az  |   tr
Fəlsəfə dünyası

Ədəbiyyatımız və elmimiz   –  [27.04.2010]

 

Yazıçılar Birliyi və Elmlər Akademiyası
 
Bu yaxınlarda “525-ci qəzet”in səhifələrində xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatı və onun təşkilatlanması problemləri haqqında düşüncələri ilə tanış oldum. Bir elm adamı olaraq, burada qaldırılan məsələlər fikrimi istər-istəməz elmin və fəlsəfi tədqiqatların təşkilatlanması ilə əlaqədar vəziyyətin təhlilinə yönəltdi. Belə ki, ədəbiyyatla yanaşı, elm və fəlsəfə də öz sovet dövrünü başa vurduqdan sonra, müstəqillik şəraitində qarşısında duran missiyanın yenidən dəyərləndirilməsinə, o vaxtdan qalmış təşkilati formaların bir daha nəzərdən keçirilməsinə ehtiyac hiss edir.
Əlbəttə, iqtisadiyyat sahəsində biz öz seçimimizi artıq etmişik. Mərkəzləşmiş təsərrüfat və vahid dövlət idarəçiliyi sistemindən bazar iqtisadiyyatına keçilməsi prosesi artıq başa çatmışdır. Kommunist ideologiyasından və sosialist təsərrüfat sistemindən imtina edildikdən sonra belə bir keçid labüd idi. Lakin bu keçidin özü də ilk illərdə yaxşı ölçülüb-biçilmədiyindən iqtisadiyyatımız böyük itkilər verdi. Sənaye də, kənd təsərrüfatı da az qala iflic vəziyyətinə düşmüşdü. Nə yaxşı ki, 1993-cü ildən sonra hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri kor-koranə dağıtmaq praktikasına son qoyuldu. Bu tendensiyanın neobolşevik mahiyyətini çox düzgün qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza vura biləcəyi ziyanların da qarşısını almağa çağırır.
Yeniliyi, müstəqilliyi, azadlığı “sovetdən nə qalıbsa dağıtmaq” kimi başa düşənlər, təbii ki, təkcə iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən Yazıçılar Birliyini ləğv etmək tərəfdarlarının arqumentləri ilə yaxşı tanış deyiləm. Amma Elmlər Akademiyasının da keçmişin qalığı kimi qiymətləndirilməsi və ləğvi haqqında düşüncələr mənə yaxşı bəllidir.
İqtisadiyyatla yanaşı, elmi, ədəbiyyatı, təhsili və ümumiyyətlə istənilən ictimai həyat sahəsini əhatə edən mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə, məhz sosializm üçün spesifik bir cəhət idi. Amma onun çatışmazlıqları ilə yanaşı, üstünlükləri də var idi. Xüsusilə elm sahəsində dövlət tərəfindən maliyyələşdirmə və mərkəzləşdirilmiş fəaliyyət prinsipi elmin inkişafı üçün böyük hərəkətverici qüvvə idi. Kapitalizm cəmiyyətindəki alimlər də məhz belə bir şərait arzu edirdilər. A.Eynşteyn deyirdi ki, elm adamı gərək qazanc barədə düşünməli olmasın, onun bütün maddi ehtiyacları və qayğıları üzərindən götürülməlidir. Buna uyğun model isə məhz sosializm cəmiyyətində formalaşdırılmışdı. Və sosializmin bu üstünlüklərindən bəhrələnmiş, dövlət tərəfindən maliyyələşməyə vərdiş etmiş alimlər üçün başqa tipli təşkilati forma və maliyyələşmə metodları, təbii ki, müəmmalı və hətta qorxulu görünür; xüsusən də yaşlı nəsil üçün. Axı, ənənəvi sistemdə dərəcələr, ölçülər, meyarlar və müvafiq maaş kateqoriyaları detallarına və qəpiyinədək müəyyənləşdirilmişdi. İnkişaf səviyyəsi konkret göstəricilər və titullarla müəyyən edilmiş, dissertasiya işlərinin yazılıb müdafiə edilməsi ilə, kiçik elmi işçidən baş elmi işçiliyə qədər bütün pillələri keçməklə reqlamentləşdirilmişdi. İndi gün kimi aydın olan bu sistemdən çıxıb elmdə təşəbbüskarlığa, rəqabətə, fərdi münasibət prinsipinə, konkret nəticəyə-məhsula görə maliyyələşmə mexanizminə, layihə-qrant və müsabiqə metodlarına əsaslanan tamamilə başqa meyarlar sisteminə keçmək, bildiyini qoyub biləcəyə getmək risk deyilmi və kim bunu istəyər?
Əlbəttə, islahat naminə islahat aparmaq olmaz. Hər hansı yeni bir təşkilati forma gerçək ictimai tələbatdan ortaya çıxmalı və elmi üsullarla əsaslandırılmalıdır. Yüz ölçmədən biçmək olmaz. Amma köhnə strukturları mütləqləşdirmək, hər hansı bir yeni təşəbbüsü dağıdıcılıq kimi dəyərləndirmək də yolverilməz haldır. Bütün sahələrdə olduğu kimi, elmdə də, yəqin elə ədəbiyyatda da yenilikçilərlə ənənəçilər arasında mübarizə labüddür. Bir daha təkrar edirəm ki, hər bir yeni ancaq köhnənin, təməlin üzərində qurulmaqla, məhz onun öz içərisindən bir daxili zərurət kimi cücərib çıxmaqla, həqiqi bir yenilik olar və ancaq bu zaman fayda gətirə bilər. Yoxsa “hələ köhnəni yıxaq, sonra baxarıq” düşüncəsi ilə atılan addımların yeniliyə heç bir aidiyyəti yoxdur.

Yazıçılar Birliyi və ədəbiyyatın özü

Elçinin qeyd etdiyi kimi, söhbət heç bir siyasi-inzibati qəliblərə sığmayan ədəbiyyatdan gedir. Yazıçılar Birliyinin adından, nüfuzundan, rəsmi səlahiyyətlərindən, fəaliyyətindən və ya fəaliyyətsizliyindən isə ancaq söz-söhbət gedir.
İndi kiminsə yazıçı və ya şair olması üçün hansı isə birliyin, hansı isə təşkilatın üzvlük vəsiqəsi tələb olunmur, çünki mətbuat azadlığı verildikdən sonra hamı öz əsərini istədiyi şəkildə çap etdirmək hüququna malikdir. Hətta Yazıçılar Birliyinin orqanlarında da çap olunmaq üçün onun üzvü olmağa ehtiyac yoxdur. Qəzet, jurnal və kitab buraxmaq ixtiyarı hamıya verildiyi kimi, ictimai birlik yaratmaq səlahiyyəti də heç kim üçün məhdudlaşdırılmamışdır. Hətta ənənəvi “Yazıçılar İttifaqı” adı dəyişildiyi üçün, bu ad, necə deyərlər, vakansiyadır və kim istəsə, sovetlər dönəmindəki həmin adı da bərpa edə bilər. Yəni söhbət hansısa ictimai birlikdən və ya onun adından getmir. Söhbət əslində ancaq dövlətin məhz hansı təşkilatı maliyyələşdirməsindən gedir. Bu isə artıq yaradıcı qruplar, ədəbi cərəyanlar, hətta təşkilatlar arasında rəqabət olmayıb, dövlətə yönəli bir istəkdir. Bu istək uğrunda mübarizə də, məntiqlə yanaşsaq, qrupların və ya təşkilatların öz aralarında deyil, müvafiq dövlət orqanlarının meyarlarına və tələblərinə cavab vermək uğrunda getməlidir. Dövlət isə, təbii ki, daha çox dərəcədə ictimai nüfuz meyarından çıxış edir. Yəni bu mübarizə əslində ictimai nüfuz uğrunda mübarizədir. Bu nüfuzu qazanmaq üçün isə yenə də əvvəlcə yazıb-yaratmaq, çap olunmaq tələb olunur. Yenə başlanğıca qayıtmış oluruq.
Kapitalizm cəmiyyətinin və yeni iqtisadi münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif yaradıcı qrupların və alternativ təşkilatların olması təbii haldır. Sadəcə olaraq dövlət bunlardan ancaq birini maliyyələşdirir (əslində EA-dan fərqli olaraq burada tam maliyyələşmədən deyil, maliyyə dəstəyindən söhbət gedir). Digər təşkilatlar isə fərqli mənbələrdən maliyyə dəstəyi ala bilərlər. İnkişaf etmiş ölkələrin hamısında bədii ədəbiyyata real ictimai ehtiyac olduğuna görə, kitablar böyük tirajla çap olunub satılır və bütün maliyyə məsələləri həll olunduğundan, meydanda daha çox həqiqi ədəbi-bədii meyarlar, sənətin öz prinsipləri qalır. Mədəni-mənəvi və intellektual inkişaf səviyyəsinə görə geri qalmış, xüsusən təhsilin səviyyəsi aşağı olan ölkələrdə isə oxucuların azlığı üzündən ədəbiyyat özünü maliyyələşdirə bilmir və maddi dəstəyə ehtiyac yaranır. Kapitalizm şəraitində ya ədəbiyyat da, incəsənətin bu və ya digər formaları da yüksək sənət meyarlarından uzaqlaşaraq kütləvi şüur səviyyəsinə enir, şoular və komediantlıq artır, kütləvi mədəniyyət genişlənərək onsuz da maddi cəhətdən problemləri olan həqiqi ədəbiyyatı və sənəti bir az da sıxışdırır, ya da milli burjuaziya yüksək sənəti qorumaq üçün müxtəlif vəqflərin, fondların, maarifçi-xeyriyyə təşkilatlarının vasitəçiliyi ilə ona maddi dəstək verir. Yəni nəzərlər dövlətə deyil, ictimai elitaya yönəlir. Uzağa getməyək, bizə yaxın olan Türkiyədə də ədəbiyyat və sənətə dəstək vermək üçün yaradılmış neçə-neçə vəqflər fəaliyyət göstərir. Bizim problemimiz belə vəqflərin və ya onları maliyyələşdirə biləcək milli burjuaziyanın hələ də formalaşmamasıdır. Bax, dövlət də ancaq məcburiyyət üzündən əslində özünə aid olmayan bu yükü də üzərinə götürür. Lakin dövlətdən üstəlik alternativ maliyyələşdirmə sistemi gözləmək sadəlövhlük olardı. İndiki mərhələdə dövlətin ən böyük dəstəyi məhz alternativ təşkilatlanmalar üçün hüquqi baza formalaşdırmaq və bu təşkilatların istər dövlət fondlarından, istərsə də ictimai fondlardan, vəqflərdən qrantlar və digər formalarda dəstək ala bilməsinə şərait yaratmaqdır.
Necə deyərlər, hansısa yeni bir ədəbi-bədii məktəbin yeni cəmiyyətin açdığı imkanlar sayəsində dəstəklənməsi daha qanunauyğundur. Yeni cəmiyyətin öz mənəvi, bədii-estetik və intellektual siması formalaşdıqca, yeni yaradıcılıq istiqamətləri də özünə daha böyük dəstək tapacaqdır.
Söhbət yenilik axtarışından yox, mənəvi həyatda və sosiumdakı yeniliklərin bədii tərənnümü zamanı öz-özünə məhz yenilik kimi təzahür edən ədəbi-bədii faktdan gedir. Elçin yazır: “Bu gün yüksək səviyyəli ədəbiyyat mübarizəsi üçün, bəlkə də heç vaxt olmadığı qədər münbit ədəbi zəmin, ədəbi şərait var. Eyni zamanda bu gün belə bir ədəbiyyat mübarizəsinə böyük də bədii-estetik ehtiyac var”. Bəli, ədəbi-bədii həyatın zahiri tərəflərinin, təşkilati məsələlərin az qala intriqa səviyyəsində üzə çıxan melodramatik mübarizə yox, yeni bədii-estetik səviyyəyə aparan yolların öz dramatizmi və ədəbi-bədii prosesin öz daxilində mübarizə!

Səlahəddin Xəlilov

Baxılıb: 4914    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.