az  |   tr
Fəlsəfə dünyası

“Fəlsəfi Diskurs”a yekun vuruldu!   –  [30.09.2011]

“Fəlsəfi Diskurs”a yekun vuruldu!


Fəlsəfi Diskursda bu dəfə iştirakçılar
  “Şüurlu həyat nədir? İnsanı onun şüurlu həyatımı daha çox ifadə edir,  yoxsa şüursuz həyatı?" sualı ətrafında düşündülər.  Münsiflərin uzun müzakirəsinin nəticəsində,  birinci yerə heç bir cavab layiq görülmədi,  2-ci və 3-cü yerlərdən hər birinə iki nəfər,  iki fəxri qalib təyin edildi.  Bundan  başqa,  daha 3 diqqətəlayiq cavab fəlsəfi seminarda müzakirə olunacaq.

 

II yer – Könül Yazar

Insan bəşəriyyət üçün ən ali varlıqdır.  Yaradanın şah əsəri,  xəlif,  yeganə şüurlu varlıq olan insan yaşadığı müddətcə ona verilən şüurdan özünüifadə,  özüntəsdiq, özündərk,  qorunma,  sığınma,  qarşısına çıxan problemləri həll etmə,  ümumi götürsək yaşamaq üçün istifadə edir.  Lakin insanın şüurdan istifadə etməsi haqda danışmazdan öncə istərdik ki,  şüurlu həyatın nə olduğuna aydınlıq gətirək.  Bizə görə şüurlu həyatı insanın dərketmə qabiliyyətinə görə bir neçə hissələrə bölmək olar.

Şüursuz həyat – belə bir həyat sadəcə “bitkisəl həyat” dediyimiz zamanlarda,  insanın düşünmək şansı olmadığı,  düşüncə aparatını itirdiyi və dərk etmə qabiliyyətinin sıfra endiyi zamanda baş verir.  Bu zaman insan sadəcə formasına görə insandır,  mahiyyətinə görə isə cansız varlıqdır.  Çünki insanın ən böyük vəzifəsi düşünmək və dərk etməkdir.  Lakin belə bir haşiyə çıxmaq istərdik.  El arasında belə ifadələr var.  “ Şüursuz,  şüursuz danışma”, “şüursuz addım atdın,  gör başına nələr gəldi” və. s.  Bu ifadələrdə insanın düşünmədən etdiyi hərəkətlər pislənir.  Yəni şüursuz insan yararsız insandır.  Şüursuz insan doğru qərar verə bilməz.  Burdan belə çıxır ki,  insanın düşünmədən etdiyi hərəkətlər,  əslində onun deyil,  hər hansı bir canlının edə biləcəyi hərkətlərdir.  Axı dedik ki,  insan düşündüyü zaman insandır.  Demək ki,  bayaq da dediyimiz ki,  insan şüursuz həyatda həqiqi mənasında insan deyil.

Natamam şüurlu həyat – burda məsuliyyət daha çox insanı əhatə edən mühitin üzərinə düşür.  Çünki dərketmə qabiliyyəti hələ tam inkişaf etməmiş insan,  uşaq şüurlu şəkildə qərar verə bilmir və onun qərarları daima ətrafındakılar tərəfindən senzuradan keçirilir.  Bu zaman sən şüurundan,  düşüncəndən daha çox,  mühitindən asılısan.  Burdan belə bir sual meydana çıxır.  Bəs insan şüurlu olduğu müddətdə,  özün dərk etdiyi müddətdə mühitindən asılı deyilmi? Təbii ki,  həmçinin cəmiyyətin məhsulu olan insan,  mühitindən də asılıdır.  Lakin şüurlu insanın,  özünü dərk etmiş insanın şeçmək qabiliyyəti də vardır.  Ona lazım olan mühiti,  kobud halda desək qulu olacağı padışahı özünün şeçmək hüququ və imkanı vardır.  Çünki özünüdərk etmiş insan,  ona lazım olan mühitdə özünüifadə və öznütəsdiq edə bilər.  Hansı cəmiyyətin insanı olduğuna özü şüurlu şəkildə qərar verə bilər.

Tam şüurlu,  dərk edilərək yaşanan həyat - bu həyatda insan bütün qərarlarını düşünərək,  dərk edərək özü verir və məsuliyyət sadəcə onun üzərinə düşür.  Düşünür,  fikirləşir,  qərar verir.  Çünki düşünən,  dərk edən insan,  həyatın gerçəkliyini dərk edib özünü həmin gerçəklikdə ifadə edə bilən insan şüurludur.  Şüur əslində insanın ilk öncə özünü tanımasıdır,  sonra dünyanı.  Bu tanışılıqdan sonra insan nə olduğunun,  nə olacağının və nəyin içində olduğunun şübhələri ilə düşünməyə başlayır və özünüdərk etdiyi,  niyə yaradıldığı,  missiyasının nə olduğu,  dünyada niyə olduğunu anladığı müddətdə bu proses bitir.  Lakin bu o demək deyildir ki,  bu proses insanın müəyyən bir zamanını,  məsələn bir neçə ilini alır.  Xeyir,  əsla.  Bu prosesə bir riyazi proses kimi baxmaq bizcə düzgün olmazdı.  Çünki sadəcə adını,  atasının adını,  yaşadığı ünvanı,  ətraf mühitini bilən,  gündəlik problemlərini həll edən insan özünü tanıyan,  özünü dərk edən insan deyil.  Bu sadəcə hər bir canlıya verilmiş instikdir.  Yaşamaq,  qidanlanmaq və sığınmaq üçün vərdişlərdir.  Bu cür insanların digər canlılardan tək fərqi danışmaq qabiliyyətidir.  Lakin insan ona verilən düşüncə aparatından həqiqətən də onun mahiyyətinə uyğun istifadə etdikdə şüurlu insan sayılır.  Və bəzən bu proses insanın ömrünün axırına kimi gedir.  Bəzən də insan heç zaman həqiqətən nə olduğunun bilincinə varmır,  daima,  ömrünün sonuna qədər bu sual ətrafında düşünür.  Burdan belə bir sual meydana çıxır.  Bəs özünüdərk etməmiş insan,  yaradılışının mahiyyətini tapmamış insan tam şəkildə şüurlu həyat yaşamış,  şüurlu insan sayıla bilərmi? Axı biz dedik ki,  şüurlu həyat insanın özünü dərk etməsindən sonra başlayır.  Deməli,  burdan belə çıxır ki,  sadəcə düşünən insan da şüurlu insan sayılır.  “Niyə?” sualıyıla boğuşan insan şüurlu insandır.  Düşünürük ki,  dərketmənin özünün də müxtəlif növləri var.  Nisbi şəkildə özünü dərk etmə - Bu daha çox yuxarıda göstərdiyimiz misaldakı insan tipidir.  Sadəcə canlı olduğunun fərqindədir.  Həqiqi dərketmə - Bu insan tipisə insan olduğunun fərqindədir.  Və daima bu ətrafda düşünür,  özünü dərk etməyə çalışır.  Vacib deyil o tam şəkildə insanlığı,  dünyanı dərk eləsin,  varlıq fəlsəfəsini araşdırsın,  varlığın dərinliyinə ensin,  hamı filosof deyil,  o sadəcə varlığın ətrafında düşünür,  özünütanıma,  özünüifadə üçün özünə lazım olan qism ətrafında düşünür və ondan özünütəsdiq üçün istifadə edir.  Ümumiyyətlə insan qarşısına çıxmayan problem haqqında düşünmək və dərk etmək qabiliyyətində deyil.  Buna görə də insan istifadə edəcəyi qədər düşünür və dərk edir.  

Yuxarıda dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki,  şüurlu həyat insanın düşünərək özünü və dünyanı dərketmə prosesidir.  Və insan bu proses müddətində dərk etdikləri ilə gördüklərini vəhdətdə götürərək özünü,  dünyaya və insanlığa öz münasibətini yaradır.  Şüursuz insan özünü ifadə edə bilməz.  İnsanın şüursuz həyatı sadəcə instinktlərdən ibarətdir.  İnsan şüursuz həyatda mahiyyətini ifadə edə bilməz.  İnsan sadəcə düşüncəsiylə instiklərini,  hisslərini,  hərəkətlərini idarə etdiyi zaman özünü ifadə edə bilər.  Məsələn,  ağlamaq hissi hamıya xasdır.  Lakin,  hər kəsin təsirləndiyi məqamlar vardır.  İnsan dərk etmədiyi hadisəyə nə ağlaya nə də gülə bilər.

 

II yer – Elbrus Xasiyev

Sualı cavablandırmaq üçün,  əlbəttə, hər şey şüurlu olmağın meyarından asılıdır.  Əvvələn,  onu qeyd edək ki,  məsələyə yanaşarkən şüur problemi ilə məşğul olan bir sıra elmlərdə ( fəlsəfə,  psixologiya,  kibernetika və s. ),  şüur probleminin qoyuluşu,  xüsusuilə də fəlsəfədə ( idrak nəzəriyyəsi ) onun həlli istiqamətlərində edilən cəhdlər ( sonuncu ifadəni ona görə işlədirik ki,  bu konsepsiyaların çoxu ilə tanışlıq onu göstərir ki,  onların elmi əsası o qədər də dayanıqlı deyil,  hətta,  demək olar ki,  yox dərəcəsindədir),  şüura verilən təriflər,  Z.  Freydin insan psixikasında şüuri və bişüurinin nisbəti,  fəlsəfi və elmi ədəbiyyatlarda öz əksini tapan şüurluluq və şüursuzluq,  qeyri-şüuri,  bişüuri və təhtəlşüur,  şüurlu olmağın meyarları və. s kimi anlayışlara toxunmaq və onların geniş izahını vermək bizim yazımızın məqsəd dairəsinə daxil deyil.  Sualı cavablandırarkən insanların gündəlik həyatında müşahidə etdiyimiz və bəzən özümüzün də “ yaşamamışıq” deyə bilməyəciyimiz məqamları əsas götürəcəyik.  Məhz,  bu mənada məsələnin tam izahını vermək iddiasından da uzağıq.

Nədir şüurlu həyat yaşamaq və ya şüursuz həyat yaşamaq,  yaşadığı kimi düşünən ( yaxud buna məcbur olan ),  yoxsa düşündüyü kimi yaşayan insanların mı həyatı? Fikrimizcə,  şüurlu həyat - insanın düşündüyü kimi yaşaması və yaxud da ən azından buna cəhd etməsidir,  çünki şüurun 1-ci funksiyası insanın hərəkət və davranışlarını tənzimləməsidir.  Lakin bu gün müasir cəmiyyətdə (söhbət hər hansısa konkret bir cəmiyyətdən getmir) insanların həyatlarına nəzər saldıqda biz bunu nə dərəcədə görə bilirik? Fikrimizi aydınlaşdırmaq üçün onu qeyd etməyi lazım bilirik ki,  biz insanın şüurlu həyatı anlayışı altında insanın şüurla tənzimlənən,  düşünərək etdiyi hərəkət və davranışları,  həmçinin insanın düşünərək etdiyi seçimlər və onların şüurlu reallaşdırılmasını və. s,  insanın şüursuz həyatı anlayışı altında isə şüurla tənzimlənməyən,  şüurdan kənar,  bəzən səbəbini anlamadığı,  instikntiv,  xüsusən də,  mexaniki xarakter almış,  həmçinin,  insanın düşündüyündən kənar digər diktələrlə şərtlənən və reallaşdırılması məcburi olan seçimlərini,  bir sözlə,  insan həyatının bu qəbilli məqamlarını ümumiləşdirmişik.  İlk baxışda bu sualın qoyuluşu paradoksal görünə bilər,  çünkı düşünülə bilər ki,  şüura malik olan yeganə varlıq kimi insanın həyatı da şüurlu olmalıdır.  Amma bir az təfərrüata varmış olsaq məsələnin başqa tərəfləri görüntüyə gəlmiş olur.  Belə ki,  yuxarıda da qeyd etdiyiimiz kimi,  “şüursuz” deyərkən biz,  əsla,  şüurdan məhrum olan varliq kimi insan nəzərdə tutmuruq.  Şüursuz insan mı olar,  əlbəttə ki,  yox.  Məsələ burasındadır ki,  şüurlu olmaq hələ şüurlu həyat yaşamaq demək deyil.  Bir şeyin var olması və ondan hansı ölçüdə və səviyyədə istifadə olunması və ya olunmaması başqa-başqa şeylərdir.  Şüur Allahın insan övladına bəxş etdiyi ən ali məziyyətlərdən birincisidir.  Əsas məsələ ondan ibarətdir ki,  insan öz gündəlik həyatında şüurdan hansı dərəcədə istifadə edir.  Fikrimizi aydınlaşdırmaqdan ötrü belə bir analogiya aparaq : Təsəvvür edək ki,  bir insanın kifayət qədər pulu var.  Bununla yanaşı həmin insan cəmiyyətdə elə bir statusa malikdir ki,  onun demək olar ki,  puldan istifadə etməyə sadəcə olaraq,  ehtiyacı yoxdur.  Başqa sözlə desək,  həmin insan öz ehtiyaclarını həmin statusun ona verdiyi imkanlar daxilində hazır şəkildə ödəyir və bununla da pulu çox xərcləməyə ehtiyacı olmur.  Beləliklə də,  pul birbaşa təyinatı olan funksiyasını yerinə yetirməmiş olur.  Biz bu halda deyə bilmərik ki,  həmin insanın pulu yoxdur.  Əlbəttə ki,  yox,  onun pulu var amma məsələ puldan hansı ölçüdə istifadə edilməsindədir.  
İndi isə bizim insanın şüursuz həyatı anlayışı altında nəzərdə tutduğumuz bəzi məqamlara toxunaq : Cəmiyyətə nəzər saldığımızda vaxtilə,  guya “ ağıllı insanı” yaratmış olan cəmiyyətin (!) bu gün “ mexaniki insanı” formalaşdırdığını görürük.  Bəli,  elm və texnologiyanın sürətli inkişafı fonunda formalaşan və getdikcə insandan daha çox robotlaşmağa doğru gedən insanlıq... Cəmiyyət öz inkişafında elə bir mərhələyə qədəm qoymuşdur ki,  bu mərhələdə insanların çoxu sanki,  düşünməyə o qədər də ehtiyac hiss etməyəcək vəziyyətə gəlib çatır,  onların müasirlik və inkişaf,  azadlıq adı altında beyinləri doldurulur,  şüurları kütləşdirilir,  fərdlər yeyən,  içən,  robot kimi işləyən,  fizioloji və bioloji ehtiyaclarını ödəmək üçün məsuliyyətsiz canlılara çevrilir.  Bütün bunların nəticəsində isə insanlar daha böyük ölçüdə implikativ( əgər... onda... ) münasibətlər sistemində yaşamağa məcbur olurlar.  Beləliklə də,  əksər insanların həyatının böyük bir qismini şüurdan kənar,  şüurla tənzimlənməyən,  özlərinin də səbəbini izah edə bilmədikləri davranış və mexaniki hərəkətlər kompleksi əhatə edir.  Sanki,  insan həyatında yalnız “ ilk dəfələri” düşünür – ilk dəfə işə girən zaman məqsəd müəyyənləşərkən,  ilk dəfə harasa gedərkən,  ilk dəfə hər hansı bir kompyuter proqramı ilə tanış olarkən,  ali məktəbə qəbul olarkən,  hətta ilk dəfə oxuyarkən,  çünki sonra isə düşündü-düşünmədi materalı əzbərləmək məcburiyyətində qalan şagird,  artıq düşünməyə də ehtiyac hiss etmir,  onsuzda cavabını bilmədiyi testin cavabını hazır şəkildə kitablarda tapacaq və s.  (və onu da qeyd edək ki,  insanın həyatında təkrarlar hər zaman “ ilk dəfələr”-dən çoxdur),  sonra isə bəhs etdiyimiz və uzunçuluq olmasın deyə bəhs etmədiyimiz bu qəbilli hərəkətlərin ard-arda təkrarından ibarət olan bir həyat tərzi... Məsələn,  gününün böyük bir hissəsini sükan arxasında keçirən sürücünün,  ali məktəbə qəbul olmaq istəyən və proqramda nəzərdə tutulan materialı əzbərləməklə məşğul olan abituriyentin,  ali məktəbdə müəllimin dediyini əzbərləyib ona qaytaran tələbənin,  mühazirəni dəfələrlə demək nəticəsində onu belə demək caizsə,  qeyri-ixtiyari şəkildə,  düşünmədən təkrar-təkrar tələbəyə oxuyan və bu zaman harada qaldığını belə unudan və tələbələrin xatırlatması ilə davam edən müəllimin,  hər hansı bir ideologiyaya qulluq edən yaxud buna məcbur olan və bu səbəbdən də öz düşüncəsini ifadə edə bilməyən,  dolanmaq üçün sifarişləri yerinə yetirməyə məcbur olan elm adamının,  iş yerində müəyyən norma və qadağalar çərçivəsində işləməyə məcbur olan və bu səbəbdən də düşüncəsini,  fikirlərini dilə gətirə bilməyən,  istəmədiyi halda həmin normalara uyğun hərəkət etməyə,  o cür davranmağa sadəcə məcbur olan işçilərin,  önlərinə başqaları tərəfində seçimlər qoyulan və bunlardan birini seçib reallaşdırmağa məcbur buraxılan ( çox vaxt bu seçimlər həyati əhəmiyyət daşıyır və onun nəticələri insanı bütün yaşamında əhatə edir ) insanların,  sevgisi uğrunda ağlasığmaz hərəkətlər edən insanın,  bütün ömrünü dini həyat yaşadığını zənn edən amma dinlə bağlı oxuduqlarını düşünməyən,  sadəcə,  düşüncəsiz,  idraksız,  fanatikcəsinə inanan ( halbuki,  İslam dini ağıl,  idrak,  düşüncə dinidir.  Quranda deyilir :” Allah Öz ayələrini ( hökmlərini ) bu qaydada aydınlaşdırır ki,  düşünüb anlayasınız ( əqlinizə batsin )”.  Bəqərə,  242 ) və bu səbəbdən də özlərinin belə xəbərləri olmadan müxtəlif təsir dairələrinə düşən və çeşidli bəlalara səbəb olan insanların həyatlarının bəhs etdiyimiz məqamlarını necə şüurlu adlandırmaq olar?

Fikrimizi daha aydın izah etmək üçün yuxarıda ümumi şəkildə söylədiklərimizə əlavə olaraq,  bir də insanın bir gününə nəzər salmaq kifayətdir,  çünki insan həyatı günlərdən ibarətdir.  Hər bir insan gündə ən az 7-8 saatlıq yuxu normasını yatır ( aşağı və yuxarı istisnaları inkar etmirik),  təbii ki,  bu faktın özü şüurlu deyil.  Əlavə olaraq işə gedib-gəlməyə ( dərsə və yaxud başqa bir yerdə ola bilər),  yeməklərə və sonrasına,  əksər insanların televeziya qarşısında keçirdikləri və digər bu kimi zaman dilimləri... topladıqda az-çox sağa-sola sapmalarla 13-15 saata yaxınlaşır.  Qeyd etdiyimiz bu hərəkətləri edərkən isə əksər insanların,  beyinlərində böyük ölçüdə etdiyi hərəkətlə bağlı olmayan fikirlər “ burulğanı” baş verir.  Fikrimizcə,  bütün bunları şüurlu hərəkətlər adlandırmaq olmaz.  Onlar olsa-olsa mexaniki xarakterli hərəkətlərdir.  Müxtəlif insan qruplarının həyatlarının müxtəlif dövrləri üçün bu qəbilli misalların sayını artırmaq da olar,  çünki əksər insanların həyatında bu kimi hərəkət və davranışlar üstünlük təşkil edir.  Amma hesab edirik ki,  fikrimizi aydınlaşdırmaq üçün bu qədəri də kafidir.  Üstəlik onu da əlavə edək ki,  hər bir insanın həyatında müəyyən dövr var ki,  ( uşaqların oyun və öyrənmə dövrü) onu,  ümumiyyətlə,  şüurlu adlandıra bilmərik.  Bundan əlavə,  insan öz fikrini,  düşüncələrini dil,  nitq vasitəsilə ifadə edir və bu akt şüurlu hesab olunur.  Amma bəzən insan başqası ilə danışarkən,  hətta elmi konfranslar,  müzakirələr zamanı onun fikri özü də anlamadan elə yerlərə “ səyahət edir “,  insan beyni elə fikirlərlə məşğul olur ki,  buna insan özü də heyrət edir.  Nəticədə,  nəyi danışıb-nəyi danışmadığını və ya necə danışdığını dumanlı xatırlayır,  bəzən də heç xatırlamır.  Lakin digərlərinin alqışından və tərifindən aydın olur ki,  az-çox xatırlasa belə danışmalı olduğunu danışıb...

Söylədiklərimizlə bağlı bir məqamı da vurğulamağı vacib sayırıq ki,  insanın bir şeyi düşünməsi hələ kifayət deyildir,  çunki insan yalnız düşüncə,  təfəkkür,  fikir aləmində yaşamır.  Əsas məsələ düşünülən şeyin ( hərəkət,  davranış,  seçım və. s ) real həyata tətbiqidir.  Və bu zaman iradə çox şeyi həll etmiş olur.  Bu mənada deyə bilərik ki,  şüurlu həyatı daha çox iradəsi güclü olan,  nəfsinin və maddiyyatın fövqündə dayanmağı bacaran insanlar yaşayırlar.  Məsələn,  bir insan hər hansı bir zərərli vərdişin ( siqaret,  narkotik,  alkoqol ) ona və ətrafındakılara ziyanlı olduğunu bilir amma faktiki olaraq ona davam edir( əlbəttə,  bu vərdişlərlə vidalaşanları da alqışlamağı unutmuruq).  Və yaxud bir insan “ Məqsədə çatmaq üçün hər vasitə mübahdır “ fikrini əsas tutub öz məqsədinə çatmaq üçün səhv olduğunu bildiyi halda digər insanlara müxtəlif cür ziyan vurmaqda davam edir.  Başqa sözlə desək,  başqa şeyi düşünən,  lakin real həyatda başqa cür hərəkət edən insanların bu hərəkətlərini şüurlu hesab etmirik.  Həmçinin,  biz iddia etmirik ki,  yuxarıda göstərdiyimiz və göstərmədiyimiz digər bu qəbilli məqamlar tamamailə şüur elementlərindən məhrumdur,  amma şüur elementləri olsa belə,  fikrimizcə,  bu,  onları şüurlu adlandırmaq üçün kafi deyildir.

Bəzən düşünürük ki,  elm adamlarının,  alim və mütəfəkkirlərin elm tarixində bütün həyatlarını həsr etdikləri xidmətləri yalnız şüuri ( rasional ) xarakter daşıyır.  Lakin elm tarixinə nəzər saldığımızda elmi kəşflərlə bağlı qarşımızda başqa bir mənzərə canlanmış olur.  Sən demə,  Arximed,  Aristotel,  İ.  Nyuton,  R.  Dekart,  İ.  Kant,  B.  Rassel,  Dirak,  D.  İ.  Mendeleyev,  F.  A.  Kekule,  Rezerford,  Şredinger,  Lui de Broyl,  Heyzenberq,  A.  Eyneşteyn kimi və digər elm nəhənglərinin imza atdıqları bir çox ciddi kəşflər məhz intuisiya sayəsində baş vermişdir.  Arximedin “ evrikası”,  Nyutonun başına düşən “qızıl alması”,  Mendeleyevin “yuxu cədvəli”,  Aristotelin sillogizm ideyası,  Dekartın fəlsəfə ilə riyaziyyatın birləşdirilməsinin zəruriliyi ideyası,  Eyneşteynin xüsusi və ümumi nisbilik nəzəriyyəsinin əsasında qoyulan postulatlar da və bir çox bu qəbilli digər “qəfil kəşflər” də məhz güclü intuisiya sayəsində yaradılmışdır.  Biz əsla bu mütəfəkirlərin bütün elmi həyatlarını yalnız intuisiyaya müncər etmək fikrində deyilik.  Həmçinin biz,  A.  Berqson kimi onu rasional nüanslardan tamamilə məhrum etmək ( söhbət intuisiya məqamına qədər olan rasional mərhələdən,  alimin problem ətrafında dərin araşdırmaları və düşüncələrindən gedir ) fikrində də deyilik.  Hətta sonuncu məqam da intuisiyani şüurlu adlandırmaq üçün bizə əsas vermir.  Təbii ki,  intuisiya şüurlu düşüncədən kənar sahədir.  Yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz bir çox mütəfəkkirlər elmi yaradıcılıqda intuisiyaya çox böyük önəm vermişlər.  Hətta,  A.  Eyneşteyn qeyd edirdi ki,  fizikanın baza anlayışlarının yaradılmasında heç bir induktiv metodun rolu yoxdur.  Alimin fikrincə,  təcrübi bilik və hissi idrakdan nəzəriyyəyə,  nəzəri biliyə aparan yeganə yol məhz intuisiyadır.  “Məntiq qarşısında günah işlətmədən heç bir nəticəyə gəlmək mümkün deyil”,  “ Mahiyyətcə əsl dəyər yalnız intuisiyadır” ( A.  Eyneşteyn ).  Eynşteyn bir dəfə kurs yoldaşına deyir ki,  eyninizamlılığın nisbiliyi haqqında fikir onun başına qəfil intuisiya kimi gəlmişdir.  Fransız fiziki Lui de Broylun fikrincə,  nəzəriyyələrin inkişafında bəzən elə “düyün” nöqtələr olur ki,  onların açılması insan zəkasında bir sıçrayış,  “oyanma”,  “işıqlanma” sayəsində baş verir ki,  bu da intuisiyadır... ”Mötəbərlik verə bilən məntiq sübut alətidir; intuisiya isə kəşf alətidir”( A.  Puankare ).  Yaradıcı insanların (musiqiçi,  şair və s. ) həyatında isə şüurdan kənar məqamlar daha çoxdur,  xüsusən də dünya şöhrətli bəstəkarların klassik əsərləri məhz bu yolla yaradılmışdır.  Məsələn,  Cüzeppe Tartini yuxusunda şeytanın ecazkar bir musiqi ifa etdiyini görməsi və bunun da nəticəsində yazdığı “Şeytan zəngulələri” sonatası,  Frederik Şopenin “İt valsı” və s.  Fikrimizcə,  intuisiya ilə edilən kəşflər( və digər müxtəlif formalarda təzahür edən və qeyri- şüuri adlandırdığımız fenomenlər) insan psixikasına Böyük Yaradıcı tərəfəindən potensial olaraq,  bir rüşeym,  imkan şəklində yerləşdirilmiş biliklərdir.  Elə məhz buna görə də insan şüuru,  idrakı intuitiv kəşflər kimi təzahür edən bu imkanın reallaşmasını,  potensiallıqdan aktuallıga keçidi və bu keçidin mexanizmini dərk etmək iqtidarında deyildir.  Bu istiqamətdə edilən cəhdlər,  az-çox “uğurlu” görünsə də,  hələ ki,  problemin tam izahını verə bilmir.  Belə bir sual qoyula bilər ki,  qeyd etdiyimiz problemlərlə bəhs etdiyimiz alimlər deyil,  başqaları məşğul olsaydı,  yenə də həmin kəşfləri reallaşdıra bilərdilər mi? Yox... Çünki bizim mövqeyimizə görə,  bu dünyada hər insanın bir missiyası var və hər bir insan da bu missiyanın daşıyıcısıdır.  Deməli,  intuisiya qabiliyyəti az-çox dərəcədə hər bir insana xas olsa da,  o kəşflər məhz müvafiq alim və mütəfəkkirlərin missiyasına daxil imiş.  Necə ki,  onlara qədər də həmin problemlərlə məşğul olan alimlər olmuş,  amma bu kəşflərlə adını elm tarixinə qızıl hərflərlə yazdırmaq xoşbəxtliyi məhz adlarını çəkdiyimiz alimlərə nəsib olmuşdur.

İndi isə,  bütün yazdıqlarımızı ümumiləşdirərək suala cavab verək.  Bizim mövqeyimizə belə bir etiraz oluna bilər ki,  insan həyatının yuxarıda bəhs etdiyimiz məqamları bütün insanlar üçün keçərli olmaya bilər.  Prinsipcə,  bu etiraz elə də şübhə doğurmur,  çünki bütün bu yazdıqlarımız əsas vermir iddia edək ki,  bu,  bütün insanlara aiddir amma hər halda bizim fikrimizcə,  göstərdiyimiz məqamlar əksər insanların həyatlarını daha böyük ölçüdə əhatə edir.  Elə bu sbəbdən də suala belə cavab veririk ki,  bəli,  müasir dövrdə insanı onun şüursuz həyatı daha çox ifadə edir ( hətta gələcəkdə daha böyük ölçüdə),  nəinki,  şüurlu həyatı.  Biz bununla əsla demək istəmirik ki,  insan həyatında şüurlu məqamlar çox azdır,  biz onu demək istəyirik ki,  insan həyatı şüurlu və şüursuz məqamların vəhdətindən ibarət olmasına baxmayaraq,  ümumi nisbətdə insan həyatının şüursuz məqamları az da olsa üstünlüyə malikdir.  Sən demə,  keçmişdə ata-babalarımız bizdən daha çox şüurlu həyat yaşayıblar... Bütün bu bəhs etdiklərimiz indi olandır,  bəs olmalı olan necə olmalıdır? Əlbəttə,  insanı insan edən,  onu digər canlılardan fərqləndirən,  onu təkcələşdirən başlıca əlamət şüur olduğundan,  onun həyatını da digər canlıların həyatından fərqləndirən,  onun həyatın insaniləşdirən də məhz insanın şüurlu həyatı olmalıdır.  Onu da qeyd edək ki,  biz insanın özünü şüurlü ifadə edə bilməsi üçün,  şübhəsiz ki,  onun şüurlu həyat yaşamasının tərəfdarıyıq.  “Bunun üçün nə etmək lazımdır” sualının cavabı isə başqa bir yazının mövzusudur.

 

III yer –  Züriyə Babayeva

Şüurlu həyat insanın özünü istədiyi kimi,  şüursuz həyat isə olduğu kimi göstərməsidir.  Ən böyük fərq elə buradadır.

 

III yer –  Tural Abbaslı

Həyat əslində hər bir insana özünün razılığı olmadan, xəbərsiz bir şəkildə Allah tərəfindən verilən lütfdür. Hər kəs dünyaya öz istəyi olmadan gələrək həyat adlı bir məfhumun necə də şirin nemət olmasının dərkinə varır.  Yaşamının irəliləyən illərində isə insan öz biliyini, bacarığını, davranışlarını ortaya qoyaraq sanki həyatın ona həsr olunan bölümündə aktyor kimi bir rol canlandırır. Təbii ki fərqli ssenarilər və onların meydana gətirdiyi insan həyatının müxtəlif görüntüləri. Mən də sualda qeyd olunan məsələlərə aydınlıq gətirmək üçün sözsüz ki, insan həyatının müxtəlif tərəflərinə müraciət etməklə müəyyən nəticəyə gəlməyə çalışacam. Bəllidir ki, insan beyni şüuri və qeyri şüuri məqamları özündə ehtiva edən bir məkandır. Hətta qeyri şüuri məkan beyində daha çox yer tutumuna malikdir. Amma bu heç də insan həyatında qeyri şüurinin üstün mövqeyə malik olduğuna əsas vermir. Bu yönü önə sürüb sualda qeyd olunan məsələyə cavab vermək sadəcə tələsiklik olar. İnsana bəxş edilmiş əqlin varlığı danılmaz və hər kəsin qəbul edtiyi bir gerçəklilkdir.  Zənnimcə,  İnsan əql adlı mexanizmasını aktivləşdirərək, inan həyatında onun (əqlin) nüfuz etdiyi məqamları ayırd edə bilər. Yəni potensiyal olaraq fərd ona verilmiş nemətdən istifadə edərək hətta qeyri şüuri məqamların onun həyatında hansı məqamda üstünlüyünün dərkinə vara bilər.  Fikrimi daha aydın izah etmək üçün əvvəldə də qeyd etdiyim kimi insan həyatının müxtəlif məqamlarına nəzər salmaq istərdim.  Bəllidir ki,  hər bir insan müəyyən bir ölkədə, fərqli sosial statusa malik ailədə, özünün seçmədiyi millətin mənsubluğunu daşıyan fərd kimi dünyaya gəlir. Yaşamı boyu insanın həyata dair müəyyən baxışları, düşüncələri, bir sözlə müəyyən bir dünyagörüşü formalaşır. Təbii ki, bu dünyagörüşünün foralaşmasında həmin insanın mənsub olduğu millətin adəti-ənənəsi, çevrəsinin yaşam tərzi, aldığı təhsil və s.  mühüm rol oynayır.  Sözsüz ki, bu da təbii bir haldır. Ancaq burada mühüm bir məqama diqqət ayıraq. İdrak aparatının mükəmməlliyi insana öz həyatını sahib olduğu düşüncələri istiqamətində cızmağa imkan verir. Yəni bir insan dünyaya fərd olaraq gəldiyini, çevrəsinin adət-ənənəsinin, baxış tərzinin onun düşüncəsinə təsir etdiyini şüurlu bir şəkildə dərk edirsə və kor-koranə bir şəkildə qəbul edilən kənar təsirlərdən,  həmin təsirlərin ağlın süzgəcindən keçirilmədən həyatına nüfuzunu əngəlləyirsə,  deməli insan ona bəxş edilən ağıl nemətindən yararlana bilmişdir.  Çünki insan sahib olduğu dəyəri anladığı zaman, insan olmağının fərqinə vardığı zaman öz düşüncələrini ortaya qoyaraq onların əsasında həyatını qurmağa çalışacaq.  Artıq bu zaman kor-koranə qəbul edilmiş adət-ənənə və ya ətrafın tətbiq etdiyi düşüncə sistemi deyil, öz düşüncə sistemi köməyə gələcək.  Bu isə insanın həm öz adət-ənənəsinə, mentalitetinə hörmətlə yanaşmasına və ondan sağlam bir şəkildə istifadə etməsinə şərait yaradır.  Düşünürəm ki,  həyatın şüurlu və qeyri şüuri tərəflərində ən mühüm, mükəmməl an məhz bu məqamdır.  Çünki bu,  insan əqlinin cızdığı bir həyat tərzinin aktivləşməsi, eyni zamanda onun istəyindən asılı olmadan ətrafının adət-ənənəsinin təsirinin olduğu məqamıdır. Ancaq burada insan ağlında istifadə edərək,  həm adətini-ənənəsini anlamağa və ondan yararlanmağa, eyni zamanda öz düşüncələri istiqamətində həyatını yaşamaq şansına malikdir.  Zənnimcə. bu məqamı anlayan insan yaşam boyu ağlının gücündən istifadə etməyi bacarmışdır. Hansı ki ağlın gücü ilə bizə belə bir məqamda şüuri (düşüncənin cızdığı həyat) və qeyri şüurinin (adət-ənənənin təsiri) ünsürlərini görə bilərik.  Buna əks olan bir mövqenin təmsilçiləri isə sadəcə robortlaşmış və ya Başqalarının həyatını yaşayan insanlardır. Sual oluna bilər ki, insanın düşüncələri hesabına öz həyatını cızması üçün, ilk öncə onun mənəvi-intellektual yöndən mükəmməl olması gərək deyilmi? Eyni zamanda bu,  hər kəsə nəsib olan bir məsələ deyil.  Düşünürəm ki, hər bir fərd mənəvi-intellktual dünyasının verdiyi imkandan istifadə edərək,  düşüncələrini öz həyatına tətbiq edib reallaşdıra bilər.  Hər şeydən öncə önəmli olan insanın mənəvi-intellektual aləmini təkmilləşdirməsidir.  Amma onu da qeyd edim ki, mütəfəkkirin və ya filosofun düşüncəsinin dəyəri ilə, adi insanın düşüncəsinin dəyəri sözsüz ki,  eyni olmayacaq.  Bu da başqa bir reallıqdır.  Şüurinin yoxsa qeyri şüurinin üstünlük təşkil etdiyini aydınlaşdırmaq üçün yenə də insan həyatına nəzər salmağa davam edək.

Məlum məsələdir ki, hər bir insan istəyindən asılı olmadan yaşamının uşaqlıq, gənclik,  qocalıq mərhələrinin iştirakçısı olur.  Eyni zamanda həmin mərhələrə aid olan prinsip və qaydalara da tabe olmaq məcburiyyətində qalır.  Uşaqlıq və yeniyetməlik dönəminin yalnız bir görüntüsü olan məktəb həyatı, gəncliyin tərkib hissəsi olan tələbəlik, daha sonra irəlidə insanı gözləyən iş həyatı, evlilik, qocalıq çağının təzahürləri və s.  Həmçinin bioloji varlıq olan insan (təbii ki, burada insanın yalnız bir tərəfi nəzərdə tutulur) sözsüz ki,  həyatın bu mərhələlərinin özündə şahidi olacaq.  Amma maraqli olan insanın həmin mərhələrin ayrılmaz tərkib hissəsi olan həmin prinsip və xüsusiyyətlərə qeyri şüuri olaraq tabe olmasıdır. Şüurlu bir şəkildə bunu etdiyin fərqinə varsa da.  Məktəbi bitirmiş bir gəncin tələbə olmaq istəyi yaxud iş həyatı, onun müəyyən norma- qaydaları və ona qeyri şüuri olaraq tabe olan insan.  Amma bütün bu prinsiplərə insan qeyri şüuri olaraq tabe olsa da, yenə də əqlin gücündən istifadə edir.  Məsələn yuxarıda qeyd etdiyim kimi hər hansı bir gənc tələbə olmağı arzu etməklə yanaşı, bu arzunun reallaşması üçün müəyyən prinsiplərə (çalışqanlıq, inetellektual fəaliyyət və bu fəaliyyətə mane olan məqamlardan maksimium dərəcədə imtina etmək.  Təbii ki əqlin gücü ilə) tabe olmalıdır. Göründüyü kimi burada da əqli ünsürlərin rolu danılmazdır. Bəllidir ki,  hər birimizdə bizdən asılı olmadan sevgi, mərhəmət və s.  bu tipdə hisslər üzə çıxır və biz özümüzdə meydana gələn həmin hisslərin şahidi oluruq. Təbii ki, qeyd olunan hisslər şüurdan kənar sahəyə, qeyri şüuri məzmuna malikdir, çünki insanın istəyindən asılı olmadan, yaşamın müxtəlif məqamlarının tələbi olaraq qeyri iradi olaraq ortaya çıxırlar.  Eyni zamanda onu da vurğulayım ki,  bu və ya buna oxşar xüsusiyyətləri heyvanlarda da görə bilərik. Hər hansı bir heyvanın öz balasının qeydinə qalması buna əyani bir sübutdur. Həyata müxtəliflik qatan məqamlardan biri də fərqli peşələr(rəssam, bəstəkar, şair, alim və s. ) və onlara sahib olan insanlardır, yəni peşə sahibləri. Biz burada da şüuri və qeyri şüurinin ünsürlərini görə bilərik. Məsələn incəsənətə yaxın olan və elə incəsənətin özü olan peşələr sözsüz ki qeyri rasional mahiyyətə malikdir. İnsanın mənəvi dünyasında yaşadığı hisslərini nota köçürən bəstəkar, öz fırçasıyla xəyalında canlandırdığı bir görünütüyə rənglər vasitəsilə maddi don geydirən rəssam və ya ilhamının yardımı sayəsində şeirlər ərsəyə gətirən şair. Təbii ki,  sadaladıqlarım quru ağlın ünsürlərindən münəzzəhdir. Amma elm aləmində bu xüsusiyyət öz təsir gücünü itirir. Burada sözsüz ki, əsas söz sahibi məntiq və rasionallıqdır. Lakin elm dünyasına, alimlərin elmi fəaliyyətinə nəzər saldıqda da qeyri rasional məqamların da şahidi oluruq. Hansı ki belə bir vəziyyətdə onlar elm tarixində iz qoymuş ixtiralarını(Nyuton, Mendeleyev və s) realllaşdırıblar. Göründüyü kimi yaşamımızın hər anı şüuri və qeyri şüuri məqamlarla boldur. Hər ikisi (rasional və qeyri rasional) həyatımıza nüfuz edərək,  öz təsirini göstərmək gücünə malikdir.  Düşünürəm ki, burada daha çox üstünlük qazanan, öndə olan məhz qeyri şüuridir. Zənnimcə, nümunə olaraq nəzər yetirdiyim insan həyatının müxtəlif məqamları fikrimi təsdiqləyən əyani bir sübutdur.  Amma bu,  heç də qeyri şüurinin əsas həlledici rola oynamasına əsas vermir. Çünki məhz əqlimiz vasitəsilə biz həm düşüncələrimizi həyatımıza tətbiq etmək imkanına, həm də qeyri şüurinin yaşamımızda mühüm rol oynadığını aydınlaşdırmaq qabiliyətinə malikik. Rasional və qeyri rasional yalnız paralel olaraq birgə fəaliyyət göstərdikdə harmoniya yarana bilər. Məsələn intuisiya, dini hiss olan iman kimi qeyri şüuri məzmuna malik olmaqla yanaşı insan həyatında əvəzsiz rola malikdir. Məhz imanı vasitəsilə insan mənəvi dünyasına nüfuz edərək özündə olan ilahi keyfiyyətləri(Təbii ki,  mənbəyi Allaha aid olan keyfiyyətlər) aktivləşdirib mükəmməlləşdirə bilər. Lakin burada da əql imanın daim yanında addımlamalıdır. Əqldən məhrum olan dini yaşantı sadəcə robort xarakteri daşıyan yaşam tərzidir. Qeyri şüurinin üstünlüyünün məkanı olan həyatın daşıyıcısı sayılan insanın ən böyük uğuru isə daima şüuri və qeyri şüurinin maksimum imkanından yararlanmaqla öz düşüncələrini yaşamına tətbiq edib həqiqətən yaşaması və yaxud da Şopenhauerin təbirincə desək, sadəcə öz üzərinə götürdüyü rolu oynamasıdır...

 

Fəxri qaliblər

 

 Dos.  Mətanət Abdullayeva

“Qeyri-şüurinin fəlsəfəsi”nin nümayəndəsi Eduard Qartman qeyri-şüurini şüurun transsendent tərəfi kimi qiymətləndirərək onu ruhla identikləşdirir. O deyir ki,  şüur dünyəvi prosesin gedişatında yüksəlib kamilləşdikcə elə bir anlama səviyyəsinə yetişir ki,  orada bütün bədbəxtliklərin arzuların nəticəsi olduğu məlum olur və o zaman yalnız arzulardan imtinanın mümkün vəziyyətlərdən ən yaxşısına – ağrısızlığa aparması həqiqəti aşkarlanır.  Qartmanın praktiki fəlsəfəsinin prinsipi odur ki,  xoşbəxtliyə nail olmanın hər cür psevdomodellərini ifşa etmək və qeyri-şüurinin məqsədini – dünyanı arzuların fəlakətindən xilas etməyi şüurun məqsədinə çevirmək. Buradan hasil olan birinci nəticə odur ki,  şüurlu həyat ağılla tənzimlənən həyatdır (bu çox yaxşıdır),  eyni zamanda,  şüurlu həyat – şüurun ağlın. əsarətində olduğu üçün qeyri-şüurinin səfalarından bixəbər olduğu,  ruhu tanımadığı bir yaşam formasıdır (bu çox pisdir).  Ağıl və onda yaranan arzular qeyri-şüuri həyatı “dadmaqda” ən böyük maneədir (burada yenə də əbədi aktual olan cihad problemi durur) Nə qədər ki arzular “meydan sulayır”,  qeyri-şüuri gizli və əlçatmaz olaraq qalır.  Bu barədə əsrlər boyu açıq şəkildə də,  simvolik formada da danışıblar.  Nizami Gəncəvi “Yeddi gözəl”də belə deyir:”Arzu şeytanı məni yoldan çıxara bilməz, //Mən arzumu günaha girov qoymuşam. ” Füzulinin bu məsələyə münasibəti belədir: “Arzu kələfində vurulan bu düyün,  əlbət// Əql üzrə doğub,  dövranə gəl eyləmə töhmət…//Əql ilə ələm,  bil ki,  əkizdir bu cahanda, // Əqlin yoxalarsa,  gedəcək ahü fəğan da. (Yeddi cam).  Burada “ağlın yox olması” insanın fiziki ağılsızlığı deyil,  qeyri-şüuriyə aparan ağılsızlığıdır.  Maddi dünyanın keyfiyyətlərini,  zövq-səfasını ifadə edən arzular insanın fiziki aspekti ilə bağlıdır və nəzərə alsaq ki,  insanın fiziki aspektinin diapazonu ruhunun imkanlarından kiçikdir və ruh qeyri-şüurini ifadə edir,  o zaman insan dəyərlərinin,  keyfiyyət və bacarıqlarının hansı dərinliklərdən süzülüb üzə çıxdığı həqiqətini dərk etməyimiz asanlaşar.  Ağlın ruhu,  qeyri-şüurini tanımadan yaşanılan həyat şüurlu həyat hesab olunursa da,  əslində,  natamam həyatdır,  çünki insan özünün tam potensialını bilmədən və bu imkanları realizə etmədən yaşayır.  Əslində,  insan unikal və universal varlıqdır və onun potensialının realizə olunması deyəndə konkret təbii mexanizmlər nəzərdə tutulur ki,  bu da insan varlığında mövcud olan kosmik enerjinin sublimasiyasından ibarətdir. Bu enerji insanı yaşadan həyat enerjisidir. Z. Freyd ona libido deyirdi,  kabbalada onun adı ruax,  sufilikdə can,  induizmdə Kundalinidir.  İnsanın ruhu ilə kontaktını – introvert əlaqəni yaradan təlimlərin əsasında libidonun (yaxud Kundalininin) sublimasiyası durur Qədim yəhudi qnostisizminin nümunəsi olan kabbaladan (müəyyən səviyyədə) bəhrələnən Freyd bu enerjini psixoseksual enerji kimi başa düşürdüsə,  Q. Yunq,  daha dərinə gedərək,  onu özül enerji kimi dərk edirdi. Həyat enerjisinin – libidonun məqsədyönlü sublimasiyası yolu ilə insanın özünün qeyri-şüurisinə çatması mümkündür və bu məqsədlə bəşər tarixi boyu müxtəlif ezoterik məktəblər,  təlimlər yaradıllırdı.  Enerjinin sublimasiyasından ibarət olan möhtəşəm proses müxtəlif etno-mədəni areallarda fərqli simvolik obrazlarla təsvir olunub.  Bu,  induizmdə (qadın mahiyyətli) Şaktinin səyahətə çıxıb möhtəşəm Şiva ilə birləşməsidir; sufilikdə canın Cananla birləşməsindən ibarət olan mistik eşq yolçuluğudur. Siddxartxa Qautamanın qırx gün bodxu ağacının altında meditasiyada oturub şəxsiyyətinin dəyişməsinin – Budda (nurlanmış) səviyyəsinə yetişməsinin batini əsasında enerjinin məqsədyönlü sublimasiyası dururdu.  Qeyri-şüurini aktivləşdirməyə yönələn mistik təcrübələrin hamısının psixoloji mexanizmi var və bunlar eynidir. Belə psixoloji aspektdən çıxış edərək Yunq deyir ki,  qeyri-şüuriyə yönəlmə əhəmiyyətli dərəcədə insanın formalaşmasına səbəb olur,  onun şəxsiyyətini dəyişdirir.  “Yeni psixologiya hesab edir ki,  şüur bir adadır,  qalan ətraf isə qeyri-şüuridir. ” Yunqa görə,  qeyri-şüuri,  ruhun yaradıcı fantaziyası,  qiymətli hissiyyatının mənbəyidir və ağıl oraya əl vura bilməz,  ruhi mən oraya qərq olanda (özünün son əsası olaraq) məktəblər, bilik, incəsənət yaranır; psixofiziki oraya dürtüləndə nevroz və psixoz yaranır.  Yunq deyir:”Qeyri-şüuriyə yeganə yolla yaxınlaşmaq olar – bu,  saflaşdırılmış ağıl,  düzgün yanaşma və göylərin xeyir-duasından ibarət olan Kundalinidir. Yalnız bu səyahət həyatı ləyaqətlə yaşamaq üçün yararlı edir və bu,  Kundalinidir,  bu,  ilahi məqsəddir”. Psixiki və fiziki təlim kimi transsendent Kundalininin dərk olunması qeyri-şüurinin dərk olunması deməkdir. Belə dərk insanı maddi aləmin sərhədlərindən çox-çox geniş olan sonsuz reallığın dalğalarına kökləyir; insan mahiyyətinin gizli qalmış və heç bir başqa şəraitdə açıla bilməyən potensial qatları açılır; arxetiplər aydınlaşır,  insan fenomeni,  bütün mənalarda,  bacarıq və qabiliyyətləri ilə bitkin şəkildə təzahür olunur,  onun həqiqi mahiyyəti ifadə edilir. Qeyri-şüuri şüurini sıxışdırıb yox etmir,  əksinə,  onu özünə qataraq təmizləyir,  arıdır,  ümumi axına birləşdirərək yüksəldir.  Özünün təcrübəsini təsvir edən hind yazıçısı,  mistiki,  ruhaniyyat alimi Pandit Qopi Krişna avtobioqrafik əsərində (“Kundalini”) belə yazır: “Sivilizasiyanın ən böyük nəticəsi – peyğəmbərlər,  mistiklər və dahilər təkamülün (söhbət enerjinin təkamülündən gedir – M. A. ) istiqamətini və məqsədlərini aydın ifadə ediblər. Onların hamısı ümumi səciyyəli xüsusiyyətə malik idi – onları tənzimləyən təkanverici qüvvə,  istisnasız olaraq,  Kundalini idi.  Kundalininin oyanması ilə insan orqanizmində gedən təkamül nəticəsində bütün bunlar mümkün olur. ” Kundalini enerjisinin “səyahəti” (yeddi energetik mərkəzdən keçməsi) – enerjinin sublimasiyası prosessual səciyyəli idrak prosesidir.  Bu yolla qeyri-şüuriyə yetişməklə insan mənəviyyatın yüksəlişini əldə edir. Belə yüksəlişdə onun etik,  estetik,  ictimai,  sosial,  fərdi,  ruhahi və s.  aspektləri mümkün olan yüksəliş səviyyəsində sintez olunur.  Həmin müəllif sonda yazır: “Bəşəriyyətə yaradılışın sirrini aça biləcək başqa yol yoxdur; onun təbiətlə ayaqlaşa bilməsi üçün başqa yol yoxdur; bəşəriyyəti fəlakətdən qurtara biləcək başqa yol yoxdur.  Bu, (Kundalini) elmlə dini ayıran uçurum üzərindən körpü salmaq üçün yeganə üsuldur. ” Deməli,  insan ilahidən ona verilən gözəllikləri özündə kəşf etdikdə,  qeyri-şüurisində varlığının ən dərin qatlarındakı imkanlarını realizə edərək tam,  bitkin həyatını yaşayır.

 

 Dos.  Şəfahət Abdullayeva (Cavid Axundov)

(captatio benevolentiae –lat. )

Şüursuzluq haqqında ballada

(ballada – (frans. ) fantastik,  tarixi-əfsanəvi,  süjetli-nəqledici mahnı janrı olub,  hadisənin qısa şərhi ilə və drammatik sonluqla səciyyələnir. )

Söhbət şüursuzluqdan gedəndə bizim biliyimiz və təcrübəbiz hər hansı bir nəzəriyyə yaratmaq üçün kifayət etmir.  K. Q. Yunq

Bu gün mən heç vaxt olmadığım qədər tənhayam,  çünki elə şeylər bilirəm ki,  onlar haqqında heç kim heç nə bilmir və ya bilmək istəmir.  K. Q. Yunq

Mənim iç dünyamda “başqa mən” yaşayırdı.  O,  öz daxilində Allahı tanıyırdı,  o,  Allahı bir sirr kimi bilirdi...  Orada,  o dünyamda heç nə insanı Allahdan ayırmırdı....  sanki insanın ruhu Allahla bir idi və yaradılana Allahla birgə baxırdı.  K. Q. Yunq

Fəlsəfə nəzəri,  psixologiya həm nəzəri,  həm də empirik elmdir.

N Ə Z Ə R İ Y Y Ə

Müzakirəyə çıxarılan sual çox yaxşı (incə) düşünülmüş addımdır.

Yunq isə sualı belə qoyur: Şüursuzluğun problemi nədədir? Cavabı da belə verir: Şüursuzluğun problemi eqo ilə qarşılıqlı münasibətindədir.

Eqo insanın psixi təşkilatlanmasında böyük əhəmiyyətə malikdir.  Belə ki,  o,  iradənin də iştirak etdiyi bütün adaptasiya proseslərində əsas rol oynayır və şüurun mərkəzini təşkil edir.  Bu rolun əhəmiyyəti o qədər böyükdür ki,  eqonu təkcə şüurun mərkəzi yox,  həm də şəxsiyyətin mərkəzi hesab edirdilər.  Və az qala onu psixe perse (özü özlüyündə və hər yerdə mövcud olan şey) ilə eyniləşdirirdilər.

Məlum olduğu kimi insan psixikasının təkcə şüurdan yox,  həm də şüursuzluqdan ibarət olduğu empirik surətdə təsbit olunduqdan sonra (Freyd),  eqo-nun şəxsiyyətin strukturundakı hakim mövqeyi laxladı.  Aydın oldu ki,  eqo şüurun mərkəzini təşkil etsə də,  şəxsiyyətin mərkəzini təşkil etmir.  

Psixologiyada şüursuzluq şüur psixologiyası və şəxsiyyət psixologiyası baxımından izah edilir.  Şüursuzluqla eqonun münasibətinə keçməmişdən əvvəl bütün həyatını şüursuzluğun öyrənilməsinə həsr etmiş K. Q. Yunqun şüursuzluq haqqında fikirlərinə şəxsiyyət psixologiyası baxımından nəzər salaq.

Şüursuzluq nədir? Həyatda bizə məlum olan və məlum olmayan şeylər vardır.  Məlum olmayanlar iki yerə ayrılır: 1) bizdən kənarda olanlar və hiss üzvləri ilə qəbul olunmayanlar və 2) daxildə olanlar və bilavasitə (vasitəsiz) qəbul olunanlar.  Ikinci qrupa daxil olanlar qeyri-şüuri sahəni təşkil edir və şüursuzluq adlanır.

Qeyd etmək lazımdır ki,  ifrata varmağına baxmayaraq Freydin dahiliyi şüursuzluğu bir komponent kimi psixikanın tərkibinə (şəxsiyyətin strukturuna) gətirməsindədir.  Yunqun dahiliyi isə,  daha da irəli gedib şüursuzluqda erosdan başqa,  ilahiliyi və bütün insanlara aid ümumi (kollektiv) tərəfi görməsindədir.  Beləliklə,  Yunq şüursuzluğu iki yerə bölürdü: səxsi şüursuzluq və kollektiv şüursuzluq.  (Yeri gəlmişkən,  qeyd edək ki,  Yunq həm də kollektiv şüur fenomenini ayırd edir).

Birinci qrupa şəxsiyyətin individual komponenetləri daxildir və onlar şüurda təmsil oluna bilirlər.  İkinci qrupa daxil olanlar mahiyyətcə özü-özlüyündə mövcud olan,  hər yerdə olan,  identik olan,  dəyişməz keyfiyyətlərə malik olan psixe perse-dir.

Yunqa görə fərdlərdə psixi proseslərin ümumi cəhətlərinin olması,  oxşarlığı ümumi qanunlara tabe olan ümumi,  şəxssiz prinsiplərin də mövcudluğu haqda fikir irəli sürməyə imkan verir.  Yunq yazır: “Əgər insanların bütün unikallığı şəraitində onların hansısa ümumi xassələri,  cəhətləri (psixi proseslər) varsa,  deməli,  onları birləşdirən daha dərin qatlar mövcuddur. ” Bu dərin qatlar şüurda təmsil olunmasalar da,  ümumilikdə psixikada (şəxsiyyətdə) təmsil olunurlar.  Yunq bunları arxitiplər adlandırır (anima,  animus,  özul,  mandala,  siziqiya,  kölgə).  Arxitiplər insanın şüursuz halında (yuxuda,  öncəgörmədə,  ekstazda və s. ) aktivləşirlər (təcəssüm olunurlar).  
Özül (və yaxud bunu “öz”,  “özgür”,  “özəl” kimi də adlandırmaq olar) fərdlərə,  xalqlaqra,  millətlərə,  bəşəriyyətə aid olan arxitiplərdən biri və əsasıdır.  Özül transendent anlayış olub,  özündə şüurini və qeyri-şüurini (şüursuzluğu) ehtiva edir.  Özül öz tamlığına (vahidliyinə) baxmayaraq sona qədər dərk olunmayan şəxsiyyətdir.  Yunqa görə eqo özül-ə tabedir və hissənin tama olan münasibətindədir.  Yunq özülü xarakterizə edərkən ancaq antinomoyalardan istifadə etməyin mümkünlüyünü vurğulayır: ani və əbədi,  unikal və universal,  xeyir və şər,  mənəvi(ruhani) və maddi.  Məsələn,  özül individual mahiyyət kimi ani və unikaldır,  ümumilik baxımından əbədi və universaldır.  Eynilə də,  ayrılıqda götürülmış xeyirli və ya başdan başa şər özül,  yaxud maddi özül və ya ruhani özül yoxdur.  Beləki,  özül bu əksliklərin vəhdətindən ibarətdir.  Məlumdur ki,  əksliklərin birləşməsi özü-özlüyində (öz səviyyələrində) mümkün deyil.  Buna görə də onları özündə birləşdirən üçüncü tərəf – daha yüksək “müstəvi” olmalıdır ki,  özülün mahiyyəti də elə bundan ibarətdir.  Psixoloji özüllük həm kişi,  həm qadındır,  həm qoca,  həm uşaqdır,  həm güclü,  həm zəifdir,  həm böyük,  həm də kiçikdir və s.  Elə görünə bilər ki,  özüldə ziddəyyətlər vardır.  Lakin Yunqun qeyd etdiyi kimi bu,  ziddiyyətlər şüurun məhsuludur,  tama münasibətdə şüurun (Yunq “dəyişilmiş şüur” ifadəsini işlədir) mövqeyindən irəli gələn nəticədir.  Əslində özüldə heç bir ziddiyət yoxdur,  özül psixoloji tamlıqdır,  şüur və şüursuzluğun psixoloji vəhdətindən ibarətdir.  Əksliklər şüura,  əksliklərin vəhdəti isə şüursuzluğa ekvivalentdir,  çünki şüur hadisəsi differensasiya tələb edir,  o,  hər şeyi subyektə və obyektə bölür,  onları və onlar arasındakı münasibətləri öyrənir.  Harada ki belə bölgü yoxdur,  yəni bir tərəf var,  amma o biri tərəf yoxdur,  deməli,  orada şüur hadisəsi də yoxdur.  Deməli,  eqonun psixoloji məzmunu da bir tərəfdən şüura,  digər tərəfdən isə şüursuzluğa əsaslanır.  

Beləliklə,  idrak prosesi əksliklərsiz mümkün deyil.  Yunqa görə,  idrakla sıx bağlı olan bir şeyin (əksliklərin) obyektlə də bağlı olması ağlabatan deyil.  Və o,  qeyd edir ki,  ağlabatan odur ki,  “bizim şüurumuz şeyləri adlandırır,  onları fərqləndirir.  Hətta bəlkə də heç bir fərq,  əkslik gürünməyən (olmayan) yerdə onları yaradır.  

Özül özündə həm şüursuzluğu,  həm də şüurini ehtiva edən fenomendir.  Şüursuzluqdan şüura sezən (yol tapan) informasiya simvollar,  obrazlar və xüsusi maraqla qeyd etmək lazımdır ki,  hətta hazır fikirlər şəklində peyda olur.  Şüursuzluğun şüurda təmsil olunması prosesi zamanı insanda hansı halətlərin baş verməsi mütəfəkkirləri – həm Şərqdə (məs.  İslam Şərqində sufiləri),  həm də Qərbdə - həmişə düşündürmüşdür.  Bu proses zamanı insanın nələr yaşadığını söyləmək,  Yunqun dediyinə görə,  ona görə çətindir ki,  bu yaşamlar hamıda müxtəlif cür olur və çox şəxsidir,  intimdir.  Yunqun xüsusilə vurğuladığı kimi “... belə şeylərin elmi təsnifatı mümkün deyil. ” Buna baxmayaraq,  dərk olunub-olunmamasından (?-müəllif) asılı olmayaraq şüursuzluğun şüura sezməsi prosesi daima baş verir və şəxsiyyətin psixloji inkişafını təmin edir.  Beləliklə,  Bəşəriyyət arasıkəsilməz,  ardıcıl inkişafına görə,  nə qədər qəribə görünsə də,  şüursuzluğa minnətdar olmalıdır.  Cünki o,  özündə bəzəriyyətin təcrübəsini ehtiva edir.  Və zaman-zaman şüurda təmsil olunmaqla inkişafa təkan verir və onu təmin edir.
Məlum olduğu kimi psixika (psixe perse) enerjiyə malikdir və eqo bu enerjidən bəhrələnir.  Yunq vurğulayır ki,  şüur bəhrələndiyi enerjini məhz şüursuzluqdan alır,  belə ki,  simvollar,  obrazlar,  fikirlər şəklində şüurda təmsil olunandan sonra arxitiplər enerji mənbəyinə çevrilir və empirik şəxsiyyət bu enerji mənbəyindən istifadə etməyə çalışır və hətta,  Yunqun həyəcanla xəbərdar etdiyi kimi,  özü də onun hakimiyyəti altına düşüb,  onun şikarına çevrilə bilir.  
Yunq yazırdı: Qarşıma məqsəd qoymuşdum ki,  mənə verilən şüursuz materialı başa düşüm,  dərk edim.  Onu mənalandırım.  Lakin ən çox qorxduğum o idi ki,  öz üzərimdə nəzarəti itirim,  şüursuzluğun şikarina çevrilim.

Eqo öz-lə assimiliasiyaya uğrayarsa,  Yunqa görə bu,  əsl psixi fəlakətə gətirib çıxarır.  (Lakin daxildəki hər bir dərin transformasiya mütləq fəlakətə,  patologiyaya gətirib çıxarmır.  Məlumdur ki,  daxildə baş verən dərin dəyişikliklər həm də şəxsiyyətin inkişafına təkan verə bilir).  Bu zaman “tamlıq obrazı ancaq şüursuzluğa məxsus absalyut zaman-məkan kontiniumuna düşür”,  yəni əslində zaman-məkan xüsusiyyətlərini itirir.  (Burada qeyd etmək yerinə düşərdi ki,  ruhun müəyyən bir hissəsinin zaman-məkan qanunlarına tabe olmaması eksperimental şəkildə sübut olunmuşdur. -amerika psixoloqu C. B.  Rayn).  Lakin yuxarıda qeyd etdiyimiz kimi şüur harda varsa,  orada differensasiya var.  Şüursuzluğun şikarına çevrilmış eqo-şüur öz həyati xüsusiyyətini –differensasiya etmək xüsusiyyətini itirdiyinə görə mümkün olan bütün təsadüflər üçün qapılar açılır.  Şikara çevrilməmək üçün hər şey mənalandırılmalı,  dərk edilməlidir.  Bu prosesdə şüur önə keçir.  Çünki alınan informasiya (istər rasional,  istər iirrasional) şüursuz dərk edilə bilməz.  Dərksiz isə heç bir inkişaf yoxdur.  Şüursuzluqdan alınan materialın şüur tərəfindən necə mənalandırılması şəxsiyyətin necə inkişaf edəcəyini istiqamətləndirir.  Bu prosesdə şüurun rolunu,  əhəmiyyətini azaltmaq insanı məsuliyyətdən,  cavabdehlikdən azad etməyə bərabər olardı.  “Hər şey bizim şüurumuzun düzgün işləyib-işləməməsindən asılıdır.  Bu gün müəyyən adamlar başlarını itirsələr,  sabah hidrogen bombası partlayacaqdır” - deyə Yunq xəbərdar edirdi.
Beləliklə,  şüurla şüursuzluğun qarşılıqlı təsiri psixi inkişafı təmin edir.
Psixi inkişaf nədir? Psixi inkişafın məqsədi şəxsiyyətin tamlığıdır,  tarazlığı,  vəhdətidir.  Deməli,  bu qarşılıqlı təsir prosesi insanın təkmilləşməsi,  kamilləşməsi prosesidir ki,  burada şüurun rolunu Yunq xüsusi qeyd edir.  Yunq qeyd edir ki,  kamilləşmək təlabatı insanın anadan gəlmə xüsusiyyətidir,  onun cövhərindədir.  Hər bir insanın kamilləşməyə can atması onun təbiətindədir.  Yunq həm də qeyd edirdi ki,  Allah ideyası (obrazı-Yunq) da hər bir insanın cövhərində,  təbiətindədir və qırx yaşından sonra şüursuzluqda olan bu ideyanın şüura sezməsi aktivləşir.  “İnsan doğulandan qeyri-şüuri sahəsində mövcud olan Allah ideyası (obrazı – Yunq; zərrəcik –sufilər) dəyişilmiş şüur halətləri yarada bilir (şüuru dəyişdirə bilir).  Dəyişilmiş şüur (yəni artıq Allahı dərk etmiş şüur) da öz növbəsində Allah obrazını (təsəvvürlərini,  hisslərini,  biliklərini –müəllif) dəyişdirmək bacarığına malik olur. ” Qüdrətli və qadir Allah hər şeyin (Bibliya və kilsənin-Yunq) fövqünə qalxır və insanı da o yüksəkliyə qalxmağa səsləyir.  Şüursuzluqdan gələn informasiyadan qorxmayan şüur tarixi təhlildən və özünüdərkdən keçərək öz içində İlahi qüdrəti hiss edir,  “Allah transendent olduğu üçün içində onunla birgə yaşayan insan da transendentdir”(sufi təlimi ilə müqayisə etmək olar-müəll. ).  İçindəki İlahi təzahürlərə müstəqil cavab verə bilmək əzmi,  Allah yolunda nə isə əhəmiyyətli bir şey edə biləcəyi fikri ona güc verir,  insan özünü qibtə edilə biləcək qədər ləyaqətli aparır. ” “Allah yaradandır.  İnsan yaradılanı yekunlaşdıran varlıqdır.  Ancaq insan dünyanın mövcudluğuna obyektiv məna gətirir; onsuz bu dünya görünməz və bilinməz,  qidalanan,  dünyaya bala gətirən və ölən,  milyon illərlə heçliyin qaranlığında qalan və sonuna doğru gedən mənasız bir şey olardı.  Ancaq insan şüuru bütün bunları mənalı,  əhmiyyətli edir.  Və bu böyük yaradıcılıq prosesində insan öz layiqli yerindədir. ” Qeyd etmək istərdik ki,  Yunq Quranı oxumadığı üçün (hərçənd ki,  Yunq Afrikanın müsəlman ölkələrində ona Quranı bildiyi üçün böyük hörmətlə yanaşdıqlarından söz açır) bilmirdi ki,  Qurani- Kərimdə deyilir: Allah tanınmaq istədi və insanı yaratdı.

Allah özünü insanlara yaratdığı əksliklər dünyasında (cütlər dünyasında -siziqiya) – yer-göy,  gecə-gündüz,  kişi-qadın və s.  – tanıdır.  Adəm və Həvva Onun yaratdıqları içərisində sonuncu cütlükdür.  Bu yaradılışın sonu,  yəni kainatın sonu əvvələ qayıdışla,  yəni onun (kainatın) katarsisi və ləğvi ilə başa çatacaqdır.  Bu prosesdə başqa yaradılanların – dağların,  mələklərin götürə bilmədikləri yükü – Allahın yaratdıqlqlarının dərkindən,  o cümlədən özünüdərkdən keçən və Allahın dərkinə aparan idrak yükünü daşıyan insanın fövqəladə layiqli yeri vardır.  
Eşq olsun şüursuzluqdan bəhrələnən (affektlər şəklində) şüura!

“Tout sla est bien – mais il faut cultiver notre jardin. ” – frans.

E M P İ R İ K A

Nəzəri elm olan fəlsəfədən fərqli olaraq,  həm də empirik elm olan psixologiya konkret faktlarla iş görür və fəlsəfənin nəzərdə tutduğu yuxarı səviyyəli və ləngərli düşüncələrini bu faktlara söykənərək qurur.  Həyatda olan hadisələrə,  faktlara müraciət etsək görərik ki,  nəzəriyyədən fərqli olaraq,  həyatda şüurlu ilə şüursuzu sərhədləmək elə də asan deyil (çünki onlar bir-birini tamamlamış,  bir-birinə çulğalaşmış şəkildə baş verir).  Məsələn,  maşının əyləcini basmaq və tutaq ki,  maşının nömrəsini dəyişmək.  Bunlardan hansı şüurlu,  hansı şüursuz hadisədir? Sanki düşüncənin yüksək səviyyəsinə və ləngərli vəziyyətinə ehtiyac qalmır – cavab məlumdur: ani olduğu üçün əyləci basmaq şüursuz hadisə kimi baxıla bilər.  Ikinci misalda isə sanki nə qədər axtarsan da şüursuzluq elementi tapa bilməzsən.  İnsan şüurlu surətdə maşınının nömrəsini dəyişir.  Lakin dərin qatlarda psixoloji durumlar yanaşmasından aparılan təhlillər burada da qeyri-şüurinin olduğunu aşkara çıxarır.  Belə ki,  baş verən hadisənin hamı tərəfindən sənin kimi başa düşülməsini güman etmək,  yəni hamını özün kimi şüurlu hesab etmək – doğurdan da şüursuzluqdur.

Və yaxud başqa bir misal.  

Əgər indi mən bu sətirləri yazarkən məndən asılı olmadan yüz dəfə beynimdə peyda olan məşhur bir misranı bura yazsam,  bu,  şüurlu hadisə olar,  yoxsa şüursuz? Sual belə də qoyula bilər: Beynimdə məndən asılı olmadan dolaşan misranı yazmaq məni daha çox ifadə edər,  yoxsa yazmamaq? Qalxaq düşüncənin yaxarı səviyyəsinə və başlayaq ləngər vurmağa: Əlbəttə ki,  şüursuzluqla şüurun qarşılıqlı təsiri haqqında Yunqun fikirlərini yazdığım məqamda bu misranın beynimdən dəfələrlə (və ya bir dəfə - bunun fərqi yoxdur) keçməsi,  şübhəsiz,  şüursuz hadisədir.  Lakin əgər mən bu misranı bura yazsam,  burada iki hal olar: 1. Yazmağım olar şüurlu hadisə,  çünki mən artıq bu haqda kifayət qədər düşündüm; 2. Mən tərəfdən atılan addım kimi olar şüursuzluğa klassik nümunə.

Mən də şüursuzluq haqqında balladanı şüurun mədhi ilə bitirən adam kimi bunu etmirəm.

Yunqun fikirlərinə həsr olunmuş bu yazını yenə də Yunqun sözləri ilə bitirmək istəyirəm: “Mənim həyatım şüursuzluğun özünürealizasiyası tarixindən ibarətdir.  Şüursuzluqda olan hər bir şey realizasiyaya can atır və özünü tam vahid hiss edən insan öz şüursuz mənbələrindən bəhrələnmək istəyir.” Öz şüursuz mənbələrindən bəhrələnən dahi Yunq: - “Mən gördüm ki,  bütün fikirlərim günəş ətrafında fırlanan planetlər kimi Allah ətrafında fırlanır və qarşısıalınmaz güclə Ona can atır.  Mən hiss edirdim ki,  bu gücə qarşı hər hansı bir müqavimət göstərsəm,  böyük günah etmiş olaram” – yazır.  

Həyatın çətin sınaqlarında yaşadığın o hiss ki,  Allah səninlədir – bu yolların əzabını azaldır.  Yunq demişkən: “Əgər insan Allahın iradəsini yerinə yetirirsə,  o,  əmin ola bilər ki,  düz yoldadır. .... Ancaq ALLAHIN iradəsinə tabe olanlar onun mərhəmətinə nail olurlar. ”
Eşq olsun Allaha!

Beynimdə dolaşan misranı yazıram: “Yenə o bağ olaydı..... ” – bunu yazmaq yaxşı düşünülməmiş,  ancaq daha incə addımdır.

Eşq olsun Allaha!

Je vous donne! (fr. )



Bunlardan başqa, Ləman Xəlilovanın, Eldar Əmirovun və Şölət Zeynalovun cavabları da diqqəti cəlb edir və fəlsəfi seminarda müzakirə olunacaq. 

 

 

Baxılıb: 13609    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.