az  |   tr
Fəlsəfə dünyası

“Şey özündən şərəfli olanı yarada bilərmi?” - Fəlsəfi
Diskursun yekunları.   –  
[05.05.2011]

“Şey özündən şərəfli olanı yarada bilərmi?” - Fəlsəfi Diskursun yekunları.

Bu dəfə Fəlsəfi Diskursda Şihabəddin Yəhya Sührəvərdinin
“Şey özündən şərəfli olanı yarada bilərmi?”
sualı ətrafında müzakirə açıldı. Suala verilən cavablardan daha çox bəyənilən 23-ü saytda yerləşdirildi. Bunlardan 5 ən yaxşı cavabın müəllifi mükafata layiq görüldü.

I yer – Bəhlul:
Əlbəttə, hər şey "daha şərəfli" olmağın meyarından asılıdır. Nə deməkdir "daha şərəfli"? Sual belə qoyulsaydı ki, "öncə özündə ən azı rüşeym şəklində olmayanı yaratmaq mümkündürmü", - daha konkret olardı. Bu zaman şeyin aşkar və qeyri-aşkar, işıqlı və qaranlıq tərəfləri nəzərə alınmalıdır. Bir çiçəkdən, bitkidən dərman düzəltmək mümkündür. Amma ilk baxışda bu şüydə nəyin isə dərmanı gizləndiyi bəlli olmaz. Deməli, müəyyən kimyəvi tərkib özünü zahirdə ancaq bir çiçək kimi göstərən varlığın rüşeym şəklində var imiş. Amma elə bu misalın timsalındaca məsələnin başqa tərəfi ortaya çıxır. Çiçək özü subyekt kimi çıxış edə bilərmi? O, öz içindəki məlhəmi anlayıb kimə isə təqdim edə bilərmi? Əlbəttə yox. Bu halda kənar bir subyektin müdaxiləsi lazım gəlir. Yəni yaratmaq sifəti Allahdan başqa ancaq insanlara məxsusdur. Sührəvərdi şey sözünü işlətsə də, əslində “yarada bilərmi” sualından görünür ki, söhbət insandan gedir. Cansız aləmə, bitki və heyvanlara şamil edildikdə sualın ancaq başqa tərəfi önəm kəsb edir. Yəni “şey özü yarada bilərmi” mənasında yox, “şeydə olmayanı həmin şeydən yaratmaq olarmı?” mənasında sualı belə cavablandırmaq olar. Birincisi, şeydə aşkar şəkildə olmayanları üzə çıxartmaq olar. Ikincisi, şeydə həm aşkar, həm qeyri-aşkar şəkildə olanlar yaradıcı subyektin zəka işığında (işığın təsirinə məruz qalmaqla) tamamilə yeni bir simada, obrazda və hətta yeni statusda ortaya çıxa bilər. Böyük sənətkarların yaradıcılığı buna ən gözəl misaldır. Onlar təsvir etdiyi səhnədən daha mükəmməl bir surət (bədii obraz) hasil edirlər. Ona görə ki, təsvir etdiklərini sadəcə kopiyalamırlar, onları yeni rakursda, yeni baxış bucağında, yeni işıqlanma dərəcəsində nəzərdən keçirirlər…

II yer  – Kənan Şirinov:
Salam... Bu sual əslində mənə, mən tələbə olarkən dilimizdə çox məşhur olan sofist bir sualı xatırlatdı: "Allah hər şeyə qadir bir varlıqdırsa, elə bir daş yarada bilərmi ki, özü qaldıra bilməsin?" Mən fikrimi əslində belə izah edərdim - şərəf anlayışı şəxsiyyətlərin cəmiyyətdə məcmuu elədikləri nisbi bir anlayşsdır. Bir şey başqa şeyi yaradarkən ona heç vaxt ictimai keyfiyyət verə bilməz. O, ictimai keyfiyyətini yaxşı və ya pis olmasını, şərəfli və ya şərəfsiz olmasını, cəmiyyətdə davranışları ilə qazanar, yəni sırf sosiopsixoloji baxımdan bu mümkün ola bilməz. Bir xüsusi məsələni qeyd edim ki, yazılmış fikirlərin arasında bəzi dəyərli yoldaşlar cəmiyyətdə normal olmayan bir ailədən çox dahi və şərəfli adamların çıxmasını qeyd ediblər. Amma bu şəxslər cəmiyyətin, ictimai sosial mühitin və həmin şəxsin psixoloji durumununun nəticələridir. O konkret şəxs və ya şey tərəfindən yaradılmayıb. Məsələnin digər bir yönü: əgər biz sualı aydin və ardıcıl bir məntiqlə analiz etmiş olsaq, orda belə bir məsələ ilə qarsılaşarıq: şeyin özündən keyfiyyət və ya kəmiyyət baxımından özündən daha üstün və ya böyük bir şey yaratması. Bir şey heç vaxt bir başqa şeyi yaradarkən özündə olandan çox bir başqasına verə bilməz. Bu fikrimi izah etmək üçün sizə bir bayağı analogiya deyim. Məsələn, siz öz avtomobilinizlə yolda hərəkət edirsiniz, həmin vaxt tanış simalarınızdan birinin avtomobili ilə yolun kənarında dayandığını gördünüz. Vəziyyətdən xəbərdar oldunuz ki, həmin tanışın yanacağı bitib. Siz yüksək fədakarlıq edərək bütün yanacağınızı ona vermək eşqinə düşdünüz. İnidi siz deyin sizin yanacaq çəninizdə və ya ehtiyat cəninizdə olandan artıq yanacaq verməniz mümkündürmü? Məncə yox. Yəni əgər şeyin özündə şərəf anlayışı nə qədərdisə, yaratdığı şeyə də o qədər şərəf verə bilər. Gəlin burda Spinozanin məşhur bir ifadəsini yada salaq - "azadlıq dərk edilən zərurətdir", yəni hər kəsin azdlığı, şərəfi, xoşbəxtliyi onun dərk etdiyi qədərdir. Burda bir məsələ daha var: bir neçə şeyin məcmusundan yaranan şey öz tərkib hissələrindən ayri-ayrılıqda daha üstün ola bilər, amma tək şeydən yaranmış şey heç vaxt yaranmış olduğu şeydən daha üstün bir keyfiyyətə sahib ola bilməz. Yuxarıda söylədiyim fikirlərin hamısı insan təfəkküründə və ya cəmiyyətdə nisbi şəkildə əldə olunmuş keyfiyyət və ya kəmiyyətlərə aiddir. Əgər şey mütləq və zəruri varlıqdırsa bu zaman burda yaratmaqdan çox həmin şeyin forma və ya şəkil dəyişməsindən söhbət gedər. Buna da elə dini bir misal - Biz Allah ruhunun özü tərəfindən başqa bir şəkilə salınmiş formasıyıq.

– Sahil Şirinov:
    Bu suala müxtəlif aspektlərdən yanaşaraq cavab vermək olar..Əvvəla şey kateqoriyası fəlsəfi anlamda mövcud olanların hamısına aid edilsə də,şərəf kateqoriyası bu "şərəfə" layiq görülmür.Yəni şey adı altında kvarklardan tutmuş Allaha qədər hər mövcudatı düşünmək caizdir.Yəqin ki burda Allah anlayışına sadəcə varlıq və ya mövcudat kimi yanaşmaq kafi kimi görünmür.Amma , hər halda o qeyri-varlıq kimi və ya heçlik kimi düşünülə bilməz....Məsələyə hansı mövqedən və hansı parametrlərdən yanaşmaq həmişə çox şeyi dəyişir.. Biz dünyada yaranma, yoxsa dəyişmə olduğunu ayırd edə bilirikmi ? Bu çox diqqət çəkən məqamdır..Dəyişilməyən şey varmı ? Şey özü dəyişirsə onun əvvəlki vəziyyətilə sonrakı vəziyyətini bağlayan nədir ? Ümumilikmi ? Ya bəlkə heç vaxt dəyişilməyən o"nəsə".Hər halda dəyişmə var.Amma hər cür dəyişmə yaranmadırmı? Ölüm dəyişmədir-bəs Ölüm (Məhv) yaranmadırmı? Bəlkə bu vaxta qədər məhv kimi düşündüyümüz hər şey həmdə yaranmadır..Əgər hər mövcud olan yaradılırsa , demək dəyişmə baş verir yenədə...yəni yaradılan "nəsə" nədənsə yaradılır...Demək yaradılma həmişə nəyinsə nəyəsə çevrilməsini tələb edir...Bu bir halda pozula bilər-heçdən yaradılma anlamı qəbul edildikdə..Dünyanın son "kərpiçcikləri"nin nə olması haqqında həmişə susulacaqsa, kainatın hüdudları sonsuzdursa,demək beləcə yaradılışın sonsuz mərtəbələri heç vaxt tamamlanmır (prinsipcə). Biz klassik üslubda yaradan və yaradılan anlayışlı məntiqə söykənmişik.Əgər yaratma yalnız heçdən var eləmək anlamında düşünüləcəksə, demək o ancaq intuitiv olaraq Yaradan və yaradılan məntiqilə izah oluna bilər.Bu halda yaratma şərəfi təbii ki ,Əşrəfə-biz insanlara aid deyildir. Amma bu fikrə daha dərin yanaşsaq əslində dünyaya gəlməmiş bir körpənin ,tikilməmiş bir evin..və beləcə hər yeninin yaranmamışdan öncə bir layihə ,bir imkan,(gerçəkləşməsə heçlik)olduğunu düşünə bilərik.Fərq ondadır ki, yenilər köhnə və substansional əsasa malik olmalıdırki o ekzistensiyaya malik olsun..Düzdür, ekzistensialist məntiqlə şey mahiyyətini mövcud olduqdan sonra alır..Lakin qənaət budur ki, bizim anladığımız və bacardığımız anlamda yaratdıqlarımız həmişə özündən əvvəl NƏSƏ olmasını tələb edir.. Bu anlamda yaratma hər cür aşınma və dəyişilmə kimidə düşünülə bilər...Əgər heçdən deyil nədənsə yaranıbsa demək bu həyatın içidir.Yaratma yalnız canlı, zihəyat formada düşünülərsə burda çevrə bir qədərdə daralar.. O ki qaldı yaratmanın şərəfli formasına , burda artıq çox şeylər susmalı olur...Şərəfli olmaq etik anlamda bəşəri məziyyətdirsə,birmənalı olaraq biz demək olar bu sualla bir şeyi axtarırıq-İnsanın yaradılış sirrini... Şərəf, ləyaqətdən, vicdandan,sosial statusdan- bir sözlə içimizdəkilərdən və çölümüzdəkilərdən hər birilə bağlılığa malikdirsə,demək bu anlamda o yalnız hələ nə var olmaqla, nə də yox olmaqla izah oluna bilər.Düzdür yaranma - yəni necə yaranma şərəfə təsirsiz ötüşə bilməz,hətta onu şərtləndirir,amma sonacan yox..(ən azı yuxarıdakı səbəblərdən dolayı).Digər tərəfdən şərəf elə bir məziyyətdir ki, o da prosessualıqla mükəmməlləşir. Bu anlamda şərəf yaradanın möhürü kimi düşünülə bilməz..(bəlkədə, daha doğrusu şərəf yalnız yaradana bağlı deyildir).Çünki, şərəfin birinciyə(səbəbə) bağlı olması yaradılanda həmişə özünü göstərir...Birincinin şərəfi vacibdirmi ?Bəli vacibdir-amma Bəlkədə birincinin şərəfindən çox onun münasibəti vacibdir və ya bəlkədə ən vacibi yaradılanın özünün mahiyyət və mənliyidir.. Bu bəlkələrin başında daha böyük bəlkə(və bəlgə) gəlir..?! Yəni hər şeyin əvvəli və sonu həmişə olduğu kimi izah edə bilmədiyimiz fövqəlliklə bağlanacaqsa, demək şərəf yeni qiymət alacaq.Hər halda şərəf ya bəşəri ya fövqəldir,yaxud həm bəşəri həm fövqəldirsə, demək yaradan (şey) hər şeyi həll etmir...Nəinki özündən şərəflini bəlkə öz şərəfini .özünü belə özü yaratmır..Şərəfə sahib olmaq əslində özünü yaratmaq kimi bir şeydir,o ki qaldı başqa varlıq və şərəf yaradasan-bu səbəbə dönməkdir.Şərəfin həmdə bəşəri adlandırılması təsadüfi sayılmamalıdır.Axı əgər şərəf proseslə formalaşırsa ,(özül üstdə) bu prosesə də hər cür yenini qatan azadlığımızdır bəlkədə..Hər halda şərəf çox şeylərə bağlı ola bilər.. Mən əminliklə söyləməyə çətinlik çətirəm ki, şərəfi şey yaradır,bəlkə şeyi şərəf yaradır...? Digər tərəfdən hər varlığı şərəfli saymırıqsa,bunu izah edə bilməliyik. Bunu bəkədə insanın mükəmməl yaradılması ilə izah edənlərik,amma bu nə isə tam lıq kəsb etmir. Şey özünün şərəfini ləğv edə bilərsə. bəlkədə özündən şərəflisini yarada bilər.Amma buda məlumdur mu ki, şərəf şeyin maddəsinə bağlıdır ?Yəni genetik şərəflilik varmı? Ya şərəf bəlkə ruhi səpintidir ,"Fövqəlşərəf"in İşraqıdır.. Şərəfli olan özündən şərəflini yaratsa belə özünün davamı kimi yaratmaq istəyər özü ilə yanaşı yaratmağı düşünməz yəqin ki. Məncə şərəfi şey özü birbaşa determinə etmirsə istəsə belə yarada bilməz...Amma bəlkədə şeyə şərəf verən onun necə yaradılışıdır... Necə şey olmaq ,necə şərəfi olmağa bağlıdır.. Özündən şərəfli yaradılan desək də yenə müəllif birincidir-o yeni yaradılanın şərəfidə onun (birincinin) şərəfi deyilmi ? Şey özündən şərəflini "yaratdıqca" birincilər kölgələşir əslində... Yaradan öz şərəfinin yiyəsidir çünki....

III yer – Könül Telmanqızı:
   Allah insanları və bütün var olanları "ol" deməklə yaratmışdır. Lakin bütün varlıqlarda ideallıq prinsipi yoxdur. Buna görə demək olar ki, Yaradan öz yaratdıqlarını nə qədər mükəmməl və şərəfli yaratsa da, heç nə Onun özündən şərəfli və mükəmməl ola bilməz. Yaradan yaratdıqlarını özündən mükəmməl və şərəfli yaratmır, çünki hər şey Onun bir parçasıdır. Və şey özündən şərəfli olanı yarada bilməz. Çünki yaradarkən öz mükəmməliyinin hamisinı deyil, müəyyən hissəsini ona bəxş edir.

– Elbrus Xasiyev:
Bildiyimiz kimi, Şihabəddin Yəhya Sührəvərdi də varlıği vacib və mümkün olmaqla 2 qismə bölür ve qeyd edir ki, Vacib, yaxud zəruri varlığın mövcudluğu onun özünə görədir, mümkün varlıgın mövcudlugu isə başqasının sayəsindədir. Buradan görünür ki, filosof nəticə olan, yaradılan varlıqları və ya şeyləri nəticə kimi nəzərdən keçirmişdir. Buraya həmçinin təbiətdə özünün bütün müxtəlifliyi ilə götürülən canlı və cansızlar da aiddir. Filosof təbiətdə olan hadisə və proseslər arasında səbəb-nəticə əlaqəsinin olduğunu qeyd edirdi. Bu mənada hər bir şey bir şeyə münasibətdə səbəb, digər bir şeyə münasibətdə isə nəticə kimi cıxış edə bilər. Onu da qeyd edim ki, şərəf anlayışı insanlara aid olduğu üçün təbiətdə (şeylər) səbəb-nəticə əlaqəsini bu anlayışla izah etmək düzgün olmazdı. Bu əlaqəni mükəmməlliklə ifadə eləmiş olsaq, onda düşünürəm ki, bu mənada nəticə səbəbdən daha mükəmməl ola bilməz, bir şey ki, bir şeyin səbəbi olur nəticə olan şey səbəb olan şeydən daha çox şey ola bilməz. Yəni, nəticə səbəbdə olandan daha çox şeyi özündə ehtiva edə bilməz. Əksini düşünsək onda nəticənin bir hissəsi heç nədən yaranmış olardı ki, heçlik də hər hansı bir şeyin səbəbi ola bilməz. Həmçinin düşünürəm ki, nəticə səbəbdə olan mükəmməlikdən artiğına sahib ola bilməz. Ola bilsin ki, bunun əksi nəticənin hər hansiı bir fraqmentində özünü göstərsin amma sistem olaraq nəticə səbəbdən mükəmməl olanı yarada bilməz. Örnək olaraq insanı göstərmək olar ki, insan min illər boyu nələrisə yaradir (və deməli nələrinsə səbəbidir). Müasir dövrdə insan çox mürəkkəb süni sistemlər yaradir (texniki, kibernetik və s.) amma hələ ki, insana, nəinki, özündən daha mükəmməl, hətta, özü kimi sistem yaratmağa elm, texnika belə kömək eləmir. Şərəf məsələsinə gəldikdə isə, şərəf anlayışı mənəvi dəyər olaraq insana və cəmiyyətə aid oldugundan buradakı "şey" anlayışı da güman ki, insanı nəzərdə tutur. Bu mənada isə insan özündən şərəfli bir "şey" (insan) yarada bilər, çünki şərəf içtimai mühitin, cəmiyyətin insana verdiyi qiymətdir. Bu isə Ləyaqətdən (insanın özü-özünə verdiyi qiymət) daha üstündür. Hər hansı bir ailədən çıxan övlad cəmiyyəti və dövləti, gələcək nəsillər üçün valideynlərindən daha çox işlər görə bilər, daha çox xeyir verə bilər. Bütün bunlar isə cəmiyyətin ona verdiyi yüksək qiymətdə (şərəf) öz ifadəsini tapır. Sonda onu da qeyd edim ki, bütün bu bəhs olunan məsələlər, yalnız, mümkün varlıqlar dünyasına, (yaşadığımız dünya) aiddir, çunki zəruri və ya vacib varlıqda yalnız bir səbəb var ki, o da onun öz mahiyyətindən irəli gəlir. Təbii ki, insanın (səbəb) nəyisə yaratmasını (nəticə) Vacib varlığın (Allah) nəyisə yaratması ilə qətiyyən müqayisə etmək olmaz.

Baxılıb: 5723    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.