az  |   tr
Fəlsəfə dünyası

Məqalələr


30.12.2011   Milli dəyərlərin maya dəyəri
Bəşəriyyət öz tarixinin müəyyən mərhələsində qazanıb, müəyyən mərhələsində isə xərcləyib. Qədim Hind və Cin fəlsəfəsini yaradan, yüksək mənəviyyat tərənnüm edəndə insan nə qazanmışdısa, Sodom və Qomorrada mənəviyyatsızlığı, əxlaqsızlığı ilə İnsan adını ləkələdikcə, bu xəzinədən xərcləyirdi və xərclərin mayaya keçməməsi üçün yanıb kül olmalı idi. Antik fəlsəfənin hikmətlərini “xərcləyən” insanlar isə Pompeydə odlu lavada boğulmalı idi. İsa Məsih sevgi dolu bir dinə vəsilə oldu, amma insanlar nəinki onu təhrif elədilər, üstəlik qılınclarını itiləmək üçün ondan istifadə edib Xaç yürüşlərinə başladılar. Məhəmməd peyğəmbər (s.) həm maddi, həm mənəvi həyat üçün mükəmməl bir bələdçi ola biləcək din gətirdi, ilk fürsətdə onun (s.) övladlarına qılınc qaldırdılar. Bəli, bu gün Şərq özünü “şəhid” eləyir Qərbin yolunda, amma Qərbə şəhid lazım deyil, o heç bunun mənasını da bilmir, dərk eləmir. O, özünü ona qurban edən, onun bir zamankı yerişini getməyə çalışan – imanından imtina edən, azadlıq deyib maddi istəkləri arasında boğulan insanlara tamaşa edir, ara-bir puldan-paradan verib qabağında oynadır, məmnuniyyətlə maya dəyərinə dəyərlər alır. Axı ona qazanc lazımdır, həm də mənəvi qazanc.
11.10.2011   Azərbaycan və Rusiya: fəlsəfə körpüsü
Ölkələri ən çox coğrafi və tarixi tellər birləşdirir. Amma bundan daha mühüm olan hər bir xalqın ruhu, ruhlar arasında bağlantılardır. Azərbaycan həm Şərq ilə Qərbin, həm də Şimal ilə Cənubun qovuşuğunda olmaqla, coğrafi baxımdan mərkəzi bir yer tutur. Lakin bu mərkəzçilik ancaq coğrafi üstünlük olmayıb, müasir Azərbaycanın siyasətində, iqtisadiyyatında və mədəniyyətində də özünü göstərməkdədir. Əlamətdar haldır ki, milli ruhun oriyentasiyası və fəlsəfi dünyagörüşü baxımından da Azərbaycan əlaqələndirici, barışdırıcı – mərkəzçi mövqe tutur. Hələ qədim dövrdə Böyük İpək Yolu Azərbaycandan keçir, Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yollar burada kəsişirdi. İndi Azərbaycan bu mövqeyini hər baxımdan bərpa edir, Şərq ilə Qərb arasında dialoqda aparıcı yer tutur. Amma ölkəmizin strateji mövqeyi daha bir istiqamətdə diqqəti cəlb edir. Bu, Azərbaycanın Şimal ilə Cənub arasındakı münasibətlərin qaydaya düşməsi istiqamətində də oynaya biləcəyi rolun aktuallaşması ilə bağlıdır. İndi bu istiqamətdə potensial imkanların realizasiyası üçün əlverişli şərait yaranmışdır.
10.09.2011   Sənətkar və filosof
Bəli, iki abidə daim qoşa yaranıb: biri düşüncələrin daşda, digəri sözdə təcəssümü! Qədimdən bəri uzanıb gələn bu qanunauyğunluqda bu gün də istisna olmamalıdır. Düzdür, deyirlər, uca dağlar uzaqdan daha yaxşı görünür. Lakin əgər Azərbaycanda Natəvanın Şuşa həsrətindən natəvan olmuş ruhunun bütün gözəlliyi, poetikliyi, Füzulinin “Məcnundan füzun aşiqlik istedadı”, Zərifə Əliyevanın könülləri həzin bir elegiya ilə dindirən zərifliyi daşda heykəlləşibsə, deməli, bir söz abidəmiz də olmalıdır! İbn Sinanın fəlsəfəsini uzaq Düşənbədə canlandıran sənətkar varsa, mərmərin hikmətini yazan filosof da olmalıdır! Yüksək sənət düşüncələrdə ali qatları, insani keyfiyyətləri daha da ucalda bilir. Sanki zirvədə dayanmış bir insana üstəlik bir qanad da bəxş edilir ki, zirvənin özünə də yuxarıdan tamaşa edə bilsin. Hər yaradılan əsər yaradıcısının özündən də xəbərsiz olaraq əsl Yaradandan bəzi şeylər əxz edir və bu səbəbdən sənətkar öz əsərini yarada-yarada özündə də yeni bir qat, mərhələ aça bilir, “mən”ini fərqli bir rakursdan görür-tanıyır. Bəzən buna təəccüb edir, bəzən çaşır, bəzən heyrət edir, bəzən də dəhşət içində geri çəkilir. İdeyalar dünyasının iki bələdçisi qarşılaşanda məhz bu yeni qatlara işıq salınır, ideyalar arasında mürgüləyən daha bir ideya oyanır.
23.08.2011   Bir görüşün təəssüratı
Bəzən biz uzaq ellərdə, qədim zamanlarda yaradılmış sənət abidələrini, bu abidələrin yaranma tarixçələrini təfərrüatlara qədər əzbər bilirik. «Uzaq elin halvası şirin olur», amma de, hansı sənət əsəri, hansı heykəl qəlbinin Füzulinin abidəsi qədər riqqətə gətirə bilib? Bəs Heydər Əliyevin məğrur simasını qranitlərdə yaşadan hansı sənətkarın qüdrətidir? Hansı mərmər parçası «Elegiya» kimi musiqiyə çevrilib? Axı, nəyə görə biz öz klassiklərimizi yetərincə dəyərləndirə bilmirik? Fəlsəfi baxımdan ən dərin və ən mübahisəli məsələlərdən biri sənət əsərində nə kimi bir ruhun təcəssüm olunması məsələsidir. Poeziyada şair özünü, öz daxili aləmini, şəxsi yaşantılarını ifadə edir. Burada mübahisə üçün əsas yoxdur. Amma təsviri sənətdə, xüsusən portret janrında, heykəltəraşlıqda məsələ onunla mürəkkəbləşir ki, burada birbaşa məqsəd məhz təsvir olunan şəxsin portretini və deməli, məhz onun daxili aləmini, yaşantılarını təcəssüm etdirməkdir. Digər tərəfdən, sənətkara bəlli olan ancaq öz ruhudur. Deməli, sənətkar öz qəhrəmanının obrazına girmədən, onun yaşadıqlarını yaşamadan – yarada bilməz. Yaratdıqlarını yaşadan, onlara öz ruhundan pay verən sənətkar, digər tərəfdən özü də öz əsərlərinin həyatında yaşadığına, onların simasında əbədiyyətə qovuşduğuna şübhə etməyə bilər.
16.05.2011   Azərbaycanda elmşünaslıq elmi
Yüksək iqtisadi inkişaf tempi ilə seçilən bir ölkədə bu tərəqinin davamlı olmasını təmin etmək üçün ən mühüm şərtlərdən biri elmin də müvafiq səviyyəyə yüksəlməsidir. Bunun üçün isə ilk növbədə elmin öz mahiyyətinin və funksiyalarının düzgün müəyyənləşdirilməsi və dövrün tələblərinə uyğun dəyərləndirilməsi lazımdır. Elmin özünüdərk səviyyəsinə qalxması, bütün başqa sahələri öyrəndiyi kimi, nəhayət, özünü də tədqiqat obyektinə çevirməsi onun yetkinlik dərəcəsindən xəbər verir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda bu sahədə böyük bir dirçəliş duyulmaqdadır. Bu günlərdə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun "Elm haqqında elm" kitabı (Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı, 2011, 752 s.) çapdan çıxmışdır. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyevdir.
25.04.2011   Qadın: ideallar və gerçəklər
Allah insanı yaratdı və ona Öz ruhundan üflədi. Bu ruh insan üçün ilahi aləmə aparan bir vasitə, müqəddəs dünya ilə bağlayan bir əlaqə oldu. İnsan kamilliyi, ülviyyəti, müqəddəsliyi öz ruhu ilə tanıyır. Gözəlliyi, ecazkarlığı öz ruhu ilə duyur. Paklığı, ucalığı öz ruhu ilə yaşayır. Öz ruhu ilə fiziki bədənini ali məqsədlərə aparır. Allah insanı yaratdı… İnsanlıq zirvəsindən sonra qadınlıq və kişilik məqamlarını verdi. Bütün bəşər qadın və kişi qütblərinə bölündü. Bölündü, rəqabət başlandı, barışıq nöqtələri arandı, oxşarlıqlar, fərqlər təhlil olundu… Zirvə – İnsanlıq zirvəsi yada düşmədi. Zirvə hər kəs üçün deyil. Seçilmişlər üçündür… Allahın hikmətinə gedən yollar saysızdır və insan öz mahiyyətindən doğan bir istəklə bu hikmətə gedən yolları arayıb-axtarır. Qadın üçün bu yollar daha çoxdur. Bəlkə də məni belə deməyə vadar edən yalnız öz qütbümdən xəbərdar olmağım və zirvəyə də bu qütbdən qalxmaq istəyimdır. Bədəni ilə ruhu arasındakı vəhdətin dərkindən başlayan bu yol Kamilləşməyə, ən əsası isə ətrafı üçün bir Kamillik nümunəsi olmağa aparır.
12.02.2011   Nitsşe dühası – insanlıq davası
Tarixdə narahat şəxsiyyətlər çox olub: inqilabçılar, şairlər, rəssamlar. Belələri filosoflar arasında rast gələndə daha çox nəzərə çarpır. Lakin məsələnin daha maraqlı bir tərəfi belə mütəfəkkirlərin özlərini, görüşlərini sevən, araşdıran, bir növ öz həyatının bir hissəsinə çevirən şəxslərin sanki get-gedə öz obyektinə bənzəməsi, hətta onun taleyini bölüşməsidir. Bu müsbət mənada da ola bilər, mənfi mənada da. Sanki belə şəxsiyyətlərin narahatlığı illərin, əsrlərin sədlərini keçib oxşar ruhlu insanları tapıb “yoluxdurur”. Belə şəxslərdən ilk yada düşən Həllac və Nitsşedir. Dahilik və dəlilik arasında müvazinətini itirən Həllac və Nitsşe! “Ənə-l-Həqq,” – deməklə insanı göylərə qaldıran Həllac, “Tanrı öldü,” – deyib insanı uçuruma itələyən Nitsşe! İlahi həqiqətlərin dərkinə, ən ali məqama ucalmağa yalnız insanın qüdrəti çatdığını vurğulayan Həllac və insanı ən sağlam dəstəkdən məhrum edən Nitsşe! Biri insanlıq məqamının iblis üçün əlçatmaz olduğunu sübut edən Kamil İnsanın bələdçiliyi, digəri isə iblislə zəhərlənmiş mənəvi aləminin sağalmasına ümidini itirən, bu səbəbdən insan olmaq istəməyən, insana nifrət edən, onu məhv edib, üzərindən adlayıb keçmək yollarını axtaran yeni bir canlının hayqırtısıdır!
07.02.2011   Damla və dərya
Damla və dərya çox ciddi fəlsəfi problemlərin: sonlu və sonsuz, ölüm və əbədiyyət, nəfs və ruh, qaranlıq və işıq, fərd və toplum, kəmiyyət və keyfiyyət kimi kateqoriyaların poetik və obrazlı ifadəsidir. 1. Sonsuz kiçik və sonsuz böyüyün nisbəti. 2. Kiçik, lakin sonlu olanın (damla) sonsuz olana münasibəti, yəni dərya yenə də sonsuz və tükənməz kimi götürülür. 3. Sonsuz kiçiklə sonlu böyüyün münasibəti. 4. Kiçik və sonlu olanın böyük və sonlu olana münasibəti. 5. Damla çoxluğun, dərya təkliyin timsalı kimi. Yenə də iki qütb. Amma eyniyyətin qütbləri. Və qütblərdə daha kəskin ifadə olunan mahiyyətlər. Yaxud eyni məzmunun ən kiçik və ən böyük ölçüdə təzahürü. Kəmiyyət müxtəlifliyi sayəsində keyfiyyətin və mahiyyətin dəyişilməsi. Bu qütblər müxtəlif rakurslarda və miqyaslarda götürülə bilər.
15.01.2011   Eşq haqqında düşüncələr
İnsan yarandığından bu günə kimi çoxmu dəyişib? Gözəlliyin meyarları, ona münasibət, onu duymaq bacarığı dəyişib. Bəs gözəllik özü necə, dəyişibmi? Sevgiyə, eşqə münasibət dəyişib. Bəs sevgi necə, dəyişibmi? Yəqin çoxları deyər ki, bəli, dəyişib, çünki insan inkişaf edib. İnkişaf edən insandırmı, yoxsa yaratdığı ikinci təbiət? Dəyişən ikinci təbiətdir. Birinci təbiətin dəyişməyən harmoniyası, gözəlliyi, ecazkarlığı isə insanları eyni qüvvə ilə sehrləməkdə, ilhama gətirməkdədir. Yox, söhbət nə birinci, nə də ikinci təbiətdən getməyəcək. Söhbət heç bir-birini əvəz edən ictimai formasiyalardan, cəmiyyətlərdən, texnikanın, elmin inkişafından da getməyəcək. Mövzu eşqdir.
27.11.2010   Fəlsəfi publisistika: Bu zamanın və bu məkanın tələbi
Səlahəddin müəllim, kitabınızın əksər hissəsində böyük Şərq filosofu Əbu Turxandan epiqraflar gətirməniz öz əqidə və ideallarınızda insanlığa kamillik dərəcəsi arzulayan belə bir şəxsiyyətə söykəndiyinizə dəlalət edir. Məktəb səviyyəsinə yüksəlmiş hər kəsə söykənmək iman və inam işidir. Əbu Turxan məktəbinin böyüklüyü və onun idealları gətirdiyiniz epiqraflarda əks olunur. Bu epiqrafları Siz hər dəfə nahaqdan məqalənin əvvəlinə çıxarmırsınız. Bu epiqraflar haqqında söz deyəcəyiniz sahə barədə Sizin ideallarınızı əks etdirir. Digər şəxsiyyətlərdən gətirdiyiniz epiqraflar da bu məqsədə xidmət edir. Jurnalistikanın və jurnalistlərin deformasiyaya uğradığı belə bir zamanda bu kitabdakı əsərlərin fəlsəfi mahiyyəti publisist sözünün o qədər də asan başa gəlmədiyini sübut edəcək.
01.11.2010   İslam dünyasında elm: Şərq və Qərb dəyərləndirmələrində təzadlar
Müasir dövrdə islam dünyasında fəlsəfi fikir və ictimai elmlər müstəqil surətdə inkişaf edə bilmədiyindən və əksər hallarda ilahiyyatın təhrif olunmuş və təriqətləşmiş təlimlərinin təsiri altına düşdüyündən bir növ böhran mərhələsini yaşayır. Bəs çıxış yolu nədədir? Bunun üçün əlbəttə, islam dünyasının orta əsrlərdə indiki Qərb ölkələrinə nisbətən çox irəlidə olmasına rəğmən, onun tədricən geri qalmasının səbəblərini müəyyənləşdirmək lazımdır. Elmin ön cəbhəsində ayrı-ayrı nümunələr, yəni müsəlmanların normal elmi mühitdə çalışarkən heç kimdən geri qalmayaraq böyük uğurlar qazanması faktları göstərir ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət islami dünyagörüşünün guya elmin inkişafı üçün əlverişli olmaması haqqında yaradılmış mifin dağıdılmasından gedir.
20.08.2010   Təsəvvüf nə deyil!
Təsəvvüf haqqında yüksək səviyyəli məqalələr, əsərlər, monoqrafiyalar yazılıb. Hikmətlər söylənib, gizli mətləblər açılıb. Lakin hazırda maraqlı bir proses müşahidə edilməkdədir: bu sanballı kitabları, həqiqəti əks etdirən böyük əsərləri oxuyanların sayı günü-gündən azalır, həqiqətdən bixəbər yazanlar, danışanlar isə əksinə, çoxalır; insanlar iri həcmli kitab nədir, heç məqaləni də artıq oxumurlar, beyinlərini yormurlar, əksinə, günün çevik siyasəti ilə ayaqlaşan bolluca sufi «hikmətlər» söyləyirlər. Eyni proses təqribən təsəvvüf tarixinin ən uzunmüddətli və ağır mərhələsində – parçalanma və ya təriqətləşmə dövründə də baş vermişdi. İndi də baş verir.
17.06.2010   Elmin min bir gecəsi və Cinin lampası
“Min bir gecə”dən bir mənzərə: Qara, heybətli qulların çiynində bir kəcavə, kəcavədə ipək pərdələr arxasında nazənin bir xanım... Problem bundan ibarət idi ki, bu gözəl kəcavənin altındakı bu heybəti, görəsən, necə gizlətmək olar? Necə etmək olar ki, kəcavə hərəkət eləsin, amma qullar görünməsin? Böyük, gözəl sarayın divarları arasında da eyni problemlər var idi. Kübar, dəbdəbəli məxluqlar qara işləri görmək üçün deyildilər. Qara işlər üçün qara qullar var idi. Amma onlar öz işini elə görməli idilər ki, qonaqlar gələndə gözə görünməsinlər: onları harada isə gizlətmək problemi var idi...
21.05.2010   Rəsul Rza poeziyasına dair üç qeyd
Sovet dövründə milli fəlsəfi fikrə təhlükə mənbəyi kimi baxan ideologiya Azərbaycan ədəbi fikrində o qədər dərin kök atmışdı ki, ayrı-ayrı hallarda şairlər mahiyyətləri, ümumiləri tərənnüm etmək «iddiasına» düşdükdə, ədəbi tənqid hətta onların şöhrətindən, nüfuzundan çəkinməyərək, kəskin mövqe tutmuş, onları «fəlsəfəçilikdə» günahlandırmışdır. Lakin XX əsr Azərbaycan poeziyasında bu tabunu pozmaq meylləri də güclü olmuşdur. Səməd Vurğun da, Rəsul Rza da bütün «fəlsəfəçilik» ittihamlarına baxmayaraq, vaxtaşırı konkretlikdən ümumiyə, mahiyyətə doğru addımlar atmış və fəlsəfi poeziyanın gözəl nümunələrini yaratmışdırlar.
02.05.2010   DİN VƏ FƏLSƏFƏ
İslam fəlsəfəsi tarixinin əl-Kindi ilə başlandığı haqqındakı ənənəvi fikir təəccüb doğurur. Necə olur ki, İslam yaranandan çox az sonra az qala dünyanın yarısında yayıldığı halda, IX əsrə qədər onun fəlsəfəsi olmamışdır? Digər tərəfdən, əl-Kindinin fəlsəfi təlimi bir “islam fəlsəfəsi” olmaqdan daha çox, qədim yunan fəlsəfəsinin ərəb dilində və ərəb mühitində yayılması və şərhləri kimi başa düşülə bilər. Düzdür, əl-Kindinin öz əsərləri və onun davamçıları sayılan Fərabi, İbn Sina və s.-in yaradıcılığında antik fəlsəfəni islam dünyagörüşü ilə uzlaşdırmaq cəhdləri mərkəzi yer tutur və bu uzlaşma nəticəsində xeyli dərəcədə özünəməxsus bir təlim formalaşmışdır, amma əsas aparıcı xətt yenə də Aristotel məntiqi və fəlsəfəsidir.
29.04.2010   Akademiya və Akademiyalar
Dövlət idarəçilik orqanlarının, nazirlik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalışa bilməsi üçün onların nəzdində müvafiq sahə elmlərinin yaradılmasına və onların fəaliyyətinin müvafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük ehtiyac var. Lakin təəssüf ki, bəzi nazirliklər və dövlət komitələri öz nəzdlərində müvafiq elmi qurumlar yaratmaq əvəzinə, təhsil müəssisələri açırlar. Yəni hərə özü üçün kadr hazırlığını da öz üzərinə götürməyə çalışır. Biz ali təhsilli kadrların bu və ya digər nazirliyin, müvafiq fəaliyyət sahələrinin spesifikasına uyğun olan əlavə praktik bilik və vərdişləri mənimsəməsi üçün ixtisasartırma kurslarının açılmasını və bu kursların məhz müvafiq sahə elminin (elm-istehsalat birliyinin) nəzdində açılmasını məqsədəuyğun hesab edirik.
27.04.2010   Ədəbiyyatımız və elmimiz
Bu yaxınlarda “525-ci qəzet”in səhifələrində xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatı və onun təşkilatlanması problemləri haqqında düşüncələri ilə tanış oldum. Bir elm adamı olaraq, burada qaldırılan məsələlər fikrimi istər-istəməz elmin və fəlsəfi tədqiqatların təşkilatlanması ilə əlaqədar vəziyyətin təhlilinə yönəltdi. Belə ki, ədəbiyyatla yanaşı, elm və fəlsəfə də öz sovet dövrünü başa vurduqdan sonra, müstəqillik şəraitində qarşısında duran missiyanın yenidən dəyərləndirilməsinə, o vaxtdan qalmış təşkilati formaların bir daha nəzərdən keçirilməsinə ehtiyac hiss edir.
15.04.2010   Eşqin düzü və tərsi
Sözüm romanlarda, dastanlarda həmişə marağa və mübahisəyə səbəb olan bir mövzu haqqındadır: tərsa qızına olan sevgi. Nəriman Nərimanovun «Bahadır və Sona»sı, Hüseyn Cavidin «Şeyx Sənan»ı, «Əsli və Kərəm» dastanı və onun süjeti əsasında Elçinin «Mahmud və Məryəm»i, Qurban Səidin «Əli və Nino»su və s. Daim aktual olan və ətrafında ciddi müzakirələr açılan bir mövzu. Belə sevgilərə şərhlər müxtəlifdir. Bəziləri bunu gözü yadlara açıq olan Şərq kişilərinin zəifliyi kimi yozur, digərləri tərsa qızına olan sevgidə Şərqin Qərbə münasibətini axtarır, bir üçüncüsü də tərsa qızlarının sevgiyə daha layiq olmaları kimi izah edir. Mən fərqli bir istiqamətdən – bədii əsərlərdə tərsa qızına olan sevginin «inkişaf xəttindən» yazmaq istəyirəm.
02.04.2010   İslamofobiya və ikili standart
ABŞ və İsveç parlamentlərinin “erməni soyqırımı” məsələsində tutduqları subyektiv mövqe nədən qaynaqlanır? Niyə ABŞ-da da, İsveçdə də, başqa Qərb ölkələrində də dövlət rəhbərliyi, böyük elm və siyasət adamları, ziyalılar “erməni soyqırımı” məsələsinin qondarma olduğunu və bunun həmin ölkələrin parlamentlərinin səlahiyyət dairəsinə aid olmadığını anladıqları halda, deputatlar məhz “seçicilərə xoş gəlmək” adı ilə hər halda bu addımı atırlar? Axı, heç bir ölkədə o qədər erməni yoxdur ki, onlar seçkilərin gedişatına təsir göstərə bilsinlər. Əksinə, say baxımından həmin ölkələrdə yaşayan türklər və türkdilli xalqların nümayəndələri qat-qat çoxdurlar. Bəs bu sonuncular seçkinin gedişatına niyə təsir göstərə bilmirlər?
22.03.2010   İdeoloji boşluq və din
Qərarlaşmış sosial duruma malik Qərb ölkələrində dinin özünəməxsus yeri vardır; din dövlət işlərinə qarışmır, siyasi və iqtisadi həyata, elm, təhsil və mədəniyyətə fəal müdaxilə etmir və dövlət də dinin nisbi müstəqilliyini təmin edir, ona müəyyən muxtariyyət verir. İctimai-siyasi həyatın öz qayda-qanunu olur, din isə ancaq insanların fərdi mənəvi aləmində, həm də könüllü olaraq yer tutur. İnsan mənəviyyatında da dini hissin ayrıca bir guşəsi olur və onun siyasi və hüquqi şüurla, elmi dünyagörüşü ilə qarışmasına imkan daxilində yol verilmir.
  <<   1, [2], 3   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.