az  |   tr
Fəlsəfə dünyası

İslamofobiya və ikili standart   –  [02.04.2010]



Soyqırım, siyasət və kütləvi şüur
ABŞ və İsveç parlamentlərinin “erməni soyqırımı” məsələsində tutduqları subyektiv mövqe nədən qaynaqlanır? Niyə ABŞ-da da, İsveçdə də, başqa Qərb ölkələrində də dövlət rəhbərliyi, böyük elm və siyasət adamları, ziyalılar “erməni soyqırımı” məsələsinin qondarma olduğunu və bunun həmin ölkələrin parlamentlərinin səlahiyyət dairəsinə aid olmadığını anladıqları halda, deputatlar məhz “seçicilərə xoş gəlmək” adı ilə hər halda bu addımı atırlar? Axı, heç bir ölkədə o qədər erməni yoxdur ki, onlar seçkilərin gedişatına təsir göstərə bilsinlər. Əksinə, say baxımından həmin ölkələrdə yaşayan türklər və türkdilli xalqların nümayəndələri qat-qat çoxdurlar. Bəs bu sonuncular seçkinin gedişatına niyə təsir göstərə bilmirlər?
Biz bu məsələdən söhbət düşəndə adətən erməni lobbisinin daha yaxşı təşkilatlanmış olmasından danışırıq. Və deyirik ki, onlar gör neçə illərdir fəaliyyət göstərir, amma biz hələ təzə-təzə təşkilatlanırıq və artıq müəyyən uğurlarımız da vardır. Yəni belə çıxır ki, bir az da səy göstərsək, hər şey qaydasına düşə bilər. Amma görünür, biz problemin daha dərin qatdakı səbəblərini araşdırmalıyıq. Çünki heç bir Qərb ölkəsində, hətta ermənilərin ən çox yayıldığı Fransada belə, erməni seçicilərinin nisbi faizi o dərəcədə deyil ki, nəyi isə həll edə bilsin. Bəs onda səbəb nədir? Bəs onda Qərb dairələrində erməni lobbisinin yaratdığı seçki xofunun arxasında nə durur?
Məsələ burasındadır ki, əslində onlar erməni seçicilərindən yox, öz seçicilərindən, kütlənin iradəsindən ehtiyatlanırlar. Çünki ermənilər uydurduqları yalanları artıq yerli əhalinin aşağı təbəqələrinə yeridə biliblər. Bir az da dərinə getsək, əslində bunu ermənilər deyil, həmin xalqların öz ideoloqları ediblər. Belə ki, hələ XII əsrdən başlayaraq, səlib yürüşü dövründən formalaşdırılmış antiislam təbliğatı neçə əsrlər ərzində beyinlərdə iz buraxmışdır. Əgər Qərbin Monteskyö kimi, Volter kimi böyük elm və mədəniyyət xadimləri islam haqqında səhv təsəvvürlərə malik idilərsə və zəhmət çəkib onu öyrənmədən, nə vaxtsa kilsə tərəfindən səpilmiş və tədricən kütləvi şüurda yayılmış, zəncirvarı reaksiya kimi artıb-törəmiş yalanlara inanırdılarsa, sıravi adamlar nə kimi bir mövqe tuta bilərdi?
Ərəb xilafəti dövründə islam dininin bütün Avropanın cənubunda yayılması bəs deyilmiş kimi, kilsənin revanşından bir neçə əsr sonra Osmanlı imperiyası yenə də Avropanın böyük bir qismini nəzarətə götürdü. Yüz illər davam edən “türk əsarəti” avropalıların heysiyyətinə elə toxunmuşdu ki, onlar hələ də bunu xatirələrində bir həqarət kimi yaşadırlar. İndi heç kimi inandırmaq mümkün deyil ki, Osmanlı imperiyası antixristian siyasəti yeritməyib, etnik-milli ayrı-seçkilik etməyib və s. İllər, əsrlər artıq öz işini görmüşdür...

Bir daha 11 sentyabr haqqında
Qərbin ikili standartı terrora münasibət məsələsində də özünü göstərməkdədir.
11 sentyabr hadisəsindən sonra Amerika və bütün dünya seçim qarşısında qaldı. Ya ictimai rəyə və kütləvi şüura uyğun olaraq emosiya səviyyəsində qərarlar qəbul etmək, “qisas” mövqeyindən çıxış etmək, ya da dünyada terrora rəvac verən əsl səbəbləri aşkar etmək, onun ideoloji, siyasi və iqtisadi köklərini üzə çıxarmaqla daha geniş miqyaslı fəaliyyət strategiyası seçmək tələb olunurdu.
Belə düşünmək olardı ki, ABŞ bu yollardan hər ikisini seçmişdir. Həm yaxın müddətli proqramın icrası olaraq terrorçu qruplaşmaların və təşkilatların güc tətbiqi ilə ləğvinə nail olmaq təşəbbüsü göstərilir, həm də uzun müddətli proqram olaraq terrorun bir spesifik ictimai hadisə kimi ideoloji, hərbi sursat və maliyyə qaynaqlarını müəyyənləşdirmək istiqamətində axtarışlar aparılır. Lakin İraq müharibəsi timsalında birinci yolda ifrata varması ilə ABŞ-ın ikinci yolu bir növ bağlanmış oldu. Əvəzində bütün günahlara islam qiyafəti geydirildi və hər şeyi uydurulmuş bir kabusun üzərinə yıxmaq yolu seçildi.
Səhv ünvan seçilməsi nəticəsində beynəlxalq terrorun həqiqi səbəbləri də kölgədə qaldı və əsl səbəbkarlar bir növ gizlənmək imkanı əldə etdilər. Əslində, islamofobiyanın yayılmasında və hədəfin başqa səmtə yönəlməsində, heç şübhəsiz, həmin maraqlı tərəflərin əli vardır.
Bəsit düşüncə, kütləvi şüur problemin güc mövqeyindən, getdikcə daha müasir silahların işə düşməsi hesabına həll oluna biləcəyinə inansa da, analitik təhlil bunu şübhə altına alır, yeni baxışın və yeni həll üsullarının labüd olduğunu göstərir.
ABŞ alimi Angelo Korlet yazır: “Bir sıra ölkələrin siyasətçiləri öz ölkələrinə və müttəfiqlərinə qarşı olan siyasi zorakılıqları terrorizm kimi pislədikləri halda, öz dövlətlərinin həqiqi terroru himayə etdiklərini qəbul etməyi bacarmırlar”. Başqa sözlə, terrora münasibətdə ikili standartların aradan götürülməsi zərurəti Amerikanın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür.
Bu şərtin əsasını isə uydurulmuş islamofobiyadan əl çəkmək təşkil edir. Qərb cəmiyyətinin öz daxilində gedən prosesləri və onun geri qalmış ölkələrə münasibətini yenidən, daha köklü surətdə təhlil etmək tələb olunur.
Yaranmış vəziyyətdən çıxış yolu səthi yanaşma, üzdən təhlillə tapıla bilmədiyindən, zamanın böyük fikir sahibləri, məşhur filosoflar da bu problemin təhlilinə qatılmağa ehtiyac hiss edirlər. Bu sırada Y.Habermasın İraq müharibəsi ilə əlaqədar irəli sürdüyü mülahizələr, hətta problemin Kantın azadlıq idealları və ümumiyyətlə klassik alman fəlsəfəsi bazasında, beynəlxalq hüquq və humanitar hüquq kontekstində nəzərdən keçirilməsi də təsadüfi deyil. Yəni problem daha çox dərəcədə ictimai-iqtisadi və siyasi-hüquqi təlimlərə yenidən baxılmasını tələb edir. Əlbəttə, dinin də ictimai şüurda mühüm rolu vardır. Lakin bu sahədə də ənənəvi təsəvvürlərlə kifayətlənmək olmur, çünki problemin daha dərindən öyrənilməsinə ehtiyac yaranır.

Umberto Eko, İslama münasibət və Aralıq dənizi
Müasir Qərb fəlsəfi fikrinin böyük nümayəndələrindən olan Umberto Ekonun yaranmış vəziyyətə münasibəti xüsusi maraq doğurur. 11 sentyabr hadisələrindən sonra yazdığı “Tam geriyə!” əsərində U.Eko Qərb ictimai fikrində islama və müsəlmanlara münasibətin müxtəlif aspektlərini təhlil edir. Məhz onun siyasi riyakarlıqdan uzaq, diplomatik maneralarsız təqdimatında vəziyyətin nə dərəcədə mürəkkəb olduğu daha aydın görünür.
Əslində vəziyyət özü bir o qədər yox, onun islam xofu ilə şişirdilmiş və başqa kontekstə keçirilmiş halda təsəvvür olunması daha qorxuludur. Belə ki, terrorçularla müqayisədə müsəlmanların yayılma coğrafiyası və miqyası qat-qat böyükdür. Və ona görə də, terror xofu islamla eyniləşdirildikdə konkret ünvanlar itir və onun əvəzinə problemin başqa səmtə yönəldilmiş və böyüdülmüş mənzərəsi yaranır. Bu, ayını tapmaq çətin olduğuna görə, bütöv meşəni yandırmağa bənzəyir. Lakin istənilən halda Qərbdə çoxları üzə çıxarılması çətin olan gizli terrorçu obrazının əvəzinə, aşkar müsəlman obrazı qoymaqla məsələni “asanlaşdırmaq” istəyir. Bəli, bu təsəvvürə görə, düşmən nə az, nə çox iki milyardlıq müsəlman dünyasıdır və Umberto Eko da Qərb ictimai şüurunda obıvatelin – “sıravi adamın”, daha çox isə meşşanların nəzərində artıq özünə yer etmiş “müsəlmanlardan xilas olmaq” yollarının axtarılmasını təsvir və təsnif edir. Nəticədə, gözlərimiz qarşısında dəhşətli mənzərələr canlanır. Qısaca desək, belə bir tipik mənzərə: tutaq ki, müsəlman ölkələrini nüvə silahı və ya hər hansı müasir hərbi texnologiya ilə yer üzündən silmək mümkün oldu. Bəs onda Avropa ölkələrinin özündə yaşayan milyonlarla müsəlman necə olsun? “Hitler sistemi üzrə milyonlarla cəsəd Aralıq dənizini zibilləyəcəkdir. Amma maraqlıdır görəsən hansı dövlət belə bir addım atar”. Daha sonra U.Eko alternativ variantları nəzərdən keçirir. Qərb öz planlarını həyata keçirməyə başlayarsa, bütün islam ölkələrində fundamentalistlər hakimiyyətə gələrək xristianlara qarşı qırğınlar törədə bilər. “Axı, islam dünyasında da xarici firmalar fəaliyyət göstərir və bütöv xristian anklavları vardır, məsələn, – Efiopiyada”. Xoruzun quyruğu görünür: – Bəlkə Qərb dünyası Azərbaycan ərazisində bir növ xristian anklavı olan Dağlıq Qarabağın da ölkəmizə qaytarılmasına belə bir bədnam perspektivi nəzərə aldığı üçün cəhd göstərmir?! İstənilən halda U.Ekonun apardığı təhlillər ikili standartların görünməyən tərəflərini açmaq və bəzi siyasilərin meşşan mövqeyindən düşündüklərini nəzərə ala bilmək üçün bir işarədir.
Amma biz Qərb dairələrinin öz siyasətlərini meşşan səviyyəsində deyil, öz böyük filosoflarının düşüncəsinə və səviyyəsinə uyğun qurmalarını arzu edərdik.
Filosoflar isə nəinki terroru dinlə izah etmirlər, əksinə, müasir dövrün bütün eybəcərliklərinin səbəbini həqiqi dindən ayrı düşməkdə görürlər. Onu da qeyd etmək istəyirik ki, kitabından iqtibaslar gətirdiyimiz U.Eko da ilk görüntüdən fərqli olaraq, islama qarşı heç bir iddia ilə çıxış etmir və əksinə, adi şüurun nə dərəcədə yanlış olduğunu göstərmək üçün onun fraqmentlərini nəzərdə canlandırır və bəşəriyyəti əsl çıxış yolunu daha düzgün ünvanlarda axtarmağa səsləyir.
Qərb dünyası sanki bir dilemma qarşısındadır. Ya dərində olduğu üçün adi şüurun mənimsəyə bilmədiyi həqiqət, ya üzdə olduğu üçün kütlənin dəstək verdiyi qondarma versiyalar. Qərb sivilizasiyası ilə heç də uzlaşmayan kilsə siyasətinin təsiri altında formalaşmış xristian təəssübkeşliyi kütləvi şüurda üstünlük təşkil etdiyi üçün, siyasi oyun şərtləri ikinciyə güzəştə gedilməsini tələb edir. Nəticədə dünyanın taleyi həqiqətlə siyasət arasında seçimdən asılı vəziyyətə düşür. 

                                                                                   Səlahəddin Xəlilov

Baxılıb: 5100    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.