az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfi Diskursun daha bir müsabiqəsinə yekun vuruldu!   –  [01.03.2011]

Fəlsəfi Diskursun daha bir müsabiqəsinə yekun vuruldu!


       “Subyektivlik” anlayışı iki mənada işlənir: əxlaqi-aksioloji və elmi-qnoseoloji müstəvilərdə; eynilə “yalan” və “yanılma” mənalarının nisbəti kimi.

Dəyərlər müstəvisində subyektivlik şəxsi maraqların məqsədyönlü surətdə nəzərə alınmasıdır; yəni pis hadisə hesab olunur. Məsələn, imtahan götürən müəllim tələbənin cavabını qiymətləndirərkən subyektivliyə yol verir, yəni cavabın məzmunundan deyil, tələbəyə münasibətindən və ya hətta hansı isə başqa amillərdən çıxış edir. Bu səbəbdən də subyektivlik adi şüurda mənfi planda dəyərləndirilir. Fəlsəfədə məhz bu mənada subyektivlik ehkamçılıqda, dini və ideoloji təlimlərdə, məsələn, marksizmdə özünü büruzə verir və pis hal kimi dəyərləndirilir.

Amma bir də var, onun öz təbiətindən doğan, zərurət kimi üzə çıxan subyektivlik. İdrak müstəvisində subyektivlik məhz bu qəbildəndir.

Bu başqa məsələ ki, idrak müstəvisində də subyektivlik çox vaxt (adi şüur səviyyəsində) arzuolunmaz hesab edilir. Xüsusilə elmi idrakda. Çünki elm öz üzərinə obyektiv gerçəkliyi olduğu kimi öyrənmək missiyasını götürmüşdür. Söhbət ikiqat obyektivlikdən gedir. Yəni öyrəndiyimiz obyekt bizim müdaxiləmiz olmadan, necə varsa, eləcə öyrənilməlidir. Üstəlik idrak prosesinin özündə də bizim tərəfimizdən müdaxilə olmamalıdır. Təkrar edirik ki, biz idrak prosesindən, həqiqət axtarışından bəhs edirik. Əlbəttə, fəlsəfədə dəyərləndirmə (aksioloi aspekt) haqqında tədqiqatlar aparılır; amma ancaq haqqında. Fəlsəfə özü dəyərləndirmə ilə məşğul olmur. Olsa idi, bizim yuxarıda mənfi mənada bəhs etdiyimiz subyektivizm özünü göstərərdi. Bu mənada biz ancaq “elmi” fəlsəfədən, yəni obyektiv olmağa çalışan fəlsəfədən bəhs edirik.

Halbuki “fəlsəfi əsər” adı altında idrakla yanaşı, dəyərləndirmə aspektli yazılar da az deyil. Bunlar müxtəlif səpkili esselər, pamfletlər və s. ola bilər.

Amma biz fəlsəfədə təkcə aksioloji aspektdə deyil, həm də qnoseoloji aspektdə subyektivlikdən, “obyektiv subyektivlikdən” bəhs edirik. Subyektivlik hətta fəlsəfənin predmetinə də daxil ola bilər. İnsanın hiss və təəssüratları, hər hansı bir hadisədən təsirlənməsi, sevinc və iztirabları, məhəbbət və nifrət – bütün bunlar özlüyündə subyektiv olsa da, fəlsəfənin obyektinə çevrilir və  obyektivləşdirilirlər.  Bu halda subyektivlik obyektə çevrilmiş olur.

Tam obyektiv idrak təlimi – inikas təlimidir. Yəni gerçəklik necə varsa, eləcə də şüurumuzda əks olunurmuş. Biz cisimləri necə görürüksə, onlar doğurdan da elə imişlər. Biz onları hansı rəngdə görürüksə, həmin rəngdə imişlər. İsti təsiri bağışlayırsa, deməli, isti, soyuq təsiri bağışlayırsa, deməli, soyuq imişlər və s. Bu zaman biz özümüzü inandırırıq ki, bizim, yəni dərk edən şəxsin cismə heç bir qarışacağı yoxdur. İdrak prosesində əldə edilmiş hissi obraz məhz cismin obrazı olub, ona tam adekvat imiş. Bir çox materialist fəlsəfi təlimlər, idrakı inikas kimi qəbul edənlər məhz bu mövqedə dayanırlar, xüsusilə marksizm fəlsəfəsi.

Lakin fərqli yanaşmalar da vardır.

1.   Bizdə yaranan hissi obrazın cisimlə heç bir eyniyyət dərəcəsi yoxdur. Yəni biz obyektiv reallığı dərk edə bilmərik. Bu tipli idrak təlimləri aqnostisizm adı altında birləşir. Yumun bir o qədər də yumşaq olmayan aqnostisizmi buna misal ola bilər.

2.   Hissi obrazla obyektin müəyyən uyğunluğunu qəbul edən, amma bunu eyniyyət hesab etməyən, nisbi sayan təlimlər – buna şərti olaraq relyativizm demək olar.

3.   Hissi obrazı simvol hesab edənlər – semiotik təlimlər.

4.   Hissi obrazı duyğuların kombinasiyası hesab edənlər – maxizm. Yəni bütün obrazlar duyğu elementlərinin müxtəlif kombinasiyalarıdır. (Bu təlim əslində C.Lokkun ideyalar təlimindən bəhrələnir. Belə ki, Lokkda ideya Platondan fərqli olaraq xassələri ifadə edir.)  İdrakın məqsədi bu kombinasiyaları ən optimal yolla qurmaqdır. Bu isə fikrə qənaət prinsipidir.

5.   İdrak prosesini obyektin özü ilə obyektiv idrakın kombinasiyası kimi götürənlər. Yəni idrakın nəticəyə təsiri olur, amma bu təsir dərk edən şəxsdən asılı olmur, ümumiyyətlə insan idrakına məxsus xüsusiyyəti ifadə edir.

6.   İdrak prosesinə obyektlərin, cisimlərin varlığını, mahiyyətini əks etdirmək kimi yox, onların təsvirini vermək kimi baxan təlimlər, o cümlədən neopozitivizm. Yəni əslində söhbət cismin necə olmasından yox, bizə necə görünməsindən, bizim üçün necə aşkarlanmasından gedir. Başqa sözlə desək, obyekt subyektə güzəştə gedir.

Qnoseologiyada subyektivlik iki müxtəlif səviyyədə ortaya çıxır. Ardıcıl subyektiv idealizm (məsələn, Berkli) obyektin varlığını ümumiyyətlə inkar etdiyindən hissi obrazı Allahın iradəsi kimi qəbul edir. Burada hər hansı bir obyektivlikdən, o cümlədən, elmi obyektivlikdən danışmaq yersizdir. İnsan nəyisə məhz olduğu kimi dərk edə bilməz, çünki “olduğu kimi, deyilən şey yoxdur. Belə mütləq subyektivizm, təbii ki, elm adamları tərəfindən qəbul oluna bilməz, amma fəlsəfədə əsas cərəyanlardan biri kimi yaşamaqdadır. Nisbi subyektiv təlimlər idrakda subyektin (insanın) rolunu nəzərə alan və ona subyekt-obyekt münasibətlərindən bəhs edir. Amma burada məqsəd son nəticədə subyektin təsirini istisna etmək və “obyektiv həqiqətə” çatmaqdır.

Bir sözlə, elm və onu əsas idrak forması kimi götürən təlimlər, pozitivizmin müxtəlif dövrlərdəki formaları təbiəti, obyektiv gerçəkliyi olduğu kimi olmasa da, heç olmasa göründüyü kimi, təzahür etdiyi kimi öyrənməyin metodlarını, mümkünlük şərtlərini araşdırırlar. Burada subyektivlik tam istisna olunmasa da, onu minimuma endirmək cəhdləri göstərilir.

 Husserl fenomenologiyası hətta fəlsəfəni də subyektiv “xilas etmək”, onu ciddi, dəqiq elm olaraq işləyib-hazırlamaq təşəbbüsü göstərir. Husserl deyir: “Ruhun da sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır”.

Lakin nəinki fəlsəfə, hətta elm də, alimlər nə qədər çalışırlarsa-çalışsınlar subyektivlikdən tam azad ola bilmir. Əvvəla, ona görə ki, elmin obyekti özünü idraka “olduğu kimi” təqdim etmək istəmir. Heyzenberqin qeyri-müəyyənlik prinsipi göstərir ki, bizim çalışmağımızdan asılı olmayaraq obyekt özü prinsipcə tam təsvir oluna bilməz. Koordinat və impuls, zaman və enerjinin eyni vaxtda dəqiq təyin olunması sadəcə mümkün deyil. Deməli, həqiqətə gedən yol cisimdən, obyektdən keçmir; yeganə ümid rasional biliyə, insan əqlinə qalır. Lakin əqlin obyektivliyi də isbat oluna bilmir. Baxmayaraq ki, formal məntiq prinsipləri bütün düşüncələr üçün eynidir, amma düşüncə tərzlərinin tam eyniyyətini qəbul etmək olmaz. Ən azından, insan ancaq müəyyən halda-məqamda olarkən əql qapıları onun üzünə açıla bilir. Bir sözlə elm özü də subyektiv olmaya bilmir. O ki qaldı fəlsəfəyə, onun predmeti elə lap əvvəldən insanı da ehtiva edir. Yəni dərk edən özü idrakın obyektinə daxil olur. Fəlsəfə insansızlaşmış dünyanı deyil, “Mən”lə dünyanın münasibətini öyrənir.

Sual olunur ki, insanın bədəni, nəfsi və əqli Mən-lə nə dərəcədə əlaqədardır? Orta əsrlər islam fəlsəfəsində, xüsusən İbn Sina və Ş.Sührəvərdinin əsərlərində Mən əsasən nəfslə eyniləşdirilir. Dekart insanın mövcudluğunu onun düşüncəsi, əqli ilə bağlayır. Materialist təlimlər və adi şüur isə insanın varlığını daha çox dərəcədə bədənlə eyniləşdirir. Lakin diqqətlə yanaşıldıqda bütün insan bədənləri təxminən eyni bir funksiyanı icra edir və onların fərqi insan həyatlarının rəngarəngliyini ifadə etmək üçün əsla yetərli deyil. Digər tərəfdən, ölümdən sonra bədənin öz funksiyalarını itirməsi, onun heç də müstəqil və ya aparıcı olmadığına dəlalət edir. Ölüm isə nəfəsin dayanması və nəfsin bədəndən ayrılması kimi başa düşülür. Deməli, bədənə həyat verən, onu bir canlı varlıq kimi yaşadan əslində nəfs imiş. Əqlin fəaliyyətinə gəlincə, o universal səciyyə daşıyır və bütün insanlar üçün təxminən eynidir. Düşüncə qabiliyyətləri, potensial imkanlar fərqli ola bilər. Lakin yol eyni yoldur. Görünür, buna görə də, əqlin fərdi Mən-i səciyyələndirmək şansı azdır.

Lakin nəfslər necə, fərdidirlərmi və nə dərəcədə? Platon belə hesab edirdi ki, nəfs (ruh) bir insan öldükdən sonra başqa insanlarda və hətta heyvanlarda yaşamaqda davam edir. Bununla da nəfsin fərdiliyi, unikallığı inkar edilirdi. Buna baxmayaraq, hər bir fərdin öz şəxsi həyatında nəfsini təkmilləşdirməsi və deməli, sonrakı nəsillərə irs olaraq daha sağlam ruh qoyub getməsi imkanı açılırdı. Deməli, tərbiyə bir tərəfdən insanlar arasındakı münasibətin sayəsində mümkün olursa, digər tərəfdən, insanın öz Mən-ini təkmilləşdirməsi sayəsində həyata keçir.

Özünü tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə isə bir iş görmək şansı olmayıb. Amma kimə ki, özü ilə görüşmək nəsib olur, onun keçirdiyi ilk hiss heyrət və vahimə ilə müşayiət olunur. Başqasının istəklərinə və düşüncələrinə soyuqqanlı yanaşmaq, onları tənqidi surətdə nəzərdən keçirmək emosiyasız da mümkündür. Yaxın adamlarının mövqeyinə, həyat tərzinə biganə qalmaq çətindir. Özünə qarşı biganəlik qeyri-mümkündür. (Düzdür, insan özünü heç tanımadan rahatca «yaşayır». Amma əslində kimin həyatını yaşayır? Başqalarının həyatına əlavəyə çevrilmir ki?). 

Hegel «Tarix fəlsəfəsi» əsərində diqqəti insanın özünün əslində nə olması haqqında fikirlərin tarixən dəyişilməsinə yönəldir. Misirlilərin bu haqda düşüncələrini ifadə etmək üçün Neyt ilahəsinin məbədində həkk olunmuş məşhur yazını misal gətirir: «Mən o-yam ki, olmuşam, varam və olacağam: heç kim mənim pərdəmi götürməmişdir».  İnsanın özünə münasibəti, özü haqqında bilgisi problemi daha yüksək inkişaf pilləsi olan yunan təfəkküründə daha aydın qoyulur və «özünü dərk et» şəklində konkretləşir. Hegel bu fikri izah edərək yazır ki, burada söhbət heç də hər bir insanın öz müsbət və mənfi, üstün və zəif cəhətlərini anlamasından getmir. Əsas məsələ ümumiyyətlə insanın özünü dərk etməsidir.  Bu mənada özünüdərk öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını dərk etməsi problemi də çox önəmlidir. Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.

Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək imkanı insanı vahimələndirir.  İnsanın özü ilə həqiqi görüşü onun özü haqqında yaratdığı himsiz-bünövrəsiz, çox təxmini, ufaq obrazın, bəzən mifin dağılması ilə nəticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yenilik ola bilər. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu həyatını yaşayarkən, öz mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Lakin, insanın öz Mən-inə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə yönəlmişdir.

Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər, onlar öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla  işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir.

Fəlsəfi Diskursun bu dəfəki müsabiqəsində, görünür, sualın çətinliyindənmi, mövzunun genişliyindənmi, yaxud ixtisas biliyi tələb etməsindən dolayı qənaətləndirici cavablar az olmuşdur. Həm də ən yaxşı cavabları yenə də keçən müsabiqələrdə qalib gəlmiş şəxslər  vermişdir:

 

Mətanət Abdullayeva:

Ayrı-ayrı filosofların subyektiv həqiqətləri Mütləq Həqiqətin - Obyektivin tərkib hissələri olaraq bir-birinə yaxın, bir-birindən uzaq və ya çox uzaq ola bilər. Onların ziddiyyəti Tamın işığını, yoxsa kölgəsini əks etdirmələrində və əksetdirmənin dərəcələrindədir. Hər hansı "həqiqətin" subyektivliyinin dərəcəsi işıqla kölgə arasındakı kəsilməz qiymətlərin hansı tərəfə meyl etmələri ilə tənzimlənir. Antik dövr fəlsəfəsindən başlamış müasir fəlsəfənin nümayəndələrinə qədər böyük filosoflar pleyadasını həmin şkalanın üzərində yerləşdirsək, görərik ki, işıqdan kölgəyə qədər bütün mümkün "həqiqətlər" xanaları tutulub, ancaq boş qalanlar da var. Mütləq Həqiqətin sabit meyarı vəhdətdirsə və işıq qütbündə kainatın vahidliyi kəşf olunursa, deməli, bu qütbə yaxınlaşanların fəlsəfəsində subyektivliyin faizi azalır, dünyanın əks olunmasının dürüstlük dərəcəsi artır. Əsl fəlsəfi müdriklik vəhdətə aydınlıq gətirmək cəhdində yaranır. Vəhdətə aydınlıq gətirmək istedadı işıq qütbünə yaxınlıqla - ona baxma bucağı ilə ölçülür. Burada Platonun "mağara" nəzəriyyəsi yada düşür - arxası işığa oturanlar (180`-li bucaqla)yalnız divardakı kölgələri müşahidə edirlər və onların dərki ilə məşğuldurlar. Belə insanların həyatı dərkinin subyektivliyi maksimal həddədir. İşığa baxanların - işığı adekvat seyr edənlərin subyektivliyində isə həqiqətin təzahürü maksimumdur. "Veda" müdrikliyinə görə, Günəşdə - işıq, işıqda - həqiqət, həqiqətdə əbədi mövcudluq var. İşıq qütbünə yaxınlıq dolğun və dərin həyat təcrübəsi yaşanıldıqda mümkündür. Nitsşe deyir ki,bədbəxtliyin bütün çalarlarından keçməyən insan yüksək zövqlü ola bilməz (burada fəlsəfi zövqdən söhbət gedir). Berdyayev də eyni mahiyyəti açıqlayır: "Fəlsəfi dərk yaşanılmış təcrübənin həcmindən, insanın mövcudluğunun bütün əksliklər təcrübəsindən, faciə təcrübəsinin dolğunluğundan asılıdır. Belə təcrübə fəlsəfənin əsasında durur." Zaman və məkan fövqündə dayanan,idrakın ali səviyyələrini əldəetmədən ibarət mistik təcrübəni - insanın enerji strukturunu kainatın enerji strukturu ilə həmahəngliyə kökləyərək Vəhdəti dərketmə istsqamətini tutan filosoflar deyirlər ki, nə qədər fərd var, o qədər də fərdi təcrübə var;nə qədər subyekt var, o qədər də subyektiv dərk formaları mövcuddur. İnsanın özünü, kainatı suprematik (ali) səviyyədə(induizmdə mokşa,buddizmdə nirvana,sufilikdə vəhdət əl-vücud halı ılə əldə olunan) dərkində belə, yaşadığı təcrübə və əldə etdiyi nəticə subyektiv olaraq qalacaq - Mütləq Həqiqətin dərk olunmasından ibarət yaradıcı subyektiv təcrübə! Berdyayev belə deyir: "Yalnız tamamilə qeyri-orijinal və qeyri-yaradıcı fəlsəfə obyektiv və şəxssizdir." İnsan həyatda,ilk növbədə,subyektdir, çünki o, dərk edəndir, sonra isə obyektdir,yəni dərk olunandır. İnsanın dərk etmək funksiyası dərk olunmaq funksiyasından əvvəl gəlir, bu səbəbdən onun "subyekt"iv fəlsəfəsi "obyekt"ivliyindən güclüdür. Əldə etdiyi həqiqəti, Berdyayevin "həqiqət xilas edir, həqiqət həyat verir" sentensiyasına uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, subyektin fərdi təcrübəsinin hasili olduğu üçün subyektiv fəlsəfə olaraq qalacaq!

 

Tofiq Əhmədov:

Elmi, yəni obyektiv yanaşma ilə subyektiv yanaşma arasındakı ənənəvi mübahisə mövzusunu daha elmi şəkildə cavablandırılması bu sahədə ciddi araşdırma tələb edir. Sovet elmində bütün yaradıcı olan, intellektin cəlb olunduğu sahələri elm adlandırmağa və bununla da onun obyektiv bir bilik sahəsi kimi təqdim olunmasına böyük ideoloji həvəs göstərilmişdır. Bəlkə həm də ona görə ki, markisist-lelinist fəlsəfəyə, materializmə və sovet ideologiyasına obyektiv don geyindirilməsinə ciddi əsaslar axtarılırdı. Doğrudur Berdyayevi tam olaraq bu hərəkatın ideoloqlarından hesab etmək olmasa da, hər halda onun yaradıcılığının və həyat fəaliyyətinin ən mühüm və müdrik çağları bu zamana düşür. Görünür bu hərəkatdan ciddi sıxıntı çəkənlərdən biri də məhz odur! Qərb elmi düşüncəsində və fəlsəfəsində obyektiv elmi yaradıcılıq sahəsi məlum oldoğu kimi təbiət elmləri hesab olunur. Bütün digər sahələr yaradıcılıq, yaxud sadəcə ART adlandırılır. Doğrudur, müasir tendensiyalardan biri riyazi-məntiqi metodları tətbiq etməklə bir sıra sosial yaradıcılıq sahələrinin yeni inteqrativ istiqamətlərdə sistemləşdirməyə, modelləşdirməyə və bu yolla da daha çox elmiləşdirməyə cəhdlər olunur. Amma qeyd etdiyim kimi bu daha çox inteqrativ sahələr olur, elmi nəticələrin müxtəlif sahələrdə tətbiqindən ibarət olmaqla praqmatik məqsədlər və nəticələr üçün istifadə olunur. Məncə bu sualın birmənalı cavab hissəsi ondan ibarətdir ki, fəlsəfi yaradıcılıq hər zaman subyektivdir. Bəlkə də bu onun üstünlüklərindən və cazibədarlığındən biridir. Çünki burada inam və iman, fəhm və 6-cı duyğu, intuisiya, meditasiya və elmi-obyektiv metodlarla sübuta yetirilə bilinməyən digər başqa metodlardan bəhrələnir ki, bu da əslində onu daha dərin mənalı və dəyərli edir. Kimsə qəlbinin dərinliyində duyduğu harmoniyanı izah etməyə çalışarkən öz baxışlarını əsaslandırmaq üçün bir sistem qurur, digəri isə ona bəzən dağınıq, bəzən mənasız görünən həyatı və dünyanı izah etmək üçün əsaslar axtarır, başqa biri iradəni, hökm etməyi, dünyanı öz istəyinə uyğun formalaşdırmağı ona çəkdiyi halda, başqa biri iradədən imtinanı, ruhunu dinləməyi obyektiv həqiqətin çıxış nöqtəsi hesab edir. Bunların heç biri obyektiv dünya görüşünü əks etdirmədiyi kimi, onun elementlərindən də uzaq deyil əslində. Məncə bütün fəlsəfi dünyagörüşlər müəyyən bir məqamda dalana dirənir. Birçoxları bunu ört basdır etməyə çalışır. Kimlərsə bütün bu qaranlıq məqamları daha qaranlıq bir anlayışla, terminlə izah edərək izi axdırmağa çalışır, kim isə daha ağıllı davranıb “doğrusunu Allah bilir” deyir. Ilahidən alınan vəhiyləri obyektiv hesab etsək belə, onu nə dərəcədə obyektiv izah edə, başa düşə və eyni zamanda anlata bilirik? Məlum olan isə budur ki, dünya, həyat, insan, kainat elə mürəkkəb sistemdir ki, insan təfəkkürü onun obyektiv şəkildə izah etməyə qadir deyil. Bəlkədə əksinə, hər şey elə sadədirki buna inanmaq və onu izah etmək sadəcə hələki mümkünsüzdür. Beləliklə, Sührəvərdi demişkən, hər işıqda bir qaranlıq, hər qaranlıqda bir işıq gizlənib... Tarixi inkişafın müxtəlif məqamlarında müəyyən bir düşüncə tərzi, fəlsəfi baxış önə çıxır və öz həqiqiliyini sübut etməyə çalışır. Status qazanaraq minlərin, milyonların düşüncəsinə hakim kəsilir, yaxud əksinə, müasir dövrdə olduğu kimi, insanları qaranlığa salıb xilasın mümkünlüyünə inandırmağa çalışır. Bu sualı qisaca cavablandırmış olsaq isə məncə belə demək olar: subyektiv olmayan fəlsəfə yoxdur, ancaq əsas məsələ onun nə dərəcədə subyektiv olmasıdır.

 

Nərgiz xanım:

Təbii ki, hər bir fəlsəfi sistemin yaradıcısı olur. Bu sistemin banisi, onun müəllifi öz fikirlərində subyektiv olmaya bilməz. Onun bir çox keyfiyyətləri (məsələn, milləti, dili, dini, hansı sivilizasiyaya mənsub olması və s.) onun fəlsəfi sistemində özünü biruzə verəcəkdir. Lakin bütövlükdə istənilən fəlsəfi sistem öz dövrünün məhsuludur. Heç bir filosof öz sistemində zamanı yetişməmiş ideyaları, fikirləri irəli sürə bilməz. Bu mənada hər bir fəlsəfi sistem özündən qabaqdakıları özündə ehtiva edir. Məsələn, Marks olmazdı, Hegel olmasaydı və i. a. Əbu Turxanın dediyi kimi, “bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar. Lakin öz dövrlərinin dilində". Hegel isə bunu başqa cür ifadə edir: "Fəlsəfə düşüncədə ehtiva olunmuş zəmanədir” .

 

 

Baxılıb: 9265    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.