Bu dəfə Fəlsəfi Diskursda
Şihabəddin Yəhya Sührəvərdinin
“Şey özündən şərəfli
olanı yarada bilərmi?” sualı ətrafında müzakirə açıldı.
Suala verilən cavablardan daha çox bəyənilən 23-ü saytda yerləşdirildi.
Bunlardan 5 ən yaxşı cavabın müəllifi mükafata layiq görüldü.
I yer –
Bəhlul:
Əlbəttə, hər şey "daha şərəfli" olmağın
meyarından asılıdır. Nə deməkdir "daha şərəfli"? Sual belə qoyulsaydı ki, "öncə
özündə ən azı rüşeym şəklində olmayanı yaratmaq mümkündürmü", - daha konkret
olardı. Bu zaman şeyin aşkar və qeyri-aşkar, işıqlı və qaranlıq tərəfləri nəzərə
alınmalıdır. Bir çiçəkdən, bitkidən dərman düzəltmək mümkündür. Amma ilk baxışda
bu şüydə nəyin isə dərmanı gizləndiyi bəlli olmaz. Deməli, müəyyən kimyəvi
tərkib özünü zahirdə ancaq bir çiçək kimi göstərən varlığın rüşeym şəklində var
imiş. Amma elə bu misalın timsalındaca məsələnin başqa tərəfi ortaya çıxır.
Çiçək özü subyekt kimi çıxış edə bilərmi? O, öz içindəki məlhəmi anlayıb kimə
isə təqdim edə bilərmi? Əlbəttə yox. Bu halda kənar bir subyektin müdaxiləsi
lazım gəlir. Yəni yaratmaq sifəti Allahdan başqa ancaq insanlara məxsusdur.
Sührəvərdi şey sözünü işlətsə də, əslində “yarada bilərmi” sualından görünür ki,
söhbət insandan gedir. Cansız aləmə, bitki və heyvanlara şamil edildikdə sualın
ancaq başqa tərəfi önəm kəsb edir. Yəni “şey özü yarada bilərmi” mənasında yox,
“şeydə olmayanı həmin şeydən yaratmaq olarmı?” mənasında sualı belə
cavablandırmaq olar. Birincisi, şeydə aşkar şəkildə olmayanları üzə çıxartmaq
olar. Ikincisi, şeydə həm aşkar, həm qeyri-aşkar şəkildə olanlar yaradıcı
subyektin zəka işığında (işığın təsirinə məruz qalmaqla) tamamilə yeni bir
simada, obrazda və hətta yeni statusda ortaya çıxa bilər. Böyük sənətkarların
yaradıcılığı buna ən gözəl misaldır. Onlar təsvir etdiyi səhnədən daha mükəmməl
bir surət (bədii obraz) hasil edirlər. Ona görə ki, təsvir etdiklərini sadəcə
kopiyalamırlar, onları yeni rakursda, yeni baxış bucağında, yeni işıqlanma
dərəcəsində nəzərdən keçirirlər…
II
yer – Kənan Şirinov:
Salam... Bu sual əslində
mənə, mən tələbə olarkən dilimizdə çox məşhur olan sofist bir sualı xatırlatdı:
"Allah hər şeyə qadir bir varlıqdırsa, elə bir daş yarada bilərmi ki, özü
qaldıra bilməsin?" Mən fikrimi əslində belə izah edərdim - şərəf anlayışı
şəxsiyyətlərin cəmiyyətdə məcmuu elədikləri nisbi bir anlayşsdır. Bir şey başqa
şeyi yaradarkən ona heç vaxt ictimai keyfiyyət verə bilməz. O, ictimai
keyfiyyətini yaxşı və ya pis olmasını, şərəfli və ya şərəfsiz olmasını,
cəmiyyətdə davranışları ilə qazanar, yəni sırf sosiopsixoloji baxımdan bu mümkün
ola bilməz. Bir xüsusi məsələni qeyd edim ki, yazılmış fikirlərin arasında bəzi
dəyərli yoldaşlar cəmiyyətdə normal olmayan bir ailədən çox dahi və şərəfli
adamların çıxmasını qeyd ediblər. Amma bu şəxslər cəmiyyətin, ictimai sosial
mühitin və həmin şəxsin psixoloji durumununun nəticələridir. O konkret şəxs və
ya şey tərəfindən yaradılmayıb. Məsələnin digər bir yönü: əgər biz sualı aydin
və ardıcıl bir məntiqlə analiz etmiş olsaq, orda belə bir məsələ ilə
qarsılaşarıq: şeyin özündən keyfiyyət və ya kəmiyyət baxımından özündən daha
üstün və ya böyük bir şey yaratması. Bir şey heç vaxt bir başqa şeyi yaradarkən
özündə olandan çox bir başqasına verə bilməz. Bu fikrimi izah etmək üçün sizə
bir bayağı analogiya deyim. Məsələn, siz öz avtomobilinizlə yolda hərəkət
edirsiniz, həmin vaxt tanış simalarınızdan birinin avtomobili ilə yolun
kənarında dayandığını gördünüz. Vəziyyətdən xəbərdar oldunuz ki, həmin tanışın
yanacağı bitib. Siz yüksək fədakarlıq edərək bütün yanacağınızı ona vermək
eşqinə düşdünüz. İnidi siz deyin sizin yanacaq çəninizdə və ya ehtiyat cəninizdə
olandan artıq yanacaq verməniz mümkündürmü? Məncə yox. Yəni əgər şeyin özündə
şərəf anlayışı nə qədərdisə, yaratdığı şeyə də o qədər şərəf verə bilər. Gəlin
burda Spinozanin məşhur bir ifadəsini yada salaq - "azadlıq dərk edilən
zərurətdir", yəni hər kəsin azdlığı, şərəfi, xoşbəxtliyi onun dərk etdiyi
qədərdir. Burda bir məsələ daha var: bir neçə şeyin məcmusundan yaranan şey öz
tərkib hissələrindən ayri-ayrılıqda daha üstün ola bilər, amma tək şeydən
yaranmış şey heç vaxt yaranmış olduğu şeydən daha üstün bir keyfiyyətə sahib ola
bilməz. Yuxarıda söylədiyim fikirlərin hamısı insan təfəkküründə və ya
cəmiyyətdə nisbi şəkildə əldə olunmuş keyfiyyət və ya kəmiyyətlərə aiddir. Əgər
şey mütləq və zəruri varlıqdırsa bu zaman burda yaratmaqdan çox həmin şeyin
forma və ya şəkil dəyişməsindən söhbət gedər. Buna da elə dini bir misal - Biz
Allah ruhunun özü tərəfindən başqa bir şəkilə salınmiş formasıyıq.
– Sahil
Şirinov:
Bu suala müxtəlif
aspektlərdən yanaşaraq cavab vermək olar..Əvvəla şey kateqoriyası fəlsəfi
anlamda mövcud olanların hamısına aid edilsə də,şərəf kateqoriyası bu "şərəfə"
layiq görülmür.Yəni şey adı altında kvarklardan tutmuş Allaha qədər hər
mövcudatı düşünmək caizdir.Yəqin ki burda Allah anlayışına sadəcə varlıq və ya
mövcudat kimi yanaşmaq kafi kimi görünmür.Amma , hər halda o qeyri-varlıq kimi
və ya heçlik kimi düşünülə bilməz....Məsələyə hansı mövqedən və hansı
parametrlərdən yanaşmaq həmişə çox şeyi dəyişir.. Biz dünyada yaranma, yoxsa
dəyişmə olduğunu ayırd edə bilirikmi ? Bu çox diqqət çəkən
məqamdır..Dəyişilməyən şey varmı ? Şey özü dəyişirsə onun əvvəlki vəziyyətilə
sonrakı vəziyyətini bağlayan nədir ? Ümumilikmi ? Ya bəlkə heç vaxt dəyişilməyən
o"nəsə".Hər halda dəyişmə var.Amma hər cür dəyişmə yaranmadırmı? Ölüm
dəyişmədir-bəs Ölüm (Məhv) yaranmadırmı? Bəlkə bu vaxta qədər məhv kimi
düşündüyümüz hər şey həmdə yaranmadır..Əgər hər mövcud olan yaradılırsa , demək
dəyişmə baş verir yenədə...yəni yaradılan "nəsə" nədənsə yaradılır...Demək
yaradılma həmişə nəyinsə nəyəsə çevrilməsini tələb edir...Bu bir halda pozula
bilər-heçdən yaradılma anlamı qəbul edildikdə..Dünyanın son "kərpiçcikləri"nin
nə olması haqqında həmişə susulacaqsa, kainatın hüdudları sonsuzdursa,demək
beləcə yaradılışın sonsuz mərtəbələri heç vaxt tamamlanmır (prinsipcə). Biz
klassik üslubda yaradan və yaradılan anlayışlı məntiqə söykənmişik.Əgər yaratma
yalnız heçdən var eləmək anlamında düşünüləcəksə, demək o ancaq intuitiv olaraq
Yaradan və yaradılan məntiqilə izah oluna bilər.Bu halda yaratma şərəfi təbii ki
,Əşrəfə-biz insanlara aid deyildir. Amma bu fikrə daha dərin yanaşsaq əslində
dünyaya gəlməmiş bir körpənin ,tikilməmiş bir evin..və beləcə hər yeninin
yaranmamışdan öncə bir layihə ,bir imkan,(gerçəkləşməsə heçlik)olduğunu düşünə
bilərik.Fərq ondadır ki, yenilər köhnə və substansional əsasa malik olmalıdırki
o ekzistensiyaya malik olsun..Düzdür, ekzistensialist məntiqlə şey mahiyyətini
mövcud olduqdan sonra alır..Lakin qənaət budur ki, bizim anladığımız və
bacardığımız anlamda yaratdıqlarımız həmişə özündən əvvəl NƏSƏ olmasını tələb
edir.. Bu anlamda yaratma hər cür aşınma və dəyişilmə kimidə düşünülə
bilər...Əgər heçdən deyil nədənsə yaranıbsa demək bu həyatın içidir.Yaratma
yalnız canlı, zihəyat formada düşünülərsə burda çevrə bir qədərdə daralar.. O ki
qaldı yaratmanın şərəfli formasına , burda artıq çox şeylər susmalı
olur...Şərəfli olmaq etik anlamda bəşəri məziyyətdirsə,birmənalı olaraq biz
demək olar bu sualla bir şeyi axtarırıq-İnsanın yaradılış sirrini... Şərəf,
ləyaqətdən, vicdandan,sosial statusdan- bir sözlə içimizdəkilərdən və
çölümüzdəkilərdən hər birilə bağlılığa malikdirsə,demək bu anlamda o yalnız hələ
nə var olmaqla, nə də yox olmaqla izah oluna bilər.Düzdür yaranma - yəni necə
yaranma şərəfə təsirsiz ötüşə bilməz,hətta onu şərtləndirir,amma sonacan
yox..(ən azı yuxarıdakı səbəblərdən dolayı).Digər tərəfdən şərəf elə bir
məziyyətdir ki, o da prosessualıqla mükəmməlləşir. Bu anlamda şərəf yaradanın
möhürü kimi düşünülə bilməz..(bəlkədə, daha doğrusu şərəf yalnız yaradana bağlı
deyildir).Çünki, şərəfin birinciyə(səbəbə) bağlı olması yaradılanda həmişə özünü
göstərir...Birincinin şərəfi vacibdirmi ?Bəli vacibdir-amma Bəlkədə birincinin
şərəfindən çox onun münasibəti vacibdir və ya bəlkədə ən vacibi yaradılanın
özünün mahiyyət və mənliyidir.. Bu bəlkələrin başında daha böyük bəlkə(və bəlgə)
gəlir..?! Yəni hər şeyin əvvəli və sonu həmişə olduğu kimi izah edə bilmədiyimiz
fövqəlliklə bağlanacaqsa, demək şərəf yeni qiymət alacaq.Hər halda şərəf ya
bəşəri ya fövqəldir,yaxud həm bəşəri həm fövqəldirsə, demək yaradan (şey) hər
şeyi həll etmir...Nəinki özündən şərəflini bəlkə öz şərəfini .özünü belə özü
yaratmır..Şərəfə sahib olmaq əslində özünü yaratmaq kimi bir şeydir,o ki qaldı
başqa varlıq və şərəf yaradasan-bu səbəbə dönməkdir.Şərəfin həmdə bəşəri
adlandırılması təsadüfi sayılmamalıdır.Axı əgər şərəf proseslə formalaşırsa
,(özül üstdə) bu prosesə də hər cür yenini qatan azadlığımızdır bəlkədə..Hər
halda şərəf çox şeylərə bağlı ola bilər.. Mən əminliklə söyləməyə çətinlik
çətirəm ki, şərəfi şey yaradır,bəlkə şeyi şərəf yaradır...? Digər tərəfdən hər
varlığı şərəfli saymırıqsa,bunu izah edə bilməliyik. Bunu bəkədə insanın
mükəmməl yaradılması ilə izah edənlərik,amma bu nə isə tam lıq kəsb etmir. Şey
özünün şərəfini ləğv edə bilərsə. bəlkədə özündən şərəflisini yarada bilər.Amma
buda məlumdur mu ki, şərəf şeyin maddəsinə bağlıdır ?Yəni genetik şərəflilik
varmı? Ya şərəf bəlkə ruhi səpintidir ,"Fövqəlşərəf"in İşraqıdır.. Şərəfli olan
özündən şərəflini yaratsa belə özünün davamı kimi yaratmaq istəyər özü ilə
yanaşı yaratmağı düşünməz yəqin ki. Məncə şərəfi şey özü birbaşa determinə
etmirsə istəsə belə yarada bilməz...Amma bəlkədə şeyə şərəf verən onun necə
yaradılışıdır... Necə şey olmaq ,necə şərəfi olmağa bağlıdır.. Özündən şərəfli
yaradılan desək də yenə müəllif birincidir-o yeni yaradılanın şərəfidə onun
(birincinin) şərəfi deyilmi ? Şey özündən şərəflini "yaratdıqca" birincilər
kölgələşir əslində... Yaradan öz şərəfinin yiyəsidir çünki....
III yer –
Könül Telmanqızı:
Allah insanları və bütün
var olanları "ol" deməklə yaratmışdır. Lakin bütün varlıqlarda ideallıq prinsipi
yoxdur. Buna görə demək olar ki, Yaradan öz yaratdıqlarını nə qədər mükəmməl və
şərəfli yaratsa da, heç nə Onun özündən şərəfli və mükəmməl ola bilməz. Yaradan
yaratdıqlarını özündən mükəmməl və şərəfli yaratmır, çünki hər şey Onun bir
parçasıdır. Və şey özündən şərəfli olanı yarada bilməz. Çünki yaradarkən öz
mükəmməliyinin hamisinı deyil, müəyyən hissəsini ona bəxş edir.
– Elbrus
Xasiyev:
Bildiyimiz kimi, Şihabəddin Yəhya Sührəvərdi də
varlıği vacib və mümkün olmaqla 2 qismə bölür ve qeyd edir ki, Vacib, yaxud
zəruri varlığın mövcudluğu onun özünə görədir, mümkün varlıgın mövcudlugu isə
başqasının sayəsindədir. Buradan görünür ki, filosof nəticə olan, yaradılan
varlıqları və ya şeyləri nəticə kimi nəzərdən keçirmişdir. Buraya həmçinin
təbiətdə özünün bütün müxtəlifliyi ilə götürülən canlı və cansızlar da aiddir.
Filosof təbiətdə olan hadisə və proseslər arasında səbəb-nəticə əlaqəsinin
olduğunu qeyd edirdi. Bu mənada hər bir şey bir şeyə münasibətdə səbəb, digər
bir şeyə münasibətdə isə nəticə kimi cıxış edə bilər. Onu da qeyd edim ki, şərəf
anlayışı insanlara aid olduğu üçün təbiətdə (şeylər) səbəb-nəticə əlaqəsini bu
anlayışla izah etmək düzgün olmazdı. Bu əlaqəni mükəmməlliklə ifadə eləmiş
olsaq, onda düşünürəm ki, bu mənada nəticə səbəbdən daha mükəmməl ola bilməz,
bir şey ki, bir şeyin səbəbi olur nəticə olan şey səbəb olan şeydən daha çox şey
ola bilməz. Yəni, nəticə səbəbdə olandan daha çox şeyi özündə ehtiva edə bilməz.
Əksini düşünsək onda nəticənin bir hissəsi heç nədən yaranmış olardı ki, heçlik
də hər hansı bir şeyin səbəbi ola bilməz. Həmçinin düşünürəm ki, nəticə səbəbdə
olan mükəmməlikdən artiğına sahib ola bilməz. Ola bilsin ki, bunun əksi
nəticənin hər hansiı bir fraqmentində özünü göstərsin amma sistem olaraq nəticə
səbəbdən mükəmməl olanı yarada bilməz. Örnək olaraq insanı göstərmək olar ki,
insan min illər boyu nələrisə yaradir (və deməli nələrinsə səbəbidir). Müasir
dövrdə insan çox mürəkkəb süni sistemlər yaradir (texniki, kibernetik və s.)
amma hələ ki, insana, nəinki, özündən daha mükəmməl, hətta, özü kimi sistem
yaratmağa elm, texnika belə kömək eləmir. Şərəf məsələsinə gəldikdə isə, şərəf
anlayışı mənəvi dəyər olaraq insana və cəmiyyətə aid oldugundan buradakı "şey"
anlayışı da güman ki, insanı nəzərdə tutur. Bu mənada isə insan özündən şərəfli
bir "şey" (insan) yarada bilər, çünki şərəf içtimai mühitin, cəmiyyətin insana
verdiyi qiymətdir. Bu isə Ləyaqətdən (insanın özü-özünə verdiyi qiymət) daha
üstündür. Hər hansı bir ailədən çıxan övlad cəmiyyəti və dövləti, gələcək
nəsillər üçün valideynlərindən daha çox işlər görə bilər, daha çox xeyir verə
bilər. Bütün bunlar isə cəmiyyətin ona verdiyi yüksək qiymətdə (şərəf) öz
ifadəsini tapır. Sonda onu da qeyd edim ki, bütün bu bəhs olunan məsələlər,
yalnız, mümkün varlıqlar dünyasına, (yaşadığımız dünya) aiddir, çunki zəruri və
ya vacib varlıqda yalnız bir səbəb var ki, o da onun öz mahiyyətindən irəli
gəlir. Təbii ki, insanın (səbəb) nəyisə yaratmasını (nəticə) Vacib varlığın
(Allah) nəyisə yaratması ilə qətiyyən müqayisə etmək olmaz.