az  |   tr
Fəlsəfə dünyası

Eşqin düzü və tərsi   –  [15.04.2010]

 

Sözüm romanlarda, dastanlarda həmişə marağa və mübahisəyə səbəb olan bir mövzu haqqındadır: tərsa qızına olan sevgi. Nəriman Nərimanovun «Bahadır və Sona»sı, Hüseyn Cavidin «Şeyx Sənan»ı, «Əsli və Kərəm» dastanı və onun süjeti əsasında Elçinin «Mahmud və Məryəm»i, Qurban Səidin «Əli və Nino»su və s. Daim aktual olan və ətrafında ciddi müzakirələr açılan bir mövzu. Belə sevgilərə şərhlər müxtəlifdir. Bəziləri bunu gözü yadlara açıq olan Şərq kişilərinin zəifliyi kimi yozur, digərləri tərsa qızına olan sevgidə Şərqin Qərbə münasibətini axtarır, bir üçüncüsü də tərsa qızlarının sevgiyə daha layiq olmaları kimi izah edir. Mən fərqli bir istiqamətdən – bədii əsərlərdə tərsa qızına olan sevginin «inkişaf xəttindən» yazmaq istəyirəm.

Sevginin fəth qüvvəsi 
Sevgi qarşısıalınmaz qüdrətli bir seldir ki, qarşısına çıxan hər şeyi yuyub aparır. Vay o selin ağzına düşənin halına! Xoş o seli idarə edə bilənin halına!
Tarixdən məlum olduğu kimi, bir çox hallarda iki dövlət arasındakı gərgin münasibətləri nikahla həll etmək mümkün olmuş və həm problem qansız-qadasız ötüşmüş, həm də yeni bir ailə yaranmışdır. Eyni hal islam tarixində də yaşanmışdır. Məsələn, Məhəmməd peyğəmbərin (s.) Misirdən hədiyyə verilən cariyələrindən biri Mariya (Məryəm) onun (s.) körpə yaşda dünyasını dəyişmiş üç oğlundan birinin anasıdır. Yaxud böyük sufi mütəfəkkir Mövlananın iki oğlunun anası rəhmətə gedəndən sonra onlara bir isti ailə yuvası, sevgi verən Kərra olub. Hansı ki, ailəsi naminə dinini dəyişərək müsəlmanlığı qəbul etmişdi. Ən görkəmli islam mütəfəkkirlərinin nümunəsində bu sıranı uzatmaq olar. Lakin bunları birləşdirən əsas bir fakt var: tərsa qızları tamamlayıcı tərəfdirlər. Eyni zamanda, tərsa qızları daxil olduqları bu yeni aləmdə mənəvi cəhətdən zənginləşir, yeni bir dünyanın, sevginin iştirakçısı və könüllü əsiri olurlar.
Sevginin fatehlik gücünə ən gözəl nümunə isə Şeyx Sənandır. Hələ XIII əsrin sufi mütəfəkkiri Fəridəddin Əttarın yaradıcılığında rast gəlinən bu süjetə sonralar Hüseyn Cavid də müraciət etmişdir. Bu iki müəllifin dünyagörüşünü «Cavid fəlsəfəsi»ndə müqayisə edən Səlahəddin Xəlilov «eşqin qüdrəti ilə tərsa qızına ilahi eşq təlqin etmək, ...bütün dinləri bu yüksək məqamda birləşdirmək məqsədini» önə çəkir. Hər iki əsəri oxuyanda ürəkdə bir hiss qalır – bir ruhun daxilindəki ilahi eşqi, müqəddəslik duyğusunu kəşf etmək üçün sevgi bütün çətinliklərə davam gətirən, həyatın tam dibindən, çirkabın dərinliyindən çəkib çıxaran ən güclü bir vasitədir. Tərsa qızına əlini uzadan əl belə bir qüvvəyə sahib olmayanda isə ...

Tərs gələn sevgi
Bir var münasibətlərdə güzəştə getmək, dözümlülük göstərmək. Bir də var ortaq nöqtələri tapmaq, harmoniyanı duymaq və bu böyük vəhdəti yaşamaq istəyi ilə kiçik hisslərdən imtina etmək. Birinci – siyasətdir. İkinci – eşqdir. Birincidə udan-uduzan tərəf var. İkincidə yalnız udan var. Birincidə mahiyyətdən uzaqlaşma, təhrif təhlükəsi var. İkincidə mahiyyətə yaxınlaşma var. Burada həlledici faktor hisslərin dərinliyi, mənəvi dünyada ilahiliyin, müqəddəslik duyğusunun hansı məqamda – aparıcı, yoxsa yedəkdə – olmasıdır.
 Fərqli dinlərin, fərqli dillərin, fərqli mədəniyyətlərin qarşılaşması təbii ki, çarpışmasız ötüşmür və mütləq bu iki münasibətdən biri özünü göstərir.
Mədəniyyətlər inkişaf edir, meyarlar dəyişir, siyasi-iqtisadi amillər ön plana keçir, mənəviyyatı sıxışdırır və bu, təbii ki, öz təsirini sevgiyə də göstərir. Bəzi qəhrəmanlar öz ənənələrini bəyənməyib onu qüsurlu görür, iki düşmən tərəfi barışdırmaq istəyir, lakin bacarmayıb mühitin qurbanına çevrilir (Bahadır və Sona). Bəziləri də bu faktorları görmək istəmir, onları sonuncu plana itələyərək sadəcə öz ülvi dünyalarında yaşamağa üstünlük verir və yenə də onlardan daha güclü olan qüvvələr qalib gəlir və onlar faciəli tale yaşamalı olur (Mahmud və Məryəm). Bu, faciədir. Lakin daha böyük bir faciə arxa planda qalıb görünmür.
Bir var sevgi tərəf-müqabillərlə qidalanır. Buna bir çox hallarda şəhvət, ehtiras desələr də, bəzi hallarda münasibətlər ümumi maraqlar, planlar və istəklər vasitəsilə bundan daha yüksəyə qalxa bilir. Lakin nə qədər zəngin olursa olsun, maddi bir obyekt – tükənən, məhdud mənbədir.
Bir də var ilahi aləmdən qidalanan sevgi. Sonsuz və əbədi bir eşqin yerdəki təzahürü. Bir qapısı bəndəyə, digəri müqəddəs aləmə açıq olan, bu səbəbdən də heç vaxt tükənməyən, nuru solmayan, həm zəngin, həm də zənginləşdirən sevgi. 
Mövlana əziz övladlarını, ocağının hərarətinin qorunmasını bir tərsa qızına əmanət etsə də, onu ayaq üstə saxlayan, Mövlana edən bir qüvvəsi, enerjisi var idi. Xumarın eşqi Şeyx Sənanı donuz otarmağa, Quranın səhifələrini yandırmağa məcbur etsə də, onu irəli aparan, Sənanı uçurumdan qoruyan, mənən çökməyə qoymayan, Quranın kağız vərəqlərinin yanması ilə yox olmayan bir nur, işıq var idi. Bu enerji, bu nur yalnız Mövlana və Sənan üçün deyildi, həm də onların sevdiklərinə sirayət edirdi. Sonrakı dövrlərdə qəhrəmanlar öz kökünü bəyənmir və onu sevgisinin yolunda maneə gördüklərinə görə ondan qopmağa çalışırlar. Nəticədə dayaqsız qalırlar.
Bu, yalnız iki gəncin eşqinin deyil, həm də bir mədəniyyətin faciəsidir, bu, qədimdən bəri gələn bir müdrikliyin məhdud bir çərçivəyə salınaraq boğulmasıdır.

Tərsa qızının tərs qüvvəsi
Şərq və Qərb anlayışlarının formalaşdığı, Qərb təfəkkürünün sabitləşdiyi və hakim olduğu bir dövrdə tərsa qızının rolu da dəyişdi. Bu sevgi öz missiyasından əlavə çiyninə daha böyük yük götürməli oldu. Tərsa qızı nəinki hansısa başqa, artıq daha üstün sayılan bir aləmə keçidə, vasitəyə, həm də kübarlığın, elit təbəqənin simvoluna çevrildi.
«Əli və Nino»da ingilis demokratlarının qarşısına çıxartmağa bir azərbaycanlı ailə tapılmır və Ninonun evi, mədəniyyəti, yüksək səviyyəli şəxsiyyəti bir Respublikanı biabırçılıqdan «xilas edir». Məhz belə bir həyat yoldaşı olduğuna görə, Əliyə ən sanballı vəzifə, hətta Fransada səfirlik postu təklif edilir. Burada gözlə görünən, aydın sezilən bir faciə, drama yaşanmır. Mane olan yoxdur, sevinənlər çoxdur, gələcəyin perspektivləri, geniş üfüqləri boldur. Hətta doğulan uşaqların da bu yüksək inkişaflı təbəqədən olması bir üstünlük sayılır.
Lakin məsələnin bir fərqli tərəfi də var. Nino Əlinin dilini, millətini, dinini, mənsub olduğu mədəniyyəti, ənənəni sevmir, hətta nifrət edir, öz millətinə, mədəniyyətinə qarşı bir təhlükə görür. Nino Əlini də çox sevir. Amma aralarındakı fərqi görməyə bilmir, hətta erməni onu qaçırtmaq üçün bu fərqləri deyəndə etiraz etmir, razılaşır. O, Əlinin özünü sevsə də, onun üçün dəyişmir, sadəcə müvəqqəti güzəştlər edir. Öz mövqeyində möhkəm dayandığı üçün də Əlini dəyişməyə məcbur edir.
Get-gedə bu iki bir-birini sonsuz sevən gəncin timsalında Qərb Şərqə öz meyarlarını uddurur və uduzdurur. Əmisinin həyat yoldaşına gözünün ucu ilə baxmağı haram sayan Əli Ninonun könlü xoş olsun deyə, onu yad kişi ilə teatra göndərməyə razılıq verir, arvadının çiyni-qolları açıq yad kişilərlə pıçıldaşıb gülməyinə göz yummağı öyrənir. Zatən, Əlinin sevdiyi və mənsub olduğu hər şeyin naqis tərəflərini qabartmaqla yazıçı da Ninonun tərəfindədir, ona görə də, Əlinin tədricən bir şəxsiyyət, bir bölgə, bir mədəniyyət, bir təfəkkür kimi geri çəkilməsi, yox olması oxucuya zəruri görünür, bəlkə də buna sevinir. Təbii ki, buna sevinən oxucu görmür ki, bu sevgidə Əli və Nino bir-birini tamamlamır. Görmür ki, bu sevgi bir tərəfin digərini tədricən məhvə aparmasıdır. Maraqlıdır, qadınlar barədə Əliyə məsləhət verən dostu əminliklə bildirir ki, qadınların ruhu yoxdur. Amma əsər boyu Əli öz kökündən qopduqca ruhunun itirdikləri də çoxalır. Nə yaxşı ki, vətən sevgisi və onun uğrunda ölmək kimi böyük bir şərəf qalır. ...Oxucu Əlinin şəxsiyyət kimi tam ölməsinin şahidi olmur.
Sevgi iki adamın ən ülvi, ən gözəl tərəflərinin qovuşmasından yaranan bir hissdir. Buraya mütləq bir-birini tamamlaya bilən maddi və mənəvi keyfiyyətləri aid edirik. Sevgini həm də iki adamın yüksək, ilahi aləmdə görüşməsinə bənzətmək olar. Yəni məhz bu dünyaya qalxa bilən, mənəvi ucalığı ilə maddi varlığını kamilləşdirə bilən, ilahi aləmə aparan mənəvi qapısını daim açıq saxlayan, ən əsası isə, ağlını iflic etmək əvəzinə, onu bu ağır, eyni zamanda zərif hissin yardımına qoşa bilən şəxslərə məxsus bir hissdir. Yalnız belə olan halda insan Qərb təfəkkürünün bir mənbə deyil, yardımçı olduğunu, öz milli-mənəvi mədəniyyətinin bir maneə deyil, kökü, dayağı olduğunu, Şərq təfəkkürünün inkişaf etdirilməsinin və Qərb təfəkkürü ilə rəqabət edə biləcək bir səviyyəyə qaldırılmasının ekzotik əyləncə deyil, bir məqsəd olduğunu dərk edər. Hətta bədii təxəyyül səviyyəsində olsa belə.  


                                                                                          Könül Bünyadzadə
                                                                                    fəlsəfə elmləri doktoru

Baxılıb: 5468    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.