Fəlsəfə Dünyası

İctimai tərəqqidə maarifçilik məqamı


 

İctimai tərəqqidə maarifçilik məqamı



         Oktyabr
ayının 29-da Fəlsəfə Dünyasında “İctimai tərəqqidə maarifçilik məqamı” mövzusunda elmi-fəlsəfi keçirildi.
 Tanınmış alimlərin, aspirant və tələbələrin iştirak etdiyi seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, maarifçilik dövrü tarixdə çox böyük bir iz buraxmışdır. Maarifçiliyin başlıca məqsədi ayrı-ayrı fərdləri deyil, cəmiyyətin ümumi inkişaf səviyyəsini yüksəltmək olmuşdur. Əgər Avropanın indiki inkişaf səviyyəsinə nəzər salsaq, onda onun nəyin hesabına bu səviyyəyə gəlib çıxdığı aydın olar. Bugünkü Avropanın kökləri məhz maarifçilərin rasionalizmə inamı, alman klassik fəlsəfəsinin töhfələri üzərində, sağlam mənəviyyat və rasionalizm prinsipləri üzərindədir. İndi Avropanı həmin bu səviyyəyə yüksəltmiş prinsiplər unudulmuşdur. Bu gün Avropada kütləvi mənəviyyatsızlaşma və fəlsəfəsizləşmə baş verir. Bizim də ölkəmiz durmadan inkişaf edir, amma Avropanın XVII əsrdən başlayaraq keçdiyi yolu biz bu gün tez bir zamanda keçmək istəyirik. Biz cəmiyyətin intellektual potensialının inkişafını, cəmiyyətimizin “torpağının” məhsuldar olmasını, istedadların üzə çıxarılması üçün, hamı üçün bərabər şəraitin yaradılmasını, cəmiyyətin bir tam olaraq inkişaf etməsini istəyirik. Bu da təhsilin, KİV-in, xüsusilə də televiziyanın üzərinə çoxlu vəzifələr qoyur. İqtisadiyyatımızın, düşüncə tərzimizin sürətli şəkildə dəyişdiyi bir dövrdə qarşımızda çoxlu sayda çətinliklər yaranır ki, onlardan biri də yol seçimidir: biz xarici təsirlərdən təcrid olunaraq özümüzmü inkişaf etməliyik, yoxsa özünəməxsusluğumuzu itirərək xarici transferlərin içində itib-batmalıyıq. Hansı yolu seçək: hazır şəkildəmi qəbul edək, yoxsa özümüz istehsal edək? Üçüncü yol varmı və əgər varsa, hansıdır? Bir gənc bu gün nə etməlidir, nəyi oxumalıdır, hansı ixtisası seçməlidir. Bəzi ölkələr, məsələn, M.Qandinin dövründə Hindistanda cəmiyyətin özünün inkişafı ideyası təbliğ olunurdu. Bu, ideal bir variantdır, amma mümkün deyil, çünki belə olduqda biz velosipedi, mühərriki və s. yenidən icad etməli olacağıq.

Daha sonra S.Xəlilov əlavə etdi ki, düzdür, Rusiyada, Amerikada, başqa ölkələrdə dövlət başçımızın göstərişi ilə çoxlu sayda tələbələr oxuyurlar, amma cəmiyyət kütləvi şəkildə inkişaf etməsə, bu mütəxəssis də mühitdə məhv olacaqdır. Mühitin yetişməsi kütləvi şəkildə, ictimai şüurun inkişafı şəklində olmalıdır. Elə məhz buna görə, Azərbaycan maarifçiliyinin inkişafında “Əkinçi” qəzetinin rolu olduqca böyük olmuşdur. Bəli, maarifçilik üçün KİV, mətbuat olmalıdır. Texnologiyaların iş prinsiplərini bilmiriksə, necə işlədək onları? Ərəblər məhz bu yolla gedir, əcnəbi mütəxəssisləri dəvət edir, texnologiyanı cəmiyyətin inkişafına yox, əyləncəyə yönəldir. İslam onlara iki ideya vermişdi: Qurani-Kərim və əqli işlətmək ideyalarını. Bundan başqa, onlara təbii sərvətlər də verilib. Amma ən böyük sərvət sağlam mənəviyyatdır.

 

Sonda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.

 

 





17.11.2011    çap et  çap et