az  |   tr
Fəlsəfə dünyası

Təsəvvüf nə deyil!   –  [20.08.2010]



Təsəvvüf haqqında yüksək səviyyəli məqalələr, əsərlər, monoqrafiyalar yazılıb. Hikmətlər söylənib, gizli mətləblər açılıb. Lakin hazırda maraqlı bir proses müşahidə edilməkdədir: bu sanballı kitabları, həqiqəti əks etdirən böyük əsərləri oxuyanların sayı günü-gündən azalır, həqiqətdən bixəbər yazanlar, danışanlar isə əksinə, çoxalır; insanlar iri həcmli kitab nədir, heç məqaləni də artıq oxumurlar, beyinlərini yormurlar, əksinə, günün çevik siyasəti ilə ayaqlaşan bolluca sufi «hikmətlər» söyləyirlər. Eyni proses təqribən təsəvvüf tarixinin ən uzunmüddətli və ağır mərhələsində – parçalanma və ya təriqətləşmə dövründə də baş vermişdi. İndi də baş verir.
Təsəvvüf aşınır və aşağılanır, kütləviləşir və kütləşir!
Əlbəttə, təsəvvüfün mahiyyətini çatdıran və çoxsaylı mənbələrə əsaslanan akademik səviyyəli məqalə də yazmaq olardı. Lakin nəzərə alaraq ki, oxucu həqiqəti kiçik və lakonik yazılarda “axtarır”, biz də belə bir üsluba müraciət etdik. Təsəvvüf bir həqiqət dəryasıdır və onu bir-iki kəlmə ilə ehtiva etmək mümkün deyil. Bu səbəbdən, biz sadəcə artıq ifrat şəkildə şişirdilmiş bir neçə məsələyə tezis şəklində müraciət edib, təsəvvüfün nə olmadığını vurğulamaq qərarına gəldik.
1. Təsəvvüf – bayağı bir mahnı deyil ki, hər yetən onu fonoqramla toylarda oxusun. O, ilk baxışda ən müxtəlif görünən alətlərin səsləri arasında ən ali harmoniyanı kəşf edən simfoniyadır ki, onu yalnız yüksək hazırlıq yolu keçmiş, ruhu ali məqama çatmış mütəxəssislər ifa edə və anlaya bilərlər.
2. Təsəvvüf – zövq aləti, kütləvi tamaşaçılar üçün nəzərdə tutulan tamaşa deyil və gəlir mənbəyi kimi istifadə olunmamalıdır. O, insanın düşüncəsini, mənəviyyatını və əxlaqını kamilləşdirən, insanın ruhu və bədəni arasında mükəmməl tarazlıq yaradan bir vasitədir.
3. Təsəvvüf – izlənməli olan dəb deyil ki, kimdənsə geri qalmamaq, müasir görünmək üçün onunla “məşğul olasan”. O, insandan dəmir kimi iradə, qılınc kimi iti ağıl, nur qədər zərif, aydın mənəviyyat, bulaq qədər saf və çağlayan düşüncə tələb edir ki, keçəcəyin ağır təcrübənin – kamilləşmə prosesinin məsuliyyətini və mahiyyətini dərk edə biləsən.
4. Təsəvvüf – şeirlər yazmaq, yaxud böyük sufi şairlərin şeirlərini şərh eləmək, musiqi dinləyib məst olmaq deyil. O, İlahi hikməti, ilahi harmoniyanı hər bir şeydə sezmək, bu hikmətin bələdçiliyi ilə düşüncənin, mənəviyyatın daha üst qatını kəşf etmək, sözçülükdən uzaqlaşıb Söz və İdeyanın vəhdətinin tərənnümçüsünə çevrilmək, təqlidi təqlid etməkdən uzaqlaşıb, orijinal İdeyanı dərk etməkdir.
5. Təsəvvüf – adına simvol deyib söz oynatmaq deyil. O, zahirdən batinə yönəli bir idrak prosesi, təbiətdən “mən”ə istiqamətlənən mənəvi bir təcrübə və bunların nəticəsində İdeyanın Sözə verdiyi bütün imkanlara sahib olmaqdır. İdeyanın ilahi aləmdən insana qədər uzanan kəşf yolunu insandan geri – ilahi aləmə qədər yüksələn idrak yolu ilə – Sözlə bütövləşdirməkdir.
6. Təsəvvüf – təriqət deyib şəriətdən uzaq düşmək deyil. O, şəriəti kamil şəkildə mənimsəyib tətbiq etmək, şəriəti özünə əsas rəhbər tutub düzgün yoldan (təriqətdən) azmadan yolun sonuna (həqiqətə) çatmaq, hər sonun daha bir üst qatdakı yolun başlanğıcı olduğunu anlayıb sonsuzluq, əbədiyyət içində bir yolçuluğa çıxmaqdır. Ən əsası isə bütün bunların Allahdan verilən bir hikmət (mərifət) olduğunu anlamaqdır və unutmamaqdır.
7. Təsəvvüf – bidət deyil. Onun nümayəndələrinin bəziləri bu adla edam edilsələr belə, bu edamın siyasi-ictimai səbəblərini illər, əsrlər silib, yalnız təsəvvüfün adını saxlasa belə, o, bidət deyil. O, azad düşünmək, öz varlığının həqiqətini, mahiyyətini dərk etmək, sevginin ən ali məqamına yüksəlmək arzusudur. 
8. Təsəvvüf – amorf deyil ki, istənilən formaya salınsın. O, mahiyyəti, məqsədi, niyyəti bəlli bir yoldur. Nə qədər “qapıları” hər kəsə açıq olsa da, hər kəsin “səsinə səs” versə də, ətrafına ancaq sevgi, barışıq və nur saçsa da, onun öz prinsipləri, qanunları var, riayət etməyənləri kənarda saxlayır. Dəniz yad cismi sahilə atdığı kimi.
9. Təsəvvüf – Uzaq Şərq fəlsəfəsinin, yaxud neoplatonçuluğun təzahürü, əks-sədası deyil. O, var olan və ta qədimdən bu günə kimi qırılıb-qopmadan uzanıb gələn yeganə Həqiqətin İslam zəminində təzahürüdür. O, əbədi hikmətin təzahürü üzərində təşəkkül tapmış orijinal, fundamental bir fəlsəfi modeldir.
10. Təsəvvüf – yeni din deyil. O, İslamın özək xəttini ehtiva edir və məhz burada İslamın ümumbəşəriliyi, tolerantlığı, insansevərliyi ən yüksək səviyyədə təzahür edir. O, gücünü, enerjisini İslam dinindən alan və istər dinlər arasında, istər məzhəblər arasında geniş bir körpü, ümumbəşəri bir ideyadır.
11. Təsəvvüf – tarixdə qalmış və qorunmalı olan saralmış bir səhifə deyil. O, Qərbin təbiətə, cəmiyyətə rasional münasibətini və Şərqin “mən”ə, mənəviyyata yönəli mövqeyini ortaq nöqtəyə gətirə bilən, iki əks qütbü bir zirvədə qovuşduran, insana özünün ağıl və könülün vəhdəti olduğunu dərk etdirən hikmətdir. O, qınında paslanmalı olmayan qılınc sayağı düzgün tətbiqini tələb edən, İslamın bütün potensialını, yaradıcı enerjisini üzə çıxarıb parlada bilən bir təfəkkür tərzi, dünyagörüşüdür.


Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru

Baxılıb: 5416    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.