az  |   tr
Fəlsəfə dünyası

Sənətkar və filosof   –  [10.09.2011]



Ömər Eldarovla Səlahəddin Xəlilovun görüşündən təəssüratlar

 

Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə,

o, onun ağlı ilə danışan filosof yaradır.

C.X.Cübran

İki abidə

Bir filosofun sənətkar haqqında dediklərini, yaxud bir sənətkarın rənglər, notlar, hətta mərmər vasitəsilə bir hikməti tərənnüm etməsini iki zirvənin ünsiyyətinə, dərya ilə sahilin qovuşuğuna bənzətmək olar. Amma bir var rəssamla, bəstəkarla, yaxud heykəltəraşla üz-üzə duran filosofun təəssüratları, bir də var üz-üzə duran iki ustadı müşahidə edən, filosofla sənətkarın görüşünü, söhbətini dinləyənlərin təəssüratları, düşüncələri. Ömər Eldarov, Səlahəddin Xəlilov, Könül Bünyadzadə, Lətafət Hümbətova

Bir var rəngdən, yaxud daşdan yaranan möhtəşəm bir abidəni sözlə yenidən “yaratmaq”, bir də var daş abidə ilə söz abidəsinin bir-birini tamamlamasının şahidi olmaq. Səlahəddin Xəlilovun “Sağlığında klassikə çevrilənlər” əsərini ( "Azərbaycan" qəzeti, 21.08.2011) sənətin fəlsəfə dilində yenidən canlandırması kimi dəyərləndirmək olar. Nə üçün yenidən?

Tarixə baxanda maraqlı bir paraleli, hətta qanunauyğunluğu izləmək mümkündür. Hələ antik dövrdə heykəltəraşlıq yüksək səviyyədə olanda, əsrlər boyu öz möhtəşəmliyini qoruyub saxlayan və bu gün də tamaşaçısını heyran edən heykəllər yaradılanda fəlsəfə, müdriklik də ən uca zirvəsində idi. Heykəltəraşlar Zevsi, Afroditanı, Hermesi mərmərdən yonanda Fales, Demokrit, Platon, Aristotel də fəlsəfənin ümumi cizgilərini, sistemini yaradırdılar.

Heykəltəraşlıq və fəlsəfənin növbəti dirçəlişi Renessansda və onun əks-sədası olan Yeni dövrdə baş verdi. Həm incəsənətdə, həm də fəlsəfədə yeni üslublar, yeni yanaşmalar, yeni mövzular, yeni obyektlər yarandı. Mikelancelo, Donatello, Bernininin yaratdığı heykəllər gözləri sevindirəndə, könülləri riqqətə gətirən bir vaxtda, Rocer Bekon, Cordano Bruno, Dekart, Spinoza da düşüncələr üçün qida verməyə yollar axtarırdılar.

Heykəltəraşlıq və fəlsəfənin bu əlaqəsini son əsrlərdə daha aydın sezmək olur. Belə ki, həm antik dövrdə, həm Renessansda, həm də Yeni dövrdə istər heykəltəraşlıqda, istərsə də rəngkarlıqda dəqiqlik çox əhəmiyyətli faktor olub. İnsan əzaları, üzdəki mimika, yaşanan hisslər mümkün qədər gerçəkliyə yaxın təsvir edilirdi və ustalıq, məharət də bunda idi. Eyni sözləri fəlsəfi sistemlər haqqında da demək olar. XIX əsrdən başlayaraq həm fırçaları və tişəni, həm də qələmləri, düşüncələri sanki güclü bir emosiya bürüdü. Roden, Mayol və hisslərin çılpaq ifadəsi, romantizmlə reallığın üzvi vəhdətinin təcəssümü! XIX-XX əsrlərdə fəlsəfədə Nitsşenin nihilist ruhunun yayılması, Marksın materiyaya qarışmış şəxsiyyəti, Freydin xəstəlikdə özünü tapmış nəzəriyyəsi və daha neçələrinin elmiləşmiş mənəvi dünyası pərvaz etməyə başladı. Amma bərabərlik yenə qorunub saxlandı. Hətta postmodernizm də bir əli ilə düşüncələri qarışdıranda, o biri əli könülləri çaşdıran, narahat edən, hətta diksindirən heykəllər yaratmağa başladı.

Bəli, iki abidə daim qoşa yaranıb: biri düşüncələrin daşda, digəri sözdə təcəssümü! Qədimdən bəri uzanıb gələn bu qanunauyğunluqda bu gün də istisna olmamalıdır. Düzdür, deyirlər, uca dağlar uzaqdan daha yaxşı görünür. Lakin əgər Azərbaycanda Natəvanın Şuşa həsrətindən natəvan olmuş ruhunun bütün gözəlliyi, poetikliyi, Füzulinin “Məcnundan füzun aşiqlik istedadı”, Zərifə Əliyevanın könülləri həzin bir elegiya ilə dindirən zərifliyi daşda heykəlləşibsə, deməli, bir söz abidəmiz də olmalıdır! İbn Sinanın fəlsəfəsini uzaq Düşənbədə canlandıran sənətkar varsa, mərmərin hikmətini yazan filosof da olmalıdır!  

 

Daşlaşmış sözlər, yaxud sözə həsrət daşlar   

Söz və düşüncə ustadı ilə mərmərlərin sirlərindən agah olan sənətkar üz-üzə gələndə, ünsiyyətdə olanda, bir-birinin qüdrətinin məhsulu olan şedevrlərilə tanış olanda sanki ideya aləmlərinə yeni bir qapı açılır, sanki ciyərlərə yeni bir nəfəs dolur. Fidiusun yaratdığı Zevs heykəlini antik şair Philippos Thessaloniki belə təsvir edir:

 

Fidius, Tanrımı yerə enib sənə öz surətini göstərdi,

Yoxsa sənmi Tanrını görmək üçün göylərə ucaldın?

 

Sözlə yazılanları eyni ustalıqla başqa dillərə çevirmək elə də asan iş deyil. Amma sənətlə yaradılanın sözə çevrilməsi daha çətindir. Yaxşı oxucu və ya tamaşaçı sənət əsərini hətta anlamasa da duya bilər. Amma əsərin gizli qatlarını açmaq üçün mütəxəssis sözünə, tənqidçi fikrinə həmişə ehtiyac var. Təsadüfi deyil ki, Belinskinin təngidi Puşkin sənətini fəlsəfə müstəvisində yenidən canlandırmaqla ona ikinci həyat verdi.

Antik dövrün görkəmli heykəltəraşları Polikletin, Fidiusun, Dedalın yaratdıqları heykəllər öz möhtəşəmlikləri ilə canlı kimi hətta müəlliflərini belə kölgədə qoyublar. Məsələn, Platon heykəltəraşların özlərinə xüsusi diqqət ayırmadan onların əsərlərini – Afina Palladanın, Afina Lemnianın heykəllərini gözəllik mücəssiməsi, idealın modeli, ən nəhayət, səcdəyə layiq tanrıya bərabər tutur, “ruhun maddi təcəssümü” adlandırırdı.

XVIII əsrin mütəfəkkirləri Vinkelman, Herder, Lessinq, Hegel isə təqribən е.ə. 50-ci ildə yaşayıb yaratmış rodoslu sənətkarlar Aqesandr, Atenador və Polidora aid “Laokoon” əsəri üzərində böyük polemika qaldırıb, onun əsasında nəinki yunan xalqının kimliyini, xüsusiyyətlərini araşdırır, hətta qədim yunan fəlsəfəsinin çalarlarını kəşf edir, bir heykəlin timsalında incəsənətin inkişaf tarixini izləyirlər.

Bizenin “Karmen”ini Vaqnerin “xilaskar” adlandırılan musiqisi ilə müqayisə edən Nitsşe maraqlanır ki, “bilirsinizmi ki, musiqi düşüncəni azad edir? Fikirlərə qanad verir? Nə qədər çox musiqiçi olursansa, bir o qədər filosofa çevrilirsən?” Və onun özü də etiraf edir ki, “Bize onunla danışanda, o, daha yaxşı insan olur”. Yüksək sənət düşüncələrdə ali qatları, insani keyfiyyətləri daha da ucalda bilir. Sanki zirvədə dayanmış bir insana üstəlik bir qanad da bəxş edilir ki, zirvənin özünə də yuxarıdan tamaşa edə bilsin.

  Hər yaradılan əsər yaradıcısının özündən də xəbərsiz olaraq əsl Yaradandan bəzi şeylər əxz edir və bu səbəbdən sənətkar öz əsərini yarada-yarada özündə də yeni bir qat, mərhələ aça bilir, “mən”ini fərqli bir rakursdan görür-tanıyır. Bəzən buna təəccüb edir, bəzən çaşır, bəzən heyrət edir, bəzən də dəhşət içində geri çəkilir. İdeyalar dünyasının iki bələdçisi qarşılaşanda məhz bu yeni qatlara işıq salınır, ideyalar arasında mürgüləyən daha bir ideya oyanır.    

Bəli, bir heykəl, bir opera düşüncələrdə qaranlıq qalan qatlara işıq salır, yaxud... bir düşüncə artıq hamıya bəlli olan bir heykəlin hansı isə qaranlıq qatlarını kəşf edə bilir! Amma fərqli yaradıcılıq sahələri, fərqli səmalarda pərvaz edən düşüncələr ancaq təmasda olanda, eyni müstəvidə rastlaşanda bir-birini tamamlaya, əlavə rəng qatmağa, daha da kamilləşdirməyə qadirdir. Yəni bəzən daşla elə hikmət çatdırılır ki, onu ancaq filosof baxışları oxumaq qüdrətindədir. Nə qədər qəribə olsa da, bu da bir həqiqətdir ki, mərmərdə, rənglərdə sanki gizli kodlarla yazılmış həmin hikmət öz oxucusunun, onu açanın həsrətini çəkir.  

 

“İki qapılı bir handa

Gidiyorum gündüz gecə”.

 

İki ustadın görüşünü, söhbətlərinin axarını daxili bir qanunauyğunluqla bir neçə mərhələyə bölmək olar. Əslində buna adi söhbət demək düz deyil. Bu, idrakın sıfırdan başlanıb kulminasiya anına çatması və nəticədə yeni bir abidənin yaranmasıdır: biri qələm, biri tişə ustası olsa da, eyni bir kitabın birlikdə yazılmasıdır.  

Zəmanə texnikanın əlindədir, ağır yük olan informasiya bolluğu arasında həqiqi söz öz dəyərini itirir, alaq otlarının arasında itən çiçək kimi. Texnikanın vasitəsilə ən nadir şedevrin də yüzlərlə surətini çıxartmaq mümkündür və bu, orijinalın lazımsızlığı hissini yaradır. Daha dəhşətlisi, sürətlə bir-birini əvəz edən texnologiya nəsillərini qovan insan bu sürətlə ayaqlaşmaq üçün daha praktik, tez dəyişən, itirilməsi əzab verməyən sözlərə, əsərlərə üstünlük verməyə başlayıb.

Belə bir şəraitdə dünyanın varlığını, eyni zamanda, gözəlliyini qoruyub saxlamaq, hələ açılmamış sirlərini kəşf etmək üçün sənətkar və filosofun görüşünün ilk mərhələsi axtarışdır: öz ideyasını ifadə etmək üçün filosof minlərlə söz xaosunda Söz, heykəltəraş isə daşın, qayanın arasında potensial abidə gəzir. Hər ikisinin məqsədi qarşısındakı xaosa, qaranlığa işıq salmaqdır. İdeya bəlli, ona gedən yol da bəlli, sonda əldə olunacaq nəticə də gün kimi aydındır, çətin olan bu bəlli ideyanı hər kəsə göstərmək, hamını heyran qoyacaq bu möhtəşəmliyə “can” verməyi bacarmaqdır.

Sənətkar qalaq-qalaq külü sovurub köz gəzir. Bir sufi müdrik demişkən: “Hər axtaran tapmır, amma tapan da axtarandı”.

Nəhayət, filosof da axtardığını tapır, heykəltəraş da. Biri qələmini əlinə alır, biri tişəsini. Biri incə-incə, zərif-zərif hər kəlməni, ifadəni seçir, biri mərmərə sığal çəkə-çəkə onu yonur, artıq daş parçalarını qoparıb atır. Biri sözün, digəri mərmərin içinə “ruh üfürməyə” cəhd edir. Bəzən sənətkarları Tanrılıq iddiasında günahlandırırlar, bəzən heykəllərin, şəkillərin də bir ruh daşıdığını, lakin hərəkətsiz bir bədənə salındıqları üçün öz yaradıcılarından incik olduqlarını deyirlər. Amma, məncə, bu fikri Yaradanın qüdrəti ilə “ruh üfürmək” istedadı olanlara həsəd aparanlar uydurub.

Filosof Platondan başlayıb, Hegeldə fasilə verdi, heykəltəraş Fidiusdan Mikelanceloya qədər uzanan xətti cızdı, biri Şərqin hikmətinin dərinliyindən danışdı, o biri bu dərinlik üzərində Qərbin saldığı körpüdən. Biri Şərq və Qərbin vəhdətinin, digəri bu vəhdətə gətirən təzadların vacibliyini vurğuladı. İlk baxışda sanki onlar bir nöqtədən çıxıb ayrı-ayrı istiqamətlərə yönəldilər.

Heç şübhəsiz, hər ikisi Əbu Turxanın fikir fəzasının əyriliyi prinsipindən xəbərdar idilər və bilirdilər ki, “fikir özü də göy cisimləri kimi, atom, elektron və s. kimi dairəvi hərəkət edir”. Yalnız bu prinsipi kənardan baxan gözlər mənimsəsə, əmin olar ki, bu fərqli istiqamətli düşüncələr zirvədə görüşəndə vahid bir çevrə yaranacaq.

Bəli, söhbətin sonunda eyni nöqtədən çıxan iki sənətkar yenə üz-üzə gəldilər – bu dəfə zirvədəki nöqtədə. Yaranmış bu çevrədə kimin filosof, kimin isə heykəltəraş olması itmişdi: ortada möhtəşəm bir ideya məbədi və bu məbədi ərsəyə gətirən yaradıcılıq əzmi var idi.

Mənsur Həllac bir dəfə etiraf edir ki, “Mən və əlim sadəcə alətik, yazan da, yazdıran da Allahdır”. Bunu dərk və qəbul edən şəxslər Allahın yazdırmaq istədiyi ideyanı duya bilir və əlindəki alətə uyğun olaraq yaratmağa başlayır. Filosofluq fikirdən, sözdən, heykəltəraşlıq isə daşdan, mərmərdən ideyanın heykəlini yonmaqdır. Biri qələmlə, biri tişə ilə – fərqi yoxdur.

 

Könül Bünyadzadə

fəlsəfə elmləri doktoru

(525-ci qəzet. 9.09.2011/ )

 

Baxılıb: 6793    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.