az  |   tr
Fəlsəfə dünyası

"İnsanın özünə qayıdışı" mövzusunda elmi-fəlsəfi seminar
keçirildi.   –  
[23.03.2011]

"İnsanın özünə qayıdışı" mövzusunda elmi-fəlsəfi seminar keçirildi.



        Mart ayının 19-da Fəlsəfə Dünyasında “İnsanın özünə qayıdışı” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.

Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.

 Heraklit "təbiətə uyğunlaşmaq", sufilər "mənəvi kamillik", Marks "cəmiyyəti dəyişmək" prinsiplərini irəli sürmüşdülər. Bəs müasir dövrün prinsipi necə olmalıdır?”  Seminarı giriş sözü ilə açan Prof. Dr. Səlahəddin Xəlilov qeyd etdi ki, bugünkü seminarın mövzusu – “İnsanın özünə qayıdışı” bu sual əsasında formalaşmışdır.
Seminar iştirakçıları

İnsanın özünə qayıdışı zamanın ən aktual vəzifələrindən biri kimi qarşıda durur ki, insan özündən ayrılmış, uzaq düşmüş, özgələşmişdir. Bunun ilk səbəbi isə neçə yüz illər ərzində insanın əvvəlcə təbiətdən ayrılması, özünü təbiətə qarşı qoyması, ona uyğunlaşmaq deyil, onu dəyişdirmək mövqeyindən çıxış etməsidir. Yəni insan təbiətdən ayrılarkən müəyyən mənada özündən də ayrıldığının fərqinə varmamışdır. İkinci səbəb “mənəvi kamillik” axtaran insanın kamilliyə çatmaq üçün öz bədənindən, instinktlərindən, adi insani ehtiyaclarından bir növ imtina etməsi və bununla yenə də özündən ayrılmasıdır. Düzdür, burada insan öz ruhani mahiyyətinə çatmağa çalışır, təsəvvüf fəlsəfəsinin müəyyən etdiyi pillələrlə ardıcıl surətdə kamil insan məqamına yetişməyə cəhd göstərir. Amma bu zaman seçilən metod – nəfsin boğulması insanın ahəngdar inkişafı üçün heç də məqbul metod sayıla bilməz. Burada daha düzgün yol ruh, əql, nəfs və bədənin vəhdətindən, bir-birini qarşılıqlı surətdə tamamlaması prinsipindən çıxış etməkdir. Lakin elm adamı daha çox əqlə, sənət adamı – daha çox hissə, fiziki əmək sahəsində çalışanlar – bədənin sağlamlığına üstünlük verməklə, bütün bu ixtisaslaşmış fəaliyyət sahələrinin insanın bütövlüyünə xələl gətirdiyini nəzərə almırlar. İnsanın maddi təminatını, iqtisadi həyatını önə çəkən marksizmdə cəmiyyəti məhz bu fərqli modelə uyğun surətdə qurmaq yolunu seçir. Amma əvvəlcə mənəviyyat, onunla birlikdə ümumiyyətlə insan özü arxa plana keçir. Göründüyü kimi, bütün hallarda insan öz ilkin sinkretik statusundan ayrılır, özündən ayrı düşür. Ona görə də yeni mərhələdə əsas problemlərdən biri insanın özünə qayıdışını təmin etməkdir.

Aydın Şirinov, Fərman İsmayılov
       Prof. Aydın Şirinov müasir dövrdə elm və texnologiya ilə yanaşı, mədəniyyətin böyük rolundan bəhs etdi və insanın özünə qayıdışı üçün daxili mədəniyyətə nail olmaq zərurətini vurğuladı. Bu məsələdə S.Xəlilov əslində “daxili mədəniyyət” deyilən hadisənin də bütün mədəniyyət formaları kimi, insana yad olduğunu və onu özünə yaxınlaşdırmaqdansa, başqa bir formada özgələşdirməyə vəsilə olduğunu göstərdi.

Prof.Dr. Könül Bünyadzadə müəyyən şərtlərin, təhsilin, cəmiyyətin formalaşdırdığı insanın yenidən özünə qayıtmasının heç də həmişə müsbət nəticələnmədiyini bildirdi. Onun fikrinə görə, insanlar müxtəlif olduğundan, onların ilkin halı, yəni mədəniyyətə qədərki genetik yönü cəmiyyət üçün ziyanlı da ola bilər. S.Xəlilov əlavə etdi ki, mədəniyyətin əsas funksiyası hamını məhz ictimai meyarlar baxımından müəyyən standartlar səviyyəsinə qaldırmaqdır. Ona görə də biz insanın özünə qayıtması dedikdə, elmi-texniki nailiyyətlərdən, mədəniyyətdən imtina etməyi nəzərdə tutmuruq. Sadəcə olaraq, insanlığın təməl prinsipləri ilə ictimai funksiya arasında bir harmoniya əldə edilməlidir.

Prof. Dr. Fərman Ismayılov da daxili mədəniyyət və sosial normativlər haqqında çıxış etdi. O, cəmiyyətin inkişaf səviyyəsinə uyğun olaraq yaratdığı normal insan stereotiplərindən kənara çıxmalar və bu kontekstdə dahilik və dəlilik fenomenindən bəhs etdi.

Prof. Dr. Cahangır Məmmədli diqqəti insanın fərdiyyəti və şəxsiyyəti, irsi keyfiyyətlər və sosial tərbiyə arasında münasibətə və qarşılıqlı əlaqəyə yönəltdi. O, insanın sosiallaşması və özündən ayrılmaqla əslində cəmiyyətə yaxınlaşması və bu zaman ortaya çıxan daxili ziddiyyətlərdən bəhs etdi.
Fərman İsmayılov, Səlahəddin Xəlilov

Tədbirin sonunda Prof. Dr. Fərman Ismayılov fəlsəfənin təbliğində göstərdiyi əməyə görə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının Diplomu ilə təltif edildi. Fərman İsmayılov göstərilən xüsusi diqqətə və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.

Səlahəddin Xəlilov, Əbülfəz Süleymanov 
















Xəyyam Namazov, Səlahəddin Xəlilov
















Səlahəddin Xəlilov bir qrup seminar iştirakçısı ilə

Baxılıb: 7515    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.