az  |   tr
Fəlsəfə dünyası

Hansı məsafə daha böyükdür: ehtirasdan Eşqə, yoxsa ağıldan
Eşqə?!   –  
[17.01.2011]

Hansı məsafə daha böyükdür: ehtirasdan Eşqə, yoxsa ağıldan Eşqə?!

Daha düzgün cavab variantında eşqin müxtəlif adamlarda müxtəlif olması səbəbindən  məsafələrin də müxtəlifliyi nəzərə alınmalı idi.

Əsas məsələ öncə terminlərin düzgün müəyyənləşdirilməsidir. Həm ehtiras, həm də ağıl dilimizdə bir neçə mənada işlənir. Ehtiras – şəhvət kimi və ehtiras – hissi enerji kimi. Ağıl – praktik, gündəlik ağıl, ölçüb-biçmək kimi və ağıl – əql, zəka mənasında. Cavablardakı müxtəliflik də terminləri hansı mənada işlətməkdən irəli gəlir. Məsələn, ağlı ancaq ölçüb-biçmək kimi başa düşənlər eşqin ağıldan çox uzaq olduğunu və bir araya sığmadığını qeyd edirlər. Ağılı əql kimi, kamillik kimi götürənlər onu hətta eşqdən sonrakı məqam kimi dəyərləndirir və hətta ağıldan eşqə yox, eşqdən ağıla məsafənin ölçüsündən bəhs edirlər. Şekspir təsadüfən belə demir ki, “Ağıl məhəbbətdən yaranır, ancaq məhəbbət dərk etmir ağlın sözünü”.

Ehtirası hissi enerji kimi, iradə kimi və yaradıcılıq əzmi kimi, ağılı da kamillik kimi anlayanda, eşq həqiqətən bu ikisinin arasındadır. Burada “arada” kəlməsi vəhdət mənasında anlaşılmalıdır. Biz ona görə sadəcə “vəhdətidir” demirik ki, eşq onların hər ikisindən yüksək bir şey kimi başa düşülməsin. Hər ikisindən yüksək olan və onları ehtiva edən – eşqin ancaq uca məqamı, İlahi Eşqdir. Amma biz eşq kəlməsini yalnız İlahi Eşqlə məhdudlaşdırmaq istəmirik. Ona görə də, bu anlayış altında həm də ağıl və ehtirası qismən ehtiva edən və bu mənada onların arasında dayanan bir eşq məfhumunu – gənclərimizin ruhunu qarışdıran və durulmasına, izahına ən çox ehtiyac olan bir duyğunun rasional ifadəsini nəzərdə tuturuq. Məhz arada olanda Aristotelin qızıl orta  prinsipi tətbiq oluna bilir. Amma nə qədər insan varsa, bir o qədər də eşq variantları vardır. Hər bir eşq təkrarolunmazdır. Amma biz əlahiddə özünəməxsusluqları sərf-nəzər edərək, ancaq tərkibində ehtiras və ağıl payının nisbətinə görə fərqi nəzərə alırıq. Bəli eşqlər çoxdur və hamısı iki qütb arasındadır. Ehtirasa daha çox yaxın olan da var, ağıla daha çox yaxın olan da. Amma qütbün özündə eşq yoxdur. Ehtiras qütbü də, ağıl qütbü də eşqdən kənardır. Üçölçülü fəzada baxanda ehtiras və ağıldan başqa, üçüncü bir qütb də vardır ki, onların hər ikisindən çox uzaqdır və hər ikisini istisna edir. Daha doğrusu, geniş mənada ehtirası yox, şəhvəti, erotik hissi istisna edir. Eşqin qütbü kimi “ehtiras” dedikdə biz də məhz onun erotik aspektini nəzərdə tutmuşduq. Çünki eşqi də məhz qarşı cinslər arasında münasibət kimi konkret halda nəzərdə tuturuq. Əks təqdirdə, yəni eşq geniş mənada – məhəbbət kimi başa düşüldükdə, ehtiras da geniş mənada götürülməlidir.

Üçüncü qütb – ilk məhəbbət halıdır. Əbu Turxanın məhəbbət konsepsiyasında ilk məhəbbətə real eşq kimi baxılmır və o ancaq kənar hal kimi, məhəbbətin idealizasiyası kimi və deməli, qütb kimi izah olunur. Ona real eşq kimi baxmaq – özünü aldatmaqdır. Belə ki, tərəf-müqabil özü real olmayıb sevənin təxəyyülünün məhsuludur.

Qoyduğumuz sualda məhəbbət ikiölçülü fəzada nəzərdən keçirilir. Yəni ancaq ağıl və ancaq şəhvət miqyasında eşqin yoxluğu və real eşqdə bunların müxtəlif nisbətdə iştirakı məsələsi. İki yoxluğun təmasından varlıq necə yaranırmış?! Bax, bu məqamda biz fəlsəfi ontologiyanın əsas məsələsinə gəlib çıxırıq. Və nə qədər əlamətdar olsa da, məhz eşq real varlıq kimi anlaşılır.

 

Fəlsəfi Diskursda iştirakçılar Hansı məsafə daha böyükdür:
ehtirasdan Eşqə, yoxsa ağıldan Eşqə?”
sualı ətrafında düşündülər. Diskursda 31 cavab dəyərləndirildi və 16 bəyənilən cavab saytda yerləşdirildi. Bunlardan 5 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür.

 

I yer – Əyyub Kərimov: “Eşq müxtəlif mənalarda işlənə bilər. Əksəriyətin qəbul etdiyi isə ilahi- tanrıya olan eşq və insanlararası münasibətlərdə təzahür edən eşqdir. Hər iki halda sualda da böyük hərflə başladığınız Eşg anlamı həgigi mənasında böyük hikmətə, dərin məzmuna malik olmagla ehtirasdan çox uzaqdır. Ehtiras ani, keçici və davamsızdır. Eşq hikmətlə, idrakla daha çox çulğalaşdığı üçün ağıldan Eşqə qədər olan məsafə daha yaxındır. İnsan aləmi dərk etdikcə, dünyəvi eşqi qavrayıb yaşadıqca qarşısındakı ilahi eşq yolunu daha aydın görür..”


II yer (2 nəfər) – Sərraf Balaxan:
“ Eşqi cismani və ruhani olmaqla iki kateqoriyaya ayırsaq, birincidə ehtirasdan eşqə, ikincidə isə eşqdən ağıla doğru məsafəni ölçə bilərik. Çünki bütün məsafələr səbəbdən nəticəyə doğru ölçülür. Cismani kateqoriyada eşqi ehtiras doğurur. Ruhani kateqoriyada isə eşq ağlı, kamilliyi doğurur. Ehtirasla yoldaş olub eşqə çatmaq üçün getdiyin məsafənin kubu, eşqə düşüb ağıla, kamilliyə qovuşmaq üçün getdiyin məsafənin dörddə birindən də kiçikdir..”

– Kəmalə Mahmudova: “Ehtiras tez saçılan kiçik bir qığılcıma bənzər. Ehtirasdan yaranan eşq də kiçik olduğu üçün şöləsi də kiçik olar. Ağılın yolu isə hikmət və mərifətdən keçər. Əgər məqsəd əlçatmaz məşuqa qovuşmaq olarsa, ruhi hazırlıq və seyri-suluk tələb olunur. Bu da çətin və uzun vaxt tələb edir.”


III yer (2 nəfər) – Elçin Cəfərov: “Ehtirasdan eşqə məsafə qısadır və elə buna görə də davamsızdır. Əslində böyük əksəriyyətin eşq kimi hiss etdiyi müvəqqəti duyğu da buradan qaynaqlanır.
Ağılın bəxş etdiyi eşq isə "gec olur, amma güc olur". Bu cür eşqi yaşamaq isə tək-tük insanlara qismət olur və ömrün sonuna qədər davam edir. Ancaq belə insanlara həsəd aparıla bilər.”
                     
– Vəfa Camalova: “Məncə ağıldan eşqə qədər olan yol hamının düşündüyündən daha uzun olur. Zənnimcə ağıl hec vaxt sevmir, ürək isə heç vaxt düşünmür çünki o bizə bunun üçün verilməyib.”

 

Qaliblər mükafatlandırılmaq üçün yanvar ayının 22-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.

 

 

Baxılıb: 6854    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.