az  |   tr
Fəlsəfə dünyası

Azərbaycanda elmşünaslıq elmi   –  [16.05.2011]

Mahmud KƏRİMOV,
akademik
"Azərbaycan" qəzeti. 15.05.2011


Yüksək iqtisadi inkişaf tempi ilə seçilən bir ölkədə bu tərəqinin davamlı olmasını təmin etmək üçün ən mühüm şərtlərdən biri elmin də müvafiq səviyyəyə yüksəlməsidir. Bunun üçün isə ilk növbədə elmin öz mahiyyətinin və funksiyalarının düzgün müəyyənləşdirilməsi və dövrün tələblərinə uyğun dəyərləndirilməsi lazımdır. Elmin özünüdərk səviyyəsinə qalxması, bütün başqa sahələri öyrəndiyi kimi, nəhayət, özünü də tədqiqat obyektinə çevirməsi onun yetkinlik dərəcəsindən xəbər verir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda bu sahədə böyük bir dirçəliş duyulmaqdadır. Bu günlərdə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun "Elm haqqında elm" kitabı (Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı, 2011, 752 s.) çapdan çıxmışdır. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyevdir. Ön sözdə haqlı olaraq qeyd edildiyi kimi, "Sovetlər birliyindən ayrıldıqdan və müstəqillik əldə etdikdən sonra Azərbaycanda elmin yenidən təşkilatlanması qarşıda duran ən mühüm vəzifələrdən biridir".
"Yenidən təşkilatlanmaq" və ya yeni təşkilati modellərdən istifadə etmək nə üçün vacibdir? Çünki iqtisadi münasibətlər sistemində baş verən dəyişikliklər istər-istəməz elmin təyinatına və funksiyalarına da təsir göstərir. Azərbaycan özünün sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Belə bir şəraitdə elm də inkişafın ön xəttində ola bilmək üçün qabaqcıl dünya praktikası ilə yanaşı, Azərbaycanda gedən irimiqyaslı islahatları, yerli iqtisadiyyatın tələbatını və sosial sifarişləri də nəzərə almalıdır.
Bu kitab müəllifin son ildə elmlə bağlı yazdığı sayca dördüncü və məzmunca ümumiləşdirici, yekun əsəridir. Bundan öncə çap olunmuş "Azərbaycanda elm və onun təşkilati formaları", "Elm adamları elm haqqında" və "Elmşünaslığa giriş" kitabları isə bu yekun əsər üçün bir növ hazırlıq mərhələləri hesab oluna bilər. Belə ki, adını çəkdiyimiz ilk kitabda müəllif məhz Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, "Elm adamları elm haqqında" adlandırdığı kitabda türk-islam dünyasında elmə münasibət məsələlərindən bəhs edirdisə, "Elmşünaslığa giriş" kitabında bütün dünya miqyasında elmin bir sistem kimi formalaşması tarixindən və bu sahədə aparılan tədqiqatlardan söhbət açmış, elmşünaslığın müstəqil bir fənn kimi səciyyəsini vermişdir. Burada həmçinin müasir dünya elmşünaslığına ümumi nəzər salınmış, bu sahədə aparılan tədqiqatlar barədə müfəssəl məlumat verilmişdir. Haqqında bəhs etdiyimiz "Elm haqqında elm" kitabı isə müəllifin neçə illər ərzində elmşünaslıq sahəsində apardığı şəxsi tədqiqatlarını da əhatə edir və ensiklopedik yönlü bir kitab olmaqla yanaşı, bu sahədə sanballı monoqrafiya kimi də dəyərləndirilə bilər.
Müasir fəlsəfədə, o cümlədən Qərbin "elm fəlsəfəsi"ndə ilk növbədə elmiliyin meyarları, elmi biliyin həqiqiliyi məsələsi öz əksini tapmışdır. Bəzi tədqiqatlarda elm yalnız məntiqi-qnoseoloji aspektdə, digərlərində isə - yalnız sosial aspektdə nəzərdən keçirilir. Müəllifin fikrincə, bu, elm sisteminin çoxölçülü olmasından irəli gəlir. Elmi çoxölçülü bir sistem kimi təqdim etmək üçün müəllif onun müxtəlif aspekt və rakurslarının bir araya gətirilməsinə, ümumi metodoloji araşdırma prinsiplərindən çıxış etməyə çalışmışdır.
Elmin mahiyyətindən, funksiyalarından, metodlarından bəhs edən müəllif bu məsələləri sadəcə kənar müşahidəçinin dili ilə qələmə almır, başqa əsərlərində olduğu kimi, bu əsərində də ümumi ilə xüsusinin vəhdətindən çıxış edir; dünyada gedən elmi axtarışlara qatılmaqla yanaşı, Azərbaycan elmi mühiti üçün də spesifik cəhətləri nəzərə alır, ölkəmizdə aparılan tədqiqatlara öz münasibətini bildirir.
Bəziləri müstəqil Azərbaycan dövlətində bir çox başqa sahələr kimi, elmin də tamamilə yenidən qurulmalı olduğunu düşünürlər. Amma elm varislik tələb edir. Hər şeyi yenidən başlamaq sovet dövründə qazanılmış nailiyyətlərin üstündən xətt çəkmək və ideologiyadan imtina edərkən bunun elmə də aid olduğunu düşünmək çox böyük sadəlövhlükdür.
Elm bir-iki və ya hətta beş-on ilə qurula bilməz. Onun əsasında neçə yüzillər ərzində həyata keçirilən maarifçilik işi və neçə onilliklər ərzində formalaşmış tədqiqatçılıq vərdişləri dayanır. Azərbaycanda maarifçilik işi Abbasqulu Ağa Bakıxanov və Mirzə Fətəli Axundov tərəfindən başlanmış, XIX əsrin axırları, XX əsrin əvvəllərində geniş vüsət almışdır. Elmi tədqiqat işlərinin təşkilatlanması isə əsasən sovet dövründən sonra başlanmışdır. Xüsusilə, Elmlər Akademiyasının yaradılması Azərbaycanda elmi tədqiqat ənənələri ilə yanaşı, elmin sosial institut kimi formalaşması sahəsində də böyük bir dönüş yaratmışdır. Azərbaycanda elm bir sıra mühüm istiqamətlər üzrə dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəlmişdir. Bax, bu mənada biz müstəqil Azərbaycana əliboş gəlməmiş, müəyyən ilkin elmi potensial və təşkilati strukturla birlikdə qədəm qoymuşuq. Məqsədimiz nəyi isə uçurub tamamilə yenidən qurmaq deyil, bu böyük ənənələri yeni dövrün tələblərinə uyğun surətdə inkişaf etdirməkdir.
Bu günlərdə biz ulu öndər Heydər Əliyevin ad gününü qeyd edərkən onun elmlə bağlı dediyi fikirləri bir daha yada saldıq. Heydər Əliyev deyirdi: "Yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik".
Prezident İlham Əliyev də dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmağın ən mühüm şərtlərindən biri kimi yüksək elmi potensialın vacibliyini dönə-dönə qeyd etmişdir. Onun Milli Elmlər Akademiyasının illik yığıncağında iştirakı və dərin məzmunlu çıxışı bir daha göstərdi ki, ölkəmizin inkişaf strategiyasında elmə xüsusi yer verilir. Dövlətin bu diqqət və qayğısına cavab olaraq biz elm adamları da ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işlərinə öz töhfəmizi vermək, Azərbaycan elmini müasir tələblər səviyyəsində yenidən qurmaq əzmində olduğumuzu nümayiş etdirməliyik. Lakin elm elə bir mürəkkəb sahədir ki, burada hər hansı bir islahat xüsusi diqqətlə ölçülüb-biçilməli, daha doğrusu, elmi əsaslar üzərində həyata keçirilməlidir. İndi bütün dünyada elmin idarə olunmasından, maliyyələşməsindən tutmuş, təşkilati struktura və elmi yaradıcılığın prioritet istiqamətlərinə qədər bütün aspektlər elmi tədqiqat obyektinə çevrilmiş və bu tədqiqatlar yeni elmi sahənin - elmşünaslığın formalaşmasına gətirib çıxarmışdır. Heç şübhəsiz, biz də elm sahəsində islahatlar apararkən elmşünaslığın nailiyyətlərindən bəhrələnməliyik. Lakin təəssüf ki, bu sahə indiyədək Azərbaycanda çox az inkişaf etmişdi. Son illərə qədər elmşünaslıq xüsusi tədqiqat istiqaməti kimi formalaşmamış və bu sahə hətta akademiyanın elmi tədqiqat problemləri və mövzuları sırasına daxil edilməmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qarşıya qoyduğu neft kapitalını intellektual kapitala çevirmək vəzifəsinin həyata keçirilməsi ilk növbədə maarifçiliyin dirçəlişi və elmin inkişafı sayəsində mümkündür. Bunun üçün isə heç olmasa, bundan sonra aparılacaq bütün islahatların elmi-nəzəri əsaslara söykənməsi mühüm şərtdir. İndiyə qədər bizim elm sahəsində çalışan və elmə rəhbərlik edən adamların əlində rəsmi təlimatlardan, qanun və sərəncamlardan, əsasnamələrdən başqa bir vəsait olmamışdır. Bu isə işə yaradıcı surətdə yanaşmaq imkanlarını məhdudlaşdırır və formalizmi gücləndirirdi. Bu kitabın ortaya çıxması vəziyyəti xeyli dəyişir. Mənə elə gəlir ki, biz qabaqcıl ölkələrdə elm quruculuğu praktikasını, optimal təşkilati formaları və elmin daxili inkişaf qanunauyğunluqları ilə onun infrastrukturu arasında əks-əlaqə sistemini mənimsədikdən sonra ölkəmizdə elmin inkişafı üçün bir növ nəzəri-fəlsəfi təməl yaranacaqdır.
Kitabı oxuduqda yaranan mühüm qənaətlərdən biri də bundan ibarətdir ki, fəlsəfi dünyagörüşü və elmi metodologiyaya yiyələnmədən, fundamental elmi tədqiqatlar sahəsində böyük uğurlar qazanmaq qeyri-mümkündür. Kitab belə bir cəhəti ilə də əlamətdardır ki, burada yalnız Qərb fəlsəfəsinə istinad olunmur və bizim üçün daha doğma olan fəlsəfi düşüncə ənənələri nəzərə alınır. Müəllifin fikrincə, elmi tədqiqat sahəsində də yeni nəticələr əldə edilməsi məlum problemlərə bir qədər fərqli nəzər sala bilməkdən asılıdır. Bizi Qərb alimlərindən fərqləndirən cəhətlər bizim yalnız çatışmazlığımız olmayıb, üstünlüyümüzə çevrilməlidir.
Qərb elmşünaslığında belə bir fikir hakimdir ki, müasir elmin, bütövlükdə müasir sivilizasiyanın yaranması məhz Avropa ilə, Qərb düşüncə tərzinin hansı isə xüsusiyyətləri ilə və hətta xristianlıqla bağlıdır. Professor Səlahəddin Xəlilov bu məsələnin aydınlaşdırılması üzərində xüsusi dayanaraq göstərir ki, burada yanaşmanın metodologiyası ideoloji təsir altında saxtalaşdırılmış və elm tarixindən məlum olan bir sıra önəmli faktlar məqsədyönlü surətdə nəzərə alınmamışdır. Müəllif elm tarixinin daha obyektiv mənzərəsini yaratmağa çalışmış və bu məqsədlə orta əsrlərdə islam dünyası alimlərinin xidmətini yenidən araşdırmışdır. Nəticədə elmdə müşahidə prinsipinin, yəni, empirik elmin metodoloji əsaslarının heç də Qaliley və Frensis Bekon dövründə deyil, onlardan altı əsr əvvəl Əbu Reyhan Biruni dövründə formalaşdığı üzə çıxarılmışdır.
Məlum olduğu kimi, Aristotel fizikası orta əsrlərdə həm Şərqdə, həm də Qərbdə əsas kimi götürülürdü. Hətta kilsə də öz postulatlarını onun üzərində qurmuşdu və ona görə də bu təlimdən kənara çıxan hər nə varsa, inkvizisiyanın təzyiqlərinə və təqiblərinə məruz qalırdı. Yeni dövrün ən böyük nailiyyəti elmi düşüncəni ehkamlardan xilas etmək, azad, sərbəst yaradıcılıq axtarışlarına qədəm qoymaq oldu. Və bu azad düşüncənin simvolu Qaliley hesab olunur. Əlbəttə, bu proses bir adamın işi deyildi və çoxlarının adını çəkmək olar: Kopernik, Cordano Bruno, Kepler və s. Amma bu yanaşmanı yeni fəlsəfi dünyagörüşü kimi Qaliley formulə etmişdi. Bu yeni elmi dünyagörüşünün, hansı ki, sonralar klassik elm adı ilə məşhurlaşdı, ən böyük nümayəndəsi İsaak Nyuton oldu. Ona görə də ona bəzən Nyuton mexanikası da deyilir. Necə ki, Aristotel doktrinası mütləqləşdirilmişdi, eləcə də Nyuton mexanikası mütləq həqiqət kimi qəbul olunur və elmin bütün sonrakı inkişafı onun üzərində qurulurdu. Təsadüfi deyil ki, mexaniki determinizm XX əsrə qədər hakim düşüncə tərzinə çevrilmişdi. Bütün bu məsələləri Səlahəddin Xəlilov da şərh edir, amma avropasentrizm mövqeyindən deyil, ümumbəşəri dəyərlər, vahid sivilizasiya mövqeyindən.
XX əsrin əvvəllərində, bir tərəfdən Eynşteynin nisbilik nəzəriyyəsi, digər tərəfdən də Kvant mexanikasının kəşfi klassik mexanikaya ciddi düzəlişlər verilməsini, hətta tamamilə yeni elmi sistem qurulmasını tələb etdi. Qeyri-klassik elmdə əsas prinsiplər materiyanın, zaman və məkanın təbiətinə yenidən baxılmasını nəzərdə tuturdu. Yəni, elm fəlsəfə qarşısında da vəzifələr qoymağa başladı. Bu dövrdə yeni elmi ideyaların izahı daha fəlsəfəsiz mümkün deyildi. Albert Eynşteyn bu barədə belə demişdir: "Fəlsəfi ümumiləşdirmələr elmi nəticələrə əsaslanmalıdır. Amma fəlsəfə də öz növbəsində elmi fikrin sonrakı inkişafına təsir edir və müxtəlif tədqiqat istiqamətləri içərisindən hansını seçmək məsələsində yardımçı olur".
Ümumiyyətlə, elmi tədqiqatın metod və formalarını öyrənmədən, müasir fəlsəfi dünyagörüşünə yiyələnmədən, əsl alim olmaq mümkün deyil. Ona görə də, qeyd etmək istərdik ki, fəlsəfədən namizədlik minimumunun ləğv edilməsi heç də düzgün addım olmamışdır. S.Xəlilovun bu kitabında da elm ilə fəlsəfə arasında ittifaqı möhkəmləndirmək zərurətindən bəhs edilir. Məncə, bunun bir forması da magistraturada "elmi yaradıcılığın metodları" haqqında kursun keçilməsi və doktoranturada hər bir ixtisasın fəlsəfi əsaslarının öyrənilməsi və müvafiq imtahan verilməsi olmalıdır.
Kitabdan hasil olan tövsiyə və qənaətlər bununla bitmir. Müəllif elmlə bağlı problemləri həm fərdi yaradıcılıq miqyasında, həm tədqiqat qrupları, alimlərin ixtisaslar üzrə ictimai birlikləri, həm də tədqiqat institutları və mərkəzləri miqyasında araşdırır, bu kontekstdə akademiya və universitetlərin funksiyalarından və əməkdaşlıq yollarından da bəhs edir. Akademik Ramiz Mehdiyevin dediyi kimi: "Müəllifin irəli sürdüyü ən mühüm ideyalardan biri də elm və təhsil arasında inteqrasiya proseslərini sürətləndirmək, ali təhsil müəssisələrində elmi yaradıcılıq atmosferi yaratmaq, təhsil-elm-istehsalat zəncirinin bütün halqalarını möhkəmləndirmək zərurətini vurğulamaqdan ibarətdir. Bu baxımdan, məqsədi əsasən maarifçilik olan ibtidai və orta təhsil şəbəkəsindən fərqli olaraq, ali təhsil pilləsində, xüsusilə də, magistraturada elmi mühitin formalaşdırılması, haqlı olaraq akademiya ilə universitetlər arasında iş birliyinin yeni formalarının tapılması tövsiyə olunur".
Kitabda biliklərin tarixən keçdiyi təkamül yolu, digər bilik formaları içərisində elmi biliyin xüsusi növ kimi ayrılması və təşəkkülü və nəhayət, elm sisteminin formalaşması prosesi həm epistemoloji, həm də sosial-tarixi aspektlərdə araşdırılmış, müasir elmə ancaq bilik sistemi kimi baxan təlimlərin məhdudluğu açılıb göstərilmişdir. Elmin inkişaf qanunauyğunluğunu əks etdirən sosial göstəricilər təhlil edilmiş, Qərb və rus elmşünaslığında yayılmış olan naukometrik metodlara münasibət bildirilmişdir. Elmin həm vahid ümumbəşəri hadisə kimi, həm də ayrı-ayrı ölkələrdə öz nisbi müstəqil strukturu olan lokal hadisə kimi nəzərdən keçirilməsi müəllifə elmin əyani mənzərəsini yaratmaq, bir növ xəritəsini çəkmək imkanı vermişdir.
Kitabda elmiliyin meyarı məsələsinə xüsusi diqqət verilmişdir. Belə ki, bizdə ekspertiza sistemi hələ də ictimai əsaslarla işləyir, halbuki bu məsələ elmin ən mühüm məqamlarından birini əhatə edir. Düzdür, dissertasiya işləri ilə bağlı ekspertiza ayrıca bir dövlət qurumunda - Ali Attestasiya Komissiyasında həyata keçirilir, amma elmi iş təkcə dissertasiya ilə məhdudlaşmır. Elmi tədqiqat müəssisələrinin aldığı nəticələri dəyərləndirməyin xüsusi metodları və formaları işlənib hazırlanmalıdır və "Elm haqqında elm" kitabında bu sahədə də qiymətli tövsiyələr verilmişdir.
Mən kitabda qoyulan bütün məsələlərə toxunmaq istəmirəm. Bircə onu qeyd etmək istərdim ki, həm həcminə, əhatə dairəsinə, həm də qoyulan məsələlərin müxtəlifliyi ilə bərabər tədqiqatçılıq xarakterinə görə bu kitab indiyədək Rusiyada çıxmış elmşünaslıq kitablarından xeyli zəngindir. Əlamətdar haldır ki, bütün islam Şərqində elmşünaslıq üzrə belə fundamental bir əsər ilk dəfə məhz Azərbaycanda işıq üzü görür.
Məlum olduğu kimi, elmşünaslıq müstəqil bir elm sahəsi olaraq XX əsrin ikinci yarısında Avropada formalaşmışdır, biz isə bu işə XXI əsrin əvvəllərində başlayırıq. Hər halda, bizim üçün xoşdur ki, gec başlasaq da, qısa bir müddətdə belə böyük addımlar atılmışdır. Düşünürəm ki, bundan sonrakı vəzifəmiz elmşünaslıq üzrə məktəb hazırlanması və gənc kadrların tədqiqat mövzularının da bu istiqamətdə yönəldilməsi olmalıdır. Bizcə, professor S.Xəlilovun "Elm haqqında elm" kitabı bu sahədəki bütün fəaliyyət istiqamətləri üçün möhkəm təməl hesab oluna bilər.

Baxılıb: 5248    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.