az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfi Diskursa yekun vuruldu!   –  [10.06.2011]

Fəlsəfi Diskursa yekun vuruldu!



        Bəli, dünyanın bir ahəngi vardır və burada bütün hadisələr təsadüfi olmayıb müəyyən bir qanunauyğunluq əsasında baş verir. Dünyada gedən proseslər bir təkamül kimimi dəyərləndirilə bilər, dalğavarı bir hərəkət kimimi, yaxud rəqsi, yaxud dövri bir hərəkət kimimi, – yaxud bunların hamısı eyni vaxtdamı baş verir, yaxud hansı isə bir qanunauyğunluq daha böyük miqyaslı bir hadisənin tərkibinə alt struktur kimimi daxil olur, – bu barədə biz birqiymətli şəkildə hökm edə bilmərik. Bildiyimiz odur ki, hansı isə bir ahəng və qanunauyğunluqlar vardır.

Amma insan idrakının bugünə qədərki inkişaf səviyyəsindən baxdıqda, biz elm tərəfindən sanki qəti şəkildə təsbit olunmuş müəyyən qanunlar görürük. Bunlar mütləq qanunlardırmı, yəni dəyişməz, ədəbi hesab oluna bilərlərmi? Ən azından, nəzərə alsaq ki, insanın “tapdığı”, müşahidə etdiyi və sonra sözlərlə, yaxud riyazi düsturlarla ifadə etdiyi qanunlar əslində dünyanın elmin müvafiq inkişaf səviyyəsində yaradılmış modelinə aiddir. Zaman keçdikcə, dünya bir küll halında bizim üçün başqa rakurslarda və başqa sifətləri ilə də açılır. Və onu yenidən, daha adekvat ifadə edə bilmək üçün yeni qanunlar, yeni düsturlar, nəzəriyyələr kəşf olunur. İlkin empirik müşahidələrdən hasil olmuş və tətbiq dairəsi məhdud olan qanunlar tamamilə təkzib olunmasa da, daha fundamental qanunların xüsusi halı kimi təfsir olunur; daha doğrusu, artıq qanunluqdan çıxaraq müəyyən sərhəd şərtləri daxilində xüsusi hal kimi dəyərləndirilir. Bir çox hallarda onların təxmini olduğu ancaq hansı isə şərtlər daxilində düz olduğu ortaya çıxır. Məsələn, Eynşteynin nisbilik nəzəriyyəsi kəşf edildikdən sonra, Nyuton mexanikasının bir çox qanunları və onun əsasında hesablanan çevrilmələrin düzəlişlər edilməsinə, dəyişdirilməyə ehtiyacı olduğu ortaya çıxdı. Yaxud kvant mexanikasının qanunları bir çox fiziki hadisələrin klassik mexanikaya nisbətən daha dəqiq izahını verə bildi. Bunlar heç də təbiət qanunlarının obyektiv şəkildə dəyişməsi yox, bizim biliklərimizin hüdudunun genişlənməsindən dolayı daha optimal modellərin və bu modellər  çərçivəsində daha dəqiq qanunların kəşfindən xəbər verir.

Beləliklə, biz təbiətin, dünyanın ən fundamental qanunlarını, təməl prinsiplərini onsuz da, heç vaxt bilmirik. Bizim müşahidə etdiyimiz, kəşf etdiyimiz qanunlar həmin təməl qanunlara ardıcıl surətdə yaxınlaşmamıza xidmət edir. Amma son hədəf həmişə əlçatmazdır. Və yeni, daha mükəmməl, daha fundamental qanunların kəşf ediləcəyinə və bununla da əvvəl tapılmışların bir az da dəqiqləşmiş olacağına şübhəmiz yoxdur. Başqa sözlə desək, təbiətin əsasında duran qanunların dəyişib-dəyişməməsi ancaq onu yaradanın (Yaradanın) iradəsi ilə mümkündür. Biz isə öz idrakımızın hüdudlarını genişləndirməklə, öz tapdığımız qanunları zaman-zaman təkmilləşdiririk və deməli, onların da təkamül mənzərəsi yaranır.

Fəlsəfi Diskursda bu dəfə iştirakçılar  A.Puankarenin "Mümkündürmü ki, bütün təbiət müntəzəm təkamül keçirdiyi halda, o qaydalar ki, onların əsasında bu təkamül həyata keçir, - dəyişməz qalsın?" sualı ətrafında düşündülər. Bəyənilən cavablardan 4 ən yaxşısı mükafata layiq görüldü. Münsiflərin qərarına əsasən, daha 8 diqqətəlayiq cavab isə Fəlsəfi Diskursun yekun məcmuəsi hazırlanarkən ora daxil ediləcək.

 

 

I yer – Anar Cəfərov:

Təfəkkür qədim dövrlərdən başlayaraq ətraf aləmdə dəyişikliklərin baş verdiyini müşahidə etmişdir. Antik dövrün bir sıra filosofları (Heraklit, Kratil və s.) dəyişiklikləri hətta mütləqləşdirməkdən də çəkinməmişlər. Dəyişikliyin təbiətdə asanlıqla müşahidə olunması və ya şüurun ətraf aləmi dəyişiklikdə dərk etmək “istəməsi” isə parmenidsayağı spekulyasiyaları arxa plana keçirmişdi. Zaman keçdikcə isə təfəkkür gerçəklikdə baş verən dəyişiklilərin “spontan” xarakterini daha çox azaltmağa “nail olmuş”, ona müəyyən bir “düzən” vermişdir. Lakin bu “düzən” nəyisə dəyişməz, əsas kimi götürmək hesabına başa gəlmişdir. Yaxud istənilən elmi və ya fəlsəfi sistem gerçəkliyin dəyişiklikdə, təkamüldə və ya inkişafda dərk olunması üçün qabaqcadan, apodiktik qəbul edilmiş prinsipləri özünə dayaq kimi götürmüşdür. Bu prinsiplər və ondan çıxarılan qaydalar üzərində isə gerçəkliyinin fikri konstruksiyası quraşdırılmışdır. Artıq elm və fəlsəfənin təqribən 2500 illik tarixi vardır. Bu vaxt ərzində bəşəriyyət gerçəkliyi müxtəlif cür, fərqli səpgilərdə izah edə biləcək fəlsəfi və ya elmi-nəzəri sistemlər yaratmışdır. Bizim həmin o prinsip və qaydaların da dəyişib-dəyişilmədiyini müşahidə etmək imkanımız vardır. Ancaq, ola bilsin ki, XIX əsrə qədər təfəkkürün bu sualla çıxış etmək imkanı yox idi. İdrak problemləri ilə məşğul olan bir sıra filosofların gerçəkliyin dərki üçün müəyyən etdiyi ilkin dayaqlar istənilən hal üçün dəyişməz qalırdı. Məsələn, XVIII əsrin dahisi İ. Kant dəyişikliyi yalnız empirik idraka aid edirdi. Aprior bilik isə onun üçün dəyişməz struktura malik idi. Alman filosof öz mövqeyini əsaslandırmaq üçün həmin dövrdə sarsılmaz hesab olunan Evklid həndəsəsinə, Yeni dövr hesab və mexanika nəzəriyyəsinə söykənirdi. Lakin XIX-XX əsrin əvvəllərinin bir sıra elmi yenilikləri Kantın hissiyyatda aprior bilik forması kimi götürdüyü məkan və zaman haqqında təsəvvürləri də dəyişdirdi. N. İ. Lobaçevski evklidsayağı məkan qavrayışını, A. Eynşteyn (bəziləri nisbilik nəzəriyyəsini elə A. Puankareyə aid edirlər – A. C.) isə özünə qədər formalaşmış zaman anlayışını dəyişikliklərlə bəşəriyyətə təqdim etdi. Beləliklə, bəlkə də ən sarsılmaz olan da başqa cür qavranılmağa başlandı. Sualın (essenin başlığı nəzərdə tutulur – A. C.) qoyulduğu dövr də elə məhz klassik elmin böhran keçirdiyi vaxta düşürdü. Varlığı universal sistem kimi təqdim etməyə çalışan klassik elm relyativist xarakterli qeyri-klassik paradiqma ilə əvəzlənməkdə idi. XIX əsrdə fundamental elmlərin sürətli inkişafı nəticə olaraq, dünyanın kefiyyətcə yeni elmi mənzərəsini ortaya qoydu. Artıq qeyri-klassik elmin qaydaları da fərqli cür idi. Qeyri-klassik paradiqma, dekartsayağı, elmlərin bir-biri ilə “qohumluğundan”, metodun vahidliyindən danışmaqdan daha çox elmlərarası fərqliliklərdən və plüralist, bir-birini əvəz edə biləcək qaydaların mövcudluğundan söz açırdı. Hegelin təbirincə desək, kəmiyyət dəyişmələri (elmi biliklərin toplanması) keyfiyyət dəyişmələrinə (burada: metod və ya qayda) də səbəb oldu. Müasir postqeyri-klassik (postmodern) elmdə isə bu tendensiya sürətlənmişdir. Getdikcə gerçəkliyi daha da mozaik və çoxvariantlı şəkildə təqdim etməyə çalışan postmodern elmin qaydaları da dəyişkəndir. O qədər dəyişkəndir ki, artıq keçən əsrin əvvəllərində A. Puankarenin qoyduğu sual çoxdan özünün birmənalı cavabını tapmışdır. Bəli, deyəsən, indi eyni çaya, heç iki dəfə də yox, bir dəfə də girmək mümkün deyil!

 

II yer – Sahil Şirinov:

Biz hər hansı bir mövzuya müraciət edərkən fərqli nəticələr əldə edirik. Bu rəngarənglik çox şeylərə bağlı ola bilər (yanaşana, yanaşılana, şəraitə, məqsədə və s.). Hər halda sonsuz görünən qiymətlər və dəyərlər içərisində istinad olmadan nəinki yanaşmaq, heç yaşamaq belə mümkünsüzə çevril bilər. Biz insan olaraq həmişə özümüzü dünyaya qarşı qoyduğumuzdan, dünyaya və düşünəcəyimiz hər şeyə öz arşınımızla ölçü verməyə qalxırıq. Amma hər şeyə rəğmən insan dərk etməyə, dəyərləndirməyə, münasibət bildirməyə sanki məhkum edilmişdir. Dünya boyda yükümüz var çəkməyə, nə var, nə var başımızda beyin var. Bu baxımdan içimizdə və çölümüzdə baş verənlər bizi hər an fərqli nə isə deməyə səsləyir. Hərəkət, dəyişmə və inkişaf. Bu üçlü hansının əvvəl və əfzəl olmasından asılı olmayaraq qovuşuqdur. Fikrimizin əvvəlində qeyd olunanların ümumi yekunu kimi söyləmək olar ki, heç nəyi fasiləsizlik və kəsilməzlik kimi dərk və təsəvvür etmək olmaz. Sanki hər bir mövcudluq aydınlaşmaq və özünütəsdiq üçün fasiləsizlik, kəsilməzlik və prosessuallığın daxilində bir fasiləyə, kəsilənliyə və dayanıqlığa möhtacdır. Belə olmazsa, hər şey eyni prosesə çevrilər sanki. Düzdür belə bir fikir vardır ki, "Sahə və proses anlayışlarının elmə daxil olması bizi materiya kimi ağır bir yükdən xilas elədi" (Uaythed). Onunla yanaşı "Mənə dayaq nöqtəsi verin Yeri məhvərindən çıxarım" (Arximed)," Mənə maddəni verin sizə bir dünya yaradım" (Dekart) və s. tipli əks fikirlərdə az deyildir. Bu əslində dəyişməyə münasibətdə müxtəlif mövqelərin olmasına misallardır. Nə olursa-olsun, içimizdə və çölümüzdə dəyişmənin anbaan getdiyini inkar edən kimsə yəqin ki, tapılmaz. Amma o dəyişməni təmin edən dəyişməmənin olduğunu bəlkə çoxlarımız sezə bilmirik. Dəyişmə dayanıqlılıq olmadan baş verə bilməz. Məhz dayanıqlılıq bizə və prosesin özünə yeni kimi ortaya çıxma şansı verir. Dayanıqlılıq özü məhz dəyişmənin nəticəsində təsdiqini tapır. Bu dilemma kimi baş verir sanki. "Fəlsəfəni dilemmalar doğurur" (Rayl). O ki qaldı dəyişmənin, təkamülün qaydalarla baş verməsinə. Biz insan olaraq induktiv yanaşmaqla yanaşı deduktiv yanaşmağa da qabilik. Təkcəni ümumi ilə eyni şərtlər daxilində və ya əksinə şərh edə bilmərik. Yanaşma fərdilik və konkretliklə tamamlanmalıdır. Dəyişilən hər şeydir, hətta dəyişmənin özü belə. Amma həmişə təsnifat və ümumilik üçün nə isə bir şansımız qalır. Bu şansa biz dəyişilmələrin kökündə duran qaydalar adı veririk. Qayda, qanun, Qanunauyğunluq kimi anlayışlar dinamikliyi statikliklə və ya əksinə qavramaq qabiliyyətidir sanki. Çünki istər dinamik sistemlər, istərsə də, statik sistemlər və ümumiyyətlə sistem anlayışını qəbul etməyimizin özü yalnız qayda və qanunun qəbul olunması ilə izah oluna bilər. Bəlkə də qaydalar təkamülü təmin etmir, təkamü qaydaları müəyyən edir. Dəyişilməz görünən qaydalar var (ölüm), amma qaydalar əgər dəyişikliklərin qarşısını kəsə bilmirsə(və ya kəsmirsə),demək qaydalar özü də dəyişikliyə dözümlüdür? bəlkə əksinə hər dəyişikliyin başında bilmədiyimiz bir qayda durur və ya qaydalar özü dəyişilməyə münasibətdə mövcuddur. Qaydalar kökündən dəyişməsə belə tədrici dəyişiklikdən yan keçə bilməz.

 

II yer – Eldar Əmirov

Məncə, Puankare təkamül qanunlarının dəyişib-dəyişmədiyini soruşur, o bizim bu qanunları necə dərk etməyimizi soruşmur. Təbiət qanunları dəyişməzdir, amma biz onları dəyişkənliklə dərk edirik, yəni mütləq həqiqətə yavaş-yavaş yaxınlaşırıq. Əgər bu təbiət qanunları dəyişkən olsaydı, onda bizə milyon, milyard işıq ili uzaqda olan qalaktikalarda, ulduzlarda baş verən proseslər və ya milyon illər bundan qabaq sönmüş ulduzlarda baş verən proseslər müxtəlif olardı. Lakin müasir astronomiya bu qanunların sadalanan məkanlarda və zamanlarda eyni qanunlar olduğunu təsdiq edir. Biz isə bu qanunları dəyişkənliklə öyrənirik, məsələn, Nyuton mexanikasının təsvir etdiyi Kainatı, Eyşteynin nisbilik nəzəriyyəsi daha da dəqiqləşdirdi, indi isə Kvant mexanikası Kainatı, təbiət qanunlarını təsvir edən daha mükəmməl nəzəriyyənin yaranmasını və ya Nisbilik nəzəriyyəsi ilə Kvant mexanikası birləşdirən nəzəriyyənin yaranmasını tələb edir, çünki, Böyük Partlayış nəzəriyyəsində Nisbilik və Kvant nəzəriyyəsi arasında ziddiyyətlər var.

 

III yer – Nailə Məmmədova

Məncə, elə həmin qaydalar dəyişməz qaldığı üçün təkamül həyata keçir. Dəyişməz olaraq o qaydalar mövcud olur ki, onların da nəticəsi kimi təkamül baş verir. Qaydaların ardıcıl, müntəzəm olaraq baş verməsi təkamülə gətirir. Bu qayda dəyişməzdir. Məsələn, bir şeyə nail olmaq, irəliləmək üçün öz qarşına dəyişməz qaydalar qoyur, bu çərçivədə addımlayırsan. Bu qaydaların sən arzu etdiyin istiqamətdə davam etməsi, onların dəyişməzliyi əldə etmək istədiyin məqsədə çatmaq, təkamül üçün əsas yoldur.

 

Bunlardan başqa, Əli Gül Ağayevin, Sayalı Əliyevanın, Kəmalə Mahmudovanın, Seyran Quliyevin, Elbrus Xasiyevin, Tural Abbaslının, Kənan Şirinovun və Vüsalın cavabları da diqqəti cəlb edir və yekun məcmuə hazırlanarkən onlardan istifadə olunacaqdır.

Baxılıb: 6758    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.