az  |   tr
Fəlsəfə dünyası

Müasir dövrün prinsipi necə olmalıdır?   –  [17.03.2011]

Müasir dövrün prinsipi necə olmalıdır?

Heraklit "təbiətə uyğunlaşmaq", sufilər "mənəvi kamillik", Marks "cəmiyyəti dəyişmək" prinsiplərini irəli sürmüşdülər. Bəs müasir dövrün prinsipi necə olmalıdır?”  sualı ətrafında müsabiqəyə yekun vuruldu. Tam qənaətləndirici cavab olmasa da, Fəlsəfi Diskursun aşağıdakı iştirakçılarının cavabları nisbətən qənaətbəxş hesab edildi:

 

Davud (Əbülfəz Süleymanov):
        İnsanın öz şəxsi zövqləri və ehtirasları naminə təbiəti məhv olma astanasına gətirdiyi, sahib olduğu bütün mənəvi prinsipləri itirməkdə olduğu və dəyişikliklərin daha çox xaotik bir vəziyyətə səbəb olduğu bir dövrün əsas prinsipi hər şeyin sonu gəlmədən “Bir az daha insan olmaq” və “insan olduğunu xatırlamaqdır”.

 

None:
       Mən sualda üç mühüm aspekt – təbiətə, mənəviyyata və cəmiyyətə uyğunlaşmaq kimi prinsiplərin üzərində daha çox dayanmaq istərdim. Məncə, Heraklitin prinsipi daha çox təbii dəyişən mühitə uyğunlaşmağı tövsiyə edir. Burada təbiət insandan və insanın iradəsindən asılı olmayan qüvvələrin hökm sürdüyü bir mühitdir. Bu mühitə insan və ya cəmiyyət uyğunlaşmadığı halda öz mövcudluğunu təhlükə altına qoyur. İnsan iradəsindən asılı olmayan qüvvələrə qarşı çıxmaq son nəticədə məhvə apara bilər. Sufilərin “mənəvi kamillik” anlayışı daha çox insanın fərdi müstəvidə və fərdi çərçivədə təkamülünü əsas götürür. Əslində fərdi kamilləşmək hələ fərdin ətraf mühitdə (cəmiyyətdə) uğurlu yaşayacağına və inkişafına təminat vermir. Əgər fərdi əhatə edən mühitlə sufilərin vurğuladığı “mənəvi kamil” fərd arasında istər əqli, fiziki və ya mənəvi fərqlər nə qədər böyükdürsə, onda həmin fərdin cəmiyyətdə mövcudluğu və uğurlu inkişafı da çətinləşir. Fərd özü-özlüyündə nə qədər kamil olsa da belə, həmin fərdi əhatə edən ətraf mühitlə və cəmiyyətlə mübarizədə və müqayisədə təkdir. Əlbəttə əgər fərdi əhatə edən mühitdə/cəmiyyətdə kamil insanlar nə qədər çox olarsa, onda hər bir kamil fərdin ayrılıqda inkişafı və mövcudluğu da uğurlu olacaqdır. Bu mənada, Marks məhz yaşamaq – mövcud olmaq üçün fərdlərə onları əhatə edən cəmiyyəti dəyişməyi prinsip kimi göstərir. Məncə bu halda dəyişiklik etmək istəyən fərdin və ya fərdlər toplusunun cəmiyyətdə xüsusi çəkisi və cəmiyyətə hansı münasibət bəsləməsi və cəmiyyətdə birgə yaşayış prinsiplərini necə başa düşməsindən də çox şey asılıdır. Əks halda cəmiyyət daimi olaraq onu öz mənafelərinə uyğun dəyişməyə cəhd edən fərd və ya fərdlər toplusunun mübarizəsinin cəngində qalacaqdır. Müasir dünya, mürəkkəb maraqların kəsişdiyi bir mühitdir. Burda təkcə fərd özünü yox onunla birbaşa və ya dolayı yolla maraqları kəsişən fərdlərin mövcudluğunu və maraqlarını da nəzərə almalıdır. Yalnız digər fərdlərlə maraqları daha çox üst-üstə düşən və uyğunlaşan fərdlərin inkişafı uğurlu olacaqdır. Son nəticədə isə cəmiyyətin və fərdin inkişafının mahiyyəti isə kəsişən maraqların mahiyyətindən asılı olacaqdır.

 

Tofiq Əhmədov:

Məncə müasir dövrün prinsipi göstərilən bu üç istiqamətin inteqrativ bir modeli kimi meydana çıxacaq. Təbiət qanunlarını cəmiyyətin harmonik inkişaf modeli ilə dəstəkləyən və bu kontekstdə insanın mənəvi kamilləşməsinə söykənən dünyagörüşü bəşəriyyətin yeni inkişaf və xilas prinsipinə çevrilə bilər. Təbiət qədər cəmiyyət, onlardan da artıq mənəvi kamilləşmə insan varlığı üçün önəmlidir. Amma tarix boyu bu prinsiplərin hər biri bir aspekti vurğulamaqla əslində, digərlərini kölgədə qoymuş olurdu. Beləliklə, bir istiqamətdə qazanılan uğurlar bəşəriyyəti natamam inkişafına gətirib çıxarmışdır. Mənəvi kamilliyə çalışan insanlar təbiətin insanların mənafeyi naminə istifadə etmək və ictimai inkişaf modeli üzərində düşünmək kimi mühüm məqamlara biganəlik göstərdikləri kimi, cəmiyyəti dəyişməyi qarşıya məqsəd qoyanlar da insanların mənəvi kamilləşməsinə diqqət yetirməmişlər. Müasir dünya daha çox texnoloji inkişaf və qloballaşma prosesi ilə xarakterizə olunur. Bu da bəşər tarixi boyu heç zaman olmamış dərəcədə bütün dünyaya hakim olmaq, təsir etmək imkanı yaradır. Bəşəriyyətin taleyi də məhz hansı ideyanın hakim olmasından və dünyanı hansı istiqamətə yönəltməsindən asılı olacaq. Bu qədər ideyalar içərisində ortada görünən isə hələ ki ideyasızlıq, prinsipsizlikdir.

 

Xəyyam Namazov:
       "Təbiətə uyğunlaş" deyir antik dövrün insanları. Yəni ona tabe ol itaət elə deyir. Bəlkə də qarşısında aciz olduğu ilk şeydir təbiət onun üçün, elə buna görə onu ilahiləşdirib Helios'a, Thypon'a, Poseidon'a və başqa onlarla tanrılara itaət edir təbiətin timsalında. Amma insan daima azadlığa və xoşbəxtliyə can atan bir varlıqdır. Həyatını təbiət tanrılarına itaət edərək yaşaya bilməz o. Mübarizə aparacaq o. Amma bu qədər tanrılarla mübarizə üçün insana kömək lazımdır. Deyəsən bu köməkdə TƏK TANRIDAN gəlir ona və bütün tanrıları məhv edir o. Tək Tanrıya təslim olaraq azadlığını tapır, təbiət üzərində qalibiyyətini elan edir o. Amma yenə də insan azad deyil. Artıq onun tabe olacağı yeni bir qüvvə var. O yeni "ağa"nın xoşuna gəlmək üçün onun qaydalarına uymalıdır. "mənəvi kamilliyə" çatmalıdır o. Amma belə də olmaz. Bəs azadlıq? Artıq insanın növbəti rəqibi TƏK TANRIDIR. Və bəli budur insan oğlu Tanrıya qarşı yeni bir alternativ tapır – AĞIL, RASİYO və elan edir ki "tanrı öldü" (F.Nietzsche). Artıq insan özü özünün ağasıdır. Artıq hər şeyi özünü və “Cəmiyyəti dəyişən” də özü olacaq. Artıq hər şeyi ağlı ilə idarə edən insan inanmadan yaşaya bilmir görünür. Elə bunun nəticəsidir ki, yeni ideologiyaların əsasını qoyur insan. Və özünü yenidən məhvə aparır. İki dünya müharibəsinə səbəb olur bununla. “Öz ağlı” ilə özünə zülm verir insan. Bəli ağıl da tək çarə deyil insan üçün artıq. Bəs o necə yaşasın? Təbiətəmi itaət etsin? Yoxsa Tək Tanrıyamı? Mənəvi Kamillik üçünmü çalışsın yoxsa cəmiyyəti və insanlığı öz ağlı ilə dəyişdirməyəmi? Axı insan nə etsin? Bütün hallarda zülm verir özü özünə. Səbəb nədir bəs? Səbəb totallıqdır. Nəyə inanırsan inan, amma özün üçün. Təbiətdirsə inandığın, ona inanmayanlar düşmən deyil, tək tanrıdırsa inancın, onu tanımayanlar yandırılmalı deyil, ağıldırsa bütün gücün, hər kəs sən düşündüyün kimi dəyişməli deyil. Kimsə pis və ya yaxşı deyil, insanlar fərqlidirlər. “Bütün Fərqliliklərlə Birlikdə Fərqli Yaşa”

 

Züriyə Babayeva:

Tarixi təcrübənin özü də sübut edir ki, cəmiyyəti dəyişmək uğrunda səylər çox vaxt lazımi nəticəni verməmişdir. Marks kommunizm uğrunda apardığı mübarizədə bir səyi unutmuşdur ki, heç bir qüvvə tarixi geriyə qaytara bilməz. İnsanlar böyük qüdrətə sahib ola bilərlər, amma zaman onu geriyə qaytarmaq qüdrətini heç kimə bəxş etməmişdir. Görünür Marks bərabərliyin ancaq bərabərlər arasında ədalət olduğunu nəzərdən qaçırmışdır. Müəyyən mənada dəyişiklər etmək mümkün olsa da, təbiəti axarından yayındırmaq mümkün deyil. Bir inşaatçı binanın görünüşündə istədiyi dəyişikliyi edib onun özülünə toxunmamağı anlayır da, insanların həyatına zamin duran mübarizlərmi bunu anlamır? Olduqca paradoksal görünür. Təbiətin axarını tutub bu axarla mənəvi kamilliyə necə yüksəlmək mümkün olduğunu anlamaq yetər. İstər müasir dövrdə, istərsə də keçmişdə – həmişə zaman irəli addımlayıb. Yalnız zamanın nəbzini tuta bilənlər zamanla irəliləyə biliblər. Müasir dövrün də yeganə tələbi budur – təbiətə kor-koranə deyil, mənəvi kamilliyə yüksələrək uyğunlaşmaq lazımdır.

 

 

Bunlardan başqa, Sevda Nemətlinin, Günayın, Reyhanın, Çinarənin, Səyalının cavabları da əsasən bəyənilir və onların da cavabları seminarda müzakirə olunacaqdır.  



Baxılıb: 5749    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.