az  |   tr
Fəlsəfə dünyası

Elmin min bir gecəsi və Cinin lampası   –  [17.06.2010]


Elm işıq saçar,
lampasının yağı olsa.
Əbu Turxan

 
Qulun Cinlə əvəzlənməsi
“Min bir gecə”dən bir mənzərə: Qara, heybətli qulların çiynində bir kəcavə, kəcavədə ipək pərdələr arxasında nazənin bir xanım...
Problem bundan ibarət idi ki, bu gözəl kəcavənin altındakı bu heybəti, görəsən, necə gizlətmək olar? Necə etmək olar ki, kəcavə hərəkət eləsin,  amma qullar görünməsin?
Böyük, gözəl sarayın divarları arasında da eyni problemlər var idi. Kübar, dəbdəbəli məxluqlar qara işləri görmək üçün deyildilər. Qara işlər üçün qara qullar var idi. Amma onlar öz işini elə görməli idilər ki, qonaqlar gələndə gözə görünməsinlər: onları harada isə gizlətmək problemi var idi...
Min bir il və min bir gün keçdi. Və insan özünə xidmət etmək üçün yeni-yeni vasitələr tapdı. Ən başlıcası Cini lampadan çıxartdı və bütün təbiəti özünə qulluqçu etmək əmrini verdi. Amma ilk vaxtlarda təbiətin qulluqçuluğu yenə də qara, heybətli qulları xatırladırdı. İndi kəcavəni mühərrikin üzərinə qoymağa başladılar. Amma o da qara tüstü buraxırdı və onu heç cür gizlətmək olmurdu.
Adamlar vaqonlarda, xüsusi lüks kupelərdə özlərinə daha yaxşı rahatlıq düzəltdirdilər, amma yenə də qara-quradan xilas ola bilmədilər: vaqonların qabağında yenə də həmin qara, heybətli, ağzından pis iy gələn, nəfəsi tüstülü qul var idi.
Daha neçə min bir gecələr keçdi, parovoz teplovoz oldu, teplovoz elektrovoz oldu – getdikcə qulun heybəti azaldı, adamlar daha heybətli oldular.

Cinin yenidən lampaya salınması
Daha min bir il və min bir gecə ötdü, şahlıq dövrü getdi, yerinə demokratiya gəldi. Əvvəl şahların, xaqanların qabağında rəqqasələr oynayardı, mütrüblər və təlxəklər dilxoşluq edərdi, camaat isə işlə məşğul olardı. Demokratiya gəldi və Cindən tələb etdi ki, indi rəqqasələr gərək hamının qarşısında oynasınlar, mütrüblər də elə hamı üçün çalıb oynasın, xüsusən də təlxəklər... Cin bu tapşırıqdan vahiməyə düşdü. Yuxusuz gecələr keçirdi və, nəhayət, bu təlxəkləri və mütrübləri çoxaltmağın və hamının evində büsat qurmağın yolunu tapdı. Televizorlar meydana çıxdı və hərə öz evində və öz kreslosunda və ya taxtında əhlikef xaqan rolunu oynamağa başladı. Rəqqasələr ekranda, adamlar kresloda, hərə bir rol oynadı. İşləri isə yenə Cin görürdü. Amma adamlar onun işindən yenə də narazı idi. Televizorların ekranı kiçik, özü çox böyük, qara və bədheybət idi, göstərdiyi də elə ağ-qara rəngdə. Cin yenə də min bir gecə düşündü və tapdı: indi ekranlar böyük, televizor özü isə kiçik idi. Özü də rəngarəng göstərirdi. Amma adamlar yenə bir şeydən narazı idi: televizorun iş qaydalarını camaata izah etmək və lampanı sığallamağı yada salmaq üçün Cin özü hərdən bir ekrana çıxırdı, adamlar isə mütrübdən başqa heç nə görmək istəmirdilər. Axı Cinin ekranda nə işi var? O getsin işi ilə məşğul olsun. İş isə lap çox idi. Məsələn, insanlar haqq-hesab əməliyyatını, yazıb-pozmağı da Cinə tapşırmışdılar. O da elektron hesablama maşınları düzəltmişdi. İndiki nəsil onu heç görməyib. Deyirlər,  böyük bir otağa da sığmırmış: qara və bədheybət... yenə tapşırıq gəldi. Cin yenə min bir gecə yatmadı. Və personal kompüterlər düzəltdi: kiçik, incə, sən təkcə düymələri bas. Amma adamlar onu özü ilə daşımağa əziyyət çəkirdilər. Ona görə də Cin notbuklar düzəltdi, amma adamlar yenə narazı qaldı. Çünki kompüterdə işləmək üçün yenə Cinin köməyi lazım gəlirdi. Viruslar da təkcə Cindən qorxurdular. Adamlar isə istəyirdi ki, Cin biryolluq bütün işləri düzəldib yox olsun. Ona görə də lampaya heç yağ da tökmürdülər.

Cinin tənbəlləşdirdiyi insan onun lampasını necə yağsız qoydu?
Bəli, insanlar indi daha Cinin payına qənaət edir, onun lampasını silib parıldatmağa da ərinirdilər. İnsan özündən ağıllısını görmək istəmirdi. Ona sərf edirdi ki, Cin heç azadlığa çıxmasın və gözə də görünməsin. Ona görə də Cini elə lampada saxlayıb ağzını da qapatdı. Lakin  Cinin yaratdıqları yavaş-yavaş cırlaşmağa və sıradan çıxmağa  başladı....
Və adamın yadına haradansa “Qızıl balıq” nağılı düşdü,  tez lampanı sürtüb Cinə bir az azadlıq vermək istədi. Amma onun nəfəsi eşidilmirdi. Görünür, Cini diriltmək üçün bir başqa Cinə ehtiyac var idi. Çünki adamın özünün əlindən daha heç bir iş gəlmirdi.


Səlahəddin Xəlilov

Baxılıb: 5329    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.