az  |   tr
Fəlsəfə dünyası

İdeoloji boşluq və din   –  [22.03.2010]


“İctimai hadisəyə çevrilmiş din, artıq, din deyil”.
Əbu Turxan

Qərarlaşmış sosial duruma malik Qərb ölkələrində dinin özünəməxsus yeri vardır; din dövlət işlərinə qarışmır, siyasi və iqtisadi həyata, elm, təhsil və mədəniyyətə fəal müdaxilə etmir və dövlət də dinin nisbi müstəqilliyini təmin edir, ona müəyyən muxtariyyət verir. İctimai-siyasi həyatın öz qayda-qanunu olur, din isə ancaq insanların fərdi mənəvi aləmində, həm də könüllü olaraq yer tutur. İnsan mənəviyyatında da dini hissin ayrıca bir guşəsi olur və onun siyasi və hüquqi şüurla, elmi dünyagörüşü ilə qarışmasına imkan daxilində yol verilmir. Düzdür, bu ölkələrdə də, bəzən din dünyagörüşü vasitəsilə böyük siyasətə təsir edir, lakin bu, xüsusi bir məsələdir. Ümumiyyətlə götürüldükdə isə din nəinki hüquq və siyasət müstəvilərindən kənarda qalır, həm də çox vaxt öz üzərinə ideoloji missiya da götürmür. Dinin aktiv ideoloji rolu, siyasətə və dövlət işlərinə fəal müdaxilə etməsi bu ölkələr üçün artıq tarixə çevrilib. Lakin tarixdən, yaxşı ki, silinməyib və tarixin dərsləri nəzərə alınmalıdır. Bundan hələ sosial-iqtisadi inkişafın nisbətən aşağı pilləsində olan bir sıra Şərq ölkələri də özü üçün nəticə çıxarmalıdır. Yəni bu gün daha çox dərəcədə islamın siyasi don geyməsindən, ideologiyaya çevrilməsindən ehtiyat edən Qərb politoloqları öz tarixlərini vərəqləyib müəyyən dövrlərdə xristianlığın siyasətə və dövlət işlərinə necə aktiv müdaxilə etdiyini yada salsalar, onda təkcə “islam təhlükəsindən”, “islam fundamentalizmindən” deyil, ümumiyyətlə dinlərin ideologiyaya çevrilməsi təhlükəsindən danışarlar. Belə ki, xristian dini indi də siyasi səhnədən tam çəkilməyib (Şimali İrlandiyadakı hadisələr və s.). Hindistanda, Yaponiyada... dini təriqətlərin siyasətə müdaxiləsi də bu qəbildəndir.
Din cəmiyyət üçün yox, insan üçündür. Ayrıca götürülmüş hər bir insanın düzgün mənəvi-əxlaqi meyarlar seçə bilməsi, digər insanlara münasibətdə yüksək mənəvi prinsiplərdən çıxış etməsi sahəsində dinin rolu əvəzsizdir.
Dinin sosial təşkili, dini institutların (sosial qurumların) yaradılması ancaq dini ideyaların təbliğ olunması, dindarlara öz dini biliklərini zənginləşdirmək, Allahla ünsiyyətdə olmaq, dua etmək, mənəviyyatını təkmilləşdirmək üçün şərait yaradılmasına xidmət edir. Həmin sosial institutların, dini məbədlərin fəaliyyətini təmin etmək üçün peşəkar din xadimləri, ruhanilər hazırlanıb yetişdirilir, bu məqsədlə müxtəlif səviyyəli dini məktəblər fəaliyyət göstərir.
Dini sosial qurumlar cəmiyyətin mikrostrukturunda miqyasca kiçik yer tutsalar da, müəyyən müstəqilliyə, avtonomiyaya malikdirlər. Konstitusiyada da təsbit olunduğu kimi din ilə dövlət bir-birindən ayrıdır. Lakin bu ayrılıq ancaq hüquq müsəvisində mütləq xarakter daşıyır. Siyasət və ideologiya müstəvisində bu ayrılığın mütləqləşdirilməsi mümkün deyil. Siyasətlə məşğul olan, ideoloji konsepsiyalar hazırlayan adamlar, millət vəkilləri və s. bu və ya digər dinə qulluq etməsindən və ya ümumiyyətlə dinə münasibətindən asılı olaraq müxtəlif mövqelərdə dura bilərlər. Başqa sözlə, din siyasətə müstəqil sosial subyekt kimi deyil, siyasətin formalaşmasında iştirak edən şəxslərin dünyagörüşü vasitəsilə təsir göstərə bilər.
Bununla belə, müasir dövrdə də din bəzən ideologiyaya çevrilir və siyasətdə aparıcı rol oynayır. Son dövrlərdə islam dini də bu missiya ilə çıxış edir. İranda və Əfqanıstanda baş verən hadisələr buna ən yaxşı misaldır. Azərbaycanda da islam dini ilə bağlı təbliğatlar bəzən öz əsas vəzifəsindən uzaqlaşaraq ideya-siyasi yön almağa təşəbbüs göstərir. İndi ədəbi-bədii fikir sahiblərinin, jurnalistlərin ən çox meyl etdikləri “ideoloji modellər” XX əsrin əvvəllərində türk ideoloqları və müsavatçıların irəli sürdüyü “türkçülük, islamçılıq, müasirlik” şüarının müxtəlif modifikasiyalarından ibarətdir. Və bunların hamısında “islamçılıq”, “islamlaşmaq”... mərkəzi yerlərdən birini tutur. Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın sovet ideologiyasının təsiri ilə icbari yolla imtina etmiş olduğu dini dəyərləri qaytarmaq təşəbbüsü, heç şübhəsiz, təqdirəlayiq bir hadisədir. Həm də nəzərə alsaq ki, islam bizim üçün əsrlər boyu təkcə əqidə yox, həm də əxlaq, adət-ənənənə, hətta düşüncə tərzinin formalaşmasının mühüm mənbələrindən biri olub, ona qayıtmağın bizim üçün necə dəyərli bir hadisə olduğunu təsəvvür etmək çətin deyildir.
Bəziləri millətlə dinin müxtəlifliyinə istinad edərək bunlar arasında ancaq fərqi görməyə çalışırlar. Halbuki din millətin inkişafına da müəyyən təsir göstərir. Böyük alman filosofu və tarixçisi İ.Q.Herder hələ XVIII əsrdə “Bəşər tarixinin fəlsəfəsinə dair ideyalar” kitabında yazırdı ki, türklərin hətta zahiri gözəlliyinin artmasında da islam dininin böyük rolu olub. Bizcə, Azərbaycanda neçə əsrlərdən bəri yaşayan xalqların ümumi mənəviyyat, adət-ənənənə və həyat tərzi sayəsində vahid “azərbaycanlı” adı altında birləşməsində islam dininin rolu az olmayıb.
Bütün bunlar müasir Azərbaycan milli şüurunda, ictimai psixologiyasında dinin həqiqətən mühüm yerlərdən birini tutduğunu göstərir. Bəs onda dinin fəal siyasi və ideoloji mövqeyi nəyə görə yolverilməz hesab olunur? İlk növbədə ona görə ki, hər şey, hətta ən yaxşı şey də, öz yerində olanda gözəldir.
Azərbaycan artıq öz strateji yolunu seçib və psevdodini təlimlərin dinin nüfuzundan istifadə edərək, din bayrağı altında siyasətə müdaxilə etmək təhlükəsi Konstitusiya səviyyəsində, hüquqi yolla aradan götürülüb. Bəs onda belə təşəbbüslərin qorxulu cəhəti nədən ibarətdir? Qorxulu cəhət əsl dinin psevdodini təlimlərlə, ideoloji məzmunla əvəz olunması və dinin öz həqiqi miqyasından uzaqlaşmasıdır. Biz dinin ideoloji aktivliyindən, siyasi müdaxiləsindən... yox, əksinə, dini itirməkdən qorxuruq. Çünki sovet dövründə hər cür dinin inkar olunması insanların mənəviyyatında bir boşluq yaratmışdı və kommunist rejiminin uğursuzluğunun səbəblərindən biri cəmiyyət miqyasında mükəmməl ideoloji sistem yaratmaqla yanaşı, fərdi mənəvi aləmdəki boşluğa dini əvəz edə biləcək layiqli alternativ tapa bilməməsi idi. İndi din aşkar şəkildə inkar olunmasa da, bu boşluğu həqiqi dindən kənar fanatizm, xurafat, psevdodini məzmunla doldurmaq təşəbbüsü daha ağır nəticələr verə bilər.
Bir daha yada salmaq istərdik ki, dinin əsl məramı insan mənəviyyatını ülvi duyğularla zənginləşdirməkdir. Din fərdi mənəviyyatı yaddan çıxarıb sosial qurumlar, təsisatlarla məşğul olduqda o, dinlikdən çıxır, başqa bir şeyə çevrilir. İnsanlar isə yenə də dinə möhtac qalırlar.
Xüsusən kommunist ideologiyasından imtina etmiş bir xalq bu boşluğun yerini nə iləsə doldurmağa ehtiyac hiss etdiyi bir vaxtda dinçilik də, millətçilik də, qərbçilik də və hətta bazar iqtisadiyyatına sürətli keçidin təsiri ilə baş alıb gedən “alver psixologiyası” da ideologiyada mərkəzi yer tutmaq iddiasında ola bilər. Və bu problem ciddi surətdə tədqiq olunmalıdır.
Bəs əslində din ideologiyanın strukturuna daxil olmalıdırmı və əgər olmalıdırsa, burada nə kimi yer tutmalıdır? Bizcə, ideologiya ayrıca fərdlərin ruhu, mənəviyyatı haqqında yox, cəmiyyətin siyasi təşkili, optimal siyasi-iqtisadi strukturu və ictimai həyatda mədəni-mənəvi meyarlar haqqında təlim, ideyalar sistemi olduğundan burada nə din, nə də milli spesifiklik mərkəzi yer tuta bilməz.
Din və millətlə əlaqə əsasən sonrakı mərhələdə – ictimai müstəvidən fərdi müstəviyə keçəndə ortaya çıxır. Cəmiyyətin elə təşkilati strukturu, elə ictimai dəyərlər və meyarlar sistemi optimal sayıla bilər ki, şəxsi mənafe ilə ictimai mənafe, əxlaqla hüquq arasında ciddi ziddiyət ortaya çıxmasın, insanların vicdan azadlığı hər hansı formada məhdudlaşdırılmasın. Bu baxımdan dövlət siyasəti və hüquq normaları, qanun məcəllələri işlənib hazırlanarkən onların əhalinin dini və milli hissləri ilə uzlaşması, ahəngdarlığı məsələsi nəzərə alınmalıdır. Xüsusən islam dininin özünəməxsus hüquq sistemi (müsəlman hüququ – şəriət) olduğundan bizim ölkədə ilk növbədə dünyəvi prinsiplər əsasında hazırlanan hüquq normaları və qanunlar şəbəkəsi müəyyənləşərkən şəriətin də imkan daxilində nəzərə alınması və əmələ gələn uyğunsuzluqların, ziddiyyətlərin minimuma endirilməsi vacib şərtlərdən biridir. Yəni, cəmiyyətin inkişaf strategiyası, sosial ideal elə seçilməlidir ki, o, adamların mənəvi idealı və əqidəsi ilə ahəngdar ola bilsin. Lakin burada yeganə məqbul metod – deduktiv metoddur.
Adamların hər birinin istək və arzularının, şəxsi mənafelərin, dini və milli hisslərin toplanmasından cəmiyyətin optimal modeli hasil ola bilməz. Əksinə, ümumi ictimai inkişaf qanunauyğunluqlarının öyrənilməsindən hasil edilən cəmiyyət modeli, sosial ideal və ona çatmaq üçün həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar sistemi ilkin olaraq müəyyənləşdirilir və bu modelin, islahatların hər bir adamın həyatında öz əksini necə tapması sonrakı mərhələdə ortaya çıxır.
Sosial idealın düzgün seçilib-seçilməməsi də məhz bu sonrakı mərhələdə aydınlaşır. Unutmaq olmaz ki, təbiətdə olduğu kimi, cəmiyyətdə də həqiqətin başlıca meyarı praktikadır. Sosial nəzəriyyələrin həqiqiliyi və pozitivliyi ancaq ictimai praktika ilə təsdiq olunur və deməli, nəzəriyyə ictimai gerçəkliyin tələblərinə uyğunlaşdırılmalıdır. Ona görə də ən mühüm şərtlərdən biri istifadə olunan bu və ya digər ideya-siyasi sistemin dinamikliyi, mütəhərrikliyidir. İdeologiya insanların şəxsi həyatına hansı istiqamətdə təsir etməsindən asılı olaraq müntəzəm surətdə özünü təkmilləşdirməlidir. Və ya plüralizm şəraitində hansı ideologiya son nəticədə insana daha yaxşı xidmət edirsə, dövlət də ona üstünlük verməlidir.
                                                                                         
                     
                                                                                         Səlahəddin XƏLİLOV

Baxılıb: 6459    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.