Son dövrlərdə Azərbaycan sənətinin bütün dünyada tanıtdırılması sahəsində böyük işlər görülür. Lakin Azərbaycan təkcə şeir-sənət ölkəsi olmayıb, dünyaya həm də böyük mütəfəkkirlər bəxş etmişdir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə bu ölkədə elmi və fəlsəfi fikrin də inkişaf etdirilməsinə və xalqımızın beynəlxalq miqyasda həm də müdrik bir xalq kimi tanınmasında alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Əlamətdar haldır ki, son illərdə Azərbaycan fəlsəfi fikri də ölkə sərhədlərini keçərək, beynəlxalq miqyasda səslənməkdədir. Xüsusilə sevindirici haldır ki, bu ağır və məsuliyyətli vəzifənin icrasına gənc alimlərimiz də qoşulmuşdur.
Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun Springer nəşriyyatında çıxan “Analecta Husserliana” çoxcildliyinin son sayında (Vol. CXVII, 2014) “Wahdat Al-Wujud and Logos of Life: The Philosophical Comparison” adlı məqaləsi dərc edilmişdir. Kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin “Kosmos və zaman “ mövzusunda aktual əsərləri toplanmışdır.
Azərbaycanlı alim öz məqaləsində mühüm bir problemin müzakirəsinə qatılaraq Vəhdət əl-Vücud və Həyatın Loqosu təlimlərinin müqayisəli təhlilini vermişdir. Şərq və Qərb fəlsəfəsi prizmasından hər iki fəlsəfi konsepsiyanın geniş təhlilini verən müəllif bu məsələyə münasibətdə yeni mövqe nümayiş etdirir və Qərb fəlsəfəsində çox vaxt təhrif olunan Vəhdət əl-Vücud konsepsiyasının açılışını verməyə çalışır.
Bu əsər Könül Bünyadzadənin Springer nəşriyyatında çap olunan artıq 4-cü məqaləsidir və əməkdaşlıq davamlı xarakter daşıyır. Bundan öncə gənc filosofun ABŞ-da nəşr olunan nüfuzlu “Philosophy study” jurnalındakı məqaləsi də beynəlxalq fəlsəfi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Təsadüfi deyil ki, Parisdə nəşr olunan Yaradıcı Qadınlar haqqında ensiklopediyada da Könül Bünyadzadə müasir fəlsəfi fikrin tanınmış nümayəndələrindən biri kimi təqdim edilir.