az  |   tr
Fəlsəfə dünyası

Azərbaycan və Rusiya: fəlsəfə körpüsü   –  [11.10.2011]

 

 

Fəlsəfə və humanitar siyasət

       Ölkələri ən çox coğrafi və tarixi tellər birləşdirir. Amma bundan daha  mühüm olan hər bir xalqın ruhu, ruhlar arasında bağlantılardır.

Azərbaycan həm Şərq ilə Qərbin, həm də Şimal ilə Cənubun  qovuşuğunda olmaqla, coğrafi baxımdan mərkəzi bir yer tutur. Lakin bu mərkəzçilik ancaq coğrafi üstünlük olmayıb, müasir Azərbaycanın siyasətində, iqtisadiyyatında və mədəniyyətində də özünü göstərməkdədir. Əlamətdar haldır ki, milli ruhun oriyentasiyası və fəlsəfi dünyagörüşü baxımından da Azərbaycan əlaqələndirici, barışdırıcı – mərkəzçi mövqe tutur.

Hələ qədim dövrdə Böyük İpək Yolu Azərbaycandan keçir, Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yollar burada kəsişirdi. İndi Azərbaycan bu mövqeyini hər baxımdan bərpa edir, Şərq ilə Qərb arasında dialoqda aparıcı yer tutur. Amma ölkəmizin strateji mövqeyi daha bir istiqamətdə diqqəti cəlb edir. Bu, Azərbaycanın Şimal ilə Cənub arasındakı münasibətlərin qaydaya düşməsi istiqamətində də oynaya biləcəyi rolun aktuallaşması ilə bağlıdır. İndi bu istiqamətdə potensial imkanların realizasiyası üçün əlverişli şərait yaranmışdır. 

Bizim şimal qonşumuz dünyanın böyük dövlətlərindən biri olan Rusiyadır. Ona görə də Azərbaycanın geosiyasi durumu və Şimal-Cənub oxu üzərində tutduğu strateji mövqeyin realizasiyası xeyli dərəcədə Rusiyanın seçdiyi siyasi kursdan və bu ölkədəki ictimai əhvaldan, düşüncə mədəniyyətindən asılıdır. Bu əhval və mədəniyyət isə öz növbəsində ictimai ruh və fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır.

İş elə gətirmişdir ki, son əsrlərin tarixi hafizəsindən dolayı Rusiyanın ənənəvi böyük dövlət, elm və mədəniyyət mərkəzi obrazı ilə yanaşı, həm də bir istilaçı, militarist obrazı da formalaşmışdır. Böyük güclər ən çox yaxın ətrafa transfer olunur. Bu gücün maddi tərəfi; siyasi və hərbi aspektləri kənarlarda qorxu və mənfi emosiya yaratdığı halda, onun mənəvi-intellektual aspektləri xoş xatirələrlə yadda qalır. Ona görə də, Rusiya ilə münasibətlərin ən əsas aspektlərindən biri məhz humanitar sahədir. Biz bu sahədə bütün ölkələrlə əlaqə saxlamağa, dialoqa girməyə hazırıq. Ələlxüsus o ölkələrlə ki, bizim ortaq tarix səhifələrimiz ümumi maraq dairələrimiz olan ölkələrlə. O ölkələrlə ki, yollarımız istəsək də, istəməsək də kəsişir və ortaq dilə böyük ehtiyac var.

Müstəqillik illərində Azərbaycanın yeritdiyi daxili və xarici siyasət məhz tolerant bir ölkə olduğunu, dialoqa açıq olduğunu göstərir. Lakin, əlbəttə, tolerantlıq kənar amillər içərisində ərimək, öz simasını itirmək kimi başa düşülməməlidir, əksinə, ancaq özünü tanıyan və özündən əmin olan ölkələr tolerant ola bilər. Bəzi ölkələrin mədəni və humanitar təcrid, dialoqdan və poliloqdan qaçmaq mövqeyi başqa mədəniyyətlərin təsiri ilə əriyib itmək qorxusundan qaynaqlanır. Biz isə qorxmuruq, lakin bu heç də o demək deyil ki, biz əriyib itmək istəyirik. Əksinə, biz dialoqa ona görə rahatlıqla giririk ki, paylaşmağa nəyimizsə var. Mədəniyyətin isə belə bir üstünlüyü var ki, paylaşdıqca artır və inkişaf edir.

Azərbaycan ənənəvi olaraq bir Şərq ölkəsi olmuş və eramızın ilk əsrlərində bəzi bölgələrində xristianlığı qəbul etsə də, artıq neçə əsrlərdir ki, ənənəvi islam ölkəsidir. Sovet dövründə dünyəvilik və hətta ateist dünyagörüşü üstünlük təşkil etsə də, islamdan gələn adət-ənənələr və mənəvi-əxlaqi prinsiplər əsasən qorunub saxlanmışdır. Lakin bu vəziyyət, yəni aşağılarda – geniş xalq kütlələrində dini-əxlaqi şüurun davamlılığı, yuxarılarda – dövlət siyasətində isə ateist dünyagörüşünün rəhbər tutulması SSRİ-yə daxil olan xalqların ümumi bir aqibəti idi. Yaxın keçmişin bu əlaməti həmin xalqların mənəvi həyatında indi də özünü təzahür etdirir. İstər dini dəyərlərin dünyəviliklə belə spesifik sintezi, istər uzunmüddətli iqtisadi həyat birliyi, istərsə də düşüncə tərzində və fəlsəfi dünyagörüşündə ortaq cəhətlərin olması bu xalqların xeyli dərəcədə yaxınlaşmasına və müəyyən ortaq sahələrin sisteminin formalaşmasına səbəb olmuşdur. Müstəqillik əldə etdikdən sonra bu xalqların milli köklərə qayıdış meylinin güclənməsinə baxmayaraq, neçə onilliklər ərzində formalaşmış ortaq düşüncə tərzi həm müsbət, həm də mənfi planda özünü göstərməkdə davam edir. Mərkəzdənqaçma qüvvələrinin üstünlük təşkil etdiyi ilk müstəqillik illərindən fərqli olaraq ortaq dəyərlərin rolu özünü getdikcə daha çox göstərir. Xüsusən rus dilinin rolu və fəlsəfi ədəbiyyatın hələ də əsasən rus dilində istifadə olunması vahid elmi-fəlsəfi tədqiqat məkanının saxlanmasının üstünlüklərini nümayiş etdirir.

Mərkəzdənqaçma qüvvələri ilə yanaşı, ortaq dəyərlərə obyektiv münasibət bəslənməsinin, gerçəkliyin hər iki aspektinin nəzərə alınmasının zəruriliyi getdikcə daha çox hiss olunur. Bu ikiləşməni coğrafi-siyasi müstəvidə nəzərdən keçirsək Azərbaycanın Şimal və Cənub arasında ya bir alternativ qarşısında qalması, ya da bir sintez üçün körpü rolunu oynaya bilməsi imkanı üzə çıxır. İmkanların düzgün dəyərləndirilməsi üçün isə ilk növbədə dialektik düşüncə tərzi, fəlsəfi dünyagörüşün zənginliyi tələb olunur. Adi şüur ağı – ağ, qaranı – qara görür. Dialektik təfəkkür isə ağ ilə qaranı vəhdətdə götürür və ağ ilə qaradan fərqli olan bütün rəng qamması, bütöv spektr yalnız bu zaman nəzərə çarpır.  

Dövlətlərin siyasi kurslarının müəyyənləşməsində, habelə ölkələr və xalqlar arasında münasibətlərin xarakterində, mədəniyyətlərin yaxınlaşmasında filosofların rolu ilk baxışda nəzərə çarpmır. Amma diqqətlə təhlil etdikdə hər şey dünyaya hansı bucaq altından baxılmasından, şüurların necə yönəldilməsindən başlanır. Əlbəttə, marksizm dövrü olsaydı, deyərdik ki, fəlsəfi fikrin müstəqil rolu ola bilməz, çünki o real ictimai bazisdən, ictimai münasibətlərin obyektiv durumundan asılıdır. Amma bu gün biz fəlsəfənin nisbi müstəqilliyini və aktiv rolunu da nəzərə almaq imkanına malikik.

Beləliklə, dövlətlərimiz arasındakı münasibətdə fəlsəfənin və filosofların indiyədək oynadıqları və bundan sonra oynaya biləcəkləri roldan söhbət açacağıq.

 

Ümumi qaynaqlar və ilk yol açanlar

Rus fəlsəfi fikrinin də, Azərbaycan fəlsəfi fikrinin də dünya fəlsəfi fikrində tutduqları yeri müəyyənləşdirməyə çalışarkən eyni bir problemlə üzləşirik. Onlar Qərb, yoxsa Şərq fəlsəfi fikrinə daha çox aiddir?

Daha doğrusu, orta əsrlərdə Azərbaycan fəlsəfəsi, heç şübhəsiz, Şərq fəlsəfəsinə aiddir, lakin son iki əsrdə Azərbaycanda ictimai siyasi fikir və fəlsəfi baxışlar daha çox dərəcədə Rusiyanın fikir məkanı ilə əks əlaqə şəraitində inkişaf etmişdir. Sovet dövründə biz eyni siyasi məkanda, eyni ideoloji sistemdə fəaliyyət göstərdiyimizdən və marksizm-leninizm fəlsəfəsi bütün ölkə miqyasında hakim fəlsəfi sistem olmuşdur. Ona görə artıq XX əsrin iyirminci illərindən sonra Rusiya və Azərbaycan fəlsəfi fikrini ayırmaq tam şərti xarakter daşıyır. O vaxt nəinki Rusiyada və Azərbaycanda, bütövlükdə SSRİ-də fəlsəfi fikrin aparıcı məkanı Rusiya idi. Marksizm-leninizm fəlsəfəsinə gəlincə, bu ideoloji-fəlsəfi sistemin bütün dünyada mərkəzi Moskva sayılırdı.

SSRİ dağıldıqdan sonra təbii ki, yeni ölkələr bütün sahələrdə olduğu kimi, fəlsəfi fikir sahəsində də kommunist  ideologiyasının təsirlərindən azad olaraq öz qədim milli köklərinə qayıtmaq əzmini ortaya qoydular. Rusiyada da, Azərbaycanda da milli özünüdərk istiqamətində fəlsəfi axtarışlara başlandı. Sovet dövründə qadağan olunmuş bir çox idealist, dindar, millətçi  filosoflar “bəraət qazandılar”, onların fəlsəfi əsərləri çap olundu, hər bir xalq öz milli fəlsəfi fikrinin böyük nümayəndələrini üzə çıxartmağa çalışdı. Rusiyada rus milli fəlsəfi fikrinin görkəmli nümayəndələrinin Vl.Solovyovun, N.Berdayevin, habelə sovet dövründə çapına qadağa qoyulmuş və ya məhdudlaşdırılmış N.S.Trubetskoyun, S.N.Bulqakovun, A.A.Boqdanovun, P.A.Sorokinin, M.M.Baxtinin, A.F.Losevin və s. əsərləri işıq üzü gördü və bu hadisə milli fəlsəfi fikrin inkişafına böyük təkan verdi. Azərbaycanda orta əsrlərdə yaşamış görkəmli Azərbaycan filosoflarının əsərləri ilə yanaşı, XIX əsrin axırları XX əsrin əvvəllərində yaşamış və milli fəlsəfi fikri təmsil edən Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əhməd Ağaoğlunun və s. fəlsəfi və ictimai-siyasi görüşləri işıq üzü gördü, əsərləri çap olundu, habelə görkəmli yazıçı mütəfəkkirlərin dünyagörüşlərinə yenidən baxıldı. Lakin bütün bu proseslər eyni bir ictimai-siyasi zəmin üzərində baş verməklə oxşar metodoloji konsepsiyalar əsasında həyata keçməkdədir. Dağa doğrusu, bu sahədə əməkdaşlığa və birgə axtarışlara böyük ehtiyac vardır.

XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğal edilməsi tarixi və siyasi müstəvilərdə məhz işğal hadisəsi kimi qeyd olunsa da, necə deyərlər, hər pis hadisənin yaxşı tərəfi də var; elm, mədəniyyət, o cümlədən fəlsəfi fikir sahəsində bir çox mütərəqqi addımlar da atıldı. Rusiyanın qabaqcıl universitetlərində təhsil almış alimlər, bu ölkə vasitəsi ilə Qərb elmi və fəlsəfi düşüncəsinə bələd olmaqla yanaşı, o dövrün mütərəqqi rus mütəfəkkirlərinin və yazıçılarının siyasi və fəlsəfi baxışlarını da öz ölkələrinə daşıyırdılar. Digər tərəfdən rus elmi Azərbaycandan çıxmış görkəmli ziyalarının sayəsində Şərq dillərinə, Şərq mədəniyyətinə, islam dəyərlərinə və fəlsəfi düşüncəsinə bələd olurdular. Yəni söhbət əslində qarşılıqlı zənginləşmədən gedə bilər. Amma Rusiyanın təsiri, heç şübhəsiz, daha böyük idi. A.Bakıxanovun, M.F.Axundovun mədəniyyətlər arasında körpü atmaq missiyası xüsusi qeyd edilməlidir. Ərəb, fars və türk dillərini mükəmməl bilən Mirzə Kazımbəyin Rusiyada şərqşünaslıq elminin yaranmasında və formalaşmasında misilsiz xidmətləri olmuşdur. A.Bakıxanov və M.F.Axundov rus mədəniyyətinin və o dövrdə Rusiyada geniş yayılmış maarifçilik ideyalarının ölkəmizdə yayılması ilə yanaşı, Şərq düşüncəsinin və Şərq adət-ənənələri haqqında məlumatın Rusiyada yayılması sahəsində də xüsusi rol oynamışdır. Təsadüfü deyil ki, sovet dövründə də fəlsəfi və ictimai-siyasi fikir tarixi öyrənilərkən A.Bakıxanov və M.F.Axundovun adı A.A.Bestujev-Marlinski, V.Q.Belinski, A.İ.Gertsen, N.Q.Çernışevski, N.A.Dobrolubov və s. yanaşı çəkilirdi. Onlar eyni bir dövrü və ictimai-siyasi hərəkatı, maarifçilik missiyası və inqilabi-demokratik fikri təmsil edirdilər. L.N.Tolstoy yaradıcılığının son dövrləri xüsusilə əlamətdardır. Onun dünyagörüşündə yeni meyllərin yaranmasında təsəvvüf fəlsəfəsinin də güclü təsiri var idi. Bu təsirlərdə Orta Asiya və Qafqaz bölgəsi, o cümlədən Azərbaycanda yayılmış sufi təriqətlərinin rolu az deyildi.

        Rusiyada təhsil almış Həsən bəy Zərdabi vətənə qayıtdıqdan sonra oradakı maarifçilik ənənələrini yaymaq istiqamətində geniş fəaliyyət göstərmiş, Azərbaycanda mətbuatın əsasını qoymuş və ənənəvi fəlsəfi dünyagörüşündən fərqli olaraq daha çox elmə əsaslanan baxışları, təbiətşünaslıq və təsərrüfat sahəsində maarifləndirici bilikləri yaymağa başlamışdır. Biz Zərdabinin timsalında həmin dövrdə Rusiyada təhsil almış onlarca ziyalının fəaliyyətini və ölkəmizdə maarifçilik hərəkatının güclənməsi və buna uyğun olaraq maarifçilik fəlsəfəsinin və inqilabi-demokratik fikrin geniş vüsət almasını qeyd edirik.

XX əsrin əvvəllərində Bakı keçmiş Rus İmperiyasının ən çox inkişaf etmiş, tərəqqipərvər ziyalıların yeni dünyagörüşü və yeni fəlsəfi baxışların yayılması istiqamətində hərtərəfli fəaliyyət göstərdiyi bir sənaye şəhəri idi. Həmin dövrdə ən çox yayılan ideyaları iki istiqamətdə qruplaşdırmaq olar: birincisi, inqilabi-demokratik fikir və onun bolşevik ideologiyası istiqamətində inkişafının fəlsəfi əsasları olan marksizm, marksist-leninçi fəlsəfə; ikincisi, maarifçiliyin davamı kimi ortaya çıxan və milli fikirlə birləşən dünyagörüşünün ideya-fəlsəfi əsasları. Bu sonuncu daha çox milli özünüdərk və milli fəlsəfi fikirlə səsləşirdi. Bu fəlsəfənin elementlərini o dövrün təkcə publisistikasında deyil, həm də bədii ədəbiyyatında, teatrında tapmaq olar.

 

Filosofların mübadiləsi: Florenski və Makovelski

Çox az adam bilir ki, məşhur rus ilahiyyatçı-filosofu Pavel Aleksandroviç Florenski (1882-1937) Azərbaycanın Yevlax şəhərində doğulmuş və uşaqlığı da orada keçmişdir. Düzdür, təhsil aldığı müddətdə əvvəlcə Gürcüstana, sonra isə Rusiyaya köçmüş, 1904-cü ildə Moskva Universitetini bitirmişdir. Daha sonra ruhani təhsili almış, Moskva Ruhani Akademiyasında fəlsəfə tarixi kafedrasının müdiri olmuşdur. Bütün ömrünü Rusiyada ilahiyyat fəlsəfəsinin öyrənilməsi və təbliğinə həsr etmişdir.

Lakin Rusiya da borclu qalmamış, Azərbaycanda Universitet açılarkən (1920) özünün ən istedadlı filosoflarından biri olan Aleksandr Osipoviç Makovelskini (1884-1969) Bakıya göndərmişdir. A.O.Makovelski də ömrünün axırına qədər Bakıda yaşayaraq Azərbaycanda fəlsəfənin inkişafı və fəlsəfi kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. O, qədim yunan fəlsəfəsi, habelə Yaxın Şərq xalqları fəlsəfəsi üzrə görkəmli mütəxəssis kimi tanınmışdır. O, təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında bu sahələrdə elmi tədqiqatların ən böyük nümayəndəsi sayılır. 

Əlbəttə, kimin töhfəsi daha böyük olmuşdur desək düzgün olmaz. Onlar hər ikisi dünya miqyaslı mütəfəkkirlərdir. Önəmli olan budur ki, XX əsrdə belə böyük mütəxəssislərin sayəsində RSFSR-də və Azərbaycan SSR-də fəlsəfi fikir marksizm-leninizm hüdudlarından kənara çıxaraq dünya fəlsəfəsinə qatıla bilmişdir.

Florenski və Makovelski əslində bir simvoldur. XX əsrdə rus və Azərbaycan fəlsəfi fikri müxtəlif tellərlə bir-birinə sıx surətdə bağlı idi. Əlbəttə, əsas əlaqələr marksizm-leninizm fəlsəfəsi çərçivəsində mövcud idi. Yəni bütün sovet xalqları bu fəlsəfəni birgə səylərlə inkişaf etdirirdi. SSRİ-də ən nüfuzlu fəlsəfə jurnalı – “Voprosı filosofii”-nin ilk nömrəsi çapdan çıxanda (1947) Azərbaycan fəlsəfi fikrinin böyük nümayəndəsi akademik Heydər Hüseynovun çıxışının dərc olunması da təsadüfi deyildi. Makovelski və Heydər Hüseynovdan sonra da azərbaycanlı tədqiqatçıların Moskva ilə sıx əlaqələri davam edirdi. Lomonosov Universitetinin kafedra müdirləri professor Şeydabəy Məmmədov və Zahid Orucovun həmin Universitetdə uzun müddətli fəaliyyəti bu əlaqələrin daha səmərəli olmasına kömək edirdi. Sonralar fəlsəfə elmləri doktorları Rafiq Qurbanovun, Murad Axundovun və Nizami Məmmədovun da Azərbaycanda fəlsəfi tədqiqatların Mərkəzdəki tədqiqatlara inteqrasiya olunması sahəsində böyük xidmətləri olmuşdur. Bu arada mənim N.Məmmədovla birgə yazdığım kitabın Ümumittifaq Bilik Cəmiyyətinin mükafatına layiq görüldüyünü, bizim Rusiya Ekologiya Akademiyasına seçilməyimizi də qeyd etmək istərdim. Minnətdarlıqla xatırlayıram ki, mənim Moskvada çıxan kitabıma və doktorluq dissertasiyama rəy verən, MDPİ-dəki müzakirələrdə çıxış edən professorlar V.Qott, B.S.Stepin, V.A.Lektorski, L.A.Mikeşina, İ.A.Mayzel, A.D.Ursul, Y.B.Tatarinov, Joq və s. işə nə qədər diqqət və xeyirxahlıqla yanaşırdılar. Biz bu alimlərlə birlikdə Beynəlxalq konfranslarda da vahid bir ölkəni təmsil edirdik.  

 Əlamətdar haldır ki, Azərbaycan fəlsəfi fikrinə rəhbərlik edən, AFSEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Lomonosov adına MDU-nun Fəlsəfə fakültəsinin aspiranturasını bitirmiş və dissertasiya işini də Moskvada müdafiə etmişdir. İndi AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna rəhbərlik edən İlham Məmmədzadə də Moskva Universitetinin məzunudur. Yəqin ona görədir ki, son illərdə bu institutun əməkdaşları rusiyalı alimlərlə birlikdə Bakıda və Moskvada keçirilən birgə konfranslarda yüksək həmrəylik nümayiş etdirirlər.

 

“Avrasiya” ideyası və ya yenə seçim qarşısında

“Avrasiya” ideyası da əslində ilk dəfə filosoflar tərəfindən irəli sürülmüşdür. Məhz filosoflar Rusiyanın gələcəyini daha geniş coğrafi-siyasi məkanda oynaya biləcəyi rolda və Qərb sivilizasiyasına, Avropa siyasi məkanına alternativ ola bilmək imkanında görürdülər. XX əsrin əvvəlləri elə bir dövr idi ki, əgər Rusiya bolşevizm ideologiyasının girdabına düşməsə idi, ola bilsin ki, planetin sivilizasiya xəritəsində başqa bir mənzərə alınacaqdı. Ölkələr bir-birinə siyasi müdaxilə və hərbi güc məngənəsinə salmaqla deyil, mədəniyyətin və elmi-intellektual potensialın gücü ilə təsir göstərmək imkanı qazanacaqdı. Amma dünya siyasiləşdirildi və sivilizasiya arxa plana keçdi. İndi – 70 illik fasilədən sonra ölkələr və xalqlar arasındakı münasibətlər mədəniyyət və sivilizasiyanın preroqativliyi əsasında yenidən qurulur. Düzdür, iqtisadi münasibətlər də ön plana çıxmış, siyasi sərhədlər öz funksiyalarının böyük bir qismindən gömrük tənzimlənməsinin və maliyyə münasibətlərinin xeyrinə ələ çəkmişdir.

Əsas məsələ yeni dövrdə baş verən bu böyük dəyişikliklərin obyekti yox, subyekti olmaq, ən azından bu hadisələrdən baş çıxarmaq və proseslərdə şüurlu surətdə, öz maraqlarını qorumaq əzmində olmaqla iştirak etməkdən ibarətdir. Hər cür özünüdərk kimi, ictimai-iqtisadi və mədəni-mənəvi özünüdərk də fəlsəfədən keçir. Yəni fəlsəfi düşüncə ənənələri olmayan xalqlar müasir ictimai-siyasi proseslərin təbəddülatlarından mənfəətlə çıxa bilməzlər.

Əlbəttə, bu dünyanın işləri təkcə fəlsəfə ilə yönləndirilmir. Amma fəlsəfəsiz də çox uzağa getmək mümkün deyil. Konfutsi təsadüfən demirdi ki, “Uzağı görə bilməyənləri yaxında fəlakətlər gözləyir”. Ona görə də, Rusiya və Azərbaycanın da gələcək əlaqələri və münasibətləri xeyli dərəcədə bugünkü fəlsəfi araşdırmalardan, düşüncələrin və mədəniyyətlərin oriyentasiyasından, uzlaşıb-uzlaşmamasından asılıdır. Bunu da nəzərə alsaq ki, hər iki ölkənin filosofları qarşısında təxminən eyni vəzifələr durur, bu sahədəki əməkdaşlıq olduqca faydalıdır. 

Rusiya və Azərbaycan filosoflarının yeni şəraitdə əməkdaşlığını təmin etmək məqsədi ilə hələ 2001-ci ildə biz AFSEA-nın Rusiya Fəlsəfə Cəmiyyəti ilə birgə müşavirəsini keçirdik. Lakin o zaman da biz belə düşünürdük ki, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə eyni dildə danışması, hətta fəlsəfələrin də ortaq sahələrə malik olması daha böyük coğrafi-siyasi və mədəni-sivilizasion proseslərə təkan verə bilər.

Azərbaycan açıq siyasət aparır. Onun Rusiya ilə Türkiyədən və Türkiyə ilə Rusiyadan xəbərsiz əlaqələri yoxdur. Biz müstəqil dövlət olaraq bütün istiqamətlərdəki münasibətlərdə öz milli maraqlarımızdan çıxış edirik. Bu maraqlar isə ən yaxşısı, həm Rusiya, həm də Türkiyə ilə strateji əməkdaşlıq şəraitində təmin oluna bilər. Başqa sözlə, bu iki böyük dövlət arasındakı dostluq münasibətləri bizim maraqlarımızı ən optimal formada ifadə edərdi. Uzaqgörən siyasət aparılarsa, hər üç dövlət bunda maraqlı olmalıdır. Və bu yaxınlaşma prosesində Azərbaycan sadəcə körpü rolunu yox, həm də hər iki maraqlar və dəyərlər sistemini özündə ehtiva edən sintetik bir mahiyyətin tərənnümçüsü ola bilər. Ən başlıcası, ənənəvi baxışlara zamanın tələbi ilə zəruri korrektivlərin verilməsi, vəhdət əldə edə bilmək üçün daha dərin köklərə getmək və iki fərqli “Avrasiya” ideyasını bir araya gətirmək, ortaq məxrəc tapmaqdır. Bu isə riyazi yox, fəlsəfi bir məsələdir. Məhz buna görədir ki, Azərbaycan Fəlsəfə Assosiasiyası (AFSEA) olaraq 2001-ci ildə keçirdiyimiz konfransa həm Rusiyanın, həm də Türkiyənin Fəlsəfə Cəmiyyətlərinin başçılarını (prof. A.Çumakovu və prof. Kənan Gürsoyu) dəvət etmişdik. Sonrakı illərdə biz Bakıda çıxan Fəlsəfə jurnalında qabaqcıl türk filosoflarının əsərlərini rus dilinə və rus filosoflarının əsərlərini türk dilinə çevirərək çap elədik. Yeri gəlmişkən, bu jurnalın Redaksiya Şurasında da Rusiya  və Türkiyənin görkəmli filosofları təmsil olunurlar. Məhz bu əlaqələrin nəticəsi idi ki, 2003-cü ildə İstanbulda keçirilən Ümumdünya Fəlsəfə Konqresində bu iki ölkənin filosoflarının artıq bir-birlərini qiyabi şəkildə tanıdıqları bəlli oldu. Bu Konqresdə ən böyük nümayəndə heyəti “Fəlsəfə gəmisi” ilə təşrif buyurmuş Rusiya filosoflarına məxsus idi. Keçən müddət ərzində bu iki ölkənin fəlsəfə ictimaiyyəti ilə tanışlıq və burada gedən proseslərdə iştirak etmək imkanı Azərbaycanda da fəlsəfənin inkişafına xeyli təkan vermişdir. İndi azərbaycanlı filosofların kitabları Moskvada və İstanbulda çap olunur və bu iki böyük düşüncə mərkəzində elə bir beynəlxalq fəlsəfə konfransı keçirilmir ki, bizim soydaşlarımız orada iştirak etməsin. Bir daha təkrar etmək istərdik ki, bu sıx əlaqələr təkcə hər üç ölkədə fəlsəfənin inkişafına müsbət təsir göstərməklə qalmayıb, həm də dövlətlərarası münasibətlərdə də pozitiv amil kimi çıxış edir. Ən başlıcası isə budur ki, qarşılıqlı anlaşma şəraitində irəli sürülən ideyalar mədəniyyətlərin də yaxınlaşması üçün ilkin şərt kimi çıxış edir.

Rusiya və Azərbaycan dost ölkələrdir və bu dostluğun olduqca müxtəlif aspektləri içərisində fikir və düşüncə yaxınlığının, fəlsəfi tədqiqatların əhəmiyyəti təkcə bu gün üçün olmayıb, həm də gələcəyə tuşlanmışdır.


Səlahəddin Xəlilov

AMEA-nın müxbir üzvü, professor

 

  

Baxılıb: 5797    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.