az  |   tr
Fəlsəfə dünyası

Böyük fəlsəfədə qadının yeri varmı?   –  [17.04.2011]

Böyük fəlsəfədə qadının yeri varmı?

Böyük fəlsəfədə qadının yeri varmı?

         İnsan bütün ali varlıqları öz simasında təsəvvür edir. Və ona görə də tez-tez səhvə yol verərək yüksək məxluqların da cinslərə bölündüyünü təsəvvür edir. Halbuki, bu ehtimalın qarşısını almaq üçün Qurani Kərimdə, məsələn, mələklərin cinsi bölgüsü qadın kimi təsəvvür edilməsi 

Hər bir kəs kişi olmazdan öncə insandır. Fəlsəfədə kişinin və ya qadının dünyaya baxışı, dünyagörüşü, təfəkkürü öyrənilmir. Fəlsəfə İnsan ilə dünya arasındakı münasibəti öyrənir. Yəni məhz fəlsəfi düşüncə zamanı hərə öz cinsi mənsubiyyətinin fövqünə qalxaraq öz insani mahiyyətindən çıxış edir. Şüur da, nitq də, məntiq də qadın və kişi üçün eynidir.

 

Fəlsəfədə təkcə cinsi mənsubiyyət yox, etnik və irqi mənsubiyyət də əsas götürülə bilməz. Yəni bu halda da hər kəsin öz irqi və milli varlığının fövqünə qalxaraq məhz bir insan kimi düşünməsi şərtdir.

Sual oluna bilər ki, “ağların”, “qaraların” və “qırmızıların” fəlsəfəsi olmadığı və bu barədə heç mübahisə də açılmadığı bir halda, “kişilərin fəlsəfəsi” və ya “qadınların fəlsəfəsi” barədə söhbət açmaq nə dərəcədə məntiqlidir? Digər tərəfdən, başqa bir sual da qoyula bilər ki, fəlsəfənin yaradıcıları əsasən kişilərdirsə, bu onlara haqq verirmi ki, fəlsəfəni özəlləşdirsinlər və “fəlsəfə məhz kişilərindir” desinlər? Və qadınlar da gedib özlərinə ayrıca bir fəlsəfəmi quraşdırsınlar? Təəssüflər olsun ki, məhz fəlsəfə ilə bağlı olmasa da, elmlə, sivilizasiya ilə bağlı analoji mövqeyə rast gəlmək mümkündür. Söhbət kişi və qadın bölgüsündən deyil, Şərq və Qərb bölgüsündən gedir. Qərb mövcud ümumbəşəri sivilizasiyaya yiyələndikdən sonra, “bu – mənimdir, Şərq də ortaya öz sivilizasiyasını çıxarsın”, – deyir. Və biz şərqlilər təəssüf ki, bu təklifi qəbul edərək “Şərq sivilizasiyası” adlı bir şey düşünüb tapmağa çalışırıq.

 

Fəlsəfənin vahid olduğu və onun feminizm və ya maskulizmlə heç bir əlaqəsi olmadığını qeyd etməklə bərabər, əlbəttə, nəzərə alınmalıdır ki, düşüncənin aşağı, hissiyyatın yuxarı səviyyələrində etnik-milli mənsubiyyət də, cinsi mənsubiyyət də, hələ üstəlik ilkin ixtisas da, fiziki və mənəvi sağlamlıq dərəcəsi də və kim bilir daha nələr ortaya çıxa bilər. Və bu zaman təbii ki, qadınların və ya kişilərin düşüncəsində məhz öz cinsi məhdudluğundan (və ya üstünlüyündən) irəli gələn əlavə çalarlar, tonlar, nidalar yer ala bilər. Amma təkrar edirik ki, bunlar ancaq şüurun aşağı səviyyəsində ortaya çıxır. Fəlsəfə qatında, üstəlik böyük fəlsəfədə təbii ki, mücərrədlik dərəcəsi o qədər yüksəkdir ki, fərdiliklər hamısı silinmiş olur. Yeri gəlmişkən, elmdə də belədir. Yəni elmi təfəkkürün ərəb, ingilis, rus rakursları olmadığı kimi, kişi və qadın, cavan və qoca rakursları da yoxdur.

Əksinə, bu sətirlərin müəllifinin tərəfdarı olduğu bir konsepsiyaya görə, elmdən fərqli olaraq fəlsəfədə millilik məqamları vardır; yəni milli fəlsəfi fikirdən bəhs etmək mümkündür. Bu mövqe yuxarıda deyilənlərlə ziddiyyət təşkil etmirmi?

Hər şey terminlərin dəqiq seçilməsindən asılıdır. Böyük fəlsəfədə, əlbəttə, millilik də ola bilməz. Ona görə də, biz ancaq “milli fəlsəfi fikir” ifadəsini işlədirik. Qadınlarla bağlı “Fəlsəfi Diskursda” qoyduğumuz sualda da ona görə böyük fəlsəfə ifadəsini işlətmişik ki, aşağı səviyyələrdə, ola bilsin ki, yaş da, cinsi və ya milli-etnik xüsusiyyət də özünü büruzə verə bilər. Böyük fəlsəfədə – yox!

Biz burada fəlsəfənin öz məzmununun filosofun hansı isə mənsubiyyətindən asılı olmadığından bəhs etdik. Amma sualın ikinci tərəfi üçün də xeyli əsas vardır. Soruşulur ki, nəyə görə böyük filosofların əksəriyyəti kişilərdir? Qadınlar böyük, ümumbəşəri fəlsəfənin yaradılmasında iştirak etmirmi? Etmirsə, niyə? Bax, bu fərqli bir məsələdir. Yəni biz qadının prinsipcə filosof olması imkanını rədd etmirik. Daha doğrusu, bu məsələdə heç fərq də qoymuruq. Onda bəs niyə praktikada, gerçəkdə yaradıcı filosofların içərisində qadınlar yox dərəcəsindədir. Axı bu faktdır və izah tələb edir. Sadəcə olaraq, ona görəmi ki, qadınlar başqa işlərlə də məşğul olduğu üçün, yaxud hansı isə missiyaları olduğu üçün fəlsəfəyə vaxt ayıra bilmirlər. (Yeri gəlmişkən, Diskursun bəzi iştirakçıları da məhz bu cəhəti önə çəkməyə çalışırlar). Şübhəsiz ki, belə deyil.

Sadəcə olaraq, böyük fəlsəfəyə – zirvəyə çatmaq üçün tədqiqatçı əvvəlcə öz məxsusiliklərindən, fərdiliklərindən ayrılmalı və ancaq mücərrəd, universal insan olaraq fəlsəfənin subyektinə çevrilməlidir. Kişilərin arasında bunu bacaranlar nisbətdən çox tapılır. Qadınlar təbiətə daha yaxın olduqlarındanmı, instinktləri güclü olduğundanmı, daha duyğusal olduqlarındanmı öz qadınlıqlarından asanlıqla ayrıla bilmirlər. (Amma onlar narahat olmasınlar; Böyük filosoflar bir qayda olaraq kişilərdən çıxsa da, onlar dünyaya kişi prizmasından yox, məhz insan prizmasından baxdıqlarına görə, qadınların da əvəzinə düşünmüş olurlar. Yəni Böyük fəlsəfənin maskulin düşüncə ilə heç bir əlaqəsi yoxdur). Təəssüf ki, cavab verənlərin, demək olar ki, heç biri bu cəhətlərə diqqət yetirməmişdir. Təkcə Səidə adlı iştirakçı qeyd edir ki, “orta statistik qadın özü filosof ola bilməyəcək qədər praktikdir”. Əlbəttə, qadın düşüncəsində praktiklik, gündəlik həyata bağlılıq daha güclüdür, amma bu cəhət yeganə səbəb deyil. qadın düşüncəsində ətalət və ləngər də çatışmır. Daha doğrusu, onların xətrinə dəyməmək üçün, bu fikri belə demək lazımdır: qadın daha çevik düşünür və daha hazırcavabdır, qərarları tez verir, daha zəkidir. Nə etmək olar ki, hər yaxşı cəhətin bir çatışmazlığı da olur. Məhz bu zəkilik onlara xalis zəka səviyyəsində düşünməyə mane olur.

Hər necə olursa-olsun, fəlsəfi fikir tarixində qadınların da hər halda olduğunu (Hipatiya, Areta və s.) göstərməyə çalışan iştirakçıları anlayırıq. Amma hər halda onların Böyük fəlsəfəyə aidiyyəti xeyli dərəcədə şübhəlidir. Bu məqamda biz belə bir cəhəti də nəzərə çatdırmaq istəyirik ki, yaradıcı filosof olmaq bir şeydir, yaradılmış fəlsəfəni mənimsəmək və onu təbliğ və tədris etmək başqa şeydir. Bax, bu ikinci mənada Böyük fəlsəfənin sakinləri içərisində qadınlar həmişə olmuşlar və indi də az deyillər. Necə ki, Areta öz atası Aristippin, Asklepigeniya atası Plutarxın yaratdığı məktəbi davam etdirmiş, həmin yolun təbliğatçısı olmuşlar, sonrakı dövrlərdə də bir çox fəlsəfi təlimlər məhz qadınların əzmkarlığı və qayğısı sayəsində qorunub saxlanmış və gələcək nəsillərə ötürülmüşdür. Bu gün də fəlsəfə professorları arasında qadınlar az deyil. Və bu baxımdan, kişi professorlardan heç nə ilə geri qalmırlar. Həmin kişi professorlar ki, onların da Böyük fəlsəfəyə heç bir aidiyyəti yoxdur; təbliğ və tədrisdən başqa. Yəni biz fəlsəfi maarifçiliyi yaradıcı fəlsəfədən fərqləndirmək tərəfdarıyıq.

İştirakçıların cavablarında daha bir cəhəti qeyd etmək istərdik. Böyük fəlsəfə dedikdə onlar ancaq qədim yunan və Qərb filosoflarının adlarını çəkirlər. Arzu olunardı ki, özümüzünküləri də unutmasınlar.

Uzağa getməyək. Elə bizim Fəlsəfi Diskursun daimi qalibi Mətanət Abdullayeva Böyük Fəlsəfi ideyaları milli fəlsəfi fikir məcrasında və ana dilimizdə gözəl ifadə etməklə fəlsəfi maarifçilik sahəsində xüsusi bir istedad nümayiş etdirir. Onun fəlsəfə elmləri doktoru olub-olmaması şərt deyil; onun istedadı məhz milli ruhla fəlsəfi fikrin vəhdətində özünü göstərir. Bu cəhət ona istənilən mövzuya Qərb fəlsəfəsinin traktatlarına istinad etmədən, öz içindən gələn bir tövrdə və yaradıcılıqla yanaşmağa imkan verir.   

Elə ilk cümləsindəcə M.Abdullayeva qoyulan problemin məğzindən çıxış edir. Daha sonra problemi məhz Şərq fəlsəfəsi kontekstində izah edir. Yeri gəlmişkən, bu heç də təsadüfi deyil, çünki qoyulan suala Qərb fəlsəfəsi hələ ki, cavab verməyib.

 

I yerMətanət Abdullayeva

Böyük fəlsəfə ona görə böyükdür ki, onu yaradan insanların təfəkkürü kişi, yaxud qadın təfəkkürü səviyyəsində qalmayib bütöv İnsan təfəkkürü yüksəkliyinə qalxmışdır. Kişi və qadın varlıqları energetik planda uyğun olaraq Yan və ya İn enerjilərinin dominantlıqda təzahürləridir. Qadın düşüncəsi ilə kişi düşüncəsi bir çox aspektlərdə tam, yaxud da qismən, amma fərqlidir. Onlar(fərqlər) aləmin epizodik dərkində və belə dərkdən irəli gələn fəsadlarda özünü göstərir. Bu cür dərklərin hüdudları daraldıqca onların qadın və ya kişi təfəkkürünə məxsusluğunu göstərən əlamətlər çoxalır, İn, ya da Yan enerjisinin qabarıq və birtərəfli əks olunması güclənir. İnsan beyninin sol yarımkürəsi ağlın, məntiqin, rasional düşüncənin - Yan(kişi) enerjisinin, sağ yarımkürəsi intuisiyanın, hissiyyatın, irrasional təfəkkürün - İn (qadın) enejisinin məkanıdır. Hər iki yarımkürənin birgə fəaliyyəti, İn-Yan enerjilərinin (əslində onlar bir enerjinin təzahürləridir) tarazlığı idrak prosesini tənzimləyir, tarazlıq halında baş verən idrak prosesi idrakın yüksək mərtəbələrini şərtləndirir. A.Eynşteyn demişdir: "İntuisiya Allahın bəxşişidir, məntiq isə onun sadiq quludur". Bunların birliyində böyük fəlsəfə yaranır. Fəlsəfənin böyüklüyü öz çevrəsində kəsilməz əmsallar qədər müxtəlif ölçülüdür. Hind mistik-filosofu Oşo kişi və qadın təfəkkürünün inteqrasiyası haqqında belə demişdir: "...bu, kişiylə qadının, Yanla İnin, solla sağın, məntiqi olanla irrasionalın, Aristotellə Platonun batini görüşüdür". Deyirlər ki, Eynşteynin dahiliyinin səbəbi sağ yarimkürəsinin sol yarımkürəsi kimi aktiv işləməsinə görə idi. Belə tarazlıq zahirən kişi, yaxud qadın varlığında baş verməsindən asılı olmayaraq, yaradıcılıq zamanı batində ozünün resurslarını maksimum, ya da maksimuma yaxın hədlərdə realizə etmiş İnsan fenomenində baş verir. Belə insanların fəlsəfəsi tarixin bütün dövrlərində bu və ya digər dərəcədə bəşəriyyətə xidmət edir, fəlsəfə alimlərini düşündürür və tələbələr tərəfindən əzbərlənir. Filosof İnsan fenomeninin əksərən kişi fiziki varlığında təzahürü probleminə (əgər problemdirsə) kosmik prizmadan baxdıqda düzgün izah vermək olar, çünki bu, Yer planetinin Kali Yuqa dövründə Balıqlar bürcündəki mövqeyi ilə birbaşa bağlıdır. Belə ki, qadının borc, xidmət və itaətkar vəziyyətini şərtləndirərək kişinin güclü mövqeyini - patriarxatı idealizə edən və 2 min il sürən Balıqlar dövründə yalnız böyük fəlsəfədə yox, həyatın digər sahələrində - aşpazlıqdan tutmuş sərkərdəliyə qədər bütün sahələrdə kişilər üstün mövqedə olublar, indi də olmaqdadırlar. Böyük filosoflar nə qədər yüksək energetik səbat və harmonik təfəkkürə malik olsalar belə, Kosmik müqəddəratın təsirindən çıxa bilməmişlər. Məsələn, Platon belə deyib: "Eyni təbii xüsusiyyətlərə canlı varlıqların hər iki cinsində rast gəlmək olar, xassəcə qadın da, kişi də bütün işlərdə iştirak edə bilər, amma qadın hər şeydə kişidən zəifdir". Aristotel isə belə deyib: "Təbiətən kişi müqayisədə qadından üstündür, ona görə də o tabe edir, qadın isə tabe olur". Demokrit yazır: "Kişi üçün ən böyük təhqir qadının hökmranlığı altında olmasıdır". Hegel isə daha konkret fikir söyləyir: "Qadınlar elmli ola bilər, lakin onlar ümumilik tələb edən ali elmlər,fəlsəfə və bəzi sənət növləri üçün yaranmamışlar". XXI əsr Yer planetinin qadınların tabe mövqedən çıxması ilə xarakterizə olunan kosmik Dolça bürcünə daxilolma dövrüdür. Bürclərin əvəzlənməsi birdən yox, yüz illərlə davam edən tədrici prosesdir. Dünyada baş verən hadisələr böyük fəlsəfədə nə vaxtsa qadınların yerinin olacağı proqnozuna optimist baxmaq imkanı verir. Kosmik qanunların əleyhinə çıxmaq olmaz, xüsusən də biləndə ki, hər şey qanunauyğun şəkildə dəyişir, əvəz olunur - hər şey dövri harmonik rəqsdədir.

 

II yerAnar Məhərrəmli

Mən belə düşünürəm ki, fəlsəfə ilə məşğul olmaq özü böyük zəhmət və isdedad istəyir. Əgər istedadın varsa və bu istedadını tətbiq edə biləcəyin bir mühit varsa mütləq uğur da olacaqdır. Bu istisna olaraq bəzi sənət sahələrində fərqli ola bilər amma söhbət fəlsəfədən də deyil hələ böyük fəlsəfədən gedirsə, bu gün kü gündə cəsarət edib böyük fəlsəfədən danışmaq özü çətindir. Və gedilə biləcək şərəfli yolların şahənşahını fəth etmək, orada özünə yer qazanmaq və onun tarixinə ad yazdırmaq qazanılacaq ən böyük uğurdur. Qaldı ki, sualın cavabına; -Keçmişə (tarixə) nəzər salanda görərik ki, böyük fəlsəfə ilə məşğul olub ora adını yazdıranların əksəriyyəti kişi cinsinin nümayəndələridir. Amma bu o demək deyil ki, zərif cinsin nümayəndələri böyük fəlsəfə ilə məşğul ola bilməz yaxudda onların böyük fəlsəfədə yeri yoxdur. Sadəcə, bu yaxın 10 minillikdə kişilərin hakimiyyət gücünün daha yüksək olmasından və mühitin əlverişli olmamasından qaynaqlandığı düşüncəsindəyəm. Və bir şeyi də nəzərə alsaq ki, qadın və kişi birlikdə bir bütövlüyü, bir bütünü ifadə edir və bunlardan hərhansı birinin olmaması bütünlüyün tamamən yox olmasına gətirib çıxarar. Bu məntiqlə düşünəndə böyük fəlsəfədə qadının da yeri olmalıdır ki, orada da bir bütövlük və fəlsəfənin təməl balansı bərqərar olunsun.

 

III yerSəidə Ocaqverdiyeva

Sokrat: İstənilən halda evlənin. Yaxşı həyat yoldaşı əldə etsəniz xoşbəxt olacaqsınız. Pis həyat yoldaşı əldə etsəniz FİLOSOF... Bu isə hər kişi üçün yaxşı nəticədir. Bu məntiqlə istənilən böyük filosof "pis" qadının münasibətinin məhsuludur.

P.S. Məncə, orta statistik qadın özü filosof ola bilməyəcək qədər praktikdir.

 

III yerRoza  Allahverdiyeva

Qurani-kərimdə qadın və kişi xilqət-yaranış nöqteyi-nəzərincə bir həqiqətdəndirlər. İnsanın kamilləşməsi də ruha aiddir. İnsani fəzilətlərə çatmaqda qadın da kişi kimi ucala bilər. Demək, yol seçməkdə və mənəvi dərəcələrə çatmaqda qadınla kişi arasında fərq yoxdur. Qadınların böyük fəlsəfədə yerinə gəldikdə isə, hələ bizim eradan əvvəl də filosof qadınlar olmuşlar: Hipatiya, Asklepigeniya, Aspasiya, Areta və s. Bu qadın filosoflar Sokrat, Platon, Prokl, Aristip kimi dahi filosoflar tərəfindən tanınmışlar. Dr.Muhəmməd Əkrəm Nədvi-nin dediyinə istinadən "Filosofların və məntiq alimlərinin qadına baxışının mənfi olması həqiqəti sonralar qadın alimlərin sayının azalmasına gətirib çıxardı". Platonun qadın haqqında dediyinə nəzər salaq: "Yaxşı ki, azad yarandım, qul yox. Yaxşı ki, kişi yarandım, qadın yox". Düzdür, dünya tarixində kişi filosofların sayı qadın filosofların sayından qat-qat çox olub. Lakin əsrlər boyu daim təzyiqlərə, törələrə, sıxma-boğmalara rəğmən qadınlar arasında dahi yazıçılar, filosoflar olub və olacaq.

Baxılıb: 8522    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.