az  |   tr
Fəlsəfə dünyası

“Tarix elmdirmi? Bəs ədəbiyyat? Bəs riyaziyyat? Bəs fəlsəfə?   –  [02.04.2011]

“Tarix elmdirmi? Bəs ədəbiyyat? Bəs riyaziyyat? Bəs fəlsəfə?

 

Fəlsəfi Diskursda “Tarix elmdirmi? Bəs ədəbiyyat? Bəs riyaziyyat? Bəs fəlsəfə?  sualları üzərində düşünüldü. Suala 35 iştirakçı cavab vermiş və 21 bəyənilən cavab saytda yerləşdirilmişdir. Bunlardan 7 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür.

Bizi tam qane edən cavab almadığımıza görə, yalnız ikinci və üçüncü yerləri tutan iştirakçılar müəyyən edildi: ikinci yerə – 3 nəfər və üçüncü yerə – 4 nəfər:

 

Mətanət Abdullayeva:

Bütün elmlər dünyanın müxtəlif aspektlərdən öyrənilmiş və öyrənilən (xüsusi metodologiyalar vasitəsilə) biliklər sistemidir. Belə biliklər humanitar və təbiət elmləri olmaq üzrə ümumi təsnifata daxil edilir. Dünyanın öyrənilməsi işində müxtəlif aspeklərin müxtəlif elm sahələri qismində təqdim edilməsini bütövün parçalara bölərək tədqiq edilməsi və şərti adlarla adlandırılması kimi xarakterizə etmək olar. Məsələn, mahiyyətcə çox geniş və çoxaspektli olan tarix fiziki zaman koordinatlarında, rasional hüdudlarda və dövrün siyasi-ictimai ab-havasının təsiri və bəzən təzyiqi ilə təqdimatdakı elmi biliklər qəlibinə düşür. Əslində, bu, tarixçünaslıqdır, tarixin özü deyil. Ədəbiyyat da o cürdür. Mir Cəlal deyib ki, ədəbiyyat sənətdir, ədəbiyyatşünaslıq elm. Dəqiq ifadə olan bu fikirdə dünyanın dürüst, etik formada, yəni ədəbi əks etdirilməcinin böyük məharət tələb olunan sənət növü vasitəsilə - ədəbiyyatla həyata keçirildiyi vurğulanır. Buna görə də dünyanı bədii formada əks etdirən ədəbiyyat fəlsəfə üçün ən mötəbər mənbələrdən biri sayılır. Bu sənət növünü müxtəlif rakurslardan tədqiq edən və tədqiqat prosesində heç də onun batini anlamlarını dərk etməyə çalışmayan ədəbiyyat (şünaslıq) humanitar elmdir. Ədəbiyyatı elm kimi öyrənmək istəyəndə onun sahəsini daraldıb hüdudlara salırıq, onu idrakın obyekti qəbul edəndə isə hüdudlardan azad edirik. Pifaqorun riyaziyyatı ilə riyaziyyat elmini müqayisə etdikdə həmin mənzərə yaranır. Riyaziyyat həqiqi aləmin fəza formalarını və kəmiyyətlər arasındakı münasibətləri öyrənir. Rasional müstəvidən görünən "həqiqi aləm" irrasional müstəvidən görünən "həqiqi aləm"dən məhduddur. Belə olan halda riyaziyyat elm çərçivəsində daha dar anlayışdır, idrakın obyekti olan varlığı əksetdirmə aspektində isə onun hüdudsuzlluğu aşkar olunur. Şopenhauer demişdir: "Bütün təbiət elmlərinin qaçılmaz çatışmazlığı var - onlar təbiətin subyektiv tərəflərini unudaraq onu yalnız obyektiv tərəfdən qiymətləndirirlər." (Burada təbiətin rasionalla və irrasionalla dərkindən söhbət gedir.) "Təbiət elmləri" içərisində yaradılışın (obyektiv və subyektiv tərəflərinin) vəhdətdə öyrənilməsinin mümkünlüyü fizika ilə metafizikanın birliyində ortaya çıxır. Yalnız belə vəhdətdə Varlıq haqqında fundamental biliklər əldə olunur. Fizika yunan metafizikasından ayrıldıqdan sonra fenomenologiya yolu ilə getmiş və yenidən metafizikaya cəlb olunmuşdur. XX əsrdəki kəşflər (nisbilik nəzəriyyəsi, kvant nəzəriyyəsi) fizika ilə metafizika arasındakı süni sərhədləri silmişdir. Təbiəti və bəşəriyyəti tədqiq və ifadə edən bütün təlimlərə ikili mövqedən yanaşmaq olar: 1. Təlimlər xüsusi metodologiyalar vasitəsilə təlimlərin özlərinin öyrənilməsi məqsədilə inkişaf etdirilir və onlar ayrıca elm sahəsi kimi fəaliyyət göstərir. 2.Təlimlər geniş anlamda varlığın dərk olunması prosesının tərkib hissəsi kimi çıxış edir, elm sərhədlərini aşaraq fəlsəfi koqnisiya statusu alır. Bu zaman təlimlərarası, sahələrarası əlaqələr yaranır, fəlsəfi idrakla elmi metodologiyalar arasında dərin daxili əlaqələr üzə çıxır. Dünyanın, kainatın dərki işindəki uğurlar və proqres belə əlaqələrin realizə olunması şəraitində mümkündür. Bertran Rassel demişdir ki, elm sizin bildiklərinizdir, fəlsəfə isə -bilmədikləriniz. İnsanın bildikləri həmişə bilmədiklərindən az olduğu üçün elmin sərhədləri fəlsəfənin sərhədsizliyi ilə müqayisə oluna bilməz, amma elmi idrak fəlsəfi idraka xidmət edə bilər. Lev Tolstoy elmin missiyasını belə qiymətləndirir: "Elmin işi insanlara xidmətdir." Biz bu fikrin davamı kimi demək istərdik ki, fəlsəfənin işi isə insanlığa xidmətdir. Bütün təlimlərin, sənətlərin, sahələrin başında duran "fəlsəfə bütün elmlərin kraliçasıdır!" (Tomas Mann)

 

Sədaqət Əliyeva :

Tarixin, ədəbiyyatın, riyaziyyatın, fəlsəfənin elm olub – olmadığını demək üçün əvvəlcə gərək elmin nə olduğunu aydınlaşdırasan. Elm - təcrübi, hissi və nəzəri biliklərdən alınan nəticələrin daha mükəmməl simvollaşdırılmış və sistemli formasıdır, bilik kumulyativ əsaslarla üst-üstə toplanır, informasiya kimi, elm isə əqli nəticə kimi digər düzgün, qəbul edilmiş mühakimələrin doğruluğuna istinad edir. ...Tarix yalnız kontent – analizdə elm kimi işlənə bilər, yəni statistik faktlar çox asanlıqla tarixi faktlara, tarixi faktlar da asanlıqla statistik faktlara çevrilə bilər, digər heç bir halda tarix elm ola bilməz, çünki o keçmişlə, zamanla bağlıdır. Zaman bölgüləri isə şüur üçün bir qavrayış alətidir, zatən bu bölgü mövcud deyil. Antik fəlsəfədə və mifik təfəkkürdə belə bir bölgü olmamışdır. ...Ədəbiyyatı təhkiyə, yaxud poeziya kimi qəbul etsək, Ekonun dediyi kimi ədəbiyyat narrativ analizin fiksiyasıdır. ...Əgər nəzərə alsaq ki, riyaziyyat da real münasibətlərin və ölçülərin idealizasiyası ilə formal nəticələr çıxarır və bütün modelləşdirmələrdə idealizasiya vardır, deməli heç riyaziyyat da elm deyil. Yəqin ki, buna görə A. Eynşteyn demişdi ki, Dostoyevski ona daha çox şey verib, nəinki Qauss... ... Qalır bircə fəlsəfə. İ.Kant xalis zəkanı da, praktiki zəkanı da, mühakimə qabiliyyətini də tənqid edib və onları öz transsendental fəlsəfəsində birləşdirib, özündə olanla qazanılanı ümumiləşdirdikdə E. Qusserlin “elmi fəlsəfə” adlandırdığı fenomenologiya yaranıbdır. Fenomenologiya guya ki, predmetləşməni, intensionallığı əsas götürüb “təmiz bilik” üzərində tədqiqat aparır. Guya ki, “elm haqqında elm” saf elmi fikir yaradır və çoxluğun içərisindən fenomenləri yuyub arıdıb meydana qoyarkən, E. Qusserl haradasa fenomenoloji reduksiyaya ümid edir... Qəribədir ki, istəyirsən, predmeti onun haqqında olan təsəvvür və mühakimələrdən ayrıca götür, istəyirsən, predmeti özündə şey kimi qəbul et, istəyirsən, şüur illüziyasını göylərə qaldır, istəyirsən, obyektiv reallığın qeyri – obyektivliyinə istinad et, - fərqi yoxdur, bütün hallarda əsas məsələ, yalnız kimin nə dərəcədə həqiqətə yaxınlaşa bilməsi məsələsi önəm daşıyacaqdır. Əgər buraya Hegelin məntiqdə tapdığı dialektikanı da əlavə etsək, cəsarətlə deyə bilərik ki, fəlsəfə də elm deyil. İ.İ.Qarin fəlsəfəni belə xarakterizə edirdi: “Fəlsəfə, düşüncə tərzidir, dialoqdur”. Amma bütün hallarda, əvvəlcə dünyanın hissi modeli mövcud olub, sonra isə elmi modeli. Dində əks olunan hissi model, fikirlə ifadə olunan elmi modeldən güclüdür. Bütün modellərdə, az və ya çox olmasından asılı olmayaraq, təhrif vardır. Fəlsəfənin gözəlliyi onun müdrikliyində, kamilliyində deyil, fəlsəfənin gözəlliyi onun birləşə bilmək qabiliyyətindədir, o şüurun bütün momentlərində qəlbin çalarlarını əks etdirə bilir. Punto filo...

 

Osman Hacıyev:

Bütün fəlsəfə bir ağaca bənzəyir. Onun kökü metafizika, gövdəsi fizikadır, həmin gövdədən ayrılmış budaqlar isə başqa elmlərdir. R.Dekart. Tarixdə şərhetmə, riyaziyyatda formallaşdırma, ədəbiyyatda gerçəkliyin bədii obrazlı inikası. Bəs fəlsəfədə? Fəlsəfədə isə ANLAMA. Tarix, riyaziyyat və ədəbiyyatın müxtəlif metodlarının adlarını çəkmək olar. Fəlsəfənin – Anlamanın isə metodu yoxdur, o, intuitivdir. Elm isə intuitiv ola bilməz. Elm faktlardan, nəzəriyyələrdən, fundamental qanunlardan, ideyalar, prinsiplərdən ibarət, əsasında məqsədyönlülük duran, predmetinin “nə tədqiq olunur?”, metodunun isə “necə tədqiq olunur?” sualına cavab axtarıldığı bir sferadır. Təbii ki, fəlsəfə və elm fərqli ictimai şüur formalarıdır. Bəs fərq nədədir? Əgər elmin əsasında təcrübə durursa, fəlsəfənin təməlində müdriklik durur. Təsadüfi deyildir ki, Qədim Şərqdə hikməti bilən, onu təbliğ edən şəxslərə müdrik deyilirdi. Müdriklik üzərində yüksələn fəlsəfə həmişə zamanın fövqündədir. Elm üçün isə zaman mühüm şərtdir. Elmin, texniki tərəqqinin üç, beş, on il bundan əvvəl verdiyi artıq bu gün yenilik sayılmır və beləliklə, əhəmiyyətini itirmiş olur. Hansısa fəlsəfi əsərin və ya filosofun yaradıcılığının isə əsrlər keçsə belə köhnəlməsindən, mənəvi aşınmaya məruz qalmasından söhbət belə gedə bilməz. Bəlkə də əksinə, zaman keçdikcə filosofu daha yaxşı anlamaq olur, onun uzaqgörənliyinin şahidi oluruq. Eynşteyn fəlsəfəni bütün elmi axtarışların anası adlandırıb. Həqiqətən də, sırf elmi məsələlərin, faktların arxasında elə ciddi fəlsəfi problemlər durur ki, onları aydınlaşdırmadan, bu və ya digər elmi nailiyyətlərin, kəşflərin, konsepsiya və nəzəriyyələrin əhəmiyyətini müəyyən etmək qeyri mümkündür. Elm fəlsəfə kimi universal səciyyə daşımır. Fəlsəfə bütün mövcudatı öz maraq dairəsinə daxil edir. Düzdür, neopozitivistlər fəlsəfənin verifikasiyaya zidd olan bu xüsusiyyətini qəbul etməyərək bildirirdilər ki, fəlsəfəni nə elm maraqlandırır, nə dünya, nə də ki siyasət; o heç ruh haqqında da elm deyildir; o ifadələrin qeyri-müəyyənliklərinin açılmasıdır, onun maraq dairəsi “dilin arxitekturasında yerləşir”. Heç bir elmin fəlsəfəyə ehtiyacı yoxdur, elm özü-özü üçün fəlsəfədir prinsipini irəli sürən həmin neopozitivistlər fəlsəfəni ciddi və məhsuldar elmə çevirməyi təklif edirdilər. Lakin onlar anlamırdılar ki, insan fəlsəfəsiz keçinə bilməz, insanı fəlsəfəyə gətirən onun ruhudur, instinktidir, onu düşünməyə vadar edən həyat üsuludur. Hegel demişkən, “bəşəriyyət həmişə əmin olmuşdur ki, odsuz yaşamaq mümkün olmadığı kimi fəlsəfəsiz də yaşamaq mümkün deyil”. Orteqa-i-Qasset deyirdi ki, fəlsəfə elm deyildir. O, elmdən artıqdır. Bu o deməkdir ki, filosof həm də elmin nailiyyətləri ilə tanış olmalıdır və onları ümumiləşdirməlidir. Bununla da o, ayrı-ayrı xüsusi elmlərin verə bilmədiyi yeni bilikləri verir. Xüsusən elmlərin diferensiasiyasının gücləndiyi müasir dövrdə bu çox əhəmiyyətlidir. Elm və fəlsəfə tarixi baxımdan da fərqlənir. Əgər elmin mükəmməl sosial mənəvi törəmə kimi tarixi XVI-XVII əsrlərdən başlanırsa (Q.Qaliley, İ.Kepler, İ.Nyutonun fəaliyyətilə) fəlsəfənin tarixi təqribən 2500 il bundan əvvələ gedib çıxır. Bildirilir ki, insanlar ilk dəfə onları əhatə edən ətraf aləmin necəliyi, şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə başlayan andan fəlsəfənin də tarixi başlanmışdır. Fəlsəfə daim axtarışdadır. Onun mahiyyəti əbədi və mütləq həqiqətə nail olmaq deyil, bu həqiqəti daim axtarmaqdır. Fəlsəfə bütün elmlərdən ucadır. Bütün elmlər vacibdir, lakin fəlsəfədən daha müqəddəs və qiymətlisi yoxdur. Aristotel.

 

Ervin Səlimov:

Mən hesab edirəm ki, tarix, ədəbiyyat, riyaziyyat və fəlsəfə elm deyildirlər. Tarix faktların toplusudur, o keçmişdir, yaddaşdır. Mən tarixi hətta faktologiya adlandırardım. Xüsusən də ona görə tarixin elm olması məndə şübhə doğurur ki, hər növbəti dövrdə tarixə yenidən baxış edilir, tarix yenidən yazılır, bəs onda həqiqət hanı? Riyaziyyata gəlincə, qeyd etmək istərdim ki, hansısa filosof, səhv etmirəmsə, Kant demişdi ki, hər hansı bir elm onda riyaziyyatın olması nisbətində elmdir. Yəni riyaziyyat ölçüləcək şeylərdən bəhs edən istənilən elmdə özünə yer alıb özü isə elm deyildir. Ədəbiyyat isə insanların hislərinə, duyğularına yönələn bir şeydir və orada elmilik ola bilməz. İnsanların zövqləri müxtəlifdir. Buna görə də biri poeziyaya, biri romanlara, biri komediyaya, digəri isə faciəyə üstünlük verir. Fəlsəfə isə ona görə elm deyildir ki, burada söhbət əsasən mütləq həqiqətlərdən, əbədi şeylərdən, mütləq mahiyyətlərdən gedir ki, onları sübut etmək mümkün deyil. Bildiyimiz kimi, elmiliyin birinci meyarı onun irəli sürdüyü müddəaların sübuta yetib-yetməməsidir. Fəlsəfənin isə predmet dairəsinə aid olan şeylər sübut olunmazdır. Buna görə də fəlsəfə daha çox dünyagörüşünə aiddir.

 

None

Fikrimcə, elm özü təbiət və cəmiyyətdə baş verən hadisə, proseslər və obyektlər arasında müəyyən nizamlı qanunauyğunluqlar əsasında fəaliyyət göstərən əlaqələri, asılılığı, təsirləri və dəyişiklikləri öyrənir və biliklərin sistemli toplusudur. Bu mənada, qanunauyğunluqları iki böyük qrupa: a) kəmiyyət qanunauyğunluqları və b) keyfiyyət qanunauyğunluqlarına ayırmaq olar. Tarix yaxın və uzaq keçmişdə baş vermiş hadisələrin təsviri və qısa xülasəsidir. Hər bir fakt öz-özlüyündə fərdidir və fərqlidir. Bu hadisələr arasında hansısa kəmiyyətlərlə (düsturlarla) ifadə olunan ciddi asılılıq(lar) mövcud deyil. Həmçinin, tarix keçmiş zamanlarda baş vermiş hadisələrin təsviri olduğu üçün onu yazan və qeydə alan şəxslərin baş vermiş həmin hadisələrin real gedişinə və dəyişdirilməsinə faktiki təsir imkanı yoxdur. Sadəcə həmin hadisələri qeydə alan şəxs və şəxslər qrupu həmin hadisələri öz üslubuna, əqli və məntiqi təfəkkürünün səviyyəsinə uyğun təqdim edə bilər. Bu təqdimatın özü baş vermiş hadisələr və onların iştirakçıları haqqında yanlış təsəvvür də yarada bilər. Hadisə, obyekt və proses real vəziyyəti ilə onun tarixi təsviri arasında əhəmiyyətli fərq ola bilər. Deməli, bu kontekstdə götürsək hadisələr arasında kəmiyyət ifadəsində (riyazi düstur və asılılıq) təsvir edilə bilən qanunauyğunluq olmadığını və təsvir edilmiş faktların subyektiv amildən ciddi şəkildə asılı olduğunu nəzərə alsaq, tarix elm sayılmamalıdır. Həmçinin hadisəni qeydə alan şəxs baş verən hadisəni müəyyən düstura və kəmiyyət asılılığına əsaslanaraq başqa dövr və ya zamanda baş vermiş hadisələrə tətbiq edə bilməz. Başqa sözlə, ciddi kəmiyyət asılılıqlarının olmaması tarixi elm adlandırmağa imkan vermir. Lakin tarixi faktlardan çıxan məntiqi nəticələr oxşar gözlənilən hadisələrin gedişatını və nəticələrini ehtimal etməyə imkan verə bilər. Ehtimal olunan nəticə ilə gözlənilən hadisənin baş verməsindən sonra yaranacaq faktiki nəticə arasında olan fərq isə ehtimal edən şəxsin fərdi keyfiyyətlərindən də asılı olacaqdır. Bu isə tarixə faktoqrafik kontekstdə baxdıqda onun elm adlandırılmasına imkan vermir, lakin faktlardan çıxan nəticələrin oxşar gözlənilən hadisələrə tətbiq edilə bilinməsi onu elm adlandırmağa şərait yaradır. Tarix faktların sistemli təsviri olduğu halda, ədəbiyyat sözlərin sistemli təsviridir. Ədəbiyyatın özü deyil, onun öyrəndiyi sahənin hansısa bir hissəsi elm sayıla bilər. Məsələn əruz vəzninin özündə müxtəlif söz və ifadələrin ardıcıllığına tətbiq edilən müəyyən qanunauyğunluq var. Bu qanunuyğunluq sözlərin məntiqi harmoniyasının qeyri-riyazi üsulla ifadəsidir. Riyaziyyat isə hadisə, proses və obyektlər arasında ciddi riyazi düsturlarla ifadə oluna bilən kəmiyyət əlaqələrinin araşdırılmasıdır. Bu düsturlarda istifadə olunan rəqəm və işarələr təbiətdə mövcud olan müəyyən obyekt və hadisələrin arasındakı asılılıqların simvolik ifadəsidir. Bu düsturlar həmin qanunauyğunluqları (qanunları) oxşar hadisələrə də tətbiq etməyə və oxşar nəticəyə (nəticələrə) gəlməyə imkan verir. Bu mənada riyaziyyat elm sayılmalıdır. Mənim fikrimcə (bu sırf subyektivdir) təbiət, cəmiyyət və mənəviyyatın özünün inkişafı müəyyən qanunauyğunluqlara tabedir və mürəkkəb riyazi düsturlarla ifadə olunur/oluna bilər. Riyaziyyat isə təbiətin həmin qanunauyğunluqlarının riyazi düsturlarla ifadə oluna bilinən hissəsini öyrənir. Bəs təbiətin qanunauyğunluqlarının riyazi düsturlarla ifadə oluna bilinməyən hissəsi necə? Burada isə fəlsəfə bir elm kimi ortaya cıxır. Fəlsəfə ciddi riyazi düsturlarla ifadə olunan kəmiyyət qanunauyğunluqlarını deyil, kəmiyyət və keyfiyyət qanunauyğunluqlarının əsasında dayanan ümumi qanunauyğunluqları öyrənən bir elmdir. Başqa sözlə, fəlsəfəsə ümumi qanunauyğunluqları, riyaziyyat isə riyazi asılılıqlarda/düstürlarda ifadə edilən qanunuyğunluqları öyrənən elm sayılmalıdır. Fəlsəfə elmi fundament, yəni həm keyfiyyət və həm də kəmiyyət qanunauyğunluqlarını öyrənmək ücün təməldir. Riyaziyyat isə dərketmənin hansısa bir səviyyəsində insanlar tərəfindən hadisə, proses və obyektlər arasında mövcud qanunauyğunluqların riyazi düsturlara ifadə edilə bilinən hissəsini öyrənmək üçün bir açardır. Təbiətin riyazi düsturlar tərəfindən ifadə edilə bilinməyən və edilməyən tərəflərini isə fəlsəfə öyrənir. Hər hansı bir bilik sahəsi o vaxt elm sayıla bilər ki, onun fundamenti - özünün fəlsəfəsi olsun.

 

Vəfa Camalova 

Butun digər fənlərdə öyrənəcəyimiz bir şey vardır: riyaziyyatda tutarlı bir teoremlər silsiləsi, fizikada, təbiət elmlərində, tarixdə dəqiq bir şəkildə bizə açıqlanmağa çalışılan bir hadisələr və faktlar bütünü vardır. Amma fəlsəfədə buna bənzər bir şey yoxdur. Tarix boyunca fəlsəfi sistemlər bir-birini izlər. Zatən fəlsəfi düşüncə sahibləri tərəfindən yekdilliklə qəbul edilmiş heç bir fəlsəfi sistem yoxdur. Hər filosof özündən əvvəl gələn filosofların təlimini, fikirlərini saf-çürük etməyə çalışar, daha sonra öz payına onun da təlimi fikirləri saf-çürük ediləcək. Beləcə hər sənət sahibinin - rəssam, musiqici və ya şair kimi filosofun da dünyanı özünə xas bir görmə və ifadə etmə tərzi, dünyagörüşü vardır. Zənnimcə fəlsəfə dərin bir düşünmə, düşüncənin öz üzərinə dönməsidir. Həyatla bağlı təcrübəmiz nə qədər zəngin, elmi və texniki məlumatlarımız nə qədər dərin olsa da, bunların heç biri fəlsəfənin yerini tuta bilməz. Filosof olmaq yalnız bir hadisə, predmet və məlumat üzərində düşünmək deyil, həm də onu sorgulamaqdır. Filosof olmaq yalniz düşünülən şeyi deyil, düşüncənin özünü "istintaq mövzusu etmək"dir.

 

Fuad Məmmədov:

Ümumiyyətcə elm hər hansı qeyri-müəyyən informasiyaların öyrənilməsinə yönəlik ictimai fəaliyyətlər sistemidir. Bu qeyri-müəyyən informasiyalarını müxtəlif formada qruplaşdırmaq mümkün olduğundan tarix boyunca yeni elm sahələri yaranacaqdır və yaranmağada da məhkumdur. Elm ictimai bir hadisədir. İctimaiyyəti isə xarakterik edən hadisədən biri “dil”dir. Elm inkişaf etdikcə elm özününün “dil”ini (riyaziyyatı) yaratmağa məhkum idi. Müasir elm isə bu dillə danışmağa məcburdur. Artıq elmə kompleks sistemlər məlumdur, bu zaman fəlsəfi metodlar bu kompleksiliyi açıqlamaqda gücsüz qalır, çünki o metodlar riyazi üsullardan yoxsundur. Son 50 ildə riyazi-statistik üsulların inkişafı elmi yeni inkişaf mərhələsinə atmışdır. Məsələn statistikanın tətbiqi ilə iqtisadiyyat artıq texnki yoxsa sosyal elmlərə aid edilməsi problemini çıxartmışdır. Riyazi-statistik üsulların tətbiqi ekonometrika, biometrika və s. elmlərin ortaya çıxartmışdır. Hər bir elm sahəsinin öz predmet obyekti və metodologiysı vardır. Bəs bu zaman sual vermək olar ki, fəlsəfənin predmet və metodologiyası nədir? Əgər varlıq və idrakdırsa cavab vermək olar ki, artıq varlıq məsələsi ilə teorik və empirik fizika yetərincə böyük nailiyyətlər əldə etmişdir. Hər halda ilkin materyanın quruluşu, forması barədə təcrübi bilgiləri fəlsəfə deyil, empirik fizika əldə etmişdir. İdrak, ruh, şuur barədə artıq elm dünyası fəlsəfəyə deyil neyroloqiyaya, genetikaya və ya bunların sahələrinə müraciət edir. Burdan da göründüyü kimi fəlsəfəyə aid edilən predmetlər artıq fəlsəfənin deyil empirik elmin obyektinə çevrilmişdir. Sadəcə heyfslənirəm ki, insanlar fəlsəfini məcburən eyni statusunda tutub saxlamaq istəyirlər. Əgər Fəlsəfə əvvəlki nəticəni vermirsə ( çünki predmetləri artıq ayrı ayrı elm sahələrinin mövzusudur) demək ki, bu elm sahəsinin parçalanma vaxtı gəlmişdir. Fəlsəfə elmi (tarix elmi kimi) hal hazırda bir elm sahəsi kimi çıxış etməkdən çox siyasi spekulasiya və manipulasiya aləti kimi istifadə edilir.

 

Baxılıb: 10009    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.