az  |   tr
Fəlsəfə dünyası

Sivilizasiyanın monoloqu   –  [11.03.2010]



Sivilizasiyanın monoloqu

Müasir elmi-fəlsəfi ədəbiyyatda söhbət ancaq ya sivilizasiyaların qarşıdurmasından, ya da onların dialoqundan gedir. Halbuki, mədəniyyətlər fərqli olduğu halda, bütün bəşəriyyət üçün ancaq bir sivilizasiya vardır və o, bütün xalqların birgə səyləri ilə yaradılmışdır. Bu mənada onun ancaq monoloqundan danışmaq mümkündür. Bu vahid ümumbəşəri prosesin sükanının kimin əlində olması isə başqa bir məsələdir.
İndiki dövrdə planetimizin siyasi xəritəsi formalaşdığı kimi iqtisadiyyatın və maddi-texniki mədəniyyətin paylanması da xeyli dərəcədə qərarlaşmış, nisbi stabil bir mənzərə yaranmışdır. Düzdür, miqrasiya prosesləri sürətlənmiş, qloballaşmanın təsiri ilə iqtisadi və mədəni sahələrdə sərhədlərin rolu azalmış, planetdə yeni meyarlar əsasında maddi və mənəvi dəyərlərin sanki yenidən paylanması prosesi başlanmışdır.

Əvvəllər böyük imperiyaların, nisbətən sonrakı dövrdə milli dövlətlərin sərhədləri daxilində hər bir ölkənin öz iqtisadi və mədəni-mənəvi “relyefi”, öz spesifik inkişaf mexanizmləri var idisə, indi bu milli “relyeflər” tədricən pozulur. Nəticədə, daha qlobal səmt küləklərinin təsirini nəzərə almadan mədəniyyətlərin coğrafiyasını təsəvvür etmək mümkün olmur.

Müsbət tendensiyalarla yanaşı, mənfi tendensiyalar  da qloballaşır.

Bu gün bütün dünya iqtisadiyyatı ilə bərabər, bütün dünya ictimai sistemi də sanki bir böhran keçirir. İndi hətta dünyanın sonu haqqında filmlər də çəkilir. Düzdür, Avropada Qərb ruhunun tükənməsi, onun süqutu, tənəzzülü haqqında söhbətlər çoxdandır ki, başlanmışdır. Lakin bunu yazanlar daha böyük miqyaslı proseslərdən çıxış edən filosoflardır. Həmin ölkələrdə yaşayanların heç də hamısı getdikləri yolun haraya aparıb çıxaracağını təsəvvür etmir. Əhali bu təlaşı, qorxu hissini daha çox dərəcədə iqtisadi böhranlar zamanı yaşayır. Həm də bu hadisələr zamanı kimi isə təsirləndirmək də çox çətin olur. Çünki, belə böhranlar adətən qloballaşan dünyanın dərinliklərindən gəlir. Və hamı “palaza bürünüb elnən sürünməli olur.” İndi ekoloji böhranlar, kütləvi xəstəliklər, kütləvi qırğın silahlarının qlobal vahiməsi, zəncirvari müharibə təhlükələri və s. getdikcə artır.

Qloballaşma KİV və internet vasitəsilə artıq mənəviyyat sferasına da müdaxilə edir və bu sahədəki virusların da çarəsini tapmaq asan deyil. Yəni, qloballaşma şəraitində hər bir ölkənin dərd-səri özünə bəs deyilmiş kimi, başqalarının da qurbanına çevrilmək təhlükəsi yaranır. Dərdlər də qloballaşır. Deməli, daha hər kəs təkcə özünü qorumaq, milli maraqlardan çıxış etməklə məhdudlaşa bilməz. Jan-Pol Sartr deyirdi ki, hər bir insan bütün dünyadakı günahlara görə məsuliyyət hissi keçirməlidir. İndiki dövrdə isə təkcə mənəvi məsuliyyət və ya günahkarlıq hissi bəs eləmir. İndi qlobal təhlükələr insanların həyatını bilavasitə təhdid edir. Və deməli onlara qarşı mübarizə də bütün insanlığın vəzifəsidir. Lakin əmək bölgüsü və ixtisasların diferensiallaşması şəraitində, hər kəsin öz işini çətinliklə başa çatdıra bildiyi bir vaxtda dünyanın problemlərini düşünmək və həll etmək vəzifəsi görəsən kimin üzərinə düşür? Hətta dövlət başçıları da əsasən öz ölkələrinin daxili problemləri ilə məşğul olmaq məcburiyyətində qalırlar. Belə olduqda isə, hər bir ölkə və hər bir xalq xarici təsirlərə, qlobal təhlükələrə qarşı özünü güvənsiz hiss edir.

Milli dövlətlər epoxasında olsa-olsa ancaq mili mədəniyyətləri ayırd etmək mümkün idi. Milli sivilizasiyalardan, yəni milli dövlətlər çərçivəsində milli sivilizasiyalardan danışmaq mümkün deyildi. Bununla belə dövlət sərhədlərindən daha böyük olan, daha ümumi meyarlar əsasında fərqləndirilə bilən regional sivilizasiyalardan söhbət gedirdi. Bəzən ictimai-siyasi quruluşun xarakterinə görə bölgü aparılır; kapitalizm və sosializm düşərgələri bir-birinə qarşı qoyulurdu və bu bölgü çox vaxt sivilizasiyalara da şamil edilirdi. Digər bir yanaşma dünya dinləri əsasında aparılır, xristianlıq, islam və buddizmin təsir dairələri sivilizasiya kontekstində də fərqli tərəflər kimi nəzərdən keçirilirdi. Yeri gəlmişkən bu cür yanaşma hələ də davam etməkdədir. Digər bir yanaşma coğrafi, iqtisadi və ruhi-mənəvi amillərin hər üçünü ehtiva edən, amma təbii ki, dəqiq sərhədlərinin göstərilməsi çətin olan Şərq və Qərb bölgüsüdür.

Praktik durumun dəyişməsi nəzəriyyəyə də yenidən baxılmasını tələb edir. Yəni əgər əvvəlki nəzəri model müasir prosesləri izah edə bilmirsə, deməli, daha mükəmməl modellərin hazırlanmasına ehtiyac var. Bu isə ilk növbədə pərakəndə sivilizasiyalar təlimindən vahid sivilizasiya təliminə keçilməsini tələb edir. Belə ki, qloballaşma əslində təməl proses olmayıb, törəmə prosesdir. Onun nədən və necə törədiyini izah etmək üçün isə vahid, qlobal bir sivilizasiyalaşma prosesinin müxtəlif dövrlərdə hansı amillərin təsiri ilə və necə paylandığını, inteqrativ və dezinteqrativ tendensiyaların nə vaxt uzlaşdığını və tarazlığın nə vaxt pozulduğunu araşdırmaq tələb olunur. Lakin təəssüf ki, dünyada baş verən belə böyük miqyaslı hadisələr çox vaxt təməldən, kökdən deyil, qol-budaqdan başlanaraq öyrənilir.  

Son vaxtlar fəlsəfi və ictimai-siyasi fikirdə ən çox istifadə edilən, ən çox dəbdə olan anlayışlardan biri məhz qloballaşmadır. Lakin təhlil göstərir ki, fəlsəfi kontekstdə bu anlayış heç bir yük daşımır. Belə ki, son dövrlərdə dünyanın coğrafi-siyasi xəritəsində ikiqütblü inkişafdan birqütblü inkişaf yoluna keçid tendensiyası müşahidə olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iqtisadi situasiyanı ifadə edir və hər hansı obyektiv-zəruri inkişaf qanunauyğunluğunu əks etdirmir.

Fəlsəfə maddi dünyada olduğu kimi, ictimai-siyasi həyatda da konkret tarixi vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öyrənir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri yarandığı gündən bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasından başlayaraq daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti ehtiva edən genişmiqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna kəsb edir. 

Bu cür yanaşdıqda qloballaşmanın tarixi bəşər tarixi ilə üst-üstə düşür. Yəni, hər bir insan özünü və dünyanı dərk etmək, onları dəyişdirmək və dünyanı insana tabe etmək istiqamətindəki mücadiləsində gec-tez başqa insanlarla iş birliyi yaratmaq məcburiyyətində qalır və bu proses ta bütün bəşəriyyəti əhatə edənə qədər genişlənməkdə davam edir. Ailə, tayfa, millət, milli dövlət – bu inkişaf yolunda pillələrdir.

Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fərdi insan mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətindən irəli gəlir və bir tendensiya kimi həmişə mövcud olmuşdur.

İndi qloballaşma adı altında baş verən proseslər əslində birqütblü dünyanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bayraq altında sıraya düzülməsi, bir dilin başqa dilləri, bir siyasi iradənin başqa siyasi iradələri, bir iqtisadi marağın başqa maraqları sıxışdırıb çıxarması ilə müşayiət olunur.

Bu gün bəşəriyyət özünü dərk etməyə lap yaxın ikən, min illər ərzində gedən proseslər öz məntiqi yekununa az qala çatır ikən ictimai-siyasi proseslərdə baş verən təbəddülatlar onun üçün təhlükəyə çevrilmişdir. Sivilizasiyanın obyektiv zəruri gedişatı qloballaşma deyilən yandançıxma bir proseslə təhlükə altına alınmışdır.
Biz heç də müasir dövrdə qloballaşma adı altında gedən prosesin əleyhdarı kimi çıxış etmək fikrində deyilik. Sadəcə olaraq, adın düzgün seçilməməsi, mahiyyətin təhrif olunması ucbatından həqiqi böyük qloballaşma prosesinin, yeni, ümumbəşəri sivilizasiyanın arxa plana keçməsinin və nəzərdən düşməsinin əleyhinəyik.

Əlbəttə, ictimai hadisələrin miqyası böyükdükcə onları hansı isə bir bütöv ideyanın maddi təcəssümü kimi izah etmək çətinləşir. Kiçik miqyaslı hadisələri sonradan müəyyən ideya istiqamətində düzmək və bütövlükdə tarixin məqsədini onun ayrı-ayrı parçalarının timsalında seyr etmək nisbətən asandır. Lakin bütöv tarixi prosesi sivilizasiya kontekstinə salmaq və intellektual texnoloji quruculuq prosesi ilə ictimai hadisələr, tarix səhnələri arasında əlaqə yaratmaq və bütün bunların vahid ideya əsasını müəyyən etmək, əlbəttə, çətindir. Lakin bu, çox önəmlidir. Bəşəriyyət bundan sonra hara gedəcəyini dərk etmək üçün buna qədər hansı ideya əsasında inkişaf etdiyini mütləq anlamalıdır.

Biz bütövlükdə bəşər tarixini bütün lokal sivilizasiyaları əhatə edən bu geniş əhatəli prosesi məzmununa uyğun olaraq qlobal sivilizasiya adlandıracağıq. İdeya müəllifi və icraçısı bütövlükdə bəşəriyyət olan bu proses ayrı-ayrı fərdlərin və lokal ictimai qrupların, millətlərin, dövlətlərin neçə min illər ərzində göstərdikləri məqsədyönlü fəaliyyətlərin vektorial cəmi kimi ortaya çıxır.

Çağdaş mənada qloballaşma da, şübhəsiz, qlobal sivilizasiyanın əhatə etdiyi müxtəlif yönümlü, müxtəlif çeşidli, müxtəlif ömürlü proseslərdən biridir. Qlobal sivilizasiya qloballaşmadan fərqli olaraq həmçinin qlobal problemləri də əhatə edir. Ekologiyanın ayrı-ayrı lokal problemlər çərçivəsində yox, bəşər tarixi kontekstində, insanın mahiyyəti kontekstində nəzərdən keçirilməsi də məhz qlobal sivilizasiya çərçivəsində mümkün olur.  

Məhz qlobal sivilizasiyanın bəşəriyyətin ideya təcəssümü kimi nəzərdən keçirilməsi yenidən insanın mahiyyəti probleminə, həyatın mənası probleminə və həqiqi böyük fəlsəfi problematikaya qayıdışı da şərtləndirmiş olur.

Uzun bir dövr ərzində ayrı düşmüş mənəviyyatla texnogen cəmiyyət, mədəni-mənəvi dəyərlər sistemi ilə maddi-texniki sistemlər, fərdi-mənəvi yaşantılarla ictimai-siyasi proseslər, adi insani xoşbəxtliklə planetar vətəndaşlıq məsuliyyəti, nəhayət ki, eyni bir ortaq məxrəcə, eyni baxış müstəvisinə gətirilir. «Bəşəriyyətin uşaqlıq çağı» olan antik dövrdə olduğu kimi, yenidən mikrokosm makrokosmla əks əlaqəyə girir, özünü rasional dünyada, süni təbiətdə itirmiş insan yenidən özünü tapmağa çalışır. 


Səlahəddin Xəlilov

Baxılıb: 6631    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.