Fəlsəfə Dünyası

Kun təlimində elm tarixi və elm fəlsəfəsinin əlaqəsi


 

 

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq

                                                   kafedrasının magistrantı  N.N.Heybətova     

 

Açar sözlər: Tomas Kun, fizika, elm,  elm fəlsəfəsi, elm tarixi.

Ключевые слова: Томас Кун, физика, наукa, философия науки, история науки.

Key words: Thomas Kuhn, physics, science, philosophy of science, history of science.

 

Elm tarixi insanın intellektual fəaliyyət macərasının şərhidir. Gəlinən son nöqtənin nə olduğunu anlamaq üçün, tarixi prosesin tam olaraq başa düşülməsinə ehtiyac vardır. Tarixi öyrənməsək tarixdəki hər hansı bir  parlaq müvəffəqiyyəti və hər hansı  bir  dövrdə meydana çıxan böyük dəyişikliyi lazımı şəkildə  qiymətləndirə  bilmərik. Elmi biliyin inkişafının “şərh istiqamətli” izahatlarının tarixinə yönəldiyimizdə, bu şərhlərin elmi bilik üçün bəzi xarakterik məqamları dərk edə bilməmizdə olduqca faydalı bir mənbə olduğunu anlamaq çətin olmur. Tomas Kun yaradıcılığı da elm tarixini məhz bu şəkildə təqdim edir, yəni  o sadəcə xronoloji ardıcıllıqla müəyyən faktları bizə çatdırmağa çalışmır. Həm bu tarixi hadisələrə həm də elmi biliyin özünə şərh verməyə çalışır.  Bu səbəbdən onun yaradıcılığı elmi biliyin təbiətini anlamaq üçün olduqca faydalıdır. “Tarix sadəcə bir zaman xronologiya və  hekayə deposu olaraq görülmədiyi təqdirdə hal hazırda bizə hakim olan elm obrazında ciddi dəyişikliyə gətirib çıxara bilər” (1,71). Elm tarixi, bilik təcrübəsinin artımı və azalışı ilə, cəmiyyətin irəliləyişi və geriləyişi arasında tam bir paralelliyin olduğunu göstərmişdir. Fərqli dövrlərin siyasi və iqtisadi vəziyyətlərini, fəlsəfələrini, dünyagörüşlərini araşdıraraq elmin inkişaf və ya geriləməsinə səbəb olan düşüncə və davranışları təyin etmək və bu gündən gələcəyə işıq tutmaq mümkündür. Həm elm tarixinin həm də fəlsəfi fəaliyyətin tarixini öyrənib, həmin məlumatlara söykənməklə elmin fəlsəfəsinin dəyərini və problemlərini daha yaxşı dərk etmək olar. Macar elm fəlsəfəçisi İmre Lakatos elm tarixinin elm fəlsəfəsi üçün olan əhəmiyyəti barədə qeyd etmişdir ki, "Elm fəlsəfəsi olmadan edilən elm tarixi kor, elm tarixi olmadan edilən elm fəlsəfəsi isə boş bir cəhddir". 

Xüsusi ilə qeyd etmək lazımdır ki,  elm fəlsəfəsində Tomas Samuel Kunun fikirləri bir dönüş nöqtəsi kimi xarakterizə olunur. Kun əslində Harvard Universitetində fizika ixtisası üzrə bakalavr pillesini bitirib. O, öz dissertasiyası üzərincə çalışdığı müddətdə təsadüfən başqa ixtisasdan olan şəxslər üçün nəzərdə tutulmuş “Fizik olmayanlar üçün fizika” mövzusunda eksperimental treninqə qatılır və  bu zaman elm tarixi onun diqqətini özünə cəlb edir. Gənc alim məhz bu təsadüfi hadisədən təsirlənərək  karyerasının istiqamətini köklü şəkildə dəyişmə qərarı alır. Əslində Kunun bu qərarını uğurlu bir addım kimi dəyərləndirməmək mümkün deyil. Çünki, o, seçdiyi istiqamət üzrə ciddi uğura imza atmış və şübhəsiz ki, bu sahə üzre öz sözünü deməyi bacarmış prioritet şəxsiyyətlərdən biri olmağı bacarmışdır.

Tomas Kun əvvəlcə öz ideyalarını qısa formada “Beynəlxalq ümumiləşmiş elm ensiklopediyası”nda  məqalə şəklində çap etdirir. Daha sonra isə elm fəlsəfəsində sözün həqiqi mənasında yeniliyə imza atan ideyalarını fundamental bir əsər formasına gətirir.  Müəllifi olduğu 1962-ci ildən çapdan çıxmış “Elmi inqilabların quruluşu” adlı  əsəri bu gün belə aktuallığını qorumaqda davam edərək bu istiqamətdə  ən dəyərləri işlərdən biri kimi qiymətləndirilir. Tomas Kun bu əsəri ilə elmə olan ənənəvi yanaşmanın təməllərini sarsıdaraq həm özü yeni bir ideya ortaya atmış, həm də bu sahədə fikir bildirmək arzusunda olanları özü ilə hesablaşmağa məcbur etmişdır. Əsər ciddi əks-səda doğurmuş, elm adamlarının, fəlsəfəçilərin, elm tarixçilərinin, ümumiyyətlə sosial elmlərlə məşğul olanların, bir sözlə bu sahə ilə uzaqdan-yaxından əlaqəsi olan hər kəsin diqqətini çəkməyi bacarmışdır. Kunun fikirləri bir çox tənqidlərə məruz qalsa da özünə kifayət qədər tərəfdar da toplamağa nail olmuşdur. Bu əks-sədanın miqyası barədə təsəvvür yaratmaq üçün deyə bilərik ki, Kunun elmin fəlsəfəsinə gətirdiyi yeni fikirlər bəzən “Kopernik inqilabi” ilə müqayisə olunmaqdadır.

 Amerikan filosofu və Tomas Kun irsinin  tədqiqatçılarından sayılan prof. Stiv Fuler “Tomas Kun: Günümüz üçün fəlsəfi tarix” əsərində qeyd edir ki, “Tomas Kunun “Elmi inqilabların quruluşu” əsəri çapdan çıxmış olduğu 25 il ərzində milyon nüsxəyə yaxın satılmışdır və dünyanın 20 dilinə tərcümə olunmuşdu” (80,1). Bəlkə də bu rəqəm ədəbiyyat sahəsində  hansısa populyar kitabla müqayisədə kiçik görünə bilər, lakin elmi əsər üçün bu rəqəm olduqca böyük göstəricidir  və demək olar ki, kitab elm aləmində bir neçə il ərzində müəllifinə dünyamiqyaslı şöhrət qazandıra bilmişdi.

Tomas Kunun “Elmi inqılabların quruşulu” kitabının ən vacib ideyası elm tarixinin elmi biliyin təbiətini izah etmək üçün  istifadəsidir desək yəqin ki yanılmarıq. Təbii ki, bu  ideyanın mahiyyətindən də göründüyü kimi bu ideyanın təqbiqi və təqdimi heç də asan məsələ deyildir.  Ümumiyyətlə, bu ideyanın tam mənasında həyata keçirmək də olduqca çətindir və buna iddia etməyin özü belə böyük bir cesarət tələb edir.  Təsəvvür edin ki, elmin özü olduqca geniş bir anlayışdı və müxtəlif qollara malikdir. Elmi biliyə müəyyən tərif vermək belə bu qədər çətinik yaradarkən elm tarixindən istifadə edib elmi müəyyən sistemlə təqdim etməyə çalışmaq olduqca çətin məsələdir. Üstəlik də nəzərə alın ki, elm tarixi müxtəlif elmlər üçün fərqli mənzərə təqdim etmə potensialına malikdir. Bu günün özündə belə hansısa elm adamına, elm tarixçisinə və ya fəlsəfəçiyə bu ideyanı kitab halına salma təklifi versək bəlkə də imkansız deyəcək və tutarlı dəlillər də gətirəcək. Təbii ki, bunu etsə belə işdə ciddi qüsurların olacağı açıqdır və təqdim olunan material tam həqiqəti əks etdirməyəcək. Kun yaradıcılığı elm barədə tam həqiqəti bizə açıqca göstərir deyə bilmərik, lakin bu qədərini gözləmək də düşünürük ki, doğru deyildir. İstənilən abstraklaşdırmada əlbətdə ki, qüsurlar olmalıdır.

Bir ağacdan müəyyən heykəl yaratmaq istəyən heykəltəraş o ağacın bəzi hissələrini kəsməsə ortaya bir əsər qoya bilməz. Elmi fəaliyyət də belədir. Nə isə təqdim etməyə çalışdığın zaman müəyyən hissələrini kəsməyə məcbur qalırsan. Bu zaman belə bir sual yaranır. Nə üçün ağacı olduğu kimi təqdim etməyək? Bu Imkansız deyil və biz bunu edə bilərik. Üstəlik bu olduqca asandı və bunun üçün ağaca heç toxunmamaq lazımdır. Bir sözlə, “bilməyən danışır, bilən susur” pirinsipini əsas götürərək susmaq kifayətdir. İnsanlıq bunu etmiş olsaydı elm bir addım belə irəliyə gedə bilməzdi.

Tomas Kunun elm tarixi və elm fəlsəfəsi barədə fikirləri onun elm fəlsəfəsini analiz etmək üçün əhəmiyyətli rola malikdir. Kun əvvəla özünü bir fəlsəfəçi və ya elm fəlsəfəçisi kimi yox məhz elm tarixçisi kimi xarakterizə edir. Əsində onun nə demək istediyini anlamaq üçün əsas bu məqama xüsusi diqqət yetirilməlidir. Kun 1 mart 1968-ci ildə Miçiqan dövlət universitetində keçirilmiş konfransdaki çıxışında  “Mən qarşınızda Amerikan fəlsəfə qrumunun deyil, Amerikan tarix qrumunun bir üzvü kimi dayanmışam” demişdir. Bu çıxış mətni daha sonra 1976-cı ildə redaktə olunaraq nəşr olunmuşdur. Bu zaman artıq “Elmi inqilabların quruluşu” əsəri kifayət qədər səs gətirmiş və özünün də dəfələrlə qeyd etdiyi kimi tənqidçilər onun bu demək istədiklərini tam mənasında anlamamışdılar. Əslində bu çıxış eyni zamanda Kunun nə səbəbdən bu dərəcədə səhv anlaşılmasına işıq tutmaq üçün də əhəmiyyətli bir mətndir.             Yuxarıda da qeyd etdiyimiz kimi Kun daha başda özünü elm fəlsəfəçisi kimi yox elm tarixçisi kimi təqdim edir  və daha sonra qeyd edir ki, bir vaxtlar tarixçi olmaq onun üçün müəyyən faktlar toplayıb sonra isə onları xronoloji ardıcıllıqla düzməkdən ibarət idi. Olanları belə şəkildə toplamaq başda heç də işi gücü nəzəri ümumiləşdirmələr aparan biri üçün cazibədar görünə də bilməzdi. Kun nə üçün elm tarixçisi olduğu isə bu şəkildə izah edir. “Fizika və fəlsəfədən məni tarixə doğru çəkib götürən güc budur ki,   tarixi qaynaqlarına istinadən  elmi biliyə yanaşdıqda, elmin həm pedoqogikası həm də elmi metodun fəlsəfi açıqlamasından çox fərqli bir təzahür ortaya çıxır”(2,26). Bir sözlə, Kun təsadüf nəticəsində tanış olduğu elm tarixindən gözlənilməz dərəcədə təəccüblənir. O anlayır ki, elmə olan mövcud yanaşma əslində elm tarixi ilə bir baxıma ziddiyyət təşkil edir.

O bu iki istiqamətin birləşdirilməsinin çətinliyindən də danışır və qeyd edir ki, “bu istiqamətlər arasındaki dialoq çox vacib olsa da bu disiplinlər içi deyil disiplinlər arası olmalıdır” (2,26). Kun qəribə olsa da bu iki disiplin arasında müəyyən sərhəddin saxlanılmasının tərəfdarı kimi çıxış edir. Təbii ki, elm fəlsəfəsi elm tarixindən yararlana bilər elm tarixi də elm fəlsəfəsindən yaralana bilər, lakin bu ikisni birləşdirmənin qarışıqlıq yaratdığını hər halda anlamış olduğu üçün Kun bu məsələyə heç də birmənalı yanaşmır. Əslində Kun yaradıcılığında bu qarışıqlıq özünü açıqca  göstərir desək yanılmarıq.

“Elm fəlsəfəsi ilə elm tarixinin fərqli məqsədləri olduğunu demək onların ikisini də eyni anda heç kəsin tədbiq edəməyəcəyi mənasını verir. Bu ikisini qarşılıqlı şəkildə, yəni müəyyən müddət tarixi problemlər üstündə çalışaraq və arada fəlsəfi problemlərədə toxunaraq tədbiq etməyin belə çətinikləri vardır. Lakin bunu özünə məqsəd etmiş biri olaraq bunun tədbiqinin mümkünlüyünə də inanıram” (2-27). Daha sonra çıxışında bildirir ki, “tarixçi olmağıma baxmayaraq həm bəzi fəlsəfi məsələlərə toxunduğum üçün müəyyən ölçüdə həm tarix həm də fəlsəfə ilə məşğul olmaqdayam” (2-26).  Burada bunların hər ikisini eyni anda etməkdən yox ikisinin paralel şəkildə aparılmasından söhbət gedir. “Bir filosof olmaq başqa bir çox şeylə birlikdə həm problemlər həm də onları həlli ilə əlaqəli metodların dəyərləndirilməsinə yönəlmiş xüsusi bir beyin disiplini tələb edir. Bunun kimi tarixçi olmaq da xüsusi bir beyin dsiplini istəyəcəkdi. Iki öyrənmə təcrübəsinin verdiyi nəticə əsla eyni olmayacaqdır”(2,28). Kun burada məşhur misalı göstərir və qeyd edir ki, birinə ördək görünən birinə dovşan görünəcək. Heç bir göz ortaya yarısı ördək olan bir dövşan çıxartmaz. 

Kun hər disiplinin fərqli olduğunu birini seçərkən digərinin tərk etdildiyini bildirir. Eyni zamanda bir tələbəni bu iki disiplində birdən yetişdirmək istəməyin, işi riskə atıb, onu ikisindən də etmə mənasına  da gələ biləcəyini vurğulayır. Bir məsələ açıqdır ki, Kun bir elm fəlsəfəçisi kimi üzrənə bu yükü tam mənada götürməyə çalışmır. Çünki,  onun yazdıqlarını sırf fəlsəfi aspektdən izah etməyə çalışdıqda ortaya təhrif olunmuş əcaib bir sistem çıxır. Onun fikirlərinə həm elm tarixi həm də elm fəlsəfəsi prizmasınsan yanaşmaq lazımdır. Lakin təqdiqatçılarda müəyyən məqsədə köklənib və bu da tədqiqatçıları anlaşılmazlığa sürükləməyə bilməz. Çünki təqdiqatçıların özləri də fəlsəfəçidirsə bir sistem axtarışında olurlar. Bu axtarış açıqcası bizim tədqiqatın başında da özünü qabarıq şəkildə göstərirdi. Fəlsəfəçinin materialda ümumi qanunauyğunluqları və ən təməl prinsipləri axtarması tamami ilə normaldır. Fəlsəfəçi beyni Kun yaradıcılığını tədqiq edirsə o bir sistem axtarışında olur. Hansı ki, bu sistem ontoloji, epistemoloji və s. əsasları olan köklü tutarlı məntiqi bir sistem olmalıdır. Bu səbəbdən bu sistem mövcud olmasa belə fəlsəfəçi beyni  bu sistemi müəyyən faktlara əsasən qurmağa çalışır.

Təsəvvür edin ki, paralel xətlərin kəsişmədiyi məlumdur, lakin siz  bu noqtələri axtarırsız olmasa belə tapdığınızı qeyd edib, kordinantlarını verirsiz. Fəlsəfəçinin Kunun fikirlərində  axtarışı buna bənzəyir.  Kunun yaradıcılığı onsuzda qarışıqdı, yəni elm tarixindən elmi biliyin təbiətini izah etməyə çalışan bir yaradıcılıq əlbətdə ki, ortaya qarışıqlığı olmayan və  rəngləri tam yerli yerində bir mənzərə çıxara bilməz. Bu mənzərəyə baxıb onu təsvir etməyə çalışan fəlsəfəçi isə yenidən bir qarışıqlıq yaradır. Düzünü desək açıqcası elm tarixindən istifadə edib elmi biliyi tam mənasında açmaq maraqlı ideyadır ama özlüyündə tam efektiv nəticənin alınması üçün imkansızdı.

Kunun idiasından belə görünür ki, elm tarixi və elm fəlsəfəsi hər ikisi fərqli məqsədlərə yönəlmiş xəttlərdi və bu iki xəttin özünün trayektoriyası var.  Lakin bir felsəfəçinin Kunu öyrəndiyi zaman ona aid olan xettin trayektoriyasinı müəyyən etməkdə çətinlik çəkməsi açıqdır. Bu həm Kunun bu xətti  bulanıq təsvir etməsindən həm də  fəlsəfənin özünün təbiətindən qaynaqlanır. Kunun ördək və dovşan misalından istifadə edək. Lakin bunu bir az dəyişək. Məsələn düşünək ki, Kun həm elm fəlsəfəçisi həm elm tarixçisidir. Əsərlərində dovşanlar və ördəklər var və  bunlar bir arada yaşayır. Lakin fəlsəfə o qərdər genişdi ki, o ördəklərlə və ya dovşanlarla məhdudlaşa bilmir. Bir fəlsəfəçiyə bu əsərdən ördəkləri seç və dovşanları elm tarixi üçün saxla dəymə deyə bilmərik. Kun dovşanlarının da ördək  kimi sayılmasından şikayətçi kimi görünür. Bəlkə də haqlıdır bir müəllif kimi bu onun demək istədiyinin təhrif edilməsidir. Eyni zamanda da fəlsəfə budur və əgər sırf ördək seçmək lazım olduğu zaman fəlsəfə ördəkləri tapıb seçsəydi fəlsəfə də  elm olardı.

Fəlsəfi düşüncə məsələyə yaradıcı baxır  və özünü  bu şəkildə məhdudlaşdırmır. Kun bir elm adamıdır və elm tarixçisidir hər nə qədər elm fəlsəfəsi üçün çox faydalı işlər orataya qoymuş olsa da ondan bir filosof kimi  fəlsəfi yaradıcılığa bu dərəcədə anlayış gözləmək də imkansız görünür. Bu səbəbdən düşünürük ki, yazdıqlarının fəsəfəçilər tərəfindan bu qədər dəyişik təqdim edildiyinə qəribə yanaşması  və şikayət etməsi də tamami ilə normaldır. Lakin fəlsəfəçilər də özlərinə görə haqlıdır.  Kunun düşüncələrini fəlsəfi cəhətdən təməlləndirmək istədiyimiz zaman ortaya relyativist bir elm anlayışı çıxır. Kunun mən bunu belə təməlləndirmək istəmirəm deyişi məsələni dəyişmir.

Kun tarixi bir açıqlama cəhdi olaraq dəyərləndirir. Lakin adətən bu açıqlama fəlsəfi ümumiləşdirmələr aparılmadan edilir. O qeyd edir ki, tarixçilərin yazılarında qanun tərzində ümumiləşdirmələr görmək olduqca çətindir. Digər tərəfdən isə fəlsəfəçinin məqsədi bu ümumi qanunauyğunluqları ortaya çıxarmaqdır. Səhv olsa da düz olsa da o ümumiləşdirmələri aparmalıdır. Fəlsəfəçinin  əsas məqsədi bundan ibarətdir və fəlsəfəçi hekayə danışan biri deyildir. “Onun məqsədi xüsusi bir yerdə və zamanda olanların şərhini vermək yox, hər zaman və hər yerdə olan həqiqəti orataya çıxarmaqdır” (2,27). Kun belə bir fikir də irəli sürür ki, elm tarixi elmin fəlsəfəsi ilə elm arasında olan boşluğu doldurmaq üçün olduqca faydalı ola bilər.  Kun bu ikisi arasında əlaqə yarada biləcək tək disiplinin elm tarixi olduğunu da iddia etmir. Təbii ki, elm fəlsəfəsi sadəcə elm tarixinin ona verdiyi məlumatları öyrənməklə hansısa bir nəticəyə gəlsə bu kifayət qədər məhdud bir nəticə olar.

Kun qeyd edir ki, günümüzdə elm fəlsəfəsi hər hansı bir nəzəriyyəyə xüsusi olaraq yönəlmir onun əsas məqsədi nəzəriyyənin özünün mahiyyətinin dərk olunmasıdır. Bundan əlavə elm fəlsəfəsi nəzəriyyələrin zamana nəzərən dəyişikliyə uğramasını da nəzərə almır və nəzəriyyəni sabit bir sistem olaraq incələməyə çalışır. Eyni zamanda  elm fəlsəfəsi nəzəriyyəyə sağlam və obyektiv  bir bilik olaraq yanaşır. Fəlsəfənin işi bir baxıma elmi sağlam bir təməllər üzərinə qoymağa çalışmaqdır. “Bu məqsədlə də universitetlərin dərs kitablarında elmin ideal olmasada uyğun olduğu iddia edilir”. “Elmi inqılabların quruluşu” əsərində qeyd edir ki, “Bir millətin mədəniyyəti barədə turist broşuralarından yaxud dil  öyrənilən mətnlərindən  nə qədər fikir sahibi ola biləriksə, dərslik və s. kimi kitablardan çıxara biləcəyimiz bir elm anlayışı da səyimizi ancaq bu qədər əks etdirə bilər”. Bir sözlə Kun elmi həqiqi mənada dərk etməyin tək yolunu elm tarixinin öyrənilməsində görür.

Kunun fikrinə əsasən, tarix ilə elm fəlsəfəsinin çox fərqli məqsədləri vardır. Filosofun ortaya qoyduğu elm anlayışı həm elm tarixçiləri həm də elm adamları tərfindən heç də birmənalı qarşılanmır. Səbəb sadəcə olaraq elm fəlsəfəçisinin nəzəriyyə anlayışının həddindən artıq abstrakt və ümumi olması deyildir. Tarixçi də bu cür ümumiləşdirmələr aparır, lakin Kun qeyd edir ki “Felsəfi bir beyinə sahib tarixçi üçün elm fəlsəfəçisi bir neçe təsadüfən seçilmiş faktı səhvən bir bütün olaraq qarşılamış, onları prinsipcə uyğun düşməsələr belə  mücərrədləşdirmə ilə bir araya gətirərək, qətiyyən praktikada gerçəkləşməyəcək funksiyaları həyata keçirməyə məcbur etmiş kimi görünür”(2,38). Göründüyü kimi nə qədər qəribə olsa da Kun fəlsəfəni bu cür görür. O, müəyyən mənada haqlıdır.  Lakin onun öz kitabında da bu hall özünü göstərir elm tarixindən elm üçün ümumi və iddialı nəticələrin çıxarılması nə dərəcə düzgündür sualı yaranır? Elm tarixindən Kunun düşüncəsindən fərqli olan  nəticələr də çıxarmaq mümkündür.  Hər kəşfin əl izi kimi özünəməxsus tarixi vardır. Hər elmin də bu şəkildə tarixi fərqlidir. Ümumiyyətlə tarixçi də elm tarixindəki bütün faktları tədqiq edib ümumi nəticəyə gəlməyə qadir deyildir. Əgər eyni zamanda bu ideyadan faydalanan,  yəni elm tarixinə əsaslanıb elmi biliyin təbiətini açmağa çalışan bir neçə elm tarixçisi olsaydı  hər halda gəldikləri nəticə Tomas Kunun nəticəsi ilə üst-üstə düşərmiydi sualı da yaranır.

Kun bir elm tarixçisinin elm fəlsəfəçilərinin iddia etdikləri prinsipləri elm tarixində görə bilmədiyini iddia edir. Kunun fikirlərindən belə çıxır ki,  elm tarixçiləri elmi daha dərindən araşdırmış biridir və onların  bu tip fikirlər irəli sürməyə haqqı var.  Onun fikirlərinə nəzərən əgər elm tarixçisi deyirsə ki, elm fəlsəfəçilərinin ümumiləşdirmələri xətalıdır demək ki, bu iddia ciddiyə alınmalıdır. Çünki, elm haqqında elm tarixçisi elm fəlsəfəçisindən daha dərin biliyə malikdir. Lakin bu fikir də elə onun kitabına əsasən tutarsızdı. Hər elm adamı qəbul etmiş olduğu paradiqma əsasında düşünür. Bu paradiqmanın formalaşmasında isə təhsilin və s. amillərin rolu vardır. Əgər Kun elm fəlsəfəçisinin iddialarını elm tarixində  görə bilmədiyini iddia edirsə  Kunun kitabına əsasən bu onun paradiqmasının elm fəlsəfəçisinin paradiqmasından fərqli olduğunun göstəricisidir. İki fərqli disiplinin insanının eyni məqamları görməməsinə Kun özü kitabında nümunə gətirir. Elm tarixçisi elm fəlsəfəçisinin iddiasını görə bilmirsə  bu elm fəlsəfəçisinin səhv olduğunu deməyə əsas vermir.

Kunun fəlsəfəçinin düşüncə tərzi ilə tarixçinin düşüncə tərzi arasında müqayisə aparması əslində təsadüfü görünmür. Yuxarıda qeyd etdiyimiz konfransda səsləndirdiyi bu fikirlər, diqqətlə analiz edildiyi zaman əslində  Kunun  bu fiklərinin əsas hədəf kütləsini “Elmi inqılabların quruluşu” əsərini tənqid edən fəlsəfəçilər təşkil etdiyini anlamaq olur. Kunun əsərinin fəlsəfəçilər tərəfindən özünün gözləmədiyi bir  şəkildə analiz edilməsi üzərində ciddi düşünmüş olduğu açıqdır. O, bu düşüncələrini bir baxıma dilə gətirərək elm tarixçisi və elm fəlsəfəçisinin düşüncə tərzində olan fərqlilikləri açıqlamağa çalışır. Əslində haqlıdır desək yanılmarıq. Tomas Kun haqqında yazılan bir çox məqalələrdə və s. kimi elmi ədəbiyyatda özünü açıqca göstərir. Bu əsərlərdə  Kunun qeyd etmiş olmadığı nəticələrlə rastlaşmaq tamami ilə normal haldı.

 Xüsusi ilə qeyd etmək istəyirik ki,  Kunun yaradıcılığının elm fəlsəfəsi üçün faydasız olduğunu iddia etmək kimi niyətimiz əsla yoxdur.  Sadəcə onun bizə təqdim etdiyinin əlsində nə olduğunu anlamağı vacıb sayırıq. Fəlsəfəçilərin onu tam fərqli anlaması və Kunun dəfələrlə bu anlaşılmazlıqdan şikayət etməsininin arxasında obyektiv səbəblərin olduğunu düşünürük və biz sadəcə Kun düşüncəsinə fərqli metodla yanaşmanın ən optimal variant olduğunu qənaətinə gəlmişik. Bu zaman həm onun fikirlərindəki ziddiyyətlər həm də anlaşılmazlıq böyük ölçüdə aradan qaxmış olur. Bütün hissəciklər yerinə daha uyğun şəkildə oturur.

Belə bir sual yaranır. Bu cür yanaşma Kunun yaradıcılığını elm fəlsəfəsi üçün yararsızmı edərmi? Qətiyyən yox. Elmin fəlsəfəsi üçün elmi biliyin mahiyyətini və metodologiyasını anlamaq çox vacibdir. Kunun əsərləri isə bu baxımdan çox diqqətəlayiqdir. Sadəcə nəzərə alınmalıdır və unudulmamalıdır  ki, Kun əvvəla fizikdir,  bir elm adamıdır. Ən vacibi isə o elm tarixçisidir. Ona bu prizmadan yanaşıb, onun nə demək istədiyini tam anladıqdan sonra  isə onu elm fəlsəfəçisi kimi dəyərləndirmək mümkündür. Məsələn, faşizm barədə yazmış bir tarixçi düşünə bilərik. Onun əsəri faşizmin nə olduğunu anlamaq üçün çox əhəmiyyətlidir. Lakin bu onun yazılarına əsaslanıb onu faşist adlandırmağa əsas vermir. Xüsusi ilə də elm fəlsəfəçilərinin Kun barədə olan iddiaları buna çox bənzəyir. Kun tarixçidir və onun əsərlərindən  çıxarılan fəlsəfi ümumiləşdirmələrin  müəllifin tam fikrini əks etdirdiyini iddia edib ona müəyyən etiketlər vurmaq heç də doğru bir metod deyildir.    Ümumiyyətlə, əsərlərinin müəllifin fikrini ifadə etmədiyini düşünmək də doğru deyildir. Sadəcə bu balansı qorumaq vacibdir.  Kun bu anlaşılmazlıqları daha sonraki yazıları ilə izah edib aradan qaldırmağa çalışsa da vəziyyəti daha da qəlizləşdirdiyi məlumdur.

Kun kitabında bizə ənənəvi modeldən fərqli olan  elmin inkişaf prosesi üçün yeni model təqdim edir. Onun qısacası bizə göstərmək istədiyi mənzərə budur - elm tarixinə baxdığımız zaman elm əsində necə görünür. O elmə bir pəncərə açmağa çalışır ki, biz bu mənzərəni görə bilək. Kun bir tarixçi və fəlsəfəçinin tətqiq etdiyi obyektə baxış tərzinin fərqli olduğunu qeyd edərək vurğulayır ki, məsələn, onun seminarlarına qulaq asan fəlsəfəçi ilə tarixçnin baxış tərzi arasında fərqlər olacaqdır. Fəlsəfəçi mövzudaki vacib məqamları yəni mövzunun  bir baxıma fundamental ideyalarını ortaya çıxartmağı əsas məqsəd olaraq qarşıya qoyacaq və eyni zamanda  fikirlərə tənqidi yanaşacaqdır. Tarixçiləri isə maraqlandıran tamamilə fərqli məsələlər olacaqdır. Onlar reallıqda olanı olduğu kimi qəbul etməyə çalışıb daha sonra nəticəyə gəlməyə çalışacaqlar.

Kun hətta səhv anlaşılmanın səbəblərindən biri kimi kitabın kütləvi olmasını da qeyd edir. Kitabın dili əslində çətin deyil və hər kəsin oxuyub yararlana biləcəyi tərzdədir, lakin əsas məqamlarını  anlamaq üçün texniki fənlərdən az çox anlayışın olması vacibdır. Çünki, kitab elmin təbiətini açıqlamağa yönəlib. Kitab nə dərəcədə anlaşılıqlı şəkildə təqdim olunsa da elmi təfəkkürə və elmi dünyagörüşünə sahib olmayan birinin kitabdan istənilən nəticəni əldə etməsi  imkansızdır. Məsələn, birinə məhəbbətin nə olduğunu tam izah etməkdə sadəcə sözlər kifayət etməz. O insanın özü ən azından nə vaxtsa aşıq olmuş olmalıdır. Bir elm adamının və ya elmi qurumun ortaq  beyninin necə işleməsini göstərməyə çalışan Kunu anlamaq üçün o düşüncəyə yaxın olmaq vacibdir. Kunun qeyd etmiş olduğu məqamlar üzərində düşünüb, müəyyən təsəvvür yaratmaq üçün  bu  çox əhəmiyyətlidir.

 

 

Ədəbiyyat siyahısı

 

1. Kuhn S.Thomas  Bilimsel Devrimlerin Yapısı”, Çev.: Nilüfer Kuyaş, Alan Yay., 2. Bsk., İstanbul 1970

2. S.Thomas Kuhn,  Asal Gerilim-Bilimsel Geleneek ve değişim üzerine seçme incelemeler”  İstanbul-1994

3. Qəndilov. S. Bəhruz “Elmin fəlsəfəsinin problemlərinin öyrənilməsi üzrə metodik vəsait  Bakı- 2000

4. Hülya Yaldır ve Aslı Üner “Bilimsəl devrim ve metod kavramı üzeine Karl Popper ve Thomas Kuhn” Pamukkale üniversitesi sosial bilimer esntitüsü  2009 sayı

5. Yalçın Sahabeddin Kuhn ve bilimsel relyativizm” Muğla Ümiversitesi SBE Dergisi Bahar 2001 Sayı 6

 

6.  McLeod Saul “Kuhn - Science as a Paradigm” published 2010

 http://www.simplypsychology.org/Kuhn-Paradigm.html

7. McLeod Saul “Karl Popper” published 2011

 http://www.simplypsychology.org/karl-popper.html

 

8. Xəlilov S.  Səlahəddin “Elm haqqında elm” Bakı 2011

 





19.06.2014    çap et  çap et