Starr, səh. 167).

 

“Səyyar dahilər”

Kitabda vurğulanır ki, orta əsrlərdə Mərkəzi Asiyada türk mütəfəkkirlərinin nümayiş etdirdiyi “ensiklopedik zəka” fenomeni Aristotel istisna olmaqla, dünya elm tarixində misli görünməmiş bir hadisədir. Fərabi, Biruni və İbn Sinanın öz dövrlərində demək olar ki, bütün elm sahələrində qeyri-adi nailiyyətlər əldə etməsi bir yana dursun, onların əsərləri kəmiyyət baxımından da ağlasığmaz göstəricilərə malikdir. İbn Sina 400-dən artıq kitab və traktat yazmışdır ki, bunların böyük bir qismi itmiş və bizə gəlib çatmamışdır. Amma bizə çatanlar özü də heyrətamiz dərəcədə böyük bir irsdir. F.Starr qeyd edir ki, Biruninin yazdığı əsərlərin ancaq 7%-i üzə çıxmışdır. Lakin, elə bu da onun bütün elm sahələrində əldə etdiyi nailiyyətlərin zənginliyini görmək üçün kifayətdir. Məsələn, Biruninin öz astronomik tədqiqatları ilə planetlərin orbitlərinin çevrə deyil, ellips üzrə olduğunu isbata yetirməsi onun Avropa elmini 500 il qabaqladığına dəlalət edir (səh. 8).

Ən mühüm amillərdən biri də budur ki, türk mütəfəkkirləri ancaq riyazi və nəzəri araşdırmalarla kifayətlənməyərək, təbiət elmlərinin eksperimental bazasını yaratmış, bir çox ölçü alətləri, astronomik cihazlar ixtira etmişlər. F.Starr yazır ki, Uluqbəy Günəş ilini Kopernikdən daha dəqiq hesablamışdır və onun metodu indi də istifadə olunmaqdadır. (səh.9) Başqa bir fakt: Xristofor Kolumb öz səfərini əsaslandırarkən Fərqaninin hesablamalarına istinad etmişdir (səh. 9). Yeri gəlmişkən, o vaxt N.Tusinin də hesablamaları Qərb elmi dairə­lə­rində yaxşı bəlli idi.

F.Starr o dövrün böyük riyaziyyatçısı və astronomu Ömər Xəyyamın da xidmətlərini yüksək qiymətləndirir. Kub tənliklərin həndəsi nəzəriyyəsi, irrasional ədədlərin əsaslandırıl­ması Lobaçevski və Rimandan 700 il əvvəl qeyri-Evklid həndəsəsinin nəzəriyyəsinin işlənib-hazırlaması Ömər Xəyyamın əsas nailiyyətləri kimi göstərilir (səh.10).

Belə maraqlı faktlar kitabda çoxdur. Bu faktların əksəriyyəti elm tarixində məlum olsa da, onların ərəb, fars və ya islam hadisəsi kimi deyil, məhz Orta Asiya fenomeni kimi təqdimatı baxımından yeni yanaşma hesab oluna bilər. Həm də Avropa elmi və fəlsəfəsi ilə müqayisələr daha obyektiv, daha “ürəkli” aparılır. Məsələn, F.Starrın fikrincə, orta əsrlərdə Mərkəzi Asiyadakı maarifçilik hərəkatı öz miqyasına və nailiyyətlərinə görə XVIII əsr fransız maarifçiliyindən daha üstündür (səh.7). Müəllif bu bölgədə təkcə ayrı-ayrı alimlərin uğur­la­rından bəhs etməklə kifayətlənməyərək, bütövlükdə ab-havanın, maarifçilik mühitinin təsvi­rini verir. Eramızın I minilliyi ərəfəsində Mərvdə, Bəlxdə, Qurgəncdə, Səmərqənddə və s. böyük kitabxanaların olduğu xüsusi qeyd edilir. Bunların arasında həm dövlət kitabxanaları, həm də xüsusi kitabxanalar olmuşdur. Mərkəzi Asiyanın böyük və kiçik şəhərlərində çoxlu sayda bukinist dükanları, kitab və əlyazma hərracları olmuşdur. Həm də bu kitablar kifayət qədər baha qiymətə satılmışdır. Bu da həmin dövrdə elmə böyük maraq olduğuna dəlalət edir.

F.Starr dini və fəlsəfi fikir sahəsində də Mərkəzi Asiyanın aparıcı rol oynadığını qeyd edir. Müəllifin yazdığına görə, Əbu Nəsr əl-Fərabi bütün elmlər sahəsində birinci olmuş və onun fəlsəfi ideyaları Müqəddəs Foma Akvinskiyə, Danteyə, hətta Kanta təsir göstərmişdir (səh.184). F.Starr Fərabinin yaradıcılığında musiqi nəzəriyyəsini xüsusilə qeyd edir və belə hesab edir ki, Qərb musiqişünaslığının təməlində məhz onun təlimi dayanır.

Kitabda həmçinin Məhəmməd peyğəmbərin hədislərinin toplanıb qələmə alınması sahəsində Buxarinin müstəsna xidməti vurğulanır. Sufizmin böyük nümayəndələri Nəcməddin Kubra, Əhməd Yəsəvi, Bahəddin Nəqşibəndi Buxari və s.-in əhalinin dünyagörüşünün yönləndirilməsində böyük rolu qeyd olunur. Bu mütəfəkkirlərin təlimləri təkcə Mərkəzi Asiyada deyil, bütün İslam dünyasında yayılmışdır. F.Starr böyük türk mütəfəkkiri Yusif Balasaquninin yaradıcılığına da geniş yer verir. Türk dilində yazıb-yaradan Əhməd Yəsəvi və Yusif Balasaquni ilə yanaşı, Mahmud Kaşğarini də yüksək qiymətləndirir və onun türk sivilizasiyasının özünüdərk prosesində rolunu xüsusi qeyd edir.  

Kitabın müəllifi tək Mərkəzi Asiyanın özündə deyil, bütün İslam bölgəsində harada elmi mühit varsa, orada türk alimlərinin üstünlük təşkil etdiyini göstərmək üçün alman alimi Henrix Suterin araşdırmalarına istinad edir: 515 nəfər riyaziyyatçı və astronomun siyahısını tutan H.Suterin hesablamasına görə, bu alimlərin böyük əksəriyyəti mənşəcə Orta Asiyadandır. F.Starr özbək alimi Bəhram Əbdüxalimovun “Hikmət evi” kitabında da Bağdaddakı əksər böyük alimlərin Orta Asiyadan gəlməsi faktına istinad edir (səh.158).

Kitabda o dövrün ən böyük elm və mədəniyyət mərkəzi olan Bağdadın etnik-intellektual mənzərəsi canlandırılır. Ayrıca bir fəsil (4-cü fəsil) belə bir ideyanın əsaslandırılmasına həsr olunub ki, əgər ərəblər öz siyasi və dini-ideoloji hakimiyyətini Bağdaddan Mərkəzi Asiyaya qədər genişləndirməklə həmin bölgəni bir növ işğal edə bilmişdilərsə, Mərkəzi Asiyanın elm adamları isə Bağdadın elmi-intellektual ərazisini işğal etmişdilər.

 

“Vəhşi türklər”, yoxsa intellektual möcüzə ?!

Frederik Starr orta əsrlərdə İslam və ya ərəb sivilizasiyası kimi bəlli olan hadisənin əslində Mərkəzi Asiya ilə bağlılığını vurğulamaqla bəşər tarixinin çox önəmli bir səhifəsinə fərqli bucaq altında baxır. Əvvəla, Starr bu sivilizasiyanın formalaşmasında İslamın rolundan daha çox, məhz bölgənin və hətta türk xalqlarının xidmətini önə çəkir ki, bu da ənənəvi baxışlardan köklü surətdə fərqlənir. İkincisi, dünya tarixində az qala qərarlaşmış olan türklərin bəşər tarixində dağıdıcı rolu haqqında təsəvvürləri alt-üst edir və neçə yüz illər ərzində məhz türklərin üstünlük təşkil etdiyi Mərkəzi Asiyanın dünyanın intellektual mərkəzi olduğunu əsaslandırmaqla türkün yeni obrazını yaratmış olur. Bir tərəfdən köçəri həyat sürən, daim at belində olan, ölkələr işğal edən türklər, sən demə, həm də bəşər sivilizasiyanın ən parlaq səhifələrini yaradıblarmış.

Əlbəttə, istər-istəməz sual ortaya çıxır ki, bu böyük intellektual enerjinin mənbəyini nədə axtarmaq lazımdır? Əgər dinin aparıcı rolu inkar edilirsə, onda bəlkə bölgənin iqtisadi və mədəni inkişaf səviyyəsi buna yol açmışdır? Lakin türklərin köçəri həyatı və bölgədə oturuşmuş təsərrüfat sisteminin olmaması bu versiyanı mümkünsüz edir. Digər tərəfdən, türk alimləri və mütəfəkkirlərinin üstünlüyü təkcə öz bölgələrində deyil, o dövrün inkişaf etmiş başqa bölgələrində, o cümlədən, elmi və mədəni mərkəz sayılan Bağdad şəhərində də özünü göstərirdi. F.Starr qeyd edir ki, Bağdada toplaşmış mütəfəkkirlərin böyük əksəriyyəti də məhz Orta Asiya mənşəli idi. Bu paradoksu hər halda necə izah etmək mümkündür? Əlbəttə, müəllif bunu türklərin hansı isə genetik üstünlüyü ilə izah etmir. Çünki türklər üçün səciyyəvi olan daha çox döyüş ruhu, hərbi şücaət idi. Lakin bu, məsələnin dünya tarixçiləri tərəfindən yekdilliklə qəbul olunan tərəfidir. Onların intellektual gücü və elmi xidmətləri isə məsələnin bir qayda olaraq, “unudulan”, qəbul edilməyən tərəfidir.

Frederik Starr sanki belə təhriflərə cavab olaraq, VII-XIV əsrlərdə həmin bölgədəki sivilizasiyanı ayrılıqda təhlil edir. Onu məhz türk sivilizasiyası kimi təqdim etməsi də bunun üçün zəmin hazırlayır: bu ideya aşkar şəkildə deyilməsə də, əsərin məzmunundan hasil olur. Belə ki, müəllifin fikrinə görə, sivilizasiya Orta Asiyaya ərəblər tərəfindən və ya islamla birlikdə gəlmir; onun qaynaqları bu bölgənin özündə formalaşmış daha ilkin təməllərdə axtarılmalıdır. Bunun üçün müəllif VII əsrdə Orta Asiya və Qazaxıstan bölgəsində iqtisadi və mədəni-mənəvi həyatın özəlliklərini araşdırmağa çalışır.

Avropada elmin inkişafını çox vaxt sivilizasiyanın başqa aspektləri ilə: təsərrüfat sisteminin, oturaq həyatın və s. funksiyası kimi izah edirlər. Lakin baxdığımız fakt köçəri həyatın da öz üstünlüklərini ortaya qoyur. Təsadüfi deyil ki, hələ XIV əsrdə İbn Xəldun “köçəri sivilizasiyasını” araşdırmış və onun özünəməxsus üstünlüklərini qeyd etmişdi.

Problemin izahını çətinləşdirən yazılı mənbələrin qıtlığıdır. Türklər özü tarix yazmadıqlarından türk tarixi əsasən başqa xalqların onlar haqqında yazdıqlarına əsaslanır. Lakin başqa xalqlar türk dövlətləri və türklər haqqında ilk növbədə nəyi yazırdılar? Şübhəsiz ki, gördüklərini. Gördükləri isə ilk növbədə türk tayfalarında nizami hərbi dəstələri, onların qonşu məskənlərə hərbi yürüşləri idi. İçəridən baxış isə şübhəsiz ki, başqa cür olardı. Bu hərbi yürüşləri, nizami qoşun dəstələrini saxlamaq, yetişdirmək üçün kimlərsə əkib-becərməli, təsərrüfatla məşğul olmalı idi. Onların həyatının məhz bu tərəfi işıqlandırılmamışdır. Əgər süvari dəstələri var idisə, deməli atçılıq təsərrüfatı da var idi. Əgər ox, yay, qılınc var idisə, deməli, onların geniş miqyaslı istehsalı, müvafiq texnoloji səviyyə də var idi. Yüksək nizam-intizam var idisə, deməli, bu qədər əsgərin yetişməsi üçün müvafiq təlim-tərbiyə sistemi də var idi. Əgər orduda döyüş əzmi və ruh yüksəkliyi var idisə, deməli, müvafiq emosional-mənəvi aura da var idi, bunları təmin edən mədəni-estetik səviyyə də. Əgər insanlar bu qədər güclü və sağlam yetişə bilirdisə, deməli, müvafiq qida, ərzaq mədəniyyəti ilə yanaşı, yüksək tibbi mədəniyyət də var idi. Zira bütün bunlar bir-birini tamamlayan zəruri şərtlərdir.

Yəni problemin açılışını məhz “türk sivilizasiyası” yönündə aparmaq üçün kifayət qədər arqument istifadə olunmamış qalır. Təəssüf ki, F.Starr da açdığı yolda sona qədər getmir; təqdim etdiyi unikal siviliza­siyanı həm islam, həm də türk amilinin xaricində izah etməyə çalışır. Frederik Starrın versiyası ənənəvi yanaşmalardan fərqlidir, lakin onun özündə də məsələyə birtərəfli, tendensiyalı münasibət hiss olunur. Əvvəla, müəllif bu əsərində o dövrdəki sivilizasiyanın islamla hər hansı əlaqəsini inkar etməyə çalışır və ya özünü görməzliyə vurur. Digər tərəfdən, ayrı-ayrı məqamlarda qeyri-ərəb, türk və fars ünvanlarını göstərsə də, bölgənin əsas etnik ağırlığının türk xalqlarına aid olduğunu vurğulamır. Daha doğrusu, etnik və dini müəyyənlikdən uzaq duraraq, bir növ coğrafi ərazinin səciyyəsini verməklə kifayətlənir.

Düzdür, F.Starrın kitabında əslində, hansı isə etnosun deyil, coğrafi bölgənin maarifindən və sivilizasiyasından bəhs edilir, hətta bəzi böyük alimlərin türk kimliyi şübhə altına alınır, bununla belə, həmin dövrdə göstərilən bölgənin türk məskəni olması və burada bir-birinin ardınca məşhur türk dövlətlərinin yaranması belə düşünməyə əsas verir ki, bütövlükdə mühit, intellektual ab-hava türk kimliyi ilə bilavasitə bağlıdır. İstənilən halda, F.Starrın məsələyə fərqli yanaşması orta əsr sivilizasiyasının qaynaqlarını və ünvanını daha dəqiq müəyyənləşdirmək işinə xidmət edir.

Müəllifin tərəddüdünün bir səbəbi də, görünür  budur ki, türk dili X əsrə qədər hələ də məişət səviyyəsindən yuxarı qalxmır, elmi və ədəbi dil kimi işlənmirdi. Bütün bölgədə hakimiyyətdə türklərin olmasına və əhalinin əksəriyyətinin bu və ya digər türk tayfasına mənsub olmasına baxmayaraq, türk dilinin ədəbi-bədii və elmi-fəlsəfi dil kimi formalaşması, əsasən X əsrdən sonra başlamışdır. Və F.Starrın da göstərdiyi kimi, bu böyük dönüş və ya yeni başlanğıc ilk növbədə Mahmud Kaşğarinin adı ilə bağlıdır. Onun tərəfindən türk dilinin potensial imkanları açılıb göstərildikdən sonra türk sivilizasiyasının da yeni mərhələsi başlanır. Ona qədər hətta açıq-aşkar türk məskənlərindən olan Fərabi, Xarəzmi, Biruni və s. haqqında “türkdür” hökmünü verməyə tərəddüd göstərirdilərsə, sonrakı dövrdə türk mənşəli mütəfəkkirlər öz dillərində də yazmaq imkanından istifadə etmişlər. Baxdığımız kitabda türk dilində yazan mütəfəkkirlər sırasında Yəsəvi və Balasaquniyə geniş yer verilir. Amma bu prosesdə ən böyük xidmət, heç şübhəsiz, Mahmud Kaşğariyə məxsus idi. F.Starr yazır: “Kaşğarinin planına hətta xəlifəni və bütün ərəb və farsları “artıq türk dilini öyrənməyin və türk mədəniyyətini mənimsəməyin vaxtıdır”, deyə xəbərdar etmək missiyası da daxil idi. Həm də Kaşğari sadəcə olaraq, bunu bəyan etməklə kifayətlənmir, türk dilini öyrənməyin və türk mədəniyyəti ilə tanışlığın əməli vasitələrini təqdim edirdi... Kaşğari müxtəlif türk tayfalarının üslublarını, adət-ənənələrini və hətta oxucunun təsəvvürü olsun deyə hər qrupun hansı bölgədə yaşaması barədə xəritələri təqdim edirdi.” (səh.305).

Bəli, XI əsrdə türkün sözünün: fikrinin, hikmətinin, bəşər sivilizasiyasında rolunun öz ana dilində səslənməsinə Mahmud Kaşğari yol açdı, XXI əsrdə isə bunları Frederik Starr ingilis dilində dünyaya bəyan edir. Bizə qalan isə min ilin təbəddülatlarını, uğur və tənəzzül məqamlarını araşdırmaq, enerji potensialımızın gerçək mənbəyini dərk etmək, gələcəyə məhz öz üstün cəhətlərimizə əsaslanaraq üz tutmaqdır.

 

Səlahəddin Xəlilov
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=36629

Baxılıb: 3856    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 1 XXI əsr insan intellektinin misilsiz uğurları ilə yanaşı, həm də bir çox qlo¬bal problemlərin kəskinləşməsi, böhranların dərinləşməsi ilə səciyyələ¬nir. Həm elmi-texnoloji, həm də ictimai-siyasi proseslərin həddən artıq sü¬rət-lənməsi bəşəriyyəti Şərq və Qərb mədəniyyətləri və düşüncə tərzləri ara¬sın-da, duyğusal və rasional həyat arasında qərarlaşmaqda olan ahəngin, dün¬ya nizamının pozulması və neçə min illər ərzində əldə olunmuş mənəvi-ruh¬sal təkamülün itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.