az  |   tr
Fəlsəfə dünyası

TV-də stereotip və axtarışlar   –  [13.03.2010]

TV-də stereotip və axtarışlar


“Şərqi geri qoyan fikir tənbəlliyidir.” 

Əbu Turxan

İki “Ovqat”

Bir neçə il əvvəl ictimai kanalda işıq üzü görən “Ovqat” televiziya proqramı belə bir yanlış təsəvvürü dağıtmağa müvəffəq oldu ki, guya tamaşaçılar ziyalıların deyil, şoumenlərin, komediantların, dedi-qoduçuların söhbətlərinə daha böyük həvəs göstərirlərmiş. Hətta əgər belədirsə, bu acınacaqlı vəziyyət neçə illər ərzində aparılan qüsurlu efir siyasətinin nəticəsidir. Amma istənilən halda “Ovqat” ciddi ziyalı söhbətinə, ölkəmizin tanınmış alim, şair və sənətkarlarının həyata baxışı, yaradıcılığı ilə tanış olmağa tamaşaçıların böyük ehtiyacı olduğunu üzə çıxartdı.
Günlərin bir günündə «Ovqat» ikiləşdi. Onun ənənəvi aparıcısı eyni ad və quruluşda bu dəfə AzTV-də efirə çıxdı. Ən nüfuzlu iki televiziya kanalı arasında «Ovqat» uğrunda bir mübarizə başlandı. Bu əhvalatın zahiri tərəfləri və detalları bizi maraqlandırmır. Verilişin tarixçəsi, müəlliflik hüququ məsələləri, hansı jurnalistin aparıcı olması ikinci dərəcəli məsələlərdir. Maraqlı olan budur ki, əgər tamaşaçılar ziyalı söhbətinə ehtiyac hiss edirsə, bu tələbat nəyə görə müxtəlif formalarda və formatlarda, müxtəlif efir vaxtlarında ödənilmir? Məhz bunun nəticəsi deyilmi ki, şou-biznes ulduzları mahnı oxumaq əvəzinə, müxtəlif verilişlərə aparıcılıq edir və insanların real həyati tələbatları ilə bağlı “fəlsəfi” söhbətlərə girişirlər? Zira, boşluq varsa, o, mütləq dolmalıdır. Əslində aktual mövzular gündəmə gətirilir, tamaşaçının ehtiyacı guya ödənilmiş olur, sadəcə səviyyə aşağı düşür. Və səviyyəsi aşağı salınmış tamaşaçı daha artıq yüksək meyarlardan çıxış edən və çətin başa düşülən mühakimələri dinləmək belə istəmir.
Maraqlı olan bir də budur ki, görəsən, tamaşaçılar bazar günü səhər tezdən yuxularına haram qataraq televizoru aparıcıya baxmaq üçünmü, yoxsa onun dəvət etdiyi qonaqların söhbətlərini dinləmək üçünmü açırlar? Axı, TV kanalları fərqli olsa da, verilişə dəvət edilə biləcək ziyalı kontingenti eynidir. Yəni tamaşaçını ilk növbədə istər-istəməz kimin dəvət olunduğu maraqlandırır. Əlbəttə, aparıcının da müəyyən rolu vardır. Lakin o ancaq vasitəçidir. Belə olan halda, TV kanalları arasında mübahisənin əsasında, görəsən, nə dayanırdı?
Heç cür inana bilmərik ki, hər şey «ovqat» sözünün başında imiş. İndi də «Ovqat» olmasın, “Sovqat” olsun. İndi də bu aparıcı olmasın, başqası olsun. Düzdür, onun da yetkinləşməsi üçün müəyyən axtarış və vaxt lazımdır. Amma gec-tez bu məsələlər öz yerini tutacaqdır. Əsas məsələ ideyanın düzgün qiymətləndirilməsidir. Bu baxımdan, AzTV «Ovqat»a sahiblik etməklə kifayətlənməyərək, «İdrak», «Günün nəbzi» və s. bu kimi verilişlər də işləyib-hazırladı ki, bunlar hamısı tamaşaçıların yüksək mənəvi və intellektual ehtiyaclarının ödənilməsinə xidmət edir. Yəni ilk vaxtlar AzTV bu istiqamətdə daha çox fəallıq göstərə bildi.
İctimai televiziya isə «Ovqat»ı «Sovqat»la əvəz etməklə əvvəlcədən başladığı işi davam etdirməyə çalışdı.

«Ovqat» və «Sovqat»

Rəqabətsiz inkişaf yoxdur. Bu hadisə də yeni axtarışlar üçün stimul oldu. Amma özünü qalib hiss edən «Ovqat» yeniləşmək üçün ciddi cəhdlər göstərmədi. Hər şey eyni ilə saxlandı. Söhbətin mövzusu da (şən əhval-ruhiyyə), hətta dəvət edilənlər də əvvəlkilərin təkrarı oldu. Necə deyərlər, «gördüyünü qoyub, görəcəyə getməyə nə hacət?». «Sovqat» isə təkcə yeni aparıcı axtarışı ilə kifayətlənməyərək, fərqli görüşlər və söhbətlərin sorağı ilə çox-çox uzaqlara gedib çıxdı; qonşu ölkələrdə, Türk Cümhuriyyətlərində yaşayan Azərbaycan ziyalılarını və yenə də ilk növbədə şairlərini tamaşaçılara təqdim etməyə çalışdı. Lakin bizi uzaq ellərdəki soydaşlarımızın yaradıcılığı ilə tanış edən bu cür görüşlər özlüyündə çox dəyərli olsa da, «Ovqat»la rəqabət planında düzgün taktika sayıla bilməzdi. Bu qədər zəhmət hesabına başa gələn və həqiqətən çox gərəkli olan bu verilişlərin rəqabətdə uduzmasinin səbəbi isə jurnalistlərin səviyyəsindən, peşəkarlıq dərəcəsindən deyil, ideyanın özündəki bir məqamdan irəli gəlirdi. Məsələ burasındadır ki, “Ovqat”ın (yaxud «Açıq dərs», «Bir mahnının tarixçəsi» (İTV), «Zərif çərşənbə» (ANS), «Tərəf-müqabil» (AzTV), «Dost məclisi» və «Pəncərə» (“Xəzər”), «İrsimiz» (ATV) və s. bu kimi verilişlərin) üstünlüyü məhz tanınmış, mötəbər ziyalıların, görkəmli söz və fikir adamlarının iştirakında, ya söhbətlərin intellektual səviyyəsində, ya da şöhrət sindromundadır. Azərbaycanın ən çox tanınan, sayılıb-seçilən ziyalıları isə, şübhəsiz ki, ilk növbədə öz ölkəmizdə müəyyən mövqe tutmuş, özünü artıq təsdiq etmiş şəxslərdir. Onları hətta barmaqla saymaq mümkündür. Harada isə ölkəmizdən kənarda yaşayan böyük ziyalılarımız isə çox azdır. Bu mənada, əlbəttə, Mir Şahin (ANS) kimi, xaricdə yaşayanların da ən məşhurları ilə söhbətləşə bilsələr, uğur qazanmaq olardı. Amma bu da hər dəfə olmur. Ona görə də, «Sovqat» yenidən əvvəlki formata qayıtdı və tanınmış ziyalı sorağına çıxdı.
Biz bu məsələnin təfərrüatlarını ona görə təhlil edirik ki, bu iki veriliş arasındakı rəqabət ölkəmiz üçün böyük ictimai əhəmiyyəti olan mühüm bir problemi daha aydın nəzərə çarpdırdı. Bu problem – ziyalı defisitidir. Böyük titulları, yüksək elmi dərəcələri olan şəxslərin heç də hamısının tamaşaçıya deməyə sözü yoxdur. Burada problemin başqa bir cəhəti də üzə çıxır. Bizim böyük alimlərin və vəzifəli şəxslərin bir qismi yüksək nitq mədəniyyətinə və tamaşaçı ilə ünsiyyət vərdişlərinə malik deyillər. Yaxşı mütəxəssis olmaq bir məziyyətdir, səmimi söhbət apara bilmək, öz ideyalarını ustalıqla çatdırmaq isə başqa bir məziyyətdir. Görünür, məhz bunun nəticəsidir ki, eyni adamlar eyni proqrama bəzən üçüncü dəfə dəvət olunurlar. Yaxud başqa peşə sahibləri arasında ünsiyyətcil tərəf-müqabil tapa bilmədikdə, «nə yaxşı ki, şairlərimiz bol imiş», – faktı yada düşür. Burada aparıcını qınamaq da düz deyil. Xarici ölkələrdə, o cümlədən, qardaş Türkiyədə ictimai və mədəni-mənəvi problemlərin təhlili ilə ilk növbədə əsas işi məhz bu təhlillərdən ibarət olan şəxslər: fəlsəfəçi və sosioloqlar məşğul olurlar. Bizdə isə sosiologiyamı hələ gəlişməyib, rəsmi fəlsəfəçilərmi bu funksiyanı yerinə yetirə bilmir, jurnalistlərinmi dünyagörüş səviyyəsi aşağıdır, ya nədəndirsə, bu sahədə adekvat olmayan bir yerdəyişmə baş vermiş, insanın mənəvi dünyası və ictimai həyatla bağlı məsələlər sıravi jurnalistlərin və estrada ulduzlarının öhdəsinə buraxılmışdır.
Görünür, ölkəmizdə, ictimai və humanitar elmlərin vəziyyəti ilə əlaqədar həyəcan təbili təsadüfən çalınmır.  

«Sovqat»ın revanşı

 «Sovqat»ın sadəcə yeni adla deyil, həm də yeni ideya və yeni qonaqlar seçimi ilə diqqəti cəlb etməyə çalışması, nəhayət ki, öz bəhrəsini verdi. 8 Mart Qadınlar bayramı ərəfəsində «Sovqat» ənənədən kənara çıxaraq həm formatı dəyişməklə, həm məhz qadınları dəvət etməklə, həm də gənclərə yönəli bir söhbət açmaqla yeni simada üzə çıxdı və yeni söz deyə bildi.
Ziyalı defisiti şəraitində bu, çox uğurlu bir tapıntı idi. İndi sıramızda olmayan, lakin öz yaradıcılığının gücü ilə, sözü ilə yenə də köməyə gəlmək iqtidarında olan klassikaya müraciət: yenə Rəsul Rza, Xəlil Rza, Məmməd Araz, Anar və s.. Böyük sənətkarların yad edilməsi və eyni zamanda bizə miras qoyduqları bədii irslə yanaşı, onların canlı təcəssümləri ilə görüş. Və ən başlıcası, yeni nəslin təqdimatı. Bu baxımdan, məsələn, yazıçı Günel Anarqızının özünüifadəsi. Əlbəttə, Anar bu gün də aktualdır. Amma indi oxucular, tamaşaçılar beşmərtəbəli evin təkcə altıncı mərtəbəsinə deyil, onaltıncı mərtəbəsinə də maraq göstərirlər. Yəni altıncı mərtəbənin də öz növbəsində necə mərtəbələndiyini gənclər bizdən daha yaxşı bilirlər.    
Firəngiz xanım bizi Xəlil Rza şəxsiyyətinin indiyədək açılmamış səhifələri ilə tanış etdi, sovet dövründə KQB xofuna qalib gələn mübariz milli ruh haqqında gənclərimizdə təsəvvür yaratdı. İradə Tuncayın mühakimələri sayəsində qadınların gözü ilə baxanda bu dünyanın bizim görə bilmədiyimiz rəng çalarları üzə çıxdı. Bir sözlə, «Sovqat» yeknəsəqlikdən ayrılaraq tamaşaçılara yeni baxış, yeni səs, yeni nəfəslə təmas imkanı yaratdı. Düzdür, “bu fərqli mühiti daha hansı formalarda və daha kimlərin sayəsində davam etdirmək olar?” – düşüncəsi müəyyən bir nigarançılıq yaradır. Amma hər bir orijinallıq, hər bir yaradıcılıq dəstək görərsə, daha davamlı olar. Gəlin, yeniliyi dəyərləndirək, yaxşıya yaxşı deməkdən çəkinməyək!

Səlahəddin Xəlilov

 

Baxılıb: 5806    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.