Avqustda Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XXIII Ümumdünya Fəlsəfə Konqresində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar sırasına daha bir uğur əlavə olunmuşdur. Beş ildən bir keçirilən bu Dünya Konqresində ilk dəfə idi ki, Azərbaycan nümayəndə heyəti belə geniş tərkibdə təmsil olunurdu. Fəlsəfə Konqreslərinin işində müntəzəm surətdə iştirak edən AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovdan başqa Afinada müxtəlif nəsillərin nümayəndələrinin, o cümlədən, gənclərin iştirak etməsi, son illərdə ölkəmizdə elmi əlaqələrin yetərincə genişləndiyinə dəlalət edir.
Fəlsəfə elmləri doktorları Könül Bünyadzadə, Zakir Məmmədəliyev, Adil Əsədov, Rahid Ulusel, siyasi elmlər doktoru Vəsilə Hacıyeva, fəlsəfə doktorları Ariz Gözəlov, Roida Rzayeva, Rövşən Hacıyev, Əlihəsən Həmzəyev, doktorant Çinarə Məmmədova fəlsəfənin müxtəlif sahələri üzrə bölmələrin işində, plenar iclaslarda, dəyirmi masalarda və sosial-mədəni tədbirlərdə fəal iştirak etmiş, xarici alimlərlə əməkdaşlıq haqqında danışıqlar aparmışlar.
Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi, ontologiya, epistemologiya, fəlsəfə tarixi və s. konkret sahələr üzrə bölmə iclaslarından əlavə, görkəmli filosofların təlimlərinə həsr olunmuş personal müzakirələr də keçirilmişdir. Platon, Kant, Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, indi sağ olan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-Teresa Timiniçka, İoanna Kuçuradi) təlimlərinə ayrıca dəyirmi masalar və seminarlar həsr olunmuşdur.
Əlamətdar haldır ki, Ümumdünya Fəlsəfə Konqreslərinin tarixində ilk dəfə olaraq müasir türk-islam dünyasının nümayəndəsinə də yer ayrılmış, onun təliminin müzakirəsi keçirilmişdir. Professor Səlahəddin Xəlilovun Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığı yeni fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində olmuşdur. Prof.Dr. Françesko Alfieri (Vatikan) Səlahəddin Xəlilovun ingilis dilində nəşr olunmuş “Həyat fenomenologiyası və İdeyanın həyatı” kitabında irəli sürdüyü yeni ideyalar barədə məruzə ilə çıxış etmişdir. Prof. Dr. Daniela Verduççi (İtaliya), Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof.Dr. Maija Kule (Latviya) və başqaları müzakirələrə qatılaraq S.Xəlilovun təlimini fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş yeni istiqaməti kimi dəyərləndirdilər.
Növbəti Konqresin 2018-ci ildə Pekin şəhərində keçirilməsi qərara alınmışdır.