Fəlsəfə Dünyası

Qurban bayramınız mübarek! Biz nəyi bayram edirik?


 

Qurban bayramınız mübarek! Biz nəyi bayram edirik?

“Fəlsəfə Dünyası” bütün fəlsəfə ictimaiyyətini 

Qurban bayramı
 

münasibəti ilə təbrik edir, hamıya dərk olunmuş bir inanc arzulayır.



Biz nəyi bayram edirik?

Sual: İnsanın başqa birisini, hətta öz oğlu olsa belə, qurban verməyə, həyatına son qoymağa haqqı çatırmı?

 

İslam dininə görə, – yox!

İnsan nəinki oğluna, heç özünə də qəsd edə bilməz, özünü də həyatına son qoymaqla “qurban verə bilməz”.

İslama görə, hər bir insana ruh verən Allah olduğu kimi, ruhu almağa da ancaq onun haqqı çatır. Bu mənada intihar – ən böyük günahdır.

Yəni insan öz əmlakının sahibi ola bilər (məhz islam dini xüsusi mülkiyyətə bir nizam gətirmiş, mülkiyyət hüququnu təsbit etmişdir...), amma başqa insanların, hətta sahibi (quldarlıq anlamında) olanda da, onun ancaq əməyindən istifadə edə bilər. O hətta öz qullarının da həyatının sahibi deyil; – onların nəfsini zorlaya bilməz və s.).

İslamın qoyduğu bu qaydalar sivilizasiya tarixində ən mühüm addımlardan biri idi.

Bunları xatırlatdıqdan sonra yenə də Qurban bayramının mahiyyəti məsələsinə qayıdaq.

Əcəba, biz nəyi bayram edirik?

Qoyunların qurban kəsilməsini, yoxsa insan oğlunun qurbanlıqdan xilas olmasını və bu yabançı, küfrlü mərasimə son qoyulmasını?

Tarixə nəzər salsaq dinlər (yəni İbrahim dini, təkallahlılıq) xaricində – bütpərəstlikdə və digər inanclarda, dini-mistik ənənələrdə insanların qurban verilməsi mərasimi ən mühüm dini ayinlər sırasında olmuşdur.

Bunlardan biri böyük ədibimiz C.Cabbarlı tərəfindən “Od gəlini” əsərində (Solmazın Hörmüzə qurban verilməsi, odlara qalanması səhnəsi) xatırladılır və çox böyük ustalıqla təsvir olunur.

İbrahimin öz oğlunu qurban deməsi məhz min illərdən bəri insanların cahil ənənəsinin adi bir nümunəsi idi. Bu “norma”dan kənara çıxmaqla, təkcə İsmayılın yox, ümumiyyətlə insan oğlunun qurban verilməsi ənənəsinə son qoyuldu ki, bu da sivilizasiya tarixində çox möhtəşəm bir irəliləyişdir.

Və bunu bayram etməyə dəyər!

                                                                                                            S.X.

 





13.10.2013    çap et  çap et