az  |   tr
Fəlsəfə dünyası

Tarixin səhvi: islam və xristianlıq sivilizasiya kontekstində   –  [19.02.2010]

S.Xəlilov

Şərq və Qərb sivilizasiyalarının münasibəti və nisbəti məsələlərini diqqətlə öyrəndikdə, dinlərin və sivilizasiyaların əlaqəsinə elmi-tənqidi nəzər saldıqda, aydın olur ki, bir tərəfdən islam və xristianlığın, digər tərəfdən Şərq və Qərb sivilizasiyalarının yeri sanki dəyişik düşmüşdür. Əslində biz bu “sanki”ni sadəcə elmi etika və tarixə hörmət xətrinə yazırıq. Analitik baxımdan isə elə “sanki”siz də belədir.
Dinlərin elmi-fəlsəfi təhlili göstərir ki, Şərq təfəkkürünə ən çox uyğun gələn – xristianlıqdır. Qərb təfəkkürünün təməlləri isə dinlər içərisində ancaq islamda müşahidə olunur. Biz Əbu Turxanın “bütün dinlər Şərq hadisəsidir” tezisini qəbul etsək də, hər halda sonuncu din olan islamda Qərb təfəkkürünün rüşeymlərini görməmək mümkün deyil.
Belə ki, dinlər insandan bir qayda olaraq fərd kimi bəhs etdikləri halda, yalnız islam dinində toplum – cəmiyyət anlayışı önə çəkilir, ictimailəşmə və deməli həm də sivilizasiyanın təməl şərtləri dini müstəvidə öz əksini tapır.
Söhbət dinin öz ictimailəşməsindən getmir. Yenə də Əbu Turxanın sözləri ilə desək, “ictimailəşmiş din artıq din deyil”. Və dinlər içərisində ən çox ictimailəşən, kilsə qiyafətində cəmiyyətin və hətta dövlətin işlərinə qarışan da tarixən məhz xristianlıq olmuşdur. Biz dində insan, təbiət və cəmiyyətə diferensiallaşmış münasibəti nəzərdə tuturuq.
İslam, bir tərəfdən, şəxsi etiqad, məslək məsələsini önə çəkməklə insanla Allah arasında vasitəçiyə ehtiyac duymur. Yəni burada da şəxsin, fərdin mənəviyyatı əsas götürülür. Lakin digər tərəfdən də, məsuliyyət təkcə şəxslərin yox, bütövlükdə qövmün, icmanın üzərinə qoyulur. Bu ikinci cəhət təəssüf ki, islam ilahiyyatçılarının və filosoflarının nəzərindən qaçmış, ancaq İbn Xəldun onun üzərində işləməklə yeni elmi istiqamətin, gələcək Qərb düşüncəsinin təməlini qoymuşdur. Təəssüf ki, müsəlman dünyası islamdan qaynaqlanan bu möhtəşəm təlimə sahib çıxa bilməmiş, onu nə ictimai praktik fəaliyyətdə, nə də elmi-fəlsəfi tədqiqatda nəzərə almamış, sufi təriqətlərinin və bir sıra başqa amillərin təsiri altına düşərək ictimai tərəqqinin böyük asfalt yoluna çıxmaq üçün bu böyük ideya sərvətindən yararlana bilməmişdir. Ancaq bir neçə əsr keçdikdən sonra, Avropa elmi və ictimai həyatda xristianlıqdan imtina etdikdən və ona alternativ bir dünyagörüşü qurmağa başladıqdan sonra bu ideyalar yenidən gündəmə gəlmiş, ictimai inkişafın nisbi obyektiv bir proses olaraq qanunauyğunluqları araşdırılmış, sosial fəlsəfənin, sosiologiyanın inkişafı sayəsində insan zəkasının təbii-tarixi prosesi dəyərləndirmək və onun sükançısına çevrilmək şansından istifadə edilmişdir. Nəticədə yeni bir sivilizasiyanın, indi Qərb sivilizasiyası adlandırdığımız böyük tarixi prosesin inkişafına misilsiz bir təkan verilmişdir.
Amma bu həmin prosesdir ki, ideya təməli islam dəyərləri üzərində İbn Xəldun tərəfindən qoyulmuşdu. Və əgər müsəlman dünyası bu xətti rəhbər tuta bilsə idi, din və elmin, ruh və intellektin, vəhy və məntiqin ayrılmasına ehtiyac qalmayacaqdı və sivilizasiya bəşəriyyəti ruhi-mənəvi boşluğa və qarşıdurmalara doğru sürükləməyəcəkdi.
Müasir dövrdə Qərbin süqutundan, mənəvi böhrandan, deqradasiyadan çox yazılır. Həm də şübhəsiz ki, “od yanmasa, tüstü çıxmaz”. Səbəb nədir? İdeologiyadamı boşluqlar var? Dinlə ideologiyanın münasibətindəmi, yoxsa hakim dinlə sivilizasiya arasındakı uyğunsuzluq belə bir sonuca gətirir?
Qərbin müəyyən bir dövr ərzində irəli getməsi ancaq xristianlığın təsirindən azad olmaq sayəsində mümkün olmuşdur. İslam Şərqinin geri qalmasının isə səbəbləri, əksinə, həqiqi dindən uzaqlaşmaq, dini təhrif etmək, özgələşməkdir.
Tədqiqatlar göstərir ki, Qərb sivilizasiyası elmi dünyagörüşü üzərində qərar tutaraq bu istiqamətdə böyük inkişaf yolu keçsə də, dünyaya monist baxışa olan daxili tələbat üzündən həmişə korluq çəkmişdir. Təməlində rasional düşüncə və elm dayanan bu böyük sivilizasiya sanki ruhsuzluqdan əzab çəkmişdir. Və çəkməkdə davam edir.
İndi elə bir məqam gəlib çatmışdır ki, Qərb dünyası xristianlığı ancaq simvolik olaraq saxlayır, əslində isə dini bütövlükdə və tamamilə elmlə əvəz etmək sayəsində əldə etdiyi yeni dəyərlər sisteminin ruhi-mənəvi çatışmazlıqlarını kompensasiya etmək üçün yollar axtarır. Amma onu həqiqətən tamamlaya biləcək mükəmməl bir dini-mənəvi sistemin (islamın) nə vaxtsa yanlış obrazını yaratdığına görə, indi bu tarixi səhvi düzəltmək üçün özündə iradə tapa bilmir.
İndi Qərb, bir tərəfdən, həqiqi islama münasibətinə yenidən baxmalı olmaqla bərabər, digər tərəfdən, nə vaxtsa özünün də fəal iştirakı ilə formalaşmış psevdoislami dəyərlərin təsirindən yaxa qurtarmağın yollarını axtarır.
Terrora münasibət məsələsində də Qərbin bu dilemması özünü göstərməkdədir.
11 sentyabr hadisəsindən sonra Amerika və bütün dünya seçim qarşısında qaldı. Ya ictimai rəyə və kütləvi şüura uyğun olaraq emosiya səviyyəsində qərarlar qəbul etmək, «qisas» mövqeyindən çıxış etmək, ya da dünyada terrora rəvac verən əsl səbəbləri aşkar etmək, onun ideoloji, siyasi və iqtisadi köklərini üzə çıxarmaqla daha geniş miqyaslı fəaliyyət strategiyası seçmək tələb olunurdu.
Belə düşünmək olardı ki, ABŞ bu yollardan hər ikisini seçmişdir. Həm yaxın müddətli proqramın icrası olaraq terrorçu qruplaşmaların və təşkilatların güc tətbiqi ilə ləğvinə nail olmaq təşəbbüsü göstərilir, həm də uzun müddətli proqram olaraq terrorun bir spesifik ictimai hadisə kimi ideoloji, hərbi sursat və maliyyə qaynaqlarını müəyyənləşdirmək istiqamətində axtarışlar aparılır. Lakin İraq müharibəsi timsalında birinci yolda ifrata varması ilə ABŞ-ın ikinci yolu bir növ bağlanmış oldu. Əvəzində bütün günahlar islam qiyafətinə geydirildi və hər şeyi uydurulmuş bir kabusun üzərinə yıxmaq yolu seçildi.
Səhv ünvan seçilməsi nəticəsində beynəlxalq terrorun həqiqi səbəbləri də kölgədə qaldı və əsl səbəbkarlar bir növ gizlənmək imkanı əldə etdilər. Əslində, islamofobiyanın yayılmasında və hədəfin başqa səmtə yönəlməsində, heç şübhəsiz, həmin maraqlı tərəflərin əli vardır.
Bəsit düşüncə, kütləvi şüur problemin güc mövqeyindən, getdikcə daha müasir silahların işə düşməsi hesabına həll oluna biləcəyinə inansa da, analitik təhlil bunu şübhə altına alır, yeni baxışın və yeni həll üsullarının labüd olduğunu göstərir.
ABŞ alimi Angelo Korlet yazır: «Bir sıra ölkələrin siyasətçiləri öz ölkələrinə və müttəfiqlərinə qarşı olan siyasi zorakılıqları terrorizm kimi pislədikləri halda, öz dövlətlərinin həqiqi terroru himayə etdiklərini qəbul etməyi bacarmırlar» . Başqa sözlə, terrora münasibətdə ikili standartların aradan götürülməsi zərurəti Amerikanın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür.
Bu şərtin əsasını isə uydurulmuş islamofobiyadan əl çəkmək təşkil edir. Qərb cəmiyyətinin öz daxilində gedən prosesləri və onun geri qalmış ölkələrə münasibətini yenidən, daha köklü surətdə təhlil etmək tələb olunur.
Yaranmış vəziyyətdən çıxış yolu səthi yanaşma, üzdən təhlillə tapıla bilmədiyindən, zamanın böyük fikir sahibləri, məşhur filosoflar da bu problemin təhlilinə qatılmağa ehtiyac hiss edirlər. Bu sırada Y.Habermasın İraq müharibəsi ilə əlaqədar irəli sürdüyü mülahizələr, hətta problemin Kantın azadlıq idealları və ümumiyyətlə klassik alman fəlsəfəsi bazasında, beynəlxalq hüquq və humanitar hüquq kontekstində nəzərdən keçirilməsi də təsadüfi deyil. Yəni problem daha çox dərəcədə ictimai-iqtisadi və siyasi-hüquqi təlimlərə yenidən baxılmasını tələb edir. Əlbəttə, dinin də ictimai şüurda mühüm rolu vardır. Lakin bu sahədə də ənənəvi təsəvvürlərlə kifayətlənmək olmur, çünki problemin daha dərindən öyrənilməsinə ehtiyac yaranır.
Müasir Qərb fəlsəfi fikrinin böyük nümayəndələrindən olan Umberto Ekonun yaranmış vəziyyətə münasibəti xüsusi maraq doğurur. 11 sentyabr hadisələrindən sonra yazdığı “Tam geriyə!” əsərində U.Eko Qərb ictimai fikrində islama və müsəlmanlara münasibətin müxtəlif aspektlərini təhlil edir. Məhz onun siyasi riyakarlıqdan uzaq, diplomatik maneralarsız təqdimatında vəziyyətin nə dərəcədə mürəkkəb olduğu daha aydın görünür.
Əslində vəziyyət özü bir o qədər yox, onun islam xofu ilə şişirdilmiş və başqa kontekstə keçirilmiş halda təsəvvür olunması daha qorxuludur. Belə ki, terrorçularla müqayisədə müsəlmanların yayılma coğrafiyası və miqyası qat-qat böyükdür. Və ona görə də, terror xofu islamla eyniləşdirildikdə konkret ünvanlar itir və onun əvəzinə problemin başqa səmtə yönəldilmiş və böyüdülmüş mənzərəsi yaranır. Bu, ayını tapmaq çətin olduğuna görə, bütöv meşəni yandırmağa bənzəyir. Lakin istənilən halda Qərbdə çoxları üzə çıxarılması çətin olan gizli terrorçu obrazının əvəzinə, aşkar müsəlman obrazı qoymaqla məsələni “asanlaşdırmaq” istəyir. Bəli, bu təsəvvürə görə, düşmən nə az, nə çox iki milyardlıq müsəlman dünyasıdır və Umberto Eko da Qərb ictimai şüurunda, obıvatelin – “sıravi adamın” nəzərində artıq özünə yer etmiş “müsəlmanlardan xilas olmaq” yollarının axtarılmasını təsvir və təsnif edir. Nəticədə, gözlərimiz qarşısında dəhşətli mənzərələr canlanır. Qısaca desək, belə bir tipik mənzərə: tutaq ki, müsəlman ölkələrini nüvə silahı və ya hər hansı müasir hərbi texnologiya ilə yer üzündən silmək mümkün oldu. Bəs onda Avropa ölkələrinin özündə yaşayan milyonlarla müsəlman necə olsun? “Hitler sistemi üzrə milyonlarla cəsəd Aralıq dənizini zibilləyəcəkdir. Amma maraqlıdır görəsən hansı dövlət belə bir addım atar”. Daha sonra U.Eko alternativ variantları nəzərdən keçirir. Qərb öz planlarını həyata keçirməyə başlayarsa, bütün islam ölkələrində fundamentalistlər hakimiyyətə gələrək xristianlara qarşı qırğınlar törədə bilər. “Axı, islam dünyasında da xarici firmalar fəaliyyət göstərir və bütöv xristian anklavları vardır, məsələn, – Efiopiyada”. Xoruzun quyruğu görünür: – Bəlkə Qərb dünyası Azərbaycan ərazisində bir növ xristian anklavı olan Dağlıq Qarabağın da ölkəmizə qaytarılmasına belə bir bədnam perspektivi nəzərə alaraq cəhd göstərmir?! İstənilən halda U.Ekonun apardığı təhlillər ikili standartların görünməyən tərəflərini açmaq və bəzi siyasilərin obıvatel səviyyəsində düşündüklərini nəzərə ala bilmək üçün bir işarədir.
Amma biz Qərb dairələrinin öz siyasətlərini obıvatel səviyyəsində deyil, öz böyük filosoflarının düşüncəsinə və səviyyəsinə uyğun qurmalarını arzu edərdik.
Filosoflar isə nəinki terroru dinlə izah etmirlər, əksinə, müasir dövrün bütün eybəcərliklərinin səbəbini həqiqi dindən ayrı düşməkdə görürlər. Biz aşağıda Kantın, Hegelin, Con Lokkun, Akvinalı Fomanın, Nikolay Kuzanlının, Götenin, Tolstoyun və hətta Nitsşenin baxışlarında mənəvi idealın təkallahlılıqla və məhz islam dini ilə nə dərəcədə bağlı olmasına dair fikirləri ilə tanış olacağıq. İndi isə qeyd etmək istəyirik ki, kitabından iqtibaslar gətirdiyimiz U.Eko da ilk görüntüdən fərqli olaraq islama qarşı heç bir iddia ilə çıxış etmir və əksinə, adi şüurun nə dərəcədə yanlış olduğunu göstərmək üçün onun fraqmentlərini nəzərdə canlandırır və bəşəriyyəti əsl çıxış yolunu daha düzgün ünvanlarda axtarmağa səsləyir.

Baxılıb: 5837    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.